Noyabrın 14-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Arabir güclənən cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-15° isti, gündüz 16-20° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-5° isti, gündüz 8-13° isti olacaq.
Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Andiçmə mərasimlərində hərbi orkestrin müşayiəti ilə döyüş bayrağı təntənəli surətdə sıra meydanına gətirildikdən sonra tədbirlər açıq elan olunub. Öncə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Sonda gənc əsgərlər təntənəli surətdə Hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər. Müdafiə Nazirliyinin nümayəndələri və hərbi hissə komandanlıqları, eləcə də şəhid ailələrinin üzvləri, veteranlar, əsgər valideynləri çıxış edərək gənc əsgərlərə Vətənə, dövlətə və Ali Baş Komandana, hərbi anda sadiq olmalarını, nümunəvi, nizam-intizamlı xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini daim artırmalarını, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini, torpaqlarımızın müdafiəsi naminə döyüşə hər an hazır olmalarını tövsiyə ediblər. Yekunda şəxsi heyət təntənəli şəkildə hərbi marşın sədaları altında tribuna önündən keçiblər.
Türkiyə olaraq Avropa İttifaqının tələsinə düşməyəcəyik - Ərdoğan
Təəssüf ki, Avropa İttifaqının Türkiyə ilə müqayisədə hadisələrə baxışı həmişə fərqlənib. Biz Türkiyə olaraq Avropa İttifaqının tələsinə düşməyəcəyik. Bu ölkələrin heç biri Qəzzada baş verənlərə cavab verməyib. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlığı Təşkilatı Zirvəsindən geri dönərkən jurnalistlərin suallarına cavabında bildirib. "Hazırda Avropa İttifaqındakı yanaşma təəssüf ki, bizim yanaşmamıza uyğun gəlmir. Makronun son açıqlamaları, Almaniya Prezidenti və baş nazirin münasibətinə diqqət yetirin. Amma biz onlar kimi düşünməmişik, düşünmürük, düşünə bilmirik. "Şarli Ebdo" hadisəsini yada salaq. Orada nə baş verdi, bütün dünya liderləri, prezidentlər, baş nazirlər Parisə dəstək oldu. Bəs dünya liderləri Qəzzada baş verənlərlə bağlı niyə ümumiyyətlə danışmır? Burada tökülən qanlar, ölənlər müsəlmandır. Amma orada ölənlər fransız və ya başqaları idi", - Ərdoğan deyib. Qeyd edək ki, 2015-ci il yanvarın 7-də Fransa paytaxtında yerləşən "Şarli Ebdo" satirik jurnalının ofisinə terror hücumu zamanı 12 nəfər öldürülüb, daha 11-i yaralanıb. Daha sonra Paris kənarında yəhudi marketinə hücum edən terrorçular daha 5 nəfəri öldürüb.
İsrailin Müdafiə Qüvvələri Qəzza zolağının şimalındakı Cebaliya qaçqın düşərgəsi ərazisində döyüşləri müvəqqəti dayandırıb. Bu barədə TASS ordunun mətbuat katibi Avixay Edriyə istinadən məlumat yayıb. “Yerli vaxtla saat 10:00-dan 14:00-a qədər ərzaqların çatdırılması və əhalinin təxliyəsi üçün Cəbəliyə bölgəsində humanitar məqsədlərlə hərbi əməliyyatlar müvəqqəti olaraq dayandırılacaq”, - Edri qeyd edib. Bundan əlavə, onun sözlərinə görə, fələstinlilərin Qəzzanın şimalından cənubuna təxliyəsi üçün səhər saat 09:00-dan 16:00-a qədər humanitar dəhliz fəaliyyət göstərəcək. Xatırladaq ki, İsrail ərazisinə raket hücumları oktyabrın 7-də səhər tezdən Qəzza zolağından başlayıb. İsrail ordusu cavab olaraq “müharibə hazırlığı” elan edib. Oktyabrın 8-də İsrail rəsmi olaraq ölkənin “müharibə vəziyyətinə” daxil olduğunu bildirib. Əməliyyat “Dəmir qılınclar” adlanır.
Hindistanda faciə: 36 nəfər dağıntılar altında qaldı
Hindistanın şimalındakı Uttarakhand ştatında tikilməkdə olan nəqliyyat tuneli çöküb, azı 36 işçi dağıntılar altında qalıb. Hadisə yerində polis və Fövqəladə Hallara Qarşı Mübarizə Qüvvəsinin bir qrupu işləyir. Dağıntılar altında qalanların sağ olub-olmadığı məlum deyil.
Bu dəqiqələrdə Fransanın hərbi texnikası Gürcüstandan keçərək Ermənistana aparılır. Bununla bağlı fotoları “Caliber” yayıb. Məlumata görə, bu saatlarda Fransanın Ermənistana göndərdiyi hərbi texnika Gürcüstan ərazisindən Ermənistanla sərhədə doğru hərəkət edir. Qeyd edilir ki, bu gecə Gürcüstanın Poti limanında Ermənistan silahlı qüvvələri üçün nəzərdə tutulan, “Acmat” şirkətinin istehsalı olan “Fransa Bastion” markalı çoxməqsədli zirehli maşınlar yüklənib. Həmçinin “Bastion” üçün avadanlıqlar da göndərilib. Avadanlıqları göndərən Fransanın ARQUUS şirkətidir. Qeyd edək ki, Gürcüstan uzun müddət Fransa silahlarının Ermənistana tranzitindən imtina edib, amma indi, görünür, rəsmi Tbilisi buna icazə verib.
Noyabrın 13-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub-şərq küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-16° isti, gündüz 17-20° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-11° isti, gündüz 18-23° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-10° isti olacaq.
Netanyahu: “İsrail özü və bütün dünya üçün qələbə qazanmalıdır”
İsrailin Baş naziri Benyamin Netanyahu Qərb ölkələrini Qəzzada atəşkəsdən imtinaya, eləcə də HƏMAS-ın tamamilə məhv edilməsinə dəstək verməyə çağırıb. O, bəzi ölkələrdə "liderlərə atəşkəs üçün təzyiq edənlərin olduğunu vurğulayıb: "Təzyiqlərə təslim olmayın. Bizim müharibə sizin müharibənizdir. İsrail özü və bütün dünya üçün qələbə qazanmalıdır". “Ordumuza qarşı heç bir beynəlxalq təzyiq, heç bir saxta ittiham İsrailin özünü müdafiə etmək israrına təsir etməyəcək. İsrail lazım gəlsə, bütün dünyaya qarşı möhkəm dayanacaq”, - Netanyahu vurğulayıb. Onun sözlərinə görə, ölkə hərbçiləri anklavın İsrailə qarşı terror hücumları həyata keçirməsinin qarşısını almaq üçün lazım olduğu müddətdə Qəzzada qalacaq. "HƏMAS hərbsizləşdiriləcək. İsrail artıq Qəzza zolağı tərəfindən təhdid olunmayacaq və bunu təmin etmək üçün Müdafiə Qüvvələri oradan terrorun qarşısını almaq üçün lazım olan müddət ərzində Qəzzanın təhlükəsizliyinə nəzarət edəcək", - hökumət başçısı bildirib.
Tanınmış müğənni, qarmon ifaçısı Hüseyn Bakılı (Hüseynəli Həsənov) vəfat edib. Bu barədə teleaparıcı Hacı Nuran Hüseynov feysbuk hesabında yazıb. "Bu gün Azərbaycan qarmon ifaçılığında özünəməxsus xidmətləri olan Hüseyn Bakılı vəfat edib. Bakını o qədər sevirdi ki, ləqəbində də onun adını daşıyırdı. Qarmonu qədər ona sadiq olan dostu yox idi. Düz 50 il dostluq etdi onlar. Onu həmişə sağlam, gümrah görmüşdüm. Elə doğmaları da, yaxınları da onun heç bir xəstəliyi barədə eşitməmişdilər. Ruhun şad olsun, gözəl insan", - paylaşımda deyilir.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!