20-05-2023, 15:27
Bugün 3-cü ixtisas qrupu üzrə qəbul imtahanı keçirildiMayın 20-də Dövlət İmtahan Mərkəzi (DİM) III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirib. DİM-dən bildirilib ki, imtahan 17 şəhər və rayonda təşkil olunub. İmtahan keçirilən şəhər və rayonlarda 90 imtahan binası, 1642 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 90 ümumi imtahan rəhbəri, 267 imtahan rəhbəri, 2050 nəzarətçi–müəllim, 281 buraxılış rejimi əməkdaşı, 90 bina nümayəndəsi cəlb edilib. İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. İlkin məlumatlara əsasən, 2 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub. Üzərində mobil telefon tutulduğu üçün imtahandan xaric olunanların nəticələri ləğv olunacaq və onlar yay qəbul imtahanlarına da buraxılmayacaq. Bir nəzarətçi isə köçürməyə şərait yaratdığı üçün imtahandan kənarlaşdırılıb. Baş verən qayda pozuntuları protokollaşdırılıb və araşdırma aparılacaq. İmtahanda 22146 abituriyentin iştirakı nəzərdə tutulurdu. İmtahanda 24 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb. İmtahanda istifadə olunmuş qapalı və kodlaşdırıla bilən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları yaxın saatlarda Mərkəzin “Teleqram” kanalına və digər sosial şəbəkə hesablarına və saytına yerləşdiriləcək. Mayın 21-də saat 15:00-da DİM-in yutub kanalı vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən həm III, həm də II ixtisas qrupu üzrə imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. Abituriyentlər suallarını feysbukda yerləşdirilən müvafiq postun altına yaza bilərlər. Mayın 21-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq. İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur. Növbəti qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin bir daha nəzərinə çatdırırıq ki, sənədlərlə (şəxsiyyət vəsiqəsinin əsli və buraxılış vərəqəsi) bağlı diqqətli olsunlar. Bundan əlavə, imtahan saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar. Kütləviliyin qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
20-05-2023, 14:35
Zelenski Britaniya naziri ilə bir həftədə iki dəfə görüşdüUkrayna Prezidenti Volodimir Zelenski Yaponiyanın Hirosima şəhərində “Böyük yeddilik” (“G7”) ölkələrinin sammiti çərçivəsində Britaniyanın Baş naziri Rişi Sunakla görüşüb. Bu barədə Zelenskinin mətbuat xidmətindən bildirilib. O, Rusiya ilə müharibədə Kiyevə verdiyi dəstəyə görə Sunaka təşəkkürlərini çatdırıb. Tərəflər Ukrayna prezidentinin mayın 14-də Britaniyaya səfəri zamanı əldə olunan razılaşmaların icrası barədə fikir mübadiləsi aparıblar. Qeyd edək ki, Zelenski “Böyük yeddilik” ölkələrinin sammitinə qatılmaq üçün Yaponiyada səfərdədir.
20-05-2023, 14:04
G7 ölkələrindən İrana mesaj: Rusiyaya yardımı dayandırG7 ölkələrinin liderləri İranı Ukrayna ilə münaqişədə Rusiyaya dəstəyi dayandırmağa çağırıb. Bəyanatda İranın pilotsuz uçuş aparatlarının Rusiyaya ötürülməsinin qarşısının alınmasına çağırıb edilib. G7 ölkələri İranın davam edən sabitliyi pozan fəaliyyətləri, o cümlədən raketlərin, pilotsuz uçuş aparatlarının (PUA) və əlaqəli texnologiyaların BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozaraq dövlət və qeyri-dövlət aktorlarına, proksi qruplara ötürülməsi ilə bağlı ciddi narahatlıq ifadə ediblər. Liderlər, həmçinin gəmiçilik hüquqlarının qanuni şəkildə həyata keçirilməsinə mane olan İranı ticarət və dəniz yollarının təhlükəsizliyini təmin etməyə çağırıblar.
20-05-2023, 13:01
İlham Əliyev hərbi xidmətə çağırışla bağlı Sərəncam imzaladıPrezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, 2005-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1988–2004-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2023-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2023-cü il iyulun 1-dən 30-dək ehtiyata buraxılırlar. Nazirlər Kabinetinə bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görmək tapşırılıb.
20-05-2023, 12:39
Sabahın hava proqnozuAzərbaycanda sabaha olan hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mayın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağış yağacagı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 12-17° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq. Azərbaycanın rayonlarının bəzi yerlərində sabah hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qar ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17° isti, gündüz 22-27° isti, dağlarda gecə 4-8° isti, gündüz 8-13°, bəzi yerlərdə 15° isti olacaq.
20-05-2023, 12:13
Qərb Moskvanı münaqişənin həlli üçün danışıqlara məcbur edirQərb Ukrayna ordusunun əks-hücuma keçməsi ilə Moskvanı münaqişənin həlli üçün danışıqlara məcbur etməyə çalışır. Bu barədə “Global Times” qəzeti məlumat yayıb. Ekspertlərin fikrincə, Ukraynada müharibənin uzanması Kiyev və Moskva üçün praktiki əhəmiyyət kəsb etmir. Çünki Qərb ölkələri Ukraynanı dəstəklədiyi, Rusiyanın isə nüvə silahına malik güclü dövlət olduğu üçün tərəflərdən birinin müharibədə tam qələbə qazanması mümkün görünmür və nəticədə onlar güzəştlərə getməyə məcbur olacaqlar. Həm Ukrayna, həm də Rusiya uzun müddət müharibə aparmaq potensialına malikdir. Çin uzunmüddətli perspektivdə müharibənin nizamlanması üçün ən uyğun vasitəçi ola bilər. Pekin hər iki tərəflə yaxşı münasibətləri qoruyan dövlətlərdən biridir və bu ölkənin nüfuzu ona vasitəçi kimi çıxış etməyə imkan verir.
20-05-2023, 11:46
Sosial şəbəkələrdə saxta iş təklifləri paylaşılırSosial şəbəkələrdə vətəndaşlara müxtəlif şirkətlərin adından sərfəli iş təklifləri və ölkədə fəaliyyət göstərən bankların adından saxta iş elanları paylaşılır. Vətəndaşlardan işə qəbulla əlaqədar göndərilən keçidə daxil olaraq müvafiq məbləğdə ödəniş etmələri üçün bank və digər fərdi məlumatlarını yazmaq tələb olunur. Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə paylaşımlara etimad etməməyi, şübhəli mənbələrdən daxil olan mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank və digər fərdi məlumatlarını daxil etməməyi tövsiyə edir.
20-05-2023, 11:24
Paşinyan Brüssel görüşünü müsbət qiymətləndirdi“Brüssel danışıqları zamanı Azərbaycanla bir sıra mühüm məsələlərdə razılığa gəlmək mümkün olub”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hakim Mülki Müqavilə Partiyasının deputatları ilə görüşdə deyib. Paşinyan Brüssel görüşünü müsbət qiymətləndirdiyini bildirib. Lakin o, hansı məsələlərdə razılığa gəlindiyini açıqlamayıb. Qeyd edək ki, mayın 14-də Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.
20-05-2023, 11:11
Ukrayna prezidenti Yaponiyada səfərdədirUkrayna Prezidenti Volodimir Zelenski Xirosimada keçirilən “Böyük Yeddilik” (G7) ölkələrinin sammitində iştirak etmək üçün Yaponiyaya səfər edib. Bu barədə Yaponiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Daha əvvəl Ukrayna dövlət başçısının sammitdə onlayn rejimdə iştirak edəcəyi gözlənilirdi. Lakin Zelenski sammitdə şəxsən iştirak etmək istəyib və Yaponiya hökuməti təklifi qəbul edib.
19-05-2023, 22:44
Uzun illərdən sonra Ermənistan Macarıstanda səfirlik açdıErmənistan 11 ildənmsonra Macarıstanla diplomatik əlaqələri bərpa edib. Uzun illər sonra Ermənistanın Macarıstanda səfirliyi açılıb. Ermənistan səfiri Aşot Smbatyan öz vəzifələrini icra etməyə başlayıb.