10-05-2023, 17:35
Prezident ailəsiylə Saatlı məscidinin açılışında iştirak etdiMayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Şuşada Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Saatlı məscidinin açılışında iştirak ediblər. Dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verildi. Bildirildi ki, Şuşadakı Saatlı məscidi 1883-cü ildə memar Kərbəlayi Səfixan Qarabağinin layihəsi əsasında inşa olunub. XIX əsrin memarlıq abidəsi olan Saatlı məscidinin inşa edildiyi yerdə əvvəl Molla Pənah Vaqifin dərs keçdiyi bir-birinə bitişik mədrəsə və məscid binaları olub. Şuşa şəhəri işğal altında olduğu müddətdə digər məscidlər kimi Saatlı məscidi də ermənilər tərəfindən dağıdılmışdı. 2021-ci ilin dekabrından məsciddə Heydər Əliyev Fondu tərəfindən bərpa işlərinə başlanılıb. “PAŞA Holding”in maliyyə dəstəyi ilə həyata keçirilən konservasiya və restavrasiya işləri Azərbaycan, İtaliya və Türkiyə şirkətlərinin konsorsiumu tərəfindən Avstriyanın “Wehdorn Architekten” şirkətinin nəzarəti ilə məscidin ilkin memarlıq üslubuna uyğun olaraq aparılıb. İşğal zamanı məscidə edilən müdaxilələr aradan qaldırılıb və divarların gücləndirilməsi işləri görülüb. Həmçinin zədələnmiş ön sütunun gücləndirilməsi işləri həyata keçirilib, məscidin döşəməsi bərpa edilib. Aparılan analizlər nəticəsində minarənin üzərindəki naxışların ilkin rəngi müəyyən olunub və minarə ona uyğun bərpa edilib, ornamentlər bütün incəliklərinə qədər qorunub saxlanılıb. Dövlətimizin başçısı, birinci xanım və ailə üzvləri məscidin həyətində ağac əkdilər.
10-05-2023, 17:27
Çin sülhün və bu istiqamətdə danışıqlarının tərəfdarıdır - NazirÇinin xarici işlər naziri Qin Qang Almaniyanın Berlində almaniyalı həmkarı Annalena Baerbok ilə birgə mətbuat konfransı keçirib. Qanq mətbuat nümayəndələri qarşısında Rusiya-Ukrayna müharibəsindən danışıb, ölkəsinin siyasi mövqeyini açıqlayıb. “Ukrayna məsələsi olduqca mürəkkəbdir. Sadələşdirmək və emosionallaşdırmaq həll yolu deyil. Yeganə çıxış yolu sakit və rasional qalmaq, siyasi həll üçün şərait yaratmaqdır. Çin nə münaqişənin təşəbbüskarı, nə də münaqişənin iştirakçısıdır, sülhün və bu istiqamətdə danışıqlarının tərəfdarıdır. Ümid olunur ki, Almaniya tərəfi aparıcı rol oynayacaq və balanslaşdırılmış, effektiv və davamlı Avropa təhlükəsizlik çərçivəsinin yaradılması üçün konkret tövsiyələr verəcək”, - deyə Çin rəsmisi bildirib.
10-05-2023, 16:16
İmran Xanın həbsinə qərar verildiPakistan məhkəməsi keçmiş Baş nazir İmran Xan haqqında həbs qərarı verib. Bu barədə AFP agentliyi Xanın vəkillərinə istinadən məlumat yayıb. Sabiq hökumət rəhbəri rüşvətxorluq işinə görə 8 sutka həbs olunub. Qeyd edək ki, İmran Xanın dünən keçirilən məhkəməsindən sonra onun tərəfarları ilə polis arasında toqquşma yaşanıb. Yüzlərlə şəxsin həbs edildiyi bildirilir.
10-05-2023, 16:04
Muharrem İncenin mitinqləri səhhətiylə bağlı təxirə salındıTürkiyə prezidenliyinə namizəd, Məmləkət Partiyasının sədri Muharrem İncenin səhhətində problem yaranıb. Bu barədə partiyanın deputatlığa namizədi Figen Okan "Twitter" hesabında paylaşım edib. O qeyd edib ki, İncenin səhhətində yaranmış problemə görə İzmir və Manisada keçirilməsi nəzərdə tutulan mitinqləri təxirə salınıb. Siyasətçi partiya liderinin vəziyyəti barədə məlumat verməyib.
10-05-2023, 15:38
Çavuşoğlu iranlı həmkarı ilə görüşdüTürkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Moskvada iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb. Bu barədə o, “Twitter” hesabında məlumat yayıb. Tərəflər Suriya, yüksək səviyyəli səfərlər, iqtisadi və enerji əməkdaşlığını müzakirə ediblər.
10-05-2023, 15:22
Gürcüstan Prezidenti rusiyalı həmkarının qərarına etiraz etdiGürcüstan Prezidenti Salome Zurabişvili Rusiya Prezidenti Vladimir Putinin gürcülər üçün viza rejimini ləğv etməsinə dair qərarına etiraz edib. Bu barədə Gürcüstan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Zurabişvili qərarı qəbuledilməz adlandırıb. Qeyd edək ki, Prezident Vladimir Putin Rusiya ilə Gürcüstan arasında viza rejiminin ləğvinə dair sərəncam imzalayıb. Sərəncama əsasən, mayın 15-dən Gürcüstan vətəndaşları üçün viza rejimi ləğv olunur. Bundan sonra Gürcüstan vətəndaşları 90 gün Rusiyaya vizasız səyahət edə biləcəklər.
10-05-2023, 14:57
Şuşada Heydər Əliyev və 8 Noyabr küçələriMayın 10-da Şuşada Heydər Əliyev və 8 Noyabr küçələrinin kəsişməsində lövhələrin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri tədbirdə iştirak ediblər. Dövlətimizin başçısına və birinci xanıma küçələrdə görüləcək işlər barədə məlumat verildi. Bildirildi ki, Heydər Əliyev küçəsinin uzunluğu 1751 metr, eni isə yol yatağına uyğun olaraq 10-14 metr aralığında dəyişir. 8 Noyabr küçəsinin uzunluğu 2912 metr, eni 10 metrdir. Bu küçələr də müasir səviyyədə yenidən qurulacaq, bütün zəruri infrastruktur yaradılacaq.
10-05-2023, 12:57
Çavuşoğlu rusiyalı həmkarıyla görüşünün detallarını açıqladıTürkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya XİN başçısı Sergey Lavrovla görüşünün detallarını açıqlayıb. Nazir bu barədə twitter səhifəsində paylaşım edib. "Suriya mövzusu ilə bağlı dördtərəfli XİN başçıları toplantısından öncə rusiyalı həmkarım Lavrovla Suriya, Ukrayna və Qafqazdakı hadisələr, eləcə də taxıl sazişini müzakirə etdik", - deyə Çavuşoğlu yazıb.
10-05-2023, 12:50
Sabahın hava proqnozuAzərbaycanda mayın 11-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi axşama doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-14° isti, gündüz 17-22° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 23-28° isti, dağlarda gecə 2-7° isti, gündüz 8-13° isti olacaq.
10-05-2023, 12:10
Bu ölkələrin XİN başçıları Moskvada görüşürRusiya, Türkiyə, Suriya və İranın XİN başçılarının Moskva görüşünə start verilib. Bu barədə TASS məlumat yayıb. Qeyd olunub ki, əsas gündəm mövzuları terrorla mübarizə və Suriya məsələsidir.