Rusiya, Türkiyə, Suriya və İranın XİN başçılarının Moskvada keçirilməsi planlaşdırılan görüşü ertələnib. Görüş sabah keçirilməli imiş. Lakin açıqlanmayan səbəblərdən tədbir may ayına təxirə salınıb.
Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolu yenidən qurulur. AzTV bununla bağlı reportaj hazırlayıb. Məlumat üçün bildirək ki, Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolu mürəkkəb relyefli, seysmik baxımdan aktiv ərazidən keçir. Yolun 40 km-lik hissəsində, Ağsu aşırımında torpaq sürüşmələri hələ də davam edir. Nəticədə nəqliyyatın hərəkəti üçün təhlükə yaranır. Bu səbəbdən yol yenidən qurulur. Daha ətraflı videoreportajda:
Azərbaycanda İranın casus şəbəkəsinə qarşı əməliyyatlar davam etdirilir. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Tehran rejiminə xidmət edən daha bir nəfər tutulub. Məlumata görə, saxlanılan şəxslərdən biri əhli-beyt şairi, məddah Kamran Fəratdır.
İran hicab taxmayan qadınlara qarşı bu tədbirə əl atdı
İranda məcburi geyim qaydalarına əməl etməyən qadınların sayının artmasının qarşısını almaq üçün ictimai yerlərdə və küçələrdə kameralar quraşdırılır. Bu barədə “Mizan” informasiya agentliyi məlumat yayıb. İran polisinin yaydığı məlumatda bildirilib ki, küçədə başıaçıq gəzən qadınlar ilk mərhələdə xəbərdarlıq məktubları alacaqlar. Bu addımın “hicab qanununa qarşı müqavimətin qarşısının alınması” məqsədi daşıdığı, bu cür müqavimətin ölkənin mənəvi imicinə xələl gətirdiyi və etibarsızlıq mühiti yaydığı diqqətə çatdırılıb. Qeyd edək ki, ötən ilin sentyabr ayında 22 yaşlı Məhsa Əmininin ölümündən sonra iranlı qadınların bir çoxu çadradan imtina edib.
Suriya ərazisindən İsrailə 3 raket atılıb. Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, raketlərdən biri Qolan təpələrinə düşb, digərləri İsrail ərazisindən yan keçib. "Sky News Arabia" kanalı qeyd edir ki, İsrail ordusunun tankları cavab olaraq Suriya ərazisini atəşə tutub. Xatırladaq ki, bir neçə gün əvvəl Livandan İsrail ərazisinə 34 raket atılıb. Raketlərdən 25-nin hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğu, 5-nin İsrail ərazisinə düşdüyü bildirilib. İsrail hücumun HƏMAS qruplaşması tərəfindən həyata keçirildiyini açıqlayıb. Buna cavab olaraq İsrail ordusu Livan və Qəzzaya cavab zərbələri endirib.
Ərdoğan israilli həmkarı ilə telefon danışığı aparıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan israilli həmkarı İsxaq Herzoq ilə telefon danışığı aparıb. Bu barədə məlumatı Türkiyə tərəfi yayıb. Telefon danışığı zamanı əl-Əqsa məscidi ətrafında baş verən hadisələr müzakirə olunub.
Müstəqil xarici siyasətə hörmətlə yanaşılmalıdır - XİN başçısı
Azərbaycanın milli maraqlarına əsasən həyata keçirdiyi müstəqil xarici siyasətə hörmətlə yanaşılmalıdır. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə telefon danışığında bildirib. Nazir Ceyhun Bayramov Azərbaycanın milli maraqlarına əsasən həyata keçirdiyi müstəqil xarici siyasətinə və region ölkələri ilə ikitərəfli münasibətlərinə hörmətlə yanaşılmasının vacib olduğunu diqqətə çatdırıb.
Ceyhun Bayramov iranlı həmkarıyla telefon danışığı aparıb
7 və 8 aprel 2023-cü il tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub. Azərbaycan XİN-dən verilən məlumata görə, tərəflər qarşılıqlı şəkildə hər iki ölkənin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşdıqlarını bildiriblər. Telefon danışığı zamanı iki ölkə arasında mövcud olan narazılıq və anlaşılmazlıqlarla bağlı müfəssəl müzakirə aparılıb. Anlaşılmazlıqların aradan qaldırılması üçün danışıqların davam etdirilməsinin vacibliyi vurğulanıb. Azərbaycanla İran arasında mövcud olan layihələrin icrası istiqamətində iş aparılmasına dair razılıq ifadə olunub. Nazir Ceyhun Bayramov Azərbaycanın milli maraqlarına əsasən həyata keçirdiyi müstəqil xarici siyasətinə və region ölkələri ilə ikitərəfli münasibətlərinə hörmətlə yanaşılmasının vacib olduğunu diqqətə çatdırıb. Nazirlər qarşılıqlı təmasların davam etdirilməsinin vacib olduğunu qeyd ediblər.
Ukrayna Silahlı Qüvvələri Rusiyaya qarşı müharibədə ciddi sursat çatışmazlığı ilə üzləşib. Bu barədə Amerikanın nüfuzlu “The Washington Post” (WP) qəzetində dərc edilən məqalədə bildirilib. Nəşr adı açıqlanmayan Ukrayna zabitinə istinadən yazıb ki, hərbçilər Rusiya Silahlı Qüvvələri tərəfindən atılan, ancaq partlamayan hərbi sursatlarını toplamağa məcbur olub. Zabit deyib ki, Ukrayna ordusu gündə təxminən 7700 mərmi istifadə edir. “Bizim çoxlu sursatımız yoxdur, ona görə də çox iş görmürük”, - ukraynalı döyüşçü qeyd edib. Bildirilib ki, Ukrayna hərbçiləri Rusiya qoşunlarının tərk etdiyi əraziləri gəzərək partlamamış hərbi sursatları axtarır. Tapılan sursatlar Ukraynanın şərqindəki gizli emalatxanalarda təkrar emal edilir. Məlumata görə, Ukrayna ordusu daha çox Sovet dövründən qalma silahlar üçün mərmi çatışmazlığı yaşayır. Hazırda 152 mm və 122 mm-lik mərmiləri saxlayan ölkələr əsasən keçmiş sovet respublikalarıdır, bu ölkələrin bir çoxu Rusiya ilə əlaqələri səbəbindən bu mərmiləri Ukraynaya satmaqda tərəddüd edir. Qərb ölkələrinin verdiyi artilleriya üçün 155 mm çaplı mərmilər istifadə edilir, bu silahlar üçün hələlik çətinlik yaşanmır. Buna baxmayaraq, Qərb dövlətləri sursat istehsalını artırmağa çalışır.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!