"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
4-05-2026, 21:14
Hava proqnozu

Hava proqnozu

Mayın 5-7-də Azərbaycanın bəzi rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran) yağıntının intensivləşəcəyi, 5-6-da qısa müddətə güclənəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
4-05-2026, 20:34
GÖZÜM GÖZÜNÜZDƏN UZAQ OLSA DA…


Həsənxan Mədətov,
Azərbaycan Respublikası Dövlət Səs Yazıları Arxivinin sabiq direktoru


GÖZÜM

GÖZÜNÜZDƏN UZAQ

OLSA DA…

Sevimli şairimiz Səməd Vurğunun dünyaya göz açdığı vaxtdan 120 il keçir. Amma 70 il bundan əvvəlki əlamətdar bir hadisədən - şairin yarım əsrlik yaşının qeyd olunduğu yubileydən söhbət acmaq istəyirik .

12 may 1956- cı il. Həmin gün M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet teatrının binasında böyük təntənə vardı. Yubiley gecəsinə qocalar, cavanlar, şairin sənət dostları, hökumət nümayəndələri, xarici qonaqlar və poeziya vurğunları gəlmişdilər. Yalnız yubilyarın özü gözə dəymirdi, amansız xəstəlik şairi yatağa salmışdı. İntizarlı baxışlar onun iri portretinə dikilmişdi...
Yubiley mərasimini Azərbaycan Yazıçılar İttifaqı ilə Respublika Elmlər Akademiyası təşkil etmişdi. Gecəni İttifaqın sədri, yazıçı Süleyman Rəhimov açdı. Söz yazıçı- dramaturq Mirzə İbrahimova verildi. O, qələm dostunun, neçə illərdi çiyin - çiyinə addımladığı ictimai xadimin həyat və yaradıcılığına həsr olunmuş geniş məruzə ilə çıxış etdi.
Azərbaycan hökumətinin yubilyara təbriki oxunduqdan sonra, müx – təlif xalqların sənətkarları bir - birinin ardınca tribunaya qalxdılar. Onlar öz ürək sözlərini deyir, təbrikləri ünvanına çatdırır, ya şairə həsr etdikləri şerlə - rini, ya da onun poeziyasından tərcümə nümunələrini oxuyurdular. Bir sözlə, yubiley gecəsi həqiqi təntənəli beynəlmiləl məclisə dönmüşdü.
Tribunaya 1947 - ci ildə S.Vurğunla London səfərinin iştirakçısı, bu səfərin təəsüratı ilə ona gözəl şeir ithaf etmiş, rus şairi K.Simonov çıxdı. O, dostunu təbrik edib, şairin «Mən tələsmirəm» və başqa şeirlərini öz tərcüməsində oxudu.
Onu kürsüdə Moskva yazıçıları adından danışan, Azərbaycan poeziyasının mahir tərcüməçisi P.Antokolski əvəz etdi.
Ukrayna şairi R.Voronko, özbək şairi Q.Qulam, gürcü şairi G.Leo - nidze, Dağıstan şairi R.Həmzətov və başqaları səmimi təbriklərini hərarətli, poetik ithaflarını yubilyara yetirdilər .
Gecədə B.Kerbabayev (Türkmənistan), Uluqzadə (Tacikstan) və Mövlamov (Qazaxstanlı) öz xalqlarının sənətkarları adından təbriklər söylə - dilər.
G.Qulia «Literaturnaya qazeta», P.Çagin «Drujba narodov» jurnalı , M.Əliyev Azərbaycan EA - sı, Ə.Şərif M.Lomonosov adına Moskva Dövlət Universiteti, Y.Məmmədəliyev Azərbaycan Dövlət Universiteti.
A.İsgəndərov M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram teatrı kollektivlərinin təbriklərini oxudular.
• •

Yubileydə bolqar qadın şairi Liana Daskalava çıxış etmişdi. Oz xalqı adından S.Vurğuna səmimi salamını yetirdi. Qeyd elmək lazımdır ki, ş
yubiley günlərində «Azərbaycan poeması» adlı şeirini qələmə almışdır. Az sonra S.Vurğunun vaxtsız ölümü onu dərindən kədərləndirmiş, bu hadisəyə ballada həsr etmişdir.
S.Vəzirov Azərbaycan neftçiləri, Əliyev Qazax rayonu əhalisi adından yubilyarı qızğın salamladılar.
Cənubi Azərbaycan yazıçılarının təbrikini şair Balaş Azəroğlu, Azərbaycan Yazıçılar ittifaqının təbrikini şair Osman Sarıvəlli oxudular.
S.Vurğun yubiley məclisinə təsirli bir təşəkkür məktubu göndərmişdi. Şairin qardaşı Mehdixan Vəkilovun oxuduğu bu məktub məclis iştirakçılarına bərk təsir etdi. Böyük şair yazırdı:
«Əziz oxucularım! Mən bugünkü məclisdə müvəqqəti bir səbəbə görə iştirak edə bilmirəm. Lakin:
Gözüm gözünüzdən uzaq olsa da,
Könüldən könülə yollar görünür.


Sizdən xahiş edirəm ki, bugünkü məclisdə iştirak edən mənim əziz qələm dostlarıma, Moskva, Leninqrad və başqa qardaş respublikalardan gəlmiş yazıçılara mənim ürək salamlarımı və təşəkkürümü yetirəsiniz.
Sağ olun! Hamınıza dünyanın ən şirin neməti olan cansağlığı arzu edirəm»
Qeyd etməliyik ki, belə bir əlamətdar hadisə görkəmli şairin 50 illik yubileyi və bu yubileydəki çıxışlar o zamankı dövri mətbuatda geniş əksini tapmamışdır. Qəzetlərdə yubiley barəsində icmal dərc olunmuş, çıxışlar yalnız radionun efirinə verilmişdir. Ona görə də oxucular, S.Vurğun yaradıcılığının tədqiqatçıları, xüsusən müasir ədəbiyyatşünaslar bu çıxışlardan xəbərsiz qalmışlar. Xoşbəxtlikdən həmin mərasimin lent yazıları ötən əsrin 70-ci illərində Azərbaycan Respublikası Dövlət Səs Yazıları Arxivi tərəfindən əldə edilmiş və fondun nadir incilərindən biri kimi qorunub saxlanılır.
(Elə həmin dövrdə daha bir nadir lent yazısını Rusiyanın arxivindən respublikamıza gətirib dövlət mühafizəsinə qəbul eləmişik. Bu iki saatlıq lent yazısıs 1954-cü ilin dekabrında Moskvada, SSRİ yazıçılarının II qurultayında Səməd Vurğunun «Sovet poeziyası» barədə möhtəşəm hesabat məruzəsi zamanı lentə alınmışdır.)
Görkəmli şairin həyat və yaradıcılığının tədqiqi, xüsusən başqa xalqların sənətkarları ilə dostluq əlaqələrinin öyrənilməsi baxımından maraqlı olacağını nəzərə alıb, çıxışlardan bəzilərinin tərcüməsini cüzi ixtisarla oxuculara təqdim edirik:

K.Simonov

Özü burada iştirak etmir. Onun xəstələnməsi hamımızı kədərləndirmişdir. Mənə elə gəlir ki, bizim buradan, nəinki zalda oturanlara, eyni zamanda, Səmədin özünə müraciət etməyə imkanımız vardır . Bilirəm ki, indi o bizi dinləyir və hisslərimizi duyur.
Əziz Səməd! Burada stol arxasında saçlarına qar yağmış elə adamlar oturublar ki, onlar çoxmillətli sovet poeziyamız naminə , xalqımız naminə illər boyu səninlə çiyin-çiyinə, qüsursuz çalışıblar. Sən poeziyanın ən cəsarətli, ən qabaqcıl əsgərlərindən birisən. Sən həmişə cəsur və mətin olmusan. Sən həmişə əsil şair, həqiqi inqilab əsgəri olmusan. Ona görə də hamımız, sənin yoldaşların, yazıçılar və oxucular bu 50 illik yubiley günündə səni belə hərarətlə salamlayırıq. Sən dərin zəkalı, qüdrətli və mərd şairsən. Sənin lirik şeirlərin insanların qəlbində və düşüncələrində daim yaşayır, onları həyat məsələlərini həll etməyə, sevməyə, yaratmağa və dostluğa ruhlandırır. İndi sən xəstəsən, bizimlə bu iclasda iştirak edə bilməzsən. Ancaq biz başa düşürük ki, bundan sonra daha böyük işlər görməyə sənin qüdrətin çatar. Sənin poeziyan həmişə cavandır, həmişə də cavan qalacaq, çünki mübarizə əzmi ilə yoğrulub, onda əbədi gənclik duyğuları hakimdir. Sən çoxlu yazıçının, minlərlə oxucunun dostusan. Sən neçə-neçə xalqın dostusan. Mən bu gün 50 illik yubileyin günündə sənə üz tuturam, sən əsərlərinlə, gözəl şerlərinlə neçə - neçə xalqı özününküləşdirdin, çox adamı öz xalqının nümayəndəsi etdin! Bax, şairin də əsil və böyük istedadı bundan ibarətdir. Sən Azərbaycanın, öz xalqının həqiqi nümayəndəsisən, bu ölkədə bircə dəfə də olmayan milyonlarla adam sənin adınla, sənin poeziyan vasitəsilə xalqına və ana yurduna məhəbbət bəsləyir. Sənin bir şair kimi xidmətin budur və bundan vüksək xidmət ola bilməz.
İstəyirəm ki, yubiley günündə sənin əbədi gəncliyindən, poeziyanın ədəbi gəncliyindən söhbət açan şeirlərindən öz tərcüməmdə bir neçəsini oxuyum.
P.Antokolski
Əzizimiz, sevimli Səməd! Mən də tam inamla sənə müraciət edirəm ki, söhbətimizi eşidir, bu zalın isti nəfəsini duyursan. Mən sənə yalnız Moskva yazıçılarından deyil, onlarla, yüzminlərlə moskvalıdan, oxucularından, köhnə pərəstişkarlarından salam yetirirəm. Bu sözlərdə Moskvanın məhəbbətini, onun minnətdarlığını hiss edirsən.
Moskvalılar tribunadan sənin səsini eşidən zaman o saatca sənə isinişir, hətta Azərbaycan dilini başa düşməsələr də duyurlar ki, onlara əsas məsələdən, əzəmətli, alovlu məhəbbətdən, qüvvətli, odlu nifrətdən söhbət açırsan. Həmişə belə olub, belə olmalı idi və belə də olacaq. Çünki sən - Səməd Vurğun, təbiətən böyük şairsən, bizim nəsillərin iftixarısan! Bu gün sənin yaradıcılığından çox şeylər, həddindən artıq çox şeylər, yada düşür ki, onları bir çıxışda əhatə elmək, sayıb sona çaldırmaq mümkün deyil.
Sənin poema və dramların, ayrı-ayrı bəndlərin, misraların təsəvvürümüzdə canlanır. Burada əfsanəvi Fərhad əlini Bakı fəhləsi Xanların çiyninə qoyub, müdrik Vaqif sadəcə olaraq öz müasirləri kimi bizim hər birimizlə söhbət edir. Sənin həqiqət günəşinin parlaq ziyasından nurlanan, qələminin qüdrəti ilə Muğam səhrasından ümumittifaq səhnəsinə çıxan neftçilər, Azərbaycan pambıqçıları, qocaman qazma ustası və komsomolçu qız göz önündə canlanır. Bunlar artıq bu gün təkcə sənin qəhrəmanların deyil, müasir və sabahkı oxucularındır.
Sən öz əmək yoluna müxtəlif kəndlərdə müəllimlik etməklə başlamısanı. Əgər bu sənəti davanm etdirsəydin, sənin yetişdirmələrin olan, əllərində gül-çiçək tutmuş yüzlərlə oğlan və qız buraya sığışmazdı.
Əgər sən mühəndis olsaydın, indi öz yaradıcılarını təbrik üçün qaldırıcı kranlar qollarını uzadar, ekskavatorlar buraya addımlayardı.
Əgər sən həkim olsaydın, gözlərinə nur verdiyin, əzələlərinə möhkəmlik bəxş etdiyin yüzlərlə adam indi səni salama gələrdi.
Ancaq sən şair oldun, buna baxmayaraq, yenə də insanların dərin minnətdarlığını qazanmısan! Tərənnüm etdiyin sovet adamlarının əlləri ilə yaradılan bu əzəmət, bu təmtəraq ümumxalq şöhrəti, sənin ləyaqətin kimi yenidən özünə qaytarılır. Çoxlu sənətkar var ki, öz həyatı ilə şairlik rütbəsinin, şair adının yüksək olduğunu sübut etmişdir. Sən bunu bir daha təsdiqlədin. Biz bu fikri nahaq yerə təkrar etmirik. Sənə çox böyük xoşbəxtlik nəsib olub, onu pərdələmək və ya danmaq qeyri- mümkündür, sən bizim iftixarımızsan!

R.Həmzətov (Dağıstan MSSR)
İstəkli, sevimli, möhtərəm Səməd Vurğun!
Əziz yoldaşlar! Bizim qocaman akınlar, yüzyaşlı xalq şairləri, Dağıstan sovet ədəbiyyatının bütün nümayəndələri, respublikanın bütün zəhmətkeşləri bu şərəfli yubiley gününüzdə Sizə və xalqınıza bir qonşu xalq kimi deyil, qardaş kimi salam yetirməyi məndən xahiş etmişlər.
İstəkli Səməd Vurğun, biz bu yubileyə çoxdan hazırlaşırdıq. Yazıçılar İttifaqının İdarə heyətində beş gün düşünüb, üç səhifə təbrik yazmışıq. Mən özüm isə on səhifəlik çıxış hazırlamışam. Ancaq bu gün həmin çıxışı oxumaq mümkün deyil. Yalnız ürəkdən bunu deyirəm: yaşasın bütün sovet xalqının və Azərbaycanın sevimli şairi Səməd Vurğun! yaşasın Səməd Vurğunu yetirən Azərbaycan xalqı! 
• • • •
Səməd Vurğunun əsərləri bizim məşhur Kubaçinli zərgərlərin işini yadıma salır. Səməd Vurğunun sözləri də illərlə hər bir nəqşənin üstündə əlləşən bizim zərgərlərin hazırladıqları ziynət şeyləri kimi işıq saçır. Mən yubiley günündə onun poeziyası ilə Dağıstan xalqının incəsənətinin doğmalığının ifadəsi kimi bizim Kubaçinli ustaların hazırladıqları hədiyyəni təqdim etmək istəyirəm ...
Nəhayət, Dağıstan Yazıçılar İttifaqı İdarə Heyətinin təbrikini təqdim etmək istəyirəm. Bir daha təkrar edirəm: yaşasın Səməd Vurğun! Yaşasın Səməd Vurğunu yetirən Azərbaycan xalqı!

G.Leonidze (Gürcüstan)
Mehriban qonşumuz və qardaşımız, nəcib, mərd Azərbaycan xalqına gürcü xalqından hərarətli qardaşlıq salamı! Odlu Azərbaycan poeziyasının və böyük Vətənimizin qüdrətli nəğməkarı, Azərbaycan xalqının Məcnunu, onun ürəyi, duyğularının ən gözəl ifadəçisi Səməd Vurğuna səmimi salamlar, təbriklər və hərarətli öpüşlər!
Əziz dostum Səməd! Sən öz yurdunun gözəlliklərini tərənnüm etdin, mənə elə gəlir ki, burada, Azərbaycanda hər bir ağac sənin adından danışır, indi sən xalqın yüksəlişini, doğma Kommunist Partiyasına sonsuz məhəbbətini, azərbaycanlıların qəhrəmanlıq keçmişini, bu günkü səadəti və xoşbəxt sabahı uğrundakı mübarizəsini tərənnüm edən əsil xalq şairisən!
Səməd, sən bizim gözəl natiqimiz, Sovet ittifaqının ən yaxşı şairlərindən birisən. Sənin yaradıcı sözün yalnız Azərbaycan ədəbiyyatını deyil, ittifaq xalqlarının ədəbiyyat xəzinəsini zənginləşdirir. Bu gün sənin əsil şadlıq, poetik bəhrə və mükafatlandırılan günündür. Bu gün hamımız sənə məhəbbətin gözü ilə baxırıq. Sovet xalqı öz şairlərini sevir, sənin yubileyin bu xalq sevgisinin və xalq minnətdarlığının canlı timsalıdır. Xalqın sənin yaradıcılığında öz poeziya cəngavərinin yaraqlarını, fikirlər qaynağını və hissləri ətirli çiçəklərini tapır. Şairlər həmişə yekdildir. Onlar heç zaman həyatın adicə seyrçisi olmamışlar...
Bizim sələflərimiz olan sənətkarlar döyüşlərdə öndə gedib öz nəğmələrində xalqı vətənin müdafiəsi naminə mübarizəyə səsləmişlər. Sovet Şairləri isə Lenin təliminin parlaq şəfəqlərindən qüvvət alaraq sülh və azadlıq uğrunda mübarizədə xalqın avanqardı kimi həmişə ön cərgədə dayanmışlar. Əziz Səməd, xalqın belə qüdrətli nəğməkar döyüşçülərindən biri də sənsən! Sən müasir poeziyanın ilk yaradıcılarından biri, qüdrətli lirik, görkəmli dra¬maturq, alim və ictimai xadimsən. Sən iki xalq arasında qardaşlıq və dostluq əlaqələrinin möhkəmləndirilməsi yolunda göstərdiyin xidmətlərə görə gürcüləriın də məhəbbət və hörmətini qazanmısan. Rustavelinin ölməz «Pələng dərisi geymiş pəhləvan» poemasını tərcümə etməklə gürcü ədəbiyyatının populyarlaşması üçün böyük işlər görmüsən. Sevimli Səməd, gürcü alim və yazıçıları şairlərlə birgə sənin Azərbaycan elminin inkişafına çəkdiyin zəhmətləri yüksək qiymətləndirirlər. Sən Azərbaycan EA rəhbərlərindən biri kimi
onun yüksəlişi üçün yorulmadan qayğı göstərirsən. İctimai elmlərin bütün sahələrindəki çiçəklənmə və böyük nailiyyətlər bilavasitə sənin adınla bağlıdır. Şəxsən mən səninlə dost olduğuma görə özümü şad və xoşbəxt hesab edirəm. Xalq məhəbbəti və partiyaya olan sədaqət bizim qəlblərimizi birləşdirmişdir. Səməd, biz köhnə dostlarıq. Çaxır nə qədər saxlansa, o qədər tünd olur. Bizim dostluğumuz da belədir.
Gürcü Yazıçılar İttifaqı, Gürcüstan SSR EA və gürcü dostların adından şərəfli 50 illik yubiley günündə səni hərarətli məhəbbət duyğuları ilə salamlayır, sənə möhkəm cansağlığı və poeziya bulağının heç zaman tükənməməsini arzulayıram. Qoy heç vaxt «Cəngi» nin səsi kəsilməsin!
Qoy sənin qələminin qüdrəti daha da artsın, söz şöhrətinin qönçələri çiçəklənsin və yuz illərlə rayihə saçsın!
Sevin, Azərbaycan xalqı, sənin Səməd Vurğun kimi şairin, onun təki oğlun var!
B.Kerbabayev (Türkmənistan)
Əziz dostumuz Səməd Vurğun! Sovet Türkmənistanının yazıçıları bu xoşbəxt təsadüfdən, yubileyinizdən istifadə edərək Sizə qardaşlıq salamı və səmimi qəlbdən təbriklər göndərirlər. Türkmənistanda sizin təbii və coşqun, dərin fikirlər və canlı duyğularla dolu poeziyanızla tanışdırlar və sevirlər. Siz xəlqi, vətənpərvər, həyatsevər və görkəmli yazıçı olmaqla, türkmən oxucuları üçün yalnız müasir sevimli müəlliflərdən biri deyil, eyni zamanda sizdən daima öyrənən və ləyaqətli həmsənətləri kimi sizinlə fəxr edən respublikamızın ədəbiyyatçıları üçün böyük nümunə , canlı örnəksiniz. Siz bizim doğma çoxmillətli sovet ədəbiyyatının ilk yaradıcıları sırasında şərəfli yer tutursunuz.
Realizm ədəbiyyatının qabaqcıl yaradıcısına hərarətli salamımızı yetirirəm. Nəcib insanı, dostumuz Səməd Vurğunu uzun illər sağ-salamat görməyi arzulayırıq.
İstəyirik ki, onun ilhamlı qəlbinin, müdrik ağlının şirin meyvəsi olan yeni-yeni əsərlərini oxuyaq. Səmədcan, qardaşım! Dünya durduqca Vurğun duracaq. Vurğunun ürəyi daim vuracaq!

S.Uluqzadə (Tacikstan)
Yalnız Azərbaycan xalqının deyil, bütün xalqların sevimlisi, əziz yubilyarımız!
Əlli illik yubileyiniz günündə tacik dostlarınız və qələm qardaşlarınız Azərbaycanın xalq şairinə alovlu salamlar göndərir, adı qardaş xalqların ədəbiyyatının ən gözəl sənətkarları ilə yanaşı çəkilən böyük söz ustasının əllərini hərarətlə sıxırlar. Qardaş Azərbaycanın poeziyası Sizin yaradıcılığınızla parlaq inkişaf zirvəsinə çatmışdır. Siz öz coşğun qəlbinizin ilhamlı yaradıcılığı ilə çoxmillətli sovet poeziyamızı həmişə zənginləşdirmisiniz və yenə də davam etdirirsiniz. Sizin səsiniz, odlu sözləriniz tacik torpağında da yüksəlməkdədir. Tacikstan oxucuları görkəmli şairlərimizin tərcümə etdikləri gözəl
şeirlərinizi çox sevirlər. Pyesləriniz böyük məhəbbətlə tacik səhnələrində tamaşaya qoyulur. Yüksək sənətkarlıqla və böyük fikirlər ifadə edən poeziyanız əsrlərin dərin qatlarından axıb gələn Azərbaycan - tacik ədəbi əlaqələrinin bizim sovet dövrümüzdə möhkəmlənməsinə və daha da məhsuldar yaradıcılığa çevrilməsinə qüvvətləndirici təsir göstərmişdir. Siz bizim üçün bütün istedadını xalqa, Vətənə sərf edən görkəmli şair vətəndaşsınız. Geniş ictimai fəaliyyətiniz poetik yaradıcılığınızla möhkəm bağlanmışdır. Sizin yaradıcılığınızını, o cümlədən bütün sovet ədəbiyyatının gücü onunla səciyyələnir ki, o, ən qabaqcıl, ən gözəl, müasir dövrün ən bəşəri ideyasına xidmət edir. Əsərləriniz dünyanın bütün namuslu və əməkçi adamları, xalqlar arasında dostluq qardaşlıq və sülhə can atanlar üçün çox əzizdir .
Əziz möhtərəm Səməd Vurğunun, biz səmimi-qəlbdən Sizə cansağlığı, uzun ömür, yaradıcılıq nailiyyətləri ilə dolu bir həyat arzulayırıq!
Mən Tacikistanın nasir, şair və dramaturqları adından təbrik gətirmişəın. Qoy o bizim böyük və qardaşlıq məhəbbətimizin kiçik bir rəmzi kimi Sizdə qalsın.
A.Beyan (Latviya)
Azərbaycanın fəxri, böyük insan və qüdrətli şair Səməd Vurğuna Latviyanın ən səmimi ürək salamını yetirirəm.
Bakı və Riqa! Birlikdə necə də asan və gözəl səslənir! Azərbaycan! Bu söz latışlar üçün əziz və ürəyə yatımlıdır! Bizim nasir Pavel Rozitis nə vaxtsa burada ilk novellaların qələmə alıb. Görkəmli yazıçımız Andrey Upil öz böyük romanı «Reniqat»ı burada yaradıb. Latviyanın xalq yazıçısı Ernest Birzniyek Upits şəhərində 20 il yaşamış, özünə sədaqətli dostlar tapmış, latış dilində kitablar nəşr etdirmiş və burada özünə gözəl ömür yoldaşı seçmişdir. Azərbaycanda latış yazıçılarının dostları çoxdur. Onların və oxusularımızın ən yaxşı dostu Səməd Vurğun hesab olunur.
Latviyanın xalq şairi Yan Sudrabkaln sizə məktub göndərmişdir. Bu məktubda latış xalqının, bizim yazıçıların və oxucuların ürək sözləri var.

Möhtərəm xalq şairi, əziz Səməd Vurğun. Baltik dənizi və Dauqava çayı sahillərindən, qədim və gözəl Riqadan Sizin 50 illik yubileyinizə ən səmimi və ehtiraslı təbriklər gətirmişəm. Görünür, parlaq Cənub günəşinin altında yaşayanlara illər heç nəyi əsirgəmir. Ancaq onlar Sizin saf və kəskin ağlınız, yorulmaz və həmişəcavan ürəyiniz odlu duyğularınız qarşısında acizdir. Sizin kitablarınız xalqlarımızın gözəl və ruhlandırıcı dostluq ideyasını dərindən dərk etmək və yaxşı mənimsəməkdə bizə çox kömək göstərmişdir. Sizin kitablarınız aramızda olan məsafələri qısaldır, zamanı gözəlliyə bələyir. Siz bizim qardaşlıq ailəsində poeziyanın qızıl telləri ilə yüksəlmişsiniz… Siz öz yaradıcılığınızla Şərqi və Qərbi, bütün torpaqları və bütün xalqları bir birinə yaxınlaşdırmısınız.
Səməd Vurğun bizə pərvazlanan poeziyanı öyrədir. Onun poeziyası əsil lirikanın, həqiqi böyük ədəbiyyatın nümunəsidir.
Əziz Səməd Vurğuna Latviyada hazırlanmış bir sadə ağac mücrü hədiyyə gətirmişəm. Qoy yazıçılarımızın göndərdikləri bu kiçik hədiyyə ona yeni qüvvət, sağlamlıq gətirsin, dostluğumuzu və sevgimizi daha da gücləndirsin! Əziz Səməd Vurğun həm sizin, həm də bizimdir!
4-05-2026, 19:16
Küləyə Pıçıldanmış Həqiqət

Elnur Sadəqoğlu Musayev
(Göygöl rayonu)


Küləyə Pıçıldanmış

Həqiqət


Əvvəli linklərdə
https://butov.az/edebiyyat/55773-kuly-pcldanm-hqiqt.html
https://butov.az/karusel/56214-kuly-pcldanm-hqiqt.html

Əvvəllər aclıq bir canavar kimi içini gəmirirdi. Mədəsi büzüşür, bağırsaqları düyünlənirdi. Amma son günlər bu ağrı kəsilmişdi. Bədəni yüngülləşmişdi. Əlini qaldıranda barmaqlarının sümükdən ibarət olduğunu, dərinin sadəcə nazik, şəffaf bir pərdə kimi sümükləri örtdüyünü görürdü. Bu əllər bir vaxtlar plov yeyən, pul sayan əllərə bənzəmirdi. Bu əllər mağaranın girişindəki quru budaqlara bənzəyirdi.
Çöldə fırtına qopanda Səlim mağaranın küncünə qısılırdı. Küləyin ulaması qorxulu deyildi artıq. O səs, Səlimin beynindəki səsləri susdurmuşdu. "Mirzə Səlim..." – bu ad beynində səsləndi. Nə qədər yad, nə qədər ağır bir ad. Sanki çiyinlərində daşıdığı bir kisə daş idi. "Mirzə kimdir?" – deyə düşündü. O, Zeynəbin əri, Hacı Fəttahın imamı, kəndin mollası idi. Amma o adam aşağıda, o isti və üfunətli dünyada qalmışdı. Burada, bu mütləq soyuqda yalnız nəfəs alan bir canlı vardı. Adı yox, keçmişi yox, gələcəyi yox.
Bir gecə yuxudan ayıldı. Mağara buz kimi idi, amma o, tərləyirdi. Bədənində qəribə, yandırıcı bir hərarət vardı. Qan damarlarında axmır, sanki qaynayırdı. Qasımın dediyi o "palçıq" qurumuşdu, tökülmüşdü. İndi növbə ruhun qabığına çatmışdı. Səhərə yaxın, günəşin ilk şüaları dağların zirvəsini qızılı rəngə boyayanda Səlim ayağa qalxmaq istədi. Ayaqları onu dinləmədi. Sürünərək mağaranın ağzına gəldi. Qarın üstü şüşə kimi bərkimişdi. Hava o qədər təmiz idi ki, nəfəs alanda ciyərləri kəsirdi. Günəş üfüqdən boylandı. Aşağıda, vadidə ağ duman dənizi dalğalanırdı. Kənd, o kiçik evlər, o böyük davalar, o torpaq üstündəki çəkişmələr... hamısı o dumanın altında, bir heçliyin içində görünməz olmuşdu. Səlim gözlərini günəşə dikdi. Gözləri qamaşdı, yaşardı, amma baxışlarını çəkmədi. Hacı Fəttahın qızıllarından daha parlaq, Zeynəbin plovundan daha doyumlu bir şey vardı o işıqda.
"Mən üşümürəm," – deyə düşündü. Həqiqətən də soyuq yox olmuşdu. Bədəninin hüdudları silinirdi. Harada bitib, havanın harada başladığını hiss etmirdi. Barmaqlarının ucundakı hissiyyat itmişdi, sonra qolları, sonra ayaqları... O, sadəcə döyünən bir ürək, baxan bir cüt göz idi. Birdən ona elə gəldi ki, qar dənələri onun üzərinə yağmır, onun içindən keçir. O, dağın bir parçası idi. O, əsən külək idi. Dodaqları tərpəndi, amma səs çıxmadı. Sözlərə ehtiyac yox idi. İllərdir minbərdə qışqırdığı o moizələr, o ərəbcə dualar... hamısı boş səs-küy imiş. Əsl dua bu imiş: Sükut və təslimiyyət.
Səlimin başı yavaşca qarın üzərinə düşdü. Yanağı buza toxundu, amma buz onu yandırmadı, sığalladı. Son nəfəsi ağzından ağ bir buxar kimi çıxdı. O buxar havaya qalxdı, günəş işığında bir anlıq parladı və küləyə qarışdı.
Artıq "Mirzə Səlim" yox idi. Sadəcə əbədi, təmiz və sonsuz bir sükut vardı. Və bu sükut, kənddəki bütün səs-küydən daha gurultulu idi.
________________________________________
Sonluq: Yazın Gətirdiyi Xəbər
Dağların ağ kürkünü soyunmağa başladığı, qayaların arasından bənövşələrin utancaq uşaqlar kimi boylandığı vaxt idi. Çobanlar onu tapanda günorta günəşi zirvəni döyürdü. Səlim mağaranın ağzında deyil, bir az aşağıda, sıldırım qayanın üzərində tapıldı. Bədəni qarın altında qalmış, sonra günəşdə açılmışdı. O, üzüqoylu deyil, arxası üstə uzanmışdı. Gözləri açıq idi və birbaşa göy üzünə – o sonsuz maviliyə baxırdı. Üzündəki ifadə donmuş bir təbəssüm idi; sanki ölüm anında kimsə ona çox gülməli və ya çox gözəl bir sirr pıçıldamışdı.
Xəbər kəndə çatan kimi camaat axışdı. Hacı Fəttah atın belində, digərlərindən yuxarıda gəldi. O, atından düşmədi. Sadəcə əyilib cəsədə baxdı. Səlimin cır-cındır paltarı, sümükləri çıxmış sinəsi, qaralmış dərisi Hacının üzünü turşutmasına səbəb oldu. Cibindən ətirli dəsmalını çıxarıb burnuna tutdu.
-Heyif, -dedi Fəttah. Səsində kədərdən çox, itirilmiş bir əşyaya duyulan heyfslənmə vardı. - Savadlı adam idi. Səsi də gözəl idi. Amma iradəsi zəif çıxdı. Şeytanın vəsvəsəsinə uyub özünü bu günə saldı.
Yanındakı kəndlilər başlarını yellədilər: - Düz deyirsən, Hacı. Yazıq, ağlını itirdi. İsti evini, hazır ruzisini qoyub daşların arasında can verdi. Allah günahından keçsin.
Baqqal Məmməd irəli çıxıb Səlimin açıq qalmış gözlərini bağlamaq istədi. -Dəymə! - Bu səs qayanın arxasından gürultu kimi gəldi. Hamı diksindi. Dəli Qasım bir qayanın üstündə oturmuşdu. Əlindəki çomağı yonurdu. Aşağı düşmədi, camaata qarışmadı. Yuxarıdan, sanki başqa bir aləmdən danışırdı.
- Onun gözlərini bağlama, Məmməd. O, sizin görmədiklərinizi görür. Qoy baxsın.
Hacı Fəttah istehza ilə güldü: - O ölüb, Qasım. Ölü heç nə görə bilməz. Sən də onun kimi ağlını itirmisən deyəsən.
Qasım çomağı yerə qoydu. Gözlərini Hacıya dikdi. -Ölü sizsiniz, Hacı. Siz bu aşağıda, o palçıq evlərinizdə, qızıl sandıqlarınızın içində hər gün ölüb dirilirsiniz. Nəfəs alırsınız, amma yaşamırsınız. Yeyirsiniz, amma doymursunuz.
Əli ilə Səlimin donmuş cəsədini göstərdi:- Bu adam acından ölüb, amma bax, üzü gülür. Sən heç qızıllarını sayanda belə gülmüsənmi, Hacı? Bu adam buzun içindədir, amma sən kürkünün içində titrəyirsən.
Hacı Fəttahın üzü qızardı. Atının cilovunu dartdı. - Boş-boş danışma, səfil! Cənazəni götürün, aparaq yuyub basdıraq. Bəlkə torpaq günahlarını təmizləyər.
Kəndlilər Səlimin cəsədini çiyinlərinə alıb aşağı, kəndə doğru enməyə başladılar. Onların səsi, ayaq səsləri, Hacının atının kişnərtisi yavaş-yavaş uzaqlaşdı. Kənd öz "itmiş övladını" geri aparırdı – onu yenidən torpağa gömmək, üstünə daş qoymaq və unutmaq üçün.
Qasım tək qaldı. O, Səlimin uzandığı yerdə ərimiş qarın yaratdığı kiçik gölməçəyə baxdı. Günəş orada əks olunurdu.
- Get, Mirzə, -dedi Qasım yavaşca. - Onlar sənin bədənini apardılar, amma "səni" apara bilmədilər. Sən artıq bu dağsan, bu küləksən.
Qasım dərin bir nəfəs aldı. Yaz havasının təmiz, dirildici qoxusunu ciyərlərinə çəkdi. Sonra üzünü kəndə yox, daha yuxarıya, Səlimin də çıxmadığı ən uca zirvəyə tutdu. Çomağını götürüb yavaş-yavaş yuxarı dırmaşmağa başladı.
Aşağıda isə kənd, öz kiçik qayğıları, böyük yalanları və bitməyən ticarəti ilə birlikdə tüstüləməyə davam edirdi. Külək isə dağlardan əsərək dərəyə bir həqiqəti pıçıldayırdı, lakin aşağıda onu eşidən kimsə qalmamışdı.
4-05-2026, 09:12
Avropa-Rusiya qarşıdurması

Avropa-Rusiya qarşıdurması

Rusiya ilə birbaşa hərbi qarşıdurmaya mümkün qədər yaxınlaşmaq üçün Avropaya cəmi bir ildən çox vaxt lazım idi.
Bunu rusiyalı politoloq Dmitri Yevstafyev deyib. O, bildirib ki, bu dövrə tarixi baxımdan baxsaq, çox qısadır:
"Onlar tez Rusiya ilə müharibəyə doğru qaçırlar, qorxurlar ki, vaxtında bacarmayacaqlar. Eyni zamanda avropalılar bu münaqişədə qalib gələ biləcəkləri barədə düşünmürlər. Qərb dövlətlərinin bu cür davranışı Moskva üçün meydan oxumaqdır. Xüsusilə də Rusiya Polşa və Fransanın iştirak etdiyi hərbi təlimlərdən ehtiyatlı olmalıdır".
4-05-2026, 08:56
Deyəsən hamımımız Çin dilində danışacağıq

Deyəsən hamımımız

Çin dilində danışacağıq


Çin dili yaxın onilliklərdə Pekinin texnoloji inkişafı səbəbindən geniş istifadə oluna bilər.
Bunu İtaliyanın baş nazirinin müavini, nəqliyyat naziri Matteo Salvini deyib.
Onun sözlərinə görə, Çində hər il milyonlarla mühəndis məzun olur və yüksək sürətli dəmir yolunun uzunluğu artıq on minlərlə kilometrə çatıb və böyüməkdə davam edir.
Salvini Çinin Afrikada artan nüfuzuna və BRİKS qrupunun böyüməsinə də işarə edərək, demoqrafik dəyişikliklərin Avropaya təsir etdiyini bildirib.
O, ABŞ Prezidenti Donald Trampın addımlarının Çinin potensial dominantlığını cilovlamağa yönəldiyini təxmin edib:
"30 ildən sonra hamımız Çin dilində danışa bilərik. Mənim yaxşı münasibətlərim var, dəvətlə səfirliyə baş çəkirəm, iş üçün Şanxayda və Pekində olmuşam, amma bu, açıq şəkildə bizimkindən fərqli mədəni və siyasi modeldir".
4-05-2026, 03:50
Onun üçün mandat   sadəcə status deyil…

Onun üçün mandat

sadəcə status deyil…


Azərbaycanın müasir siyasi tarixində özünəməxsus dəst-xətti olan simalardan biri, mərhum Fəzail Ağamalının həyat yolu milli məfkurəyə xidmətin və dövlətçilik ənənələrinə sadiqliyin parlaq bir nümunəsidir. Onun ictimai-siyasi fəaliyyəti təkcə bir partiyanın rəhbəri və ya millət vəkili kimi deyil, həm də xalqın taleyüklü məqamlarında məsuliyyəti öz üzərinə götürən bir ziyalının mübarizəsi kimi yaddaşlara həkk olunub. Zəngəzur mahalının Şıxlar kəndində doğulub boya-başa çatan Fəzail Ağamalı hələ gənclik illərindən tariximizin dərinliklərinə vaqif olmuş, elm sahəsində qazandığı uğurları milli oyanış prosesi ilə birləşdirmişdir.
Onun vətənpərvərlik yolunun ən həlledici mərhələlərindən biri 1980-ci illərin sonunda baş qaldıran Meydan hərəkatı idi. Azərbaycanın müstəqillik arzularının alovlandığı həmin günlərdə o, xalqın ön sıralarında yer alaraq milli azadlıq ideyalarının carçısına çevrildi. Lakin Fəzail Ağamalının siyasi uzaqgörənliyi təkcə etirazlarla məhdudlaşmırdı; o, dövlətçiliyin qorunub saxlanılması üçün güclü lider amilinin vacibliyini hər kəsdən tez dərk edirdi. 1990-cı illərin əvvəllərində ölkədə yaranmış xaos və vətəndaş müharibəsi təhlükəsi zamanı Heydər Əliyevin Naxçıvandan Bakıya dəvət edilməsi təşəbbüsü ilə çıxış edən ilk ziyalılardan biri olması onun dövlət naminə atdığı ən strateji addımlardan sayılır. O, təsisçisi olduğu Ana Vətən Partiyası vasitəsilə illərlə milli həmrəylik və Azərbaycançılıq məfkurəsini təbliğ edərək ölkənin siyasi sisteminin sütunlarından birini formalaşdırdı.
Parlament fəaliyyəti dövründə isə Fəzail Ağamalı xalqın səsi olmağı özünün əsas missiyası hesab edirdi. Uzun illər Milli Məclisin deputatı kimi çıxışlarında o, xüsusilə Vətən müharibəsi qazilərinin, şəhid ailələrinin və sosial müdafiəyə ehtiyacı olan insanların hüquqlarını ən ali kürsüdən müdafiə edib. Onun üçün deputat mandatı sadəcə bir status deyil, vətəndaşın müraciətini qanunvericilik müstəvisinə daşımaq üçün bir vasitə idi. Bir çox mürəkkəb qanunların qəbulunda iştirak edərkən o, həmişə dövlət maraqlarını ön planda tutmuş, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi mövzusunda barışmaz mövqe nümayiş etdirmişdir.
Professorun elmi fəaliyyəti və siyasi təcrübəsi onu həm də gənc siyasətçilər üçün bir məktəbə çevirdi. Bu məktəbin ən layiqli davamçısı və bu gün Ana Vətən Partiyasının sədri missiyasını şərəflə daşıyan isə Günay Ağamalıdır. Atasının vəfatından sonra onun siyasi irsinin qorunub saxlanılması və yeni dövrün tələblərinə uyğun inkişaf etdirilməsi məhz Günay xanımın üzərinə düşmüşdür. Salyan Biləsuvar Neftçala 65 saylı seçki dairəsindən namizədliyini irəli sürərək xalqın etimadını qazanan Günay Ağamalı, seçicilərinin yüksək etibarını əldə etmiş bir gənc kimi səs çoxluğu ilə Milli Məclisdə deputatlıq fəaliyyətinə başlamışdır. Milli Məclisin VII çağırış deputatı kimi fəaliyyətə başlayan Günay Ağamalı qısa müddətdə öz intellekti, psixoloji hazırlığı və prinsipial mövqeyi ilə geniş ictimaiyyətin diqqətini çəkməyi bacarmışdır. O, partiyanın rəhbərliyinə gəldiyi andan etibarən sadəcə bir ad kimi deyil, real fəaliyyət proqramı təqdim etdi. Günay xanımın liderliyi dövründə Ana Vətən Partiyası özünün ənənəvi dövlətçi xəttini qorumaqla yanaşı, qadınların və gənclərin ictimai-siyasi proseslərdə aktivliyinin artırılmasına xüsusi önəm verir.
Günay Ağamalının siyasi portreti həm müasirlik, həm də köklərə bağlılıq elementlərini özündə birləşdirir. O, atasından miras qalan xalqla birbaşa ünsiyyət qurmaq, qazilərin problemlərinə həssaslıqla yanaşmaq və milli maraqları hər şeydən uca tutmaq prinsiplərini yeni nəslin dili ilə ifadə edir. Partiyanın qurultaylarında nümayiş etdirdiyi qətiyyətli mövqe və parlamentdəki çıxışları göstərir ki, o, təkcə "Ağamalı məktəbi"nin bir nümayəndəsi deyil, həm də müstəqil, analitik təfəkkürlü bir siyasətçidir.
Sara ASLANOVA
3-05-2026, 20:06
SEPAH ABŞ-yə ultimatum verdi


SEPAH ABŞ-yə

ultimatum verdi


İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ Prezidenti Donald Trampın bəyanatlarına cavab olaraq Vaşinqtonun çıxılmaz vəziyyətdə olduğunu iddia edib.
Bu barədə SEPAH-ın Kəşfiyyat Qurumu "X" sosial şəbəkəsində paylaşım edib.
Bildirilib ki, Tramp "qeyri-mümkün əməliyyat" ilə "pis razılaşma" arasında seçim etmək məcburiyyətində qalıb. Açıqlamada mövcud vəziyyəti xarakterizə edən dörd əsas amil sadalanıb: İranın mühasirəyə qarşı Pentaqona verdiyi ultimatum, Çin, Rusiya və Avropanın Vaşinqtona qarşı ritorikasının dəyişməsi, Trampın Konqresə göndərdiyi və "passiv məzmunlu" kimi qiymətləndirilən məktub, həmçinin İranın irəli sürdüyü müzakirə şərtlərinin qəbul edilməsi.
SEPAH-ın bəyanatında qeyd olunur ki, bütün bu proseslər tək bir məna kəsb edir: "Tramp ya reallaşdırılması qeyri-mümkün olan hərbi əməliyyata başlamalı, ya da İranla "pis" hesab olunan razılaşmaya imza atmalıdır".
Açıqlamanın sonunda ABŞ administrasiyasının qərarvermə imkanlarının ciddi şəkildə məhdudlaşdığı vurğulanıb.
3-05-2026, 20:00
Baş naziri Ermənistana GETDİ

Baş nazir

Ermənistana GETDİ


Böyük Britaniyanın Baş naziri Ermənistana GETDİ

Böyük Britaniyanın baş naziri Keir Starmer Avropa Siyasi Birliyinin 8-ci sammitində iştirak etmək üçün Ermənistana səfər edib.
Ermənistan KİV xəbər verir ki, onu Zvartnots Beynəlxalq Hava Limanında Ermənistan prezidenti Vaaqn Xaçaturyan qarşılayıb.
3-05-2026, 19:53
Rusiyanın təchizatı məhv edilir


Rusiyanın təchizatı

məhv edilir


Ukrayna Müdafiə Qüvvələrinin Rusiyaya qarşı zərbə strategiyası üç əsas elementdən ibarətdir. Bu yanaşma aqressorun neft emalı sənayesinə sistemli təsir göstərməyə imkan verir. Bu sözləri ukraynalı hərbi ekspert Aleksandr Musienko bildirib. Onun sözlərinə görə, bu həftə Rusiyaya qarşı həyata keçirilən hücumlar nümayiş xarakteri daşıyıb:
“Çünki biz görürük ki, Rusiyanın neft məhsulları təchizatının bütün tərkib hissələri – yəni aviasiya və dizel yanacağının rus qoşunlarına çatdırılması zərbə altındadır. Bundan əlavə, Rusiyanın neft ixracının bütün elementləri də hədəfə alınır”.
Musienko əlavə edib ki, söhbət sahənin əsas elementlərinə sistemli təsirdən gedir:
“Zərbələr neftin ixracı, emalı və nəqli ilə bağlı obyektlərə endirilir. Ukrayna strategiyasının elementlərindən biri də “Markiz” adlı Rusiyanın “kölgə donanmasına” aid gəminin vurulmasıdır. Həmin gəmi məhz neft məhsullarının yüklənməsini gözləyirdi.
İkinci element – demək olar ki, məhv edilmiş neft emalı zavodu və terminaldır. Üçüncü element isə neftin ixracı və emalı üçün daşınmasını təmin edən neft nasos stansiyasıdır. Bunlar bir zəncirin halqalarıdır. Faktiki olaraq Rusiyanın ixrac imkanlarına və ordunun neft məhsulları ilə təminatına təsir edən üç ən vacib element mövcuddur. Bu strategiya həm neft ixracı, həm də ordunun təminatı baxımından onların imkanlarını minimuma endirir”.
O qeyd edib ki, bu taktika işləyir və genişləndiriləcək. Eyni zamanda, Rusiya bundan sonra da Ukraynanın zərbələrinin nəticələrini gizlətməyə çalışacaq. Beləliklə, bu, Rusiya hakimiyyətinin faktiki olaraq öz obyektlərini və hərbi sənayesini qorumaqda aciz olduğunu göstərir.
3-05-2026, 11:19
Status xərcləri:


Status xərcləri:

(İnsanlar niyə borca girib “görünmək” istəyir?)

Son illər sosial şəbəkələrin təsiri ilə insanların “görünmək” arzusu daha da güclənib. Bir çoxları real imkanlarını aşaraq bahalı geyimlərə, telefonlara, tədbirlərə və status simvolu sayılan həyat tərzinə pul xərcləyir. Nəticədə isə bəziləri bu “görünürlük yarışına” qoşulmaq üçün borca girməkdən belə çəkinmirlər.
Mövzuya sosioloq Rəvan Əliyev aydınlıq gətirib. Bildirib ki, bu əslində iqtisadi yox, sosial-psixoloji təzyiqin nəticəsidir: “İnsan düşünür ki, əgər o da digərləri kimi görünməsə, cəmiyyət onu qəbul etməyəcək. Müasir cəmiyyətdə “status göstərmək” meyli əsasən insanların bir-biri ilə müqayisə etmə vərdişindən yaranır. İnsan təbiətən cəmiyyətdə qəbul olunmaq, hörmət qazanmaq istəyir. Lakin bu istək zamanla yanlış istiqamət alaraq maddi göstəricilər üzərindən formalaşır. Bu prosesdə sosial şəbəkələrin rolu xüsusilə böyükdür. Instagram və TikTok kimi platformalarda insanlar həyatlarının yalnız parlaq tərəflərini paylaşır və nəticədə “ideal həyat” illüziyası yaranır. Digər tərəfdən, cəmiyyətin özü də insanları maddi göstəricilərlə qiymətləndirir. Bahalı maşın, ev və geyim çox vaxt insanın xarakterindən və biliyindən daha ön plana çıxarılır. Bütün bunlar birlikdə fərddə belə bir düşüncə yaradır: “Hörmət qazanmaq üçün varlı görünmək lazımdır.”
Sosioloq vurğulayıb ki, insanların borca girərək bahalı həyat tərzi sosial bərabərsizliklə birbaşa bağlıdır:
Cəmiyyətdə imkanlar hamı üçün eyni deyil, lakin hamı eyni standartlara baxır və həmin səviyyədə görünmək istəyir. Maddi imkanı zəif olan insanlar da geri qalmamaq, cəmiyyətdə özlərini təsdiqləmək üçün borca girərək bahalı həyat tərzi qurmağa çalışır. Bu əslində iqtisadi yox, sosial-psixoloji təzyiqin nəticəsidir. İnsan düşünür ki, əgər o da digərləri kimi görünməsə, cəmiyyət onu qəbul etməyəcək. Nəticədə borclanma artır, maliyyə çətinlikləri dərinləşir və insan real həyatından uzaqlaşır. Bu baxımdan sosial bərabərsizlik yalnız gəlir fərqi deyil, həm də insanları süni həyat yaşamağa məcbur edən bir amildir.”
Müsahibimiz bildirib ki, bu tendensiyanın gənclər arasında daha sürətlə yayılmasının əsas səbəbi onların hələ formalaşma mərhələsində olmasıdır:
“Gənclər kimlik axtarışındadır və cəmiyyətin təsirlərinə daha açıqdır. Sosial şəbəkələrdə yayılan sürətli uğur, lüks həyat və “asan qazanc” görüntüləri gənclərdə yanlış təsəvvür yaradır. TikTok və İnstagram üzərindən formalaşan bu təsirlər gəncləri daha çox “görünməyə” yönəldir. Onlar düşünür ki, dəyərli olmaq üçün diqqət çəkməli və seçilməlidirlər. Bu isə çox vaxt maddi göstəricilər üzərindən qurulur. Nəticədə gənclər real inkişafdan çox, görüntüyə üstünlük verir və bu da həm psixoloji, həm də iqtisadi problemlərə səbəb olur.”

Psixoloq Aynur İsgəndərova da mövzu ilə bağlı fikirlərini bildirib. O qeyd edib ki, insanlar olduqları vəziyyətdən daha yaxşısını təqdim etməyə çalışırlar, yəni müəyyən mənada özlərini daha statuslu göstərmək istəyirlər: “Müasir dövrdə elə bir insan az tapılar ki, sosial mediadan istifadə etməsin və ya heç bir sosial profili olmasın. Demək olar ki, hər kəsin müəyyən mənada sosial profilləri var və hər kəs sosial media istifadəçisidir. İnsanlar sosial mediada özlərinin daha yaxşı tərəfini, cəmiyyət vasitəsilə daha yaxşı qəbul olunan və cəmiyyətin qiymətləndirmə meyarlarına uyğun olan paylaşımlar etməyə çalışırlar. Hətta bir çox hallarda insanlar olduqları vəziyyətdən daha yaxşısını təqdim etməyə çalışırlar, yəni müəyyən mənada özlərini daha statuslu göstərmək istəyirlər.”
Psixoloq bildirib ki, əvvəlki dövrlərlə müqayisədə insanların bir-birini şəxsiyyət olaraq dəyərləndirməsində daha çox şəxsi keyfiyyətlər və mənəvi dəyərlər üstün tutulurdusa, indi bu dəyərlər dəyişib: “Xüsusilə bu hal daha çox gənc nəsilə aiddir. Hazırda qiymətləndirmə meyarları daha çox vizual göstəricilərdən ibarətdir. Yəni bahalı əşyalar və bahalı həyat tərzi olan insanlar daha yüksək qiymətləndirilir və bu, başqalarını dəyərləndirmə amillərindən biri kimi görünür. Bu baxımdan insanlar cəmiyyətin sosial qiymətləndirməsi belə olduğu üçün öz statuslarında daha yaxşı geyimlərini, daha yaxşı həyat vəziyyətlərini nümayiş etdirməyə çalışırlar. Statuslarda yalnız yaxşı vəziyyətlərini paylaşırlar və buna ehtiyac duyurlar. Bunun üçün lazım olduğundan daha artıq maliyyə xərcləyirlər və ya daha imkanlı görünmək üçün öz maliyyə vəziyyətlərini nəzərə almadan müəyyən davranışlar sərgiləyirlər. Bunun səbəbi müəyyən mənada psixologiyada izah olunur.”
O, qeyd edib ki, Leon Festinger-in sosial müqayisə nəzəriyyəsinə görə, insanların yuxarı və aşağı müqayisəsi mövcuddur: “İnsanlar özlərini yuxarı səviyyədə olan insanlarla müqayisə etdikdə özlərini daha aşağı hiss edirlər və öz qiymətləndirmələri azalır. Aşağı səviyyədə olan insanlarla müqayisə etdikdə isə müəyyən mənada rahatlıq hiss edirlər. Yəni bu, son dövrlərdə insanların sosial dəyərlərə və sosial qiymətləndirməyə ehtiyac duyması ilə bağlıdır. Əvvəllər daha çox mənəvi dəyərlər əsas hesab olunurdusa, indi maddi dəyərlər ön plana çıxıb. Mənəvi dəyərlər müəyyən mənada öz yerini maddi dəyərlərə verib. Özünü aşağı dəyərləndirən, kompleksləri olan, psixologiyada isə natamamlıq kompleksi kimi izah olunan insanlar kompensator davranış sərgiləməyə başlayır.
Kompensasiya psixoloji müdafiə mexanizmlərindən biridir. İnsanlar özlərində olan və ya olmayan maddi imkan çatışmazlıqlarını və psixoloji boşluqları kompensasiya etmək üçün buna əl atırlar. Yəni daxilən özünü müəyyən məsələlərdə aşağı hiss edən, natamamlıq hissi yaşayan insanlar bunu başqalarına göstərmək istəyirlər. Ümumilikdə insanın əsas istəyi başqalarının onu sevməsi, hörmət görmək və başqalarının gözündə daha yaxşı görünməkdir. Müasir dövrdə isə cəmiyyət maddi dəyərlərə daha çox önəm verdiyi üçün insanlar bu boşluğu maddi göstəricilərlə doldurmağa çalışırlar. Gənclər arasında status xərclərinin artmasının əsas səbəbləri də məhz sosial mühitlə bağlıdır. Bu daha çox gənclərdə müşahidə olunur. Əvvəlki nəsillərdə, məsələn 1950-ci, 1960-cı illərdə dünyaya gələn insanlarda bu kimi problemlər o qədər də ön planda deyildi. O dövrlərdə insanlar özlərini və başqalarını yalnız maddi dəyərlərə görə qiymətləndirmirdilər.
Mənəvi keyfiyyətlərə də ciddi fikir verirdilər. Amma son dövrlərdə gənclərin dəyərləri dəyişib, sosial qiymətləndirmə meyarları dəyişib və bu, onların özünü dəyərləndirmə formasına da təsir edib. Gənclik dövrü sosial şəxsiyyətin formalaşdığı bir dövrdür. Bu mərhələdə gənclər yaşıdları arasında hörmət qazanmaq, qəbul olunmaq və sevilmək ehtiyacını ödəməyə çalışırlar. Bunun üçün də əllərindən gələni edirlər və daha yaxşı tərəflərini göstərməyə çalışırlar. Bir çox ölkədə maliyyə savadlılığı inkişaf edib. Azərbaycanda da maliyyə savadlılığı və büdcə planlaşdırılması məsələləri kiçik yaşlardan etibarən formalaşdırılmalıdır. Bu mövzular məktəb dövründən başlayaraq tədris olunmalı və geniş şəkildə maarifləndirmə aparılmalıdır. Böyüklərdən öyrədilən biliklərin praktikada tətbiqi üçün də şərait yaradılmalıdır.”

Səmayə Səftərova,
Qənirə Şamxal,

BDU Jurnalistika fakültəsinin III kurs tələbələri
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!