Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
28-10-2021, 20:41
"Ey Vətən" - Şəlalə Məhyəddinqızı yazır...

Şəlalə MƏHYƏDDİNQIZI
Azərbaycan radiosunun "Xəbərlər" redaksiyasının redaktoru

AZƏRBAYCAN RADİOSUNUN TALIŞ KƏNDİNDƏN VƏ SUQOVUŞANDAN YAYIMI
Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın müddətdə elə gün, elə bir saat olmadı ki, biz yurd həsrətindən söz açmayaq, o yerləri xatırlamayaq. Mikrofonu kimə sarı tuturduqsa əzəli-əbədi torpaqlarımızın azad olunması arzusunu dilə gətirirdi. Elin hər bir nümayəndəsi, fərqi yoxdur qaçqın, köçkün olsun, beynəlxalq yarışlardan vətənə qayıtsın, yaxud hansısa günün aktual mövzusundan danışsın, yaşının fərqinə varmadan, müxtəlif proqramlarda, ictimai-siyasi mövzularda, ədəbi verilişlərdə xalqın istəyini qabardır, Ali Baş Komandandan əmr gözlədiyini söyləyirdi. Hər çıxışın sonunda ümummilli problemi dilə gətirir, "gün o gün olsun azad olunan yerlərimizdən canlı yayımlanasınız" deyib ana radioya arzularını bildirir və inamla o yerlərə qayıdacağımızı deyirdilər. Artıq səbirləri tükənənlər də vardı. Az qala bəziləri inamını itirməyə başlamış, sanki ümidsizliyə qapanmış, depressiya halını yaşayırdı. Açığını etiraf edim ki, hərdən özümün də içinə təşviş düşür, Qarabağın taleyindən nigaran köçmək, olacaqlardan xəbərsiz ölmək qorxusu canımı üşüdürdü.

Bir dəfə ustad müəllimim, jurnalistikanın elmi simalarından və dəyərli nümayəndələrindən biri olan professor Cahangir Məmmədlidən efir üçün müsahibə alırdım. Söhbətimiz zamanı həmişəki kimi onun qəlbini incidən ən yaralı yeri, doğulduğu Ağdamın Novruzlu kəndini yenə də yada salmalı oldum. İstənilən sahədə jurnalistikanın rolundan həvəslə danışan alim Novruzludan söz düşəndə uşaq kimi kövrəlib, səsi nazilir, qəhər içində sanki bükülüb bir yumağa dönürdü. Birdən sual verdim ki, "o torpaqlara qayıdacağımıza inanırsınızmı"? Elə ürəkdən, bərkdən "bəli, adım kimi əminəm, gün kimi inanıram" dedi və səbəbini əsaslandırdı. Prezidentin çıxışlarından, ölkədə gedən ordu quruculuğundan, Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi yeni nəsil silahlardan, dünyanın güc dövlətlərinin qadir olduğu hərbi sənaye səviyyəsinə çatmaq üçün ölkəmizin əldə etdiyi müxtəlif təyinatlı hərbi sursatların çeşidindən, beynəlxalq tədbirlərdə, sərgilərdə nümayiş olunan məhsullarımızdan, hərbi sənayedə ilbəil qazanılan nailiyyətlərdən və Ali Baş Komandanın xalqa verdiyi vədlərdən söz açdı. Tək məni yox, dinləyiciləri qəti əmin etdi ki, yaxın zamanlarda Azərbyacan Ordusu öz sözünü deyəcək. Jurnalistikada deyilən söz həqiqidir və onu deyən qələmi ilə, sözünün dəyəri ilə həm də özünü, imzasını təsdiqləyir. Cahangir müəllim kimi bir ziyalıdan, söz ustadından bunları eşitmək daxili təlatümə sanki nöqtə qoydu, qəlbimdə bir rahatlıq yaratdı. Müsahibimdən ayrılanda və həmin materialı efirə hazırlayanda qeyri-adi hisslər keçirirdim. Yəni doğrudanmı o gün uzaqda deyildi...

Nəhayət o gün, gözlənilən məqam yetişdi. Azərbaycan Ordusu "Dəmir Yumruğ"unu işə saldı. Düşməni iti qovan kimi torpaqlarımızdan qovdu. İlk qələbə xəbəri yetişən kimi yadıma Cahangir müəllim düşdü.
Qazanılan qələbə sədaları, oğullarımızın dillərə dastan olan qəhrəmanlıqları sayəsində cəbhədəki irəliləyişlərimiz, düşmənin istehkam qurğularının, hərbi texnikasının bir an içində külə döndərilməsi anlarının çəkilişləri, intiqam hissi ilə yaşadığımız uzun illərin gərginliyindən sonra qısa müddət ərzində ardıcıl eşitdiyimiz torpaqların azad edilməsi ilə bağlı xəbərlər həssas insanların qəlbini daha da çırpındırır, sanki ürək möhtəşəm anları yaşamağa Allahdan güc istəyir, köksümüz sevincdən partlayırdı.
Bəli, arzular gerçəyə döndü və Azərbaycan radiosu indi o torpaqlarda da yayımlanır, o yerlərin özündən danışır, vətəni vəsflə tərənnüm edir, həmişəki kimi ədəbi aləmin ən müqəddəs mövzusu olan Ana - Vətən kəlməsini ucalardan təlqin edir.
95 illik yubileyi ərəfəsində ölkə başçısının, Ali Baş Komandan İlham Əliyevin Zəngilandan Azərbaycan radiosunu dinləməsi, bəstəkar Elza İbrahimovanın şair Dəmir Gədəbəylinin sözlərinə bəstələdiyi "Ey Vətən" (Nəğmə dolu bir ürəyəm) mahnısına qulaq asması, musiqi sədaları altında hündürlükdən azadlığa qovuşan torpağı qürurla seyr etməsi, ağappaq bulud topalarının altından görünən göy üzünün aydın səması yurdumuzun səhər çağı əsrarəngiz gözəlliyinin nümayişi idi. Oktyabrın 20-də gündüz saat 12-yə işləmiş Azərbaycan radiosunda vətənpərvərlik nəğmələri səslənirdi. Bir-birindən dəyərli sənət əsərləri, bəstəkar nəğmələri dinləyicilərə təqdim edilir, musiqinin dili ilə yurdumuz vəsf olunurdu. Həmin saatda efirimizə qulaq asanlar arasında Prezidentimiz də vardı və Birinci vitse-prezident Mehriban xanımla, həyat yoldaşı ilə birlikdə radiomuzu dinləyirdilər. Bu, həm də Azərbaycan efirinin taleyinə yazılan maraqlı məqamlardan, tarixi faktlardan biri oldu. Axı danılmaz həqiqətdir ki, müstəqil ölkəmizin ilk radiosunun, ilk informasiya vasitəsinin 95 il ərzində xalqın ana dilinin mükəmməl səviyyəyə yetişməsində, insanların maariflənməsində, ədəbi-bədii yaradıcılığın genişlənməsində, milli musiqinin təbliğində xüsusi xidmətləri olub. Fasiləsiz yayımlanan, rəqəmsal üstünlükləri ilə dünyanın hər yerində eşidilən Azərbaycan radiosunun əməkdaşları vətəni sevənlərdən ürəkdolusu danışır, ziyalısını sevdirməyə çalışır, milli məfkurəmizin saflaşması yoluna işıq tutaraq könüldən-könülə körpülər salır.

Azərbaycan radiosu üçün möhtəşəm hadisələrdən biri də odur ki, əməkdaşlarımız tez-tez işğaldan azad olunan ərazilərə səfər edir, Ağdamdan, Şuşadan, düşmən caynağından qurtulan bölgələrimizin bərpasından danışır.
Növbəti səfərimiz isə Talış kəndinə, Suqovuşana oldu. Bu dəfə isə iki nəfər, Azərbaycan Radiosunun "Xəbərlər" redaksiyanın əməkdaşları kimi şəxsiyyətinə böyük hörmət bəslədiyim, "Bütöv Azərbaycan" arzusu ilə yaşayan, teleradiomuzda öz imzası və dəsti-xətti olan Tamxil Ziyəddinoğlu ilə birlikdə Milli Televiziya və Radio Şurasının təşkilatçılığıyla 26 radiojurnalist arasında Azərbaycan əsgərininin azad etdiyi ərazilərə baş çəkdik.
Gecə yarı saat 3-də Bakıdan üzü Tərtərə sarı yola çıxdıq. Həmkarlarımızla deyilən yerdə, nəzərdə tutulan vaxtda görüşdük. Hərbi postun önündə görüşdüyümüz bələdçi vasitəsi ilə ərazilərə qədəm basdıq. Əvvəlcə Talış kəndinə baş çəkdik. Kənddəki Alban kilsəsində olduq, tarixin yaddaş səhifələrinə müdaxilə etməyə çalışan ermənilərin abidəni xaçlaşdırmaq istəyini gözümüzlə gördük. Abidənin sütunlarına sonradan həkk etmək istədikləri yamaqlar, xaç nişanələri, əməlləri onları gülünc vəziyyətə salmışdır.

Daha sonra Azərbacan Ordusunun strateji üstünlüyə malik olan bu kəndin geri qaytarılması üçün uğurlu əməliyyatlara başladığı istiqamətləri bizə göstərdilər. Kəndin relyefi elədir ki, hündürlükdə olan ermənilər hər tərəfi aydın nəzarətdə saxladıqları üçün buraları geri qaytarmaq igidlərimizə asan başa gəlməyib. Ancaq dəyanətləri ilə düşmənə meydan oxuyan oğulların qanı hesabına, şəhadətləri sayəsində bu yüksəklikləri düşməndan azad eləmək mümkünə çevrilib. Ərazi hələ minalardan tamamilə təmizlənməyib. Ona görə də bələdçinin ardınca şütüyən maşın karvanı işarə qoyulmuş sahələrdən ehtiyatla irəliləyirdi. Jurnalistlərimizin Azərbaycan Prezidentinin üçrəngli bayrağımızı zirvəyə qaldırdığı yerdə şəkil çəkdirməsi, müharibənin dəhşətli görüntülərini, yurd yerlərimizin xarabalığa çevrilmiş görkəmini tarixi dəlil kimi yaddaşlara köçürməsi Vətən müharibəsinin tarixinə işıq salan məqamların aydın əksidir.
Talış kəndindən sonra isə Suqovuşan su anbarında ayaq saxladıq. Radio jurnalistləri ərazidən canlı yayımlar edir, süjetlər hazırlayır, öz efirlərində səfərlə bağlı təəssüratlarını bölüşürdülər.
Azərbaycan radiosunda Talış kəndindən ilk söhbətimiz Televiziya və Radio şurasının əməkdaşı, səfərin təşkilatçısı Fikrət Xudatzadə ilə oldu. Söhbət əsnasında işğaldan azad edilən bölgələrdə yayımlanan teleradioların fəaliyyətinə toxunuldu.
[center]
Daha sonra isə Suqovuşanda gedən tikinti quruculuq işlərində çalışan işçilərin söhbətlərini eşitmək istəyilə onlara yaxınlaşdım və bir-bir onları Azərbaycan radiosunun dinləyicilərinə tanıtdım. Müsahiblərim gördükləri işdən həvəslə danışır, bərpa prosesinə qatıldıqları üçün özlərini xoşbəxt sayır, bu yerlərə həyatın qayıdışı üçün əllərindən gələni əsirgəmirdilər. Sanki sarı rəngdə xüsusi geyimli bu insanlar tikanların arasında bitən çiçəklərə bənzəyirdi. Viranə qoyulmuş yurda yeni can gətirən və təbiətin görkəmini qaytarmağa çalışan vətən övladları ilə görüşümüz, təəssüratlarımız yadda qalan oldu.

Sonda isə Suqovuşanda düşmənin hərbi qulluqçularının məskən saldıqları binalarda olduq. Azərbaycan əsgərinin dərmədeşik, gülləbaran etdiyi yerlərə baxdıq. Dağıdılmış, güllələnmiş erməni maşınları qalaq-qalaq yığılmış, üstündən bir il keçməsinə baxmayaraq, hər şey olduğu kimi qalmışdı. Elə bil müharibə dünən olmuşdu. Binadakı bütün əşyalar yerə səpələnmişdi. Ayağımız altındakı əşyalardan məlum olurdu ki, onlar özləri üçün burda gözəl həyat qurmağa çalışmışdılar. Bahalı əşyalar almış, zəngin ev-eşik düzəltmişdilər. Ancaq Azərbaycan əsgəri qənimləri oldu və bir gün "bizim diyarda nə işiniz var" deyib haqq-hesab sordu. Bu məqamda Azərbaycan Prezidentinin "əgər erməni əsgəri ölmək istəmirsə, rədd olsun Azərbaycan torpaqlarından!" sözlərini xatırladım. Hər əşya nəyisə xatırladırdı. Qalın bir qeyd kitabını ayağımla vərəqlədim. Özgə torpağında lövbər salan, rahatlıq axtaran bir hərbçinin mənfur niyyəti onun qələminin mürəkkəbində belə aydın sezilirdi. İkrah hissi ilə baxdığım geyimlər arasında təzə uşaq gödəkçəsi isə məni xəyalən Xocalıya qaytardı. Qar üstündə işgəncəli meyiti qalan Azərbaycan balası... Ehhh, erməni yarası ürəyimizdə o qədər dərindir ki, hələ də intiqam hissi ilə yaşayırıq. Səfərimiz yekunlaşır və geri qayıdırıq. Yol boyu qarşımıza yüzlərlə yol işçisi çıxır, müxtəlif istiqamətlərdə yol çəkdiklərinin şahidi oluruq. Həmin yollarla bərpa olunmuş, yeni həyat qurulmuş əraziyə yenidən qayıtmaq arzusu ilə üzü Bakıya gəlirik.

P.S.Əziz oxucular, Suqovuşandan, Talış kəndindən, erməni faşistlərinin sinəsinə çalın-çarpaz dağ çəkdiyi sıra dağlarımızdan reportaj verən Şəlalə Məhyəddinqızının şəklini həmkarları çəkib. Amma Qarabağımıza doğan günəşi və o İstiqlal Günəşinə doğru yürüyən əsgərlərimizin qoyduğu Zəfər izini Şəlalə xanımın özü lentə alıb.
Butov.az
28-10-2021, 18:28
Ölkədə bu gün peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 49 294 vaksin vurulub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 35 859, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 435 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 518 912, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 154 936, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 363 976 təşkil edir.

Bütöv.az
28-10-2021, 17:41
Prezidentin Qarabağ və Şərqi Zəngəzur layihəsi: Regionun gələcəyi həssaslıqla inşa edilir – TƏHLİL

44 günlük müharibə zamanı Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə işğala son qoydu, regionu separatizmdən təmizlədi, terrorçulara layiq olduqları cəzanı verdi. Beləliklə, dövlətimiz tərəfindən keyfiyyətcə yeni mərhələnin, yeni reallıqlar kontekstində sürətli inkişaf və quruculuq dövrünün təməli atıldı.

Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən siyasət, uzun illər ərzində atılmış strateji addımlar qələbəmizi şərtləndirməklə bərabər post-konflikt dövründə Azərbaycanın zəruri həmlələri yerinə yetirə bilməsi üçün dövlətimizin iqtisadi qüdrətini də artırdı.

Odur ki, bu gün bütün dünyanın gözü qarşısında Azərbaycan dövlətinin ortaya qoyduğu qüdrəti, Qarabağda ildırımsürətli bərpa və quruculuq işlərinin təməli hələ müharibədən uzun illər əvvəl böyük məharətlə konsepsiya şəklinə salınmış siyasi xəttin təzahürü olaraq qarşımıza çıxdı.

Ancaq bütün bunlar təsadüf deyil. Çünki Azərbaycan ordusunun döyüş meydanındakı şanlı qələbəsinin də, regionumuzdakı yeni reallıqların da müəllifi eynidir: Ali Baş Komandan İlham Əliyev və onun liderlik keyfiyyətləri, sərkərdəlik fəaliyyəti, diplomatik məharəti, dəqiq hesablanmış strateji və taktiki qərarları.

Müharibənin başa çatması ilə birlikdə Azərbaycan dövlətinin qarşısında dayanan prioritet məsələlərdə də dəyişiklik oldu. Bir vaxtlar bir nömrəli hədəf ərazi bütövlüyümüzün bərpası idisə, hazırda bu məqsədə nail olan Azərbaycan dövləti bütün diqqətini Qarabağ və Şərqi Zəngəzurun sürətlə dirçəlməsinə yönəldib. Üstəlik bu addımlar yalnız cari şəraitə uyğun yox, gələcək planlar nəzərə alınmaqla yerinə yetirilir.

Haqlı olaraq deyə bilərik ki, Azərbaycan Prezidenti İlham Əliyevin öndərliyi ilə Qarabağ və Şərqi Zəngəzurun bütöv Azərbaycanla birgə gələcəyi sağlam əsaslar üzərində qurulur. İlham Əliyevin son səfərlərinə diqqət yetirsək görərik ki, son bir ay ərzində işğaldan azad edilmiş ərazilərə (Tərtərin Suqovuşan və Talış kəndləri, Cəbrayıl, Xocavənd, Füzuli, Zəngilan, Qubadlı) səkkiz səfər edib. Bundan başqa, Vətən müharibəsi dövründə ciddi dağıntılara məruz qalmış Bərdə və Tərtərin müxtəlif yaşayış məntəqələrində olub. Buna səbəb isə İlham Əliyevin memarı olduğu Qarabağ və Şərqi Zəngəzurun yeni mənzərəsinin formalaşması prosesinə şəxsən nəzarət etməsidir.

Müharibədən sonrakı dövrdə qısa zaman ərzində ölkəmizin imkanları hesabına, dost ölkələrin nüfuzlu şirkətlərini cəlb etməklə bir beynəlxalq hava limanının tikilib istifadəyə verilməsi, yaxın perspektivdə daha iki hava limanının tikintisinin nəzərdə tutulması, işğaldan azad olunmuş əraziləri bir-birinə bağlayan müasir yol-nəqliyyat infrastrukturunun yaradılması, Azərbaycanın əsas hissəsini Naxçıvan və daha sonra qardaş Türkiyə ilə bağlayacaq Zəngəzur dəhlizinin əsasının qoyulması və son nəticədə bölgənin beynəlxalq logistika mərkəzinə çevrilməsi potensialının yaradılması, habelə enerji təminatı məsələlərinin həll edilməsi, ən qabaqcıl texnologiyalar əsasında yaşayış məskənlərinin və istehsal obyektlərinin yaradılması istiqamətində görülən işlər İlham Əliyevin formalaşdırdığı yeni reallığın konturlarını aydın göstərir.

Bu reallığın müəllifi olan Prezident İlham Əliyevin post-konflikt dövründə əsas məqsədi işğaldan azad olunmuş əraziləri ən müasir standartlara uyğun bərpa etməklə yanaşı, yaranmış geniş imkanları həm də Azərbaycanın regionda yeni strateji maraqlarının təmin edilməsi üçün səfərbər etməkdir.

İşğal illərində törədilmiş vəhşilikləri, dağıntıları aradan qaldırmaq üçün görülən işlər sözügedən regiona qısa vaxt ərzində dinc həyatın qayıtması, regionun iqtisadi potensialının formalaşdırılmasına xidmət edir. Qarabağın və Şərqi Zəngəzurun yeni yaranan mənzərəsi təkcə quruculuq işləri ilə kifayətlənmir, həm də sonradan regionun özünün inkişaf zəncirinin ən mühüm həlqələrindən birinə çevrilməsini ehtiva edir.

Sözsüz ki, bu prosesdə ən mühüm məqamlardan biri dövlət başçısının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə əsasını qoyduğu Zəngəzur dəhlizidir. İstər bu dəhliz, istərsə də Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilməsi planlaşdırılan digər nəqliyyat və kommunikasiya layihələri yekun nəticədə bu gün demək olar ki, sıfırdan qurulan bölgənin gələcəkdə bütün Cənubi Qafqazda tərəqqi və inkişafın lokomotivinə çevrilməsini hədəfləyir.

Göründüyü kimi İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti bu gün işğaldan azad olunmuş ərazilərdə, əslində bütün regionumuzun parlaq gələcəyini çox həssaslıqla inşa edir. Bu işdə dövlət başçısı hər zaman olduğu kimi Azərbaycan dövlətinin maraqlarını və doğma xalqının rifahını özünə rəhbər tutur.

Görülən işlər eyni zamanda Azərbaycanın beynəlxalq miqyasda nüfuzuna da müsbət mənada təsir göstərir. Çünki təcavüzkar Ermənistanın fəaliyyətinin nəticəsi olan xarabalıqlar, yerlə-yeksan edilmiş yaşayış məntəqələri yenidən yaradılır, Azərbaycan dövləti beynəlxalq arenada məhz regionun tərəqqisinin bayraqdarı funksiyasını yerinə yetirən bir dövlət kimi tanınmağa başlayır.

Prezidentin müəllifi olduğu yeni reallıqlar və Qarabağla Şərqi Zəngəzurda ortaya çıxan son mənzərə Azərbaycanın uğurlu inkişaf modelini bütün ölkələr üçün nümunəyə çevirir. Bütün dünya bir daha görür ki, uzaqgörən siyasət, vaxtında atılmış strateji vacib addımlar, ən əsası xalqın və dövlətin maraqlarını hər şeydən üstün tutan bir anlayış yekunda bütün cəbhələrdə qələbə qazanır. Elə bir qələbə ki, sonradan sürətli inkişafın və tərəqqinin təməlinə çevrilir.

Bütöv.az
28-10-2021, 17:29
Şəhid polkovnikin adından istifadə edərək insanları aldadan yeniyetmə tutuldu - FOTO - VİDEO

Vətən müharibəsi şəhidi polkovnik Babək Səmidlinin adından “Instagram” sosial şəbəkəsində saxta hesab açıb insanların etibarından sui-istifadə edərək pul yığılması ilə bağlı Daxili İşlər Nazirliyinə edilən çoxsaylı müraciətlər əsasında araşdırmalara başlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bununla əlaqədar həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində müəyyən edilib ki, həmin səhifə Bərdə rayon sakini, yetkinlik yaşına çatmadığına görə şərti adı Amal Şirinzadə olan şəxs tərəfindən yaradılıb. Saxlanılaraq baş idarəyə gətirilən həmin şəxs “Instagram” sosial şəbəkəsində “sehid_polkovnik_babek_semidli” adlı səhifə yaratdığını etiraf edib.

Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxs səhifədə şəhidlərin adına ehsan veriləcəyi ilə bağlı elan yerləşdirərək izləyicilərdən pul toplayıb. Amal Şirinzadə yardım məqsədi ilə ona müraciət edən sosial şəbəkə istifadəçilərinə bank kartı göndərərək pulun ora köçürülməsini tələb edib. Daha sonra o, pulları kartdan çıxararaq nağdlaşdırıb və şəxsi istifadəsi üçün xərcləyib. Amal Şirinzadənin yaşadığı mənzilə baxış keçirilən zamanı iş üzrə əhəmiyyət kəsb edən elektron məlumatlar, istifadəsində olan mobil telefon, həmçinin digər məlumat daşıyıcıları aşkar olunaraq götürülüb.

Qeyd olunan faktın tam, hərtərəfli araşdırılması istiqamətində araşdırmalar davam etdirilir.





Bütöv.az
28-10-2021, 17:12
Məleykə Abbaszadə özəl kursları tənqid etdi

“Bu gün kifayət qədər kurslar sınaq imtahanları aparırlar. Amma biz o imtahanların nəticələrinə cavabdeh deyilik”.

Bütöv.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O qeyd edib ki, kursların təşkil etdiyi imtahanların nəticələri real biliyi əks etdirmir:
“DİM tərəfindən açıq sualları imtahanlara təklif edirik, onun nəticələrini də ekspertlərimiz təhlil edir. Amma özəl kursların verdiyi nəticələr qəbul imtahanında təsdiqlənmir”.

O qeyd edib ki, kağız daşıyıcılar üzərində olan sınaq imtahanlarında şagirdlər öz bilikləri ilə yanaşı, real vaxt rejimində nə etmək lazım olduğu vərdişlərini əldə edirlər:
28-10-2021, 16:56
Avtoriteti öldürən idmançı necə azadlığa çıxdı?

Şamaxıda Avropa çempionu olmuş, daha sonra kriminal avtoritet kimi ad qazanan Ruslan Surxayevi qətlə yetirməkdə təqsirləndirilən idman müəllimi Orxan Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb

“Grapplin və MMA” döyüş növü üzrə fərdi müəllim kimi fəaliyyət göstərən Orxan Hacıyevin “Ruslan Şamaxılı” kimi tanınan Ruslan Surxayevi hansı səbəbdən öldürdüyü hələ bir çoxları üçün qaranlıq qalıb.

Bu iş üzrə istintaq sənədlərini əldə edib və hadisənin törədilməsi səbəblərini oxuculara təqdim edirik.

İttihama görə, hadisə 2020-ci il fevralın 1-də Şamaxı şəhərində yerləşən “Yeddi Günbəz” qəbiristanlığında qeydə alınıb.
Şamaxı şəhər sakini, 1991-ci il təvəllüdlü Orxan Hacıyev aralarında yaranmış mübahisə zəminində mətbəx bıçağı ilə həmyerlisi, 1995-ci il təvəllüdlü Ruslan Surxayevi bıçaqlayıb. Beş bıçaq xəsarəti almış Ruslan Surxayev orada ölüb.

Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, O.Hacıyev şübhəli şəxs qismində saxlanılıb.

Məhkəmədə danışan Orxan Hacıyev verilən ittihamla özünü qismən təqsirli bilib.

O bildirib ki, 2020-ci il yanvar ayının ortalarında Ruslan ona zəng edib:

“Həmin vaxta qədər Ruslanın nömrəsini bilmirdim. Özü ilə də şəxsi tanışlığım yox idi, sadəcə adını eşitmişdim. Mənə telefonda “Orxan necəsən” deyə soruşdu, mən də yaxşı olduğunu bildirdim. O güləşçi olduğunu, mənimlə görüşmək istədiyini dedi. Univermağın yanına çağırdı. Mən də deyilən ünvana getdim. Həmin yerdə Ruslan mənim də tanıdığım Fərhad adlı şəxslə idi. Onlara yaxınlaşdım. Ruslan bir yerdə oturub söhbət etmək istədiyini dedi. Mənim də əvvəlcədən Fərhadla qız söhbətim olmuşdu. Mənim istədiyim qızı Fərhad da istəyib. Bu səbəbdən aramızda söz-söhbət olub. Ruslan və Fərhadla birlikdə “Qədim Şamaxı» çay evinə getdik. Orada Ruslan mənə düz hərəkət eləmədiyimi, gücümə güvənib qızı Fərhadın əlindən aldığımı bildirdi. Mən də Ruslana Fərhadın söhbəti düz danışmadığını sübut etdim. Ruslan da söhbətin bağladığını elan etdi və Fərhada bir də o qızın yaxınlığına getməyi qadağan etdi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, təxminən bir həftə və ya on gün sonra Fərhad ona mesaj yazaraq əsgərliyə getdiyini bildirib və “Qədim Şamaxı» çay evinə gəlib çay içməyi təklif edib:

“Mən Fərhada işim olduğunu, həmçinin dərsə tələsdiyimi dedim. Lakin bildirdim ki, gec də olsa gəlib dəyəcəyəm. Fərhad mənə qrup yoldaşlarının da orada olduğunu və yeyib-içdiklərini söylədi. Bir neçə saatdan sonra həmin çay evinə gəldim. Fərhad məni qarşıladı. Bu vaxt Ruslan çölə çıxıb salamsız-kəlamsız mənə “bura gəl Orxan, səninlə işim var” dedi. Həmin vaxt dalağım sancdı və yenə də nəsə baş verdiyini fikirləşdim. Otaqda Ruslandan əlavə üç nəfərin də olduğunu gördüm, həmin şəxsləri tanımadım. Ruslan mənə “bu nə hərəkətdir, bilirsən ki, bu oğlan da həmin qızı istəyir, durub ona acıq edirsən, qızla əl-ələ yapışıb gəzirsən” sözlərini dedi. Mən Ruslana burada tanımadığım şəxslərin olduğunu dedim və çölə çıxmağı təklif etdim. Ruslan bakaldakı viskisini içib və “gəl dalımca” dedi. Ruslanla avtomobilə mindik. Bu vaxt Fərhad və digərləri də gəlib maşına oturdu. Həmin vaxt Ruslan jarqon ifadələrlə danışmağa başladı, mənə “qaqaş, deyəsən sən bizi başa düşmədin”, “biz qardaşımızı yemə buraxmarıq” sözlərini dedi. Ruslan yolda qəbiristanlığa getməyi təklif etdi, mən isə, qəbiristanlıqda nə işimizin olduğunu soruşdum. Ruslan “sən idman müəllimi deyilsən, mən səninlə döyüşmək istəyirəm” sözlərini dedi. Mən isə döşəkdə döyüşdüyümü bildirdim. Ruslan maşını taxıllıq deyilən yerdə saxladı. Aşağı düşdük. Ruslan məni qırağa çəkdi. Üstümə bıçaq çıxardaraq “mən sənə görə qardaşımı fuflo çıxarmışam, mən sənə görə qardaşımı obijat eləmişəm” sözlərini dedi. Sözünü bitirən kimi məni yerə yıxaraq üzümə yumruqla zərbələr vurdu. Sonra bıçağı çıxarıb boğazıma dirədi. Ruslan iki yüz manat pul lazım olduğunu deyərək həmin pulu məndən tələb etdi. Mən də pulumun olmadığını ona çatdırdım. Sonra Ruslan “sən müəllim deyilsən?” deyib iki dəfə məni vurdu və alnım şişdi. Ruslan bıçağı boğazıma dirəyib şram qoyacağını söylədi, buna görə mən pulu verəcəyimə razı oldum. Sabah axşama qədər pulu çatdırmağı tapşırdı. Dost-tanışdan yalvar-yaxar 200 manatı tapıb verdim. Ruslan söhbətin bağlandığını dedi”.
Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərib ki, bunun üstündən bir-iki gün keçmiş Ruslan zəng edib qardaşlarına pul lazım olduğunu deyib:

“Məndən 100 manat pul istədi. Ayın axırı olduğu üçün pulumun olmadığını bildirdim. O isə üstü güllü mətbəx bıçağını göstərib “həmin hərəkət təkrarlanmasın” sözlərini dedi. Bibim oğlu Əli Məmmədovdan 100 manat alıb Ruslana verdim. Yenə də məndən əl çəkmədilər. Telefonuma zəng vururdular açmırdım. Bir gün tanışım Məsimin nömrəsi ilə zəng gəldi. Telefonu açanda Ruslan dedi ki, mənimlə işi var. Həmin vaxt evdə uzanıqlı olduğumu dedim. Ruslan evimizin yanında olduğunu, mənimlə 5 dəqiqə söhbət edəcəyini dedi. Ev paltarımla çölə çıxdım. Çölə çıxmamışdan qabaq evdən bıçaq götürmüşdüm. Çünki Ruslanın yenə mənə hədə-qorxu gələcəyini düşünürdüm. Çölə çıxanda Ruslan maşında oturmağımı təklif etdi. Ona evdəkilərin narahat olacağını bildirərək, nə söhbəti varsa, elə evin qarşısında eləməyi təklif etdim. Lakin məni avtomobillə mindirdilər. Ruslanın yanında Məsim də var idi. Yolda Ruslan “sən Məsimi necə oğlan kimi tanıyırsan” deyə soruşdu. Mən isə “Şükür Allaha, məhəllə uşağımdır, yaxşı oğlandır” cavabını verdim. Sonra Ruslan “məni necə oğlan kimi tanıyırsan” sualını verdi. Duruxdum, bu zaman Ruslan çönüb mənə şillə vurdu. Ruslan sabaha təcili pul lazım olduğunu bildirdi. Mən pul tapa bilməyəcəyimi bildirdim. Ruslan məni başa salacağını deyərək, qəbiristanlığa apardı. Ruslana qorxduğumu və buna ehtiyac olmadığını söyləsəm də, Ruslan qəbiristanlığa gizlənpaç oynamağa getdiklərini bildirdi. Ruslan maşını sürərək bizi “Yeddi Günbəz” qəbiristanlığına gətirdi. Mən yolda and-aman edərək Ruslandan evə qayıtmağı xahiş etdim. Bu vaxt qardaşım da zəng edirdi, ona tezliklə evə gələcəyimi bildirdim. Qəbiristanlığa çatanda Ruslan məni maşından düşürdü. İki yumruq vuraraq məni yerə yıxdı. Daha sonra Ruslanın telefonuna kimsə zəng elədi. Sonra Ruslan danışdığı şəxsə “gör səninlə kim danışmaq istəyir” deyib telefonu mənim qulağıma qoydu. Sonra dəstəyi götürüb telefondakına MMA müəllimi Orxan olduğunu dedi. Ruslan telefonu yenidən mənə verib “denən Nurlan bizim böyük qardaşımızdır” sözlərini deməyimi istədi. Mən də bir neçə dəfə bunu təkrarladım. Sonra “Ruslan da bizim böyük qardaşımızdır” sözlərini deməyə məni məcbur elədi. Mən maşına tərəf gedəndə Ruslan məni təpiklə vurdu və maşına mindirdi. Bu vaxt həmin yerə başqa maşın gəldi. Maşından Nurlan, Yadigar və Elmar adlı uşaqlar düşdü. Həmin şəxslər Ruslandan maşında kimin olduğunu soruşdu. Bu vaxt Ruslan “Orxandır da, sizin MMA müəllimi” sözlərini dedi. Bu vaxt Yadigar “onu düşürdün görüm” sözlərini bildirdi.

Bu vaxt Yadigar mənə yaxınlaşıb “a, sən Orxan deyilsən, MMA müəllimi, sən bizim böyük qardaşımıza qarşı nə çaşa bilərsən” sözlərini deyib iki şillə vurdu. Bu vaxt Ruslan da yaxınlaşıb əlinin içi ilə iki dəfə alnımın ortasından vurdu və mənə “başa düşdün sən” sözlərini dedi. Yadigar mənə “Orxan, biz səni yaxşı tanıyırıq, sən belə oğlan deyilsən” sözlərini bildirdi. Həmin vaxt Ruslan “Yadigarın vurduğu kəllədən kim ayılıb ki, Orxan da ayıla” sözlərini işlətdi. Anidən Yadigar kəllə vurdu, mən həmin vaxt diz qapaqlarının yerə dəydiyini hiss elədim. Mən yerə yıxılandan sonra Ruslan da yerdə məni təpikləməyə başladı. Digərləri də üstümə düşürək məni vurmağa başladılar. Hesab etdim ki, artıq axırımdır və burdan sağ çıxmayacağam. Birdən gözümə xırda ulduzlar göründü və qulağıma uğultulu səslər gəldi. Bundan sonra aldığım zərbələrin təsirindən nə baş verdiyini xatırlamadım. Özümə gələndə “Niva” maşınının yanında olduğumu gördüm. Kimsə “ay Orxan, ay Orxan» dedi. Çönüb baxanda Nurlan mənə Ruslanı öldürdüyüm bildirdi. Mən belimə qoyduğum bıçağı necə çıxardığımı, Ruslanı necə vurduğumu bilmədim. Nurlana maşını polis şöbəsinə sürməsinə xahiş etdim. Mən şöbəyə girərək Ruslanı vurduğumu, lakin ölüb-olmədiyini bilmədiyimi dedim. Sonrada polislərdən soruşanda Ruslanın öldüyünü eşitdim”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Orxan Hacıyev barəsində Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi 122-ci (güclü ruhi həyəcan vəziyyətində adam öldürməyə görə) maddəsinə tövsif edilib və o, 2 il müddətinə azadlıqdan məhrum edilib.

Bu hökmdən prokurorluq apelyasiya protesti və O.Hacıyev apelyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi işə baxaraq O. Hacıyevin əməlini 123.1-ci maddəyə (zəruri müdafiə həddini aşmaqla adam öldürmə) tövsif edərək onun 2 il cəza müddətini 1 il 6 aya salıb. İstintaq və məhkəmə dövründə O. Hacıyev bu cəzası çəkdiyindən məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Ruslan Surxayev sərbəst güləş üzrə əvvəl millimizin üzvü olub. O yeniyetmələr arasında 50 kq çəki dərəcəsində Avropa çempionu və dünya çempionatının gümüş medalçısı olub. (Lent.az)

Bütöv.az
28-10-2021, 12:04
Ən ağır çəkili boksçumuz dünya çempionatında mübarizəyə qoşulur

Serbiyanın paytaxtı Belqradda keçirilən boks üzrə dünya çempionatında bu gün bir idmançımız mübarizəyə qoşulacaq.

Bütöv.az-ın xəbərinə görə, bu, ən ağır çəkili boksçumuz Məhəmməd Abdullayevdir.
+92 kq
1/16 final
Məhəmməd Abdullayev – Yonas Yazeviçius (Litva)

Qeyd edək ki, dünən boksçumuz Loren Alfonso AIBA bayrağı altında çıxış edən Tavfikulla Süleymani ilə qüvvəsini sınayıb. 86 kq çəki dərəcəsində baş tutan görüş Avropa Oyunlarının qalibi olan idmançımızın asan qələbəsi ilə yekunlaşıb. Tokio 2020-nin də mükafatçısı olan Kuba əsilli idmançımız rəqibini 5:0 hesabı ilə məğlub edərək, 1/8 finala yüksəlib. O, oktyabrın 31-nə təsadüf edəcək növbəti döyüşündə rumıniyalı Pol Aradoae ilə döyüşəcək.

Tayfur Əliyev (-60 kq) 1/32 final mərhələsi çərçivəsində Şarles Peti-Hommla (Haiti) üz-üzə gəlib. Döyüşü üstün keçirən boksçumuz dünya çempionatına qələbə ilə başlayıb – 5:0. O, ikinci qarşılaşmasında ilk mərhələdən azad olan italiyalı Simone Spada ilə münasibətinə aydınlıq gətirəcək. Görüş sabah olacaq.
28-10-2021, 11:59
İlham Əliyev Qırğız Respublikasının səfirini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Qırğız Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyevin etimadnaməsini qəbul edib.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.



Bütöv.az
28-10-2021, 11:32
Şəhid Elməddin Ələddin oğlu Məmmədli-YADDAŞ

Bir neçə gün öncə düşmən qarşısında inamla,qorxmadan döyüşən,Vətənimizi qoruyarkən şəhid olan igidlərimizdən birinin şəhadətə ucalmasının ildönümünü qeyd etdik.

Vətən sağ olsun! Daha bir gənc torpağımız,müstəqilliyimiz,uğrunda gözünü qırpmadan canını fəda etmişdi.İstəyirəm,həmin gənc haqqında danışam...
Şəhid Məmmədli Elməddin Ələddin oğlu.26aprel 1995-ci ildə Lənkəran rayon Göyşaban kəndində dünyaya gəlmişdir.2001-ci ildə M.F.Səhban adına Göyşaban kənd tam orta məktəbin 1-ci sinfinə qəbul olmuş, 2012-ci ildə 11-ci sinfi bitirmişdir.Eyni zamanda Lənkəranda mədrəsədə ilahiyyat üzrə də təhsil almış,”Zirvə” idman klubunda ağır atletika ilə məşğul olmuşdur .2013-cü ilin aprelindən 2014 –cü ilin oktyabrına kimi Milli ordunun tərkibində hərbi xidmət borcunu yerinə yetirmişdir.
Valideynlərinin dediyinə görə hərbi xidmətdən qayıtdıqdan sonra ailəsinə dəstək üçün bacardığı bütün işlərdə çalışmış,kiçik qardaşlarının təhsilini davam etdirmələri üçün onlara hər zaman maddi-mənəvi dəstək olmuşdur.
2018-ci ildə Azərbaycan Respublikası Dövlət Dəniz Adminstrasiyasının növbə motorçusu təhsilini almışdır.
Kənd sakinləri Elməddini tərbiyəli,sakit,böyük-kiçik yeri bilən ,yardımsevər bir insan kimi xatırlayırlar.Elməddin həm də dinə bağlı gənc olmuşdur.Quranı səlis,gözəl avazla oxuyub,kənd məscidində təmənnasız xidmət göstərmişdir.
İkinci Qarabağ müharibəsinin başlanması ilə əlaqədar 2020-ci il sentyabrın 28-də könüllü olaraq vətənin müdafiəsi üçün cəbhəyə yollanmışdır.İlk olaraq Ağcabədidə təlimlə başlayan döyüş yolu Qubadlıdan ,Zəngilandan keçib.24 oktyabrda Qubadlı uğrunda gedən döyüşlərdə şəhadət şərbətini içmişdir.Oktyabrın 26-da Göyşaban kənd qəbristanlığında torpağa tapşırılmışdır.
Şəhid Məmmədli Elməddin Ələddin oğlu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunması” , “Vətən müharibəsinin iştirakçısı” medalı ilə təltif olunmuşdur.
Şəhidlik elə bir zirvədir ki,o yalnız layiq olana qismət olur.Biz bütün xalqımız adından şəhidlərimizlə fəxr edirik. Nə qədər ki canını Vətən uğrunda əsirgəməyən igidlərimiz var Azərbaycan daima yaşayacaq,ucalacaq və qalib gələcək !

Fidan Aslanova



Bütöv.az
28-10-2021, 10:34
Dünya bazarında neft qiymətləri necə dəyişib?

Dünya bazarında neft qiymətləri azalıb.

WTI markalı neftin dekabr fyuçersləri 1,71 % ucuzlaşaraq, bir bareli 81,25 ABŞ dolları təşkil edib.

“Brent” markalı neftin dekabr fyuçersləri 1,77 % ucuzlaşaraq, bir bareli 83,08 ABŞ dolları olub.

Mənbə: “Bloomberg”

Bütöv.az
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!