Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 30 157 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 908, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 659, buster doza üzrə vaksinasiya olunanların sayı isə 23 590 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 286 004, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 163 947, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 669 820, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 452 237 təşkil edir.
Dekabrın 28-i saat 15 radələrində Saatlı rayonu Qırağlı kənd sakini 1961-ci il təvəllüdlü Abdulrəhman Əliyevə bıçaqla xəsarət yetirilməsi və almış olduğu xəsarət nəticəsində həmin gün saat 17 radələrində xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Saatlı Rayon Prokurorluğunda aparılan araşdırmalarla zərərçəkmişin qardaşı 1968-ci il təvəllüdlü Arif Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Abdulrəhman Əliyevin sağ kürək nahiyəsindən bıçaqla xəsarət yetirməsinə, həmçinin həmin vaxt onları ayırmağa cəhd edən sonuncunun arvadı Arzu Əliyevanın sağ bilək nahiyəsinə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Saatlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Arif Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Futzal üzrə milli komandaların 2021-ci il üçün yekun reytinq cədvəli açıqlanıb.
Bütöv.az xəbər verir ki, UEFA-nın açıqladığı Avropa komandalarının sıralamasında Azərbaycan yığması ili 7-ci pillədə başa vurub.
Joza Alesio da Silvanın yetirmələrinin hesabında 2015 xal var. Millimiz ötən illə müqayisədə bir pillə geriləyib.
Avropa yığmaları arasında reytinqə İspaniya (2493 xal) başçılıq edir. Rusiya ilə Portuqaliya bir il ərzində yerlərini dəyişib. Şimal qonşularımız 2464 xalla ikinci, portuqaliyalılar isə 2450 xalla üçüncü sırada qərarlaşıb. Azərbaycandan reytinqdə üstdə olan digər 3 komanda Qazaxıstan, Xorvatiya və Serbiyadır. İtaliya, Çexiya və Ukrayna ilk “10-luğ”u tamamlayır.
Qeyd edək ki, Ermənistan millisi 52 ölkənin yer aldığı reytinqdə 33-cüdür.
Koronavirusun bir neçə variantına yoluxandan sonra qrupa xas immunitetin formalaşması “Omikron” ştammından qoruya bilər.
Bütöv.az xəbər verir ki, bu barədə rusiyalı virusoloqlar Aleksandr Butenko və Pyotr Çumakov bildiriblər. “Virusun müxtəlif genotiplərinin birləşməsi insanlarda qrupa xas kütləvi immunitetin formalaşmasına səbəb olur. Söhbət müxtəlif genotiplərdən qorunmanı təmin edə bilməkdən gedir”, - deyə Butenko qeyd edib.
O izah edib ki, koronavirusun müxtəlif variantları ilə çoxsaylı təmas nəticəsində formalaşan immunitet peyvəndlərlə birlikdə COVID-19-a qarşı kollektiv müdafiəni təmin edəcək.
Çumakovun sözlərinə görə, “Omikron” ştammı mutasiyalar nəticəsində S-zülalını əhəmiyyətli dərəcədə dəyişib ki, bu da onun peyvənddən sonra əmələ gələn anticisimlərdən yan keçmək şansını artırır.
“Ancaq S-zülalından başqa viruslarda bir sıra başqa antigenlər var və insan xəstələnəndə bütün bu antigenlərə qarşı anticismlər əmələ gəlir. Ona görə də “Omikron”la qarşılaşanda o, artıq qorunur, çünki digər antigenlər işləməyə başlayır. Bu, qrupa xas immunitetdir. Və o, koronavirusda mövcud olan bütün antigenlər qrupuna aiddir”, - deyə Çumakov izah edib.
Balakəndə əkinə yararlı və kənd təsərrüfatı təyinatlı torpaqların məhv edilməsi ilə bağlı redaksiyamıza videogörüntülər təqdim edilib.
Videogörüntülərdə rayonun Hənifə kəndi ərazisinə məxsus əkin sahələrinin Kərpic zavodunun tullantıları ilə məhv edildiyi əks olunub.
Bütöv.az xəbər verir ki, Bizim.Media-ya bu barədə müraciət edən şikayətçilərin iddiasına görə sözügedən əkin sahələri Milli Məclisin deputatı Nəsib Məhəməliyevin qardaşı Yusif Məhəməliyev tərəfindən zəbt edilib.
Onlara məxsus Kərpic zavodu 2019-cu ildən istifadəyə veriləndən əkinə yararlı torpaqlar ekoloji terrora məruz qalaraq məhv edilir. Belə ki, kərpic istehsalı ücün həmin ərazidən torpaq götürülərək yerinə zavodun tullantıları doldurulur. Üstəlik ərazidə aparılan işlər dövlətə hec bir rüsüm ödənilmədən, qanunsuz olaraq həyata keçirilir.
Şikayətçi qeyd edib ki, sözügedən ərazi həm çirkləndirilir, həm də karyer kimi istifadə olunur:
“Zavod fiziki şəxs Yusif Məhəməliyevin adına rəsmiləşdirilib. O, isə milllət vəkili Nəsib Məhəməliyevin qardaşıdır. Əvvəlcə kərpic istehsalı üçün torpağı götürürlər, sonra isə kərpic tullantıları gətirirlər və torpaq götürdükləri yerdən çalaları doldururlar. Əslində yerin quruluşu da pozulur. Faciə isə odur ki, kərpic tulantıları torpaqda cürümür, əksinə əkin sahələrini yararsiz vəziyyətə gətirir.
Belə davam edərsə, yaxin 3 ildə Məhəməliyevlər Balakəndə əkinə yararli səhələri iflic edəcəklər. Bu isə cənab Prezidentin ekoloji mühitə olan diqqətinə və kaygısına tam zildir. Belə çıxır ki, iqtidaryönümlü deputatın qardaşı bu gün Azərbaycanda aparılan işlərə qarşı çıxır”.
Şikayətçi onu da əlavə edib ki, məsələ ilə bağlı Balakən Rayon İcra Hakimiyyətinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinə, eləcə də Dövlət Əmlak Xidmətinə müraciətlər olunub. Amma adlarıçəkilən qurumlar məsələ ilə bağlı hərəkətə keçmir.
Yazıda adıkeçən qurumların da mövqeyini dərc etməyə hazırıq.
Dekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Hövsan və Yasamal Yaşayış komplekslərində inşa edilmiş binalarda şəhid ailələri və hərbçilər üçün nəzərdə tutulmuş mənzillər istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər iki yaşayış kompleksdəki mənzillərlə tanış olub.
Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə veteranı” adının verilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Bununla bağlı Prezident.az məlumat yayıb.
Sərəncama əsasən, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi kateqoriyalar əsasında 2022-ci il yanvarın 1-dən etibarən “Müharibə veteranı” adının və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi, habelə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanına uyğun olaraq “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin edilməsi və ödənilməsi təmin ediləcək.
Prezident İlham Əliyev Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam imzalayıb.
Bununla bağlı Prezident.az məlumat yayıb.
Sərəncama əsasən, 2021-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 manat məbləğində birdəfəlik maddi yardım veriləcək.
“Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1241 nömrəli Fərmanının 1.6.1.1-ci yarımbəndində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün nəzərdə tutulmuş vəsaitdən 4 800 000 manat ayrılır.
Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə işdən çıxıb.
Bütöv.az xəbər verir ki, o, bu barədə feysbuk səhifəsində məlumat paylaşıb: "Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının rəhbəri olaraq komandamızla birlikdə ölkəmizdə yaradıcılıq, innovasiya və texnologiyaların uzlaşdığı bir sahənin-yaradıcı sənayelərin real inkişafına, həmçinin ölkəmizin yumşaq güc siyasətinin beynəlxalq müstəvidə həyata keçməsinə müxtəlif platformalar vasitəsilə dəstək olmağa davam edəcəyik".
Qeyd edək ki, o bu vəzifəyə 2020-ci ilin avqustunda təyin edilmişdi.