23-08-2022, 23:01
Türkiyə Krımın ilhaqını tanımır - Ərdoğan "Türkiyə Krımın ilhaqını tanımır və ilk gündən bunun qeyri-qanuni olduğunu açıq şəkildə bəyan edir". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Krım Platforması”na üzv ölkələrin liderlərinin iclasına ünvanlanmış videomesajında bildirib. Dövlət başçısı qeyd edib ki, Türkiyənin bu yanaşması təkcə hüquqi deyil, həm də mənəvi əsasları olan prinsipial mövqedir. Ərdoğan Krımın Ukraynaya qaytarılmasının zəruriliyini vurğulayıb. O deyib ki, Ukraynanın ayrılmaz hissəsi olan Krımın geri qaytarılması beynəlxalq hüququn tələbidir. Türkiyə lideri, həmçinin Krımın yerli haqq sahiblərindən biri olan Krım tatar-türklərinin təhlükəsizliyinin və rifahının təmin edilməsinin ölkəsinin prioritetləri sırasında olduğunu diqqətə çatdırıb.
23-08-2022, 22:55
İrəvandan Naxçıvanla bağlı təklif - Bakı necə reaksiya verəcək? “Ermənistan Azərbaycana Naxçıvanla əlaqə üçün Zod (Kəlbəcər), Arazdəyən (Sədərək), Eyvazlı (Qubadlı) keçid məntəqələrindən istifadə edilməsi təklifini rəsmən elan edərsə, Bakı bunu 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda nəzərdə tutulan maneəsiz və təhlükəsiz giriş öhdəliyinin yerinə yetirilməsindən imtina kimi qiymətləndirəcək”. Bunu Milli Məclisin deputatı Rasim Musabəyov deyib. O qeyd edib ki, Mehridən keçən dəmir yolu bərpa olunacaq, çünki bu, təkcə Azərbaycanın deyil, Rusiya və İranın maraqlarına uyğundur. “Yola gəlincə, Bakının Naxçıvanla əlaqəsi üçün İran sahili boyu qısa marşrutu olacaq. Biz Naxçıvanla bu və ya digər formada ünsiyyət problemini həll edəcəyik. Bununla belə, Ermənistan hakimiyyətinin qeyri-konstruktiv davranışı cəzasız qalmayacaq. Bakının bunun üçün çoxlu rıçaqları var və onlardan istifadə olunduqda bütün dünyada ermənilərin ucaltdıqları hayqırtılar onlara kömək etməyəcək", - deputat bildirib. Qeyd edək ki, Ermənistan Azərbaycanla sərhəddə üç nəzarət-buraxılış məntəqəsi açmağı planlaşdırır. Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin təklif etdiyi layihədə qeyd olunub. Təklif olunan layihəyə əsasən, avtomobillər üçün nəzərdə tutulan sərhəd-keçid məntəqələrinin sayı artırılacaq. Belə ki, Kəlbəcər rayonu ilə sərhəddə “Zod”, Sədərək rayonu ilə sərhəddə “Arazdəyən” və Qubadlı rayonu ilə sərhəddə “Eyvazlı” nəzarət-buraxılış məntəqələrinin açılması nəzərdə tutulur. Layihənin qəbulu baş nazir Nikol Paşinyanın avqustun 4-də hökumətin iclasında verdiyi tapşırıqların yerinə yetirilməsi zərurəti ilə bağlıdır.
23-08-2022, 22:49
Şavkat Mirziyoyev İlham Əliyevə zəng etdiÖzbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Telefon söhbəti əsnasında iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın gələcək inkişafı və strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi məsələləri müzakirə olunub. Bu ilin iyun ayında ali səviyyəli görüşlərin yekunlarına əsasən əldə olunmuş razılaşmaların reallaşmasında nəzərəçarpacaq tərəqqi məmnunluqla qeyd edilib. Avqustun əvvəlində Hökumətlərarası Birgə Komissiyanın növbəti iclasının, Özbəkistan, Azərbaycan və Türkiyənin xarici işlər, ticarət və nəqliyyat nazirlərinin birinci görüşünün səmərəli olduğu vurğulanıb. Bildirilib ki, cari ildə qarşılıqlı əmtəə dövriyyəsi 70 faiz artıb, kənd təsərrüfatı, ipəkçilik və toxuculuq sənayesi, maşınqayırma, kimya və digər sahələrdə birgə kooperasiya layihələrinin həyata keçirilməsinə başlanılıb. Qeyd edilib ki, Özbəkistan-Azərbaycan investisiya fondunun tezliklə fəaliyyətə başlaması üzrə iş aparılır və mədəni-humanitar mübadilə genişlənir. Dövlət başçıları praktiki qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsinə tərəfdar olduqlarını bildiriblər. Bu baxımdan cari ilin payızında Regionların Forumunu və iki ölkənin sənaye potensialı sərgisini keçirməyin vacibliyi qeyd edilib. Telefon söhbəti zamanı regional gündəliyə dair fikir mübadiləsi də aparılıb. Qarşıdakı çoxtərəfli görüşlərin, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatının və Türk Dövlətləri Təşkilatının Səmərqənddə baş tutacaq zirvə görüşlərinin qrafiki və gündəliyi nəzərdən keçirilib. Özbəkistan və Azərbaycan prezidentlərinin telefon söhbəti ənənəvi açıq, səmimi və dostluq şəraitində keçib.
23-08-2022, 22:47
Slovakiya Ukraynaya hərbi texnika göndərirSlovakiya Ukraynaya 30 ədəd BVP-1 piyada döyüş maşını verəcək. Bu barədə Slovakiyanın müdafiə naziri Yaroslav Nad bildirib. Onun sözlərinə görə, Ukraynaya, həmçinin döyüş sursatı, ehtiyat hissələri göndəriləcək və kompleks təqdim olunacaq. Bunun müqabilində Slovakiya Almaniyadan 15 ədəd "Leopard" tankı alacaq. Qeyd edək ki, bundan əvvəl Slovakiya Ukraynaya S-300 hava hücumundan müdafiə sistemi, Mi seriyalı hərbi helikopterlər, özüyeriyən haubitsalar və “Qrad” reaktiv yaylım atəşi sistemləri hədiyyə edib.
23-08-2022, 22:46
Xersonda Rusiyanın 2 silah anbarı məhv edildiUkrayna ordusu Xerson vilayətində Rusiyanın 2 silah-sursat anbarını məhv edib. Bu barədə Cənub Əməliyyat Komandanlığı məlumat yayıb. Bildirilib ki, cavab atəşi nəticəsində Rusiyanın daha iki komanda məntəqəsi dağıdılıb. Əməliyyat zamanı Rusiyanın 23 hərbçisi və 1 T-72 tankı məhv edilib.
23-08-2022, 22:43
QHT-lərin müraciətləri müzakirə edilib Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbədənkənar iclası keçirilib.
QHT.az xəbər verir ki, Vüsal Quliyevin sədrliyi ilə keçirilən iclasda bəzi QHT-lərin müraciəti əsasında Agentliyin “Qeyri-hökumət təşkilatları tərəfindən icra olunan layihələr üzrə maliyyə hesabatlarının tərtibi və təqdim edilməsi haqqında Təlimat”ı müzakirəyə çıxarılıb.
Müşahidə Şurası üzvlərinin təklifləri nəzərə alınaraq təlimatın təkmilləşdirilməsi, yaxın günlərdə yekun müzakirə edilməsi barədə qərar qəbul olunub.
Daha sonra Agentliyin icraçı direktorunun təqdimatı əsasında beynəlxalq tədbirlərdə iştirakla bağlı səfər qrantları üçün müraciətlər və cari məsələlər müzakirə edilib. Qaldırılan məsələlərlə əlaqədar qərarlar qəbul edilib.
23-08-2022, 22:15
İranda həkimlərin mühacirət təhlükəsi İran Tibb Sistemi Ali Şurasının başçısı Mənsur Cəfəri Nəmin, Ərdəbildə media nümayəndələri ilə görüşü zamanı özəlliklə son illər ölkədən həkimlərin, xüsusilə mütəxəssis həkimlərin köçünün təhlükəli səviyyədə çoxaldığını deyib. Son bir il ərzində həkimlərin xaricə mühacirətində yüksək artım olduğunu deyən Cəfəri Nəmin qısa müddətdə 20 ərdəbilli həkimin xaricə getmək üçün müraciə etdiyini bildirib. Bir müddət öncə İranın Tibb Sistemi Təşkilatının başçısı Məhəmməd Rəiszadə ötən günəş ilində 4000-dən çox iranlı həkim mühacirət görə istənilən “cinayət qeydinin olmaması” sənədi almaq üçün müraciət etdiyini demişdi.
İran Tibb İşçiləri Təşkilatının sədr müavini Məhəmmədtağı Cahanpur Səhiyyə Nazirliyinin tibb işçiləri və tibb bacılarına qarşı münasibətini tənqid edərək hər ay 150-200 arası tibb işçisi və tibb bacısının ölkəni tərk etdiyi barədə məlumat verib.
İranın “Cavan” saytı məsələ ilə bağlı yayınladığı məlumatda ölkədə həkimlərin dolanışıq problemləri və əmək haqlarının aşağı olduğuna görə Türkiyə və Omana mühacirət etdiklərini yazıb.
Cavidan
23-08-2022, 21:58
Ceyhun Bayramov Çavuşoğlu ilə telefonla danışdı
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə türkiyəli həmkarı Mövlüd Çavuşoğlu arasında telefon danışığı olub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, telefon danışığı zamanı nazirlər cari regional vəziyyət və ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıblar. Bundan əlavə, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq istiqamətləri, habelə beynəlxalq platformalarda fəaliyyət məsələləri müzakirə edilib.
23-08-2022, 21:57
Qanunsuz ovla bağlı cərimələr artırılır2022-ci ilin ötən dövrü ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi qanunsuz ovla bağlı 70 qanun pozuntusu üzrə 70 mindən çox cərimə tətbiq edib. Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi facebook səhifəsində yayımlanan "Ekspert saatı"nda deyib. O bildirib ki, nazirlik tərəfindən cərimələrin artırılmasına görə ovçuluğun tənzimlənməsi ilə əlaqədar 176 nömrəli qərara dəyişikliyin edilməsi ilə bağlı məsələ qaldırılıb: "Cərimələrin artırılması aidiyyəti qurumlarla razılıq mərhələsindədir. Növbəti ildə qərara dəyişiklik olunaraq şərtlər daha da sərtləşdiriləcək. Burada həm cəza tədbirlərinin, həm də tətbiq olunacaq cərimələrin miqdarının artırılması nəzərdə tutulub".
23-08-2022, 21:55
Azərbaycan, Türkiyə və Gürcüstan nazirləri görüşdü
Bu gün Tbilisi şəhərində Azərbaycan, Türkiyə və Gürcüstanın nəqliyyat sahəsi üzrə məsul nazirlərinin üçtərəfli görüşü keçirilib. Bu barədə Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib. Görüşdə Orta Dəhlizin potensialından geniş istifadə olunması və bu dəhlizdə həyati əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Qars dəmiryolunun ötürmə qabiliyyətinin artırılması məsələləri müzakirə olunub.