22-10-2022, 15:59
Özbəkistan Müdafiə Nazirliyinin anbarında partlayış - Yaralılar varÖzbəkistanın Müdafiə Nazirliyinə məxsus hərbi anbarda güclü partlayış olub.
Butov.az xəbər verir ki, hadisə Sırdərya vilayətində baş verib. Məlumata görə, partlayış nəticəsində azı 16 nəfər xəsarət alıb. Yaralılardan bəziləri xəstəxanaya yerləşdirilib. Hadisə zamanı yaxınlıqdakı yaşayış evlərinə də ziyan dəyib. Partlayışın ilkin səbəbi hələlik açıqlanmayıb.
22-10-2022, 15:57
Baş nazir iclas keçirdi - Qarabağla bağlı tapşırıqlar verildiOktyabrın 21-də Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə iclas keçirilib. Nazirlər Kabinetindən verilən məlumata görə, iclasın gündəliyində Prezident İlham Əliyevin tapşırıqlarından irəli gələrək işğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlərin icrası, o cümlədən investisiya təşviqi mexanizmi, Ələt Azad İqtisadi Zonasının fəaliyyətinin təşkili ilə bağlı görülmüş işlər, həlli vacib məsələlər və növbəti addımlar, “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” və “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanunlarının layihələri, dövriyyədə olan xarici valyuta nominallı dövlət istiqrazlarının bir qisminin geri alınması və “AqrarKredit” QSC Bank olmayan Kredit Təşkilatı ilə bağlı bir sıra aktual məsələlər ətraflı müzakirə olunub. İclasda iqtisadiyyat naziri Mikayıl Cabbarovun, maliyyə naziri Samir Şərifovun, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərovun, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun, “Aqrarkredit” QSC-nin İdarə Heyətinin sədri Məmməd Musayevin məruzələri dinlənilib. İclasın yekununda işğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bir sıra layihələr və digər müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
22-10-2022, 15:54
Şuşaya getmək istəyənlərin nəzərinə! - Biletlər satışa çıxarılırŞuşa, Ağdam və Füzuli istiqamətində müntəzəm avtobus reyslərinə noyabr ayına olan biletlər satışa çıxarılır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Şuşa, Ağdam və Füzuli şəhərlərinə təşkil etdiyi müntəzəm avtobus reyslərinə noyabr ayına olan biletlər 25 oktyabr 2022-ci il saat 15:00-da satışa çıxarılacaq. Sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə biletləri //
yolumuzqarabaga.az/ portalı vasitəsilə onlayn qaydada ala bilərlər. Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Biletlər alındıqdan sonra başqa şəxsə transfer edilməsi mümkün deyil. Onu da qeyd edək ki, bilet sistemi müvafiq dövlət orqanlarının informasiya sistemləri ilə inteqrasiya edilib və sərnişinlərə biletlə birlikdə işğaldan azad olunmuş ərazilərə giriş icazəsi də verilir. Bu icazə yalnız bilet almış şəxs üçün keçərlidir və ötürülməsi mümkün deyil. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi vətəndaşlara bir daha tövsiyə edir ki, sosial şəbəkələrdə Şuşa istiqamətində “turlar” təşkil edilməsi ilə bağlı elanları ciddi qəbul etməsinlər, öz sənədlərini elanlarda gördükləri əlaqə vasitələrinə göndərməsinlər. Biletləri heç kimə əlavə vəsait ödəmədən özləri alsınlar. Qeyd edək ki, Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları yanvarın 24-də istifadəyə verilib. Füzuli istiqamətində isə ilk müntəzəm avtobus reysi 25 iyun tarixində həyata keçirilib.
22-10-2022, 15:50
Kəlbəcər yenə atəşə tutulduAzərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Müdafiə Nazirliyindən verilən məlumata görə, oktyabrın 21-si saat 22:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub."Qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb", - açıqlamada deyilir.
22-10-2022, 15:46
Zəngilan aeroportunun ilk sərnişinləriZəngilan Beynəlxalq Hava Limanına ilk mülki təyyarə reysi həyata keçirilib.
Butov.az xəbər verir ki, Zəngilan rayonunun Ağalı kəndində keçiriləcək “Zəfər yürüşü” triatlon turnirində iştirak edən idmançılar, Gənclər və İdman Nazirliyinin və Triatlon Federasiyasının əməkdaşları, eləcə də media nümayəndələri yenicə istifadəyə verilmiş Zəngilan Beynəlxalq Hava Limanına eniş ediblər. Heydər Əliyev Beynəlxalq Aeroportundan başlayan uçuş 45 dəqiqə çəkib.
22-10-2022, 15:43
Rusların itkiləri artırUkrayna silahlı qüvvələri cənubda 17 işğalçını, Qrad MLRS-ni və üç sursat anbarını məhv edib. Bu barədə “Cənub” əməliyyat komandanlığı oktyabrın 21-də əməliyyat şəraitinin yekunlarına dair öz “Facebook” səhifəsində məlumat yayıb. "Aviasiyamız Berislavski və Baştanski rayonlarında, düşmənin hava hücumundan müdafiə sistemlərinin mövqelərinə - həmçinin Kaxovkada toplanan düşmən texnikası və möhkəm nöqtələrinə 10 zərbə endirib. Raket və artilleriya bölmələri 220 atəş tapşırığını yerinə yetirib. Düşmən itkiləri cəbhədə təmin edilib. Berislav vilayətində “Qrad” reaktiv yaylım atəş sistemi, bir tank, bir minaatan, 3 zirehli maşın və 3 sursat anbarı. Daha 6 zirehli texnika və 2 minaatan məhv edilib”, - məlumatda deyilir.
22-10-2022, 15:41
Azərbaycanı hədəf alanlar qarşılarında Türkiyəni görəcəkTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağdan qayıdarkən yerli jurnalistlərə açıqlamasında önəmli mesajlar verib. Qardaş ölkənin lideri Zəngilan hava limanının tarixi əhəmiyyətindən, işğaldan azad edilmiş ərazilədə görülən bərpa və yenidənqurma işlərindən danışaraq, Türkiyənin hər zaman Azərbaycan yanında olacağını bəyan edib. Ərdoğan eyni zamanda Türkiyənin tarixi Şuşa şəhərində konsulluq açacağını bir daha diqqətə çatdırıb. "Biz də Şuşada Baş konsulluq açırıq", - deyə Türkiyə Prezidenti qeyd edib.
Butov.az-ın məlumatına görə, Ərdoğanın açıqlamasını şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, Türkiyənin Şuşada konsulluq xidmətinin fəaliyyətə başlaması vacibdir. Onun fikrincə, Ankara həmin günü səbirsizliklə gözləyir. "Ermənistandan və İrandan Qarabağa təhlükənin miqyası azalmayıb. Əlbəttə, güclü ordumuz təcavüzkarlara qarşı ayıqdır. Ancaq Azərbaycanı hədəf almaq istəyənlər bilməlidirlər ki, Qarabağ istiqamətində bizə yenə də problem yaratmaq istəsələr qarşılarında Türkiyəni görəcəklər. Bu baxımdan Şuşada konsulluq xidməti Türkiyənin Qarabağda varlığını göstərən əsas amillərdən birinə çevrilməlidir. Bunu ləngitmək olmaz", - deyə politoloq vurğulayıb.
22-10-2022, 15:38
İrandan daha bir hədə dolu açıqlamaİran lazım bildiyi yerdə hərbi təlimlər keçirəcək. Bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Həsən Həmməti bildirib. O, əlavə edib ki, İslam Respublikası Cənubi Qafqazın sərhədlərində heç bir dəyişikliyi qəbul etməyəcək. Deputat İranın şimal-qərbində Azərbaycanla sərhəddə keçirilən SEPAH təlimlərini şərh edərkən deyib ki, “bu təlimlər güc nümayişi idi, mesajı qonşu ölkələr üçün sülh və dostluq, düşmənlərə qarşı istənilən təhlükəyə qəti cavabdır”. “Ölkənin şimal sərhədlərində baş verən hadisələr bizim üçün önəmlidir və lazım gəldikdə ölkənin hüquq və təhlükəsizliyini qorumaq üçün təlimlər keçiririk... Heç bir beynəlxalq hüquq region ölkələrində sərhəd dəyişikliyinə icazə vermir; hesab edirik ki, hər bir ölkənin öz ləyaqəti və mövqeyi var, regiondakı bütün ölkələrin ərazi bütövlüyü qorunmalıdır”. Xatırladaq ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru qoşunları bir neçə bölmənin iştirakı ilə İranın şimal-qərb sərhədlərində genişmiqyaslı hərbi təlimlər keçirib. Təlimlər zamanı İnqilab Keşikçiləri Korpusunun Quru Qoşunları Azərbaycanla sərhəddə ponton körpüləri tikmək və Araz çayını keçmək üzrə məşq edib. Həmçinin helikopter əməliyyatları və paraşütlə tullanma, gecə zərbələri, döyüş helikopterlərinin iştirakı ilə missiyalar, kamikadze pilotsuz uçuş aparatları, eləcə də hipotetik düşmən tərəfindən idarə olunan marşrutların və yüksəkliklərin ələ keçirilməsi planları hazırlanıb.
22-10-2022, 15:35
Ukraynada ruslara təlim keçən iranlılar öldürüldüUkraynanın Rusiya tərəfindən ələ keçirilən ərazilərində rus hərbçilərə təlim keçən İranın 10 hərbi qulluqçusu Ukrayna ordusunun endirdiyi zərbələr nəticəsində ölüb. Bu barədə İsrailin nüfuzlu "Jerusalem Post" qəzeti məlumat yayıb. Hadisənin detalları barədə açıqlama verilməyib. Bundan əvvəl “The New York Times” nəşri ABŞ kəşfiyyatının məxfi məlumatlarına istinadən qeyd edib ki, İran rusiyalılara kömək üçün işğal olunmuş Krıma təlimatçılar göndərib.
22-10-2022, 15:33
Qadın güləşçimiz dünya ikincisi olduAzərbaycanın qadın güləşçisi Nigar Mirzəzadə İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında gümüş medal qazanıb.
Butov.az xəbər verir ki, 65 kiloqram çəki dərəcəsində yarışan idmançı finalda Miva Morikava (Yaponiya) ilə qarşılaşıb. Rəqibinə 0:10 hesabı ilə məğlub olan Mirzəzadə gümüş medalla kifayətlənməli olub. Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Nihad Quluzadə (55 kq) və Nihat Məmmədli (60 kq) gümüş, Qurban Qurbanov (72 kq) isə qızıl medal qazanıb.