"Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                        Gömrükdə işləmək istəyənlər üçün imtahan keçirilib .....                       
3-12-2022, 15:24
4 nəfərin ölümü ilə nəticələnən hadisə


4 nəfərin ölümü ilə nəticələnən hadisə

Ötən gecə saat 22 radələrində Beyləqan rayonu Tatalılar kəndində bir ailədən 4 nəfərin - ata, ana və 2 oğulun ov tüfəngi ilə öldürülməsi hadisəsinin yeni təfərrüatı üzə çıxıb. İnsidenti törədən 27 yaşlı Fuad Cəlilzadənin atası 2009-cu ildə həbs edilibmiş. Belə ki, həmin vaxt Fuadın atası münaqişə zəminində qonşuluqda yaşayan 1966-cı il təvəllüdlü Nadir Quliyevə yaba ilə ağır xəsarət yetirib. N.Quliyevin şikayətçi olması ilə məhkəmə ona 6 il yarım həbs cəzası verib. O, həbsxanadan çıxdıqdan sonra qonşu ailələr arasında münasibətlər daha da pisləşib və mütəmadi dava-dalaşlar baş verib. Xatırladaq ki, ötən gecə F.Cəlilzadə qonşusu 1971-ci il təvəllüdlü Tərgül Quliyeva, həyat yoldaşı, 1966-cı il təvəllüdlü Nadir Quliyev və oğulları: 1996-cı il təvəllüdlü Amin Quluzadə və 2002-ci il təvəllüdlü Xəyal Quluzadəni güllələyərək qətlə yetirib. Qeyd edək ki, ailənin 4 övladı olub. Onlardan ikisi Bakı şəhərində yaşayır. Hadisənin genişlənməməsi və təhlükəsizlik tədbirləri nəzərə alınaraq qətli törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Fuad Cəlilzadənin ailəsi yaşadığı kənddən təxliyə edilib.
3-12-2022, 10:00
Səsin sorağında..

Səsin sorağında...
II fəsil
Ustadımın istəyi ilə...

Hər muğam çalanın, muğam deyənin
Keçdiyi, açdığı iz başqa - başqa.
Eyni müğənnini hər dinləyənin
Könlünü yandıran köz başqa - başqa.

Bəxtiyar Vahabzadə

Araz çayı istiqamətində torpaq yolla irəliləyən maşının qaldırdığı toz qatından gözümüzü çəkmirdik. Görüşünə gəldiyimiz iki böyük muğam ustadı Seyid Şuşinski ilə Ağabala Abdullayevi yola saldıqdan sonra kəndimizin adamları yavaş-yavaş dağılışıb evlərinə getdilər. Meydanda uşaqlıq və sinif yoldaşlarımla qalmışdıq. Hamının diqqəti mənə yönəlmişdi. Mən isə uzaqlaşan maşına baxa-baxa xəyallar aləminə dalmışdım. Fikrim dədəmlə - nənəmin, qardaşım Salehin yanında qalmışdı. Baxmayaraq ailəmizin sonbeşiyi idim, ancaq özümdən asılı olmayaraq düşünürdüm ki, görəsən Bakıya oxumağa gedəndən sonra onların vəziyyəti necə olacaq? Bir onu hiss etdim ki, yanağımı göz yaşlarım isladıb. Uşaqlıq illərimdən xanəndə olmaq istəyimi xatırladıqca kövrəlmişdim. İki böyük sənətkarın ifamı sevgi ilə bəyənməsi və razı qaldıqlarına böyük ümid bəsləyirdim. İnanırdım ki, bir gün istəyim-arzum həqiqətə çevriləcək. Ətrafıma toplaşan sinif yoldaşlarımdan biri:
- Rəvan, indi səni Bakıya aparacaqlar? Orda oxuyacaqsan? - deyə sevincək
soruşdu.
Qəfil verilən sualı eşidib xəyaldan ayrıldım və ona tərəf çevrilib:
- Hələ ki, bir şey deyə bilmərəm. Eşitmədiniz, Seyid nə dedi? Dedi ki, onuncu sinfi bitirən kimi, mütləq Bakıya, mənim yanıma gələrsən. İndi buraxılış imtahanlarını verib məktəbi bitirim, sonrasına baxaq, görək necə olacaq, - deyə cavab verdim. Beləliklə, hamımız deyə-gülə şən halda geri qayıtdıq, hər kəs öz evinə getdi. Ancaq kənddə səs yayılmışdı ki, Seyid Şuşinski Rəvanın oxumağını yaman bəyənib, Bakıya, özü müəllim işlədiyi musiqi məktəbinə aparacaq. Evimizə qayıdanda dədəmlə - nənəm Göyüş həyətdə, tut ağacının altında oturub öz aralarında söhbət edirdilər. Dədəm məni görən kimi söhbəti kəsib:
- A bala, aralıqda söz gəzir ki, Seyid Şuşinskiylə Ağabala Abddullayev kəndə gəlib. Eşidib bilən kənd camaatı da onların görüşünə gediblər. Xeyirdirmi, görəsən, kimin toy məclisinə təşrif buyurublar? Onların ikisi də əməlisaleh, xeyirxah insanlardır. Hər zaman kəndimizə xeyirliyə gəlib, xeyir işlərdə iştirak ediblər, - deyə maraqla soruşdu.
- Hə dədə, berezentli maşınla, Villislə gəlmişdilər. Ancaq çox dayanmadılar.
Hamılıqla, yoldaşlarımla birlikdə aralıq meydanına gedib Seyidin ətrafında toplaşmışdıq. Kənd camaatı ilə görüşüb hal-əhval biləndən sonra bizə yaxınlaşıb, içərimizdə səsi olan, yaxşı mahnı oxuyanlarla maraqlandı. Onun yanında dayanan Ağabala əmi də dərhal əlinin işarəsi ilə məni göstərib dedi ki, Ağa, o uşağın da səsinə qulaq as gör necə oxuyur.
- Sən də oxudun?
- Hə dədə, Qulu Əsgərovun “Bəyənmir məni” mahnısını oxudum. Oxuduğum
mahnının birinci bəndini qurtarar-qurtarmaz əli ilə işarə edib ifamı yarımçıq kəsdi.
O: - Bəsdir, bəsdir, çox şirin səsin var. Belə bir səs nadir hallarda insana qismət olur. Orta məktəbi qurtaran kimi mütləq mənim yanıma gələrsən. Yadında qalacaq, mütləq mənim yanıma gələrsən, - dedi.
- Hə, neynək, bala. O, el-oba içində, bütün Qarabağda tanınmış, hörməti
saxlanan məşhur xanəndədir. Sənin səsini bəyənibsə, demək, yaxşı oxuyan olacaqsan. İnşallah, istəyinə də gec-tez çatarsan, - deyə dədəm ilk xeyir - duasını verdi.
Nənəm sevindiyindən əllərini göyə qaldırıb dodağının altında nəsə danışırdı. Bilirdim ki, dua edir. Onun gözlərindən axan göz yaşlarını görüb aşağı əyildim. Mən özüm də dolxusunub yaman kövrəlmişdim. Bir anlıq fikirləşdim ki, bəlkə heç təhsilimi davam etdirməyə getməyim. Nə çoxdur Bakıda, Füzulidə, orda-burda, toylarda, radioda oxuyanlar. Nənəmi bərk-bərk qucaqlayıb ona qısıldım, - nənə, ürəyini sıxma. İnşallah hər şey yaxşı olacaq. Sizi də, qardaşım Salehi də bu çətin günlərdən, kasıbçılıqdan qurtaracam, - dedim.
Dədəm bizi görüb ərkyana səslənərək gülə-gülə:
- Ə.., nədir yenə, nənə-bala gözünüzün qorasını tökürsünüz. Şükür edin ki, Seyid özü, öz ayağı ilə kəndə gəlib. Sənin səsini yoxlayıb, bəyənib, qəbul edib. Bundan da artıq daha nə istəyirsiniz ki, baş-başa verib ağlaşırsınız? - dedi.
Nənəm çox kövrəlmişdi. İki odun arasında qalmışdım. Bilmirdim gedim, yoxsa kənddə qalıb onların qulluğunda dayanım. Hər ikisi əldən düşmüş, çox qocalmışdılar. Qardaşım Saleh də ağır işlər görə bilmirdi. O, qardaşım Abdulla ilə ekiz doğulmuşdur. Abdulla əsgərlikdən sonra Bakıda qalıb sürücü işləyirdi. Bir tərəfdən də yazın isti, quraqlıq keçməsi ot biçimində qoyun-keçilərin, yanı balalı inəyimizin qışa yem tədarükünü etməyimizi yaman çətinləşdirmişdi. Ot çalımının qızğın vaxtında dədəmlə mən biçənəklərdə kolxozun otunu biçirdik. Arada vaxt tapıb özümüzün böyük tut bağına gedir, kərənti ilə ağacların arasındakı göy otları biçib yayırdıq ki, tez qurusun. Ağır da olsa, hər necə olursa-olsun, qışa tədarük görməliydik. Biz tərəflərdə qış çox sərt keçir. Yalan olmasın qar dizə qədər yağır. Gediş-gəliş də çətinləşir. Heyvanları dağda-dərədə otarmaq müşkül məsələyə çevrilir. Beləcə çalışırdım ki, Bakıya gedənə qədər evimizin, təssərrüfatımızın əyər-əskiyini sahmana salmaqda dədəmə kömək edim. İstəmirdim ki, məndən sonra evdəkilər qışda çox əziyyət çəksinlər. Bu əziyyətlərə baxmayaraq onuncu sinfin buraxılış imtahanlarına hazırlaşırdım. İmtahanları verib kamal atestatımı aldım. İndi evimizdə yola düşmək üçün yavaş-yavaş tədarük görülürdü. Nənəm Bakıda yaşayan bacılarım və qardaşlarıma çoxlu sovqat hazırlayırdı. İki bacım, iki qardaşım Bakıda olurdu. Böyük bacım Qəmər prokuror işləyən həyat yoldaşıyla təzə aldıqları mənzildə yaşayırdılar. Kiçik bacım Banu isə AZİ - də, Neft Kimya İnstitutunda oxuyurdu. Qardaşım Abdulla sürücü, Adil isə müəssisədə çilingər işləyirdi. Günlər ötüb keçdikcə təssərrüfatımızda işlərin çoxunu sahmana salmışdıq. Yola düşməzdən bir gün qabaq dədəm mənə dedi ki, get poçta bacın Qəmərə zəng et, təfsilatı ilə onlara xəbər ver ki, Seyid Şuşiniski kəndə gəlmişdi, səni kənd camaatı içərisində oxudub səsini də bəyənib. Təhsilini davam etdirmək üçün Bakıda işlədiyi musiqi məktəbinə dəvət edib. Şənbə günü səhər ertədən stansiya Horadizdə İrəvan-Bakı qatarına minib gələcəksən. De ki, qardaşın Abdulla da həmin günü günorta səni Bakıda, dəmir yol vağzalında qarşılasın. Nabələd uşaqsan, şəhərin ortasında azıb qalarsan. Bir yer də tapa bilməzsən ki, gedib bacıngilin evlərini tapasan, - deyib həyətdən küçəyə çıxan dədəm kolxoz idarəsinə tərəf yollandı. Mən isə dədəmin sözü ilə poçta gedib bacım Qəmərin ev telefonunun nömrəsinə sifariş verib xeyli gözlədim. Bir azdan telefonçu qızın xəbərdarlığı ilə divardan asılı qalmış telefonun dəstəyini götürüb “alo” deyə bacımın səsini eşidib hal-əhval soruşdum. Seyid Şuşinskinin kəndimizə gəlməyini, məni oxudub səsimi bəyəndiyini, Bakıda musiqi məktəbinə dəvət etməyini dedim. Bacım çox sevindi. Telefonda eşidirdim ki, evlərində sevinclərindən qışqırışıb şadyanalıq edirdilər. Sonra bacım dedi ki, Abdulla şənbə günü günorta səni vağzalda qarşılayacaq. Mən evə qayıdarkən kolxoz idarəsindən qayıdan dədəm gülə-gülə dedi ki, Horadiz stansiyasına getmək işin düzəldi. Sədrimiz Zaman
kişinin yanına getmişdim. Şənbə günü sübh ertədən səni yola salmaq üçün hal-əhvalatı ona danışıb maşın istədim. O, da sağ olsun ki, məni eşidib maşın ayıracağına söz verdi. Sənin Seyidin istəyi ilə musiqi məktəbinə getməyinə çox sevindi. Dedi ki, Cümşüd kişi, arxayın olun. Uşağın yol tədarükünü görün, şənbə günü ertədən maşın ayırtdırıb göndərəcəm qapınıza. Sürücüyə də tapşıracam ki, oğlunuzu stansiya Horadizdə qatara mindirib yola salsın.
Evdə yol tədarükü görülüb, bağlamalar yan-yana qoyulmuşdu. Arada yoldaşlarımla bir yerə toplaşıb kəndimizin yuxarı başındakı Camal bulağına getdik. İri gövdəli xan çinarın kölgəsində yaşıl çəmənlikdə oturub xeyli söhbət edə-edə əyləndik. Camal bulağı kəndimizin elə bir yerində yerləşirdi ki, uzaqdan hündür dağlar-təpələrlə əhatə olunmuşdu. Ətrafımız yaşıllıqlara qərq olmuşdu.
Şənbə günü, sübh ertədən sədrimizin söz verdiyi kimi, göndərdiyi Palturka yük maşınının siqnal səsinə küçəyə çıxdım. Bir azdan yır-yığış edib yükümü maşının arxa saxlancında qablaşdırıb dədəmlə, nənəmlə, qardaşım Salehlə qucaqlaşıb görüşdüm. Nənəm içi suyla dolu iri mis dolçanı əlində bərk-bərk saxlamışdı. Dədəm üzümə baxa-baxa yaman doluxsunmuşdu. Qabarlı əlləri ağır işlərdə cadar-cadar olmuş kişi məni bərk-bərk qucaqlayıb:
- Get, yaxşı yol, özündən muğayat ol, bizdən ötrü də nigaran qalma - dedi.
Dədəmin öyüd-nəsihəti məni çox kövrəltmişdi. Yola düşərkən qəfil arxaya çevrilib, asta addımlarla maşının dalınca gələn nənəmi gördüm. O, əlindəki dolça dolu suyu tozlu-torpaqlı yolda maşının ardınca səpələdi. Əllərini yelləyərək xeyli maşının arxasınca baxa-baxa qaldı...
Yolda yaşlı sürücüyə tərəf dönüb:
- Nə olar, Çinarlı bulağına sür, bulağın gözündən bir az su içim.
Sürücü gülümsünüb, mənə baxa-baxa, - deyəsən, gedənə yaxın Çinarlı bulaqla da vidalaşmaq istəyirsən, - deyib göz vurdu.
- Hə əmi, - deyə tez cavab verdim.
Sürücü sükanı sola burub bulağa tərəf sürət götürərək iki yüz addımlıqda Xan Çinarın yanında maşını əylədi. Çinar ağacının iri gövdəsi əzəməti ilə görənləri heyran edirdi. Diş göynədən soyuq suyundan doymaq olmurdu. Kənd camaatının aman yeri sayılan bulağın köksündə bitmiş ağacın budaqlarında gömgöy yarpaqları iri çətirə bənzərtisi sanki xəfif əsən mehin təsiri ilə məni salamlayırdı. Qoynuna dolanmış üzüm ağacının qıvrım-qıvrım zoğlu yarpaqları iki aşiqin qol-boyun olmasını xatırladırdı. Əsirlərin yadigarı sayılan, neçə-neçə qovğalarla üzləşmiş çinarla həmdəm olan və yerin təkindən şırıl-şırıl axan bulaq, boynuna dolanan saçaqlı üzüm zoğları əsrarəngiz gözəlliyi ilə insanı valeh edirdi. Özümü saxlaya bilməyib, nisgilli baxışlarımla ağacın zirvəsini seyr etdim. Və xəyalımdan keçən bir fikir:
- Görəsən, dünyanın başqa bir yerində də belə bir müqəddəs, uca, iri gövdəli Xan Çinar ağacına rast gəlmək olarmı ki, üç dost, üç sirdaş bir yerdə həmdəm olub onun ziyarətinə gələnlərə qucaq açsın, gedənlərə yaxşı yol arzulasın? - deyə düşünürdüm.
Maşının siqnal səsinə xəyaldan ayrılıb aşağı əyildim. Ovucladığım sudan
doyunca içib, çinar ağacını, üzüm ağacını əlimlə oxşayıb, öpüb ayrıldım. Tələsik maşına doğru qaçaraq əyləşib yola düşdük. Son dəfə Çinarlı bulağının ziyarətində olmağım, bulaqdan doyunca su içməyimlə özümdə gümrahlıq, əhvalımda rahatlıq hiss edirdim. Geriyə qayıdarkən yol boyu yaşıllıqla əhatə olunmuş kəndimiz arxada qalırdı. Maşın qarşıdakı aşırımı sürətlə qalxıb üzü aşağı, Gəyən təpəliklərinin arası ilə sürətlə hərəkət edirdi. Bir azdan mənzil başına çatıb stansiya Horadizdə açıq meydançada yükümüzü yerbəyer edərək bilet kassasına yaxınlaşıb Bakıya bilet aldım. Qatarın gəlməsinə hələ xeyli vaxt qalırdı. Mən sürücünün kəndə qayıtmasını istədim. O, gülə-gülə:
- Bir az səbrli ol, qatar gəlsin, yükünü bir yerdə vaqona qaldıraq. Özün də minəndən sonra mən arxayın kəndə qayıdacam. Yoxsa sədrimiz Zaman kişiylə dədən Cümşüd eşidib-bilər məndən inciyərlər. Bir azdan uzaqdan paravozun fit səsi eşidildi. Sürətlə gələn paravozun bacasından ağ buluda bənzər tüstüsü görünürdü. Meydançada dayananlar tələsik yüklərini götürüb dəmiryol xəttinə yaxınlaşdılar. Gurultu ilə stansiyaya daxil olan qatar bir azdan sürətini azaldıb dayandı. Sürücü dərhal yükümü ümumi vaqona qaldırmağıma kömək etdi. Ancaq vaqona qalxarkən əli avtomatlı əsgərin diqqətlə bizi müşahidə etməsini görüb təəcübləndim. O, yaşlı adamların sənədlərini gözdən keçirib özünə qaytarırdı. İçəri daxil olub pəncərə qabağında boş yerlərdən birində yerimi rahatladım. Sonra sürücü əl verib mənimlə vidalaşaraq:
- Burda qatar cəmisi beş dəqiqə dayanır, sənə yaxşı yol, - deyib tələsik vaqondan düşdü.
Yaxınlıqda Araz çayının suları görünürdü. Sahil boyu qamışlıqla əhatə olunmuş çayın suyu yaşıl rəngə çalırdı. Bir azdan qatar hərəkətə gəlib sürət götürdü. Araz çayının sahil boyu tikanlı məftillə çəkilmiş sərhəd xəttinin dirəkləri bir-bir arxada qalırdı. O taylı - bu taylı qan qardaşlarımızı amansızcasına bir-birindən ayrı salan sərhədin qorxunc görünüşü insanı varından edirdi. Vaqondakılar sərhəddin o biri tərəfini nisgilli baxışları ilə müşahidə edir, pıçıltıyla bir-birilərinə nəyi isə danışırdılar. Mən sakitcə o tayı seyr etdikcə ailəmizdə hərdən söz düşəndə nənəmin Araz çayı haqqında dediyi bir bayatını xəyalımda canlandırdım.
Arazı ayırdılar,
Lil ilə doyurdular.
Mən səndən ayrılmazdım,
Zor ilə ayırdılar...

Araz çayına baxa-baxa o taylı qardaş-bacılarımı düşünürdüm. Və öz-özümə
gileylənib, - görəsən səbəb nə olmuşdu ki, bizi rəzalətli ittihamlarla ayırıb biri-birimizə qovuşmağı yasaq ediblər. Nə isə, dərindən ah çəkib uzaqlara baxırdım. Qatar sürət götürdükcə Gəyən təpəliklərindən uzaqlaşır, Haramı düzünün geniş səhralığında şütüyürdü. Bir azdan sərhəd xətti də görünməz oldu. Vaqonun o biri başında qarmonun həzin səsi eşidilirdi. Hiss olunurdu ki, qarmonu dilləndirən təzə-təzə öyrənir. “Bir yaşıl baş, sona məni saldı çöllərə,” - mahnısını zəif ifa etsə də oxşadırdı. Beləcə, uzun səfərdən sonra qatar günorta üstü Bakı şəhərinə çatdı. İlk dəfə iri binalarla əhatə olunmuş nəhəg şəhəri, Bakı vağzalında böyük qələbəliyi görəndə yaman həyəcanlanmışdım. Pəncərədən boylanıb meydanda adamlar arasında qardaşım Abdullanı arayırdım. Birdən uzaqdan vaqonlara baxa-baxa gələn qardaşımı görüb ona əl edib səslədim. Tələsik yükümü yığıb vaqondan aşağı düşdüm. Qardaşım məni görüb bərk-bərk qucaqlayaraq boyu bərabərində qaldırdı. Gülə-gülə:
- Maşallah, böyüyüb yekə kişi olmusan, - dedi. Qardaşımın idarə etdiyi müəssisə maşınıyla onun İnqilab küçəsində yaşadığı kiçik həyət evinə getdik. Evdə bacılarım Qəmər, Banu və qardaşım Adil bizi gözləyirdi. Mənim gəlişim onları yaman sevindirmişdi. Dincimi alandan sonra gətirdiyim sovqatları nənəm necə demişdisə, bir-bir onların arasında bölüb, hərənin öz payını verdim. Bir azdan nahar edib gəlişimi bütün təfsilatı ilə ətraflı danışmağa başladım. Bildirdim ki, mən Bakıda heç yeri tanımıram, Musiqi məktəbinin də harda yerləşdiyini bilmirəm. Məni Seyid
Şuşunskinin işlədiyi məktəbə aparın.
Bacım Banu doluxsunmuş halda:
- Fikir eləmə, indi Sara adlı tələbə yoldaşıma zəng edib Seyidin iş yerinin harda yerləşdiyini öyrənəcəm.
Banu Saraya zəng edib əhvalatı təfsilatı ilə ona danışdı. Sara bacıma bildirdi ki, Seyid Şuşinskiylə atam yaxın dostdurlar. Atama deyim, cavabını dərhal sizə bildirərəm. Bir azdan telefonun aramsız zənginə Banu dəstəyi götürüb danışa-danışa: - çox sağ olun, Sara, Allah sizdən razı olsun, İnşallah sabah axşam üstü qardaşım Abdulla ilə Süleyman hər ikisi sizə gələcək, - deyib gülə-gülə dəstəyi yerinə qoydu.
Bacım mənə yaxınlaşıb:
- Uzaq yol gəlmisən, dur yaxşı-yaxşı yuyun, əynini dəyiş bir az uzan, yat, dincini al, - dedi.
Abdulla ilə Adil evdən çıxıb hara isə getdilər.
Mən yuyunduqdan sonra məktəbdə oxuduğum vaxtlarda nənəmin yundan toxuduğu naxışlı, kiçik heybəmdən qalın dəftərimi çıxardıb vərəqləyirdim. Dəftərimdəki radiodan eşitdiklərim, kitablardan, qəzetlərdən köçürdüyüm xalq, bəstəkar mahnılarına, qəzəllərə göz gəzdirib hazırlaşırdım. Bilirdim ki, Seyid Şuşinski ilk görüşümdən fərqli olaraq, bu dəfə mənim səsimi hər tərəfli yoxlayıb qəti qərarını verəcək.
Həyət qapısından içəri girən Abdulla ilə Adil deyə - gülə evə daxil oldular. Əllərindəki bağlamaları stolun üstündə qabağıma qoyan Abdulla:
- Dur ayağa bunları geyin gör əyninə necə olur, - deyə onları bir - bir açıb göstərdi. Mən alınan təzə geyimləri görəndə heyrətə gəldim. Orda təzə ayaqqabı, şalvar, köynək və digərləri səliqə ilə bükülmüşdü. Yan otağa keçib alınan pal-paltarı geyinib dəhlizə çıxdım. Bacılarım məni təzə paltarda görüb çox sevindilər.
Adil mənə yaxınlaşıb:
- Çox mübarəkdir, sağlıqla geyin.
İndi isə paltarını dəyiş gedək saçını düzəltdirim. O günü məni necə bəzəmişdilərsə, güzgüyə baxanda özüm-özümü tanımadım. Səhərisi axşam üstü qardaşım Abdulla ilə şəhərə, bacımın rəfiqəsi Saragilə yollandıq. Qapıda Sara ilə atası bizi gülərüzlə qarşıladılar. Saranın atası elm adamı, alim idi. Tanışlıqdan sonra atası telefonla Seyid Şuşinskiyə zəng edib onun istəyi ilə mənim Bakıya gəldiyimi bildirdi. Saranın atası qısa danışıqdan sonra, - Ağa İnşallah, sabah səhər Süleyman balamız sizin yanınıza gələcək, - deyə sağollaşıb dəstəyi yerinə qoydu. O, gülə-gülə gəlib yerində əyləşərək:
- Ağa sənin səsini yaman bəyənib. Deyir nadir səsdir. Mən bu yaşıma qədər belə səs eşitməmişəm. Sabah səhər onu göndərin mənim yanıma, musiqiçilərin müşayiəti ilə hər tərəfli dinləyəcəm, - dedi.
Biz ayağa qaxıb razılıq hissi ilə görüşərək evə qayıtdıq. Axşam evdə məsləhət oldu ki, mən bacım Banu və Sara ilə birlikdə Ağanın işlədiyi musiqi məktəbinə gedək. Səhərisi tramvayla yol gedib musiqi məktəbinin yaxınlığında bizi gözləyən Sara ilə görüşdük. Sara barmağı ilə açıq pəncərəni göstərib, - Ağanın sinif otağı oradır. Get görüş, səni gözləyir, - dedi. Sinfə daxil olanda Ağa ilə tarzən əyləşib gözləyirdilər. Sonralar öyrənmişdim ki, o günü gördüyüm tarzən Kamil Əhmədovdur. Bir saata yaxın məni oxudub səsimi yoxlayan Seyid razılıqla, başını tərpədib, bura kiminlə gəlmisən, get onu çağır gəlsin bura, - dedi.
Mən dərhal küçəyə çıxıb ağacın gölgəsində dayanıb gözləyən bacımla Saraya, – Ağa sizi çağırır, - dedim.
Ağa gülər üzlə Sara ilə bacımı qarşılayıb əl görüşdü. O, Saranın əlini tutub alnından öpərək, gülə-gülə:
- Şuşalı balası, atanız necədir? - deyə soruşdu.
Sara razılıq edib kənara çəkildi. Bu an Ağa bacıma tərəf baxıb qətiyyətlə dedi:
- Qızım, Süleyman balamızın səsi şirindir, bal kimidir. Çox nadir səsdir. Axşam telefonda yaxın dostuma, Saranın atasına da demişəm. Necə ki, mən bu Süleyman yaşında olanda, - deyə əlini çiynimə qoyub təmkinlə, - Şuşada Mir Möhsün ağanın ziyarətində olanda və sonralar da ustadım Cabbar Qaryağdıoğlu da vaxtı ilə haqqımda riqqətlə demişdilər ki, Seyid səndə həzrəti Davudun şövqü var. İndi isə bu ahıl yaşımda çox sevinirəm ki, son əlli ildə belə bir səsi olanı Qoç Əhmədli kəndində aşkar edib məktəbə gətizdirdim və hər tərəfli yoxladıq. İndi isə Süleyman balamızdan bir tələbim var. Həftədə iki dəfə, birinci və dördüncü günlər bura gəlib səsini yoxlatmalı və qabiliyyət imtahanına hazırlaşmalıdır. Ancaq bax ha, deyə barmağını mənə tuşlayıb, - məşqə gecikmək, verilən tapşırıqlara biganə yanaşmaq olmaz.
Mən Seyidin qətiyyətli tapşırıqlarına əməl edəcəyimə söz verdim.
Biz sinif otağını tərk edib küçəyə çıxdıq. Küçənin sağ tərəfində dayanan insanlar məktəbin sinif otaqlarında mahnı ifa edənlərə maraqla qulaq asırdılar. Beləliklə, mənim musiqi məktəbində oxumağıma səbəb olacaq məşqələlərə başladım. Birinci, dördüncü günlər tramvaya minib beşmərtəbə deyilən binanın qarşısında düşür, oradan da piyada məktəbə yollanırdım. Musiqi məktəbi Ali Məhkəmə binasının yaxınlığında yerləşirdi. Ağanın məşğələsində ilk tapşırığı olan “Şahnaz” muğamını mükəmməl olaraq öyrənirdim. Bir neçə məşğələdən sonra hazırlıq qrupumuza təzəcə cəlb edilmiş sarışın saçlı gənc, Sabir Mirzəyevlə birlikdə hazırlaşırdıq. O, Çahahargah muğamına hazırlaşırdı. Onun qeyri adi səsi eşidənləri heyrətləndirir, valeh edirdi. Seyid bizimlə məşqul olarkən məşğələ zamanı israrla deyirdi ki, sizin hər ikiniz mənim sonuncu tələbəm - yetirməm olacaqsınız. Bütün gücümü sizə sərf edib ərsəyə gətirəndən sonra məktəblə vidalaşacam...
(Davamı var)

Vaqif RÜSTƏMOV
"Bütöv Azərbaycan" qəzeti
2 dekabr 2022
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!