“Ermənistan Azərbaycana Birinci Qarabağ müharibəsində həlak olmuş 10 nəfərə aid qalıqları təhvil verib”. Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb. Məlumata görə, Ermənistan tərəfi həmçinin Azərbaycana 2 xəritə təqdim edib. Sözügedən xəritələrdə həlak olmuş daha 4 şəxsin harada dəfn olunduğu barədə məlumatların yer aldığı bildirilib. Qeyd edək ki, Azərbaycanın rəsmi qurumları bununla bağlı hələlik məlumat yaymayıb.
Gürcüstanla Rusiyanı birləşdirən avtomobil yolu məhdudlaşdırıldı
Gürcüstan və Rusiyanı birləşdirən Yuxarı Lars yolunda avtomobillərin hərəkəti qismən məhdudlaşdırılıb. Qoşqulu və yarımqoşqulu avtomobillərin yoldan istifadəsi yasaqlanıb. Məlumata görə, ekstremal hava şəraitinə görə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısını almaq məqsədilə verilən qərarın səbəbi güclü qar yağması olub. Çətin relyefə malik ərazidən keçən yolun hava şəraitinin normallaşmasından sonra bütün hərəkət iştirakçıları üçün tam açılacağı bildirilib. Qeyd edək ki, Gürcüstanla yanaşı, Ermənistanın da Rusiya ilə əlaqəsi bu yol vasitəsilə təmin olunur. Böyük Qafqaz dağlarından keçən yol xüsusən qış aylarında mütəmadi olaraq bağlanır.
İki azyaşlının həyatına son qoyan yanğından görüntülər
Dünən Sumqayıtda iki azyaşlının yanaraq öldüyü hadisə barədə bəzi məqamlar üzə çıxıb. Kimyaçılar yaşayış massivində baş vermiş hadisə zamanı uşaqların valideynləri evdə olmayıb. Qonşuların bildirdiyinə görə, həmin evdə baş verən yanğın zamanı qapı arxadan bağlı olub. Nəticədə azyaşlıların vaxtında mənzili tərk etməsi mümkün olmayıb. Qonşular qapını sındırıb açdıqda isə artıq gec olub. Hadisə yerindən çəkilən görüntüləri təqdim edirik:
Bayden administrasiyası Çində koronavirus qadağalarına qarşı keçirilən etiraz aksiyalarını dəstəkləyir. Bunu ABŞ dövlət katibi Entoni Blinken deyib. Blinken Ağ Evin bütün dünyada dinc etirazlarda iştirak edən nümayişçiləri dəstəklədiyini qeyd edib.“Əlbəttə, biz dəstəkləyirik... İstər Çində, istər İranda, istərsə də başqa yerdə insanların dinc şəkildə etiraz etmək, öz fikirlərini bildirmək, məyusluqlarını ifadə etmək hüququnu dəstəkləyirik”, - deyə o bildirib. Dövlət katibi qeyd edib ki, insan haqları və vətəndaş azadlıqları Amerika siyasətinin “əsasını təşkil edir”.
Xəzər dənizinin Dağıstan sahillərində 2500-ə yaxın suiti cəsədi tapılıb. Bu barədə Rusiya Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, suiti cəsədləri Sulak və Şurinka çaylarının mənsəbləri arasındakı ərazidə aşkar edilib. Tələf olan heyvanların sayının hesablanması davam edir. "Bu, son on ildə Xəzər suitilərinin kütləvi tələfatıdır", - nazirlik bildirib.