24-12-2022, 15:18
ABŞ-ın hərbi yardım üçün gücü tükənibABŞ hökuməti etiraf edib ki, Birləşmiş Ştatların Ukraynanın ehtiyaclarını ödəmək üçün artilleriya mərmiləri istehsal etmək gücü yoxdur. Bu barədə "Washington Post" nəşri yazır. Qeyd olunur ki, ABŞ ayda 14 min artilleriya mərmisi istehsal etmək iqtidarındadır, lakin Ukrayna bu sayda mərmini iki gündə istifadə edir. Bildirilir ki, ABŞ artilleriya sursatlarının istehsalını artırmağı planlaşdırır. Qəzetin yazdığına görə, Vaşinqton Avropa ölkələrini öz sənaye imkanlarını artırmağa sövq etməyə çalışır.
24-12-2022, 15:14
Mehriban Əliyevadan prezidentə təbrik mesajıAzərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Prezident İlham Əliyevin doğum günü ilə bağlı paylaşım edib. Paylaşımda deyilir: "Doğum gününüz mübarək, cənab Prezident! Uca Allah Sizi və Azərbaycan xalqını qorusun!". Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür.
24-12-2022, 15:10
Gəncədə törədilən dəhşətli qətlin üstü açıldıGəncədə 1963-cü il təvəllüdlü atası Azad Məmmədovu qətlə yetirən oğlu Məmməd Məmmədovun məhkəmə prosesi başa çatıb.Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 1996-ci il təvəllüdlü M.Məmmədov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə ötən ilin dekabrın 10-da baş verib. Məmməd evdə mübahisə zamanı atasını yerə yıxıb və onu boğaraq öldürüb. O, daha sonra meyiti və izlərini itirmək üçün həyətdə çuxur qazaraq atasının cəsədini yandırıb. Bundan sonra M.Məmmədov sevgilisinə hədiyyə almaq üçün şəhərə gedib. Geri qayıdanda isə atasının cəsədini yandırdığı çuxura baxıb və meyitin tam yanmadığını görüb. Bu zaman o, yenidən meyitin üzərinə benzin tökərək yandırıb. Bundan sonra Məmməd atasının yanmış cəsədini torbaya qoyaraq həyətdə ağacın yanında basdırsa da, torbanın bir qismi çöldə qalıb. Məmməd özündən şübhələri yayındırmaq üçün polisə atasının itkin düşməsi ilə bağlı məlumat verib. Dekabrın 11-də isə Nizami rayon polis idarəsinin əməkdaşları gələrək, evə baxış keçirib gediblər. Bir gün sonra polis əməkdaşları təkrarən gələrək, ev və həyətyanı sahəyə ətraflı baxış keçirərək, şübhəli bir şey aşkarlanmadan gediblər. Polis əməkdaşları getdikdən sonra Məmmədin bibisi oğlu Azad Məmmədovun meyiti olan torbanı həyətyanı sahədən tapıb və polisə məlumat verib. Cinayəti törədən Məmməd Məmmədov isə dekabrın 13-də saxlanılaraq istintaqa təhvil verilib. Qeyd edək ki, Məmməd Məmmədov Vətən müharibəsi iştirakçısı olub.
24-12-2022, 11:59
Sumqayıtda 24 saylı məktəbdə Esmira Günəşin kitablarının təqdimatı olduDekabrın 23-ü Sumqayıt şəhər 24 saylı məktəbdə Esmira Günəşin şəhidlərə həsr etdiyi kitabların təqdimatı oldu. Tədbirdə kitablarla yanaşı həm də kitabda yer alan Sumqayıt şəhidlərinin şəkillərindən sərgi hazırlanmışdı. Məktəbin şagirdləri əvvəlcə sərgi ilə tanış olub şəhidlərimizi daha yaxından tanıdı, sonra isə tədbirdə iştirak edərək şəhid anaları ilə ünsiyyət qurmağa fürsətləri oldu. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunduqdan sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra məktəbin direktoru Nəsibə müəllimə qonaqları salamlayaraq şəhidlərimizin illər keçsə də unudulmayacağını dilə gətirərək, məktəb kollektivi olaraq bu sahədə xüsusi addımlar atdıqlarını bildirib. Qeyd edib ki, hər zaman şəhid ailələrinin və qazilərin yanında olaraq onlara dəstək olmağa çalışırlar. Tədbir Esmira Günəşin şəhidlərə həsr etdiyi şeirlərlə və vətənpərvərlikdən bəhs edən bir neçə səhnəciklə davam edib. Tədbirin gedişatında sözləri Esmira Günəşə, bəstəsi Yaqut Almaza məxsus olan şəhid Elmar Nəsibovun xatirəsinə həsr olunmuş musiqi gənc müğənni Xəyal Cəbrayıllının ifasında səsləndirilərək klipi qonaqlara nümayiş olunub. Tədbirin xüsusi qonaqlarından biri də qadın şəhidimiz Mətanət Mehdiyevanın ailəsi olub. Tədbirin sonunda çıxış edən Esmira Günəş qadın qəhrəmanlarımızdan çox az tanındığını bildirərək, Mətanət Mehdiyevanın adını xüsusi vurğulayıb. O bildirib ki, bundan sonra da şəhidlər haqqında yazıb, yeni kitablar nəşr etdirməyə davam edəcək. Gələn bütün qonaqlara və tədbirin ərsəyə gəlməsində əziyyəti olan hər kəsə təşəkkür etdi. Sonra xatirə şəkilləri çəkdirildi. Sonda məktəb kollektivi şəhid ailələrini ehsan süfrəsinə qonaq etdilər.