Ukrayna Putinin Mariupola səfərinə münasibət bildirdi
Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak Rusiya prezidenti Vladimir Putinin işğal olunmuş Mariupola səfərini şərh edib. Müşavir bu barədə twitter səhifəsində yazıb. "Cinayətkar həmişə cinayət yerinə qayıdır. Sivil dünya “müharibə rəhbərinin” (V.V Putin) sərhədlərini keçəcəyi təqdirdə həbs olunduğunu elan edərkən, minlərlə Mariupol ailəsinin qatili şəhərin xarabalıqlarına və qəbirlərə "heyran olmağ"a gəldi. Sinizm, peşmançılıq olmaması...", - deyə o qeyd edib.
Türkiyənin Kahramanmaraş vilayətində yenidən zəlzələ olub. Bu barədə AFAD-ın rəsmi twitter səhifəsində məlumat yayılıb. Bildirilib ki, vilayətin Göksun rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 4.4 ballıq maqnituda ilə qiymətləndirilib. Ocağı yerin 7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.
Avropa silah şirkətləri partlayıcı çatışmazlığı ilə üzləşib
Avropa silah şirkətləri Ukraynaya tədarük olunan mərmilər üçün partlayıcı çatışmazlığı ilə üzləşib. Bu barədə "Financial Times" nəşri yazıb. Nəşrin məlumatına görə, söhbət trotil, barıt və plastid kimi komponentlərdən gedir. Bununla bağlı Avropa şirkətləri digər ölkələrdən, xüsusilə Hindistan və Cənubi Koreyadan partlayıcı maddələrin tədarükünü artırmağa çalışacaq. Bildirilib ki, istehsalçılar, sənaye liderləri və Avropa İttifaqı rəsmiləri xəbərdarlıq edib ki, artan tələb həm də Ukraynada müharibə başlayandan bəri təxminən 20% bahalaşan qiymətlərin daha da artmasına səbəb ola bilər.
Quru qoşunlarını inkişaf etdirmək üçün çox iş görməliyik - Putin
"2014-cü ildən bəri Rusiya iqtisadiyyatın gücləndirilməsi və idxalı əvəzləmənin inkişafı üçün çox işlər görüb. Rusiya Federasiyasının maliyyə sistemində, düşmənin gözləntilərinə baxmayaraq, heç nə çökməyib, hər şey işləyir". Bunu Rusiya prezidenti Vladimir Putin deyib. "Rusiya Ukrayna ilə bağlı vəziyyətin sülh yolu ilə həll oluna biləcəyi ehtimalından çıxış etdi və qarşıdurmaya can atmadı. Saxta tərəfdaşlar isə Donbas məsələsini dinc yolla həll etmək niyyətində deyildilər", - deyə o söyləyib. "2014-cü ildə Rusiyanın hipersəs silahları yox idi, lakin indi digər müasir sistemlər kimi o da var. Rusiya Federasiyası quru qoşunlarını inkişaf etdirmək üçün hələ çox iş görməlidir", - Rusiya prezidenti əlavə edib.
Müdafiə Naziri bayram münasibətilə hərbi hospitala ziyarət etdi
Martın 19-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Novruz bayramı münasibətilə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalını ziyarət edib. Bu barədə MN-dən bildirilib. Əvvəlcə hospitalın həyətində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyulub. Ulu Öndərin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. General-polkovnik Z.Həsənov martın 5-də Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində yaralanan, eləcə də hospitalda müalicə olunan digər hərbi qulluqçularla görüşərək onların səhhəti və reabilitasiya prosesi ilə maraqlanıb, ən qısa müddətdə sağlamlıqlarını bərpa edərək xidmət yerlərinə qayıtmalarını arzulayıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Novruz bayramı təbriklərini hərbi qulluqçulara və tibb personalına çatdıran Müdafiə naziri onlara bayram sovqatları təqdim edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyəti sayəsində bütün istiqamətlərdə qazanılan uğurlardan danışan Nazir, hərbi tibb sahəsində əldə edilən nailiyyətləri xüsusi qeyd edib. Müdafiə naziri Türkiyədə baş vermiş zəlzələdə xəsarət alanlara tibbi yardım göstərilməsi məqsədilə Ali Baş Komandanın göstərişinə əsasən qardaş ölkəyə ezam olunan hərbi tibb personalı və hospitalın digər əməkdaşları ilə də görüşüb, yüksək peşəkarlıq nümayiş etdirdiklərinə görə onlara təşəkkürünü bildirib. Hospitalın kollektivi və müalicə olunan hərbi qulluqçular burada yaradılan şəraitə, eləcə də hərtərəfli qayğı ilə əhatə olunduqlarına görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər. General-polkovnik Z.Həsənov tibb işçilərini bayram münasibətilə təbrik edib, müayinə və müalicə olunan hərbi qulluqçulara göstərilən xidmətin daha keyfiyyətli təşkili və təkmilləşdirilməsi ilə bağlı əlavə tapşırıqlar verib.
Sabah bəzi magistral yollarında görünüş məsafəsinin məhdudlaşacağı gözlənilir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, martın 20-də ölkə ərazisində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq bəzi magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.
Martın 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı, duman olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-9° isti, gündüz 13-16° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 16-21° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-5° isti olacaq.
Serbiya və Kosova münasibətləri normallaşdırmağa qərar verdilər
Serbiya və Kosova münasibətləri normallaşdırmaq barədə razılığa gəliblər. Serbiya prezidenti Aleksandr Vuçiç, Kosova baş naziri Albin Kurti və Avropa İttifaqı nümayəndələri bunun üçün Şimali Makedoniyada bir araya gələrək 12 saatlıq danışıqlar aparıblar. Nəticədə bir sıra məsələlər üzrə razılıq əldə olunub. Anlaşma əldə olunan məsələlər arasında Kosovada serb icmasının bələdiyyəsinin yaradılması da var. Görüşdə Aİ-ni xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndə Jozep Borrel təmsil edib. Həmçinin Şimali Makedoniya təmsilçisi də toplantıya qatılıb.
Ermənistan Türkiyə ilə sərhəddə keçid məntəqəsinin açılmasına hazırlaşır
Ermənistanın Dövlət Gəlirləri Komitəsi Türkiyə ilə sərhəddə keçid məntəqəsinin açılmasının mümkünlüyü ilə bağlı hazırlıqlara başlayıb. Dövlət Gəlirləri Komitəsi texniki təchizat üçün Metsamor icmasına müraciət edib. Bildirilib ki, hazırda gömrük nəzarəti prosesinin təmin edilməsi istiqamətində araşdırma aparılır. Söhbət gömrük binasından və sərhədə bitişik digər yarımçıq infrastrukturdan gedir.
"Qərbi Azərbaycan mövzusu Ermənistan hökumətinin etnik təmizləmə siyasəti nəticəsində gündəliyə gəlib". Bu barədə Qərbi Azərbaycan İcmasının mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Ermənistan Xarici İşlər Nazirliyi martın 18-də bəyanat verərək bu ölkədən qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququna xələl gətirməyə növbəti dəfə cəhd edib: "Əvvəla, vurğulamaq istərdik ki, sırf insan haqları məsələsi olan Qərbi Azərbaycan mövzusu Ermənistan hökumətinin etnik təmizləmə siyasəti və bu siyasətin nəticələrini aradan qaldırmaqdan imtina etməsi nəticəsində gündəliyə gəlib. Bizim təşkilatımız 1989-cu ildə təsis edilib və o dövrdən bəri ardıcıl olaraq, geri qayıtmaq hüququmuzun reallaşması uğrunda mübarizə aparırıq. Ermənistanda monoetnik vəziyyətin olduğu hamılıqla bilinən faktdır. Yaxın keçmişədək bu ərazidə azlıq təşkil etmiş ermənilər indi orada əhalinin 99%-dən çoxunu təşkil edirlər. Bu vəziyyət bədnam etnik təmizləmə nəticəsində meydana çıxıb. Ermənistanda qalmış cüzi sayda etnik azlıqlara dekorativ məqsədlə, parlamentdə kvota əsasında müəyyən sayda yer vermək, etnik təmizləmələri və davam edən irqi-ayrı seçkiliyi ört-basdır etmək üçün uğursuz cəhdlərdir. Bir daha vurğulayırıq ki, biz Ermənistan adlanan ərazinin qanuni sakinləriyik və evlərimizə geri qayıtmaq bizim mütləq və əzəli hüququmuzdur. Ermənistan Azərbaycan ilə münasibətlərinin xarakterindən asılı olmayaraq, öz ərazisindən qovduğu sakinlərinin geri qayıtmasına qeyd-şərtsiz şərait yaratmalıdır". "Biz Ermənistan hökumətini öz ərazisində azərbaycanlıların yaşamış olduğu məntəqələrdə həyata keçirdiyi qeyri-qanuni məskunlaşma siyasətinə, mədəni irsimizin dağıdılmasına son verməyə və bu qanunsuzluğu aradan qaldırmağa çağırırıq. Biz bir daha Ermənistan hökumətini o ərazinin qanuni sakinləri olan və oradan qovduğu azərbaycanlıların verifikasiya və zəmanət mexanizmləri və hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşma çərçivəsində öz evlərinə sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına şərait yaratmağa, bunun üçün etdiyimiz dialoq müraciətinə cavab verməyə çağırırıq. Nəhayət, bir daha vurğulamaq istərdik ki, öz evlərimizə sülh yolu ilə geri qayıtmaq tələbimiz Ermənistanın ərazi bütövlüyü və ya suverenliyinə xələl gətirə biləcək şəkildə yanlış təfsir edilə və ya qələmə verilə bilməz", - məlumatda vurğulanıb.