Fransada etirazçılar prezidentin sevimli kafesini yandırdı
Pensiya islahatına etiraz edən aksiyaçılar Fransa Prezidenti Emmanuel Makronun sevimli kafesini yandırıb. Bu barədə "Reuters" agentliyi yazıb. Parisdə yerləşən "La Rotonde" adlanan kafenin qarşısında etirazçılarla polis arasında toqquşma yaşanıb. Aksiyaçılar polisə butulka və boya atıb. Şəhərin digər hissəsində qara geyimli anarxistlər iki bankın şüşələrini sındırıb, daha sonra polislərə hücum ediblər. Xatırladaq ki, Fransada qalmaqallı pensiya islahatları layihəsi təqaüd yaşının 62-dən 64-ə qaldırılmasını, habelə bəzi xüsusi pensiya rejimlərinin ləğvini nəzərdə tutur. Hökumətin pensiya islahatı ölkədə kütləvi etirazlara səbəb olub.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfər edib. Bu barədə Rusiya XİN sözçüsü Mariya Zaxarova məlumat yayıb. O qeyd edib ki, bu gün Lavrov Türkiyədə işgüzar şam yeməyində iştirak edib, rəsmi danışıqlar isə sabah olacaq.
Güllələnən deputat hadisədən sonra ilk dəfə görüntüləndi
Evinin qarşısında silahlı hücuma məruz qalan deputat Fazil Mustafanın müalicə aldığı xəstəxanadan fotosu yayılıb. Foto Real TV-nin rəhbəri Mirşahin Ağayevlə deputatın müsahibəsi zamanı lentə alınıb. Xatırladaq ki, martın 28-də saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib. Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.
UEFA “Qarabağ” klubuna Avropa Konfrans Liqasının pley-off mərhələsində iştirakına görə ödəniş edib. Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. UEFA tərəfindən ayrılmış 300.000 (üç yüz min) avro maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə Ağdam klubunun hesabına köçürülüb.
Özbəkistan parlamenti Azərbaycanla hərbi əməkdaşlığı təsdiqlədi
Özbəkistan parlamenti Azərbaycan hökuməti ilə hərbi və hərbi-texniki sahələrdə əməkdaşlıq haqqında imzalanmış sazişləri təsdiqləyib. Bu barədə Özbəkistan parlamentinin mətbuat xidməti məlumat yayıb. Qeyd edək ki, sözügedən sazişlər Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin iyun ayında Daşkəndə səfəri zamanı imzalanıb.
Türkiyənin İstanbul şəhərində istifadə olunmayan bina çöküb. Bu barədə “TRT Haber” məlumat yayıb. Bildirilib ki, beşmərtəbəli binanın beton konstruksiyası dağılmağa başlayıb və bu səbəbdən bina çöküb. Hadisə yerinə gələn polis və xilasedicilər tərəfindən əraziyə giriş-çıxış bağlanıb. Uçqun nəticəsində xəsarət alan olmayıb.
Son iki ayda Türkiyədə 25 minə yaxın zəlzələ baş verib
Türkiyədə 6 fevral tarixində baş vermiş zəlzələdən sonra ümumilikdə 24 927 yeraltı təkan qeydə alınıb. Bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) məlumat yayıb. Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara və 50 mindən çox insanın həyatını itirməsinə səbəb olub.
Hələlik sülh yolu ilə nizamlanma perspektivləri görünmür - Peskov
"Rusiya Federasiyası üçün əməliyyatların davam etdirilməsindən başqa yol yoxdur, hələlik sülh yolu ilə nizamlanma perspektivləri görünmür". Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. "Çinin vasitəçilik potensialı var, lakin Ukrayna məsələsində vəziyyət hələ də mürəkkəbdir. Rusiya Federasiyası NATO-nun ölkə sərhədlərinə yaxınlaşması kontekstində qitədə təhlükəsizlik arxitekturasını tarazlaşdırmaq üçün tədbirlər görür. Moskva Serbiya və NATO üzvləri tərəfindən planlaşdırılan təlimləri çox diqqətlə izləyəcək. Belqrad ölkəni anti-Rusiya mövqeyi tutanların ixtiyarına vermək üçün görünməmiş təzyiq altındadır. NATO Rusiya Federasiyasına doğru genişlənir, Rusiya isə ona yaxınlaşmır", - sözçü bildirib. "Kremldə ölüm hökmünə qoyulan moratoriumun ləğvi məsələsi müzakirə olunmur. Putinlə Lukaşenko arasında ünsiyyət çox uzun və mənalı idi, gecə yarısına qədər uzandı", - Peskov söyləyib. O, Putinin Türkiyə prezidentinin nümayəndəsi İbrahim Kalınla görüşdüyünü təsdiqləyib.
Ermənistan Türkiyəylə sərhəddə gömrük-keçid məntəqəsi açmağa hazırlaşır
Ermənistan hökuməti Türkiyə ilə sərhəddəki gömrük-keçid məntəqəsini işə salmağa hazırlaşır. Bunu Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədri Rustam Badasyan jurnalistlərə bildirib. Onun sözlərinə görə, diplomatik pasportlara malik şəxslər və üçüncü ölkə vətəndaşları üçün sərhədlərin açılması ilə bağlı İrəvan və Ankara arasında əldə olunmuş razılaşma çərçivəsində iş aparılır. "Biz digər dövlət qurumları ilə birlikdə yekun qərar qəbul olunarsa, bu məntəqənin tez bir zamanda aktivləşdirilməsinə hazırlaşırıq. Orada gömrük prosedurlarının rahat tətbiqi üçün hazırlıq işləri aparılır", - o qeyd edib.
Ölkədə xeyriyyəçilik fəaliyyəti tənzimlənəcək - Paşinyan
"Ermənistan hökuməti ölkədə xeyriyyəçilik fəaliyyətini tənzimləyəcək". Bu barədə ölkənin baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib. "Dövlət qurumlarına xüsusi diqqət yetiriləcək, onlara hədiyyələr verilməsi praktikasına son qoyulmalıdır. Ölkənin, məsələn, məktəblər üçün lazım olan hər şeyi almaq imkanı var. Xeyriyyəçilərin yardımı dövlət proqramına uyğun olmalıdır", - deyə Paşinyan bəyan edib. "Bunun üçün Maliyyə Nazirliyi ianələrlə bağlı xüsusi hesab açacaq", - Ermənistan baş naziri əlavə edib.