XANIM – XATIN RƏHİLƏ XANIM, AD GÜNÜNÜZ MÜBARƏK! Keçən yüzilliyin 80-ci illərində dünyaya gəldiyim Rustavi şəhərindəki 7 saylı orta məktəbin şagirdi olanda televiziyada “Lalə” qızlar ansamblının konsertinə baxırdıq. Sazlı-sözlü mühitdə böyüsəm də, Azərbaycan xalq və bəstəkar mahnılarını doymazlıqla dinləyərdik. Milli geyimli musiqiçi qızlar və müğənnilər elə ruh yüksəkliyi ilə ifa edirdilər ki, az qalırdıq onlarla birgə oxuyaq. Rəhilə Bəndəliyevanın o zamandan səsinin və səhnə mədəniyyətinin vurğunu olmuşam. Onun səsi oxuduğu mahnıdan, muğamdan asılı olaraq gah coşub-çağlardı - kükrəyən dağ çayı, şaqraq şəlalə kimi, gah kövrək olardı - bağların boynubükük bənövşəsi, zəmilərin gözəli qara xallı lalə kimi.
Bakıya gələndən sonra ulu yaradan mənim onunla tanış olmaq arzumu çin elədi. Görüşdük, həmsöhbət olduq, döğma münasibət yarandı, sirdaş olduq. Müxtəlif tədbirlərdə iştirak etdik, səfərlərdə olduq, bir-birimizi daha yaxından tanıdıq. Onun Azərbaycan qadınlarına xas xanım-xatınlığını, şəxsiyyətinin bütövlüyünü, dönməz əqidəsini hamımız örnək kimi qəbul etdik.
Onun 60 illik yubileyinin iştirakçısı oldum, təbrik etdim, arzularımı dilə gətirdim. Bu da taleyin xoş bəxşişi idi ki, gəncliyimdə televiziyada görüb sevdiyim insanın yubileyində ürək sözlərimi deyə bildim. “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyini yaradanda Məclisə ilk xeyir-duanı verənlərdən biri də Rəhilə xanım olub. Mirvarid Dilbazinin 110 illiyi ərəfəsində ilk qadın Xalq şairimizin “Azərbaycan qızıyam” şeirinə bəstələnən mahnını ilk dəfə Rəhilə xanım ifa edib. Cəlilabad Rayon İcra Hakimiyyəti ilə “Mirvarid Dilbazı Poeziya Məclisi”nin birgə təşkilatçılığı ilə Cəlilabadda keçirilən Mirvarid Dilbazinin 110 illik yubiley tədbrində Rəhilə xanım Məclisin üzvləri ilə birlikdə iştirak etmiş, onun oxuduğu “Azərbaycan qızıyam” mahnısı alqışlarla qarşılanmışdır.
Köküm ulu torpaqda,
Haqqın yolu torpaqda,
Fikrim, hissim, xəyalım
Daim haqqı sormaqda,
Azərbaycan qızıyam. “Azərbaycan kələğayısı – min illərin yadigarı” layihəsi çərçivəsində tədbirlərin birində Südabə İrəvanlının “Nə gözəl yaraşır kələğay bizə” şeirinə yazılmış mahnını Rəhilə xanım şövqlə oxudu. Həm səsinə, həm də başı kəlağayılı müğənninin xanım-xatınlığına, milli dəyərlərə xüsusi önəm verməsinə tamaşaçılar heyran qaldılar.
Rəhilə xanımın müğənni, musiqiçi olmaq istəyinin qarşısına çox səddlər çəkməyə, yolundan döndərməyə çalışsalar da, inadından dönməyib. Milli mentallığımızın bəzi “qayda-qanun”ları belə onun qarşısında aciz qalıb. Təkcə atası onu anlayıb, yolunda yaşıl işıq yandırıb, sevimli qızına uğurlu yol arzulayıb:
”Kim nə deyir, desin, özü üçün deyir, mənim qızımsansa, get, ağıllı ol.”
Həyat Rəhilə xanımın yoluna Vahid Abdullayev, Səkinə İsmayılova, Ceyran Haşımova kimi qayğıkeş, xeyirxah insanlar çıxarıb. Ustadların dərsləri, tövsiyələri muğam məktəbinin şagirdinin, “Lalə” qızlar ansamblının solistinin səsini cilalayır, Azərbaycan musiqisinin əsaslarını daha dərindən öyrənməsinə kömək edir.
Indi təkcə şou-biznesin yox, hətta ciddi muğam sənətinin nümayəndələri pul dalınca qaçdığından, bəzən sənət unudulur. Rəhilə xanım kimilərin bircə amalı var – sənətə xəyanət etməmək, işini mükəmməl öyrənmək!” O, Ceyran Haşımovanın diqqətini, qaygısını unutmur.
Rəhilə xanım 45 ildən çox səhnədə olsa da, hər an öyrənir, özünə qarşı çox tələbkardır, sənətdə mükəmməlliyi sevir. Ömrün keçən illərində əlinə düşən imkanlardan maksimum istifadə etmədiyinə görə özünü qınayır. Xalq artisti Səkinə İsmayılovanın Asəf Zeynallı adına Musiqi Texnikumunda (indi Musiqi Kolleci) müəllim olmaq təklifinə razı olmayıb. Dövlət imtahanında oxuduğu “Orta Mahur”u, daha sonralar “Mirzəhüseyn Segahı”, “Şahnaz” dəstgahlarını, “Qarabağ şikəstəsi”ni səsinin şaqraq vaxtında yazdırıb Azərbaycan musuqisi tarixinin səhifələrinə yerləşdirməyib. Vaxtında yazdırsaydı, inanıram ki, qızıl fondda saxlanılardı.
Rəhilə xanım “Lalə” qızlar ansamblı ilə Azərbaycanın bölgələrini, kəndlərini, tarlalarını, bir çox ölkələri diyar-diyar dolaşmış, Azərbaycan musiqisini tərənnüm və təbliğ etmişdir. O, xoşbəxt anadı, nəvələrinin sevimli nənəsidi. Nəvələrinin körpə çağlarında mahnılarımızı laylay kimi zümzümə edərək onları mənəvi cəhətdən zəngin böyüdüb. Ömür-gün yoldaşı onu yaxşı anlayıb, uğurlarına qol-qanad verib. Övladları musiqi duyumlu olsalar da, ananın yolunu davam etdirməyiblər. Ancaq Rəhilə xanımın sənətinə sayğı ilə yanaşırlar.
Dövlətimiz onun sənətini yüksək qiymətləndirmişdir. 2007-ci ildən “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adını ləyaqətlə daşıyır.
Rəhilə Bəndəliyeva birinci Qarabağ və 44 günlük Vətən müharibəsi dövründə tez-tez cəbhə bölgələrinə gedən, əsgər və zabitlər qarşısında çıxış edən sənətkarlardandır. Onun ifasındakı musiqilər Vətən oğullarının döyüş ruhunu, qələbə inamını, Vətən, torpaq sevgisini coşdurub. O, zəfərimizə öz töhfəsini verən sənət adamıdır. Azərbaycan musiqi sənətinin yorulmaz tərənnümçüsü ömrünün 65-ci baharını yaşayır, mahnıları, şirin səsi, mənəvi dünyası ilə Vətənə xidmət edən əsgərdi, bəşər övladlarını barışa çağıran anadır. Əmindir ki, yer üzündə barışı qoruyacaq ən etibarlı silah ana qəlbidir.
Yorulmayasınız, Rəhilə xanım. Daha uğurlu illər, sağlam yaşam arzulayıram. Daşların arasından özünə yol tapıb işıqlı dünyaya çıxan büllur bulağın suyu kimi dupduru səsiniz həmişə çağlasın!
Güllü Eldar TOMARLI,
“Mirvarid Dilbazi Poeziya Məclisi”nin sədri,
Kəlağayı Muzeyinin direktoru