22-06-2023, 22:30
DİN Başçısı ilə türkiyəli həmkarı arasında telefon danışığı olduAzərbaycan və Türkiyənin daxili işlər nazirləri arasında telefon danışığı olub. Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya özünün "Twitter" hesabında yazıb. "Jandarm Qüvvələri Komandanı ordu generalı Arif Çətinlə dost və qardaş ölkə Azərbaycanın daxili işlər naziri cənab Vilayət Eyvazovla telefon danışığı apardıq. Hörmətli həmkarımla ölkələrimiz arasında sarsılmaz əlaqələrin daha da möhkəmləndirilməsi ilə bağlı fikirlərimizi bölüşdük", - o qeyd edib.
22-06-2023, 22:20
Azərbaycan və İngiltərənin XİN Başçıları görüşdüAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyaya səfəri çərçivəsində krallığın Avropa və Şimali Amerika üzrə naziri Stefen Douti ilə görüşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin twitter hesabında məlumat paylaşılıb. Bildirilib ki, tərəflər Azərbaycan-Böyük Britaniya əməkdaşlığının perspektivlərini və regional təhlükəsizlik vəziyyətini müzakirə ediblər. Qeyd edək ki, Ceyhun Bayramov Böyük Britaniyada işgüzar səfərdədir.
22-06-2023, 19:03
Kamran Əliyev Laçın və Qubadlıdakı hərbi hissələrə baş çəkdiİyunun 22-də Baş prokuror Kamran Əliyev Laçın və Qubadlıda Müdafiə nazirliyi, Dövlət Sərhəd Xidməti və Daxili Qoşunlara məxsus hərbi hissələrdə olub. Bu barədə Baş Prokurorluqdan bildirilib. Qeyd edilib ki, Baş prokuror əsgər və zabitlərlə görüş keçirib. Baş prokuror Kamran Əliyev Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilmiş hərbi-siyasi Zəfərin əhəmiyyətindən bəhs edib. Sonra bir qrup hərbiyə Silahlı Qüvvələr Günü münasibətilə qiymətli hədiyyələr təqdim olunub.
22-06-2023, 17:58
Goranboyda sel suları fəsadlara səbəb olduGoranboyda növbəti sel suları yenə fəsadlara səbəb olub. Goranboy rayon İcra Hakimiyyətindən bildirilib ki, 22.06.2023-cü il tarixdə, saat 15:00-15:30 radələrində baş verən leysan yağışları nəticəsində Kürəkçay çayında suyun səviyyəsi artmış, yaranan sel suları Goranboy rayonun Nizami, Dəyirmanlar, Azad, Borsunlu və Nadirkənd kəndləri ərazisində əkin sahələrinə, yol infrastrukturuna, Azad-Nizami avtomobil yolunda olan körpüyə və Todan kəndində 1 fərdi yaşayış evinin yardımçı tikilisinə ziyan vurmuş, Dəyirmanlar kənd tam orta məktəbinin həyətinə və zirzəmisinə dolub. Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, aidiyyəti məsul şəxslər və xidmət sahələrinin rəhbərləri ilə birgə, selin fəsad yaratdığı ərazilərdə mövcud vəziyyətlə yerində maraqlandı. Rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası tərəfindən müvafiq texnikalar əraziyə cəlb edilməklə sel sularının əhalinin yaşadığı əraziyə keçməsinin qarşısı alınmış, hazırda fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
22-06-2023, 17:41
Azərbaycan erməni əsilli sakinlərin hüquq və azadlıqlarını təmin edir - XİN"Azərbaycanın Qarabağ bölgəsinin yerli erməni əsilli sakinləri ilə dialoqunda "beynəlxalq mexanizm"in tətbiq olunmasına və bu çərçivədə erməni əsilli sakinlərin "hüquqları və təhlükəsizliyi" məsələlərinin həll edilməsinə dair çağırışlarla bağlı bir daha vurğulayaq ki, Erməni əsilli sakinlərlə dialoq, habelə Azərbaycan ərazisində, Azərbaycan qanunları çərçivəsində yaşayan şəxslərin hüquq və azadlıqlarının təmin olunması məsələsi Azərbaycanın daxili işidir". Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan baş naziri Nikol Paşinyanın hökumətin 22 iyun tarixli iclasında çıxışı zamanı səsləndirdiyi fikirlərə dair şərhində bildirilib.
Qeyd olunub ki, Azərbaycan erməni sakinlərinin reinteqrasiyası istiqamətində müvafiq zəruri tədbirlər həyata keçirməkdə qərarlıdır, bu və digər məsələlərin müzakirəsi məqsədilə erməni sakinlərə ünvanlanmış dəvət hələ də qüvvədədir.
22-06-2023, 17:22
Ombudsman əsir götürülmüş hərbiçilərimizlə bağlı müraciət etdiAzərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən əsir götürülmüş və qanunsuz olaraq azadlıqdan məhrum edilmiş hərbi qulluqçularımızın dərhal azad olunması ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib. Ombudsman Aparatından verilən məlumata görə, müraciətdə bildirilib ki, cari ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində itkin düşməklə Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan Ordusunun əsgərləri Bəbirov Aqşin Qabil oğlu və Axundov Hüseyn Əhliman oğlu saxta ittihamlarla azadlıqdan məhrum olunublar: "Bu müddət ərzində beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarına zidd olaraq onların müxtəlif işgəncələrə və pis rəftara məruz qalmaları Ermənistanın ölkəmizə qarşı etnik nifrət zəminində düşmənçilik siyasəti apardığını bir daha təsdiq edir. Bununla əlaqədar dəfələrlə müraciət olunmasına baxmayaraq, Ermənistan hakimiyyəti hərbi qulluqçularımıza qarşı qanunsuz qərarların qəbul edilməsinə rəvac verməklə beynəlxalq hüququn tələblərini növbəti dəfə kobud şəkildə pozmuşdur. Günahsız hərbi qulluqçularımıza münasibətdə qərəzli qərarların qəbul edilməsi və digər bu kimi təxribatçı addımların atılması iki ölkə arasında dayanıqlı sülhün təmin olunması istiqamətində aparılan danışıqları pozmaq məqsədi daşıyır. Hesab edirik ki, Ermənistanda saxta məhkəmə hökmü ilə tamamilə qanunsuz olaraq azadlıqdan məhrum edilmiş hərbi qulluqçularımız dərhal azad edilməlidirlər. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq, yenidən beynəlxalq ictimaiyyətə müraciət edərək, əsir götürülməklə qanunsuz həbs olunmuş hərbi qulluqçularımızın tezliklə azad edilməsi üçün təsirli addımların atılmasını qəti şəkildə tələb edirəm".
22-06-2023, 17:05
Ərdoğan 68 nazir müavininin təyin edilməsi haqqında sərəncam imzaladıTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 68 nazir müavininin təyin edilməsi haqqında sərəncam imzalayıb. Bu barədə Türkiyənin rəsmi qəzetində məlumat yayılıb. Prezidentin sərəncamına əsasən, hər bir nazirin 4 müavini olacaq. Türkiyənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlunun dövründə nazir müavinləri vəzifəsində çalışmış Yasin Ekrem Sərim, Burak Akçapar və Mehmet Kamal Bozay vəzifələrində qalıblar. XİN başçısının dördüncü müavini Ahmet Yıldız olub. Ahmet Yıldız 2016-2018-ci illərdə nazir müavini vəzifəsində çalışıb, daha sonra istefa verərək deputat seçilib. Bundan əvvəl isə Türkiyə Xarici İşlər Nazirliyinin Yaxın Şərq, İraq, kəşfiyyat, konsulluq məsələləri və protokol xidməti üzrə məsul departamentlərində çalışıb. Müxtəlif ölkələrdə baş konsul, müşavir və səfir kimi fəaliyyət göstərib.
22-06-2023, 16:39
Bəndqurma işlərinə ciddi şəkildə yanaşılacaq - NazirVətəndaşların göllə bağlı narahatlığı çox ciddi şəkildə öyrəniləcək. Müvafiq qurumlar təhlillər aparacaqlar. Bunu Gədəbəyin Söyüdlü kəndindəki vəziyyətin araşdırılması üçün yaradılan Dövlət Komissiyasının sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev sakinlərlə görüşü zamanı deyib. Nazir bildirib ki, gölün insan həyatına nə qədər neqativ təsir göstərməsi araşdırılacaq: "Bəndqurma işlərinə ciddi şəkildə yanaşılacaq. Hava monitorinqi onu göstərir ki, Söyüdlü kəndində və gölün ətrafında çirklənmə yoxdur". Qeyd edək ki, Gədəbəy rayonunun Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində süni gölün tikintisinə etiraz olaraq iyunun 20-də aksiya keçirməyə cəhd göstərib. Aksiyanın qarşısı alınan zaman polislə sakinlər arasında insident baş verib. Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün Baş nazirin Sərəncamı ilə komissiya yaradılıb.
22-06-2023, 16:19
Türkiyədə dollar yenidən bahalaşdıTürkiyə Mərkəzi Bankının uçot dərəcəsi ilə bağlı qərarından sonra ölkədə dollar yenidən bahalaşmağa başlayıb. Türkiyə lirəsi bir saat ərzində 3 faizdən çox ucuzlaşıb. Məlumata görə, birjalarda dolların məzənnəsi 24,31 lirəyə qədər yüksəlib.
Qeyd edək ki, Türkiyədə bu gün uçot dərəcələri 26 aydan sonra ilk dəfə artırılıb. Dərəcələr 6.5% artararaq 15%-ə çatdırılıb. Ötən ay Türkiyədə keçirilən prezident seçkilərinin ardından Rəcəb Tayyib Ərdoğan ölkənin iqtisadiyyat komandasını dəyişib. Mehmet Şimşek maliyyə və xəzinə naziri, Hafize Gaye Erkan isə Mərkəzi Bankın sədri təyin edilib. Ərdoğan uçot dərəcələrinin aşağı olması ilə bağlı fikirlərinin dəyişmədiyini, ancaq iqtisadi komandanın qərarlarını qəbul etdiyini bildirib.
22-06-2023, 15:59
Marşrut xətlərinin hərəkəti çimərliklərə qədər uzanırİyunun 15-dən Bakı Nəqliyyat Agentliyi 101, 107, 171, 179 və 180 nömrəli müntəzəm marşrut xətlərinin hərəkət sxemlərini çimərlik ərazilərinə qədər uzadacaq. Bu barədə agentlikdən məlumat verilib. Bildirilib ki, 101 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Türkan” çimərliyinə qədər, 107 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Buzovna” çimərliyinə qədər, 171 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Sea Breeze” istirahət mərkəzinə qədər, 179 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Pirşağı” çimərliyinə qədər, 180 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti isə “Zirə” çimərliyinə qədər təşkil ediləcək.