Aİ-nin Ermənistandakı Mülki Müşahidə Missiyasının baş ofisi açıldıYexeqnadzorda Avropa İttifaqının (Aİ) Ermənistandakı Mülki Müşahidə Missiyasının baş ofisinin açılış mərasimi olub.
Mərasimdə Ermənistan və Avropa İttifaqının himnləri səsləndirilib, bundan sonra Aİ-nin Ermənistandakı müşahidə missiyasının rəhbəri Markus Ritter baş ofisin açılışını elan edib.
Ritter xatırladıb ki, bu gün o, 23 Avropa İttifaqına üzv ölkədən Ermənistana göndərilmiş 93 missiya üzvü ilə yeni baş ofisin qarşısında dayanır.
“Bəzi çətinliklər olsa da, fəxrlə deyə bilərəm ki, Aİ missiyası tam fəaliyyət potensialına çatmışdır”.
Sentyabrın əvvəlində bizim Qafan, Gorus, Cermuk, Yexeqnadzor və İcevanda 6 ofisimiz var idi. Patrullarımızın köməyi ilə biz Ermənistan və Azərbaycan arasındakı beynəlxalq sərhədin bütün uzunluğu boyunca işləyə bilirik", - deyə Ritter vurğulayıb.
Onun sözlərinə görə, ötən həftə missiya Ermənistan-Azərbaycan sərhədində 1000-ci patrulu həyata keçirib.
Ritter vurğulayıb ki, onların sərhəd bölgələrində olması gərginliyin azaldılmasına və yerli əhali arasında təhlükəsizlik hissini artırmağa kömək edir.
“Biz bütün Aİ və beynəlxalq ictimaiyyətin diqqətini bu münaqişəyə cəlb edirik və öz hesabatlarımızla Aİ-nin köməyi ilə Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsi prosesinə töhfə veririk. Mən ev sahibi Ermənistan Respublikasına və yerli hakimiyyət orqanlarına göstərdikləri dəstəyə görə təşəkkür etmək istərdim. Düşünürəm ki, biz hamımız razıyıq ki, bu region davamlı sülh və sabitliyə layiqdir və ümid edirəm ki, biz birlikdə bu məqsədin həyata keçirilməsinə töhfə verə bilərik”, - deyə Aİ-nin Ermənistandakı müşahidə missiyasının rəhbəri bildirib.