Sülh müqaviləsinin tarixini və yerini təyin etmək Bakı və İrəvanın öz səlahiyyətindədir“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanma tarixini və yerini müəyyən etmək bu dövlətlərin özlərinin səlahiyyətidir”.
Bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib. O müqavilənin Moskvada imzalana biləcəyi ilə bağlı suala cavab verərkən deyib:
“Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında çoxdan gözlənilən sülh müqaviləsinin imzalanma tarixinin və yerinin müəyyən edilməsi bu dövlətlərin özlərinin səlahiyyətindədir.
Başqa heç kimin bunun nə vaxt baş verəcəyi ilə bağlı qərar qəbul etmək hüququ yoxdur".
Qaluzin əlavə edib ki, vaxtla bağlı sual Bakı və İrəvandakı tərəfdaşlara ünvanlanmalıdır.
Rusiya XİN rəhbərinin müavini xatırladıb: “Əlbəttə, biz Cənubi Qafqazda baş verənlərə laqeyd baxa bilmərik. Rusiya tarixən Qafqaz dövlətlərindən biridir, üstəlik, regionda və dünyada yeganə ölkədir ki, həm Azərbaycan, həm də Ermənistanla müttəfiqlik münasibətləri saxlayır”.
Diplomatın sözlərinə görə, Moskvanın hazırkı mövqeyi ondan ibarətdir ki, Cənubi Qafqazın taleyini orada mövcud olanlar müəyyən etməlidir.
“Kənardan heç kim Zaqafqaziyada davamlı sülh və sabitliyə yol açmayacaq”, - deyə Qaluzin əlavə edib. O qeyd edib ki, “möcüzəvi Qərb yardımı”na güvənmək illüziya və təhlükəlidir.
“Kosovo, İraq, Əfqanıstan, Liviya, Suriya, relsdən çıxmış Yaxın Şərq məsələsi faktiki olaraq ABŞ-ın inhisarında idi. Ukrayna nümunəsi tanınmış “demokratlar” və “barışdırıcıların” müdaxiləsinin nəyə səbəb olduğunu birbaşa göstərir”, - deyə Rusiya Xarici İşlər Nazirinin rəsmisi vurğulayıb.
Onun sözlərinə görə, bu cür müdaxilələrin sxemi sadədir: “Əvvəlcə gözəl şüarlar altında harasa soxulacaqlar, hər şeyi tərsinə çevirəcəklər və işlər qızışmağa başlayan kimi yanmış sahəni arxada qoyub qaçacaqlar və bir qayda olaraq, arxasınca soruşacaq adam da yoxdur”.
“Biz öz tərəfimizdən iki qonşu dövlətin barışmasına, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin bərpasına əvəzsiz töhfə vermək üçün nəzərdə tutulmuş balanslaşdırılmış sülh müqaviləsinin hazırlanmasında Azərbaycan və Ermənistana yardım göstərmişik və göstərməkdə davam edirik”, - Qaluzin qeyd edibi.
Rusiya XİN rəhbərinin deyib ki, “barışıq Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını təmin edir”.
“Müvafiq yol xəritəsi hamıya məlumdur. Bu, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-2022-ci illər üçün bəyanatlar toplusudur”, - deyə diplomat vurğulayıb və əlavə edib ki, “sənədlər qüvvədə qalır və buna görə də icra edilməlidir”.
Qaluzin daha sonra bildirib: “Rusiya danışıqlar platforması olaraq həmişə müttəfiqlərimizin və tərəfdaşlarımızın ixtiyarındadır”.
O, həmçinin xatırladıb ki, “Bakı və İrəvan “3+3” Məşvərətçi Regional Platformasına (bir tərəfdən Azərbaycan, Ermənistan, Gürcüstan, digər tərəfdən Rusiya, İran, Türkiyə) arxalana bilər”.