Bayramov Sudani ilə bir arada7 may 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İraq Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin baş naziri Məhəmməd Şiə əl-Sudani ilə görüşüb.
XİN-dən bildirilib ki, görüş zamanı Azərbaycan-İraq əməkdaşlığının müxtəlif aspektləri, Yaxın Şərqdə cari vəziyyət, habelə qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Azərbaycan və İraq arasında diplomatik münasibətlərin əsasının müstəqilliyimizin bərpasından sonra qoyulmasına baxmayaraq, xalqlarımız arasında əlaqələrin tarixinin daha qədim olduğu məmnunluqla qeyd edilib. Bu dinamikanın qorunub saxlanılması məqsədilə bütün, o cümlədən dövlət, parlament, hökumət, xarici işlər nazirlikləri səviyyələrində qarşılıqlı səfər və təmasların artırılmasının əhəmiyyəti vurğulanıb.
Görüşdə əməkdaşlığın siyasi, iqtisadi, ticarət, enerji, humanitar aspektləri müzakirə olunub, ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu və hər iki tərəfin bu istiqamətdə maraqlı olduğu diqqətə çatdırılıb.
Tərəflər, həmçinin Yaxın Şərq, xüsusilə Qəzza bölgəsi ətrafında mövcud vəziyyətdən bəhs edərək, münaqişənin sülh yolu ilə həllinə dair ümidvarlıq ifadə ediblər. Azərbaycanın İsrail-Fələstin münaqişəsinin beynəlxalq hüquq normaları, o cümlədən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun şəkildə “iki dövlət” prinsipi əsasında həllinə göstərdiyi dəstək bir daha qeyd edilib.
Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyindən bəhs olunub, ölkəmizdə keçirilən sessiya çərçivəsində əldə olunmuş nailiyyətlərin əhəmiyyəti qeyd olunub.
Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, minalardan təmizləmə fəaliyyəti, eləcə də Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırıb. Ölkəmizin təşəbbüsü ilə başladılan sülh müqaviləsinin mətni üzrə ikitərəfli danışıqların yekunlaşdırıldığı, lakin bölgədə dayanıqlı sülhün təminatı olacaq bu müqavilənin imzalanması üçün Ermənistan Konstitusiyası və bir sıra qanunvericilik aktlarında ölkəmizə qarşı davam etdirilən ərazi iddialarına son qoyulmasının əhəmiyyəti qeyd olunub.
Görüş zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.