Bakının mərkəzində ağac avtobusun üstünə aşdı .....                        "Fənərbaxça" "Beşiktaş"ı məğlub etdi .....                        Meral Akşenerin yerinə o seçildi .....                        Hakan Fidan yunan həmkarı ilə görüşdü .....                        Cəsədi 7 gün sonra tapılan İbrahimin fotosu yayıldı .....                        “Mülki əhali demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir” - Hikmət Hacıyev .....                        Daha bir cüdoçumuz Avropa çempionu oldu .....                        Eldar MƏMMƏDBƏYLİNIN poetik dünyası .....                        Bakı metrosunda sərnişin öldü .....                       
Tarix : 19-09-2022, 07:10
"Nur ocağı"ədəbi məclisi Brilyant Atəşin şeirlərini təqdim edir:

"Nur ocağı"ədəbi məclisi Brilyant Atəşin şeirlərini təqdim edir:

Oğulların var olsun!
Vətən, bərk dur, dar ayaqdır, deyəsən,
Allah sənə kömək olsun, yar olsun.
Əzəl gündən səni Pirtək qoruyan,
Başda tutan Oğulların var olsun!
Yağı düşmən baş qaldırıb yenə də,
Özgə qanın şirin sorar gənə də,
Od dəyəndə düçar olur qəmə də,
Dartıb atan Oğulların var olsun!
Yağıları yuvasında yox edən,
Quzğuntəki ovunun ətin didən,
Əzəl-axır İrəvanadək gedən,
Haya çatan Oğulların var olsun!

Könlümün.
Bəxtim əzəl gündən qarə gəlibdi,
Dilim bu ağzımda parə gəlibdi,
Təsəllim, təmkinim çarə gəlibdi,
Görən qurtararmı dərdi könlümün.
*
Bəxtəvər günümün sayı çox azdı,
Zülümü, zilləti mənəcə yazdı,
İçərim şaxtadı, çölüm ayazdı,
Qış, boran payını verdi könlümün.
*
Ümid qanadında uçuram hər vaxt,
Səhəri obaşdan açıram hər vaxt,
Atəşəm, od-alov saçıram hər vaxt,
Taleyi bundaca vurdu könlümün.

Gözəldir.
Bir yarğanam- ləpirləri tökülən,
Bir nəqqaşam - naxışları sökülən,
Bir çiçəyəm- qönçəikən bükülən,
Açılasan, solmayasan, gözəldi.

Bu həyatın hər növrağı, çağı var,
Bəxt yolunda qarası var, ağı var,
Hər insanın sinəsində dağı var,
Dərdlə həmdəm olmayasan, gözəldi.

Dağ başında çiskin, duman baş tacı,
Aman Fələk, baxma bizə qıyğacı,
Xəstə olub çəkməyəsən heç acı,
Ölüm gələ, bilməyəsən, gözəldi.

Məqsədimdir ancaq yazıb-yaratmaq,
Öləziyən bir ocağa köz atmaq,
Ömür qatıb neçə ömrü yaşatmaq,
Yaşayasan, ölməyəsən, gözəldi.

Mən Atəşəm, məkanımdı bu torpaq,
Düşür hər gün ömrümüzdən bir yarpaq,
Son qismətim bir qaranlıq buz otaq,
Ağlayasan, gülməyəsən, gözəldi?

Bayraq gördüm...
Bayraq gördüm bayraqların içində,
Qəlbim coşdu, dağa döndü, ucaldı.
Bayraq gördüm bayraqların içində,
Ruhum uçdu, dalğasından güc aldı.

Ulu babam bərk saxladı əlində,
Azərbaycan-xalq kəlməsi dilində,
Azadlığın, səadətin selində,
Dağa, daşa dəyə-dəyə qocaldı.

Qoca dövlət, qoca millət, al bayraq,
Cüt yaşayaq, gələcəyə kök ataq,
Aramıza nəzər salaq, bir baxaq,
Odlar yurdum daşdan doğuldu gəldi.

Hər bir millət arxalanar geninə,
Quranına, imanına, dininə,
Türk milləti bu dünyanın önünə,
"Turan" adlı böyük xəritə saldı.

Qoy yaşasın, qoy ucalsın birliyim,
Xoş a gəlsin hər bir ayım, hər ilim,
Ay Brilyant, "azadlıq" - deyən dilim,
Bala döndü, eldə, ağızda qaldı.

Kəlağay.
Nənəmin, anamın qeyrət boğçası,
Elimin, obamın qızıl axçası,
Üstündə cənnətin eşqi, butası,
Göylü, qırmızılı, yaşıl kəlağay.

Tarixin qatında göründü çıxdı,
Od-alov içindən süründü çıxdı,
Müqəddəs adına büründü çıxdı,
Göylü, qırmızılı, yaşıl kəlağay.

Atəşdi göylərdə ulduzlu, aylı,
Olubsan bizlərə tarixdən paylı,
Gur axan bulaqsan çeşməli, çaylı,
Göylü, qırmızılı, yaşıl kəlağay.

Zeynəb Anaya
Zeynəb ana, vüqarlı tut başını,
Vaqif, Mehman torpaq, elə bağlıdı,
Şəhid ölməz, şəhid yaşar - deyirlər,
Hərəsi bir qönçə gülə bağlıdı.

Gecə- gündüz yanındadı ruhları,
Qəmgin olar, qəmli durma, sən, barı,
Gözlərinlə suvardığın gülzarı,
Xəzan vurmaz, güclü selə bağlıdı.

Dünya varsa, bu oğullar da yaşar,
Boylaırıa Atəş dastanlar qoşar,
Ağızda dil, sinə üstə saz çoşar,
Barmaq qola, mizrab telə bağlıdı.
Vaqif, Mehman bizə belə bağlıdı.

Xarıbülbül.
Şuşam gözlərini açıb,
Döydü "qışı" Xarıbülbül.
Otuz ildi sinəsini,
Əzdi naşı, Xarıbülbül.

Əlim gəlmir səni dərəm,
Dərd üstünə bir dərd verəm.
Bağlamışdı sənsiz vərəm,,
Bağrım başı, Xarıbülbül.

Oğulların cəngə girdi,
Hərəsi bir İgid, ərdi,
Gözəllərin buta verdi, ,
Dəmlə aşı, Xarıbülbül.

Sən çöllərdə bir ətirdin,
Ağır günə tab gətirdin,
Özünü mənə yetirdin,
Zümrüd qaşı, Xarıbülbül.

Cıdır düzü, boş saraylar,
Gəzib Vaqifi haraylar,
Heç çəkmədi illər, aylar,
Atdıq "daşı", Xarıbülbül.

Yıxdım.
Hərdən çeşmə oldum, hərdən çay oldum,
Hərdən cuşa gəldim, gah sakit axdım.
Hərdən haray oldum, hərdən hay oldum,
Gah alova döndüm, şımşəktək çaxdım.

Hərdən qəm yorğanı məni bürüdü,
Kədər arxasınca çəkdi, sürüdü,
Təbiət əl atdı, dərdim kürüdü,
Dolmuş duman təki dağlara çıxdım.

Gah seçdim həyatın qəmli notunu,
Mənə ləzzət etdi işin çətini,
Quştək yardım göyün yeddi qatını,
Allah kömək oldu, hər səddi yıxdım.

Olum.
Gedən karvan ağır bir yük çəkərmiş,
Yollar boyu qəm sarayı tikərmiş,
Göz yaşıyla gül-çiçəklər əkərmiş,
Bu karvanın qoy sarvanı mən olum.

Yük əyibdi, taqətim yox dizimdə,
Dil dolaşır, düzgün çıxmır sözüm də,
Dalğalar tək qırış düşüb üzümdə,
Hərdən dolub duman, çiskin, çən olum.

Bu dünyanın kefindən kef almışam,
Dəryasında batmaz lövbər salmışam,
Vətənimin hər qeydinə qalmışam,
Qucağında sevinc olum, dəm olum.

Olarmı?
Bu həyatın qaynağından çıxanın,
Gedişində əyri yolu olarmı?
Öz ömrünü oda-közə yaxanın,
Dik durmağa tabı, halı olarmı?

Gül-çiçəkdən şirə çəksə hər arı,
İş adamı əgər dursa sübh yarı,
Dülgər əmi düzgün vursa mismarı,
Heç başının qeylü-qalı olarmı?

Atəş sevir bu dünyanın gərdişin,
Çalışır ki, düzgün görsün hər işin,
Əzəl gündən aldığın pis vərdişin,
Nəticəsi xoş havalı olarmı?

Axtarıram.
Bağımı, bağçamı su basıb, ellər,
Düşüb bataqlıqda gül axtarıram.
Haqqı car etməyir, bağlanıb dillər,
Qıfılın açmağa əl axtarıram.

Girmişəm dünyanın odlu qoynuna,
Odu söndürməyə sel axtarıram.
Qəmi yalmanlayıb minib boynuna,
Dərdi sovurmağa yel axtarıram.

Dünyanın özü də, sözü də yalan,
Çəkib aparmağa kəl axtarıram.
Şəhidlər məskəni, qazisi kalan,
Başı qara şallı el axtarıram.
Dərdimi çalmağa tel axtarıram.

Nə var ki?
Yaxşılığı bacarmayan, ay insan,
Gendən-genə hal sormağa nə var ki?.
Sınmış könül yamaq tutmaz ömürlük,
Ev yıxmağa, qəlb qırmağa nə var ki?

Gen günündə hayla basıb-bağlayan,
İşin düşsə on göz ilə ağlayan,
Fərsizliyi ürəkləri dağlayan,
Hazır yeyib, dik durmağa nə var ki?

Kim olsan da etibardan düz ol sən,
Bu torpağa, el-obaya göz ol sən,
Əməlinlə dillərdə xoş söz ol sən,
Hörümçəktək tor qurmağa nə var ki?

Qaldı.
Qova-qova gəldim ayı, ili mən,
Məhəbbətin coşub daşan seli mən,
Xoş ətirli zərif, qönçə gülü Sən,
Dərmədin, çəməndə dərənə qaldı.
*
Mən könlümü verdim, sənsə vermədin,
Çox cəfasın çəkdim, səfa sürmədim,
Səni Fələk bildim, insaf görmədim,
Ümid haqdan payı, verənə qaldı.
*
Məhəbbət bağında Atəş çiçək, yaz
O şərbətdən içən olarmı dayaz?
Nə kamına çatdı, nə aldı muraz
Dünya kef eyləyib sürənə qaldı.

Vallah.
Kərə yeyən, tərə yeyən,
Bir çıxacaq yaza, Vallah.
Hamı xoşbəxt, şən yaşayar,
Qane olsa aza, Vallah.

Torpağımız dövlət, vardı,
Kim qazandı, kim apardı,
Tufan gəldi, sel qopardı,
Heç nə yoxdu təzə, Vallah.

Həyatımız bir oyunçaq,
Pul da oldu bizdən qaçaq,
Tapılarmı gör bir qoçaq,
Olanları yoza, Vallah.

Biz görmüşük azı, çoxu,
Göstərməsin Allah yoxu,
Ovçu sərrast atar oxu,
Şübhə yoxsa gözə, Vallah.

Atəş, fəxr et Vətəninlə,
Dildə "Şərqi" ötəninlə,
Harayına yetəninlə,
Düz çıxasan sözə, Vallah.

Gülərmiş.
Səsdən, küydən uzaq olan insanın,
Başı sakit, canı sağlam olarmış.
Ürəyi saf, kin-küdurət bilməyən,
Hər bir kəsi özü kimi bilərmiş.

Gözdə düzlük, dildə saflıq qalmayır,
Ac-yalavac zülüm çəkir, ölməyir,
Sanki, aləm yasa batıb, gülməyir,
Ağlar gözü sonda kiprik silərmiş.

Bu dünyanın çərxi dönür geriyə,
Kim qazana, kim yeyə kim, səyriyə,
Düz də dönüb, havadardı əyriyə,
Pul dəyişər, dost da dosta gülərmiş.

Qəsrini.
Gecə-gündüz bağça-bağı qoxlaram,
Alammaram təkcə sənin ətrini.
Məndən uzaq gəzsən, inan, neylərəm?
Uçuraram mənsiz olan qəsrini.
*
Çox qorxuram, birdən səni itirəm,
Sənlə olan xoş günümü bitirəm,
Sənsiz, Vallah, dərdlə qoşa yatıram,
Tapmayanda biləcəksən qədrimi.
*
Əlin üzmə əllərimdən, amandı,
Tənha canım eşq odunda yanandı,
Demə Atəş görən niyə yubandı?
Gəlləm gecə Ay çəkəndə bədrini.

Əzizim.
Ağladım-gözümün qarası oldun,
Vuruldum-dərdimin çarəsi oldun,
Sinəmdə qəlbimin parası oldun,
Sənsiz dözülməzdi həyat, əzizim.
*
Çatmadı bu fəğan, bu haray sənə,
Ömrümü bələdin dumana, çənə,
Çıxmaq istəsən, gər, gözəl gülşənə,
Yenə qayıt mənə, naz sat, əzizim.
*
Səsim çatıb əlim yetmir boyuna,
Bu Atəşi yaman saldın oyuna,
Heç olmasa hərdən girib yuxuma,
Tumarlayıb məni oyat, əzizim.

Çətin.
Həyat məni döndərib,
Bir alova, bir oda.
Dərya gəlsə üstümə,
Söndürə bilməz o da.
Tufanların qoynundan,
Burulmuşam, çıxmışam.
Günəş kimi parlayıb,
Bu dünyaya baxmışam.
Yarımçıq qoymamışam
Nə işimi, sözümü.
Həyat məni bərkidib,
O veribdi dözümü.
Çox dolaqlar görmüşəm,
Çox yamaclar keçmişəm.
Çox başı qarlı dağlar,
Sıldırımlar ötmüşəm..
Gah Nəfəsim təngiyib,
Gah dizlərim tutulub.
Gözlərimə tor gəlib,
Həyat gözümdə solub.
Dünya-aləm qaralıb,
Gözlərimin önündə.
Bir varlıq hiss etmişəm,
Ürəyimdə, özümdə.
Gücümü toplayaraq,
Ona ümid etmişəm.
Üzümə düşən nurun,
Arxasınca getmişəm.
Ruhumu candan alıb,
Səmalara aparıb.
Bu zülmlər içindən
Məni çəkib qoparıb.
Odur ki, mənim qüvvəm,,
Dəmir, poladdan mətin,
Gücüm "Ona" bağlıdır,
O da tükənə... çətin!
Mənim yazılarımdır.
Mənim varim, dövlətim,
El içində hörmətim,
Haqdan gələn sərvətim,
Saf eşqim, məhəbbətim,
Xoş arzum, xoş Niyyətim,
Bu günüm, əbədiyyətim,
Mənim yazılarımdır.
Halımı soruşanım,
Dərdimə alışanım,
Ürəyimin atəşi,
Dörd yana dağılanda,
Dizim taqətdən düşüb, büdrəyib yıxılanda.
Əllərimdən tutanım,
Hər sözü, kəlməsiylə,
Dərdə məlhəm olanım
Qaralan gözlərimə,
Parlaq işıq salanım.
Mənim yazılarımdır.
Darıxıb təntiyəndə,
Təklikdən qəm yeyəndə,
Gözüm qapıya baxıb,
Kipriyimdən qəm axıb,
Sinəmə töküləndə,
Qamətim büküləndə
Gözlərimi güldürən,
Axan yaşım sildirən,
Həmi oğlum, həm qızım,
Həm bacım, həm qardaşım,
Mənim yazılarımdır.
Tez-tez başımı qatan,
Dərdi belimdən atan,
Baxışıyla dan sökən,
Məni nuruna bükən.
Yaxın, doğma, əzizim,
Göyərən, bitən sözüm
Atəşəm sönməz közüm
Arxada qalan izim,
Mənim yazılarımdır.
Bir cavab gəldi-xeyr!
Könlüm çəmən güllüdü,
Ömrüm çınqıl yolludu,
Hamımı yığvallıdı?
Bir cavab gəldi-xeyr!
*
Bu həyatın gözü kor,
Hara baxsan qoru gör,
Bu dünyamı qurur tor?
Bir cavab gəldi-xeyr!
*
Dünyanın bir ağası
Yoxdu onun darğası,
Məzluma gün doğası?
Bir cavab gəldi-xeyr!
*
Brilyantın sərt sözü,
Heç kəs sevməyir düzü,
Günahkardımı özü?
Bir cavab gəldi-xeyr!
Bənzəyir.
Dəryanın üzü cəhənnəm,
Dibi cənnətə bənzəyir.
Ləl, cəvahir, mərcan kolu,
Xali-xilqətə bənzəyir.
*
Qələmimə qiymət verən,
Yaxşı, pisimi düz deyən,
Səhfim üstə məni döyən,
Elə hörmətə bənzəyir.
*
Etdiyini qaxma başa,
Atəş çönüb dönər daşa,
Yaxşı övlad, pisdən haşa,
Vara-dövlətə bənzəyir.

Qoca Aslan.
Bir səhər qoca Aslan,
Yuxusundan ayıldı.
Gərnəşərək əsnəyib,
Elə bil ki, bayıldı.
Bərkdən nərə çəkərək,
Uca zirvəyə qalxdı.
Gözlərini qıyaraq,
Yaşıl meşəyə baxdı.
Ha baxdısa, meşədə,
Heç nə dəymədi gözə.
Bir dovşanı çağırıb,
Aslan başladı sözə.
-Dovşan, hanı heyvanlar?
Gözümə dəyən yoxdur?
Onların bu yoxluğu,
Sinəmə dəyən oxdur.
Dovşan qulaqlarını,
Sallayaraq söylədi.
-Cənab Aslan, baş verən
hadisələr belədir:
Bu gün səhər çakkalı,
Meşəyə şah qoydular.
Elə bil ki, hamının gözlərini oydular.
Aslan fikrə gedib,
Xeyli xəyala daldı.
Sonra yazıq dovşanı,
Çəkib köksünə aldı.
Elə bil dodaqaltı,
Pıçıldadı nə isə.
Dovşan geriyə dönüb,
Qulaq asdı bu səsə.
-Bir meşəyə ki, yoluq
Çakkal hökmran oldu.
Meşədə yaşayanlar diriykən öldü, öldü.

Alsan.
Axtarıram səni kiprik-qaşımda,
Sənsə gəzdin gözlərimin yaşında,
İzin qaldı ürəyimin başında,
Əl uzatdım, gördüm qəmli xəyalsan.
*
Nəfəsində xumar-xumar yatmadım,
Tellərinin arasında batmadım,
Saf eşqinin sorağına çatmadım,
Dilim üstə nə zəhərsən, nə balsan.
*
Yoxluğundan artıq giley etmirəm,
Kölgöyünün arxasınca getmirəm,
Vüsalının həsrətiylə yatmıram,
Mənə bəsdi, xəyalınla can alsan.


Paylaş



Bölmə: ---
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!