Netanyahu Türkiyəyə qarşı çıxdı .....                        Bakıda məşhur iş adamı həbs edildi - Milyonları büdcədən yayındırıb .....                        Paşinyan:Azərbaycanla Gürcüstanın dostluq modelindən ruhlanırıq .....                        111 qadın taksi sürücüsüdür - Yaxınlarda avtobus da sürəcəklər .....                        Putin onu MDB ölkələri üzrə xüsusi nümayəndə təyin etdi .....                        Keçmiş baş nazir öldü .....                        Azərbaycanda dövlət xidmətləri üzrə xərclər azaldılır .....                        “Səmavi dinlər” layihəsi Vatikanda təqdim edildi .....                        Şimali Kiprin yeni prezidenti bu tarixdə işə başlayacaq .....                       
10-01-2025, 09:03
Özləri getdi, sözləri qaldı

ÇƏRKƏZ HACIYEV 1918-19993


Özləri getdi, sözləri qaldı

Ötən əsrin 50-80-ci illərində Kəlbəcərdə qaynar bir ədəbi mühit formalaşmışdı. Xalq şairi Səməd Vurğunun Kəlbəcərə məşhur səfərindən sonra şeirə, poeziyaya maraq göstərənlərin sayı sürətlə artmışdı. Azacıq ilhamı olanlar xüsusilə poeziyanın gəraylı və qoşma janrlarında qələmlərini sınayır, yeni-yeni şeirlər yaradırdılar. Təbii ki, bunların heç də hamısını yüksək poeziya nümunəsi hesab etmək olmazdı. Lakin bu yazarların arasında elə istedadlı insanlar vardı ki, özləri heç bir mətbuat orqanının qapısını döyməsələr də şeirləri dildən-dilə düşüb müəllifinə böyük şöhrət qazandırırdı. Hətta elə yazarlar vardı ki, zamanında çap olunmadıqlarından bəzən onların şeirlərini başqa şairlərin adına oxuyurdular. Bu baxımdan Sınıqkilsə kəndindən olan Nəcəf Sarıyevin “Qocalmışam” şeiri daha çox populyar idi. Çox vaxtı da bəzi aşıqlar bu şeiri Bəhmən Vətənoğlunun adına bağlayırdılar. Rəhmətliyin özü də şeirlərinin çap olunmasında o qədər də maraqlı deyil. Yadımdadır ki, illər öncə “Kəlbəcərin söz sərvəti” antologiyasını nəşrə hazırlayanda bir neçə dəfə yaxın adamlarla sifariş göndərsəm də Nəcəf kişinin şeirlərin ala bilmədim ki, kitaba daxil edim.
Qeyd etmək istəyirəm ki, rayonun elə bir kəndi yox idi ki, orada bir neçə nəfər yaxşı şeir yazan olmasın. Belə kəndlərdən biri olan Sınıqkilsə kəndində də saz-söz həvəskarları az deyildi. Onlardan biri də el arasında Sazbənd Çərkəz adıyla tanınan Hacıyev Çərkəz Fərzalı oğluydu. Çərkəz Hacıyev 1918-ci ildə anadan olmuşdu. Həyatın çox isti-soyuğun görmüş, hələ gənc yaşlarından İkinci Cahan savaşında iştirak edib ağır cəbhə yolu keçmişdi. Müharibədən qayıdandan sonra ailə qurub öz kəndində yaşamışdır. Tanınmış aşıqların bir çoxunun sazı Çərkəz kişinin əlindən çıxmışdı. Çərkəz Hacıyev 1993-cü ildə dünyasını dəyişmişdi.
İlk dəfə Çərkəz kişinin adını da bir toy məclisində aşıqların onun həmkəndlisi Nəcəflə deyişməsini oxuyanda eşitmişdim.
Məlumdur ki, ölməz sənətkarımız Aşıq Ələsgərdən üzübəri el şairlərimizin bir çoxu yaxın adamlarına, xüsusilə öz xanımlarına zarafatyana yazdıqları satirik şeirləri xalq arasında daha populyar olmuşdu. Təbii ki, bu şeirlərdəki satirik ruh sarkazm ovqatında deyil, daha çox yumorvari olurdu. Elə rəhmətlik Nəcəf və Çərkəz kişinin də deyişməsi belə bir dodaqqaçıran bir ruhda idi. Onu da deyim ki, elə bir toy, şənlik olmazdı ki, bu məşhur deyişmə məclisin bəzəyi olmasın.

Nəcəf:
Evlilər eşitsin, subaylar bilsin,
Şikayətim var arvadın əlindən.
Atalar dad çəkib əsrlər boyu,
Bədöy atın, kür arvadın əlindən.

Çərkəz:

Evlilər eşitdi, subaylar bildi,
Təngə gəlmə bir arvadın əlindən.
İkisin alanlar bəs necə edir,
Bu hesabla gör, arvadın əlindən.

Nəcəf:
Səhərki davamız uzanır şama,
Məbədin qoyuruq gələn axşama.
Yanıb sümüklərim dönübdü şama,
Sinəm olub pir arvadın əlindən.

Çərkəz:
Afərin, şərikəm bütün sözünə,
Arvad gəlmir ocağına – üzünə.
Gələn gündən bəd göründüm gözünə
Gündə vurhavur arvadın əlindən.

Nəcəf:
Tarixə baxıram cavandı yaşım,
Tökülüb dişlərim, ağarıb başım.
Özüm cəhənnəmə, qohum-qardaşım
Nələr çəkir gör arvadın əlindən.

Çərkəz:
Qocalmışıq, ömür keçib yarıdan,
Mən də sən günlüyəm arvad sarıdan.
Ver kağızın, alaq duldan, qarıdan,
Dünya bizə dar arvadın əlindən.

Nəcəf:
Aliment verməyə pulum da yoxdu,
Bir yana getməyə yolum da yoxdu.
Əcəl yaxın gəlmir, ölüm də yoxdu,
Üz döndərib gor arvadın əlindən.

Çərkəz:
Axşam-səhər mənnən yaman deyişir,
Pərdə götürülüb, daha söyüşür.
Səsini zilləyir, beynimə düşür,
Qulaqlarım kar arvadın əlindən.

Nəcəf:
Nəcəf deyər: çox qaraltma qanını,
Əzəldən itirdin adı-sanını.
Qismət olsa, sağ qurtarsan canını,
Nəzir-niyaz ver arvadın əlindən.

Çərkəz:
Ərəsəti məhşər çəkibdi Çərkəz,
Saxla bu sirrimi bir dəftərə yaz.
Ha çalış, çabala, yaxan qurtarmaz
Caynaqları şir arvadın əlindən.
Çərkəz kişi klassik aşıq poeziyasını gözəl bilirdi. Şeirlərində də dərin mənalı hikmətamiz deyimlər, öyüd-nəsihət ruhlu çağırışlar üstünlük təşkil edirdi. Onun şeirlərinin dili də olduqca rəvan və axıcı idi.

Yaradandan gileyliyəm, nə yazım bu haxda bax,
Qara saçlar qan ağlayır, vaxtsız düşüb şaxta bax.
Qocalmışam, keçən günlər ta qayıtmaz arxaya,
Cavanlığım geri dönməz, görmərəm uzaqda bax.

El içində quru bəylər varsa, kişi mən deyir,
Elin zəhmətin yeyənlər həmişə qan-qan deyir.
Şübhən varsa, inandırım, bu şeiri yazan deyir:
Bu gün sağam, bir də gəzəm ya qismət, sabahda bax.

Qaratikan baş qaldırıb deyir əsil gül mənəm,
Sərsəri gəzən gədələr söylər əhli-dil mənəm.
Yalançılıq, fırıldaqlıq, ikiüzlük bil mənəm,
Düz sözümə inanan yox, taleyə bax, baxda mən.

Kimə yaxşı söz deyirəm, sanki zəhərli oxdur,
Ey ilahi, niyə mənim dərdim həddindən çoxdur.
Quzu kəssəm, kabab versəm, heç bir hörmətim yoxdur,
Xətir-hörmət, bircə qalıb yüz qram araxda bax.

İnsan oğlu, sözlərimi yaxşı düşün, qulaq as,
Könlün məni istəyirsə, məhləmizə ayaq bas.
Çərkəzəm, müvəqqətiyəm, çıxar, qayıtmaz nəfəs,
Sönra məni ha axtar ki, əmində qıraqda bax.

Çərkəz kişi zamanın qarma-qarışığından yaxşı baş çıxaran, bəsirət gözü açıq, sinədəftər bir insan idi. Şeirlərindəki satirik ruh poeziyasına bir dinamiklik, canlılıq gətirirdi. Taledən qismətinə yeddi qız balası düşmüşdü. Ailəcanlı, övladlarını dərin məhəbbətlə sevən şairin bu münasibətlə yazdığı şeir də dodaq qaçırır, insanda xoş ovqat yaradır.

Yaman yavaşıdıb məni,
Asılıb qız yaxamızdan.
Yandırıb-yaxır sinəmi,
Tökülmür köz yaxamızdan.

İli-ildən yaşlaşıram,
Ağlım gedir gah çaşıram.
Lülənib buzlaşıram,
Ərimir buz yaxamızdan.

Göbək nənəsi Gülüsdan,
Çatdırır özün o başdan.
Çərkəz, indi söylə dastan,
Qurtarmaz söz yaxamızdan.


Zamanın çox istisini, şaxtasını görmüş ustad sazbəndin taleyinə yurd itkisi, qaçqınlıq da yazılmalıymış. O da minlərlə soydaşı kimi, doğma yurd, Kəlbəcər həsrəti ilə dünyasını dəyişdi. Ölümünü də gülə-gülə qarşılamışdı.

Şairin ürəyi çox kövrək olar,
Gah söz ilə dolar, gah da boşalar.
Nədənsə şairlər çox tez qocalar,
Əzrayıla deyin, yaxın gəlməsin.

İndiki mollalar segah oxuyar,
Millətin başına corab toxuyar,
Halvanını iyini gendən qoxuyar.
Yoluna daş-qaya yıxın gəlməsin.

Vardı Kəlbəcərin şair Bəhməni,
İndi hardan tapaq Sücaətini.
A dostlar gəlin siz qınaman məni,
Elzaya bir çələng toxun, gəlməsin.


İnanırıq ki, indi haqq dünyasında olan Çərkəz Hacıyevin də ruhu dinclik tapıb. Doğma Kəlbəcəri, Qarabağı azadlığına qovuşub. Allahdan ona və vətən həsrəti ilə dünyasını dəyişən yurddaşlarımıza Allahdan rəhmət diləyirik.

P.S. Kəlbəcər poeziyasının bir özəlliyi də onda idi ki, burada bir nəsildən, bir ailədən bir neçə şair çıxırdı. Çərkəz kişinin oğlu Yaşar Hacıyev ali təhsilli riyaziyyat müəllimi olsa da, poeziya vurğunudur. Ata qanından damarlarına hopmuş şeir-sənət sevgisi sözü duyan gündən onun qələmindən süzülərək dəyərli poetik nümunələrin yaranmasına təkan olmuşdur. İnşallah, qədər imkan versə yaxın zamanlarda Yaşar müəllimin də şeirləri ilə oxucularımızı tanış etməyi özümüzə borc bilirik.

İlham MƏMMƏDLİ,
filologiya üzrə fəlsəfə doktoru, dosent
10-01-2025, 08:12
MİLLİ DƏYƏRLƏRİ QORUYAN ŞAİR

MİLLİ DƏYƏRLƏRİ QORUYAN ŞAİR

Zaur Ustac, çağdaş Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan bir şair, yazıçı və publisistdir. 1975-ci ildə Bakı şəhərində doğulan Zaur Ustac, 1988-ci ildən başlayaraq mətbuatda fəaliyyət göstərir və 40-dan artıq kitabın müəllifi kimi ədəbi aləmdə geniş tanınır. Onun yaradıcılığı, həm milli ruhu, həm də müasir dövrün sosial və siyasi məsələlərini dərindən təsvir edən, oxucularını həm düşündürən, həm də dərindən hiss etdirən bir keyfiyyətə malikdir.
Z. Ustacın şeirlərindəki milli məzmun, vətənpərvərlik və tarixə dair dərindən düşüncələr, onu müasir Azərbaycan poeziyasının aparıcı simalarından birinə çevirib. Onun şeirlərindəki əsas mövzu Azərbaycan xalqının milli kimliyi, tarixi və torpaq sevgisi ilə bağlıdır. Bu xüsusiyyətləri ən çox "Bayraq, Bizim Bayrağımız", "Araz", "Sevin, a Təbriz!" və "Ana Dilim" kimi şeirlərində müşahidə etmək mümkündür. Bu şeirlərdə yazar, milli mübarizə və vətənpərvərlik mövzularını bədii şəkildə işləyir.
"Bayraq, Bizim Bayrağımız"
Bu şeir, millətin vətənə, torpağa olan bağlılığını və hər bir kəsin öz kimliyini qorumağa olan vəzifəsini ön plana çıxarır. Z. Ustacın "Bayraq, Bizim Bayrağımız" şeirində, Azərbaycan bayrağı və onun dalğalanması milli mübarizənin simvolu kimi təqdim edilir.
"Üstündən yüz Araz axsın,
Torpaq, bizim torpağımız!!!"

misraları, Azərbaycanın hər iki tərəfinə olan məhəbbəti və həmçinin, Araz çayının sərhəd kimi təcəssüm etdirilməsi millətə aidiyyət hissinin güclü təzahürüdür. Şeirin hər bir misrasında torpaq və bayraq, bir millətin birlik və bütünlüyünün əks-sədası kimi vurğulanır. Ustac burada həm də Azərbaycan xalqının coğrafi sərhədlərindən asılı olmayaraq, vətən sevgisini göstərməkdədir.
"Araz"şeiri isə milli kədər və həmrəylik mövzusunu işləmiş bir əsərdir.
Zaur bəy bu şeirində Araz çayını bir simvol kimi istifadə edərək, onun iki sahilindəki Azərbaycan torpaqlarının kədərini, ayrılığını və birliyini dilə gətirir.
"Arazı heç zaman qınamadım mən,
Hər iki tərəfə məhrəmdir Araz!"

misrası ilə, həm Qərbi Azərbaycan (Güney Azərbaycan) həm də Şimali Azərbaycanla bağlı yaranmış ayrı-seçkiliyi və torpağın bölünməsinin acı təsirlərini hiss etdirir.
Arazın suyu, bu dualı torpaqlara məlhəm kimi təsvir olunur; bu, həm də xalqın bölünmüşlük və acı çəkən məqamda birləşmə arzusunu göstərir.
Şeirdəki “Yaralı torpağa məlhəmdir Araz!” misrası, həm də tarixən yaralanmış və mənəvi baxımdan sarsılmış bir xalqın təmizlənməsinə olan ehtiyacı işarə edir.
"Sevin, a Təbriz!" şeirində isə, Azərbaycanın güneyindəki Təbriz şəhərinə olan mənəvi bağlılığı ifadə edir. Bu şəhər, Azərbaycan xalqının qədim mədəniyyətinin, dilinin və tarixinin mərkəzlərindən biri olmuşdur.
Şeir, Təbrizə olan sevgini və burada yaşanan ayrı-seçkilikləri əks etdirir. Ustac burada həm də bir çağırış edir, bu dəfə biryolluq bitəcək olan ayrılıqlara,
"Nə güzəşt olacaq, nə də ki, aman!" – deyərək, milli birliyin vacibliyini vurğulayır.
Bu şeir, həm də müasir dövrdə yaşanan sosial və siyasi məsələlərə diqqət çəkir, ayrılığın artıq dayandırılmasının zəruriliyini göstərir. Təbrizdəki vəziyyətin təsvirində, Ustac öz xalqının birliyinin və gələcəkdəki arzularının ifadəsini tapır.
Zaur Ustacın "Ana Dilim" şeiri, milli kimlik və dilin qorunmasının əhəmiyyətini vurğulayan bir digər əsəridir. Bu şeirdə dil, yalnız bir ünsiyyət vasitəsi deyil, həm də xalqın kimliyinin qorunması üçün vacib bir amil kimi təqdim edilir.
"Bu dil, Tomrisin dilidir;
Layla deyib, Hökm verib…"

misralarında isə Ustac, Azərbaycan dilinin tarix boyu bu xalqın mədəniyyətini və irsini qoruyub saxladığını, xalqın dədə-baba söhbətlərini və qədim ənənələrini yaşatdığını qeyd edir. Ana dili, şairin baxış açısına görə, sadəcə bir vasitə deyil, həm də millətin sərhədini müəyyən edən bir "sərhəd" və "tabu"dur.
Zaur Ustacın yaradıcılığı, müasir Azərbaycan ədəbiyyatında yalnız bir şairin poeziyasından daha çoxunu təqdim edir. Onun əsərlərindəki milli məzmun, Azərbaycan xalqının tarixinin, mədəniyyətinin və dilinin qorunması mövzusunda ciddi bir elmi yanaşma da mövcuddur.
Ustacın şeirlərində, xüsusilə "Araz", "Bayraq, Bizim Bayrağımız" və "Ana Dilim" kimi əsərlərində göstərilən milli hissiyat, Azərbaycan ədəbiyyatında ənənəvi olaraq davam etdirilən vətənpərvərlik mövzusunun müasir dövrdə də necə əhəmiyyətini qoruduğunu göstərir. Onun şeirləri, xalqa öz tarixi kimliyini, köklərini və bütün bölgələrdə yaşayan insanları birləşdirən güclü bir mesaj verir. Ustacın əsərlərindəki yüksək vətəndaşlıq mövqeyi, oxucuları təkcə estetik baxımdan deyil, həm də sosial, mədəni və tarixi mənada dərindən düşündürür.
Bir çox digər çağdaş şairlərdən fərqli olaraq, müəllif həm müasir, həm də ənənəvi Azərbaycan ədəbiyyatını birləşdirərək, hər iki cərəyanın ən güclü tərəflərini özündə birləşdirir. Onun yaradıcılığı həm də milli dəyərləri yaşatmaqla bərabər, zamanın tələblərinə uyğun şəkildə bədii ədəbiyyatın sərhədlərini genişləndirir.
Zaur Ustac, Azərbaycan poeziyasına özünəməxsus bir təsir göstərmiş, şeirləri ilə oxuculara milli birlik və mübarizə, dil və mədəniyyətin qorunması mövzusunda güclü mesajlar göndərmişdir.
Onun əsərlərindəki dərindən düşünülmüş milli məzmun, Azərbaycan ədəbiyyatının inkişafına mühüm töhfədir. Onun şeirlərindəki təhlil edilən mövzular, həm müasir Azərbaycan cəmiyyətinin ehtiyaclarına uyğun gəlir, həm də tarix boyu formalaşmış Azərbaycan ruhunu yaşadır.
Zaur Ustacın poeziyasını oxumaq, yalnız bir şairi deyil, həm də bir xalqın tarixini, milli kimliyini və mübarizəsini anlamağa kömək edir. Zaur Ustaca həm yaradıcılığında, həm də həyatında böyük uğurlar arzulayıram!
Onun poeziyası, həm milli dəyərləri qorumağa, həm də yeni nəsillərə ilham verməyə davam etsin!

Cahangir NAMAZOV,
Dünya Talantları Beynəlxalq Birliyi üzvü,
Abay medalı, Beynəlxalq Usmon Nosir xatirə nişanı sahibi,
"Bütöv Azərbaycan" qəzetinin Özbəkistan üzrə təmsilçisi.

8-01-2025, 21:35
Məşhur türk yazıçı vəfat etdi


Məşhur türk yazıçı vəfat etdi

Türkiyənin məşhur yazıçısı Selim İleri vəfat edib.
Yazıçı 75 yaşında dünyasını dəyişib.
1970-ci illərdən başlayaraq ədəbiyyatın müxtəlif janrlarında əsərlər yazan İleri 1998-ci ildə "Dövlət sənətçisi" adına layiq görülüb.
5-01-2025, 21:31
Təbrik təbrik üstündən..


Təbrik təbrik üstündən...

Köhnə ili bəd xəbərlə yola salsaq da, yeni ili yeni ovqatla, yeni uğurlarla, dostların xoş xəbərləri ilə qarşıladıq. Bu səhər Ramiz Əsədov dostlara Səlvər müəllimin doğum günü olduğu xəbərini verdi. Beləcə Zəngəzur mahalının Qafan Rayonunun Gığı kənd orta məktəbinin 1975-ci il məzunları Rasim, Xürrəm, Sayad, Sara, Gülnarə, Fatma, Firudin, Tamxil sinif yoldaşları Səlvər Azadalı oğlu Azadəliyevi doğum günü münasibətilə təbrik etdilər. Özbəkistandan Şahlar həkim də uşaqlıq dostlarının səsinə səs verdi. Səlvər müəllimə ən xoş arzularını çatdırdı. Dostların sırasında Səlvər müəllimin qudası Əli bəy də vardı. Bir-birindən xoş arzuların hamısı səbəbkara ünvanlandı.

Bu arada Mahmudlu kənd İcmasının üzvü Qəribəli Məhəmmədəli oğlu Azadəliyevin təbrikini də qeyd etmək yerinə düşər.
Qəribəli qeyd edir ki, bu yeni il ərəfəsində elimizin dəyərli insanlarından biri Mahmudlu kənd icmasının sədri Səlvər Azadalı oğlu Azadəliyevin 67-yaşı tamam olur. Səlvər Azadəliyevin Azərbaycan xalqının şərəfi, mənafeyi naminə çox töhfələr verib. Beləki 33 il ərzində müəllim, direktor vəzifələrində çalışaraq övladlarımıza təhsil verib, Vətənimizə savadlı Dövlət xadimləri, məmurları və digər sahələr üzrə mütəxəssislər, Vətənə xeyir verən dəyərli insanlar yetişdirməkdə böyük əməyi olub. Həmçinin xalqına xidmət edən Dövlət məmuru vəzifəsində çalışan yüksək tərbiyəyə sahib olan 3 övlad böyüdüb.
Səlvər Azadəliyev uzun illər Abşeron rayonunun seçki məntəqə sədri və hal-hazırda Sumqait şəhərində seçki dairəsinin katibi vəzifəsində çalışır. O, Qərbi Azərbaycan Gənclər Təşkilatına töhvə verən müvafiq xidmətinə görə həmin təşkilatın Təşəkkürnaməsi ilə təltif edilib.
Bu Şərəfli-dəyərli ömür yollarını uğurla addımlamış Mahmudlu kənd İcmasının sədri Səlvər Azadalı oğlu Azadəliyevi doğum günü münasibəti ilə təbrik edir, ona həyatının bundan sonrakı dövründə də Xalqımıza,Vətənimizə Bütöv Azərbaycanımıza xidmət edən Şərəfli 💯 il ömür arzulayırıq.

30-12-2024, 11:59
Əlli bir ildən sonra çöysüyən həsrət


Əlli bir ildən sonra çöysüyən həsrət

1988-ci ilin acı rüzgarı Qərbi Azərbaycandakı soydaşlarımızı pərən-pərən saldı. Ailələr ev-eşiyindən, min illərin məskunları yurd-yuvalarından, qohum-əqraba bir-birindən, yeniyetməlik dövrünü yaşayanlar tay-tuşlarından, məktəblilər uşaqlıq dostlarından, bir sözlə, hər kəs öz ata ocağından, dost-tanışından ayrı düşdü. Bu qanla gələn qada Zəngəzur mahalını da bürüdü. Bu mahalın ən füsunkar təbiətə malik olan, bütün gözəllikləri özündə cəmləyən guşələrindən biri Qafan rayonu idi.
Rayonun mərkəzi olan Qafan şəhəri Zəngəzur Mahalının demək olar ki, sənaye mərkəzi idi. Burdakı 4 nömrəli məktəb isə bir elm- təhsil ocağı kimi rayonun bütün kəndlərinin, hətta Şimali Azərbaycanın ora yaxın rayonlarının-Qubadlı, Zəngilan, Cəbrayılın şagirdlərinə də öz isti qucağını açıb, onların təhsil almasında bir şəxsiyyət kimi formalaşmasında əhəmiyyətli rolu olmuşdur. Rus İmperiyasının məkrli siyasəti sayəsində zaman-zaman ermənilərin bu qədim Oğuz yurdunda məskunlaşdırılması nəticəsində əhalinin say tərkibi getdikcə ermənilərin xeyrinə dəyişmişdir. Bütün bunlara, erməni millətçilərinin cürbəcür təzyiqlərinə baxmayaraq, Qafan şəhər 4 nömrəli tam orta məktəbi bir məbədgah kimi orada yaşayn Azərbaycan türklərinin həm təhsil almasında, həm də milli ruhda, vətənpərvərlik ruhunda böyüməsində çox böyük əhəmiyyət kəsb etmişdir.

Məktəbin 1973-cü il 10B sinif məzunları da bir çox soydaşlarımız kimi, erməni-rus faşistlərinin silahlı basqınları nəticəsində deportasiyanın acısını-ağrısını yaşaya-yaşaya keçmiş Sovet İtifaqının müxtəlif şəhərlərinə, Azərbaycanın yaxın rayonlarına, Naxçıvana, Gəncəbasara, Sumqayıta, Bakıya səpələnərək əlaqələrini itirmişlər. İndi nəvə-nəticə sahibi olan, ahıl çağlarının qayğısını yaşayan soydaşlarımız ürəklərində dərin izlər buraxmış gözəl Vətənləri Zəngəzurda yaşadıqları xoşbəxt günlərin həsrətini çəkirlər. Uşaqlıq çağlarını, təhsil aldıqları ibtidai və orta məktəbləri, sevimli müəllimlərini, dəcəl, şən, sinif yoldaşlarını heç unuda bilmədilər. Harda olsalar da, nələr çəksələr də, həmişə bu xoş xatirələrlə yaşadılar. Övladlarına, nəvələrinə hər zaman Zəngəzurumuzun təbiətinin gözəlliyindən, orada yaşamış insanlarımızın qoçaqlığından, vətənpərvərliyindən, işgüzarlığından, zəhmətsevərliklərindən, elmə-təhsilə olan həvəslərindən, fitnəkar, qaniçən ermənilərlə yanaşı yaşayaraq öz ana dillərini, adət-ənənələrini, milli təəssübkeşliklərini, ləyaqətlərini necə qoruduqlarından danışırlar. Onları qədim-dədə baba yurudumuz Qərbi Azərbaycanımıza, Zəngəzurumuza, ləyaqətlə qayıdacağımıza və öz ata-baba ocağımızda tonqallar qalayıb, qazanlar asacağımıza, yenidən qurub yaradacağımıza əmin edirlər.

Deyirlər ki, o illər bambaşqaydı. 15, 16, 17 yaşlar arası. Yeniyetməlikdən gəncliyə keçid dövrü, ömrün ən qaynar çağı. Qonşu kəndlərdən qəşəng qızlar, çılğın-çılğın yaraşıqlı oğlanlar bir mərkəzə- Qafan şəhər 4 saylı orta məktəbinə axışırdı. Bəzən od çıxan, şimşək çaxan baxışlardan ürəklərə eşq atəşi düşürdü. Kimisi səadətini burda tapırdı, kimisi bir ömür daşıyacağı könül yarası alırdı, kimisinnin də qismətinə sevdasını ürəyinə gömmək düşürdü. Beləcə hərə öz taleyinə düşəni götürüb ömür yoluna davam edirdi.

Budur, 51 ildən sonra yollar yenə kəsişib. Amma hərənin bir umudla gəldiyi bu yollar o yollar deyil. Nə Bakı-Qafan qatarının fit səsi gəlir, nə də kəndlərdən mərkəzə gələn var. Nə dərsdən qaçıb, Dəmiryolu stansiyasına gedən var, nə də dərsdən çıxıb kəndlərə səpələnən yeniyetmələr. Nə haçalanan dağ yolları var, nə yol üstündəki sıldırım qayalar, nə də Gülxacın köhlənyoran yoxuşları. Nə Yuxarı Gödəklidə işıq yanır, nə Xələcdə tüstü çıxır, nə də Qazangöldə kef məclisi, çal-çağır var. Bu dəfə Arzuların, xəyalların qanadında bir araya gələnlərin hərəsi öz öləzimiş arzularının qanadıyla yurd həsrətini körükləyir...


68 illik ömürlərinin yarıdan çoxunu yurddan aralı, qürbətlərdə odsuz-ocaqsız, bir-birindən xəbərsiz keçirən dostlar, rəfiqələr nəhayət görüşə bildilər.
Görüşə gələnlər içərisində, Yuxarı Gödəkli kənd sakinləri Əlövsət Xalıqverdiyev, həyat yoldaşı Rəqibə İsbiyeva, Nazilə Hüseynova, Süleyman Mehdiyev, Firudin Həsənov, Xələc kəndindən Gülşən Abdullayevə, Oxtar kəndindən Gülşən Qəhrəmanova, Bəkdaş kəndindən Adilə xanım, Qaraçimən kəndindən Qızılgül Həziyeva, həyat yoldaşı Turab Hüseynov, Fəxrəddin Mirzəyev, Şünasim Qasımov var idi. Görüşü Əlövsət Xalıqverdiyev açaraq Azərbaycanın dövlət müstəqilliyi, torpaqlarımızın azadlığı, ərazi bütövlüyü uğrunda şəhid olan igid oğullarımızın, dünyasını dəyişən müəllim və sinif yoldaşılarının xatirəsini bir dəqiqəlıik sükutla yad etməyi xahiş etdi.
Bütün şəhidlərimizə və dünyadan köçən müəllimlərimizə, şagirdlərə Allahdan rəhəmət dilədikdən sonra yaddaqalan bir gün yaşandı. Görüş gözəl təamlarla zəngin süfrə arxasında, çox maraqlı və şən ovqatla keçdi. Hər kəs öz uşaqlıq xatirələrini bölüşdü. Bu uzun ayrılıq illərində hər birinin həyatında olan acılı-şirinli günlərdən, ailələrindən, övladlarından danışdılar. Bir sözlə hər kəsin keçdiyi həyat yoluna qrup şəklində ekskurs etdilər. Yekunda son zəngdə çəkilmiş xatirə şəkili üzərində əks olunmuş böyük tord kəsildi, xatirə şəkilləri çəkildi və sinif yoldaşları bundan sonra daha tez-tez əlaqə yaradıb, ünsiyyət quracaqlarına əminliklərini bildirdilər.
Əlövsət Xalıqverdiyev 51 illik ayrılıqla bağlı keçirdiyi hissləri belə ifadə etdi:

SON ZƏNGİMİZ...
Başımız çox qarışmışdı.
Ayrılığa alışmışdıq.
Son zəngimin səsi gəldi.
Sinif yoldaşlarım görüşə gəldi.
Axtarıb bir-bir tapmışıq.
İlləri yola salmışıq.
Sizlər üçün darıxmışıq.

Nə az, nə çox 51 il.
Ayrılanda 17 yaş.
Görüşürük 70 yaşda.
Kədər, sevinc çöküb yaşa.
Alınlarda o qırışa.
İlləri yola salmışıq.
Sizin üçün darıxmışıq.

Nəzər saldım hər söhbətə.
Uzun çəkən bu həsrətə.
Oxuduğum o məktəbə.
Sizlə ötən o illərə.
Nə yaxşı ki, görüşürük.
O illərin xatirəsin
Bircə-bircə bölüşürük.
Vətənimiz Qafan olub.
Son zəngimiz orda olub.


Əlövsət XALIQVERDİYEV
19.11.2024






21-12-2024, 21:26
Seyfəddin RZASOY yazır:

Seyfəddin RZASOY yazır:

“Vətəndaş – Vətən daşı” konsepti


“Azərbaycan” qəzetinin 15 dekabr 2024-cü il tarixli sayında Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin sədri Sadiq Qurbanovun “Heydər Əliyevin milli yaddaş siyasəti” adlı məqaləsinə rast gəldim və böyük maraqla oxudum. Yazıda bir eposşünas kimi Oğuz milli yaddaş sistemi haqqında dediyimiz ““Kitabi-Dədə Qorqud” oğuzların etnik-milli kimlik sənədi, ana yasası – konstitusiyasıdır” fikrimizə də isnad olunması bizdə təbii məmnunluq hissi yaratmaqla bərabər, hörmətli millət vəkilinin milli düşüncə sisteminin aktual məsələlərinə toxunması və bu kontekstdə, bir növ, folklorşünasların “sahəsinə” nüfuz etməsi, bununla bağlı bəzi konseptual məqamları, xüsusilə ölkə Prezidenti İlham Əliyevin Azərbaycan xalqının milli qəhrəmanlıq simvolu Koroğlu haqqında söylədiyi “Vətəndaş – Vətən daşı” konseptini diqqət mərkəzinə gətirməsi bizi bir sahə mütəxəssisi kimi bununla bağlı bir sıra aktual məsələlərə toxunmağa vadar etdi. Həmin məqamlar etnoenergetik düşüncə potensiyasının müasir milli düşüncə və davranış sistemində reaktuallaşdırması ilə bağlıdır.
S.Qurbanov mətbuatda müntəzəm yazılarla çıxış edir. Onların içərisində milli yaddaş, milli düşüncə sistemi, folklor mətnlərində inikas olunmuş etnoenergetik potensiya kimi məsələlərdən bəhs edən yazılar diqqətimizi bilavasitə çəkir. Get-gedə bu məsələlərə marağı daha da artan riyaziyyatçı-hüquqşünas millət vəkilinin fikirləri sahənin aktuallaşdırılmasının zəruriliyini ortaya qoymaqla yanaşı, onlarla bağlı mütəxəssisləri (ən azı, folklorşünasları) aktivləşməyə, fikir söyləməyə, müzakirə açmağa və s. sövq edir.
Bu, bir reallıqdır ki, “Kitabi-Dədə Qorqud” və ondan daha qabaq aşıq sənəti və yaradıcılığı çağdaş Azərbaycan siyasi reallığının qurucusu Heydər Əliyevin diqqət mərkəzində olmuşdur. Azərbaycan müstəqilliyini qazanandan sonra Heydər Əliyevin diqqəti daha çox “Kitabi-Dədə Qorqud” eposunun üzərinə yönəlmiş və o, bu möhtəşəm oğuz eposunun etnofəlsəfi mahiyyətini təşkil edən “birlik” formulundan istər daxili (Azərbaycan), istərsə də xarici auditoriyada (Türk dünyası) geniş şəkildə istifadə etmiş, bu istiqamətdə hamımızın gözləri önündə cərəyan etmiş və iştirakçısı da olduğumuz nəhəng işlərə imza atmışdır.
Bu nüfuzlu dövlət xadiminin “Kitabi-Dədə Qorqud” eposuna olan diqqətinin, onu Azərbaycanın daxili və xarici mədəni siyasət ritorikasının əsas ifadə vasitəsinə çevirməsinin səbəbləri nə ilə bağlı idi?
Təbii ki, bu suala Heydər Əliyevin etdiyi çıxışlardan, söylədiyi nitqlərdən çoxlu örnəklər gətirməklə geniş şəkildə cavab(lar) vermək olar. Ancaq hörmətli millət vəkili S.Qurbanovun da yazdığı kimi, bir dövlət xadiminin, siyasət adamının nitqlərinin həmişə alt məna qatları olur. Bu cəhətdən, mərhum Prezidentin də “Kitabi-Dədə Qorqud”la bağlı çıxışlarının alt qat(lar)ı var idi və həmin mənalar qeyd etdiyimiz etnoenergetik düşüncə potensiyasının müasir milli düşüncə və davranış sistemində reaktuallaşdırması ilə bilavasitə bağlı idi.
“Kitabi-Dədə Qorqud” – epoxal mənsubiyyəti baxımından Oğuz abidəsi, başqa sözlə, oğuzların dastanıdır. Bədii-magik söz abidəsi olan bu dastanın Oğuz cəmiyyətindəki ən mühüm funksiyası “oğuzların etnik-milli kimlik sənədi, ana yasası – konstitusiyası” olmaq idi. Başqa sözlə, “Dədə Qorqud” eposu Oğuz milli düşüncə və davranış sisteminin sakral söz kodu ilə inikas olunmuş modeli, proqramı, yaxud mexanizmi idi. H.Əliyevin bu dastana olan marağının əsasında da məhz bu faktor – “Kitabi-Dədə Qorqud”un milli düşüncə sisteminin “birləşdirici” mexanizmi olması dururdu.
Eposun etnosdaxili birləşdiricilik mexanizmi iki əsas səviyyəni əhatə edir:
a) Oğuz etnokulturoloji səviyyəsi;
b) Ümumtürk etnokulturoloji səviyyəsi.
Eposun bu iki səviyyəsi tarixi-epoxal xarakterlidir. Oğuz epik modeli bütün hallarda ümumtürk epik nüvəsinə bağlıdır. Bu cəhətdən, Oğuz epik modelinin tarixi-diaxron baxımdan hansı inkişaf xəttini təmsil etməsindən asılı olmayaraq, o, sinxron strukturu baxımından bütün hallarda ümumtürk düşüncə modelini təmsil edir. Bu fikri bir qədər sadələşdirib desək, oğuzların dastanı olan “Dədə Qorqud” bütün poetik mahiyyəti, etnoepik fəlsəfəsi və etnoenergetik mahiyyəti ilə ümumtürk abidəsidir. Heydər Əliyev də eposun bu iki səviyyəsini çox gözəl görmüş və onlardan uyğun şəkildə istifadə edərək türk xalqlarını dastanın etnoepik düşüncə nüvəsi ətrafında, ən azı, dastanın 1300 illik yubiley tədbirləri səviyyəsində konsentrasiya edə bilmişdi. Bu, etnoenergetik düşüncə potensiyasının müasir milli düşüncə və davranış sistemində reaktuallaşdırılmasının beynəlxalq səviyyədə həyata keçirilmiş nəhəng nümunəsi idi.
Sadiq Qurbanovun ölkə Prezidenti İlham Əliyevin Azərbaycan xalqının milli qəhrəmanlıq simvolu olan Koroğlu haqqında söylədiyi “Vətəndaş – Vətən daşı” konseptinə istinad etməsi, onun epoxal-milli yaddaş dərinliklərinə enməsi də eposun etnoenergetik düşüncə potensiyası olması ilə əlaqədardır. Əgər “Dədə Qorqud” dastanı bu potensiyanın Oğuz-Türk enerjisini özündə daşıyırsa, “Koroğlu” eposu türk xalqlarının milliləşmə dövrünün etnik enerjisini özündə ehtiva edir.
Ölkə Prezidentinin milli qəhrəmanlıq simvolu Koroğlunu müasir milli düşüncə və davranış sistemində reaktuallaşdırması onillər boyunca qatı düşmənlərlə üz-üzə dayanmış xalqımızın milli qəhrəmanlıq ruhunun oyadılmasına xidmət edirdi. Bu cəhətdən, məhz qəhrəmanlıq eposuna “xitab edilməsi” tamamilə məntiqi idi.
Epos – hər bir xalqın etnokosmik düşüncə tərzini özündə yaşadan bədii düşüncə sistemidir. O, bügünün gözü ilə daha çox epik janrları əhatə edən bədii sistem olsa da, o, tarixi kökləri və mahiyyəti etibarilə ümumən bədii düşüncə sisteminin bütün arxetipik başlanğıclarını əhatə edir və şərti başlanğıcı etibarilə mifə gedib dayanır. Epos bu mənada mifologiyanın tarixi düşüncə çağındakı paradiqmatik varisidir. Mifin əsas funksional aspekt və səviyyələri mifik şüurun parçalanaraq tarixi şüura keçidi zamanı eposa transformasiya olunur. Məhz bu cəhətdən epos bir sözlü mətn, bədii janrlar sistemi olmaqdan daha iri anlayış olub, ilk növbədə milli düşüncə sisteminin əsasını təşkil edir.
Eposun, o cümlədən “Koroğlu” eposunun ən mühüm funksiyası onun etnosun yaşamasının bütün genetik struktur sxemlərini özündə qoruyan bədii düşüncə sistemi və etnosu düşüncə enerjisi ilə təmin edən milli energetik sistem olmasında ifadə olunur. Bu cəhətdən, milli qəhrəmanlıq ruhunun bütün davranış modellərini özündə arxetipləşdirən Koroğlu, əslində, hər bir azərbaycanlının qəhrəmanlıq ruhunun ayrılmaz parçasıdır. Koroğlu haqqında söylənmiş “Vətəndaş – Vətən daşı” konsepti də məhz bu müstəvidə məna kəsb edir. Üzərində doğulduğu və qoynunda boy atdığı torpağı özünə ana bilən hər bir Azərbaycanlının içərisində bir Koroğlu yaşayır. Bu cəhətdən, Koroğlunun Bakıda ucaldılmış heykəlində bir əlində qılıncı, o biri əlində sazı olan qəhərmanın Qıratın belində buludların fövqünə qalxması Azərbaycan qəhrəmanlıq ruhunun intəhasızlığını və qarşısıalınmazlığını ifadə edir. Bunu biz 44 günlük Vətən savaşında gördük və yaşadıq. Azərbaycan xalqı bu savaşda Vətənin və Vətəndaşlığın Vətənin hər bir daşından başlandığını bütün dünyaya nümayiş etdirdi.

Seyfəddin RZASOY,
AMEA Folklor İnstitutu Mifologiya şöbəsinin
müdiri, filologiya elmləri doktoru, professor
15-12-2024, 17:41
Abşeronda Qərbi Azərbaycan həqiqətləri


Abşeronda Qərbi Azərbaycan həqiqətləri

14 dekabr 2024-cü il tarixdə Xırdalan şəhərində Qərbi Azərbaycan İcmasının Abşeron rayon nümayəndəliyinin təşkilatçılığı ilə konfrans keçirildi. “Qərbi Azərbaycan Həqiqətləri” və “Qərbi Azərbaycana qayıdış siyasi hədəfimizdir” mövzuları ilə işə başlayan konfransda Abşeron Rayon İcra Hakimiyyəti Başçısının müavini Gülnar Rəhimova da iştirak etdi.
Konfransda əvvəlcə Azərbaycanın dövlət himni səsləndirildi.

Ulu Öndərin və Azərbaycanın dövlət müstəqilliyi, ərazi bütövlüyü uğrunda Şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasının açılışında iştirak etməsinə həsr edilmiş video-çarx nümayiş etdirildikdən sonra “Əməkdar Müəllim” Bilman Vəliyev son iki əsr ərzində xalqımızın başına erməni faşistləri tərəfindən gətirilən amansız zorakılıqlar və soyqırımlarından, deportasiyalardan danışdı.

XIX əsrdə azərbaycanlılar yaşayan ərazilərə ermənilərin köçürülməsi, onların apardıqları etnik-təmizləmə siyasəti, İrəvan xanlığında yerləşən Qala məscidi, Şah Abbas məscidi və Göy məscidin minarələrinin və türbələrin, qəbirsitanlıqların vəhşicəsinə dağıdılmasına dair faktları sadaladı.
Çıxış edənlər- Qadınlarla iş üzrə məsul şəxs-Günay Ərəbxanova, Gənclərlə iş üzrə məsul şəxs Heydər Vəliyev və tarixçi Könül Əlizadə Qərbi Azərbaycana qayıdışın siyasi və beynəlxalq hüquqi əsasları haqqında öz fikirlərini bildirdilər.

Tarixçilərdən Təzəgül Allahverdiyeva, Nuray Qaydarova, Jalə Cavadova və Sədərək döyüşlərinin fəal iştirakçısı Səxavət Hacıyev çıxış edərək son iki yüz ildə ərazilərimizdə baş verən hadisələr- Qərbi Azərbaycan həqiqətləri barədə tarixi faktlar əsasında geniş məruzə etdilər.
Konfransın sonunda Abşeron Rayon İcra Hakimiyyəti Başçısının müavini yekun sözü deyərək, nümayəndəliyin işinə, Qərbi Azərbaycana qayıdış uğrunda aparılan ideoloji mübarizədə uğurlar arzuladı.


7-12-2024, 23:23
İrəvan: Tarixi həqiqətlər və Şəxsiyyətlər


İrəvan: Tarixi həqiqətlər və Şəxsiyyətlər

Bu gün Beynəlxalq Avrasiya Mətbuat Mərkəzində Filologiya elmləri doktoru, professor Fəridə Səfiyevanın “İrəvan: Tarixi həqiqətlər və Şəxsiyyətlər” kitabının təqdimat mərasimi keçirilib. Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Mirzəyev Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə çap olunan kitabın gərgin zəhmət nəticəsində, nəfis şəkildə gözəl tərtibatla ərsəyə gələn kitaba görə, Fəridə xanıma təşəkkür etdi.

Tədbirin aparıcı, Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquqşünas Səməd Vəkilov diqqəti kitabda nəşr edilən materialların zəngiliyinə və nə qədər milli-mənəvi dəyər daşıdığına yönəltdi.
Lalin Həsənova Kanada- Azərbaycan Evinin rəhbəri, Hüseyn İbrahimov, Fəlsəfə doktoru Nazir Əhmədli və digər çıxış edənlər bildirmişlər ki, Azərbaycan xalqı ötən iki əsr ərzində silahlı münaqişələr, işğal, etnik təmizləmə, zorla köçürmə və soyqırımılarından nə qədər əziyyət çəksə də, Azərbaycan Türklərinin izini öz dədə-baba yurdlarından silməyə çalışsa da bu mümkün deyil. Fəridə Səfiyevanın Azərbaycan və ingilis dillərində nəşr edilmiş “İrəvan: Tarixi həqiqətlər və Şəxsiyyətlər” kitabı milli-mədəni irsimizin qorunmasında, Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayacaq.

Bu cür dəyərli Kitabın az tirajla çap olunması, tədbir iştirakçılarında təəssüf hissi yaratdı. Fransadan, Kanadadan və digər ölkələrdən tədbirə qatılan diaspor nümayəndələri bu kitabın erməni yalanlarının ifşa olunmasında müstəsna əhəmiyyəti olacağını vurğuladılar.
Kitabın müəllifi “Kainat” Milli-Mənəvi Dəyərlərin Dəstək İctimai Birliyinin təsisçisi, “Qərbi Azərbaycan İcması”nın İrəvan şəhəri üzrə sədri Fəridə Səfiyeva zəhmət çəkib tədbirə qatılanlara təşəkkür etdi.Layihələrini dəstəklədiyinə görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə minnətdarlığını bildirdi. Sonda xatirə şəkili çəkdirildi.
Əziz oxucular, maraqlı fikir mübadiləsi şəraitində keçən tədbirdən hazırlanmış geniş reportajı “Bütöv Azərbaycan” qəzetinin növbəti sayında oxuya bilərsiniz.
“Butov.az”
[center]





7-12-2024, 20:58
Müəllimimizi təbrik edirik!


Müəllimimizi təbrik edirik!

Bu gün bir vaxtlar Zəngəzur mahalının Gığı kənd orta məktəbində fizika fənnini tədris edən sevimli müəllimimiz Sucəddin Məmmədovun doğum günüdür. Həmin məktəbin 1975-ci il məzunları adından müəllimimizi doğum günü münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür və sağlamlıq arzulayırıq. Əziz Sucəddin müəllim, biləsiniz ki, hələ də keçən il mayın 28 -də sizin də iştirakınızla müəllimlərimizin görüşündəki xoş ovqatın təəssüratı ilə yaşayırıq. Məktəbimizdə yaratdığınız bədii özfəaliyyət dərnəyini, bizə verdiyiniz rolları hələ də xatırlamaqdayıq. Nə yaxşı ki, varsınız, nə yaxşı ki, bizim müəllimimiz olmusunuz. Nə yaxşı ki, sizin kimi müəllimlərdən dərs almışıq.
Bütün müəllimlərimizə sayğılarla: 1975-ci ilin məzunları adından Tamxil Ziyəddinoğlu
1-12-2024, 01:05
Gığı məktəbinin 100 illiyi qeyd olunub


Gığı məktəbinin 100 illiyi qeyd olunub

Qərbi Azərbaycan İcmasında, Qafan rayonunun Gığı kənd orta məktəbinin 100 illik yubileyi münasibətilə təntənəli tədbir keçirildi. Tarix dolu bir məkanın təhsil ocağının keçdiyi bir əsrlik yolun təntənəsini qeyd etmək üçün təşkil olunan bu tədbir, həm də vətən sevgisinin, yurd həsrətinin çulğaşdığı mərasim idi.
Tədbir Qərbi Azərbaycanın Qafan Rayon İcmasının sədri, professor Eldar Abbasovun açılış nitqi ilə başladı. İlk növbədə, vətən yolunda canını fəda edən şəhidlərimizin və Gığı kənd orta məktəbinin dünyasını dəyişmiş müəllimlərinin əziz xatirəsi yad edildi. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və tədbir rəsmi olaraq açıq elan olundu.
Məruzə ilə çıxış edən Bəhruz Piriyev Gığı kəndinin tarixi və kənddə yaradılan məktəbin keçdiyi şərəfli yoldan danışdı. O, nitqində məktəbin tarixi missiyasını belə ifadə etdi: "Vətən həsrəti, yurd həsrəti ilə döyünən qəlbimizdə daim ucalan Gığı kənd orta məktəbi Qafan rayonunun ən uca zirvələrindədir."

O, Qərbi azərbaycanlıların özlərini ifadə etmələri üçün yaratdığı şəraitə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirdi və Qərbi Azərbaycana qayıdış yolunda milli birliyin əhəmiyyətindən danışdı.
Tədbir çərçivəsində Gığı kənd orta məktəbinin keçmiş müəllim heyəti və məzunları haqqında hazırlanmış videoçarx nümayiş etdirildi. Bu videoçarxda məktəbin yetirdiyi professorlar və ziyalıların həyat hekayələri, təhsil uğurları təqdim olundu. Tədbir iştirakçıları bu anlarda duyğulu anlar yaşadı, məktəbin əsrlik zəhmətinin şərəfini bir daha hiss etdilər.
AMEA-nın Tarix İnstitutunun əməkdaşı, professor Cəbi Bəhramov tədbirdə çıxış edərək Gığı kəndinin Osmanlı dövrünə aid sənədlərdə adının keçdiyini, Gığı kəndində müsəlman-türklərin yaşadığını qeyd etdi.
Tədbirin digər iştirakçısı, professor, şair Paşa Qəlbinur Sovetlər dönəmində dostları ilə birlikdə Gığı kəndinə etdiyi səyahətdən, kəndin mehriban insanlarının qonaqpərvərliyindən, təbiətinin gözəlliyindən bəhs elədi, o yerlərlə bağlı xatirələrini bölüşdü.

Tədbirin ən vacib mesajı isə iştirakçıların Qərbi Azərbaycana qayıdışa və Azərbaycanın bütövləşəcəyinə olan inam idi. İştirakçılar Prezident İlham Əliyevin rəhbərliyi altında bu arzunun gerçəkləşəcəyi ümidi ilə birləşdilər. Onların qəlbində yurd sevgisi və əqidələrinə sədaqət ən yüksək dərəcədə hiss olunurdu.
Gığı kənd orta məktəbinin 100 illik yubileyi yalnız bir təhsil müəssisəsinin tarixini deyil, həm də bir xalqın əzm və iradəsini nümayiş etdirdi. Tədbir, keçmişin xatirələri ilə gələcəyin ümidlərini birləşdirərək yaddaşlara yazıldı. Sonda xatirə şəkilləri çəkdirildi.
P.S.Tədbirdən hazırlanacaq geniş reportajı “Bütöv Azərbaycan” qəzetində oxuya bilərsiniz.
Tehran YUSİFLİ,
“Bütöv Azərbaycan” qəzetinin
Qərbi Azərbaycan üzrə Xüsusi müxbiri






[center]
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!