Hörmüz tezliklə açılacaq - Tramp .....                        İranla işimiz bitməyib - Netanyahu .....                        “Neftçi”dən növbəti QƏLƏBƏ .....                        Vaşinqtonda kritik görüş: İsrail və Livan üz-üzə .....                        Pakistan qırıcıları Səudiyyə Ərəbistanında .....                        Pakistanda İranın maraqlarını müdafiə edirik - Pezeşkian .....                        Kürdə suyun səviyyəsi yüksəldi .....                        Türkiyədə polis əməliyyatları - 722 nəfər saxlanıldı .....                        İraqın yeni kürd prezidenti - Nizar Amidi .....                       
6-02-2023, 15:26
KARVAN YOLU

KARVAN YOLU

Ulu Yaradanın möcüzələrindən biri də Karvan Yoludu, o yol ki, zəvvarların azmadan, sağ-salamat mənzil başına çatması – müqəddəs yerləri ziyarət etməsi üçün bələdçilik edir. Ulduzlar toplusu olan bu “səmavi yol” insan övladlarının arzularına qovuşmasına xidmət edən yoldu...
Azərbaycan millətinin bu günkü Karvan Yolu Zəngəzura, Göyçəyə, İrəvana gedən yolu – bizim üçün dünyanın ən müqəddəs məkanına, Məkkə-Mədinəyə gedən kimi, dədə-baba yurdlarına gedən yol. Bu yol azadlıq yoludu, haqq yoludu, Qarabağdan, Şuşadan keçən yoldu – odlar ayaqlayandan, necə ağrı-acılar görəndən sonra, necə igid oğullarımızın, şəhiddlərimizin müqəddəs qanı bahasına gedilən yol. Bu, həm də zamanın hər cür haqsızlıqlarına qatlanmış, iblisdən yaman olan düşmənin çirkin, murdar sifətini görmüş, saysız-hesabsız üzüntülər yaşamış didərgin insanların sınaq yoludu – həm Allah qarşısında, həm də müqəddəs baba yurdlarına dönüşün sınaq yolu. Özünə “türkəm”, “azərbaycanlıyam”, “müsəlmanam”, “haqqın tərəfindəyəm”, – deyən hər kəsin sevə-sevə, göynəyə-göynəyə, yana-yana illərlə, ümidlə gözlədiyi yoldu bu yol.
Bu səfərin gerçəkləşməsi üçün tarix bizə gözəl bir şans yaradıb – Karvan Yolumuza parlaq ulduzlar düzüb ki, biz təkcə 1988-1991-ci illərdə yox, iki yüz ilə yaxın bir zaman kəsiyində zaman-zaman baba yurdlarımızdan min bir siyasi hiylə ilə, min bir əzabla qovulan, didərgin salınan, sürgünlərə, məşəqqətlərə, deportasiyalara, soyqırımlara məruz qalan insanların övladları öz halal torpaqlarına qayıtsınlar. Bu gün ən parlaq ulduzlarımız məhz Karvan Yolunda parlamalıdırlar ki, qədim İrəvanımıza, Zəngəzurumuza, Göyçəmizə dönə bilək.
Qərbi Azərbaycanlıların öz yudrlarına dönməsi ilə İrəvan qalasında öz yurdlarını qoruyarkən rus süngüsü ilə qətlə yetirilən, şəhid olan Hüseyqqulu xanların ruhlarını şad etmiş oluruq. Bunun üçün əlimizdən gələni etməli, yüz illərdi Təbrizə, Dərbəndə, İrəvana – dörd-beş yerə parçalanan və öz dədə-baba torpaqları ilə həmsərhəd olan millətin bütövləşməsi üçün tarixi şansdan bəhrələnməliyik. Bu gün Azərbaycan dövləti, dövlət rəhbəri, Azərbaycanı sevən hər ziyalı, hər kəs üçün Qərbi Azərbaycana qayıdış işi, konsepsiyası müqəddəs Karvan Yolunda bir ulduz olmağı bacarmaqdı. Bu məqsəd üçün atılan hər addım bizi tarixi qələbəyə aparır, itirdiklərimizi qaytarmağa aparır, özümüzü özümüzə qaytarmağa, müqəddəs qəbirlərimizi və ziyarətgahlarımızı ziyarətə aparır. Bu müqəddəs səfərə hazırlaşan hər kəs özlüyündə bir zəvvardı, onun büründüyü ehram onun mənəviyyatı, ata-babasına olan məhəbbəti, millətinə, dövlətinə, torpaqlarının bütövlüyünə sədaqətidi...

Əksinə, bu işə mane olanlar üçün isə ən yüngül söz: “Sapı özümüzdən olan baltalar”dı. Zəngəzura, Göyçəyə... – qədim Azərbaycan torpaqlarına qayıdış üçün Qərbi Azərbaycan İcmasının apardığı məqsədyönlü iş üçün dövlətimizin rəhbərinin xeyir duası, tövsiyə, kömək və göstərişi bu gün gündəmdədi və Azərbaycanı sevənlər üçün bir sevinc, qürur dolu tarixi hadisədir. Bu işdə baba yurdlarına dönüş var, mədəni, mənəvi irsimizin, yüz illərdi itirilənlərin bərpası var və hər şeydən qabaq düşmən ayağı altında olan torpaqlarımıza – ata-baba yurdlarımıza qayıdış var . Buna kömək etmək, xeyir-dua vermək əvəzinə bəziləri, özü də özünə “ziyalı” deyən, yüksək vəzifələrdə işləmiş, babasının qəbirləri düşmən ayağı altında olanlar hədyan deyir, irad tuturlar. Gündəmdə qalmaq naminə, “mən də varam” naminə öz mənliyini ayaqlar altına atan, təlxəklik edənlər düşünmürlərmi ki, bu, millətin, dövlətin ümumxalq işidir. Bu, yağı dəyirmanına su tökmək, dünyanın hegemon dövlətlərindən dəstək alan, başımıza min cür müsibətlər gətirən çox hiyləgər və bizə qarşı sonsuz nifrəti olan, son dərəcə haqsız bir düşmənə dəstək olmaqdı. Və çox maraqlıdır ki, elə bir ziyalıya qara yaxmağa çalışırlar ki, özlərinin və gördüyü işlərin çəkisi o ziyalının – Əziz Ələkbərlinin Qərbi Azərbaycanla bağlı tədqiqiatlarının, əsərlərinin bir vərəqinin çəkisi qədər deyil. Onların bu çirkin addımları təkcə Ə.Ələkbərliyə yox, həm də mənə və mənim kimi yüz minlərlə Qərbi Azərbaycanda doğulmuş insanlara qarşıdır. Və həm də dövlət rəhbərinə qarşıdır. Çünki Azərbaycan Respublikasının Prezidenti doğum günündə Qərbi Azərbaycandan olan ziyalılarla görüşündə: – doğum günümü ancaq ailə üzvlərimlə qeyd eləmişəm və hesab edirəm ki, bugünkü gün istisna deyil, yenə də ailə üzvlərimlə birlikdə qeyd edirəm, – deməsi Azərbaycanı sevən və bizə düşmən olanlara çox tutarlı bir mesaj deyilmi?!
Burda Azərbaycanın bütöv olması üçün millətimizin birliyinə, bütün çətinlikləri, problemləri yalınız doğma insanlarla həll etməyin mümkünlüyünə eyham deyilmi?! Bəli, prezidentin Qərbi Azərbaycan İcmasına rəhbərlik etməyi ehtimad etdiyi insana – Ə.Ələkbərliyə qarşı deyilən hər söz Azərbaycanın bütövlüyü üçün çalışan hər kəsə deyilən sözdü. Siz fərqindəsinizmi bu alim hansı əzab əziyyətlə, hansı zəhmətlə Qərbi Azərbaycanla bağlı qırxa yaxın tədqiqat əsərini ərsəyə gətirib?! Siz fərqindəsinizmi ki, bu gün sizin gündəmdə olmaq üçün bir ziyalıya qarşı dediyiniz söz yurdlarımıza dönmək üçün qayıdan karvana mane olmaqdı. Siz düşünə bilərsiniz ki, mən həmin icmanın şöbə müdiri olduğuma görə ona yarınmaq üçün bu sözləri deyə bilərəm...
Mən Əziz müəllimi otuz ilə yaxındır ki, tanıyıram və bəlkə də kitabları işıq üzü görəndə də, dörməmişdən qabaq da ilk oxucularından biri mən olmuşam. Biz bir məfkurənin, bir əqidənin adamları olduğumuzdan, onun millətə, dövlətə və dövlətçiliyimizə xidmət etdiyindən, həm də dədə-baba torpaqlarımızın tarixini yaratdığından mən onun silahdaşı, milli ideya, milli mənlik soydaşıyam. Bizim bir-birimizə hörmət və münasibətimiz də vətənpərvərlikdən qaynaqlanır. Mən onlarla bədii, publisistik əsərlərin, kitabın müəllifi olan yazaram və bədii yazılarımdakı vətən həsrəti, yurd istəyi, başımıza gələn fəciələri də Əziz müəllim özününkü sayır və sayıb. Otuz ildən çoxdur ki, mənim bütün əsərlərimin redakroru da məhz Əziz Ələkbərlidir.
Biz tanış olduğumuz ilk gündən ata-baba yurdlarımıza qayıtmaq amalı üçün çalışmışıq. Mən yazıçı kimi bədii əsərlərimdə, telejurnalist kimi verilişlərimdə, Əziz müəllim də bir alim kimi öz tədqiqatlarında, araşdırmalarında. Belə bir insana qara yaxmaq millətinə, dövlətinə qara yaxmaqdır, düşməni sevindirib, dostu kədərləndirməkdir. Sizdə vətənpərlik, təəssübkeşlik olsa Qərbi Azərbaycandan, ya ölkəmizin başqa guşələrindən olan ziyalılar kimi gəlib deyərdiniz ki, mən nə kömək edə bilərəm. Azərbaycan Respublikasının Prezidentinin QAİ-nin binasının açılışındakı çıxışına qulaq asandan sonra siz qayıdış konsepsiyası haqqında təklifinizi vermiş olsaydınız öz ziyalılığınızı ortaya qoymuş olardınız.
Amma çox təssüflər... Elə ümummilli təəssübkeşlik var ki, orda nə iqtidar, nə müxalifət, nə də Şəkili-Bakılı sərgilənmir, 44 günlük müharibədə olduğu kimi. Qərbi Azərbaycana qayıdış da o müharibənin davamıdır, amma topsuz-tüfəngsiz – silahsız, sülhlə. Burda ziyalı da, fəhlə də, qulluqçu da mərhum S.Vurğunun dediyi kimi olmalıdır:
Bilsin ana torpaq, eşitsin Vətən
Müsəlləh əsgərəm mən də bu gündən...

Qərbi Azərbaycanlı “ziyalısı”, dediyin sözlərin, atdığın addımın fərqindəsənmi ki, bu gün Şimaldan, Cənubdan, Qərbdən Vətənimizə olan düşmən təpkilərinə dəstək olursan?! Ay ata-baba qəbirləri düşmən ayağı altında olan insan. Görünür sizin kimilər üçün fərqi yoxdu – rəhmətlik Sabir demiş: “millət necə tarac olur-olsun nə işim var, düşmənlərə möhtac olur-olsun nə işim var?!”
Sizin Əziz Ələkbərliyə atdığınız “tolamazdı” balalarınıza, babalarınıza atdığınızdı, əgər özünüzü dərk edirsinizsə. Bəli, bu gün Qərbi Azərbaycan İcmasının yolu Karvan Yoludu – dədə-baba yurdlarımıza gedən yol!
Miraslan BƏKİRLİ
yazıçı-jurnalist


4-02-2023, 20:19
Üzü Zəngəzura, yolumuz açıq olsun!

Üzü Zəngəzura, yolumuz açıq olsun!

Fevralın 4-də Qərbi Azərbaycan İcmasının inzibati binasında bir coşqu, bir sevinc abı-havası vardı. Bir qərinəlik yurd həsrəti hopmuş üzlərə bir ümidin işığında gülüş qonmuşdu. Erməni faşizminin zülmü altında uşaqlıq, gənclik çağlarından ata ocağını tərk etməyə məcbur olmuş qafanlılar öz icmalarının təsisini elan etmək və Qafan Rayon İcmasına sədr seçmək üçün bir araya gəlmişdilər.

Professor Eldar Abasov 24 dekabrda Prezident İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı verdiyi mesajlar və toplantının məramı barədə ümumi məlumat verdikdən sonra iclasa sədrliyi Zülfüqar Kazımova həvalə etdi.
Tədbirə qatılan Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli İcmanın bugünə qədərki fəaliyyəti və qarşıda duran vəzifələr barədə danışdı. Yaxınlarda qəbul olunmuş “Qərbi Azərbaycana qayıdış konsepsiyası”ndan, Qərbi Azərbaycan İcmasının problemlərinin beynəlxalq təşkilatların gündəminə gəlməsindən söhbət açdı.

Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Rauf Tağıyev təklif etdi ki, təkcə qafanlılar arasında deyil, ümumiyyətlə respublikamızda böyük nüfuz sahibi olan professor Eldar Abasov Qafan Rayon İcmasının sədri seçilsin. Təklif gurultulu alqışlandığından nə alternativə, nə də səsverməyə ehiyac qaldı.
Beləliklə çıxışçılara söz verildi. Hər kəs bir gün dogma yurda qayıdacağına inamla, bu məqsədə çatmaqdan ötrü icma üçün görəcəyi işlərdən danışdı, öz təkliflərini səsləndirdi. Estafeti gənc nəslə ötürmək, onları tarixi torpaqlarımıza, milli-mənəvi dəyərlərimizə sahibləndirmək üçün icmanın fəaliyyətinə qoşmağın zəruriliyi xüsusi vurğulandı.
Müsəlləm kəndinin təmsilçisi Əkrəm Mustafayev İcmanın fəaliyyətində, əlaqələrin, informasiya mübadiləsinin operativliyini təmin etmək üçün elektron ünvanının yaradılmasının vacibliyini bildirdi. Qeyd etdi ki, İcmanın gənclər təşkilatının formalaşmasını sürətləndirmək üçün də whatsApp-da gənclər qrupu yaradılsın.

Rəssam, AMİTA ictimai birliyinin təsisçisi Səməni Şahsuvar Qasımovanın Zəngəzur elinə aid butun maddi mənəvi dəyərlərimizi qorumaq məqsədilə, o torpaqların kimə məxsusluğunu butun dunyaya göstərmək üçün muzey yaratmaq təklifi də təqdir edildi.
Tamxil Ziyəddinoğlu İcmanın mətbu orqanı yaranıncaya qədər də, ondan sonra da “Bütöv Azərbaycan” qəzetinin səhifələrində, “Ordum.az” və “Butov.az” informasiya portallarında icmanın fəaliyyətinə informasiya dəstəyi verəcəyini bildirdi.
Professor Eldar Abasov ona edimad göstərib Qafan Rayon İcmasının sədri seçənlərə təşəkkür edərək bildirdi ki, ümumi işimizin, dövlətimizin, millətimizin gələcəyi naminə hamımız əl-ələ, çiyin-çiyinə verib çalışmalıyıq. Məkrli düşmənlərə yalnız güc birliyilə qalib gələcəyik. Necəki 44 günlük müharibədə qalib gəldik.
Üzü Zəngəzura, yolumuz açıq olsun!

Butov.az
Fotolar Ramin Abdullayevindir
27-01-2023, 22:53
Qərbi Azərbaycan İcması Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktını qınayıb

Qərbi Azərbaycan İcması Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktını qınayıb

Qərbi Azərbaycan İcması Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə edilmiş silahlı hücumu şiddətlə qınayır.
İcmanın mətbuat xidmətindən bildirilib ki, silahlı hücum nəticəsində şəhid olmuş Azərbaycan Respublikasının hərbi qulluqçusu, əslən Qərbi Azərbaycanın Göyçə mahalının Nərimanlı kəndindən olan baş leytenant Orxan Əsgərovun ailəsinə, yaxınlarına və xidmət yoldaşlarına dərin hüznlə başsağlığı verir və yaralananlara şəfa diləyirik.
Elçilərin toxunulmazlığına dair İslam ehkamlarına və beynəlxalq normalarına hörmətsizliyin və xarici dövlətlərin səfirliklərinə xain hücumların İranda ənənəyə çevrilməsi təəssüf doğurur.
İcma tutduğu vəzifəsindən asılı olmayaraq, bu hücumun sifarişçilərinin, təşkilatçılarının və icraçılarının dərhal həbsini və tərəfsiz ədalət məhkəməsinə təslim olunmasını tələb edir.
18-01-2023, 21:32
Qərbi Azərbaycan İcmasında dinləmələr keçirilib.


Qərbi Azərbaycan İcmasında “Qayıdış Konsepsiyası” layihəsinə dair təkliflərlə bağlı dinləmələr keçirilib.

Qərbi Azərbaycan İcmasında, İcmanın rəhbər heyətində təmsil olunan ziyalılar və bir qrup alim və mütəxəssislə “Qayıdış Konsepsiyası” layihəsinə dair təkliflərlə bağlı dinləmələr keçirilib.

Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli əvvəlcə ümumilikdə İcmanın qarşısında duran vəzifələrdən bəhs edib. İcma sədri vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasının açılışı zamanı bir qrup ziyalı ilə görüşündəki proqram xarakterli çıxışında irəli sürdüyü “Qayıdış Konsepsiyası” layihəsi üzərində iş gedir. Bildirib ki, Qərbi Azərbaycana, ata-baba yurdlarına qayıtmaq bu insanların haqqıdır və bu prosesin beynəlxalq konvensiyalardakı geri qayıtmaq hüququ, eləcə də sülh yolu ilə baş tutmasına dair konsepsiya layihəsində bu kimi məsələlərə xüsusi diqqət yetirilir. Bununla bağlı tədbirdə iştirak edən ziyalıların fikirlərinin və təkliflərinin dinlənilməsinin önəmini vurğulayan sədr, təkliflərini səsləndirmək üçün sözü istirakçılara verib.

İcmanın qadınlar şurasının rəhbəri, millət vəkili Məlahət İbrahimqızı, millət vəkili Etibar Əliyev, İcmanın Nəzarət – Təftiş komissiyasının rəhbəri Vahid Novruzov, MQF-nin prezidenti Rauf Zeyni, professor İbrahim Bayramov, Tarixçi alim Nazim Mustafa, tədqiqatçı alim Nazir Əhmədli, professor Qaley Allahverdiyev və digərləri “Qayıdış Konsepsiyası” layihəsi ilə bağlı təkliflərini səsləndiriblər.
Tədbir zamanı həmçinin, İcmanın çağırışına uyğun olaraq, “Qayıdış Konsepsiyası” layihəsinə dair geniş ictimaiyyətdən daxil olmuş yazılı təkliflər nəzərdən keçirilib.


Qərbi Azərbaycan İcmasının mətbuat xidməti
28-12-2022, 10:19
"Tarixin itməyən dəyəri” mükafatlandırıldı

"Tarixin itməyən dəyəri” mükafatlandırıldı

MUZ TV-nin efirində yayımlanan “Ümid ilə Gəl” verilişində məktəblilərə sertifikat və pul mükafatı təqdim edilib. Nəzərinizə çatdıraq ki, həmin məktəblilər “Uşaqların Gələcəyi Naminə" təşkilatının elan etdiyi “Nidanın gücü, gücün nidası!” adlı növbəti yazı müsabiqəsinin qalibləridir.
Bu barədə təşkilatın sədri, hüquqşünas Könül Quliyeva məlumat verib.
Bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Valday şəhərində qürur hissi ilə dediyi “Qarabağ Azərbaycandır!” şüarı müharibə dövründə Azərbaycan Ordusunun ilhamverici qüvvəsinə çevrildi. Biz də təşkilat olaraq möhtəşəm zəfərə həsr edilən yazı müsabiqəsi keçirmək qərarına gəldik və nəticələri cənab Prezidentin ad günündə açıqladıq. “Nidanın gücü, gücün nidası!” yazı müsabiqəsi V-IX sinifdə təhsil alan orta məktəb şagirdləri arasında keçirilib. Müsabiqəyə yazılar 01 dekabr 2020-ci il tarixdən 15 dekabr 2020-ci il tarixədək təqdim edilib. Şadirdlərin esseləri müxtəlif peşə sahiblərindən ibarət 5 ekspert tərəfindən dəyərləndirilib. Bütün yazılar ekspertlərə anonim olaraq təqdim edilib, 5 ballıq sistemlə qiymətləndirilib".
Qeyd edək ki, ekspert qrupunun rəhbəri AMEA-nın Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, professor Seyfəddin Rzasoydur.
Müsabiqənin yekunlarına əsasən I yerə 26 baIIa “Azadlıq tarixin tək itməyən dəyəridir!” məqaləsi ilə Xəzər rayonu Binə qəsəbəsi, Hövsan-Südçülük sovxozunun Rəşid Baxışov adına 218 saylı tam orta məktəbin 7g sinif şagirdi Aysu Nurməmmədova, ll yerə 24 balla “Nidanın gücü, gücün nidası!” Zəfər! - Biz onu çox gözləmişdik…” məqaləsi ilə Sabunçu rayonu Cəlal Məmmədyarov adına 155 nömrəli tam orta məktəbin 6c sinif şagirdi Nərmin Sadıqova, III yerə 21 balla “Zəfərə aparan yol!” məqaləsi ilə Sabunçu rayonu, Mastağa qəsəbəsi Firuz Bayramov adına 22 saylı tam orta məktəbin 5c sinif şagirdi Nərmin Vəkiloğlu layiq görülüb. Verilişin aparıcısı Tarix Əliyev və təşkilat sədri bütün qaliblər adından Ali Baş Komandanımız Prezident İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib. Sonda K. Quliyeva müsabiqənin reallaşmasına göstərdikləri maddi dəstəyə görə savab əməl sahiblərinə - “OK mobile” və “Mobil-N1” satış müəssisələrinin rəhbərlərinə dərin minnətdarlığını bildirib.
Tanrı Azərbaycanı Qorusun! Qarabağ Azərbaycandır!"
24-12-2022, 15:22
“Azərbaycanda hərb işi və hərb sənəti” adlı monoqrafiya çapdan çıxıb


“Azərbaycanda hərb işi və hərb sənəti” adlı monoqrafiya çapdan çıxıb


Milli Müdafiə Universitetinin Hərbi Elmi-Tədqiqat İnstitutunda “Azərbaycanda hərb işi və hərb sənəti” monoqrafiyası işıq üzü görüb. Butov.az xəbər verir ki, geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabın müəllifi Milli Müdafiə Universitetinin Hərbi Elmi-Tədqiqat İnstitutunun professoru, “Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri, ehtiyatda olan birinci dərəcəli kapitan, tarix elmləri doktoru, professor Nurulla Əliyevdir.

Kitabda Azərbaycanda hərb işinin qədim dövrlərdən XVI əsrədək tarixi və inkişaf mərhələləri işıqlandırılıb. Nəşrdə, həmçinin dövrün hərbi-siyasi tarixi, hərb sənətinin əsas xüsusiyyətləri xronoloji ardıcıllıqla əksini tapıb. Kitab çoxlu sayda illüstrativ materiallar - dövlətlərin, yürüşlərin xəritələri, döyüş əməliyyatlarının, hərbi təşkilatların yürüş və döyüş düzülüşləri sxemləri, tarixi silahların fotoşəkilləri, batal miniatürləri, o cümlədən torevtika və daşişləmə sənəti nümunələri yer alıb.
Ən qədim dövrlərdən XVI əsrə qədər Azərbaycanın hərb tarixinin öyrənilməsi və ümumiləşdirilməsinin aktuallığı, problemin Azərbaycan tarixşünaslığında indiyədək konkret–tarixi və konseptual baxımdan araşdırılmaması bu tədqiqat işinin mövzu və məqsədlərini şərtləndirib.
Monoqrafiya Azərbaycanın ali və xüsusi təyinatlı təhsil müəssisələrinin müəllimləri, tələbə və kursantları, geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Nəşr gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi üçün də dəyərli mənbədir.

Издана монография «Военное дело и военное искусство в Азербайджане»


Вышла в свет монография «Военное дело и военное искусство в Азербайджане», изданная Военным научно-исследовательским институтом Национального университета обороны.
Aвтором книги, предназначенной для широкой читательской аудитории, является профессор отдела гуманитарных наук Военного научно-исследовательского института, капитан 1-го ранга запаса, председатель благотворительного общественного объединения «Дербенд», доктор исторических наук, профессор Нурулла Алиев.
В книге освещаются история военного дела в Азербайджане с древнейших времен до XVI века и этапы его развития. В публикации в хронологическом порядке отражена военно-политическая история эпохи, особенности военного искусства. Книга насыщена богатым иллюстративным материалом – карты государств, походов, боевых действий, схемы походных и боевых порядков военных организаций, фотографии исторического оружия, батальные миниатюры, в том числе образцы торевтики и обработки камня.
Актуальность изучения и обобщения военной истории Азербайджана с древнейших времен до XVI века и тот факт, что проблема не исследовалась азербайджанской историографией с конкретно-исторической и концептуальной точек зрения, обусловили тему и цели этого исследования.
Монография предназначена для преподавателей, студентов и курсантов высших и специальных учебных заведений Азербайджана, а также широкой читательской аудитории. Издание также является ценным источником для воспитания подрастающего поколения в духе патриотизма.
24-12-2022, 11:59
Esmira Günəşin kitablarının təqdimatı olub

Sumqayıtda 24 saylı məktəbdə Esmira Günəşin kitablarının təqdimatı oldu

Dekabrın 23-ü Sumqayıt şəhər 24 saylı məktəbdə Esmira Günəşin şəhidlərə həsr etdiyi kitabların təqdimatı oldu. Tədbirdə kitablarla yanaşı həm də kitabda yer alan Sumqayıt şəhidlərinin şəkillərindən sərgi hazırlanmışdı. Məktəbin şagirdləri əvvəlcə sərgi ilə tanış olub şəhidlərimizi daha yaxından tanıdı, sonra isə tədbirdə iştirak edərək şəhid anaları ilə ünsiyyət qurmağa fürsətləri oldu. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunduqdan sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra məktəbin direktoru Nəsibə müəllimə qonaqları salamlayaraq şəhidlərimizin illər keçsə də unudulmayacağını dilə gətirərək, məktəb kollektivi olaraq bu sahədə xüsusi addımlar atdıqlarını bildirib. Qeyd edib ki, hər zaman şəhid ailələrinin və qazilərin yanında olaraq onlara dəstək olmağa çalışırlar. Tədbir Esmira Günəşin şəhidlərə həsr etdiyi şeirlərlə və vətənpərvərlikdən bəhs edən bir neçə səhnəciklə davam edib. Tədbirin gedişatında sözləri Esmira Günəşə, bəstəsi Yaqut Almaza məxsus olan şəhid Elmar Nəsibovun xatirəsinə həsr olunmuş musiqi gənc müğənni Xəyal Cəbrayıllının ifasında səsləndirilərək klipi qonaqlara nümayiş olunub. Tədbirin xüsusi qonaqlarından biri də qadın şəhidimiz Mətanət Mehdiyevanın ailəsi olub. Tədbirin sonunda çıxış edən Esmira Günəş qadın qəhrəmanlarımızdan çox az tanındığını bildirərək, Mətanət Mehdiyevanın adını xüsusi vurğulayıb. O bildirib ki, bundan sonra da şəhidlər haqqında yazıb, yeni kitablar nəşr etdirməyə davam edəcək. Gələn bütün qonaqlara və tədbirin ərsəyə gəlməsində əziyyəti olan hər kəsə təşəkkür etdi. Sonra xatirə şəkilləri çəkdirildi. Sonda məktəb kollektivi şəhid ailələrini ehsan süfrəsinə qonaq etdilər.
23-12-2022, 14:52
Xoruz əhvalatı

Məhərrəm Mustafa
Yazıçı


Xoruz əhvalatı

Xaçmazın Şollar kəndinə qonaq getmişdim. Bir neçə saatdan sonra qayıtmağı qərara aldım. Ev sahibi məni öz yaxınının maşını ilə yola saldı. Xaçmaza çatdıq. Evimiz dalanda yerləşdiyinə görə adətən maşınla gələndə küçənin başında düşürəm. Ona görə də sürücüdən xahiş etdim ki, saxlasın. Lakin o, mənim təkidimə baxmayıb maşını dalana sürüb düz evimizin qabağında saxladı. Mən onunla xudafisləşib düşdüm. Həyətə girmək istəyirdim ki, məni səslədi:
– Zəhmət olmasa, qardaş bir dəqiqə gözlə. Maşının yük yerini açıb ordan ayaqları bağlı bir xoruz çıxarıb mənə verdi:
– Sənə pay veriblər.
Bu hədiyyəni gözləmirdim. Xoruzu alıb: “Sağ olsunlar”, deyib təşəkkürümü bildirdim. Həyətə keçdim. Ailəliklə hamımız xoruzun başına yuğışmışdıq. Xoruz qeyri-adi olmaqla, pipiyi iri və tac şəklində idi. Quyruğu uzun olsaydı ona xoruz yox, tovuz quşu demək olardı. Oğlum Kamran bildirdi ki, bu xoruz çox nadir növdəndir. Aparıb bazarda satsaq ən aşağısı 100 manat verərlər. Mən də cavab verdim ki, xoruzu bizə pay veriblər, satmaq hörmətsizlik olar. Onu da deyim xoruz elə də böyük, nə də ətli-canlı idi. Həyətdə isə bu xoruzu saxlamaq üçün şərait yox idi. Kiçik bir yer düzəldib xoruzu ora buraxdıq. Bir neçə gün keçdi. Bacanağım bizə qonaq gəlmişdi. Pay verilən xoruzu ona göstərdik. Hiss etdim ki, xoşuna gəlib. Yola salarkən xoruzu ona verdim:
– Bacanaq, bu xoruzu bağışladım sənə.
Elə təzəcə evə girmişdim ki, telefona zəng gəldi. Dəstəyi qaldırdım. Bacanağımgildən idi. Onu soruşurdular. Mən də, məndən çıxmayan iş,dedim:
– Bacanağın qoltuğuna bir xoruz verib saldım yola, indi gəlib çatar.
Bu cavabın üstündən heç on dəqiqə keçməmiş yenidən telefona zəng gəldi. Elə “Alo” deməyim oldu. Bu dəfə zəng edən bacanağın özü idi. Bacanaq başladı, nə başladı. Ağzımı açmağa belə imkan vermədi:
– O nə sözdür demisən? Xoruzunu verib qoltuğuna yola saldım…
Qulaq asmaqdan başqa çarəm olmadı. Nəhayət, danışıb ürəyini boşaltdıqdan sonra susdu.
O sakitləşəndən sonra dedim:
– İndi mən gəlirəm sizə. Mən sənin qoltuğuna bir xoruz vermişəm, sən də mənim qoltuğuma iki xoruz verib yola salarsan. Zarafat eləmişəm də, burda nə var ki?
İnsafən bu sözümdən sonra bacanağım daha dillənmədi. Bu telefon danışığından sonra məni bir sual düşündürdü: Görəsən “qoltuğa xoruz vermək” ifadəsinin mənası nədir?
Bir gün dostum Füzuli müəllim məni Xaçmazın Nərəcan kəndinə samovar çayı içməyə dəvət etmişdi. Sakitcə söhbət edə – edə çay içirdik. Birdən həyətdəki toyuqların arasında gəzişən bəzəkli bir xoruz gözümə sataşdı.Yadıma bacanağımla aramızda olan əhvalat düşdü. Üzümü Füzuli məllimə çevirib soruşdum:
– Müəllim, bəlkə siz bilirsiniz,”qoltuğa xoruz vermək” məsələsinin mənası nə deməkdir?
– Bilirəm,-deyərək danışmağa başladı:
– Əvvəllər elçiliyə gedərkən özləri ilə yaraşıqlı bir xoruz aparardılar. Qız evi razılıq əlaməti olaraq xoruzu kəsib, bişirib süfrəyə gətirib elçilərlə birlikdə yeyirdilər. Razılıq olmayanda isə heç xoruzun ayaqlarını da açmayıb gələn elçılərlə qaytarırdılar. Maraqlananlar soruşanda qız evinin cavabı belə olardı: “Xoruzlarını verdik qoltuqlarına”.
Təəssüf edirəm ki, bəzi adətlərimizlə bərabər belə gözəl adətimiz də unudulub.
P.S: Belə xoruzun adı qırxpipikdir.
16-12-2022, 13:29
Yusuf Zirvəsi

Yusuf Zirvəsi


Gənc tədqiqatçı Elmir Həsən Şair Təbibin dünyaşöhrətli azərbaycanlı-kimyaçı alim Yusuf Məmmədəliyevə həsr etdiyi “Yusuf zirvəsi” poemasına resenziya yazıb. "Bütöv Azərbaycan" qəzetinin bu günkü sayında dərc olunmuş həmin resenziyanın maraqla qarşılanacığını nəzərə alaraq "Butov.az"-ın oxucularına təqdim edirik:
Məşhur fransız yazıçısı və şairi Alfons de Lamartinin təbirincə desək, şairlər və qəhrəmanlar bir tayfadır. Onların arasındakı fərq ideya və əməl arasındakı fərq kimidir. Qəhrəmanlar şairlərin seyr etdiklərini həyata keçirirlər, yaxud V.Belinskinin məşhur ifadəsi ilə "Şair həqiqəti sübut etmir, o onu göstərir".
Bu ifadələrdən yola çıxıb deyə bilərəm ki, yaradıcılıq insanın daxili ruhunu, mənəviyyatını bir başqa yöndə istiqamətləndirən istedaddır; həyatı öz pəncərəndən seyr etmək kimi.

Şair Təbib

Azərbaycan Yazıçılar Birliyinin üzvü Şair Təbib yaradıcılığı da eynən bu cür poetik düşüncələri özündə cəmləyir.Müəlifin Azərbaycan SSR EA-nın akademiki və prezidenti olmuş kimyaçı alim Yusuf Məmmədəliyevə həsr etdiyi “Yusuf zirvəsi” poeması onun uşaqlıq çağlarından ta ömrünün sonuna qədər olan dövrü əhatə edir. “Yusuf zirvəsi” poemasını ədəbiyyatımızda böyük kəşflər etmiş bir alimin həyatını bu cür geniş təsvir edən ilk əsər hesab edə bilərik. Əsərdə böyük alimin zəngin elm,həyat yolu poetik üslubda işıqlandırılır. Əsərin proloq hissəsində şair özünəməxsus estetik ideallardan çıxış edərək çox gözəl şəkildə elm yolunun nə qədər müqəddəs olduğunu xüsusi obrazlılıqla təsvir edir:

Dahi zəkasının bir damla nuru,
Zülmət gecələri işıqlandırar.
Onun düşüncəsi, ağlı, şüuru,
Möcüzələr dolu bir aləm qurar.

Zirvələrə doğru hey yüksəlirlər,
Elmi çox dərindən duyan dahilər.
Deyirlər dünyaya az-az gəlirlər,
Zamanı arxada qoyan dahilər.


Məşhur yazıçı F.Dostoyevskinin fikrincə dahilər yüz ildən bir yetişirlər. Şair Təbib də buna bənzər fikirdən çıxış edərək bu cümləni bir daha təsdiq edərək qeyd edir ki, dahilər gələcək günləri daha gözəl təxmin edər, yalnız gələcək işlərin, uğurların ardınca gedərlər. Yusuf Məmmədəliyev Azərbaycan elmində xüsusi xidmətləri olmuş alimlərimizdəndir. Şair onun çətinliklərlə dolu keçən ömür yolunu bədii cəhətdən aydınlaşdırır. Misraların xüsusi poetik ifadələrlə işlənilməsi poemanın hər bəndinə məna zənginliyi bəxş eliyir.
Əksər insanları mürəkkəb həyat şəraiti daha zəngin yetişdirir, çünki onlar həyatın bərkinə-boşuna düşmüş şəxslər olaraq daha möhkəm iradəyə sahib olarlar. Yusufun da gəncliyi bu cür çətinliklərlə dolu keçib. Erməni-müsəlman davası bu çətin illərin ardından üstəlik Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və öz beşiyindəcə boğulması, süqutu, daha sonra ölkə ərazisində Sovet imperiyasının qurulması, əhalinin güzəranını daha da ağırlaşdırmışdı ki, bu həm də Yusufun uşaqlıq illərində ailəsinə, təhsilinə mənfi təsir göstərmiş, eyni zamanda valideynlərinin erməni-müsəlman davasında Cənubi Azərbaycana pənah aparması, qardaşı İlyasın vəfatı və s. durumlar gənc Yusufa ciddi təsir göstərsə də, bu yolda öz möhkəm iradəsini ortaya qoyaraq öz məqsədi uğrunda sona qədər gedərək təhsilini davam etdirməyə müyəssər olmuşdu:

Fəqət çox çəkmədi bu sakit zaman-
Arzu yollarını bürüdü duman.
Araya dövrün sərt havası düşdü,
Erməni-müsəlman davası düşdü.
Üz-üzə dayandı xeyir ilə şər,
Arvad-uşağını yığıb birtəhər
Hacı Heydər kişi keçdi Arazı,
Qaldı sinəsində övlad yarası-
Arazda ömrünü bitirdi İlyas,
Ailəyə kədər gətirdi İlyas...

Əssə də illərin sərt küləkləri,
Yusuf öz yolundan dönmədi geri-
Təhsil almağına o davam etdi,
Təbriz şəhərində məktəbə getdi.
Müəllimlər ona valeh oldular,
İti zəkasına heyran qaldılar.


Şairin poemasının hər bəndi incə detalları ilə zəngindir. Və hər bənddə tarixilik dayanır. Alimin həyatı və yaradıcılığı fonunda gərgin siyasi məqamlara geniş yer verilib ki, bu da əsərin məna yükünü daha da yüksəldir.

O vaxtlar İran da çalxalanırdı,
Azadlıq müjdəli işıq yanırdı.
Boğuldu inqilab, qanlar töküldü,
Nə qədər azəri türkləri öldü.
Şahid olub xeyli günaha, aha,
Ordubada döndü Yusufgil daha.


Akademikin o dövrdə - müharibədən sonra raket yanacağı kəşf etməsi onun SSRİ-də hörmətini bir qədər də artırmışdı. Hətta Nobel mükafatına namizəd olaraq onun adını vermək qərara alınsa da, böyük kimyaçı alimin əməyini qiymətləndirməyən, gözü götürməyənlər də az deyildi. Onların ədavətli niyyətləri sayəsində Yusufun namizədliyinin qarşısına sədd çəkdilər. Bu məqamı poetik düşüncələrlə misralara hopduran Şair Təbib həm də oxucunu hadisələri sona qədər diqqətlə izləməyə vadar edir.

Etdiyi kəşfləri alıb nəzərə,
Elmi dairələr çox haqlı yerə,
Məmmədəliyev - o böyük alimi
İrəli sürdülər namizəd kimi
Ona layiq Nobel mükafatına...
Lakin müzakirə etməkdən yana
Mərkəzi komitə iclas eylədi.
Xruşşov bəyənib xoş sözlər dedi.
Çox yüksək fikirlər səsləndi, fəqət
Oxundu anonim məktub nəhayət.
Guya dövlət sirri olduğu üçün,
Bu kəşflərə aid məlumat bu gün
Stokholma getsə təhlükəsi var,
Hərbi sirlərimiz aşikar olar...
Əslində bu kəşflər haqqında çoxdan
Hətta Ameruka mətbuatından
Xəbər yayılmışdı dünyaya,amma
İclasda danışan bir iblis sima
Qərəzli olaraq haqqı yandırır,
Şeytanın sözünə haqq qazandırır.
Beləcə, namizəd olmadı Yusuf,
Nobel mükafatı almadı Yusuf.


Əsərin dilinə gəldikdə isə əsər başdan-başa nitq aydınlığından ibarətdir. Müəllifin Azərbaycan dilinə bələd olması vacib önəm daşıyır. Üstəlik nəzm formasında yazılması onun bədii yükünü, identik anlaşılmasını müəyyən edir. Təbii ki, burda biz Səməd Vurğun intonasiyasını da duyuruq, xüsusilə "Komsomol" poeması sanki göz önümüzdə canlanır. Poema bir tərəfdən roman təsiri bağışlayır, çünki bütöv bir şəxsin həyat yoluna işıq saçan bu poema həm də bir xalqın istedadını, taleyini öz açıqlığı ilə ortaya qoyan bir şəxsin nümunəsində ömür romanıdır.
Hadisələr həzin ardıcıllıqla öz formasında nəql edilərək hiss olunmayacaq dərəcədə bir mətləbdən digər mətləbə keçid edilir. Bu yöndə yazılacaq əsərlərə bu gün ədəbiyyatımız ciddi ehtiyac duyur. "Yusuf zirvəsi" poemasının tarixilik kontekstində yazılması və öz elmi kəşfləri ilə sovet imperiyasına və onun vətən müharibəsindəki nailiyyətlərinə ciddi təsir göstərmiş Azərbaycanlı elm xadiminin əməyinin diqqətdə saxlanmasına müstəsnasız xidmətdir. Əsəri istər sosioloji, istərsə də strukturalist metod çərçivəsində uğurlu hesab etmək lazımdır. Bədii material olaraq ədəbiyyatımız üçün dəyərli yöndə yazılmış əsər kimi məxsusi bədii dəyər daşıyır.

Elmir Həsən
"Bütöv Azərbaycan" qəzeti
16 dekabr 2022-ci il
3-12-2022, 10:00
Səsin sorağında..

Səsin sorağında...
II fəsil
Ustadımın istəyi ilə...

Hər muğam çalanın, muğam deyənin
Keçdiyi, açdığı iz başqa - başqa.
Eyni müğənnini hər dinləyənin
Könlünü yandıran köz başqa - başqa.

Bəxtiyar Vahabzadə

Araz çayı istiqamətində torpaq yolla irəliləyən maşının qaldırdığı toz qatından gözümüzü çəkmirdik. Görüşünə gəldiyimiz iki böyük muğam ustadı Seyid Şuşinski ilə Ağabala Abdullayevi yola saldıqdan sonra kəndimizin adamları yavaş-yavaş dağılışıb evlərinə getdilər. Meydanda uşaqlıq və sinif yoldaşlarımla qalmışdıq. Hamının diqqəti mənə yönəlmişdi. Mən isə uzaqlaşan maşına baxa-baxa xəyallar aləminə dalmışdım. Fikrim dədəmlə - nənəmin, qardaşım Salehin yanında qalmışdı. Baxmayaraq ailəmizin sonbeşiyi idim, ancaq özümdən asılı olmayaraq düşünürdüm ki, görəsən Bakıya oxumağa gedəndən sonra onların vəziyyəti necə olacaq? Bir onu hiss etdim ki, yanağımı göz yaşlarım isladıb. Uşaqlıq illərimdən xanəndə olmaq istəyimi xatırladıqca kövrəlmişdim. İki böyük sənətkarın ifamı sevgi ilə bəyənməsi və razı qaldıqlarına böyük ümid bəsləyirdim. İnanırdım ki, bir gün istəyim-arzum həqiqətə çevriləcək. Ətrafıma toplaşan sinif yoldaşlarımdan biri:
- Rəvan, indi səni Bakıya aparacaqlar? Orda oxuyacaqsan? - deyə sevincək
soruşdu.
Qəfil verilən sualı eşidib xəyaldan ayrıldım və ona tərəf çevrilib:
- Hələ ki, bir şey deyə bilmərəm. Eşitmədiniz, Seyid nə dedi? Dedi ki, onuncu sinfi bitirən kimi, mütləq Bakıya, mənim yanıma gələrsən. İndi buraxılış imtahanlarını verib məktəbi bitirim, sonrasına baxaq, görək necə olacaq, - deyə cavab verdim. Beləliklə, hamımız deyə-gülə şən halda geri qayıtdıq, hər kəs öz evinə getdi. Ancaq kənddə səs yayılmışdı ki, Seyid Şuşinski Rəvanın oxumağını yaman bəyənib, Bakıya, özü müəllim işlədiyi musiqi məktəbinə aparacaq. Evimizə qayıdanda dədəmlə - nənəm Göyüş həyətdə, tut ağacının altında oturub öz aralarında söhbət edirdilər. Dədəm məni görən kimi söhbəti kəsib:
- A bala, aralıqda söz gəzir ki, Seyid Şuşinskiylə Ağabala Abddullayev kəndə gəlib. Eşidib bilən kənd camaatı da onların görüşünə gediblər. Xeyirdirmi, görəsən, kimin toy məclisinə təşrif buyurublar? Onların ikisi də əməlisaleh, xeyirxah insanlardır. Hər zaman kəndimizə xeyirliyə gəlib, xeyir işlərdə iştirak ediblər, - deyə maraqla soruşdu.
- Hə dədə, berezentli maşınla, Villislə gəlmişdilər. Ancaq çox dayanmadılar.
Hamılıqla, yoldaşlarımla birlikdə aralıq meydanına gedib Seyidin ətrafında toplaşmışdıq. Kənd camaatı ilə görüşüb hal-əhval biləndən sonra bizə yaxınlaşıb, içərimizdə səsi olan, yaxşı mahnı oxuyanlarla maraqlandı. Onun yanında dayanan Ağabala əmi də dərhal əlinin işarəsi ilə məni göstərib dedi ki, Ağa, o uşağın da səsinə qulaq as gör necə oxuyur.
- Sən də oxudun?
- Hə dədə, Qulu Əsgərovun “Bəyənmir məni” mahnısını oxudum. Oxuduğum
mahnının birinci bəndini qurtarar-qurtarmaz əli ilə işarə edib ifamı yarımçıq kəsdi.
O: - Bəsdir, bəsdir, çox şirin səsin var. Belə bir səs nadir hallarda insana qismət olur. Orta məktəbi qurtaran kimi mütləq mənim yanıma gələrsən. Yadında qalacaq, mütləq mənim yanıma gələrsən, - dedi.
- Hə, neynək, bala. O, el-oba içində, bütün Qarabağda tanınmış, hörməti
saxlanan məşhur xanəndədir. Sənin səsini bəyənibsə, demək, yaxşı oxuyan olacaqsan. İnşallah, istəyinə də gec-tez çatarsan, - deyə dədəm ilk xeyir - duasını verdi.
Nənəm sevindiyindən əllərini göyə qaldırıb dodağının altında nəsə danışırdı. Bilirdim ki, dua edir. Onun gözlərindən axan göz yaşlarını görüb aşağı əyildim. Mən özüm də dolxusunub yaman kövrəlmişdim. Bir anlıq fikirləşdim ki, bəlkə heç təhsilimi davam etdirməyə getməyim. Nə çoxdur Bakıda, Füzulidə, orda-burda, toylarda, radioda oxuyanlar. Nənəmi bərk-bərk qucaqlayıb ona qısıldım, - nənə, ürəyini sıxma. İnşallah hər şey yaxşı olacaq. Sizi də, qardaşım Salehi də bu çətin günlərdən, kasıbçılıqdan qurtaracam, - dedim.
Dədəm bizi görüb ərkyana səslənərək gülə-gülə:
- Ə.., nədir yenə, nənə-bala gözünüzün qorasını tökürsünüz. Şükür edin ki, Seyid özü, öz ayağı ilə kəndə gəlib. Sənin səsini yoxlayıb, bəyənib, qəbul edib. Bundan da artıq daha nə istəyirsiniz ki, baş-başa verib ağlaşırsınız? - dedi.
Nənəm çox kövrəlmişdi. İki odun arasında qalmışdım. Bilmirdim gedim, yoxsa kənddə qalıb onların qulluğunda dayanım. Hər ikisi əldən düşmüş, çox qocalmışdılar. Qardaşım Saleh də ağır işlər görə bilmirdi. O, qardaşım Abdulla ilə ekiz doğulmuşdur. Abdulla əsgərlikdən sonra Bakıda qalıb sürücü işləyirdi. Bir tərəfdən də yazın isti, quraqlıq keçməsi ot biçimində qoyun-keçilərin, yanı balalı inəyimizin qışa yem tədarükünü etməyimizi yaman çətinləşdirmişdi. Ot çalımının qızğın vaxtında dədəmlə mən biçənəklərdə kolxozun otunu biçirdik. Arada vaxt tapıb özümüzün böyük tut bağına gedir, kərənti ilə ağacların arasındakı göy otları biçib yayırdıq ki, tez qurusun. Ağır da olsa, hər necə olursa-olsun, qışa tədarük görməliydik. Biz tərəflərdə qış çox sərt keçir. Yalan olmasın qar dizə qədər yağır. Gediş-gəliş də çətinləşir. Heyvanları dağda-dərədə otarmaq müşkül məsələyə çevrilir. Beləcə çalışırdım ki, Bakıya gedənə qədər evimizin, təssərrüfatımızın əyər-əskiyini sahmana salmaqda dədəmə kömək edim. İstəmirdim ki, məndən sonra evdəkilər qışda çox əziyyət çəksinlər. Bu əziyyətlərə baxmayaraq onuncu sinfin buraxılış imtahanlarına hazırlaşırdım. İmtahanları verib kamal atestatımı aldım. İndi evimizdə yola düşmək üçün yavaş-yavaş tədarük görülürdü. Nənəm Bakıda yaşayan bacılarım və qardaşlarıma çoxlu sovqat hazırlayırdı. İki bacım, iki qardaşım Bakıda olurdu. Böyük bacım Qəmər prokuror işləyən həyat yoldaşıyla təzə aldıqları mənzildə yaşayırdılar. Kiçik bacım Banu isə AZİ - də, Neft Kimya İnstitutunda oxuyurdu. Qardaşım Abdulla sürücü, Adil isə müəssisədə çilingər işləyirdi. Günlər ötüb keçdikcə təssərrüfatımızda işlərin çoxunu sahmana salmışdıq. Yola düşməzdən bir gün qabaq dədəm mənə dedi ki, get poçta bacın Qəmərə zəng et, təfsilatı ilə onlara xəbər ver ki, Seyid Şuşiniski kəndə gəlmişdi, səni kənd camaatı içərisində oxudub səsini də bəyənib. Təhsilini davam etdirmək üçün Bakıda işlədiyi musiqi məktəbinə dəvət edib. Şənbə günü səhər ertədən stansiya Horadizdə İrəvan-Bakı qatarına minib gələcəksən. De ki, qardaşın Abdulla da həmin günü günorta səni Bakıda, dəmir yol vağzalında qarşılasın. Nabələd uşaqsan, şəhərin ortasında azıb qalarsan. Bir yer də tapa bilməzsən ki, gedib bacıngilin evlərini tapasan, - deyib həyətdən küçəyə çıxan dədəm kolxoz idarəsinə tərəf yollandı. Mən isə dədəmin sözü ilə poçta gedib bacım Qəmərin ev telefonunun nömrəsinə sifariş verib xeyli gözlədim. Bir azdan telefonçu qızın xəbərdarlığı ilə divardan asılı qalmış telefonun dəstəyini götürüb “alo” deyə bacımın səsini eşidib hal-əhval soruşdum. Seyid Şuşinskinin kəndimizə gəlməyini, məni oxudub səsimi bəyəndiyini, Bakıda musiqi məktəbinə dəvət etməyini dedim. Bacım çox sevindi. Telefonda eşidirdim ki, evlərində sevinclərindən qışqırışıb şadyanalıq edirdilər. Sonra bacım dedi ki, Abdulla şənbə günü günorta səni vağzalda qarşılayacaq. Mən evə qayıdarkən kolxoz idarəsindən qayıdan dədəm gülə-gülə dedi ki, Horadiz stansiyasına getmək işin düzəldi. Sədrimiz Zaman
kişinin yanına getmişdim. Şənbə günü sübh ertədən səni yola salmaq üçün hal-əhvalatı ona danışıb maşın istədim. O, da sağ olsun ki, məni eşidib maşın ayıracağına söz verdi. Sənin Seyidin istəyi ilə musiqi məktəbinə getməyinə çox sevindi. Dedi ki, Cümşüd kişi, arxayın olun. Uşağın yol tədarükünü görün, şənbə günü ertədən maşın ayırtdırıb göndərəcəm qapınıza. Sürücüyə də tapşıracam ki, oğlunuzu stansiya Horadizdə qatara mindirib yola salsın.
Evdə yol tədarükü görülüb, bağlamalar yan-yana qoyulmuşdu. Arada yoldaşlarımla bir yerə toplaşıb kəndimizin yuxarı başındakı Camal bulağına getdik. İri gövdəli xan çinarın kölgəsində yaşıl çəmənlikdə oturub xeyli söhbət edə-edə əyləndik. Camal bulağı kəndimizin elə bir yerində yerləşirdi ki, uzaqdan hündür dağlar-təpələrlə əhatə olunmuşdu. Ətrafımız yaşıllıqlara qərq olmuşdu.
Şənbə günü, sübh ertədən sədrimizin söz verdiyi kimi, göndərdiyi Palturka yük maşınının siqnal səsinə küçəyə çıxdım. Bir azdan yır-yığış edib yükümü maşının arxa saxlancında qablaşdırıb dədəmlə, nənəmlə, qardaşım Salehlə qucaqlaşıb görüşdüm. Nənəm içi suyla dolu iri mis dolçanı əlində bərk-bərk saxlamışdı. Dədəm üzümə baxa-baxa yaman doluxsunmuşdu. Qabarlı əlləri ağır işlərdə cadar-cadar olmuş kişi məni bərk-bərk qucaqlayıb:
- Get, yaxşı yol, özündən muğayat ol, bizdən ötrü də nigaran qalma - dedi.
Dədəmin öyüd-nəsihəti məni çox kövrəltmişdi. Yola düşərkən qəfil arxaya çevrilib, asta addımlarla maşının dalınca gələn nənəmi gördüm. O, əlindəki dolça dolu suyu tozlu-torpaqlı yolda maşının ardınca səpələdi. Əllərini yelləyərək xeyli maşının arxasınca baxa-baxa qaldı...
Yolda yaşlı sürücüyə tərəf dönüb:
- Nə olar, Çinarlı bulağına sür, bulağın gözündən bir az su içim.
Sürücü gülümsünüb, mənə baxa-baxa, - deyəsən, gedənə yaxın Çinarlı bulaqla da vidalaşmaq istəyirsən, - deyib göz vurdu.
- Hə əmi, - deyə tez cavab verdim.
Sürücü sükanı sola burub bulağa tərəf sürət götürərək iki yüz addımlıqda Xan Çinarın yanında maşını əylədi. Çinar ağacının iri gövdəsi əzəməti ilə görənləri heyran edirdi. Diş göynədən soyuq suyundan doymaq olmurdu. Kənd camaatının aman yeri sayılan bulağın köksündə bitmiş ağacın budaqlarında gömgöy yarpaqları iri çətirə bənzərtisi sanki xəfif əsən mehin təsiri ilə məni salamlayırdı. Qoynuna dolanmış üzüm ağacının qıvrım-qıvrım zoğlu yarpaqları iki aşiqin qol-boyun olmasını xatırladırdı. Əsirlərin yadigarı sayılan, neçə-neçə qovğalarla üzləşmiş çinarla həmdəm olan və yerin təkindən şırıl-şırıl axan bulaq, boynuna dolanan saçaqlı üzüm zoğları əsrarəngiz gözəlliyi ilə insanı valeh edirdi. Özümü saxlaya bilməyib, nisgilli baxışlarımla ağacın zirvəsini seyr etdim. Və xəyalımdan keçən bir fikir:
- Görəsən, dünyanın başqa bir yerində də belə bir müqəddəs, uca, iri gövdəli Xan Çinar ağacına rast gəlmək olarmı ki, üç dost, üç sirdaş bir yerdə həmdəm olub onun ziyarətinə gələnlərə qucaq açsın, gedənlərə yaxşı yol arzulasın? - deyə düşünürdüm.
Maşının siqnal səsinə xəyaldan ayrılıb aşağı əyildim. Ovucladığım sudan
doyunca içib, çinar ağacını, üzüm ağacını əlimlə oxşayıb, öpüb ayrıldım. Tələsik maşına doğru qaçaraq əyləşib yola düşdük. Son dəfə Çinarlı bulağının ziyarətində olmağım, bulaqdan doyunca su içməyimlə özümdə gümrahlıq, əhvalımda rahatlıq hiss edirdim. Geriyə qayıdarkən yol boyu yaşıllıqla əhatə olunmuş kəndimiz arxada qalırdı. Maşın qarşıdakı aşırımı sürətlə qalxıb üzü aşağı, Gəyən təpəliklərinin arası ilə sürətlə hərəkət edirdi. Bir azdan mənzil başına çatıb stansiya Horadizdə açıq meydançada yükümüzü yerbəyer edərək bilet kassasına yaxınlaşıb Bakıya bilet aldım. Qatarın gəlməsinə hələ xeyli vaxt qalırdı. Mən sürücünün kəndə qayıtmasını istədim. O, gülə-gülə:
- Bir az səbrli ol, qatar gəlsin, yükünü bir yerdə vaqona qaldıraq. Özün də minəndən sonra mən arxayın kəndə qayıdacam. Yoxsa sədrimiz Zaman kişiylə dədən Cümşüd eşidib-bilər məndən inciyərlər. Bir azdan uzaqdan paravozun fit səsi eşidildi. Sürətlə gələn paravozun bacasından ağ buluda bənzər tüstüsü görünürdü. Meydançada dayananlar tələsik yüklərini götürüb dəmiryol xəttinə yaxınlaşdılar. Gurultu ilə stansiyaya daxil olan qatar bir azdan sürətini azaldıb dayandı. Sürücü dərhal yükümü ümumi vaqona qaldırmağıma kömək etdi. Ancaq vaqona qalxarkən əli avtomatlı əsgərin diqqətlə bizi müşahidə etməsini görüb təəcübləndim. O, yaşlı adamların sənədlərini gözdən keçirib özünə qaytarırdı. İçəri daxil olub pəncərə qabağında boş yerlərdən birində yerimi rahatladım. Sonra sürücü əl verib mənimlə vidalaşaraq:
- Burda qatar cəmisi beş dəqiqə dayanır, sənə yaxşı yol, - deyib tələsik vaqondan düşdü.
Yaxınlıqda Araz çayının suları görünürdü. Sahil boyu qamışlıqla əhatə olunmuş çayın suyu yaşıl rəngə çalırdı. Bir azdan qatar hərəkətə gəlib sürət götürdü. Araz çayının sahil boyu tikanlı məftillə çəkilmiş sərhəd xəttinin dirəkləri bir-bir arxada qalırdı. O taylı - bu taylı qan qardaşlarımızı amansızcasına bir-birindən ayrı salan sərhədin qorxunc görünüşü insanı varından edirdi. Vaqondakılar sərhəddin o biri tərəfini nisgilli baxışları ilə müşahidə edir, pıçıltıyla bir-birilərinə nəyi isə danışırdılar. Mən sakitcə o tayı seyr etdikcə ailəmizdə hərdən söz düşəndə nənəmin Araz çayı haqqında dediyi bir bayatını xəyalımda canlandırdım.
Arazı ayırdılar,
Lil ilə doyurdular.
Mən səndən ayrılmazdım,
Zor ilə ayırdılar...

Araz çayına baxa-baxa o taylı qardaş-bacılarımı düşünürdüm. Və öz-özümə
gileylənib, - görəsən səbəb nə olmuşdu ki, bizi rəzalətli ittihamlarla ayırıb biri-birimizə qovuşmağı yasaq ediblər. Nə isə, dərindən ah çəkib uzaqlara baxırdım. Qatar sürət götürdükcə Gəyən təpəliklərindən uzaqlaşır, Haramı düzünün geniş səhralığında şütüyürdü. Bir azdan sərhəd xətti də görünməz oldu. Vaqonun o biri başında qarmonun həzin səsi eşidilirdi. Hiss olunurdu ki, qarmonu dilləndirən təzə-təzə öyrənir. “Bir yaşıl baş, sona məni saldı çöllərə,” - mahnısını zəif ifa etsə də oxşadırdı. Beləcə, uzun səfərdən sonra qatar günorta üstü Bakı şəhərinə çatdı. İlk dəfə iri binalarla əhatə olunmuş nəhəg şəhəri, Bakı vağzalında böyük qələbəliyi görəndə yaman həyəcanlanmışdım. Pəncərədən boylanıb meydanda adamlar arasında qardaşım Abdullanı arayırdım. Birdən uzaqdan vaqonlara baxa-baxa gələn qardaşımı görüb ona əl edib səslədim. Tələsik yükümü yığıb vaqondan aşağı düşdüm. Qardaşım məni görüb bərk-bərk qucaqlayaraq boyu bərabərində qaldırdı. Gülə-gülə:
- Maşallah, böyüyüb yekə kişi olmusan, - dedi. Qardaşımın idarə etdiyi müəssisə maşınıyla onun İnqilab küçəsində yaşadığı kiçik həyət evinə getdik. Evdə bacılarım Qəmər, Banu və qardaşım Adil bizi gözləyirdi. Mənim gəlişim onları yaman sevindirmişdi. Dincimi alandan sonra gətirdiyim sovqatları nənəm necə demişdisə, bir-bir onların arasında bölüb, hərənin öz payını verdim. Bir azdan nahar edib gəlişimi bütün təfsilatı ilə ətraflı danışmağa başladım. Bildirdim ki, mən Bakıda heç yeri tanımıram, Musiqi məktəbinin də harda yerləşdiyini bilmirəm. Məni Seyid
Şuşunskinin işlədiyi məktəbə aparın.
Bacım Banu doluxsunmuş halda:
- Fikir eləmə, indi Sara adlı tələbə yoldaşıma zəng edib Seyidin iş yerinin harda yerləşdiyini öyrənəcəm.
Banu Saraya zəng edib əhvalatı təfsilatı ilə ona danışdı. Sara bacıma bildirdi ki, Seyid Şuşinskiylə atam yaxın dostdurlar. Atama deyim, cavabını dərhal sizə bildirərəm. Bir azdan telefonun aramsız zənginə Banu dəstəyi götürüb danışa-danışa: - çox sağ olun, Sara, Allah sizdən razı olsun, İnşallah sabah axşam üstü qardaşım Abdulla ilə Süleyman hər ikisi sizə gələcək, - deyib gülə-gülə dəstəyi yerinə qoydu.
Bacım mənə yaxınlaşıb:
- Uzaq yol gəlmisən, dur yaxşı-yaxşı yuyun, əynini dəyiş bir az uzan, yat, dincini al, - dedi.
Abdulla ilə Adil evdən çıxıb hara isə getdilər.
Mən yuyunduqdan sonra məktəbdə oxuduğum vaxtlarda nənəmin yundan toxuduğu naxışlı, kiçik heybəmdən qalın dəftərimi çıxardıb vərəqləyirdim. Dəftərimdəki radiodan eşitdiklərim, kitablardan, qəzetlərdən köçürdüyüm xalq, bəstəkar mahnılarına, qəzəllərə göz gəzdirib hazırlaşırdım. Bilirdim ki, Seyid Şuşinski ilk görüşümdən fərqli olaraq, bu dəfə mənim səsimi hər tərəfli yoxlayıb qəti qərarını verəcək.
Həyət qapısından içəri girən Abdulla ilə Adil deyə - gülə evə daxil oldular. Əllərindəki bağlamaları stolun üstündə qabağıma qoyan Abdulla:
- Dur ayağa bunları geyin gör əyninə necə olur, - deyə onları bir - bir açıb göstərdi. Mən alınan təzə geyimləri görəndə heyrətə gəldim. Orda təzə ayaqqabı, şalvar, köynək və digərləri səliqə ilə bükülmüşdü. Yan otağa keçib alınan pal-paltarı geyinib dəhlizə çıxdım. Bacılarım məni təzə paltarda görüb çox sevindilər.
Adil mənə yaxınlaşıb:
- Çox mübarəkdir, sağlıqla geyin.
İndi isə paltarını dəyiş gedək saçını düzəltdirim. O günü məni necə bəzəmişdilərsə, güzgüyə baxanda özüm-özümü tanımadım. Səhərisi axşam üstü qardaşım Abdulla ilə şəhərə, bacımın rəfiqəsi Saragilə yollandıq. Qapıda Sara ilə atası bizi gülərüzlə qarşıladılar. Saranın atası elm adamı, alim idi. Tanışlıqdan sonra atası telefonla Seyid Şuşinskiyə zəng edib onun istəyi ilə mənim Bakıya gəldiyimi bildirdi. Saranın atası qısa danışıqdan sonra, - Ağa İnşallah, sabah səhər Süleyman balamız sizin yanınıza gələcək, - deyə sağollaşıb dəstəyi yerinə qoydu. O, gülə-gülə gəlib yerində əyləşərək:
- Ağa sənin səsini yaman bəyənib. Deyir nadir səsdir. Mən bu yaşıma qədər belə səs eşitməmişəm. Sabah səhər onu göndərin mənim yanıma, musiqiçilərin müşayiəti ilə hər tərəfli dinləyəcəm, - dedi.
Biz ayağa qaxıb razılıq hissi ilə görüşərək evə qayıtdıq. Axşam evdə məsləhət oldu ki, mən bacım Banu və Sara ilə birlikdə Ağanın işlədiyi musiqi məktəbinə gedək. Səhərisi tramvayla yol gedib musiqi məktəbinin yaxınlığında bizi gözləyən Sara ilə görüşdük. Sara barmağı ilə açıq pəncərəni göstərib, - Ağanın sinif otağı oradır. Get görüş, səni gözləyir, - dedi. Sinfə daxil olanda Ağa ilə tarzən əyləşib gözləyirdilər. Sonralar öyrənmişdim ki, o günü gördüyüm tarzən Kamil Əhmədovdur. Bir saata yaxın məni oxudub səsimi yoxlayan Seyid razılıqla, başını tərpədib, bura kiminlə gəlmisən, get onu çağır gəlsin bura, - dedi.
Mən dərhal küçəyə çıxıb ağacın gölgəsində dayanıb gözləyən bacımla Saraya, – Ağa sizi çağırır, - dedim.
Ağa gülər üzlə Sara ilə bacımı qarşılayıb əl görüşdü. O, Saranın əlini tutub alnından öpərək, gülə-gülə:
- Şuşalı balası, atanız necədir? - deyə soruşdu.
Sara razılıq edib kənara çəkildi. Bu an Ağa bacıma tərəf baxıb qətiyyətlə dedi:
- Qızım, Süleyman balamızın səsi şirindir, bal kimidir. Çox nadir səsdir. Axşam telefonda yaxın dostuma, Saranın atasına da demişəm. Necə ki, mən bu Süleyman yaşında olanda, - deyə əlini çiynimə qoyub təmkinlə, - Şuşada Mir Möhsün ağanın ziyarətində olanda və sonralar da ustadım Cabbar Qaryağdıoğlu da vaxtı ilə haqqımda riqqətlə demişdilər ki, Seyid səndə həzrəti Davudun şövqü var. İndi isə bu ahıl yaşımda çox sevinirəm ki, son əlli ildə belə bir səsi olanı Qoç Əhmədli kəndində aşkar edib məktəbə gətizdirdim və hər tərəfli yoxladıq. İndi isə Süleyman balamızdan bir tələbim var. Həftədə iki dəfə, birinci və dördüncü günlər bura gəlib səsini yoxlatmalı və qabiliyyət imtahanına hazırlaşmalıdır. Ancaq bax ha, deyə barmağını mənə tuşlayıb, - məşqə gecikmək, verilən tapşırıqlara biganə yanaşmaq olmaz.
Mən Seyidin qətiyyətli tapşırıqlarına əməl edəcəyimə söz verdim.
Biz sinif otağını tərk edib küçəyə çıxdıq. Küçənin sağ tərəfində dayanan insanlar məktəbin sinif otaqlarında mahnı ifa edənlərə maraqla qulaq asırdılar. Beləliklə, mənim musiqi məktəbində oxumağıma səbəb olacaq məşqələlərə başladım. Birinci, dördüncü günlər tramvaya minib beşmərtəbə deyilən binanın qarşısında düşür, oradan da piyada məktəbə yollanırdım. Musiqi məktəbi Ali Məhkəmə binasının yaxınlığında yerləşirdi. Ağanın məşğələsində ilk tapşırığı olan “Şahnaz” muğamını mükəmməl olaraq öyrənirdim. Bir neçə məşğələdən sonra hazırlıq qrupumuza təzəcə cəlb edilmiş sarışın saçlı gənc, Sabir Mirzəyevlə birlikdə hazırlaşırdıq. O, Çahahargah muğamına hazırlaşırdı. Onun qeyri adi səsi eşidənləri heyrətləndirir, valeh edirdi. Seyid bizimlə məşqul olarkən məşğələ zamanı israrla deyirdi ki, sizin hər ikiniz mənim sonuncu tələbəm - yetirməm olacaqsınız. Bütün gücümü sizə sərf edib ərsəyə gətirəndən sonra məktəblə vidalaşacam...
(Davamı var)

Vaqif RÜSTƏMOV
"Bütöv Azərbaycan" qəzeti
2 dekabr 2022
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!