Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 27-05-2021, 19:41
Bir xatirənin izi ilə


Bir xatirənin izi ilə…

(Bu barədə ilk dəfə)
Azərbaycan təkcə yeraltı-yerüstü sərvətləri ilə deyil, sayılıb-seçilən övladları ilə də zəngin və məşhurdur. Sanki bu məkanı ulu Tanrı ən xoş zamanında yaratmış və onun qoynunda dünyaya gələn övladlarının da qəlbinə bu Vətənə bağlılıq, sonsuz sevgi hislərini həkk etmişdir. Bu gerçəkliyi hər birimiz Böyük Azərbaycanımızın hərb tarixində Vətən uğrunda düşmənə qarşı qəhrəmancasına döyüşüb qiymətli həyatlarını qurban verən igid şəhidlərimizin simasında görə bilirik.Amma tariximizin elə “fırtınalı küləkləri” olan səhifələri də vardır ki, o “sərt küləklər” sayılıb-seçilən ziyalılarımızı ağyelkənli qayıq kimi sahilləri görün-məyən “həyat ümmanı”nda batırmağa çalışıb və ya özünün əsdiyi səmtə doğru istiqamətləndirib. Lakin tarixin “fırtınalı küləkləri”nə sinə gərən və “həyat ümmanı”ndan salamat çıxan möhkəm iradəli “ağyelkənlər”imiz də olmuşdur ki, onlar barədə bir qədər sonra.

Ötən yüzilliyin 90-cı illərinin əvvəllərində Bakıda “Vətən “ cəmiyyətinin “Odlar yurdu” qəzetinin redaksiyasına növbəti məqaləmi vermək üçün getmişdim. Redaksiyadan küçəyə çıxanda “Xanım əfəndi burada nə gəzirsən?” deyən səsə tərəf çevrildim. Qarşımda rəhmətlik şair dostumuz türkoloq Rəfiq Zəka Xəndanı gördüm. Hal-əhvaldan sonra Türkiyədən mənə gələn məktublardan birinin sahibini ondan soruşdum.Məlum oldu ki,bu şəxs Rəfiq müəllimin Türkiyədə ən yaxın dostlarından biri,Ankaradan Folklor Qurumu Araşdırmalarının Genel Başqanı,folklorçu alim,Azərbaycan sevdalısı İrfan Ünvər Nəsrəddinoğludur.Onun haqqında çox gözəl fikirlər söyləyib tələsdiyi üçün “Sonra zəngləşib danışarıq” deyib ayrıldı. Rəfiq müəllimin bu dostu haqqında söylədiyi keyfiyyətlərin mən də şahidiyəm. Və elə o vaxtdan ta bugünədək keçən onilliklərdə İrfan bəylə dostlu-ğumu davam etdirirəm.Çox sədaqətli insanmış.
Günlərin birində İrfan bəy təmsil etdiyi qurumun təşkilatçılığı ilə Türkiyədə keçirilən “Uluslararası Türk Folklor Festivalı”nda iştirak etmək üçün mənə rəsmi dəvət göndərdi. Mən o Festivala təkcə gəlmək istəmədiyimi,o mötəbər tədbirə Azərbaycanımızın ədəbiyyat və incəsənət sahəsində tanınan ziyalılarından ibarət bir nümayəndə heyətinin də olmasını istədim.İstəyim qəbul olundu.Və 1992-ci ilin may ayının 4-də 26 nəfərlik bir heyətin rəhbəri kimi həmin festivalda və Anadolunun digər şəhərlərində keçirilən bu kimi kütləvi tədbirlərdə iştirak etdim. Bu səfərin maraqlı məqamları haqqında ayrı bir xatirəmi qəzetimizin növbəti saylarının birində oxucularıma təqdim edəcəyəm. Amma bəhs edəcəyim bu xatirəm isə Cümhuriyyətimizin yadigarlarından birinə və onun ailəsinə həsr olunub.
1992-ci ilin mart ayı.Türkiyəyə həmin sözügedən tədbirdə iştirak etmək üçün hazılrlaşırdım. Ev telefonuma zəng gəldi. Bu ailə dostumuz akademik Qədir Sultanov idi. (Ruhu şad olsun-Ş.A.A) Onunla dostluğumun təməli 1980-ci ildən qoyulmuşdu.Ümumiyyətlə həyatımda qazandığım ən gözəl nemətlərdən biri də tanınmış,görkəmli və hətta dünyaşöhrətli,özümdə yaşca çox böyük olan gözəl şəxsiyyətlərlə dostluq əlaqələrim olub.Bu isə mənəvi zənginliyimi bir qədər də artırıb. 1980-cı ildə Hindistanda Azərbaycan Mədəniyyəti aylığında iştirak etdiyim vaxt Himalay dağlarında yerləşən məşhur rus rəssamı Rerixin ev muzeyi yaxın-lığından götürdüyüm 3-4 qara zər daşları, Hind okeanından çıxarılmış mağazadan aldığım böyük balıqqulağını və mərcanları paleontologiya elmi ilə ( tapılmış bitki və heyvan qalıqları əsasında onların xarici görünüşünün bərpa olunması, bioloji xüsusiyyətlərini, qidalanma tərzini, çoxalmasını, bu məlumatlar əsasında bioloji təkamülün gedişatını və s. öyrənən elm sahəsidir -Ş.A.A) məşğul olduğuna görə Qədir müəllimə bağışlamışdım.Bu onun üçün özü demişkən çox gözəl bir hədiyyə idi.

Nə isə…Qədir müəllimə telefonda bildirdim ki,bəs mən Türkiyəyə hazırlaşıram.O bir an duruxub sonra sükutu pozaraq dedi ki,imkan olsa Türkiyəyə getməzdən öncə bir bizə gəl. Razılaşdım.Ertəsi gün işdən çıxıb yolüstü Qədir müəllimgilə getdim.Qapını mehribanlıqla üzümə açan Qədir müəllimin həyat yoldaşı Mətanət xanım məni otağa dəvət etdi.
Məlumat üçün deyim ki,Qədir müəllim 1918-ci ildə İranın Ərdəbil şəhərində dünyaya gəlmişdir. Azərbaycanın üç görkəmli alimi-Məmmədağa(1910),Rəhim (1912) Sultanov qardaşlarından sonra o dünyaya gəlmişdi.1938-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Bio¬logiya fakültə¬sinə daxil olmuş, 1948-ci ildə fəlsəfə doktoru, 1956-cı il¬də geologiya-mineralogiya üzrə elmlər dok¬to¬ru elmi dərəcələrini almış, 1968-ci ildə Azərbaycan Elmlər Akademiya¬sının müxbir üzvü seçilmişdir. 1941-45-ci illərdə müharibədə işti¬rak etmiş, salamat qayıtdıqdan sonra 1956-cı ilə qədər Geologiya İnsti¬tutunda (indiki Geologiya və Geo¬fizika İnstitutu), 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetində işlə¬mə¬yə baş¬lamışdır. O, paleontologiyada ilk dəfə olaraq, gec miosen hövzələri fauna¬sının öyrənilməsində fiziki-kimyəvi üsul¬ları tətbiq etmiş, Azərbaycanda Sar¬mat faunası tiplərinin inkişafı və məhv olması xa¬rak¬terini müəyyən etmişdir. Qədir Sultanov həmçinin Azərbaycan paleontologiya elmində yeni istiqamət olan paleo¬-bio-geo-¬kimyanın əsasını qoyanlardan biri olmuşdur. Onun paleontologiya və stratiqrafiya sahə¬sindəki əsas nailiyyətləri sis¬tematika, müqayisəli morfologiya, ekogenez, gec kaynozo¬yun biostratiqrafiyası və s. ilə əlaqədardır. Və xeyli sayda elmi məqalə və mo¬noq¬rafiyaların müəllifi olmuşdur. AMEA-nın müxbir üzvü Qədir Sultanov 1995-ci ildə Bakıda vəfat etmişdir. Bu elmi nailiyyətlər təkcə Azərbaycanda deyil,eləcə də yaxın uzaq ölkələrdə ona şöhrət gətirmişdir.

… Xülasə,74 yaşlı Qədir müəllim yaşına uyğun olmayan bir çevikliklə kreslodan ayağa qalxıb mənimlə görüşdü və üzbəüz kresloda yer göstərdi. Mətanət xanımın dəmlədiyi ətirli çaydan içərək bir xeyli elmi mövzuda söhbət etdik.Onun elmi nailiyyətləri barədə mütləq bir geniş məqalə yazacağımı bildirdi.(Həmin məqalə “Dalğa” qəzetində təəssüf ki, ölümündən sonra işıq üzü gördü-Ş.A.A.)
Sonra o ayağa qalxıb şkafdan bir kitab gətirib mənə uzatdı- ”İstanbul gecələri” adlanırdı.Əsərin müəllifi ünlü türk yazarı Ayverdi Samiha 1938-ci ildə nəşr etdirmişdi. Kitabın üz qabığını açanda içindən bir neçə foto-şəkil çıxdı.Köhnə ağ-qara rəngli şəkillərdə tanımadığım bir ailənin üzvlərini və onların qonağı olan Qədir müəllimi gördüm.Elə sual vermək istəyirdim ki,həssas insan olan Qədir müəllim məni nigaran qoymadan söhbətə başladı.Bir xeyli söhbətdən məlum oldu ki,Qədir müəllim ötən əsrin 60-cı illərində sovet alimi kimi elmi işi ilə əlaqədar Türkiyəyə göndərilmiş və qardaş ölkədə fotoda olan həmin İsmayıl bəy adlı ailənin qonağı olmuşdur.Həmin səfərdən qayıtdıqdan sonra İsmayıl bəylə məlum obyektiv səbəblərdən əlaqə saxlaya bilməmişdir. İndi Türkiyəyə getdiyimi biləndə Qədir müəllim məndən xahiş etdi ki,həmin şəxsi axtarıb tapım və onu bu illər ərzində əsla unutmadığını və salamlarını yetirim. Onu azman Türkiyədə harada axtaracağımı isə soruşduqda “paytaxt Ankarada”- dedi.
…Artıq əziz Türkiyəmizin torpağına ayaq basdığım gündən üç həftə keçmişdi. Azərbaycandan qonaq olan heyətimizlə Anadolunun Elazığdakı Fırat Universitetinin, Kars Valiliyinin, Malatya Bələdiyyəsinin və Ağ dənizin (ona Aralıq dənizi də deyilir-Ş.A.A) sahilindəki Silifkə şəhərində keçirilən dövlət səviyyəli kütləvi beynəlxalq tədbirlərdə iştirak etdik. Heyətlə bağlı gərgin təşkilati işlərimin olmasına baxmayaraq Qədir müəllimin tapşırığını da unutmamışdım.Bakıdan çıxanda həmin fotoları da özümlə götürmüşdüm.
Tədbirlər arası heyətdən müvəqqəti ayrılıb Ankaraya -İrfan bəyə zəng vurdum. Ankaranı görmək istəyimi ona bildirdim.Məni qarşılamaq üçün ünvan verdi. Frat Universitetinin professoru,Azərbaycan sevdalısı Niyazi bəyin ailəsində qonaq olduğum üçün onlar məni maşınla Ankaraya yola saldılar.İrfan bəyin rəhbərlik etdiyi qurumun ofisi bu paytaxt şəhərin mərkəzi Yeşilırmak caddəsində yerləşirdi. Binaya daxil olub qapının zəngini çaldım.Qapını İrfan bəy özü açdı.Və böyük təntənə ilə "Şehnaz hanım,hoş geldiniz” deyib otağa dəvət etdi.Otaqda daha iki nəfər vardı.İrfan bəy həmin şəxslərlə məni tanış edib bildirdi ki,onlar qaqauz türkləridir və Moldovadan gəliblər. Ofisdə təkcə mən qadın olduğum üçün hamıya türk qəhvəsi hazırladım.Bir xeyli söhbətdən sonra onlar məni nahara dəvət etmək istədilər.Mən isə gəlişimin məramını İrfan bəyə açıqladım.Dedim ki,əvvəla Böyük öndər Atatürkün Anıtkabrını –yəni mavzoleyini ziyarət etmək istəyirəm. Sonra isə Qədir müəllimin mənə verdiyi fotoları göstərib İsmayıl bəyi axtardığımı bildirdim. O zaman 55 yaşında olan İrfan bəy fotolara diqqətlə baxıb: “Aaa,bu ki,Nuri Saryal bəyin babasıdır.Darıxmayın,əziz dostum indi sizi maşınla onlara göndərərəm”-dedi. Eşitdiyimə inanmadım.Ürəyimdə fikirləşdim ki, nə yaxşı axtardığım ailəni belə tez tapa bildim. Yəni bu Saryal soyadlı ailə burada belə məşhurmuş?..”
İrfan bəy kiməsə zəng vurdu.Nuri bəylə danışdı.Və ona bildirdi ki,zəhmət çəkib maşın göndərməsin, Bakıdan gələn xanım qonağı (yəni məni nəzərdə tutur-Ş.A.A) maşınla özüm sizə göndərəcəyəm.Elə də oldu.Çox keçmədən Yeşilırmak caddəsinin hamar yolları ilə şütüyən maşınımız böyük bir dairəvi yoldan sola burularaq tünd boz rəngli üçmərtəbəli bir imarətin qabağında dayandı. Sürücü hörmətlə qapını açıb məni müşayət etdi.Başımı yuxarı qaldırıb binaya baxanda gözlərimə inanmadım.Binanın yuxarıdan aşağıya tən ortasında həkk olunmuş üçrəngli milli bayrağımızın mozaikasını görüncə təəccübləndim və ürəyim bir anlıq həyəcandan çırpındı.Bunu hiss edən sürücü oğlan mənə binanın Atatürkün mavzoleyinə tərəf baxan divarını da göstərdi.Orada da eynilə üçrəngli bayrağımızın mozaikası həkk olunmuşdu.Özümü saxlaya bilməyib “Eşq olsun Azərbaycan sevdalılarına” dedim.

Binanın yuxarı qatına qalxdıq. Yaşda məndən 33 il böyük olan bir əfəndi bəylə bir əfəndi xanım çox mehribanlıqla bizi qarşıladılar. Fotolarda gördüyüm İsmayıl bəyin gənc oğlu Nuri bəyi və gənc yaraşıqlı gəlini Nəriman xanımı qarşımdakı bu cütlüklə müqayisə etdim. İllər öz işini görmüşdü...
Sürücüm məni otaqda onlarla baş-başa buraxıb aşağı düşdü.Doğrusu özüm ünsiyyətcil jurnalist olsam da onlarla ünsiyyətdə bir qədər utanıb sıxıldım.Amma yenə də özümü toplayıb gəlişimin səbəbini dedim və Qədir müəllimin mənə verdiyi həmin fotoları Nuri bəyə göstərdim.Zəhmli olmayan,lakin ciddi və səmimi görünən Nuri bəyin fotolara baxan gözlərində bir işıq ,üzündə zəif bir təbəssüm hiss olundu. Nəriman xanım mənə iki kitabını imzası ilə xatirə olaraq bağışladı. Görüşdə bildim ki,İsmayıl bəy və onun xanımı artıq dünyadan köçüb.Amma yenə bilmədim ki,bu ailə ,öncə qeyd etdiyim kimi tarixin fırtınalı küləklərinə tab gətirən “ağyelkənli qayıq”lardan biridir...
Nuri bəy Azərbaycandakı durumu soruşdu.Çünki,Xocalı soyqırımından o zaman cəmi iki ay keçmişdi.Elə mənim də əsas məqsədim xalqımızın haqq işini tədbirlərdə iştirakçılara çatdırmaq idi.
Çay-şirniyyat süfrəsindən sonra ayağa qalxdım.Nuri bəy və Nəriman xanımla vidalaşarkən onları Bakıda görmək arzumu bildirib ayrıldım.Onlar da Qədir müəllimə salamlar yetirməyimi və Saryal ailəsini illərlə unutmadığına görə minnətdar olduqlarını söyləməyi məndən xahiş etdilər.Kitabları götürüb aşağı mərtəbəyə düşdüm.Sürücüm gözləyirdi.Və biz üzü yuxarı təpəyə doğru-Atatürk Paşanın mavzoleyini ziyarətə getdik.
Mayın 26-da Türkiyədən Sədərəkə- “Ümid”körpüsünü keçib Naxçıvan ərazisinə daxil olduq və ertəsi günü Türkiyənin mərhum prezidenti Süleyman Dəmirəl körpünün açılışında iştirak edəcəkdi.Amma biz artıq təyyarə ilə Bakıya qayıtmalı olduq. Evə çatan günün axşamı Qədir müəllimə zəng vurub bildirdim ki,İsmayıl bəyin ailəsini tapdım,amma o da xanımı da neçə ildir ki,rəhmətə gedib,yalnız oğlu Nuri bəyi və xanımı şairə Nəriman Duranoğlunu görə bildim. Qədir müəllimin səsindən hiss etdim ki,o,çox kədərləndi.Kədərini yalnız “həəə...” deməklə tamamladı. Mənə verdiyi şəkilləri ona nə vaxt görüşüb qaytaracağımı soruşduqda Qədir müəllim “Narahat olma,qoy səndə qalsın,nə zamansa gərəyin olar” –dedi.Təəccübümü gizlətmədən dedim:”Ay Qədir müəllim,siz nə danışırsınız?Mən o şəkilləri neyləyəcəyəm ki?Axı o ailə kimdir ki?”
Qədir müəllim hələ sovet imperiyası rejiminin amansız işlərinə bələd olan adam kimi telefonda heç nə deyə bilmədi,sadəcə bir kəlmə ilə “Vaxt gələr öyrənərsən , axı sən jurnalistsən?!”deyib sağollaşdı.
Artıq illər o qədər sürətlə gəlib keçmişdi ki, mən də yaşa dolmuş,dostum Qədir müəllim isə rəhmətə getmişdi.Günlərin birində təsadüfən Cümhuriyyətin xaricə oxumağa göndərdiyi 100 tələbədən biri-Mir İsmayıl Seyidzadə Saryal (Gəncə yaxınlığında “Sarı Yal” deyilən dağın adıdır-Ş.A.A) haqqında yazısına rast gəldim.Maraqla məqaləni oxudum və birdən məni həyəcan bürüdü.Tez internetdə İsmayıl Saryal yazdım və gözlərimə inanmadım.Məndə olan o şəkillərdəki ailə, Türkiyədə görüşdüyüm o gözəl yaşlı cütlük demək bu tarixi şəxsiyyətlər imiş... İsmayıl və Nuri Saryal haqqında kifayət qədər məlumatlar vardı.Qədir müəllimin mənə verdiyi şəkillərə isə təkrar rast gəlmədim.Və onun mənə bağışladığı həmin şəkilləri niyə geri götürmədiyi və bu ailə haqqında niyə danışmadığının səbəbini sonralar başa düşdüm.Deməli Qədir müəllim bu məsələyə ehtiyatla yanaşırmış...

Doğum yeri Gəncə şəhəri göstərilən İsmayıl bəy Azərbaycan Xalq Cümhuriyyətinin 100 tələbəsindən biri kimi Almaniyaya göndərilmiş,orada Yelena Hoffman (sonradan Leyla) adlandırılan bir alman əsilli qızla evlənmişdir. Bakını bolşeviklər işğal edəndən sonra 1929-cu ildə türk generalı Nuru Paşanın əziz xatirəsi olaraq dünyaya gələn oğluna Nuri adını vermiş,siyasi təqiblərdən qurtulmaq üçün gənc ailəsi ilə birlikdə İrana,oradan isə Türkiyəyə köçmüşdür.Çünki bolşevik-daşnak rejiminin iti caynaqlarının neçə-neçə Vətən övladlarının həyatına son qoyduğunu bilən İsmayıl bəy ailəsi ilə birlikdə nicatını Türkiyədə tapmışdı. Az bir zamanda Saryal ailəsi elmi bilik və bacarıqları ilə qardaş ölkədə böyük nüfuz sahibi olurlar.İsmayıl bəyin və Nuri bəyin vəfatından sonra da onların adlarını uca tutan və vətən sevgisini qəlblərində daşıyan Nuri bəyin qız övladları Nilgün və Zümrüd xanım da baba və dədələri kimi mühəndisdirlər. Onların Ana yurdu Türkiyə olsa da, Azərbaycanı “Ata yurdum” deyə çağırırlar. İsmayıl bəy Saryalın əziz xatirəsi Azərbaycan Xalq Cümhuriyyətinin yadigarlarından bir yadigardır. Və onun ocağından olan nəvəsi Nilgün xanım bu gün Azərbaycan və Türkiyə arasında mənəvi bağların daşıyıcılarındandır. Bu xanımın da sosial şəbəkədə soyadını görüncə yəqin etdim ki,o mütləq mənada İsmayıl bəyin əzizlərindəndir. Səhv etməmişdim.Əlaqə qurub dostluq yaratdım. Bu dostluq,bacılıq əlaqəsi hər dəfə Cümhuriyyət tariximizə işıq salanların əziz xatirəsinə sayqı və sevginin bir nişanəsi kimi qəlbimi nurlandırır.Və bu zaman sanki ulu Azərbaycanımızın səsini eşidirəm:
Bir dağam daşa bağlı,
Minlərlə yaşa bağlı,
Yurd ollam,olsa əgər,
Yurddaş yurddaşa bağlı...

Şahnaz Ağamir AzərTürk
"Bütöv Azərbaycan" qəzeti
27 may 2021










Paylaş



Bölmə: Güneyin sesi / Turan / Mədəniyyət
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!