Bakıdakı sürücülərin nəzərinə! .....                        İsrail zərbə endirdi .....                        Paşinyan İlham Əliyevə təşəkkür etdi .....                        Putin liderlərlə bir araya gəldi .....                        Bəzi təkliflərdən sonra futbolçuların başı gedir - Qurban Qurbanov .....                        Ukraynadan qaçan biznesmen bu ölkədə tapıldı .....                        Azərbaycana QIŞ GƏLDİ .....                        Kolumbiyada zənginlərdən əlavə vergilər alınacaq .....                        Bu suallar Putinin xoşuna gəlmədi .....                       
17-03-2024, 12:47
MHP sədrindən Ərdoğana çağırış


MHP sədrindən Ərdoğana çağırış

Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana çağırış edib.
MHP-nin 14-cü qurultayında çıxış edən MHP sədri Rəcəb Tayyib Ərdoğanı siyasi fəaliyyətini davam etdirməyə çağırıb.
Qeyd edək ki, bundan öncə Rəcəb Tayyib Ərdoğan martın 31-də keçiriləcək bələdiyyə seçkilərinin iştirak edəcəyi son seçkilər olduğunu bildirib.
Dövlət Baxçalı isə deyib ki, Rəcəb Tayyib Ərdoğan Türk millətini yalnız buraxa bilməz: “Ayrıla bilməzsən! Türk millətini yalnız buraxa bilməzsən! Cümhur İttifaqı yanındadır. Yeni əsrin qurtuluş lideri olaraq Sizi görmək istəyirik!”.
Qeyd edək ki, Dövlət Baxçalı qurultayda MHP sədri postuna yeganə namizəddir.
17-03-2024, 11:30
Rusiyada prezident seçkilərinin sonuncu günüdür


Rusiyada prezident seçkilərinin sonuncu günüdür

Rusiyada prezident seçkilərinin sonuncu günüdür.
Yerli vaxtla 08:00-da açılmış seçki məntəqələri 20:00-da bağlanacaq, ilk nəticələr isə Moskva vaxtı ilə 21:00-da (Bakı vaxtı ilə 22:00) bəlli olacaq.
Son məlumata əsasən, seçici aktivliyi 60 faizdən bir qədər azdır – 58,75 %. Ölkə xaricində martın 1-dən erkən səsvermə çərçivəsində 41 ölkədə 62 791 seçici səs verib. Erkən səsvermələrdən biri də martın 10-da Gəncə şəhərində baş tutub.
Seçkilərin sonuncu günündə Rusiyanın Azərbaycandakı səfirliyinin konsulluq şöbəsində seçki məntəqəsi fəaliyyət göstərir. Bakıdakı məntəqə seçki komissiyasının katibi, diplomatik nümayəndəliyin müşaviri Roman Popov TASS-ın müxbirinə deyib ki, “səsvermə prosesi maksimum demokratik keçirilir”.
Səsvermədə birinci səs vermiş səfir Mixail Yevdokimov isə Azərbaycana təşəkkürünü bildirib:
“Biz Azərbaycan hakimiyyətinə səsvermə üçün ən əlverişli şərait yaratdıqlarına görə minnətdarıq”.
Səsvermə zamanı təhlükəsizliyi Azərbaycan polisi və səfirliyin mühafizə xidmətinin əməkdaşları təmin edirlər.
Seçkilər martın 15-dən 17-dək keçirilir, Rusiya regionlarının üçdə birində səsvermə həm də elektron şəkildə aparılır.
Qeyd edək ki, hazırkı prezident Vladimir Putinin seçkilərdə üç opponenti var. Dövlət başçısı ilə yarışmağa Kommunist Partiyasından Nikolay Xaritonov, Rusiya Liberal-Demokratik Partiyasından Leonid Slutskiyə və Dövlət Dumasının sədr müavini Vladislav Davankova imkan verilib. Onlardan heç biri nə Rusiyanın Ukraynadakı müharibəsini, nə də birbaşa Putini tənqid edir.
Müstəqil namizədlər isə seçkilərə buraxılmayıb. Mərkəzi Seçki Komissiyası həm jurnalist Yekaterina Duntsova, həm də Vətəndaş Təşəbbüsü Partiyası tərəfindən namizədliyi irəli sürülmüş siyasətçi Boris Nadejdini qeydiyyata almaqdan imtina edib. Hər ikisi müharibəni tənqid edir və savaşın dayandırılmasının tərəfdarıdırlar.
Gözəçarpan bir kampaniya aparan yeganə şəxs Vladimir Putin olub. Bu onun beşinci seçkisidir. Fevral və mart aylarında Putin fəal şəkildə ölkəni gəzib: hərbçilər, işçilər, alimlər, fermerlər və gənclərlə görüşüb. Bütün bu görüşlər seçkiqabağı tədbir olsa da, onlarda “seçki” çağırışları səslənməyib.
Qalan namizədlər isə diqqəti özlərinə cəlb etməməyə çalışıblar. Səsvermənin yeganə intriqası onlardan hansının ikinci yeri tutacağı və hansı nəticə ilə olacağıdır.
Bundan başqa, 2024-cü ildə Rusiya prezidenti ilk dəfə Ukraynanın 4 vilayətinin – Zaporojyenin, eləcə də Xerson, Donetsk və Luqansk vilayətlərinin işğal olunmuş ərazilərində (ilhaq edilmiş Krımda prezident seçkiləri artıq 2018-ci ildə keçirilib) seçilir.
Bu bölgələrdə sakinlər də seçicilərin yaşadıqları hərbi vəziyyət şəraitinə uyğunlaşdırılaraq seçkilərdə fəal iştirak etməyə məcbur edilirlər.
İlhaq edilmiş ərazilərdə səsvermə erkən başlayıb. Bölgələrdə seçki məntəqələri fəaliyyət göstərir, lakin yerli qondarma hakimiyyət sakinləri evdə səs verməyə təşviq edir. Nəticədə komissiya üzvləri silahlı şəxslərin müşayiəti ilə birbaşa yaşayış yerinə gəlirlər.
17-03-2024, 10:39
Ölkədə inflyasiya bir rəqəmə enəcək - Ərdoğan


Ölkədə inflyasiya bir rəqəmə enəcək - Ərdoğan

“Nazirlər Kabineti ölkədə inflyasiyanın bir rəqəmə enməsini gözləyir”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Ərdoğan qeyd edib ki, hakimiyyət pandemiyaya, regional müharibələrə, qlobal iqtisadi böhrana və Türkiyənin cənub-şərqində baş verən fəlakətli zəlzələyə baxmayaraq, maliyyə yükünü minimuma endirməyə çalışır.
Prezidentin sözlərinə görə, hökumət inflyasiyanı yenidən birrəqəmli rəqəmlərə endirəcək və Türkiyə cəmiyyətinin bütün təbəqələrinin rifahında sabit, davamlı artımı təmin edəcək. Lakin Ərdoğan bu tapşırığın yerinə yetirilməsi üçün konkret müddət göstərməyib.
Qeyd edək ki, 2024-cü ilin sonuna qədər Türkiyədə inflyasiyanın orta hesabla 44,19% ola biləcəyi bildirilir.
17-03-2024, 10:15
ABŞ ordusundan Yəmənə növbəti zərbə


ABŞ ordusundan Yəmənə növbəti zərbə

ABŞ ordusu Yəmən ərazisinə növbəti dəfə zərbə endirib, hücumun hədəfi pilotsuz uçuş aparatları olub.
Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
“Martın 16-da saat 21:00-dan 22:30-a qədər “CENTCOM” Yəmənin Husilərin nəzarətində olan bölgələrində 5 dron və bir PUA məhv edib”, - məlumatda deyilir.
Bildirilir ki, sözügedən dronlar və PUA bölgədəki ticarət və ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri üçün təhlükə yaradıb.
17-03-2024, 10:06
“Uşaqların doğulanadək cins seçiminə YOX deyək”


BQU-da “Uşaqların doğulanadək cins seçiminə YOX deyək” mövzusunda tədbir keçirildi.


13 mart 2024-cü il tarixində Bakı Qızlar Universitetində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Uşaqların doğulanadək cins seçiminə YOX deyək! ” mövzusunda tədbiri keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru prof. Sevinc Rəhimova Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamından irəli gələn sosial əhəmiyyətli tədbirlər barəsində ümumi məlumat verdi. O, bildirdi ki, gender bərabərliyinin pozulması və oğlan uşaqlarına verilən dəyərin üstünlük təşkil etməsi ölkəmizdə narahatlıq doğuran problemlərdən biridir. Daha sonra cəmiyyətimizdə bu cür hallara qarşı həyəcan təbili çalmağın və cins seçiminin qarşısının alınması barəsində maarifləndirici tədbirlərin keçirilməsinin vacibliyini vurğuladı.

Sonra təqdimat üçün söz Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamila Əliyevaya verildi. O, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin selektiv abortlar və doğulan uşaqların cinsinə görə sayı haqqında rəsmi statistik məlumatlarını iştirakçılara çatdıraraq bildirdi ki, müasir tibbi texnoloji vasitələrindən sui-istifadə edilməsi, oğlan uşaqlarına üstünlüyün verilməsi ölkəmizdə demoqrafik problemlərə gətirib çıxarmışdır. Oğlan uşaqlarına daha çox, qızlara isə əksinə, daha az verilən dəyərlərə haqq qazandıran inanclara toxunaraq gender stereotiplərin aradan qaldırılması, dünyaya gələn uşaqlar arasında cinsə görə nisbətin pozulması, eləcə də erkən nikahların, həmçinin qızların təhsildən yayınması hallarının qarşısının alınması kimi məsələlərin Dövlət Komitəsinin qarşısında duran ən vacib məsələlərindən biri olduğunu vurğuladı və bu sahədə görülən işlərdən, həyata keçirilən layihələrdən danışdı.

Daha sonra Mərkəzi Klinikanın həkim-ginekoloqu Fidan Həsənova “Selektiv abortun fəsadları” mövzusunda çıxış edərək ümumi tendensiyaya əsasən ən çox geniş yayılmış qohum evliliklərindən, bu evlilik sayəsində müxtəlif dərəcəli xəstəliklə dünyaya gələn uşaqlardan, hamiləliyin süni şəkildə pozulmasının fəsadlarından danışaraq sağlam düşüncələrə əsaslanan nikahın nə qədər mühüm olduğunu iştirakçıların diqqətinə çatdırdı.
Tədbirdə tədris işləri üzrə prorektor prof. Hava Abdullayeva da çıxış edərək gənc qızlara arzu və tövsiyələrini bildirdi.
Tədbirin sonunda Dövlət Komitəsinin dəstəyi ilə hazırlanmış qızlarımıza verilən dəyər və sevgidən ibarət videoçarx izlənildi.

17-03-2024, 09:54
ÖMRÜNƏ BƏRƏKƏT, İBRAHİM İLYASLI!


ÖMRÜNƏ BƏRƏKƏT, İBRAHİM İLYASLI!

Tanrı dünyanı var edir, şairlərsə sözdən söz yoğurur. Demək ikisi də yaradıcıdı. İkisi də ali mərtəbədədi. Hər əlinə qələm alan da şair olmur ha. Tanrının diktəsilə yazanlardı əsl şairlər. Tanrı nəfəsi toxunmayan sözdən söz olmaz. Hər yetən qapını da çalmaz söz. Şairlər söz-söz yaxınlaşır dünyaya, ovudur, sığal çəkir, məlhəm olur, sarıyır. Söz açan qapını dünyanın ən böyük fatehləri açıb girə bilməz. Sözdəki qüdrəti görürsüzmü?
Bu gün də sözdən söz yoğuran, sözüylə sığal çəkən, ovudan , sarıyan şairlərdən biri- İbrahim İlyaslının günüdü. Sülh şairi, barış şairi, gözəllik, sevgi aşiqi, Vətən, bütöv Azərbaycan sevdalısı İbrahim İlyaslının dünyaya göz açdığı gündü. Yaşının hansı çağıdır, deyə bilmərəm. Ruhununsa bahar çağıdı. Bax bunu əminliklə deyirəm. Şeirləri elçiyə dönən, ocaq-ocaq gəzən, ev -ev, könül -könül dolaşan şairin yaşının üstünə bir yaş da gəlir bu gün. Sözününsə bir az da müdrikləşən, bir az da cilalanan çağıdı. Tanıyanlar bilir ki, mübaliğəni, yalançı tərifi, boğazdan yuxarı danışmağı sevmirəm. Sevdiklərimi məqsədsiz və təmənnasız sevirəm. Elə sevgilərin ən alisi də bu deyilmi?
İbrahim İlyaslının imzasını çoxdan tanısam da özüylə dostluğumun yaşı elə də çox deyil. Amma mənə elə gəlir ki, onu min ildi tanıyıram. Min il yol getmişəm sanki şairlə. Sözünə, ərliyinə, dostluğuna güvənib deyirəm bunu. Bir -birimizlə söz ərkimiz, könül dostluğumuz var. Adamı incitməz. Sözünün havası uzaqdan vurar adamı. Könlündən keçəni şeirlə deyər. Qırmadan, üsulluca. Yorulduğunu hiss etdirməz. Heç küskünlüyünü də. Anlayan anlayar ancaq. Anlayançun ürəyinin qapıları taybatay açıqdı. Tərifləyəndə qızarar. Bir məsum, körpə utancaqlığı var. Sözünü urvatdan salmaz. Hansı sözü harda danışmaq lazım olduğunu gözəl bilir. Öz çəkisindədi, söz çəkisindədi həmişə. Könlüncə olmayan heç nəyi alqışlamaz. Sözü kimi dostluğu da möhkəmdi. Boynuna düşən hər işi layiqincə yerinə yetirər. Yorulsa da, usansa da edər. Sözünün yükünü hər yetən çəkməz həm də. Səbri özündən böyükdü. Elə sevgisu də. İşıqlıdı yazdıqları. Odu uzaqdan vurar adamı. Qaranlığı sevməz İbrahim İlyaslı. Sözlə dolaşar, sözlə gəzər. Şeir yazanda xoşbəxt olar bircə. Yükü azalar sanki. Mən belə tanıyıram onu.
Mən sevə bilirəm ancaq,
Sevilmək? - o mənlik deyil
-deyən şairin sevənləri o bildiyindən də çoxdu. Sevilən şair olmağın özü böyük xoşbəxtlikdi. Bir də şairin məniylə istedadı üst-üstə düşəndə bir özgə aləm olur. Bu baxımdan İbrahim İlyaslı xoşbəxt yazardı. Özünə və sözünə hörmət edəndi. Heç kimdən heç nə ummaz, bircə sözündən savayı. Cild-cild əsərlərin arxasında gizlətməz adamlığını. Bircə misrasından tanıyarsan onu. Həm də çox həssasdı. Səsindən tutar nə demək istədiyini. Kədərini, dərdini( Tanrı dərd verməsin), ağrısını da sevdirər. Dərdi sevə-sevə çəkən şairdi axı. Oxucunu ram edən qələmi var. Bir də bilirəm ki, onunçun özəl günündə sözdən gözəl təbrik ola bilməz. O söz də ki, dost payı ola, içdən gələ. O sözə ki, ürək qoyasan, onu kim sevməz? Bilirəm ki, bu yazını da oxuyub kövrələcək. Söz-söz, sətir -sətir, misra-misra kövrələcək. Bəlkə təzə şeir də doğulacaq bu yazının eşqinə. Gecənin qaranlığına işıq tutan şeir həm də. Özü də şairin ürəyi boyda. Bilirəm. Amma kövrəldiyini heç kim bilməyəcək. Ərk yeri, görk yeri Tanrısından savayı.
Yaşının üstə yaş gəlsə də, həsrətin bir buğda boy atsa da yenə də yaşamağa dəyər, şair. Bir daha günün mübarək. Allah ömrünə bərəkət versin. Özünün və sözünün varlığına şükür, İbrahim İlyaslı.

TƏRANƏ DƏMİR,
şairə, AYB - nin və AJB-nin üzvü.

GETSİN

Gəl sənə bir yalan uydurum, könül,
Adına aldanıb yaşa da getsin.
Ən böyük yalanmış doğru deyilən,
Doğruçu olmağı boşla da getsin.

Dosta yalan danış, yara yalan de,
Dağa dərə söylə, quşa ilan de.
Baxıb olmazlara: budu olan,- de,
Oxunu daşlara tuşla da getsin.

Təpil yarğanlara, çəkil çallara...
Boylan məzə kimi qeylü-qallara.
Çürük matahını bürü şallara,
Bəh-bəhnən alınsın, xoşa da getsin.

Nə gözəl toxunub fələyin toru?-
Adam özü qaçır ağzına doğru.
İçində quldurdu, çölündə oğru,
İçini-çölünü xışla da getsin.

Ömür deyiləni qılıqla, yanla,
Fanidə oyun qur cisimlə, canla.
Bir zaman qapına gerçək yalanla
Qoşamı gəlmişdi? - Qoşa da getsin!

HAQQ SƏNƏ NƏ VERSİN…

Məni başa düşmək belə zülümmü,-
Mən nə deyirəm ki, haqdan savayı?!
İndi bu haqq sənə sərf eləmirsə,
Mən durub nə deyim "yox"dan savayı?

Sən köhnə zahidsən, qanımı iç, doy,-
Yenə bir "Ənəl-Həqq" aşiqini soy.
"Mən ölü - Sən diri", axtarıb ad qoy,
Ağ baxtıqaraya ağdan savayı.

Faili-muxtarsan, budu yadında,
Boylanıb baxmırsan nədi zatında…
Haqq sənə nə versin iman adında
Qalxa bilmədiyin taxtdan savayı?!

BAŞINA DÖNDÜYÜM

Uca tanrım, ucalığın haqlandı,
Bir mətləbim var, başına döndüyüm:-
Məni qoymur öz ömrümü yaşayam,
Abır - həya, ar, başına döndüyüm.

Dindirirəm - qara daşlar ağlayır,
Dillənmirəm - dilim mamır bağlayır.
Dərələrdə sellər məni haqlayır,
Zirvələrdə qar, başına döndüyüm.

Bu yürüşnən bir mənzilə çatmazdım,-
Belə bilsəm, heç başımı qatmazdım.
Mənə qalsa, ipə - sapa yatmazdım...
Yatdım, oldum xar, başına döndüyüm.

Ətək - ətək üstümə od tökdü ki,
Kəlmə - kəlmə ürəyimi sökdü ki…
Ağ günümü göy əskiyə bükdü ki,
Bir nainsaf yar, başına döndüyüm.

Təmənnam yox kimlərdənsə baş olum,
İbrahiməm, İbrahim də kaş olum,
Ya bilmərrə daşa döndər, daş olum,
Ya neynirsən gör, başına döndüyüm!

***
Biz hamımız bir adamıq,
Həyat bir şirin yuxudur.
Yazıq daşların acları,
Yazıq insanın toxudur.

Sapır haqq yolundan hamı,-
Qanı quruyur adamın!
Təmənnam - Allah salamı,
O da dostların yoxudur.

İnadımdan aşağıyam,
İnamımın işığıyam.
Mən dərdimin aşığıyam,
Məni oxudan oxudur.


17-03-2024, 09:31
Tramp: “ Mən seçilməsəm, qan gölməçəsi olacaq”


Tramp: “ Mən seçilməsəm, qan gölməçəsi olacaq”

ABŞ-nin keçmiş lideri Donald Tramp noyabrda keçiriləcək prezident seçkilərində qalib gəlmədiyi təqdirdə ABŞ-nin “qan gölünə” çevriləcəyinə inanır.
Siyasətçi Daytonda tərəfdarları qarşısında çıxışı zamanı: “Mən seçilməsəm, qan gölməçəsi olacaq. Və bu, baş verəcək ən kiçik şeydir. Bu ölkə qan gölünə çevriləcək”, - deyib.
Tramp bildirib ki, builki seçiklər əhəmiyyətinə görə əvvəlki seçkiləri üstələyir: “Biz tənəzzüldəyik. Amma biz hər şeyi dəyişəcəyik. Biz ABŞ-ni yenidən böyük ölkəyə çevirəcəyik”.
Tramp artıq Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olmaq üçün lazımi sayda nümayəndə səsini toplayıb. İkinci müddətə namizədliyini irəli sürən hazırkı dövlət başçısı Co Bayden də Demokratlar Partiyasından kifayət qədər sayda nümayəndənin dəstəyini qazanıb.
ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.
17-03-2024, 09:30
XXI ƏSR XARƏZM SÖZ MÜLKÜNÜN SƏMƏNDƏRQUŞU

XXI ƏSR XARƏZM SÖZ MÜLKÜNÜN SƏMƏNDƏRQUŞU

Sözün sehrindən bəzən xəbərsiz oluram,
Atəşlərdə yanmayan Səməndərquşuyam!


Özbək ədəbiyyatı təkcə türk dünyasının deyil, dünya ədəbiyyatının ayrılmaz və üzvü bir hissəsidir, yazılmış və yaradılacaq bütün əsərlər dünya xalqlarının təfəkkürünün inkişafına – yüksəlişinə xidmət edir. Mütəfəkkir Əlişir Nəvai əsərləri dünya ədəbiyyatının “qızıl xəzinəsi” – deyilən etiraflar milli dəyərlərimizdir..
Özbək ədəbiyyatının dünyəvi yaradıcı şəxsiyyətləri haqqında tarixin hər əsrində var olmasını qürurla söyləyə bilirik – o cümlədən XX əsrdən və hazırkı XXI əsrin birinci rübündə də bu ənənənin davamına şahid oluruq. Heç şübhəsiz, özbək ədəbiyyatının XX əsrin 60-cı illərindən sonrakı nəslinin – Erkin Vahidov, Abdulla Aripov, Aman Matcan, Erkin Səməndər kimi sənətkarların yaratdıqları nəzm və nəsr şedevrləri dünya ədəbiyyatı meydanında yer almışdır.
2008-ci ilin aprel ayında Özbəkistan Elmlər Akademiyasına – Maqsud Şeyxzadənin 100 illik yubileyinə dəvət edilmişdim. Orada ilk dəfə xalq şairləri Abdulla Aripov, Cüməniyaz Cabbarov, Erkin Səməndər, folklorçu alim, akademik Tura Mirzəyev, akademik Naim Kərimov, nəvaişünas alimlərdən professor Azizxan Qayumov və professor Suyima Ğəniyeva ilə tanış oldum. Hər kəs Maqsud Şeyxzadə haqqında gözəl fikirlərini və xatirələrini bölüşdülər. Mən də, Maqsud Şeyxzadənin el qızı olaraq bu təriflər və xatirələrdən fəxrləndim və geniş bir məruzə etdim.
O günün söhbəti indi də yadımdadır: görkəmli özbək alimlərinin – ustaz Azizxan domlanın, Suyimə opamın çox ciddi təhlilləri, Abdulla Aripovun fəlsəfi mülahizələri ilə yanaşı Erkin Səməndər ustazın müdrik fikirləri məni heyrətləndirmişdi. Özbək xalqının, adlarını kitablardan bildiyim, oxuduğum, öyrəndiyim bu millət aydınlarının üzbəüz söhbətləri mənə yeni yaradıcılıq ruhu verdi, elmə canı-dildən, el dili ilə desək, dördəlli tutmağa sövq etdi. Eyni zamanda, Xarəzm oğlu, Xarəzm torpağının aşiqi, yazıçı-dramaturq Erkin Səməndərin Nəvai əsərlərini dərindən təhlil etməsi, Agahi yaradıcılığından misallar gətirməsini heç unutmuram.
Bu səfərimdən çox qısa bir vaxtdan sonra yenidən Özbəkistana – “Əlişir Nəvai Azərbaycan ədəbiyyatşünaslığında” və Azərbaycan-özbək ədəbi əlaqələrinin 600 illik bir dövrünü özündə əks etdirən “Azərbaycan-özbək ədəbi əlaqələri” kitablarımın təqdimat məclisinə dəvət olundum. Bu həyatımın ən gözəl bir səhifəsi idi. Doqquz yaşlı oğlum Atilla ilə birgə getmişdim (hazırda 25 yaşlı Atillam ÜMRƏ ziyarətindədir, Allah qəbul etsin). Xatirələrlə dolu unudulmaz bir gün oldu. Yuxarıda adlarını qeyd etdiyim şəxsiyyətləri yenə də həmin məclisdə gördüm. Demək, bu məclis dostluq - qardaşlıq dəyərləri ilə yanaşı elmə, ədəbiyyata verilən dəyər, qiymət idi.

O da yadımdadır ki, Erkin Səməndəri “sizin oğuzların böyük yazıçısı, dramaturqu” kimi Suyima opam təqdim etmişdi, sonra fotolar çəkildi.
Ötən il – 2023-cü ilin aprelində iki həftə Urgənc Dövlət Universitetinin tələbələrinə “Nəvaişünaslıq” fənnindən mühazirə deyən vaxtlarda, o böyük insanın Xarəzmdə yaşadığını bilsəydim, hökmən ziyarətinə gedərdim.
Bakıda oturanda bunu xatırlamağımın, xatirələrin kino lenti kimi beynimdə dolaşmasının səbəbi Erkin Səməndərin istedadlı, yaradıcı qızı Səyyarə xanımın şeirlər toplusunu oxumağım və ona sözbaşı yazmaq etibarı qazanmağımdır.
Kimdir Səyyarə Səməndər? – sualı qarşısında qısa bir həyat tablosu yazmaq iatədim: Səyyarə xanım Səməndər – Xarəzm Dövlət Pedaqoji İnstitutunun “Özbək dili və ədəbiyyatı” ixtisasına (1988) yiyələnib, “XX əsr özbək təzkirələri” adlı dissertasiyasını müdafiə edərək filologiya elmləri üzrə fəlsəfə doktoru (1997) alimlik dərəcəsi alan, dosent (2005), “Sizə deyilməyən sözlərim”, “Azadlıqtək bəxt yoxdur”, “Və yenə bahar” (Erkin Səməndərlə həmmüəllif) və “Könlüm” kitablarının müəllifi, Özbəkistan Yazıçılar Birliyinin üzvü (2006), “Mənəvi-maarif işlər əlaçısı” (ÖzR Müdafiə nazirliyi, 2021), ÖzR Müstəqilliyinin 15 illiyi (2006), ÖzR Müstəqilliyinin 30 illiyi (2021) və ÖzR Konstitusuyasının 25 illiyi (2006) döş nişanları mükafatçısı, nəhayət “Şöhrət”medalı laureatı (2022).

Səyyarə Səməndər də mənim kimi filoloqdur. O, alimlərin şairi, şairlərin alimidir. Məhz bu keyfiyyət – onun özbək klassik ədəbiyyatını, dünya ədəbiyyatını dərindən bilməsi, tədqiqatçı xarakteri yaradıcılığının formalaşmasına, mükəmməliyinə təkan verir.
Könül duyğularının təbii çalarlarla kağıza – qələmə tökülməsi – yazılması, elm üçün xarakterik olan fəlsəfi müşahidələr hər sətirdə öz əksini tapmış incilərdir:

Ahindan açılır göy pəncərəsi,
Gözyaşın saədət qədərdir mənə.
Vəfasız olublar dostlarin çoxu,
Dostluğun qiyamət qədərdir mənə!!


Təbii ki, bu sətirlər ömrünü SÖZə həsr etmiş yaradıcı şəxsiyyətin obrazını göz önünə gətirir. Onun üçün müqəddəs olan şeir – ədəbiyyatdır və bu hal poetik səslərə çevrilir:

Qasırğa, tufanlar içində
Qismətimi tək geçirəm mən.
Söykənib yalnız öz dilimə,
Heç düşmədən gedirəm mən.

Yollarımdan çıxırsa bəzən
Qəşqırlara şeir oxuyuram.
Sözlərimə qulaq asınca
Təslim olacaqdır pələng də.

Silahım Söz, Söz ordum mənim,
Ondan başqa heç kimim yoxdur.
Vücudumda bitən həsrətim
Yürəyimə atılan oxdur.

Daşi bassam yarpaq yazacaq,
Çiçək açır titrəyən torpaq,
Əsla asan deyil bu, amma (!)
Düşmədən ayaqüstə qalmaq!

Səyyarə xanımın yaradıcılıq boxçasından belə poetik incilərdən çox misal göstərmək, təhlil etmək mümkündür.
Yaradıcılığı tale hesab edən şairənin Erkin Səməndərə ithaf və ya atası ilə söhbətinin təsiri ilə yazdığı şeirləri var ki, bu da sənətkarın ədəbiyyat aləminə daxil olmasının müqəddəs ailəsindən – genetik kodlarla başladığını göstərir. Bu səbəbdən, Səyyarə xanıma alimlərin şairi, şairlərin alimi dedim. Atasından aldığı ədəbi və həyat dərsləri, elmi yaradıcılığını təzkirələrə həsr etməsi, klassik ədəbiyyatı dərk edərək təhlili onun öz qəzəl, müxəmməs və məsnəvilərində əksini tapmışdır.
Nəvai həzrətləri, Üveysi, Nadirəbəyim, Osman Əzim, Fəridə Əfruzun qəzəllərinin pərəstişkarı olan Səyyarə xanım atası kimi dərin düşüncəli, hərtərəfli yaradıcı qabiliyyətinə malik olduğuna sübutdur və əslində bu, yaradıcı şəxsin xoşbəxtliyidir.
Məlumdur ki, qəzəl Şərq poeziyasında geniş yayılmış lirik janrdır. İlk dövrlərdə romantik mövzuda yazılmış, sonralar onun əhatə dairəsi genişlənərək davam etmiş, ictimai-siyasi, fəlsəfi-etik, didaktik qəzəllər meydana çıxmışdır. Səyyarə xanımın qəzəllərinin oxucuları təkcə misralarda əks olunan məhəbbət duyğularını deyil, həm də insan iztirabları, həyat adlı ağrılı dünyaya aid tüğyanları ilə anlayır:

İstırabım xəzəl kimi batdı yerin dərinliyinə,
Oyadıb cısm-canımı varlığıma batdı səhər.
Etməyin eyb fiqan kim doldursa göy bağrını,
Hansı könülə yetmədi, hansı könülə çatdı səhər...

Qəzəl janrında müxəmməs (beşlik) yaratmaq üçün yaradıcının ədəbi-elmi biliyi və dərin fəlsəfi müşahidə yetkinliyi, şair cəsarəti olmalıdır. Həzrət Nəvai, Üveysi, Nadirə bəyim kimi klassiklərin yaradıcılığını dərindən dərk etmək, onlara yaxın olmaq, onların könül bağlarını özündə hiss etdikdə qəlbdə ecazkar səsə-sözə çevrilir.
İnanıram ki, Səyyarə xanım elmiliyini poeziya ilə özündə təcəssüm etdirən, klassik və dünya ədəbiyyatını çox oxuyan, elm sahəsində araşdırmalarını davam etdirməsi sayəsində misilsiz möcüzələr yaratmışdır. Bundan əlavə, müasirləri Osman Əzim və Fəridə Əfruzun yaradıcılığına hörmət, qəlbən onlara yaxınlıq da Səyyarə Səməndərin bənzərsiz əsərlər yaratmasına təsir etmişdir.
Şərq poeziyasının başqa bir janrı olan məsnəvidə hər beytin misraları qafiyələnir və beytdən-beytə yenilənir. Səyyarə Səməndərin məsnəviləri də qəzəlləri kimi onun həyat təcrübələrini, qəlb ağrılarını, fəlsəfi anlamda şərq ruhunda əks etdirir:

Gəlsə də dərd, tərki adət etmədim,
İncik görüb, əl yelləyib getmədim.

Ah çəkib özümü daşa vurmadım,
Gər sitəm yetsə, üzüm çevirmədim.

Bəzən sellər məni boğmaq istəyir,
Tək ümidim çiçəklənmək istəyir...

Yaxud da içindəki bu ürək ağrıdan misralar məsnəvi janrında yaradılmış incilərdir, - desək, deməli İNSANın ÖZÜ, öz ŞƏXSİYYƏTini əks etdirir:
Kim qəlbinə darıxsa olur ki salamat,
Mən kimi yavaş keçir özünə tərəf.
Nə gələn ağlıma, o sözümdədir,
Qəlbi gördüm, o mənim özümdədir.

İnsanın qəlbinə, ruhuna yaxın olan bu misralar təbii ki, hər bir poeziya aşiqinin ürəyincə olur və onu düşünməyə, düşündürməyə sövq edir.
Bu kitaba daxil olan və əsərin təsirini daha da artıran “Huzuruna gəldim, Təhəccüd” adlı üçlüklərdir. Məlumdur ki, Təhəccüd namazı İslamda nəfs namazlarından biridir. Şairə xanımın təhəccüdləri ANAya həsr olunmuş üçlüklərdir. Ağıllı övladlar dünyaya gətirən, sınaq dünyasında ataya sədaqətlə ömür-gün yoldaşlığı edən Anaya həsr olunmuş misralar, ona görə də şairənin ürəyindən dua nidası mərsiyə kimi səslənir.
“Təhəccud!
Gecənin bağrına bir zərrə olub qarışacam... Uzun müddət özümü dinləyəcəm. Haqq dünyasına köç edən anamın yarım təbəssümlə baxan siması gözlərim önündə canlanır... . Bu halımdan çıxmaq istəmirəm... . Sən – anamın həsrəti olub qəlbimə təsəlli verirsən, bu dünyada yaşamaq üçün güc verirsən, səbr verirsən...”.
Bəli, dünya ədəbiyyatında yaradıcı bütün qələm adamları ANAya SÖZdən bədii heykəl, bənzərsiz mənəvi ABİDƏ ucaldıblar və onların hamısında müqəddəs qadın obrazı var. Amma bu Təhəccüddəki qəhrəman ŞAİR Erkin Səməndərin həyat yoldaşı, ŞAİRƏ Səyyarə Səməndərin ANAsıdır. Buna görə də müəllif bu haqda belə yazır:
“Bu gecəki yazılarımı – atamın qayğısına qalan mehribanım, onun 66 illik ömür-gün yoldaşı, yeməklərini ən əvvəl atamın qarşısına qoyan, sağlamlığının keşikçisi, həyatın sınaqlarında arxasında dayanan qalası, atamın gözlərini hüzrlə dolduran onun böyük qadını (atam anam haqqında danışarkən, “o, böyük qadın idi” – deyərdi) “atanıza yaxşı baxın, onu sizlərə, sizləri isə Allaha tapşırıram” – deyərək mehrini ancaq atama salan, 85 yaşında belə işıqlandıran anam Cumənıyazqızı Aqilcanın əziz xatirəsinə ithaf edirəm. Ailəmizi onun adına bənzər bir hikmət nuru ilə yüksəldən anam Aqilcan Cümənıyazqızının əziz xatirəsinə ithaf edirəm.
Bu qeydlər və “Dünya” silsiləsidəki üçlüklər, onlardakı ağrılı nalələri (mərsiyələri) oxuyandan sonra dünya ədəbiyyatı, xüsusən də klassik yapon hayku (üçlük) şeirini xatırladım:
***
Mən sənin bağrında yanan bir şamam,
Başım əyib, dağ kimi möhtəşəməm.
Huzur və həlavət, rahat təhəccüd.
* * *
Özüm ədayam mən, özüm miskinəm,
Qırıq könlümlə kimə təsəlliyəm,
Zirvəyə yol alsam, rəğbət təhəccüd.
* * *
Mən kimi dünyanı dünyaya verdin,
Yayıldım bir mahnı kimi zəminə!
Məni yaratmaq üçün yarandın, Dünya!...
Məhz bu üçlüklər mənə həyatın imtahanları və sınaqlarından məntiqi və fəlsəfi müşahidələr çıxarmağın haykuya xas olduğu qənaətinə gəlməyə vadar etdi.
Yox idim, bədəndə cəm oldum,
Aləmi işıqlandıran şam oldum,
Deməyin, şam nədən işıqlandırmaz,
Ki, ona tutuşan can oldum.

Bu kimi dördlüklər silsiləsi də hazırkı kitabda yer alan digər əsərlər kimi dünyada ÖZünü axtaran, qəlbindəki kədərini, sevincini, hiss-duyğularını ədəbiyyat sevərlərə bəxş edən Səyyarə xanımın əbədiyaşar yazılarıdır.
Bu kimi dördlüklər silsiləsi də hazırkı kitabda yer alan digər əsərləri kimi dünyada ÖZünü axtaran, sevincini, ağrısını ürəyində ədəbiyyatsevərlərə bəxş edən Səyyarə xanımın əbədiyaşar yazılarıdır. Şairin yazdığı kimi, –

Qəlbim o qədər oyaq –
Qəlbinizə çatana qədər.
Könlünüzdən qubarlar
Ta ki dağılana qədər!

Mənim yolum bir an kimi –
Söz dadını dadana qədər!
Mən dünyada yaşayıram
Ta özümü tapana qədər!


Ümumiyyətlə, bu kitabda hər bir yaradıcılıq nümunəsində müəllifin qəlbini, dərd dolu könlünün əksini görürük.
“Bir türk qadını ilə üç mübahisə” poemasını oxuyandan sonra nədənsə türk xalqlarının, xalqımızın iki böyük şəxsiyyəti – Azərbaycanın özbəyi, özbəyin Azərbaycanı kimi tanınan Maqsud Şeyxzadə və Ziya Bünyadovu xatırladım. Çünki bu müəlliflər Xarəzmşah-Anuştəqini dövlətini, Cəlaləddin Mənquberdinin fəaliyyətini dəqiq işıqlandıran, dövrün mənzərəsini gözümüzün qabağında təqdim edən əsərlər yaratmışlar. Səyyarə Səməndərin poemanı yazarkən arxalandığı Nəsəvi yaradıcılığı da bilavasitə Ziya Bünyadovun tərcümələri ilə geniş oxucu kütləsinə çatmışdır. Bu yerdə qeyd edim ki, Erkin Səməndər həm də “Əcdadların qılıncı”, “Cəlaləddin Mənquberdi” dramlarını, “Sultan Cəlaləddin” romanını yaradıb və bu əsərlərin özbək ədəbiyyatında xüsusi, həm də qürurverici yeri vardır.
Səyyarə xanım, atasının yaradıcılıq təsiri ilə, eləcə də tarixi hadisələri əks etdirən digər əsərləri oxuduqdan sonra Xarəzmşah-Anuştəqinilər dövrünün məlakəsi olmuş Türkan Xatun haqqında dastan-poemasını yazmışdır. Eposda Türkan Xatun, o dövrün tarixçisi Nəsəvi və müəllifin o dövrün reallığı ilə bağlı fikirləri öz əksini tapmışdır. Eposda ana Ceyhun və səmanı bədii obrazlar kimi təcəssüm etdirməsi müəllifin nailiyyətidir. Üç arqumentdən ibarət olan dastan oxucuya o dövrün mənzərəsini təsəvvür etməyə, real vəziyyəti anlamağa kömək edir.

Sözün sehrindən bəzən xəbərsiz oluram,
Atəşlərdə yanmayan Səməndərquşuyam!
– deyə, müəllif yazır.
Damarlarında, genində, qan yaddaşında böyük özbək ədibi, dövlət və ictimai xadimi Erkin Səməndərin qanı olan Səyyarə xanıma yaradıcılıq uğurları, özbək, türk və Şərq ədəbiyyatını daha gözəl əsərlərlə zənginləşdirməyi, SƏYYARƏ adını bütün dünyaya yaymasını arzulayıram. Erkin əfəndi könül bağı Səyyarə ilə, Səyyarə xanım atası Erkin əfəndi ilə, pərəstişkarları – oxucuları isə hər ikisi ilə fəxr edə bilərlər. Çünki hər iki Xarəzm övladı buna layiqdir.

Almaz Ülvi Binnətova
filologiya elmləri doktoru, professor
Özbəkistan Respublikasının “Dostluq” ordeni laureatı
P.S. Mətndəki şeirlərin Azərbaycan dilinə tərcümə müəllifi gənc özbək şairi Rəhmət BABACANdır.
"Bütöv Azərbaycan" qəzeti
15 mart 2024


17-03-2024, 08:36
Bu gün 46 mindən çox şagir buraxılış imtahanında iştirak edəcək


Bu gün 46 mindən çox şagir buraxılış imtahanında iştirak edəcək

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) 46 min 741 şagird üçün buraxılış imtahanı keçirəcək.
Bu barədə DİM-dən məlumat verilib.
Qeyd olunub ki, imtahan Bakı şəhərinin Sabunçu, Səbail, Xətai, Nəsimi, Nərimanov rayonlarında, Gəncə - 1, Samux, Daşkəsən, Qazax, Ağstafa, Şəki, Lənkəran - 1, Astara, Biləsuvar, Ağdam, Ağcabədi, Ağsu, Zərdab, Kürdəmir, İmişli, Şirvan, Qusar, Siyəzən, Xızı, Şabran rayonlarında ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə baş tutacaq.
İmtahan saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur. Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.
İmtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə DİM-in saytından çap edib götürə bilirlər.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 190 imtahan binası, 3468 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 543 imtahan rəhbəri və ümumi rəhbər, 4310 nəzarətçi, 631 buraxılış rejimi əməkdaşı (mühafizə) və 190 bina nümayəndəsi ayrılıb.
İmtahanda 46 min 741 şagirdin iştirakı nəzərdə tutulur. İmtahanda 40 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagirdlər də iştirak edəcək. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.
Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn şəkildə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında şagirdlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.
İmtahana 1 gün qalmış təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir.
17-03-2024, 08:13
TƏBRİK EDİRİK !

TƏBRİK EDİRİK!

Bu günlərdə eşitdik ki, gözəl insan, gənc alim, filologiya elmləri doktoru Şakir Əlif oğlu Albalıyev ailə həyatı qurmaq üçün, tarix muzeyinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Aygün Musa qızı ilə nişanlanıb.
Yaradıcı dostları, həmkarları adından Şakir müəllimi və nişanlısı Aygün xanımı təbrik edirik !
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!