YURD HƏSRƏTİLƏ ÇIRPINAN ÜRƏK
VƏ YAXUD TANRININ YAZDIĞI QİSMƏTAzərbaycana görkəmli ziyalılar, elm və qələm adamları, dəyərli insanlar bəxş etmiş, igid oğulları, aslan təbiətli qızlarıilə tanınmış, tarixin fəxr ediləsi, öyünüləsi səhifələrinə öz adınıı həkk etdirmiş bölgələrdən biri də Cəbrayıldır. Bu gözəl, şöhrətli diyarın tanınmış oğulları ilə - akademik Mehdi Mehdizadə, yazıçı - şair Əli Rza Xələfli, Oruc Qüdrətov, Dərgah Qüdrətov, kino- aktyor Şahmar Ələkbərov və digər dəyərli insanları ilə hər birimiz fəxr edir, öyünür, qürur duyuruq. Həmin o dəyərli, işıqlı adamlardan biri də istedadlı yazıçı, ömrünü Azərbaycan təhsilinə və sözə verən Vaqif Rüstəmovdu. Tanınmış yazar, «Qızıl qələm» media mükafatı laureatı Vaqif Rüstəmovun «İmza» nəşriyyatında təzəcə çapdan çıxmış «Yurd həsrəti» (Bakı, 2025) sənədli romanını bir nəfəsə oxudum və İkinci Dünya müharibəsi zamanı (1939-1945) milyonlarla günahsız insanın acı taleyi, didərgin həyatı, işgəncələrə məruz qalması iç dünyamı silkələdi, ürəyim göynədi, göz yaşlarımı saxlaya bilmədim. Əsir düşmüş əsgərlərin dözülməz taleyi, üzləşdikləri çətinliklər, dözülməz əzablar, işgəncələr… qürbətdə yaşayan, əslən Cəbrayıl rayonundan olan Səxavət İsmayılovun – Hasan bəyin vətən həsrəti, yar həsrəti… məni dəhşətə gətirdi və mən necə ağlamaya bilərdim?

Romanı oxuduqca kövrək duyğular içində çırpınırdım. Dostum Vaqif Rüstəmovun «Yurd həsrəti» əsəri əslində xatirələr, düşüncələr, Səxavət adlı bir əsgərin, tarix müəlliminin, 1948-ci ildən İstanbulda yaşamağa məcbur olan qeyrətli, vətənpərvər bir soydaşımızın, türk oğlu türkün ürək çırpıntılarıdır. Səxavət Abı oğlunun qeydləri əsasında qələmə alınmış bu əsər Cəbrayıl rayonunun Daşkəsən kəndinə, kəndin təbiətinə, coğrafi yerlərinə, kənd adamlarının məşğuliyyətinə, ictimai-siyasi hadisələrə və s. güzgü tutur. Bu güzgüdə Daşkəsən kəndinin 1941-ci ilin avqust ayına qədərki dövrü əhatəli şəkildə əks olunur. Cəbrayıl rayonunda tarix müəllimi, sonra da məktəbinin direktoru kimi fəaliyyət göstərən Səxavət Abış oğlunun dilindən ərz edilən bu faydalı və qiymətsiz əsər Vaqif Rüstəmov yaradıcılığının zirvəsi sayıla bilər. Bu zirvədə ötən əsrin 20-40-cu illərinin Daşkəsən kəndi, bu kəndin adamları, onların əmək fəaliyyəti, məşğuliyyəti, bolşevik rejiminin insanlara gətirdiyi bəlalar tarixi faktlarla oxuculara çatdırılır.
«Doğma yurdumuzu düşündükcə» adlandırılan birinci fəsildə Səxavət İsmayılovun – 1908-ci ildə Cəbrayıl rayonunun Daşkəsən kəndində dünyaya göz açan soydaşımızın həyat yoluna nəzər salınır. Onun müəllimlik fəaliyyəti, Krımda almanlar tərəfindən əsir götürülməsi, İsveçrədə, daha sonra Türkiyədə yaşaması, «Türkiyə-Azərbaycan Dostluq və Kültür Cəmiyyəti»ni təsis etdiyi, Mərkəzin başkanı kimi fəaliyyəti yığcam bir şəkildə oxuculara çatdırılır.
Əsərin birinci fəslində oxucu Səxavət bəylə yaxından tanış olmaq imkanı qazanır. Bu fəslin özündə də onun ağrılı taleyi, müharibənin və qürbətin qoyduğu izlər, qürbətdə ömür sürən bir qəribin hiss və həyəcanları, düşüncələri, sarsıntıları, əzabları, yurd həsrəti, doğmalarını görmək arzusu, qızı Elmiranın, oğlu Şamilin övlad yanğısı, Məleykə adlı ömür-gün yoldaşından ayrı düşməsi, bacı-qardaşlarının üzünə tamarzı qalması…çəkiləsi mümkün olmayan dərdlərdən biridir. Bu dərdi Səxavət bəy 28 il ürəyində gəzdirir. Bu ayrılıq dərdi onu için-için yandırır, yandırıb cızdağını çıxarır. Oxucu da Səxavətlə birlikdə yanır, onun dərdini öz dərdi bilərək göz yaşları içində boğulur.
Amansız taleyin hökmünə bax ki, Azərbaycanın igid, ziyalı və vətənpərvər oğlu Səxavət İsmayılov, eləcə də onun kimi on minlərlə soydaşımız kommunist rejiminin məngənəsi altında sıxılır, Stalinin «Əsir düşmüşləri İttifaqa qəbul etməyin» sözlərinə görə doğma yurdlarından uzaqlarda yaşamağa məcbur olurlar. Çünki onlar vətənə qayıtsaydılar ya güllələnməyə məhkum olunacaq, ya da Sibirdə fiziki ölümlə üz-üzə qalacaqdılar. Səxavət İsmayılov ölümü yox, yaşamağı üstün tutaraq qardaş Türkiyəyə sığınmağa məcbur olur. O, Türkiyədə yaşasa da Azərbaycanı, eləcə də doğma Daşkəsən kəndini unutmur, hər gün xatırlayır, uşaqlıq və gənclik illərini keçirdiyi «Heydər dağı»nı, Xan Arazı, «Göy gölü», «Ağ gölü», «Teştək gölü»nü, «Heydər dağı»nın zirvəsində «Tonqal yeri»ni, «Səsverən qaya»nı və s. gözləri önündə canlandırır ki, bu da onun yurda bağlılığının, yurd sevgisinin bariz nümunəsidir.
Əsərin ölməz qəhrəmanı Səxavət Alış oğlunun vətənpərvər, yurdsevər olduğunu, ürəyinin Vətən eşqilə döyündüyünü əsərin birinci fəslində bütün çılpaqlığı ilə oxuculara çatdıran yazıçı Vaqif Rüstəmov xatirə qeydlərinə söykənərək insanın iç dünyasını silkələyən bu əsərlə imzasını bir daha imzalar içində təsdiqləməyə müvəffəq ola bilib.
Ağır və əzablı bir tale yaşamış, ömrü-günü iztirablarla keçmiş Səxavətin – əsərin qəhrəmanının ömür yolları ilə tanış olduqca sözün əsl mənasında kövrəlməyə bilmirsən.
Vətən sevgisinin, insan ləyaqətinin, humanizmin, şərəf və ləyaqətin, sədaqətin, dostluğun, insanlığın başlıca yer tutduğu bu əsərin «Müəllim olmaq istəyində» adlı ikinci fəslində yazıçı oxuculara Səxavət dünyası ilə yaxından tanış olmaq fürsəti yaradır. Biz bu fəsildə Səxavətin indiki Bakı Dövlət Universitetinin tarix fakültəsində təhsil aldığını, doğma rayonunda müəllimlik etdiyini, Məleykə adlı qızla tanış olduğunu, bu tanışlığın əsl sevgiyə çevrildiyini öyrənirik. Öyrəndiyimiz bu məlumatların özü də əsərin qəhrəmanı olan Səxavətin - Hasan bəyin ucalığını və böyüklüyünü, əsl ziyalı olduğunu açıb göstərir.
Əsərin üçüncü fəsli «Cəbhə yollarında» adlanır. Bu fəsil aşıq Məşədi Humayın «Olsun» rədifli qoşması ilə açılır:Gəl bir öpüm oğul o gözlərindən,
Get hərb meydanına düşmən xar olsun.
Qisas al vətənin düşmənlərindən,
Tanrımız üstündə sənə yar olsun.Bu şeir təsadüfən verilməyib. Aşıq Məşədi Humayın oğlu Oruc cəbhəyə yola düşməzdən əvvəl atası onunla birlikdə saz çalıb oxuyur. Həmin məclisdə Səxavət müəllim də iştirak edir. Aşığın həyətinə bütün Daşkəsən kəndinin adamları toplaşıb. Kənd camaatı birinci kurs tələbəsi Orucu cəbhəyə yola salırlar. Həmin məclisdə məktəb direktoru Səxavət İsmayılov qərara alır ki, mütləq cəbhəyə getməlidir. O, xatirə qeydlərində yazır ki, «Adamlar arasında özümə yer tapa bilmirdim. İstəyirdim ki, ertəsi gün geriyə, Cəbrayıla qayıdanda rayon Hərbi Komissarlığından tələb edim ki, məni də cəbhəyə göndərsin». – Rayon Hərbi Komissarlığı onu cəbhəyə göndərmək istəməsə də, onun məktəb direktoru kimi arxa cəbhədə saxlanıldığını bildirsə də, Səxavət müəllim əl çəkmir və döyüşə yollanır. Onu Bakı vağzalından Tbilisi şəhərinə komandirlər məktəbinə göndərirlər. O, 1941-ci ilin iyul-sentyabr aylarında komandirlər üçün hərbi təlim keçir. Hərbi hissədə olarkən yoldaşı Məleykə, qardaşı Dərbənd və körpə qızı Elmira onunla görüşə gəlirlər. Bu görüşdən 28 il ötüb keçir.
Səxavət Krım-Kerç istiqamətində gedən döyüşlərin birində minlərlə döyüşçü yoldaşları ilə birlikdə almanlar tərəfindən əsir götürülür və onun əzablı günləri başlayır.
Vətən həsrətilə yaşayan Səxavət İsmayılovun Türkiyədə gördüyü işlər, onun fəaliyyəti qürurverici olsa da, doğmalarına, ailəsinə qovuşmaq istəyi, keçirdiyi sarsıntılar, yaşadığı ağrı-acılı illər ürək göynədir, O, İstanbulda ikinci dəfə ailə qursa da, bu izdivacdan bir oğlu, bir qızı dünyaya gəlsə də yenə də həyat yoldaşı Məleykəni, qızı Elmiranı, üzünü görmədiyi oğlu Şamili bir an da olsa unuda bilmir, yenə də onların həsrətilə yaşayır.
İstanbulda böyük nüfuz qazanan, «Türkiyə -Azərbaycan Dostluq Kültür Cəmiyyəti»nə rəhbərlik edən Səxavət İsmayılovu elm və incəsənət xadimləri yaxşı tanıyırdılar. Məhz dünya şöhrətli cərrah İbrahim Topçubaşovun köməyi sayəsində o, doğmaları ilə görüşməyə müvəffəq ola bilir. Bu görüş 1970-ci ilin may ayında baş tutur. Onun doğmaları ilə görüş səhnəsini yazıçı Vaqif Rüstəmov ən kövrək, həzin duyğularla qələmə almış, hər incə detala xüsusi diqqət yetirmiş, son dərəcə təsirli bir həyat səhnəsini gözlərimiz önündə canlandıra bilmişdir. Təkcə bir epizodu oxuculara çatdırmaqla, həm də Azərbaycan qadınlarının fədakarlığını, sədaqətini, ülvi məhəbbətini bir daha xatırlatmaq istəyirəm. «…Bu an xanımım Məleykə əlində iri dolabda su və ləyən gətirdi. Oturduğum kətilin önündə yerdən əyləşib dedi ki, uzaq yoldan gəlmisən, ayaqlarını yuyum ki, rahatlanasan. Mən etiraz etsəm də faydası olmadı. O, corablarımı çıxarıb ayaqlarımı yumağa başladı. Evdəkilər bu mənzərədən təsirlənərək, bir-birilərinə qoşulub ağlayırdılar.
Xanımım ayaqlarımı yuyandan sonra ləyəndəki sudan bir fincan doldurub içdi və uca səslə əllərini göyə qaldırıb: - Ya Rəbbim, sənə şükürlər olsun, axır ki, uzun ayrılıqdan sonra əhdimə çatdım, - dedi». – Bax budur Azərbaycan qadınının sədaqəti, əbədi sevgisi, tükənməz məhəbbəti, ailəsini alınmaz qalaya çevirməsi… Bu səhnənin özündə böyük məna, böyük hikmət vardır. Kaş, indiki ailə quran qızlar da Məleykə kimi ailəcanlı olaydılar, onun kimi sədaqətli və etibarlı olaydılar…
Romanda dünya şöhrətli cərrah, İbrahim Topçubaşovun Vətən üçün, türk dünyası üçün gördüyü işlər, eləcə də Səxavət İsmayılovu 28 illik ayrılıqdan sonra Vətənə gəlməsi üçün əlindən gələn köməyi əsirgəmədiyi, onun humanizmi, insanlığı, şəxsiyyəti…yazıçı tərəfindən məharətlə təsvir edilmişdir.
Əsərdə eyni zamanda İbrahim Topçubaşovun həyat yoldaşı Flora Kərimova, Zeynəb Xanlarova, maestro Niyazi, xalq yazıçısı İsmayıl Şıxlı, akademik Mehdi Mehdizadə, bəstəkar Fikrət Əmirov, Qara Qarayev, xalq artisti Əbülfət Əliyev, Zaur Rzayev, İslam Rzayev və digər görkəmli şəxsiyyətlərdən də söz açılır və onların hər birinin Səxavət İsmayılovla dostluq əlaqələri, tanışlığı, yaxınlığı bədii boyalarla təsvir edilir. « Yurd Həsrəti» romanında «Azərbaycanın elm, incəsənət xadimləri Türkiyədə», «Türkiyədə Beynəlxalq Folklor Festivalı», «Əsli və Kərəm tamaşası» bölmələrində Səxavət İsmayılovun – Türkiyədə Hasan bəy İsmailli kimi tanınan və sevilən soydaşımızın ömür kitabının ən parlaq səhifələrindən də bəhs edilir. Əsəri oxuduqca həm kövrəlir, həm sevinir, həm də Tanrının yazdığı qismətlə barışan Səxavət müəllimin taleyinə acımaya bilmirsən. Ürəyində dərd gəzdirən, nisgil daşıyan bir insanın ömür yolu yazıçı Vaqif Rüstəmov tərəfindən qələmə alınmış və oxucuların ixtiyarına verilmişdir. Bu, adi roman deyil. Deyərdim ki, müharibədə əsir düşən yüz minlərlə soydaşımızın taleyindən bəhs edən sənədli bir əsərdir. Bu əsəri oxuyun və Səxavət İsmayılovun – o böyük insanın, ziyalının, Vətən sevgisilə ömrünü başa vuran, heç vaxt ümidini itirməyən, Türkiyə və Azərbaycan dostluğunun daha da möhkəmlənməsində xüsusi xidmətləri olan bir insanın ömür kitabı ilə tanış olun.
1941-ci ilin iyul ayında Cəbrayıl elindən müharibəyə səfərbər edilən Səxavət İsmayılov 28 ildən sonra Bakıya gəlsə də, bir daha doğma Daşkəsən kəndini görmək ona qismət olmur. O, müharibədə əsir düşən bir azərbaycanlı kimi, Türkiyə vətəndaşlığını qəbul edən bir insan kimi, kommunist rejiminin qaydalarına görə Cəbrayıla gedə bilməzdi. Çünki Cəbrayıl rayonu İranla həmsərhəd olduğuna görə o vaxtkı qanunlar buna imkan vermirdi. Və nə yaxşı ki, bu dünyada İbrahim Topçubaşov kimi dünya şöhrətli bir azərbaycanlı var imiş. Məhz onun sayəsində Səxavət Abış oğluna Bakını və doğmalarını görmək qismət oldu.
2003-cü ildə, 95 yaşında, İstanbul şəhərində dünyasını dəyişən Səxavət İsmayılov Tanrının yazdığı qisməti yaşamalı oldu. O, haqq dünyasına qovuşsa da «ruhu yaşayır – övladlarının nəfəsində, xatirələrin dərinliyində, talelərin kəsişdiyi səmavi nöqtədə». Və bir də Vaqif Rüstəmovun yazmış olduğu «Yurd həsrəti» romanında onun özünü görə bilərsiniz, səsini eşidə bilərsiniz, nəfəsini duya bilərsiniz.
P.S. Tanınmış yazar Vaqif Rüstəmovun «Yurd həsrəti» sənədli romanı son illərdə qələmə alınmış ən yaxşı, ən dəyərli kitablardan biri olmaqla yanaşı, həm də müasir Azərbaycan ədəbiyyatında mükəmməl yeri olan sənət əsəridir. Bu əsər alman faşizminə qarşı ağır döyüşlərin birində əsir düşən, əzablı həyat yaşayan, qürbət ellərdə doğmaları, əzizləri üçün göz yaşları axıdan, Vətən üçün darıxan, həsrət çəkən Səxavət Alış oğlunun timsalında yüz minlərlə soydaşımızın həyat yoluna işıq salır, onların qanla yazılmış ömür səhifələri Vaqifin qələmilə bir-bir açılaraq bu günkü nəsillərə göstərilir.
Yaxşı olardı ki, «Yurd həsrəti» romanı əsasında bədii-sənədli film çəkiləydi. Bu gün televiziya ekranlarında nümayiş etdirilən bayağı, mənasız serialların əvəzində «Yurd həsrəti» ekranlaşdırılsaydı, mədəniyyətimiz də, tariximiz də qazanardı, xalqımız da.
28 il doğma Azərbaycandan – Cəbrayıl elindən uzaqda yaşayan Səxavət İsmayılovun – Hasan bəyin ürəkağrıdan həyatından, keçdiyi ömür yollarından, bəlalı taleyindən belə bir çoxseriyalı film çəkilərsə, milyonlarla tamaşaçının rəğbətini qazanardı. Eyni zamanda yüz minlərlə soydaşımızın Stalin dövründə üzləşdikləri bəlalarla bu günkü nəsillər daha yaxşı tanış olmaq imkanı qazanardı.
«Yurd həsrəti» sənədli – tarixi romanında Azərbaycanın dünya şöhrətli ziyalılarına, mədəniyyət və incəsənət xadimlərinə də yer verilmiş, onların hər birinin Səxavət İsmayılovla şəxsi tanışlığı, dostluğu qabarıq şəkildə əks etdirilmişdir.
İnanır və ümid edirəm ki, Vaqif Rüstəmovun «Yurd həsrəti» diqqətdən kənarda qalmayacaq, xüsusilə kino və televiziya rejissorlarının marağına səbəb olacaq, çoxseriyalı film çəkiləcək, bu filmdə romanda əks olunduğu kimi, Azərbaycan-Türkiyə dostluğu ön planda veriləcək, iki qardaş millətin dostluğu, mənəvi bağlılığı könül dünyamıza yeni bir sevinc gətirəcəkdir.
İnanıram ki, o gün gələcək və milyonlarla tamaşaçının ürəyindən xəbər verən belə bir çoxseriyalı film çəkilib kino tariximizin «qızıl fondu»na daxil ediləcəkdir.
Hüseyn İsaoğlu, yazıçı - publisist,
AYB - nin və AJB - nin üzvü.