Onkoloji xəstələr və qazilər üçün yığılan pulları oğurladı
Onkoloji xəstələrin və qazilərin bank hesablarındakı pulları ələ keçirən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Sosial şəbəkələrdə onkoloji xəstəlikdən əziyyət çəkən şəxslərə, həmçinin qazilərə yardım məqsədi ilə yerləşdirilən elanlarda göstərilən bank kartlarına müdaxilə olunduğu və hesablarda olan pulların informasiya texnologiyalarının imkanlarından istifadə edilməklə ələ keçirildiyi barədə Daxili İşlər Nazirliyinə çoxsaylı müraciətlər daxil olub. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalar və həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində qeyd edilən əməli törədən Elçin Quluzadə saxlanılaraq istintaqa cəlb edilib. Müəyyən edilib ki, Elçin Quluzadə əvvəlcə maddi yardım üçün sosial şəbəkələrdə müxtəlif profillərdə paylaşılan bank kartlarının nömrələrini və həmin şəxslərin əlaqə vasitələrini götürüb. Daha sonra o, saxta mobil kabinetlər yaradaraq hesablarda olan pulları tanımadığı digər şəxslərin və özünün virtual kartlarına köçürərək nağdlaşdırıb və bu yolla zərərçəkənlərə külli miqdarda ziyan vurub. Saxlanılan şəxsin xeyli sayda vətəndaşın pul vəsaitlərini informasiya texnologiyalarından istifadə etməklə ələ keçirdiyi məlum olub. Faktla bağlı Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanılıb. Elçin Quluzadə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edə bilərlər.
Avropa İttifaqı (Aİ) Ukraynaya 5 milyard avroluq makromaliyyə yardımı ayırıb. Bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal tviterdə yazıb. Onun sözlərinə görə, bu barədə tərəflər arasında anlaşma memorandumu imzalanıb. “Bu, müharibədə Ukraynanın qələbəsinə, yenidənqurmaya və Avropanın gələcəyinə dəstək verən Avropa İttifaqının növbəti jestidir”, - Baş nazir bildirib.
Oktyabrın 3-də “N” hərbi hissənin yaradılmasının 22-ci ildönümü Laçında qeyd edilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Dövlət Himni səsləndirilib. Tədbirdə çıxış edənlər hərbi hissənin yaranma tarixindən, Vətən müharibəsində keçdiyi döyüş yolundan və qarşısında duran vəzifələrdən danışıblar. Qeyd olunub ki, bir çox uğurlu əməliyyatlarda iştirak edən hərbi hissə qarşıya qoyulan döyüş tapşırıqlarının öhdəsindən layiqincə gəlib. Ulu öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində apardığı siyasətin bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb. Bildirilib ki, dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində hərbi hissənin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması, eləcə də şəxsi heyətin sosial-məişət şəraiti və asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şəraitin yaradılıb. Sonda xidmətdə fərqlənən, yüksək nizam-intizamı ilə seçilən bir qrup hərbi qulluqçu mükafatlandırılıb.
Kolleclərin boş qalan yerlərinə qəbul nəticələri açıqlandı
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün 1210 abituriyent ixtisas seçimi edib. Müsabiqə nəticəsində 1008 nəfər orta ixtisas təhsili müəssisələrinə qəbul olunub. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, abituriyentlər müsabiqənin nəticələri barədə məlumatı DİM-in internet saytından, eləcə də “iş nömrəsi"ni və ya elektron ixtisas seçimi ərizəsindəki “7 rəqəmli kod”u bütün mobil operator nömrələrindən 7727-yə göndərməklə öyrənə bilərlər. Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların siyahısı ilə “Abituriyent” jurnalının xüsusi buraxılışında tanış ola bilərsiniz. Jurnalın xüsusi buraxılışının elektron versiyasını (pdf formatında) DİM-in saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür. Qəbul olunan abituriyentlər 5 oktyabr saat 12:00-dan 10 oktyabr saat 23:59-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcəkdir.
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində son günlərdə Dövlət Sərhəd Xidməti tərəfindən 26 kiloqram narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, oktyabr ayının 2-də saat 03:14-də “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Bala Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilib, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, xidməti ərazi qapadılıb. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ərazidə 2 ədəd bağlama içərisində təxmini çəkisi 17 kiloqram 660 qram narkotik vasitəyə (13 kq 90 qram “heroin”, 4 kq 570 qram “metamfetamin”) bənzər maddə aşkar olunaraq götürülüb. Oktyabr ayının 2-də saat 11:00 radələrində “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun Qazaxlar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. Aparılmış axtarış tədbirləri nəticəsində kolluq və qamışlıq ərazidə gizlədilmiş 1 ədəd bağlamanın içərisində ümumi çəkisi 8 kiloqram 340 qram narkotik vasitəyə (“marixuana”) bənzər maddə aşkar olunaraq götürülüb. Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Sabiq rəisə cinayət işi açıldı – Pulla “işə” düzəldirmiş…
Fövqaladə Hallar Nazirliyinin Hacıqabul rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürmə növbəsinin sabiq rəisi İnşallah Nəbiyevin həmin vəzifədə işlədiyi dövrdə aldatma yolu ilə özgənin əmlakını ələ keçirməsi barədə daxil olmuş müraciət əsasında şəhər prokurorluğunda araşdırma aparılıb. Şirvan şəhər prokurorluğundan bildirilib ki, araşdırmalarla İnşallah Nəbiyev Salyan rayonun Xalac kənd sakinindən sonuncunun oğlunu Fövqaladə Hallar Nazirliyində işə düzələdəcəyini yalandan vəd verərək 3 min 500 manat məbləğində pul vəsaitini alaraq ələ keçirib. Bundan sonra cinayət əməlini davam etdirərək oğlunun xidmət yerinin dəyişdirilməsinə köməklik edəcəyini yalandan vəd edərək həmin şəxsdən 2 min manat məbləğində pul vəsaitini almaqla ümumilikdə onun 5 min 500 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq) və 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törədilməsi) maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam edir.
Sərnişindaşıma ilə bağlı təkliflər hazrlanır - Tapşırıq verildi
Nazirlər Kabineti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə sərnişindaşıma sahəsində təkliflər hazırlamağı tapşırıb. Bu barədə nazirlikdən bildirilib.“Sərnişindaşıma sahəsində fəaliyyət göstərən özəl nəqliyyat şirkətləri ictimai nəqliyyatda mövcud problemlərin aradan qaldırılması, nağdsız ödənişə tam keçidin sürətləndirilməsi, bu sahədə tarif (qiymət) siyasətinə yenidən baxılması barədə müraciət edib. Müraciətdə göstərilən məsələlərlə bağlı optimal qərarın verilməsində kompleks yanaşma tələb olunduğunu nəzərə alaraq, Nazirlər Kabineti nazirliyə bu sahədə xidmətin davamlılığının və rəqabətin təmin edilməsi, xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə aidiyyəti dövlət qurumlarının, bu sahədə fəaliyyət göstərən iri təsərrüfat subyektlərinin nümayəndələrindən ibarət işçi qrupun yaradılması və qaldırılan məsələlərin həll yollarının müəyyənləşdirilməsi üçün təkliflər hazırlanmasını tapşırıb. Təkliflər hazırlanaraq hökumətə təqdim olunacaq”, - deyə məlumatda qeyd olunub.
Bənövşəyi xəttin “Xocəsən-Avtovağzal” sahəsində qatarların hərəkətinin təşkilinə dair işlərin başlanması ilə əlaqədar sentyabr ayının 6-dan xəttin stansiyaları (“Avtovağzal”, “Memar Əcəmi” və “8 Noyabr”) sərnişinlərin girişinə 30 dəqiqə daha tez, saat 23:30-da bağlanaraq, qatarların hərəkətinə məhdudiyyət qoyulmuşdu. Bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, həmin işlərin birinci mərhələsi yekunlaşdırıldığından stansiyalara girişə qoyulmuş məhdudiyyət tam aradan qaldırılıb. "Sərnişinlər adi iş rejimi qaydasında Bənövşəyi xəttin stansiyalarının xidmətindən istifadə edə bilərlər. Xətt üzrə “Avtovağzal”, “Memar Əcəmi” və “8 Noyabr” stansiyaları hər gün saat 24:00-a qədər sərnişinlərin girişinə açıq olacaq", - qurum rəsmisi qeyd edib.
Ermənistanın keçmiş baş naziri erməniləri müharibəyə çağırdı
Ermənistanın sabiq baş naziri Vazgen Manukyan rəsmi İrəvanın Azərbaycan və Türkiyə ilə apardığı danışıqların əleyhinə çıxaraq, onu dərhal dayandırmağı tələb edib. Butov.az xəbər verir ki, V.Manukyan bu danışıqları erməni xalqı üçün “zəiflik, axmaqlıq və alçaldıcılıq” adlandırıb. V.Manukyan erməni xalqını hərəkətə gətirmək üçün sərsəm fikirlər səsləndirib.“Deyirlər ki, razı olmasaq, Azərbaycan yenə müharibəyə başlayacaq. Qoy cəsarət etsinlər. Qoyun kimi başımızı qurbangaha əyməkdənsə, arvadımızı, övladlarımızı, gələcəyimizi, namusumuzu döyüşərək qorumağımız daha düzgün deyilmi?”, - deyən sabiq baş nazir erməniləri müharibədən qorxmamağa çağırıb.“Gücə qarşı güc, əzmkarlığa qarşı əzm, orduya qarşı ordu”, - deyə Vazgen Manukyan daha sonra bildirib. Qeyd edək ki, 76 yaşlı V.Manukyan Ermənistan Respublikasının ilk baş naziridir (1990-1991). O, 1992-1993-cü illərdə Ermənistan Respublikasının müdafiə naziri postunu tutub.
Duma Ukraynanın 4 vilayətinin ilhaqına dair sazişi təsdiqlədi
Rusiya Dövlət Duması (parlamentin aşağı palatası) Ukraynanın işğal altındakı Xerson, Zaporojye, Luqansk və Donetsk vilayətlərinin ilhaqı haqqında sazişi ratifikiasiya edib. Bu barədə Dumadan bildirilib. Qeyd edək ki, sentyabrın 23-27-də Ukraynanın Rusiya işğalı altında olan Donetsk, Luqansk və Zaporojye vilayətlərində “referendum” keçirilib. Vətəndaşlar Rusiyanın tərkibinə daxil olmağa razı olub-olmadıqları barədə suala cavab veriblər. Elan olunan nəticələrə görə “referendum”da iştirak edənlərin böyük əksəriyyəti həmin vilayətlərin Rusiyaya birləşdirilməsini dəstəkləyib. Rəsmi Kiyev, beynəlxalq təşkilatlar və dünyanın heç bir ölkəsi “referendum”ların nəticəsini tanımayıb. Sentyabrın 30-da Rusiya Prezidenti Vladimir Putin Zaporojye və Xerson vilayətlərinin "suverenliyi"nin və "müstəqilliyi"nin tanınması haqqında fərman imzalayıb. Həmin gün Ukraynanın dörd separatçı bölgəsinin Rusiyaya birləşdirilməsi barədə sazişlər imzalanıb. Mərasim Moskvada Böyük Kreml sarayının Georgiyevsk zalında keçirilib. Sazişləri Rusiya Prezidenti Vladimir Putin, separatçı “Donetsk Xalq Respublikası”nın, “Luqansk Xalq Respublikası”nın, Xerson və Zaporojye vilayətlərinn rəhbərləri imzalayıblar.