10-05-2023, 11:36
Bir qrup deputat seçkiyə görə Türkiyəyə yollanırMilli Məclisin bir qrup deputatı prezident və parlament seçkilərini müşahidə etmək üçün mayın 11-də Türkiyə Respublikasının Ankara və İstanbul şəhərlərinə səfər edəcəklər. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Səfər çərçivəsində Milli Məclisin komitə sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, deputatlar Ağalar Vəliyev və Anar Məmmədov TÜRK PA, deputat Azay Quliyev ATƏT PA, deputatlar Rafael Hüseynov və Kamal Cəfərov AŞPA xətti ilə Türkiyədə mayın 14-də keçiriləcək prezident və parlament seçkilərinə hazırlıqla tanış olacaq və seçki günü məntəqələrdə prosesin gedişini, vətəndaşların fəallığını izləyəcəklər.
10-05-2023, 11:31
Şəhid ailələri və qazilər daha 100 mənzillə təmin olundu44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 4 min 760, bu il üzrə 260, ümumilikdə ötən dövrdə 13 min 560 mənzil və fərdi ev təqdim olunub. Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən MİDA-nın Hövsan Yaşayış Kompleksində və Abşeron, Şəmkir, Qazax, Gədəbəy, Tovuz, Ucar, Yevlax, Yardımlı, Balakən, Qax, Beyləqan, Sabirabad, Saatlı, Şəki, Tərtər rayonlarında 100 mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilib. Mənzillərin sənədlərinin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev və nazirlik yanında İctimai şuranın sədri Elşad Məmmədov iştirak ediblər. A.Əliyev Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə sosial müdafiə sisteminin qurulması və inkişaf etdirilməsi sahəsində göstərmiş olduğu mühüm xidmətləri diqqətə çatdırıb. Qeyd olunub ki, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanların mənzil və fərdi evlərlə təminatı proqramına da Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə ötən əsrin 90-cı illərində başlanılıb və bu tədbirlər ildən-ilə uğurla davam etdirilir. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi ilə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı geniş sosial dəstək paketi icra olunur. Bu dəstək paketi çərçivəsində mənzil/fərdi evlə təminat proqramı da 5 dəfə genişlənib. 2021-ci ilin əvvəlindən Vətən müharibəsi şəhidlərinin ailələri və həmin müharibə ilə əlaqədar əlilliyi olanlar da mənzillə təmin olunur. Bu gün təqdim edilən mənzil və fərdi evlər də daxil olmaqla 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 4 min 760, bu il 260, ümumilikdə ötən dövrdə isə 13 min 560 mənzil və fərdi ev verilib. Dövlət başçısının tapşırığına əsasən 2023-cü ildə də ən azı 1500 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlarımıza veriləcək. Yeni mənzil və fərdi evlərlə təmin edilən vətəndaşlar daim dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
10-05-2023, 11:23
Dahi insanların təqvimdə yalnız doğum tarixləri olur - Hikmət HacıyevAzərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar paylaşım edib. Twitterdə edilən paylaşımda deyilir: "Azərbaycan var olduqca Ulu Öndər və onun irsi yaşayır! Dahi insanların təqvimdə yalnız doğum tarixləri olur! Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini və 100 illik yubileyini böyük ehtiramla yad edirik”.
10-05-2023, 00:00
Bu gün Ümumilli Lider Heydər Əliyevin 100-cü ildönümüdürBu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib. 1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqrad şəhərində (indiki Sankt-Peterburq) xüsusi ali təhsil alıb. 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Mərkəzi Komitənin birinci katibi seçilərək respublikanın rəhbəri olub. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev iyirmi il ərzində SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputatı olub və beş il SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışıb. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib. Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilən cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranan kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev əvvəlcə Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilən təsis qurultayında partiyanın sədri seçilib. 1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxıb. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur olublar. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilib, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq verən Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib. Azərbaycanın ümummilli lideri Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend klinikasında (ABŞ) vəfat edib, dekabrın 15-də Bakıda Fəxri Xiyabanda dəfn olunub.
9-05-2023, 23:15
Məhkəmə ABŞ-ın sabiq prezidentini təqsirli bildiManhetten federal məhkəməsi ABŞ-ın keçmiş prezidenti Donald Trampı yazıçı və jurnalist Jen Karrolla təcavüz cəhdi işində təqsirli bilib. Bu barədə CNN məlumat yayıb. Manhetten federal münsiflər heyəti Donald Trampın 1996-cı ilin yazında univermağın soyunub-geyinmə otağında Kerrolla cinsi təcavüz etdiyini müəyyən edib. ABŞ-ın keçmiş prezidenti qurbana 2 milyon dollar təzminat ödəməli olacaq.
9-05-2023, 21:04
Prezident Heydər Əliyevin 100 illiyi ilə bağlı paylaşım etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar rəsmi tviter səhifəsində paylaşım edib.
9-05-2023, 19:11
G20 ölkələrinin növbəti sammiti bu şəhərdə baş tutacaqG20 ölkələri liderlərinin növbəti sammiti gələn ilin noyabr ayında baş tutacaq. Bu barədə Braziliyanın "Oglobe" nəşri məlumat yayıb. Braziliyanın sədrliyi ilə baş tutacaq sammit Rio-de-Janeyroda keçiriləcək. Tədbirdə 10-dan çox müşahidəçi dövlətin nümayəndələri iştirak edəcək.
9-05-2023, 18:12
1.8 milyona yaxın türk vətəbdaşı seçkilərdə səs veribTürkiyə xaricində prezident və parlament seçkiləri üçün səs verən şəxslərin sayı 1 milyon 785 min 570 nəfərə çatıb. Bu barədə ölkənin Ali Seçki Komissiyası məlumat yayıb. Onların 1 milyon 662 min 41 nəfəri xarici nümayəndəliklərdə, 123 min 529-u gömrükdə səs verib. Səsvermə mayın 14-də saat 17:00-da gömrük qapılarında, mayın 9-da isə xarici nümayəndəliklərdə başa çatacaq. Xaricdə seçici siyahısında qeydə alınmış seçicilər 24 saat ərzində səs verə bilərlər. Məlumata görə, xaricdə ümumilikdə 3 milyon 416 min 98 seçici səs vermək hüququna malikdir. İlk dəfə səs verəcək seçicilərin sayı 277 min 646 nəfərdir. Qeyd edək ki, Türkiyə xaricində səsvermə aprelin 27-də başlayıb.
9-05-2023, 17:48
ABŞ Ukraynaya 1.2 milyard dollarlıq hərbi paket ayırdıABŞ Ukraynaya 1.2 milyard dollarlıq yeni hərbi yardım paketi ayırıb. Bu barədə Pentaqon məlumat yayıb. Bildirilib ki, paketə əlavə hava hücumundan müdafiə vasitələri və sursatlar, Qərb hava hücumundan müdafiə sistemlərinin, raketlərin və radarların Ukrayna hava hücumundan müdafiə sistemləri ilə inteqrasiyası üçün avadanlıq, pilotsuz uçuş sistemlərinə qarşı döyüş sursatları, 155 millimetrlik artilleriya mərmiləri, kommersiya peyk təsvirləri xidmətləri, hərbi aktivliyin saxlanması və dəstəklənməsi üçün təlimlər daxildir. Qeyd edək ki, bu, ABŞ tərəfindən elan olunan ilk belə paket deyil.
9-05-2023, 17:04
Ombudsman əsir düşən hərbiçimizin həbsinə etiraz etdiAzərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan hərbiçilərinin qanunsuz olaraq azadlıqdan məhrum edilmələrinə etiraz bəyanatı yayıb. Ombudsman Aparatından verilən məlumata, bəyanatda deyilir: "2023-cü il aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində Azərbaycan Ordusunun itkin düşmüş və Ermənistan tərəfindən əsir götürülmüş əsgərləri Bəbirov Aqşin Qabil oğlu və Axundov Hüseyn Əhliman oğluna qarşı Ermənistanda qurulmuş saxta “məhkəmə prosesi”ni və Aqşin Bəbirovun qanunsuz olaraq azadlıqdan məhrum edilməsini kəskin şəkildə pisləyirik. İştirakçısı olduğu beynəlxalq sənədlərdə təsbit olunmuş normalara zidd olaraq azərbaycanlı hərbi qulluqçuları qəddarcasına işgəncələrə məruz qoyan Ermənistan indi də qondarma "məhkəmə prosesi" təşkil etməklə, beynəlxalq və prosessual normaları kobud şəkildə pozaraq onları qanunsuz olaraq azadlıqdan məhrum edib. Daha əvvəl Ermənistanda hərbi qulluqçularımızın qanunsuz həbsi ilə əlaqədar tərəfimizdən beynəlxalq və regional təşkilatlara müraciət edilmişdir. Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusunun qeyri-insani rəftara və zorakılığa məruz qalması ilə bağlı Ermənistan mediasında yayımlanmış video və fotoların araşdırılması tələb olunmuş, bu məsələ ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin mərkəzi və Bakı ofisinə məktub ünvanlanıb. Ermənistan tərəfindən keçirilmiş qondarma “məhkəmə prosesi”ndə verilmiş “qərarı” ədalətsiz hesab edir, azadlıq hüququnun kobud pozulmasına səbəb olan bu qərarın beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğunu bildirir, əsgərlərimizin tez bir zamanda azad olunmasını tələb edirik. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili olaraq, bütün beynəlxalq ictimaiyyəti əsirlikdə olan hərbçilərimizin tezliklə azad edilməsi üçün Ermənistana ciddi təsir və təzyiq göstərilməsinə, beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələn tədbirlərin görülməsinə dəvət edirəm".