Rusiya Krımı ölkəyə birləşdirməyə məcbur oldu - Lukaşenko
"Ukraynada qoşunları yenidən toplamaq hüququ olmadan atəşkəs elan etmək lazımdır. Ukraynada nizamlanma üzrə danışıqlar bu gün başlamalıdır". Belarusun rəsmi "BelTA" agentliyi xəbər verir ki, bunu ölkə prezidenti Aleksandr Lukaşenko deyib. "Qərb ölkəni məhv etmək üçün Belarus ərazisini işğal etməyə hazırlaşır. Son onilliklərin qaynar münaqişələri Qərbin bütün dünyanı özünə tabe etmək üçün yorulmaz istəyi ilə başlayıb. Müstəqil Belarusun tarixində suverenliyin saxlanması məsələsi heç vaxt bu qədər kəskin olmamışdı. Ukrayna xalqına sülh lazımdır, lakin bu istək Qərbdə heç kimi maraqlandırmır. ABŞ icazə verməyincə Ukraynadakı qırğın bitməyəcək. Qərb Minsk danışıqlarında əldə etdiyi vaxtdan Ukraynanı hərbiləşdirmək üçün istifadə etdi. Haradasa yeni münaqişə başlasa, dünya Ukraynanı unudacaq", - deyə Lukaşenko söyləyib. "Rusiya Krımı ölkəyə birləşdirməyə məcbur oldu", - o əlavə edib.
Ermənistan parlamentinin deputatları arasında dava düşüb. Hadisə parlamentin Dövlət hüququ daimi komissiyasının qapalı iclasında “Beynəlxalq hüquqi məsələlər üzrə nümayəndə haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi baş verib. "Hraprak" nəşrinin məlumatına görə, iclasda iştirak edən müxalifət və iqtidar təmsilçiləri arasında dava olub. İnsident müxalif deputat Artsvik Minasyan və komitə rəhbəri Vladimir Vardanyan arasında yaşanıb. Deputat Aqnesa Xamoyan yerli mətbuata açıqlamasında məlumatı təsdiqləyib, lakin detalları açıqlamayıb. İnsidentlə bağlı polisə məlumat verilib. Deputat Artsvik Minasyan iş üzrə polis idarəsinə çağırılıb. Erməni KİV-ləri yazıb ki, dava zamanı Vladimir Vardanyan xəsarət alıb. Şahidlərin sözlərinə görə, üz nahiyəsi qan içində olan Vardanyan xəstəxanaya aparılıb.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib. Paylaşımda deyilir: Xalqımıza qarşı törədilmiş cinayətləri unutmayacağıq və tariximizin təhrif olunmasına heç vaxt imkan verməyəcəyik! Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisindən 8 ədəd “TM-62” markalı tank əleyhinə mina tapılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Həmin minalar DİN-in Daxili Qoşunların əməkdaşları tərəfindən zərərsizləşdirilib.
Ordumuzun artilleriya bölmələrinə döyüş təlimi keçirilib
Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Təlimdə qısa müddət ərzində yerdəyişmə edərək atəş mövqelərinin tutulması, minaatan və artilleriya qurğularının döyüş vəziyyətinə gətirilməsi üzrə fəaliyyətlər məşq etdirilib. Praktiki atışların icrası zamanı təyin edilmiş hədəflər yüksək dəqiqliklə məhv edilib və qarşıya qoyulan tapşırıqlar uğurla icra olunub. Təlimin keçirilməsində əsas məqsəd atəş vasitələrindən düzgün istifadə etməklə tapşırıqların vaxtında və dəqiq icra edilməsi üçün şəxsi heyətin praktiki vərdişlərinin artırılması, eləcə də komandir heyətinin bölmələri idarəetmə bacarıqlarının təkmilləşdirilməsidir.
Gecə saatlarında Ukraynanın hava hücumundan müdafiə qüvvələri Rusiya tərəfindən buraxılan İranın 10 “Shahed” zərbə PUA-sından 9-nu məhv edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb. Bildirilib ki, Rusiya şimal istiqamətindən - Bryansk vilayətindən kamikadze dronlarla hücuma keçiblər. Səmada 5-ə qədər digər hava hədəfləri də qeydə alınıb.
Rusiya və Belarus idmançılarının Avropa Oyunlarına girişi qadağan edildi
Rusiya və Belarus idmançıları Polşanın Krakov şəhərində keçiriləcək Avropa Oyunlarına buraxılmayacaq. Bu barədə BBC oyunun təşkilatçılarına istinadən məlumat yayıb. Avropa Oyunlarının təşkilat komitəsinin sədri Marçin Novak deyib ki, Rusiya Federasiyasını və Belarusu təmsil edən idmançılar yarışda olmayacaq. "Diplomatik prosedurlara baxmayaraq, biz buna icazə verməyəcəyik", - açıqlamada bildirilir. Avropa Oyunları iyunun 21-dən iyulun 2-dək keçiriləcək, yarışlarda 7000-ə yaxın idmançı iştirak edəcək.
Dövlət Departamenti ABŞ vətəndaşlarını Rusiyanı tərk etməyə çağırıb. Bu barədə Departamentin açıqlamasında qeyd olunub. Buna səbəb ABŞ vətəndaşı olan jurnalistin Rusiyada saxlanılmasıdır. “Rusiyada olan və ya bu ölkəyə gedən ABŞ vətəndaşları dərhal ölkəni tərk etməlidirlər”, - Dövlət Departamentinin bəyanatında deyilir. Qeyd edək ki, bu gün "Wall Street Journal" qəzetinin jurnalisti Evan Qerşkoviçi Rusiyada casusluq ittihamı ilə həbs olunub.
Moldovada fövqəladə vəziyyət rejimi 60 gün uzadılıb. Müvafiq qərar ölkə parlamenti tərəfindən qəbul edilib. Bildirilir ki, parlament hökumətin fövqəladə vəziyyətin 60 gün müddətinə uzadılması ilə bağlı təklifini qəbul edib. Qərarın qəbul edilməsinin səbəbi kimi Ukraynadakı müharibə, qaz və elektrik enerjisi çatışmazlığı ilə bağlı enerji böhranı göstərilir.
Putin hərbi xidmətə çağırış haqqında sərəncam imzalayıb
Rusiya Prezidenti Vladimir Putin hərbi xidmətə çağırış haqqında sərəncam imzalayıb. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Sərəncamla aprelin 1-dən iyulun 15-dək 147 min nəfər hərbi xidmətə çağırılacaq. Qeyd edək ki, Rusiyada hərbi xidmət yaşı 18-27-dir.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!