31-03-2023, 16:46
Təbrizdəki konsulluğumuzun qarşısında aksiya keçirilibAzərbaycanın Təbrizdəki Baş Konsulluğunun binası qarşısında aksiya keçirilib. Aksiya iştirakçıları Azərbaycanın İsraildə səfirlik açmasına etirazlarını bildiriblər. Etirazçılar konsulluğun bağlanması tələbi ilə şüarlar səsləndirib, təxribatçı fikirlər irəli sürüblər. Nümayişçilərin kimliyi və aksiyanın hansı siyasi qrup tərəfindən təşkil olunması barədə məlumat verilməyib. Məlumata görə, İranın hüquq-mühafizə orqanları diplomatik nümayəndəliyin qarşısında keçirilən icazəsiz aksiyaya müdaxilə etməyib, seyirçi mövqedən çıxış edib. Bu isə ondan xəbər verir ki, Azərbaycanın Baş Konsulluğuna qarşı təxribat məqsədi daşıyan etirazlar hökumət qüvvələri tərəfindən təşkil olunub və bu səbəbdən polis aksiyaya göz yumub. Qeyd edək ki, martın 29-da İsraildə Azərbaycan səfirliyinin rəsmi açılış mərasimi keçirilib. Tədbirdə iştirak edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İsrailin XİN başçısı Eli Kohen strateji əməkdaşlığın gücləndirilməsində diplomatik əlaqələrin mühüm rol oynadığını bildiriblər. Xatırladaq ki, 2022-ci ilin sonunda Milli Məclis Azərbaycanın İsraildə səfirliyinin təsis edilməsi haqqında qanun layihəsini qəbul edib. Noyabrın 26-da Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İsrail Dövlətində Səfirliyinin təsis edilməsi haqqında” qanunu təsdiqləyib. Prezident İlham Əliyevin yanvarın 11-də imzaladığı sərəncamı ilə Muxtar Məmmədov Azərbaycanın İsraildəki fövqəladə və səlahiyyətli səfir təyin edilib. M.Məmmədov bu il martın 26-da etimadnaməsini İsrail Prezidenti İsxak Hersoqa təqdim edib.
31-03-2023, 16:39
İdmançılarımız İrəvana səfər edəcəklərAzərbaycanın ağır atletika yığmasının İrəvanda keçiriləcək Avropa çempionatında iştirakı təsdiqlənib. Bu barədə beynəlxalq dərəcəli erməni hakim Araik Alaverdyan bildirib. Onun sözlərinə görə, Azərbaycan idmançılarının təhlükəsizliyinin təmin olunması üçün rəsmi müraciət göndərib. Məlumata görə, yarışda ölkəmizi 5 atlet təmsil edəcək. Qeyd edək ki, yarış aprelin 15-23-də İrəvanın Karen Dəmirçiyan adına İdman Konsert Kompleksində keçiriləcək. Yarışda 40 ölkədən 500-dən artıq idmançı iştirak edəcək.
31-03-2023, 16:36
İsrail Suriyaya aviazərbələr endirdiİsrail bu gün səhər saatlarında Suriyanın paytaxtı Dəməşq şəhəri yaxınlığına aviazərbələr endirib. Bu barədə Suriya rəsmiləri məlumat yayıb. Qeyd edilib ki, raketlərdən bəziləri havada vurulub, digərləri Dəməşq yaxınlığındakı əraziyə düşüb. Suriya rəsmiləri zərbələr nəticəsində itkilərin olub-olmaması barədə məlumat verməyib. İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı "Tasnim" xəbər agentliyinin məlumatına görə, zərbələr nəticəsində iranlı zabit və hərbi məsləhətçi Milad Heydəri ölüb. Qeyd edək ki, bu, İsrailin son iki gün ərzində Suriya ərazisinə endirdiyi ikinci, mart ayında isə altıncı zərbədir. İsrail mətbuatı hücumların İranın Suriyada güclənmə cəhdlərinə qarşı həyata keçirildiyini yazıb.
31-03-2023, 16:32
Müharibə iştirakçıları üçün “Çağrı Mərkəzi” fəaliyyətə başlayırSabahdan, aprelin 1-dən Səhiyyə Nazirliyinin müharibə veteranları və şəhid ailələrinə psixoloji yardım və tibbi reabilitasiya üzrə 9109 qısa nömrəli “Çağrı Mərkəzi” fəaliyyətə başlayır. Bu barədə nazirlikdən məlumat verilib. Müharibə veteranlarına və şəhid ailələrinə göstərilən psixoloji dəstəyin təkmilləşdirilməsi, tibbi reabilitasiya xidmətlərinin mütəmadiliyinin təmin edilməsi, sahəvi fəaliyyətlərin digər dövlət qurumları ilə koordinasiyalı şəkildə təşkili məqsədilə Səhiyyə Nazirliyinin 9109 qısa nömrəli “Çağrı Mərkəzi” yaradılıb. “Çağrı Mərkəzi”nə daxil olan müraciətlərin operativ şəkildə həlli məqsədilə aidiyyəti dövlət qurumları ilə inteqrasiya olunmuş “Müharibə veteranları və şəhid ailələrinə psixoloji yardım və tibbi reabilitasiya üzrə Vahid Nəzarət Platforması” formalaşdırılıb. 9109 “Çağrı Mərkəzinə” müraciətlər həftənin bütün günləri, günün istənilən vaxtında qəbul olunur.
31-03-2023, 16:25
Finlandiya yaxın günlərdə NATO-ya qoşulacaqFinlandiya yaxın günlərdə Şimali Atlantika Blokunun tam hüquqlu üzvü olacaq. Bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq bildirib. Onun sözlərinə görə, NATO üzvlüyü Finlandiyanı və alyansı daha da gücləndirəcək: “Finlandiya qüdrətli orduya, geniş imkanlara və güclü demokratik institutlara malikdir. Buna görə də Helsinki alyansa böyük töhfə vermiş olacaq”. NATO-nun baş katibi, həmçinin İsveçin də mümkün qədər tez bir zamanda hərbi bloka qoşulmasını səbirsizliklə gözlədiyini vurğulayıb.
31-03-2023, 16:16
ABŞ 2 il müddətində İrana təzminat ödəyəcəkBMT-nin ali ədliyyə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi ABŞ-ın İranın aktivlərini dondurmaqla beynəlxalq hüququ pozduğuna qərar verib. Qərara əsasən, Vaşinqton tehrana təzminat ödəməli olacaq. Bununla bağlı qərarı məhkəmənin sədr müavini, erməni əsilli Kiril Gevorqyan elan edib. "Hakimlər ABŞ-ın İranla “Dostluq, iqtisadi əlaqələr və konsulluq hüquqları” haqqında 1955-ci il müqaviləsinin bir sıra bəndlərinin üzərinə götürdüyü öhdəlikləri pozduğu qənaətinə gəliblər. Bunu nəzərə alaraq, Birləşmiş Ştatlar qərarın dərc edildiyi tarixdən etibarən 24 ay ərzində İrana təzminat ödəməyə borcludur”, - Gevorqyan vurğulayıb. Təzminat İran Mərkəzi Bankının 1,57 milyard dollardan çox məbləğdə dondurulmuş vəsaitlərini əhatə edir. İran Beynəlxalq Ədalət Məhkəməsinin qərarını alqışlayıb. Diqqətə çatdırılıb ki, ABŞ İranın aktivlərinin bir hissəsinin qeyri-qanuni dondurulmasına görə Tehrana təzminat ödəməlidir. Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel yazılı açıqlamasında qeyd edib ki, Beynəlxalq Ədalət Məhkəməsinin qərarı ABŞ rəsmilərini məyus edib.
31-03-2023, 16:12
Rusiya üçün heç nə dəyişmir, əməliyyatlar davam edir - Peskov"Kreml Belarus prezidenti Aleksandr Lukaşenkonun
Ukraynada atəşkəs elan etmək təklifi ilə bağlı bəyanatından xəbərdardır, lakin Rusiya Federasiyası üçün heç nə dəyişmir, əməliyyatlar davam edir". Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. "Avropa İttifaqında müzakirə olunan Ukraynaya “sülhməramlı qoşunların” göndərilməsi ideyası ciddi yanaşılsa, son dərəcə təhlükəlidir. Bu gün hərbi əməliyyatlar Rusiya Federasiyasının qarşısında duran məqsədlərə çatmaq üçün yeganə vasitədir. "The Wall Street Journal"ın jurnalistinin saxlanma şəraiti ilə bağlı ətraflı məlumat məxfidir, bununla FTX məşğul olur. Ukraynada nüvə silahının yerləşdirilməsinə çağırışlar Rusiyanın gözardı edə bilməyəcəyi hipotetik təhlükə yaradır. Trampın ittihamı Kremlin şərh verməyəcəyi prosesidir, ABŞ-ın daxili məsələsidir", - deyə o bildirib. "Putin bu gün Moskva vaxtı ilə saat 14.00-dan sonra Rusiya Federasiyası Təhlükəsizlik Şurasında yeni xarici siyasət konsepsiyasını müzakirə edəcək. XİN başçısı Sergey Lavrov isə hesabat verəcək. Rusiya Federasiyasının BMT Təhlükəsizlik Şurasında sədrliyi statusunun verdiyi bütün hüquqlardan istifadə ediləcək", - sözçü əlavə edib.
31-03-2023, 16:07
Prezident yol tikintisiylə bağlı sərəncam imzaladıPrezident İlham Əliyev “Zaqatala rayonunun Yevlax–Zaqatala–Gürcüstanla dövlət sərhədi (150 km)–Əliabad–Bəhmətli–Kürdəmir–Lahıc avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, on doqquz min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Yevlax–Zaqatala–Gürcüstanla dövlət sərhədi (150 km)–Əliabad–Bəhmətli–Kürdəmir–Lahıc avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.10-cu yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,7 milyon manat ayrılıb.
31-03-2023, 16:04
Sabahın hava proqnozuBakıda və Abşeron yarımadasında aprelin 1-də havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yağıntının gecə və səhər yarımadanın bəzi yerlərində arabir intensivləşəcəyi ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3°-dək isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında sabah havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 10-14° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.
31-03-2023, 16:02
Xocavənddə silah-sursat aşkarlandıXocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdəki tərk edilmiş hərbi mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində tədbirlər davam etdirilir. Bu barədə DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Xəbərə görə, Xocavənd RPŞ-nin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlər nəticəsində 2 pulemyot, 1 avtomat, 1 snayper tüfəngi, 1 ov tüfəngi, 2 qumbara və digər döyüş sursatları götürülərək aidiyyəti üzrə təhvil verilib.