Azərbaycanda martın 6-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-6° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Lakin gecə bəzi şimal və qərb rayonlarında yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-7° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.
Bakıda döyüşə yararlı tank mərmisi aşkarlanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu ərazisində hərbi sursat aşkar edilməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 1 ədəd 125 mm-lik ZBM-29 tank mərmisi olduğu müəyyən edilib. Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
2 ukraynalı pilot ilk dəfə F-16-lar da daxil olmaqla, döyüş təyyarələrində bacarıqlarını qiymətləndirmək üçün ABŞ-a səfər edib. Bu barədə NBC məlumat yayıb. Bildirilib ki, pilotlar Arizona ştatının Tukson şəhərində təlim keçirlər və bu ay onlara daha 10 həmkarı qoşula bilər. Rəsmilər deyirlər ki, təlim proqramının məqsədi pilotların bacarıqlarını artırmaq, eləcə də daha geniş təlim proqramlarının nə qədər vaxt apara biləcəyini hesablamaqdır. Qeyd edək ki, bunun tezliklə baş verəcəyi ilə bağlı müxtəlif açıqlamalar olsa da, hələlik Ukraynaya qırıcıların tədarükü barədə rəsmi məlumat yoxdur.
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili səhhəti ilə bağlı yeni açıqlama verib. Saakaşvili həbs müddətində çəkisinin 55 kiloqram azaldığını deyib. Beyninin zədələndiyini söyləyən eks-prezident vəziyyətinin ağır olduğunu diqqətə çatdırıb. O, səbəbin zəhərlənmə olduğunu və özünü çox pis hiss etdiyini əlavə edib. "İndi tam yataq xəstəsiyəm, hərdən bayılıram", - deyə Saakaşvili bildirib. Qeyd edək ki, Saakaşvili Ukraynadan Gürcüstüna qayıtdığı 2021-ci ilin oktyabr ayından bəri həbsdədir. O, dəfələrlə aclıq aksiyası keçirib. Səhhətində ağır problemlər yaranan eks-prezident bir müddət əvvəl müalicə müəssisəsinə köçürülüb.
İranda məktəbli qızların zəhərlənməsiylə bağlı aksiyalar başlayıb
İranda qızların kütləvi şəkildə zəhərlənməsi ilə bağlı aksiyalara start verilib. Paytaxtda yerləşən Təhsil Nazirliyinin binası qarşısında, habelə digər şəhərlərdəki əsas yerlərdə etiraz nümayişləri başlayıb. Məlumata görə, zəhərlənmə faktları İranın əksər regionlarında baş verib. Bilinməyən səbəbdən zəhərlənən qızların sayı yüzlərlədir. Qeyd edək ki, İranın 31 vilayətinin 10-da 30-dan çox məktəb və universitetdə qızların zəhərlənməsi halları baş verib.
ABŞ Ukraynaya vəd etdiyi "Stryker" zirehli döyüş maşınlarını göndərməyə başlayıb. Bu barədə “Military Agenda” nəşri məlumat yayıb. Zirehli maşınlar Almaniyaya göndərilib, oradan Ukraynaya yola düşəcəklər. “ABŞ 90 “Stryker” döyüş maşını göndərib, onlar artıq Almaniyaya çatıblar, oradan da Ukraynaya gedəcəklər”, - məlumatda deyilir.
Silahlı hücumu törədən şəxslərdən biri saxlanılıb, digəri öldürülüb
Bakının Xətai rayonunda cinayət əməli törətməkdə şübhəli bilinənlərdən bir nəfər saxlanılıb, polisə silahlı müqavimət göstərən bir nəfər məhv edilib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib. Onun sözlərinə görə, əməliyyat tədbirləri davam edir.
Silahlı hücum zamanı xəsarət alan şəxs əməliyyat edilib
Bakıda hipermarketə hücum zamanı güllə yarası alan şəxs əməliyyat edilib. Bu barədə Sabunçu Tibb Mərkəzindən məlumat verilib. Belə ki, 1990-ci il təvəllüdlü Şeydayev Ruslan Samir oğlu döş qəfəsinin deşilmiş yarası diaqnozu ilə mərkəzə yerləşdirilib. O, cərrahi əməliyyat edildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti qənaətbəxşdir.
Ukrayna Prezidenti Volodimir Zelenski Lvovda Avropa Parlamentinin sədri Roberta Metsola ilə görüşüb. Bu barədə Zelenski özünün "Twitter" hesabında məlumat yayıb. Zelenski görüş zamanı Ukraynanın bu il Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqlara başlamağa çağırıb. “Ümid edirəm ki, üzvlüklə bağlı danışıqlar bu il başlaya bilər. Ukraynanın gələcəyi Avropa İttifaqındadır”, - Roberta Metsola bildirib. Xanım Metsola Ali Radanın sədri Ruslan Stefançuklə də görüş keçirib.
Prezident əsasnaməyə dəyişikliklə bağlı fərman imzaladı
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnaməyə dəyişiklik edilib. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev fərman imzalayıb. Belə ki, “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 dekabr tarixli 1510 nömrəli Fərmanında dəyişiklik edilib.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!