4-03-2023, 21:19
Prezident ekologiya nazirliyinə yeni müavin təyin etdiPrezident İlham Əliyevin imzaladığı sərəncamla ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev vəzifəsindən azad edilib. Bu barədə məlumat nazirliyin saytında yerləşdirilib. Dövlət başçısının digər sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva ekologiya və təbii sərvətlər nazirinin müavini vəzifəsinə təyin olunub.
4-03-2023, 21:17
Mirzoyan hindistanlı həmkarı ilə bir sıra məsələləri müzakirə edibErmənistan xarici işlər naziri Ararat Mirzoyan hindistanlı həmkarı Subramanyam Cayşankar ilə görüşüb. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Yeni Dehlidə baş tutub. Görüş zamanı regional və beynəlxalq təhlükəsizliklə bağlı məsələlər müzakirə edilib. Mirzoyan həmkarına Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində baş verən son hadisələr barədə məlumat təqdim edib. Həmçinin Laçın yolundakı vəziyyətə də toxunulub.
4-03-2023, 21:15
Alman hərbi şirkəti Ukraynada tank zavodu tikməyi planlayırAlmaniyanın "Rheinmetall" hərbi şirkəti Ukraynada tank zavodu tikmək istəyir. Bu barədə "Rheinische Post" nəşri məlumat yayıb. Bildirilir ki, zavodun tikintisinə dair Ukrayna hakimiyyəti ilə danışıqlar aparılır. Zavod ildə 400-ə qədər "Pantera" döyüş tankı istehsal edə bilər. Konsernin rəhbəri Armin Papperger qəzetə müsahibəsində bildirib ki, zavodun tikintisi təxminən 200 milyon avroya başa gələcək və onun təhlükəsizliyini hava hücumundan müdafiə sistemləri təmin edə bilər.
4-03-2023, 21:12
Silahlı insident zamanı ölən şəxs ailənin yeganə oğlu olubBu gün Bakının Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən hipermarketə edilmiş silahlı basqın nəticəsində həyatını itirən şəxslə bağlı bəzi məqamlar dəqiqləşib. Silahlı şəxslərin hücumu nəticəsində həyatını itirən Həsənov Rüfət Rahib oğlu “Azərpoçt” MMC-nin İnkassasiya Xidmətinin əməkdaşı olub. O, çalışdığı xidmətlə müqavilə əsasında əməkdaşlıq edən banklardan birinə təhkim edilibmiş. O, ailənin yeganə oğlan övladı imiş. Qeyd edək ki, R.Həsənov aldığı xəsarətdən hadisə yerində ölüb. Onunla birgə hipermarketə gələn digər əməkdaş, eləcə də atışma zamanı xəsarət alan qadın xəstəxanaya yerləşdirilib.
4-03-2023, 21:04
Ermənistanda su çiçəyi xəstəliyi yayılırErmənistanda su çiçəyi xəstəliyi yayılıb. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hələlik 12 nəfərdə su çiçəyi aşkarlanıb. Yoluxanların sayının artacağı istisna olunmur.
4-03-2023, 15:09
Ukrayna Avropa İttifaqından daha çox mərmi istəyirUkrayna Avropa İttifaqından (Aİ) artilleriya mərmilərinin tədarükünün ayda 250 min ədədə çatdırılmasını istəyir. Bu barədə "Financial Times" qəzeti məlumat yayıb. Məlumata əsasən, Ukraynanın müdafiə naziri Aleksey Reznikov Avropa İttifaqı ölkələrindəki həmkarlarına mövzu ilə bağlı məktub göndərib. “Hesablamalarımıza görə, döyüş tapşırıqlarının uğurla yerinə yetirilməsi üçün minimum tələb olunan sursat yükü ayda 356400 mərmidir”,- deyə o bildirib. Nəşrin yazdığına görə, Avropanın baş diplomatı Cozep Borrell yaxın vaxtlarda Ukraynaya əlavə 1 milyard avroluq dəstək paketi elan edəcək.
4-03-2023, 15:03
Bakı-Qəbələ sürət qatarının gediş haqqı bəlli olduBakı-Qəbələ-Bakı marşrutu üzrə sürətli sərnişin qatarına biletlər martın 4-dən etibarən satışa çıxarılacaq. Bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb. Bakı-Qəbələ-Bakı sürətli sərnişin qatarı martın 18-dən etibarən fəaliyyətə başlayır. Marşrut üzrə bir istiqamətə gediş haqqı standart sinif üçün 14 manat, biznes sinfi üçün 31 manat, birinci sinif üçün isə 93 manat təşkil edir. Biletləri Bakı Dəmiryol Vağzalının kassalarından və ya ADY-nin rəsmi saytından (//ticket.ady.az/ticket-search/) onlayn əldə etmək mümkündür. Bidirilir ki, 309 km uzunluğunda olan Bakı-Qəbələ-Bakı marşrutu üzrə İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan dörd vaqonlu, ikimərtəbəli sürətli sərnişin qatarı hərəkət edəcək. Qatarda standart (294), biznes (61) və birinci sinif (9) olmaqla ümumi 364 yer var. "Hərəkət cədvəlinə gəlincə qatar həftəsonları olmaqla hər şənbə günü saat 08:00-da Bakıdan Qəbələyə yola düşərək saat 11.20-də mənzilbaşına çatacaq. Qəbələ-Bakı marşrutu üzrə isə qatar hər bazar günü saat 19:00-da yola düşəcək və Bakı Dəmiryol Vağzalına saat 22:20-da çatacaq", - ADY bildirir. Qeyd edək ki, Qəbələ dəmir yolu vağzalının ümumi sahəsi 2 300 kvadrat metr olmaqla VİP zalı, gözləmə zalı, 2 sərnişin platforması, 200 yerlik parklama sahəsi, kassa otağı, tibb məntəqəsi, qatar heyəti üçün istirahət otağı, kafe, ana və uşaq otağını özündə birləşdirir.
4-03-2023, 14:59
TƏBİB silahlı insidentdə yaralananlarla bağlı məlumat yaydıBakının Xətai rayonu ərazisində yerləşən supermarketlərdən birində baş vermiş silahlı insident nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb. TƏBİB-dən bildirilib ki, hadisə ilə əlaqədar Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına saat 12:21 radələrində çağırış daxil olub. Hadisə nəticəsində xəsarət alan 2 nəfər TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə təxliyə edilib. Hazırda onlara zəruri tibbi xidmət göstərilir. Qeyd edək ki, bu gün Xətai rayonu ərazisində yerləşən hiperkarketlərdən birində silahlı insident baş verib.
4-03-2023, 14:55
Beyləqan rayonunda meşə yanğını baş veribBeyləqan rayonu, Eyvazalılar kəndi yaxınlığındakı qamışlıq sahədə baş verən və sonradan meşə sahəsinə keçən yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumları, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və kənd sakinləri tərəfindən söndürülüb. Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib ki, yanğına səbəb meşə sahəsi yaxınlığındakı ərazidə suvarma-drenaj kanallarının daxilindəki qamışlıqların kənd sakinləri tərəfindən yandırılması olub: “Yanğın nəticəsində 2 hektar qamışlıq sahə yanıb, meşə fonduna ziyan dəyməyib. Hazırda baş verən yanğınla bağlı FHN-in əməkdaşları ilə birgə araşdırma aparılır”. C.Qəribov yanğın hadisələrinin baş verməməsi üçün vətəndaşları odla ehtiyatlı davranmağa, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə, yanğına şərait yaradan bütün hallara qarşı birgə mübarizəyə çağırıb.
4-03-2023, 14:52
Silahlı insidentdə ölən şəxsin fotosu yayıldıXəbər verdiyimiz kimi, bu gün Bakının Xətai rayonu ərazisində yerləşən hiperkarketlərdən birində silahlı insident baş verib. Hadisə nəticəsində bir nəfər ölüb, daha iki nəfər yaralanıb. Həlak olan şəxs Həsənov Rüfət Rahib oğludur. Hazırda faktla əlaqədar araşdırma aparılır.