16-08-2022, 22:41
Azərbaycan Ukraynadan 148 milyon dollarlıq məhsul alıb
Cari ilin yanvar-iyul aylarında Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 476,5 milyon dollar olub.
Butov.az xəbər verir ki, 7 ay ərzində Azərbaycan Ukraynadan 148 milyon 236 min dollarlıq məhsul idxal edib. Ukraynaya ixrac edilən məhsulun dəyəri isə 328 milyon 268 min dollar olub. Ötən il Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 922,5 milyon dollar təşkil edib. Qeyd edək ki, Ukrayna postsovet məkanında Azərbaycanla ticarət dövriyyəsinə görə Rusiyadan sonra ikinci sırada yer alır.
16-08-2022, 22:39
Güləşçimiz dünya çempionu olduAzərbaycanın sərbəst güləşçisi Kənan Heybətov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 dünya çempionatında final görüşünə çıxıb.
Butov.az xəbər verir ki, 70 kiloqram çəki dərəcəsi üzrə həlledici qarşılaşmada rəqib ABŞ təmsilçisi Miçel Mesenbrink olub. İdmançımız rəqibinə 13:7 hesabı ilə qalib gələrək karyerasında ilk dəfə dünya çempionu tituluna yiyələnib.
16-08-2022, 22:37
Hulusi Akar britaniyalı həmkarı ilə danışıqlar apardı Türkiyənin milli müdafiə naziri Hulusi Akar britaniyalı həmkarı Ben Uolleslə telefon danışığı aparıb. Məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb. Nazirlər ikitərəfli və regional müdafiə, təhlükəsizlik, eləcə də müdafiə sənayesində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
16-08-2022, 22:35
İslamiada: Üzgüçümüz qızıl medal qazandı
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan üzgüçüsü qızıl medal qazanıb.
Butov.az xəbər verir ki, idmançımız Ramil Vəlizadə finişə hamıdan tez çatıb. O, 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə 01:58.26 saniyə nəticə göstərib.
16-08-2022, 22:33
Ermənistanda matəm elan edildiİrəvanda yerləşən "Surmalu" ticarət mərkəzində baş vermiş partlayışa görə Ermənistanda iki gün matəm elan olunub. Bu barədə ölkənin Baş naziri Nikol Paşinyan qərar verib. Qərara əsasən 17-18 avqust tarixlərində Ermənistanda matəm olacaq. Qeyd edək ki, partlayış nəticəsində 16 nəfər ölüb, 62 nəfər isə yaralanıb.
16-08-2022, 22:30
ABŞ-dan güc nümayişi - Yeni raket sınaqdan keçirildi
ABŞ ordusu "Minuteman III" qitələrarası ballistik raketini sınaqdan keçirib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, sınaq ABŞ nüvə qüvvələrinin hazırlığını sübut edib. Raket təxminən 6760 km məsafə qət edib və Kaliforniyadakı Vandenberq Kosmik Qüvvələri bazasından buraxılıb. Hərbçilər daha əvvəl 300-ə yaxın belə sınaq keçirildiyini bildiriblər. "Boeing" şirkəti tərəfindən istehsal edilən və nüvə başlığı daşıya bilən "Minuteman III" ABŞ ordusunun strateji silahlarından biri hesab edilir. Raket 9660 km məsafəyə malikdir və saatda təxminən 24 000 km/saat sürətlə hərəkət edə bilir. Qeyd edək ki, bundan əvvəl mətbuatda raketin sınaqlarının bu ayın əvvəlində keçirilməsi planlaşdırıldığı bildirilib. Ancaq ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri nəticəsində Çinlə yaranan gərginlik səbəbindən sınaq təxirə salınıb.
16-08-2022, 22:28
Meymunçiçəyi cənub sərhədlərimizə çatdıİranda meymunçiçəyi virusuna ilk yoluxma faktı qeydə alınıb. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Əhvaz şəhərində yaşayan 34 yaşlı qadın dərhal karantinə alınıb. Xəstəliyin çox ölümcül olmadığı və yoluxmanın qadında dəri zədələrinin müşayiət olunması yolu ilə müəyyən edildiyi bildirilib.
16-08-2022, 22:25
"Dəniz kuboku"nda üzən minalar məhv edildi
"Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində keçirilən "Dəniz kuboku" müsabiqəsində Azərbaycan, İran, Qazaxıstan və Rusiya komandaları döyüş hazırlığı poliqonunda "Üzən mina hədəfinə atış" çalışmasını yerinə yetiriblər. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Çalışmanın şərtlərinə görə hərbi dənizçilər hərəkətdə olan gəmilərdən müəyyən məsafədə üzən mina hədəfini ümumilikdə 16 patron istifadə etməklə məhv ediblər. Hərbi qulluqçularımız qarşıya qoyulan tapşırığı uğurla icra ediblər. Sonda hədəfin məhv olunması və gəmilərin poliqonu tərk etməsi müddətinə əsasən, Azərbaycan və Rusiya komandaları bərabər xalla birinci, Qazaxıstan komandası ikinci, İran komandası isə üçüncü yerdə qərarlaşıb
16-08-2022, 22:23
Finlandiya ruslara daha az viza verəcəkFinlandiya Rusiya vətəndaşlarına turist vizalarının verilməsini azaldacaq. Bu barədə Finlandiyanın xarici işlər naziri Pekka Haavisto bildirib. O qeyd edib ki, Finlandiyaya iş və təhsil məqsədilə, eləcə də ailəvi səbəblərə görə səfər etmək istəyən ruslara üstünlük veriləcək. Nazir bildirib ki, ruslar üçün vizalarla bağlı Avropa İttifaqının (Aİ) vahid mövqeyi formalaşmalıdır. Finlandiyanın YLE nəşrinin məlumatına görə, Yunanıstan, İtaliya və İspaniya hazırda ən çox Şengen vizası verən ölkələrdir və onların verdiyi vizalar ruslara Finlandiya vasitəsilə Avropanın digər hissələrinə səyahət etmək imkanı verir.
16-08-2022, 22:20
Rusiya ilə sərhəddə Sovet abidəsi söküldüEstoniyanın Rusiya ilə sərhəddə yerləşən, əsasən rusdilli əhalinin yaşadığı Narva şəhərində Sovet dövründən qalma T-34 tankının abidəsi sökülüb. Bu barədə ölkənin ERR agentliyi məlumat yayıb. Tankın Estoniya Müharibə Muzeyinə köçürüldüyü bildirilir. Tankın köçürülməsi barədə qərar avqustun 7-də Narva Şəhər Assambleyasının deputatları tərəfindən verilib. Bundan əvvəl Estoniya Baş naziri Kaja Kallas bildirib ki, hökumət ölkə ərazisində olan bütün sovet abidələrinin sökülməsi barədə qərar qəbul edib. “Nazirlər Kabinetinin iclasında işğalçı dövlətin rəmzləri olan memorialların ictimai məkandan çıxarılmasını ətraflı müzakirə etdik. Estoniyada 200-400 arası belə abidə var", - deyə baş nazir vurğulayıb.