Sağ qalan 7 sərnişin Bakıya gətirildi .....                        Öldüyü deyilən Mahirin atası: "Sağ olduğunu bu gün öyrəndik" .....                        Kimliyi müəyyənləşənlərin sayı 10-a çatdı - 4-ü Azərbaycan vətəndaşıdır .....                        Rusiya Azərbaycana təzminat ödəməli olacaq .....                        Təyyarə qəzasında həlak olanlardan biri futbolçudur - RƏSMİ .....                        İnsanların faciəli surətdə həlak olmaları xəbərindən sarsıldım - Çin lideri .....                        Rusiyada hava limanlarının fəaliyyəti məhdudlaşdırıldı .....                        Elfaq Nağıyev anıldı .....                        İlahə HƏBİB Yazır: Camaat nə deyər?! .....                       
Tarix : 9-11-2015, 15:19
Vaqif BAYRAMOV: “Bilməz idim, döngələr var, dönüm var...”


Vaqif BAYRAMOV

...Nə zamandan bəri ürəyimdə götür-qoy etdiyim qərarımı 2015-ci il sentyabr ayının 24-də qətiləşdirib Təbrizə yola çıxdım.
Bu yol elə bil ki, məni illərlə ayrı düşdüyüm və həsrətini yaşadığım yurda, el-obaya aparırdı.
Bu yol da Laçın-Sisyan aşırımına bənzəyirdi- dolambac idi. Bəlkə buna görə dolanbac, dolaşıq xatirələrim də qırılmırdı. Bir neçə saatdan sonra “Qaragilə” mahnısındakı kimi, Təbrizin də küçələrini, yollarını dolambadolan gəzəcəyəm, görəcəyəm...
...Yolun sağ-solunda hər nə varsa - dağlar, təpələr, çöllər, kəndlər məndə qəribə bir ovqat-nisgil yaradırdı, bu torpaq haqda kitablardan oxuduğum keşməkeşli tarixdən xəbər verirdi.

…Bu yol məni Təbrizə, həsrət, kədər, ağrı şairi kimi tanıdığım böyük Şəhriyarla görüşə tələsdirirdi.
***

Təbriz deyiləndə Məhəmmədhüseyn Şəhriyarı düşünmüşəm həmişə.
Təbriz deyiləndə bu müdrik şairin “Heydərbabaya salam” poemasını (abidəsini) yada salmışam.

...İndi bir neçə saatdan sonra uzun illər ürəyimdə gəzdirdiyim, amma son dövrlər fürsət yaranmasına baxmayaraq, hansı səbəbdənsə gerçəkləşməyən arzuma- Təbrizə çatacam, bu şəhərdə əbədiyyətə qovuşan Şəhriyarın ruhuna salam verəcəyəm.
***
…Hər dəfə “Heydərbabaya salam”ı oxuyanda, musiqisini dinləyəndə “ildırımlar şaxan, sellər, sular şaqqıldayıb axan, qızlar ona səf bağlayıb baxan”, “kəhliklər uçan, kol dibindən dovşan qalxıb qaçan, baxçaların çiçəklənib açan”, “bayram yeli çardaxları yıxan, novruz gülü, qar çiçəyi çıxan, ağ buludlar köynəklərin sıxan” çağları xatırlayıram.
Hər dəfə “Heydərbabaya salam”ı oxuyanda, musiqisini dinləyəndə “xəzan yeli yarpaqları tökən, bulud dağdan yenib kəndə çökən, şeyxül-İslam gözəl səsin çəkən, nisgilli söz ürəklərə dəyən, ağaclar da Allaha baş əyən” vədələr yadıma düşür.
Hər dəfə “Heydərbabaya salam”ı oxuyanda, musiqisini dinləyəndə bəxtəvər günlərimi xəyalən yaşayıram. “Qarı nənənin gecələr nağıl dediyi, külək qalxıb qap-bacanı döydüyü, qurd keçinin şəngülüsünü yediyi” zamanlar göz önünə gəlir. Qəlbimdə təzədən “qayıdıb bir də uşaq olmaq, bir gül açıb ondan sora solmaq” istəyi göyərir.
Vaqif BAYRAMOV: “Bilməz idim, döngələr var, dönüm var...”

Hər dəfə “Heydərbabaya salam”ı oxuyanda, musiqisini dinləyəndə fikirləşirəm ki, görəsən “ağac minib, at gəzdirən günlərim”ə, Zəngəzur, Salvartı dağlarına bir də yolum düşəcəkmi?!. Görəsən o yerlərin “üzü gülən, bulaqları ağlayan” mövsümünü bir daha yaşaya biləcəyəmmi?!. Görəsən “qəzöv-qədər, ölüm-itim” olan, Süleymandan, Nuhdan qalan, oğul doğan, dərdə salan, hər kimsəyə hər nə verib alan, Əflatundan bir quru ad qalan”, “yalan olan” bu dünyada günahım, suçum nəydi ki, o dağlardan “yolum gəc oldu”, “ömrüm keçdi, gələmmədim, gec oldu, heç bilmədim gözəlləri nec oldu?”. Ağlıma gətirməzdim, “bilməz idim döngələr var, dönüm var, itginlik var, ayrılıq var, ölüm var”… Düşünürəm ki, kaş o möcüzəli məkana İlahi bir köç salaydı və o köçün “uşaqları bir dəstə gül bağlayıb yellə bu yana” göndərəydilər. Onda “bəlkə mənim yatmış bəxtim oyanaydı”.

Hər dəfə “Heydərbabaya salam”ı oxuyanda, musiqisini dinləyəndə Novruzda, çərşənbə axşamında tonqal üstən atılan qızların “atıl-matıl çərşənbə, ayna təkin bəxtim açıl, çərşənbə” demələri, “gecəquşunun oxuması, adaxlı qızın bəy corabı toxuması, hər kəs şalın bir bacadan soxması, bəy şalına bayramlıq bağlanması, qızıl palçıq əzilməsi, naxış vurub otaqların bəzədilməsi, taxçalarda düzmələrin düzülməsi, yumurtanın göyçək, güllü boyanması, çaqqışdırıb sınanların soyulması” xatirəsi ürəkdə kök salan həsrəti alovlandırır.

Hər dəfə “Heydərbabaya salam”ı oxuyanda, musiqisini dinləyəndə ustad Şəhriyarın əzablarını dönə-dönə bölüşürəm, dünyasına tamaşa edib doğrudan da dünyanın “qəzöv-qədər, ölüm-itim, oğulsuz, yetim” olması qənaətinə dönə-dönə gəlirəm.

Heydərbaba, yaru yoldaş döndülər,
Bir-bir məni çöldə qoyub çöndülər,
Çeşmələrim, çıraqlarım söndülər,
Yaman yerdə gün döndü, axşam oldu,

Dünya mənə xərabəyi-Şam oldu.
Heydərbaba, göylər bütün dumandı,
Günlərimiz bir-birindən yamandı,
Bir-birizdən ayrılmayın, amandı,

Yaxşılığı əlimizdən alıblar,
Yaxşı bizi yaman günə salıblar!
Bir uçaydım bu çırpınan yelinən,
Bağlaşaydım dağdan aşan selinən,
Ağlaşaydım uzaq düşən elinən,

Bir görəydim ayrılığı kim saldı?
Ölkəmizdə kim qırıldı, kim qaldı?...

***

Evdən çıxanda telefonumun maqnitofonuna Rübabə Muradovanın üç oxusunu- “Qaragilə”, “Heydərbabaya salam” və “Yumul, bənövşəm, yumul”u köçürmüşdüm... Maşının pəncərəsindən ətrafı seyr edə-edə xanım müğənninin yanıqlı səsi məni bayaq dediyim o dolanbac, dolaşıq xatirələrimin fonunda ötənlərə aparırdı. O səs məni ötənlərdən yuxularımda, xəyallarımda qonaq olduğum, gəzdiyim Təbrizə tələsdirirdi. “Təbrizin küçələri dolanbadolan, Qaragilə, dolanbadolan, Sən ki, məni sevmədin, Get ayrı dolan, Qaragilə, get, ayrı dolan”- ah-amanı pak, munis bir sevgi dastanına çevrilən qədim şəhəri- o müqəddəs torpağı görmək istəyimi alovlandırırdı. “Heydər babaya salam”ı- müğənninin kədərli oxusu (səsi, naləsi) ürəyimi parçalayırdı...

…Heydər baba, yolum səndən kəc oldu,
Ömrüm keçdi, gələmmədim, gec oldu.
Heç bilmədim, gözəllərin nec oldu,
Bilməz idim, döngələr var, dönüm var.
İtkinlik var, ayrılıq var, ölüm var.

Bu əzabı az sonra elə bu torpaqdaca dünyasını dəyişən Nüsrət Kəsəmənlinin şeirinə bəstələnən mahnıdan qopan fəryad daha da qatılaşdırırdı. Əfsanəvi səs-söz haqsız, insafsız Allah bəndəsinin dünyanın nizam-tərəzisini pozmasını bənövşə taleyində göz önünə gətirirdi: ...Çəmənlərə iz düşür, Bir deyil ki, yüz düşür. Niyə sənin payızın Hər çiçəkdən tez düşür; Yumul, bənövşəm, yumul.

...Yum gözünü, çən görmə, Vaxtsız gələn qəm görmə, Dünya yaman qarışıb, Mən görəni sən görmə; Yumul, bənövşəm, yumul!...

***

Sürücü şəhərə yaxınlaşdığımızı bildirir. Dağlardan üzü aşağıda, dərənin ətəyində, geniş düzəngahda bir zamanlar mənim üçün əlçatmaz, ünyetməz olan Təbriz görünür.

... Artıq şər qovuşur. Təbrizin dolanbadolan küçələrindən keçib otelə gəlirik.
... Səhər saat 10-da bizi dünəndən müşayiət edən sürücü Əli bəy əl telefonuma zəng edib otelin qarşısında gözlədiyini xəbər verir.
…Məqsədimizi deyirəm: Şəhriyarın məqbərəsini ziyarət etmək, sonrasa ev muzeyinə getmək qərarındayıq.

... Məqbərə Təbrizin ən qədim məhəllələrindən birində salınıb. Deyildiyinə görə, şəhərin bu hissəsində əvvəllər köhnə tikililər yerləşib. Qətran Təbrizinin, Xəqani Şirvaninin, Şəms Təbrizinin və digər tanınmışların məzarları burada olub. Sonralar səliqə-sahmanla söküntü işləri aparılıb, qəbirlər Şəhryarın məqbərəsinə köçürülüb. Otuz metrə yaxın və bir neçə minarədən ibarət məqbərənin girəcəyində Şəhriyarın büstü qoyulub.

Xatırlatma:

... Ustad Şəhriyar 18 sentyabr 1988-ci ildə Tehranın Mehr xəstəxanasında vəfat edib, 20 sentyabrda şairin cənazəsi Təbrizə gətirilib və Şurxabdakı məşhur “Məqbərətüş-şüəra”da (“Şairlər qəbiristanlığı”nda) dəfn olunub. Qəbrin üstündə tikilən məqbərənin mərkəzində qızılı şirmayını xatırladan zərif mərmər sərdabədə şair əbədiyyətə qovuşub.

Şəhriyarın türbəsi yanında şəkil çəkdiririk. Ruhuna salavat çeviririk.
Hücrələrə baş çəkirik. Şairin həyatının müxtəlif anlarını əks etdirən fotolara baxırıq.
Bu möhtəşəm məqbərədən ayrılıb ev muzeyinə yola düşürük.

***
Vaqif BAYRAMOV: “Bilməz idim, döngələr var, dönüm var...”

Xoş bir təsadüfdən Şəhriyarın oğlu Hadi Behcət Təbriziylə şairin ev muzeyində görüşürük.Bakıdan gəldiyimizi deyirik. Mehribanlıq göstərir. Birgə şəkil çəkdiririk... Üzdə sakit, həlim görünməsiylə yanaşı, daxilən zəngin, eyni zamanda, təvazökar olması da diqqət çəkir. Danışığından başa düşürəm ki, atasının poeziyasına, zəngin yaradıcılığına dərindən bələddir. Səbrlə, təmkinlə ustad yaradıcılığının ürfani-fəlsəfi qatlarına enir...

Hadi bəyə ilk sualım atasını necə xatırlaması ilə bağlı oldu.

-Atam olduğu üçün demirəm, bütün Şəhriyarsevərlər fikrimi təsdiq edə bilərlər: Ustad qeyri-adi insan olduğu kimi, qeyri-adi də şairiydi. Cəmiyyətdə sevilirdi, hörmət bəslənilirdi. Bu gün də o məhəbbət sönməyib, öləziməyib, daha da güclənib. Təbrizdə Şəhriyarın adına küçə, xiyaban, heykəl olması, hər addımda ruhu duyulması ona olan məhəbbətdən irəli gəlir. İranda şairin dünyasını dəyişdiyi 18 sentyabr 1988-ci ildən bu yana “Şəhriyar günləri”nin keçirilməsinin, ustad şairin anılmasının ənənə halını alması da Şəhriyar sevgisindən qaynaqlanır. Xalqının Şəhriyarı necə sevdiyini, ürəklərdə necə yaşadıldığını görüb sevinirəm. Son mənzilə yola salınması da bunu göstərdi. Dəfn zamanı heç vaxt görünməmiş insan seli ustadın böyüklüyünü, şəxsiyyətini ifadə edirdi. Dostluqda etibarı ilə tanınırdı. Sirdaşları da ona sədaqətliydi. Elə buna görə də atam övladlarına yaxın dostlarının adlarını qoymuşdu. Ailəyə möhkəm tellərlə bağlıydı... Daxilində bir hüzn, kədər varıydı. Bu halı, bu xasiyyəti bəzən, bəlkə elə çox hallarda onu insanlardan uzaqlaşdırırdı, yalqızlaşdırırdı.

-Səhv etmirəmsə, ustad əvvəlcə uzun müddət farca yazıb. Sonra türkcədə də əsərlər qələmə almağa başlayıb.

-Bəli, farca yazan Şəhriyar birdən-birə türkcəyə üz tutdu. Bir dəfə bunun səbəbini soruşdum, dedi ki, məni anamın siması qəfildən dəyişdirdi. Həm dilimi, həm də xatiratımı diriltdi... Türklüyə qayıtdım...

-Fotolarında, rəsmlərində simasından yaşadığı kədər, qəm-qüssə açıq-aydın sezilir.

-Sevgisinə-Sürəyyasına qovuşa bilməmişdi, istəkli dostlarını vaxtsız itirmişdi... Bütün bunlar onu tənhalaşdırmışdı, təkləmişdi, dərdini artırmışdı, nisgil burulğanına salmışdı. Bəli, dediyiniz kimi, bu, üz cizgilərinə, gözlərinə, yerişinə, duruşuna, danışığına sirayət etmişdi.

-İlk məhəbbəti haqda da çox danışılıb, yazılıb.

-Sevgisi barədə heç vaxt heç yerdə dilinə söz gətirməzdi. Bir dəfə çox yaxın bir dostuna, tədqiqatçısı Əbülfəz Əli Məhəmmədiyə deyibmiş ki, Sürəyya olmasaydı, bəlkə də elə Seyid Məhəmmədhüseyn Behcət Təbrizi kimi, bir tibb alimi, doktoru kimi tanınacaqdım. Amma Sürəyyanın nakam eşqi, ayrılığı məni Şəhriyar edib.

-Şəhriyarın “Heydərbabaya salam”ı bizim qanımıza, iliyimizə işləyib, uşaqlıqdan bu poemanı əzbərləyə-əzbərləyə böyümüşük.

- Mən “Heydərbabaya salam”ı Azərbaycan dilinə, Azərbaycan türkcəsinə, Azərbaycan tarixinə qoyulan uca, möhtəşəm abidə hesab edirəm. Bu abidə-əsər atamın uşaqlıq yaddaşının əks-sədasıdır. İllər keçəndən, ömür ötəndən, dərd-sərin qovğasında həyat şirinliyini itirəndən sonra adama təskinlik gətirən bəlkə də təkcə uşaqlıq, gənclik illərinin xatirəsi, xiffəti olur. Bu həsrət, nisgil içində yurd-yuvanda, kasıb komanda keçirdiyin xoşbəxt günlərini təzədən yaşayırsan, təzədən ilıq, məhrəm xatirələrə qayıdırsan... Sizə bir söz deyim. Atam uşaqlığını Heydərbaba dağının ətəklərində, doğulduğu Xoşginab kəndində keçirib. Bu yurdla bağlı xatirələri “Heydərbabaya salam”da boy verib. İndi kim onu oxuyursa, oradakı olub-olmuşlar ona doğma gəlir, elə bilir ki, ustad onun keçirdiyi xoş, əziz günlərdən xəbər tutub, həyatını, ömrünü qələmə alıb, təsvir edib. Ayrılıq, hicran dağlı adam “Heydərbabaya salam”ı oxuyanda dərdini Şəhriyarla bölüşdüyünü sanır. Fikir verin, atamın bu misralarını kimsə oxusa həyəcanlanmaz, od-tutub yanmaz:

Bir uçaydım bu çırpınan yelinən,
Bağlaşaydım dağdan aşan selinən,
Ağlaşaydım uzaq düşən elinən,
Bir görəydim ayrılığı kim saldı?
Ölkəmizdə kim qırıldı, kim qaldı?
Şəhriyar “Heydərbabaya salam”la türkün tarixindən danışdı, adət-ənənəsindən söhbət açdı, dilimizin nə qədər şirin, səlis, nə qədər zəngin olduğunu bir daha nümayiş etdirdi, millətin ikiyə bölünməsinə etirazını bildirdi, tarixi ədalətsizliyə nifrətini dilə gətirdi, iki qardaş, qardaşla bacı, ana ilə bala arasında yaranan səddi, sərhəddi bütün dünyaya göstərdi...

-Ululara xalq sevgisi misilsiz, hədsiz olur. Şəhriyar da bu xoşbəxtliyi yaşayıb. Ustad həm də İran rəhbəri tərəfindən sevilib, hörməti uca tutulub. Bu fikri Ayətullah Xameneinin Şəhriyara məhrəm, isti münasibətinə əsaslanıb deyirəm.

- Ayətullah Xamenei həm də sözə, ədəbiyyata həssaslığı ilə fərqlənib. Tanınmış şairlərlə təmasda olub və onların məclislərində iştirak edib. O, prezident olduğu dövrdə də bu sahəyə marağı azalmayıb. Şəhriyara isə xüsusi rəğbət bəsləyib. Boş vaxt tapanda ustadın şeirlərini oxuyub, zümzümə edib. Şəhriyar da imam rəhbərə xoş münasibətindən qalmayıb. Sizə bir əhvalat danışım. Dostlarından biri nəql edib ki, ustad bir dəfə cənab Xameneinin səsi üçün darıxdığını, telefonla danışıb təskinlik tapacağını dilə gətirib. Bundan sonra Xameneinin katibliyinə zəng vurub bu istəyi xatırladıblar. O vaxt Xameneinin yanında ciddi bir məsələylə bağlı yığıncaq keçirilirmiş, ona görə də bildirirlər ki, əgər tələsirsinizsə sözünüzü çatdıraq, yoxsa, yığıncaqdan sonra deyərik. Məsləhət olur ki, telefon təması yığıncaqdan sonraya qalsın. Amma buna baxmayaraq, bir neçə dəqiqə keçməmiş o təmas yaradılır. Bu, Ayətullah Xameneinin Şəhriyara, eləcə də sözə, ədəbiyyata diqqətinin, münasibətinin bariz ifadəsiydi...

-Deyirlər ki, Şəhriyar hər zaman ehtiyac, iztirab içində yaşayıb...


-Bəli, bu, düzdür. Amma gözü-könlü tox olub. Bir misal deyim. Xəstələnib Tehranın “Mehr” xəstəxanasında müalicə alan zaman yanına gələn Xamineyi ondan istəyini soruşur. Şəhriyar da deyir ki, Təbrizin, Xoşginabın, Şənginabın və Heydərbabanın ətrafları abadlaşdırılsa, yollar elektrik lampaları ilə işıqlandırılsa, bunu o, ən böyük mükafat, ənam kimi dəyərləndirər. Başqa bir xahişi də öləndən sonra onun Təbrizdə “Şairlər qəbristanlığı”nda dəfni ilə bağlı olub...Bu vəd də yerinə yetirildi..

- Bakıdan bu müqəddəs məkana gəlib-gedən varmı?

Çox, lap çox...

- Bakıya bir sözünüz varmı?

- Sülh, əmin-amanlıq diləyirəm. Yurd-yuva həsrətlilərinə həsrətlərinə qovuşmağı arzulayıram...

26 sentyabr, 2015-ci il


Paylaş



Bölmə: Müsahibə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!