2025-ci ildə ən çox edam həyata keçirən ölkə .....                        22 yaşlı qadın əməliyyatdan 5 gün sonra öldü .....                        Azərbaycan bizim çox önəmli dostumuzdur - Kobaxidze .....                        FIFA ilin ən yaxşılarını açıqladı .....                        Fransa Azərbaycandan neft idxalını 3 dəfədən çox artırıb .....                        Qəzada yaralanan kişi bir gün sonra öldü .....                        Ermənistan Avropa ölkəsi ilə strateji tərəfdaş oldu .....                        Ukraynada sülh nə vaxt bərqərar olacaq? .....                        2025-ci ilin ən yaxşı futbolçusu məlum oldu .....                       
2-06-2025, 18:10
İlyas Vəkilov-120

İlyas Vəkilov-120
XX yüzilliyin əvvələri Azərbaycan tarixinin ən təlatümlü vaxtlarıdır. Çar Rusiyasında gedən inqilabi proseslər, Azərbaycanda milli düşüncənin təşəkül tapması fonunda soyqırımlar və deportasiyalar müşayət olunan hadisələr bu ziddiyətli tarixi şəaritin öyrənilməsini şərtləndirir. Belə təbəddülatlar dolu bir mühitdə formalaşan şəxslərdə milli düşüncə, müstəqllik duyğuları özünü qabarıq göstərir.Bu cür tarixi dövrləri araşdırmaq onları gənc nəsilə çatdırmaq milli prioritetlərimizdən olmalıdır. Eyni zamanda tarixi keçmişimizi dərindən öyrənmək onun ibratəmiz dərslərini gənc nəsilə çatdırmaq onlara milli düşüncəni aşılamaq ən vacib məsələlərdən biridir.
Belə tarixi ziddiyətlər dolu dövrdə dünyaya göz açmış görkəmli dövlət xadimi İlyas Vəkilovun həyat və fəaliyyəti bizim üçün ən gözəl örnəklərdən biridir. Onun fəaliyyəti üç fərqli formasiyada Çar Rusiyası, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR kimi bir-biri ilə ziddiyət təşkil edən dövrləri əhatə edir.
Onun həyatının ən ziddiyətli və gərgin dönəmləri məhz Sovetlər Birliyi dönəminə təsadüf edir. Sovetlər Birliyi dövründə bütün əsilzadə nəsillər kimi vəkilovlar nəslidə ağır repressiyalara məruz qalıb. İ.Vəkilovun doğma qardaşı Əli bəy Vəkilov repressiya qurbanı olmuşdur. Digər qardaşı Azərbaycanın ilk hüquqşünaslarından olan Həsənalısultan bəy Vəkilov isə Sovetlər Birliyi qurulduqdan sonra mühaciərətə getməyə məcbur olmuşdur.
Həmin dövrün həqiqətlərini gözlərimiz önündə canlandırmağımız üçün İlyas Vəkilovun qardaşı qızı dünya şöhrətli Leyla Vəkillinin bir xatirəsini yada salmaq yerinə düşərdi. Leyla Vəkilli öz xatirələrində bildirir: “Mən atamın öz doğmalarını qardaşları İlyas və Qəzənfərin necə həsrətini çəkdiyini, onun iztirablarını hiss edirdim. Odur ki bu iztirablara və həsrətə son qoymaq üçün universitetdə qəbul olarkən Fransadakı Sovet səfirliyinə gedərək bildirdim ki, mənim Sovetlər Birliyində İlyas və Qəzənfər adlı əmilərim var və mən onlarla əlaqə yaratmaq istəyirəm. Sevinə-sevinə evə gəlib atama bildirdim ki, mən artıq böyük qızam bu gün çox böyük bir iş gördüm. Sovet səfirliyinə gedib əmilərimi axtarmaq üçün müraciət etdim. Atam mən çox hisrləndi və dedi: Sən nə etmisən? Onları orada incidəcəklər. Mən əvəlcə atamın hisrslənməyini anlaya bilmədim. Sonralar başa düşdüm.”
Özünəməxsus xarakterik cizgiləri olan İlyas Vəkilov heç vaxt öz milli və soy kimliyindən imtina etməmişdir. Mənsub olduğu nəsilin Qazax Sultanlığı, İrəvan Xanlığı və Şərur-Dərələyəz qəzasında böyük mülklərə və idarəetmə hüququna malik olmaları səbəbi ilə sovetləşmə dönəmində bu soydan olanlar ağır repressiyalara məruz qalmış və bir çoxları öz soyadını dəyişməklə repressiyadan qurtulmağa çalışmışlar. Lakin öz soy-kökünə bağlı olan İlyas Vəkilov böyük bir sevgi ilə bu soyadı daşımağa davam etmişdir.
Beləliklə: İlyas Sultan bəy oğlu oğlu Vəkilov 20 mart 1905-ci il tarixdə Şərur-Dərələyəz qəzasının Çivə kəndində anadan olmuşdur. İlk təhsilini Çivə kəndindəki mədrəsədə almışdır. Bundan sonra 1923-cü il tarixdə Bakıda hərbi məktəbdə ali təhsilə yiyələnərək bölük kоmаndiri rütbəsi аlmışdır (1927). Sonra Аzərbaycan SSR Хаlq Ədliyyə Kоmissаrlığındа хüsusi şöbə rəisinin müаvini və rəisi işləmişdir (1927–1929).
Mоskvа Kоmmunist Tərbiyəsi Аkаdеmiyаsındа təhsilini (1929–1931) bаşа vurduqdаn sоnrа Аzərbaycan SSR Dövlət Plаn Kоmitəsi sistеmində işləmiş (1931–1935), iхtisısını аrtırmаq üçün Mоskvаdа Ümumittifаq Plаn Аkаdеmiyаsındа təhsilini dаvаm еtdirmişdir (1935–1938). Nахçıvаn MSSR Хаlq Kоmissаrlаrı Sоvеtinin sədri оlmuş (1938–1949), otuz ilə yaxın müddətdə (1949/1978-cı il) Bаkı Şəhər Sоvеti plаn kоmissiyаsının sədri işləmişdir.
İlyas Vəkilov “Оktyаbr inqilаbı”, "Şərəf nişаnı" оrdеnləri, "Qаfqаzın müdаfiəsi uğrundа" mеdаlı, Аzərbаycаn SSR Аli Sоvеti Rəyаsət Hеyətinin fəхri fərmаnlаrı ilə təltif еdilmişdir. Dəfələrlə Bаkı Şəhər Sоvеtinin dеputаtı və İcrаiyyə Kоmitəsinin üzvü, Аzərbаycаn KP Bаkı Kоmitəsinin üzvü sеçilmişdir.
İlyas Vəkilov 2 iyun 1987 il tarixində Bakı şəhərində vəfat etmişdir. Dəfn komissiyasına professor Abbas Zamanov rəhbərlik etmişdir.
İlyas Vəkilovun ən yaxın dostlarından olan professor Abbas Zamanov haqqında da bir neçə kəlmə demək istəyirəm. Cəfər babamın ziyalı nümaunəsi hesab etdiyi bizə həmişə örnək göstərdiyi parlaq şəxsiyyətlə şəxsi münsibətləri bizim bu insana qarşı marağımızı artırırdı. Milli dəyərlərə bağlı bu insanların bir-biri ilə əlaqəsi təsadüfi deyil.

İlyas Vəkilov hər iki tərəfdən əsilzadə nəslinə mənsubdur. İlyas Vəkilovun atası Sultan bəy Şərur-Dərələyəz qəzasının ən böyük mülkədarı Həsənalı Sultan Vəkilovun nəvəsidir. Anası Şirin xanım Səfiyeva Şərurun ən köklü ailələrindən olan Səfiyevlər ailəsindədir. Şirin xanımın mənsub olduğu Səfiyevlər nəsli Azərbaycan xalqına Abo Fətəli bəy Düdənginski, görkəmli maarifçi Tağı bəy Səfiyev, dünya şöhrətli rəssam İbrahim Səfi və başqa şəxsləri bəxş etmişdir.
İlyas Vəkilovun Ümummili lider Heydər Əliyevlə yaxın münasibətləri olmuşdur. Onun Nахçıvаn MSSR Хаlq Kоmissаrlаrı Sоvеtinin sədri оlduğu (1938–1949) dövrdə bir müddət Nахçıvаn MSSR Хаlq Kоmissаrlаrı Sоvеtinin birlikdə çalışmışlar.
Onu da qeyd etmək lazımıdr ki, İlyas Vəkilovun Naxçıvanda Xalq Daxili İşlər Komissarlığına rəhbərlik etdiyi dövrdə həmin qurum xüsusi xidmət orqanı funksiyasını həyata keçirirdi. İlyas Vəkilovun xüsusi xidmət orqanına rəhbərlik etməsi ona öz nəslindən olan insanların Sovet rejiminin repressiya aparatından qorumağına imkan yaratmışdır. Eyni zamanda o bəy nəslindən olan çox sayda şəxsləri represiyyalardan həbslərdən qorunmasına yardımçı olmuşdur.
Sonralar Heydər Əliyev respublika rəhbəri olduğu dönəmdə İlyas Vəkilov (1949/1978-cı il) Bаkı Şəhər Sоvеti plаn kоmissiyаsının sədri vəzifəsində işləyərkən yenidən birlikdə çalışmışlar. Onlar işgüzar münasibətlərində hüququn aliliyini rəhbər tutmaqla bərabər eyni zamnda böyük-kiçik, dostluq kimi milli xüsusiyyətlərimizi də unutmamış, dahi siyasətçi Heydər Əliyev daima İlyas Vəkilovun şəxsiyyətinə hörmətlə yanaşmışıdr.
İlyas Vəkilovun tərcümeyi-halını araşdırarkən onun müxtəlif istiqamətdə olan maraqlı fəaliyyətləri ilə rastlaşdıq. İlyas Vəkilov daim dövlət vəzifələrində çalışmasına baxmayaraq, həyatda həmişə elm adamları ilə yaxın dostluq münasibəti olmuşdur. Onun ən yaxın dostları akademik Yusif Məmmədəliyev, professor Abbas Zamanov, xalq şairi Səməd Vurğun, professor Mehdixan Vəkilov və b. olmuşdur.
Azərbaycan elm tarixinə öz töhfəsini verən İlyas Vəkilovun yazdığı dərsliklər barədə danışarkən təbii ki, tariximizin bir parçası olan SSRİ dönəmindən bəhs etməyə bilmərik. Etiraf etmək lazımdır ki, Azərbaycan elm tarixinin vacib bir komponenti də SSRİ dönəmidir. SSRİ-nin qurulduğu ilk dönəmdə “SSRİ-də kütləvi savadsızlığın aradan qaldırılması” Dövlət Proqramı çərçivəsində sovet adamlarının minimum icbari orta təhsillin verilməsi proqramı 100 faiz icra edilmişdir. Şübhəsiz ki, savadsığılığın aradan qaldırılmasında dərsliklər mühüm rol oynayır. İlyas Vəkilov da Azərbaycan elm tarixinə iki dərslik bəxş edib.

İlyas Vəkilov 1926-cı il tarixində 21 yaşında iki dərslik yazmışdır. Dərsliklər riyaziyyat və ana dili fənlərini əhatə etməklə bu cür adlanır:
1. Savad və az-savadlılar məktəbində riyaziyyat dərsləri rəhbəri
2. Savad məktəblərində ana dili dərsləri rəhbəri
Dərsliklər Siyasi Maarif İdarəsi tərəfindən 1926-cı ildə nəşr edilmişdir.
Dərsliklər latın qrafikasında yazılmışdır. Təbii ki, dərsliklər o dövrün reallıqlarına və əhalinin savad səviyyəsinə uyğun olaraq sadə və anlaşılar bir dildə qələmə alınmışdır. Kitabların adından da görünür ki, həmin dövr üçün əhali savad səviyyəsinə görə iki kateqoriyaya ayrılmışdır: savad və az-savad səviyyəsi.
İlyas Vəkilovun müəllifi olduğu riyaziyyat dərsliyi savad və az-savad səviyyəsində, ana dili dərsliyi isə savad səviyyəsində olan əhali qrupu üçün nəzərdə tutulmuşdur.
İlyas Vəkilovdan söz açarkən bu görkəmli şəxsiyyətin araşdırıcısı polkovnik Kamil Dərələyəzlinin (Məmmədov) adını çəkməyə bilmərik.
Görkəmli dövlət xadimi İlyas Vəkilov şair təbiətli şəxs olmaqla bədii yaradıcılıqla da məşğul olmuş, “Didəvan” adlı irihəcmli poema yazmışdır. Poemanı özündən şəxsən dinləyən yaxın qohumu İsa Əhməd bəy oğlu Vəkilov və akademik İsa Həbibbəyli onun poetik düşüncəsini çox bəyənmişlər. Qeyd etməliyəm ki, İlyas Vəkilov poyeziyaya ədəbiyyata bağlı bir adam olsa da, heç vaxt şeirlərini çap etmək barəsində düşünməmişdir.
120 illik yubileyini qeyd etdiyimiz İlyas Vəkilov həsr edilmiş bu yazını onun parlaq şəxsiyyətinə kiçik bir töhvədir. Ruhu şad olsun!

Sadiq Qurbanov,
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri
31-05-2025, 07:07
VAQİF QOCALSA DA, YENƏ VAQİFDİ


VAQİF QOCALSA DA, YENƏ VAQİFDİ

Şeirlərilə ürəklərə sevgisini və səmimiyyətini paylayan Vaqif İsaqoğlunun yenicə çapdan çıxmış «Təki ürək qocalmasın» (Bakı, 2025) şeirlər toplusunu bir nəfəsə oxudum və şairin hər şeirinin maqnit gücünü hiss elədim. Onu da hiss elədim ki, bir çox şeirlərində qocalıqdan şikayət edən Vaqif, qocalsa da, yenə həminki Vaqifdi.
«Təki ürək qocalmasın», - deyən şair haqlı olaraq belə yazır:

Can sökülür-dərd ha deyil,
Saç tökülür dərd ha deyil,
Bel bükülür- dərd ha deyil,
Təki ürək qocalmasın.

Və yaxud bu misralara diqqət yetirək:

Qəm-kədərlə çox görüşüb,
Üstünə dağlar sürüşüb.
Təki ürək xəstə düşüb,
Təki ürək qocalmasın.

Əvvəlki kitabları kimi «Təki ürək qocalmasın» kitabı da ürəkdə xoş duyğular oyadır. Həm də bu kitab bizi yaşadığımız illərə çəkib aparır, atalı-analı günlərimizi gözlərimiz önündə canlandırır, çox-çox uzaqlarda qalan kənd həyatını, uşaqlıq illərini, o qayğısız günləri, mürgülü xatirələri…yaddaşımızda silkələyib oyadır və istər-istəməz yaşanmış illəri təzədən yaşamalı olursan. O illəri təzədən yaşaya-yaşaya kövrəlirik. Kövrəldikcə ölümə getdikcə daha çox yaxınlaşdığımızı hiss edirik:

De, Vaqifdən nə qalacaq?
Çürüyüb torpaq olacaq.
Məni yada kim salacaq?
Qəbrim üstə kim gələcək?

Vətənpərvərlik duyğuları, ana məhəbbəti, yurd sevgisi, yada düşən xatirələr… kitabın əsas leytmotivini təşkil edir. Şairin ana məhəbbəti, anaya olan sonsuz oğul sevgisi ürəyimizi qubarlandırır, ana həsrətilə için-için odlanmaya bilmirik:

Dərd canımı sıxanda,
Gözümdən yaş axanda,
Hər gün evdən çıxanda,
Anamı axtarıram.

Və yaxud bu misralara diqqət yetirək:

Ölüm mələyinin əlindən tutub
Anamı görməyə getməliyəm mən.
Kitabda sevgi şeirləri ürəkləri daha çox ovsunlayır. Bu da səbəbsiz deyil. Axı qəlbimizi sızıldadan eşqin özü də bir yaradıcılıqdır. Və söz yox ki, Vaqif yaradıcılığında sevgi, məhəbbət önəmli yerlərdən birini tutur. Düşünürəm ki, eşq olmadan əsl sənət əsərləri yaratmaq mümkün deyil. Bu mənada Vaqif İsaqoğlu əsl sənət nümunələri yarada bilib. Şübhəsiz ki, Vaqifin sevgi şeirləri öz ruhuyla adamı başqa bir aləmə çəkib aparır və biz bu sirli-sehirli aləmdə eşq bizə həyatı yenidən kəşf etmək gücü verir. Bu gücü ürəyimizdə hiss edirik. Hiss edirik ki, eşq böyük qüvvədir. Bu gücü, qüvvəni Vaqifin sevgi şeirlərində bir daha görürük:
Çıx sinəm üstünə sən doyunca gəz,
Ağrıyan ürəyim şikayət etməz.
Bu qəmli gözlərim yalan söyləməz,
Mənim ürəyimin dərmanı sənsən.

Eşq nəcib bir hissdir. Bu hissi şeirlərinə hopduran Vaqif isaqoğlunun hər şeirində əsl şair obrazı boy göstərir. «Mənim ürəyimin dərmanı sənsən», «İydə ağacları çiçəkləmişdi», «Ən gözəl qadını sənsən dünyanın», «A kənqd gözəli» və s. şeirlərdə lirik qəhrəmanın yaşam fəlsəfəsi açılıb-göstərilir.

Günəş şəfəq saçır, sən varsan deyə,
Daş da çiçək açır, sən varsan deyə.
Mənim can dərmanım olarsan deyə-
Sənin tək qadını necə sevməyim?


Şeirlərilə oxucu qəlbinin ən incə tellərini titrədən, insanları mənəvi təmizləyə çağıran, sevib-sevilməyə səsləyən ,həyatın reallığını olduğu kimi açıb-göstərən Vaqif İsaqoğlunun «Təki ürək qocalmasın» şeirlər kitabı deyərdim ki, nurlu bir işıqdır. Oxucuları bu işığa çağırıram. Bu işıqda Vaqif dünyası ilə daha yaxından tanış olacaq, onun dünyasının adamlarını yaxından tanımaq imkanı əldə edəcəksiniz.
İnanıram ki, «Təki ürək qocalmasın» - deyən şairin özü yavaş-yavaş qocalsa da, ürəyi son nəfəsinə kimi qocalmayacaq, o, hələ illər sonra da ürəyindən qopub gələn səsləri şeirə çevirəcək və Vaqifsevərlərə göndərəcək.
«Təki ürək qocalmasın» kitabı şeirimizə, ədəbiyyatımıza, poeziyasevərlərə həqiqətən dəyərli bir hədiyyədir. Bu söz hədiyyəsinə görə «qələm dostuma «Sağ ol» deyir, yeni-yeni kitablarıyla görüşümüzə gəlməyini arzulayıram.
Hüseyn İSAOĞLU,
AYB-nin üzvü,
yazıçı- publisist

31-05-2025, 06:19
Səmada görüşərkən


Səmada görüşərkən

“Ey işıqlar, sizi çağıra biləydim”
(A.S.Ekzüperi)
Gənc nasir S.Nasifin “Səmada görüş” kitabı üzərində düşüncələr
Tanrının “Ol” deməsilə varlığa qədəm qoymuş Kainat özü ilə birgə ahəngdar bir nəbz, döyüntü gətirdi bu yaradılışa. Elə bir döyüntü ki, o, bir həyatın təsdiq imzası, vizit vərəqəsi oldu. Onun ardınca isə rənglər, ştrixlər, nəsnələr qatıldı bu Həyat adlı səltənətə. Ağlı-qaralı, zərbaftalı, hətta görünməzliyi belə tərcih edən rənglər silsiləsi. Ancaq əlbəttə ki, bu çalarlar, ştrixlər həm də bir-birilə mükalimədə və şıltaq pərvərişə aparan bir mübarizədə olmaq missiyasını da daşımalı oldular. Ünyetən dağlarla ümmansız dərələrin, sirli sükuta dalmış ulu göylərlə çağlayan ormanların, küskünsayağı kənara çəkilmiş səhralarla qaynayan dəryaların sevgi saçan deyişməsi misalı. Bu möcüzə dolu sevgili duruşmaların fövqündə isə əlbəttə ki, ən böyük yaradılmış olan insan durdu. Bu gözəlliyi ilahiləşdirmək, nağılvari həqiqəti yaşatmaq, əbədiyyətə ötürmək üçün var edilən insan...
Hər kəs öz sevdasının Məcnunu, hər kəs öz sevdalısının Leylasıdır təbiətən. Hər pərvanə öz işığının əsiri, Yaradanından gələn təpərinin Fərhadıdır. Bəli, Yaradanın adı ilə eyni amaldan yoğrulmuş yaradıcı insanlar isə elə yaranışlarından da ruhlarını incəsənətə, mədəniyyətə, ədəbiyyata olan tədqiqatçılıqları ilə yanaşı, həm də onun bir zərrəsinə, daşıyıcısına, necə deyərlər, daşının üstünə daş qoyaraq bu sənət adlı qalanın Tanrıya doğru yüksəlməsinə doğru fitrətən yol alanlardır.

“Səmada görüş”ə can atan gəncicik yazar Səbinə Nasif kimi. Kövrək qələminin ilklərindən birini məhz Tanrısı ilə mükaliməyə yönəldən Səbinə xanımın bu istəyi, eşqi təbii olduğu qədər də, olduqca cəsarətli, hətta qətiyyətlidir. Bu gənc yazarın təqdim etdiyi düşüncələr toplusu qəlblə şüurun, Yaradanla Yaradılanın, Ana ilə Balanın daxili, səssiz dialoqu, həm də sanki qarşı tərəfinə ötürdüyü mübhəm hesabatıdır. Bir qədər də dərinə varsaq, bu istəyin, təmənnasız addımın hətta insanlığın, bəşəriyyətin xəmirinə hopdurulmuş kimin üçünsə bir ehtiyac, kimin üçünsə hətta təşnə gətirəcək qədər səcdəgah olduğunu fərq edərik.
Bəli, məhz belə. Axı Ulu Göylərdən yana-yana enən İnsan oğlu təbiətən yana-yana yaşayır, daim nə isə axtarır, həzin nigaranlığı, dinc bir həsrətilə yaşayır və elə yana-yana da Göylər Səltənətinə - könül dünyasının özünə qayıdır. Bax elə həmin yanğı da o kəsi daim nəyisə yaratmasına, bununla da Tanrısının onun üzərinə qoymuş olduğu ilahi missiyanı layiqincə həyatiləşdirməsinə vəsilə olur. Bu, insan təbiətinin ən ümdə tələbi, hətta ehtiyacıdır. Hisslərin sevgili çəkişməsindən doğulan zərifanə duyğulara bürünmüş həzin, ilahi bir məhəbbətə yol alan, ana, övlad, vətəndaş ruhunu dilləndirməyə müvəffəq olan bu Duyğu çələngi oxucusunun qəlbini könül dünyasının pəncərəsindən müqəddəsliklərə boylanan bəbəkləri qədər işıqlandıracağına inanırıq. Bu səmimi, həzin taktlı nəfəsin Tanrı qapısından əbədiyyətə doğru yol alacağı isə artıq Göylərin fərmanıdır.

Gülgəz NUR
31-05-2025, 06:03
İNAM ATANIN (ASİF ATANIN) ANIM GÜNÜ

İNAM ATANIN (ASİF ATANIN) ANIM GÜNÜ

İNAM ATA (ASIF ATA): “HƏYAT MƏNADAN YARANIB, ÖLÜMÜN ÖZ MƏNASI YOXDUR. ÖLÜM VAR OLSA DA YAŞAMIR, YAŞAYAN HƏYATDIR”

Ata-Ocaq ilsırası ilə Közərti (iyun) ayının 5-i Mütləqə İnam Dünyabaxışının Yaradıcısı, Ruhsal Ocaq Atası, Dahi Azərbaycan filosofu İnam Atanın (Asif Atanın) ölümündən 28 il ötür (1935-1997).
Onun gəlişi İnsana, Ulusa, Bəşərə bənzərsiz Mütləqə İnam müjdəçiliyidir. İndiyə qədərki gəlişlərin çoxu insandan qıraqdakı qüvvələrə inam əsasında olub. Sonucda insan yox, insanüstü qüvvələr təsdiqlənib. Ancaq İnam Atada başlıca məqsəd İnsandır, insanın var olması özündən qıraqdakı quvvəyə yox, İnsandakı Mənaya, Mütləqlik imkanına əsaslanır.
İnam Atanın onillərdir Azərbaycana gətirdiyi özümlü, bənzərsiz düşüncə yönü, ideya fərqi yer-göy səviyyəsində ortadadır. Ata Ulusumuz, habelə Bəşər üçün yeni, qədimlik üstə yön, yol, gözümüzü özgəliklərdən yığmaq üçün ulusallığa əsaslanan inam, idrak, mənəviyyat, iradə imkanını ortaya qoydu. Azərbaycan insanının özümlü əsasda var ola bilməsini sübut etdi. O, yaratdığı dünyabaxış – Mütləqə İnam əsasında özünü var etdi. İnsan haqqında deyilən, yazılan bədbin fikirlərə uymadı, hamının insandan üz döndərdiyi bir çağda insanlığa üz tutdu. Özü demişkən, insanda yanılsa da, insanlığa inandı. Onun geniş, sınırsız idraki imkanları, şəri sarsıdan inamı var. Ona görə «var» deyirəm ki, Ata haqqında keçmiş zamanda danışmaq gerçəkdən mümkün deyil. Ona görə ki, ardıcıllarının ağlında, ürəyində, əməllərində hər an yaşayır, yaşadılır.
Oxuculara Atanın Ölüm konusunda fikirlərini sunuram.

Sayğıyla: İŞIQLI ATALI
***
İNAM ATA (ASİF ATA)
MATƏM ÜSTƏ MÜTLƏQLƏ TƏMAS
Ölən – Əzəlidə qalır.
Əbədidə qalır.
Sonsuzda qalır.
Kamildə qalır.
Üzlərdə qalır.
Gözlərdə qalır.
Dodaqlarda qalır.
Xalqda qalır.
Ölən – Gerçəklikdən gedir – Mənada qalır.
***
AQİBƏT

İnsanı torpağa basdırdılar. Tabutunun üzərində göz yaşı tökdülər, baş daşına ismini, doğulduğu tarixi həkk elədilər, xatirələrini yad etdilər.
Biri dedi: Gözəl ailə başçısı öldü.
O biri dedi: Səmimi dost öldü.
Biri dedi: Xeyirxah, xalqsevər öldü.
Digəri dedi: İti, parlaq zəka məhv oldu.
Biri dedi: Həssas, zərif, hərarətli ürək sahibini itirdik.
O biri dedi: İşıqlı mənəviyyat söndü.
Mərhumun vəfadarlığından, fədakarlığından, mətanətindən doyunca danışdılar.
Lakin bu sözlərin hamısı bir yerdə İnsanı ifadə etmirdi. Çünki İnsan bu deyilənlərdən sonsuz dərəcə artıq idi, onlara sığmırdı. Əslində İnsanı heç kəs tanıya bilməmişdi, o, həyata naməlum gəlib, naməlum da gedirdi, heç kəs onun kim olduğunu dərk etməmişdi, o, dünyaya, adi təsəvvürlərə sığmamışdı, torpağa da sığmayacaqdı, təbiətlə birgə oyanacaq, üzlərə, saçlara, dodaqlara, əllərə, ruhani niyyətlərə, arzulara, fikrə, duyğuya çevriləcəkdi, tapmadığı dünyasını daim arayacaq, arayacaqdı.

***
ÖLÜMLƏ GÖRÜŞ
– Məni aparmağamı gəlmisən, Ölüm? Gedək. Səndən qor¬xum yoxdur! Çünki sən məni öldürə bilməyəcəksən! Cismim itməyəcək. Sabahkılarda təzədən peyda olacaq. Gözüm, üzüm, saçlarım, dodaqlarım kimdəsə təkrar olunacaq. Sən olsa-olsa mənim indiki cismani biçimimi öldürürsən. Bu, ani ölümdür!
Cismimdə nə varsa – başqasında bərpa olunacaq: gözüm birinə qismət olacaq, saçım digərinə, əllərim bir başqasına. Cismimdən heç nə itməyəcək. Kimsə dünyaya mənim gözlərimlə baxacaq, mənim dodaqlarımla güləcək. Sən mənimlə bacara bilməzsən, ölüm! İndi tamam, vahidəm, sabah səpiləcəm ömürlərə, talelərə!
Ruhaniliyimə heç cür xələl gətirə bilməzsən! Heç bir ali fikrim, duyğum, vəcdim, ehtizazım ölmür! Peyğəmbərliyim, filosofluğum, şairliyim ölmür! Hərarətli misram, vəcdli ideyam ölmür! Bir vaxt naşıydım, zəifdim; gəlişini dəhşət sanırdım, elə bilirdim gəlməyinlə heçə çevriləcəm. İndi başa düşdüm, gördüm ki, qarşımda acizsən! Müqəddəsliyim əbədidir – öldürə bilmədin! Dahiliyim, Qəhrəmanlığım əbədidir – öldürə bilmədin! Məhəbbətim əbədidir – öldürə bilmədin! Zərdüştüm də sağdır – Füzulim də, Muğamatım da sağdır – Nəsimim də, Buddam da sağdır – Platonum da. Ruhum onlarda cəmlənib, onları öldürə bilməmisən!
Sən məndə böyüklüyü öldürə bilmirsən – balacalığı öldürürsən, sonsuzluğu öldürə bilmirsən keçiciliyi öldürürsən, Mənəviliyi öldürə bilmirsən – heyvaniliyi öldürürsən. Sən mənim bugünümü əlimdən alırsan, ancaq sabaha qovuşdurursan! Mənə oxşayan saysız-hesabsız körpələr gələcək dünyaya və ürəklərdə əbədi ruhanilik gəzdirəcəklər! Naşısan, ölüm! Elə bildin məni Yer üzündən siləcəksən! Səhv elədin, ölüm.
Mənə ölüm Yoxdur!

***
AQIBƏT
İnsanı torpağa basdırdılar. Tabutunun üzərində göz yaşı tökdülər, baş daşına ismini, doğulduğu tarixi həkk elədilər, xatirələrini yad etdilər.
Biri dedi: Gözəl ailə başçısı öldü.
O biri dedi: Səmimi dost öldü.
Biri dedi: Xeyirxah, xalqsevər öldü.
Digəri dedi: İti, parlaq zəka məhv oldu.
Biri dedi: Həssas, zərif, hərarətli ürək sahibini itirdik.
O biri dedi: İşıqlı mənəviyyat söndü.
Mərhumun vəfadarlığından, fədakarlığından, mətanətindən doyunca danışdılar. Lakin bu sözlərin hamısı bir yerdə İnsanı ifadə etmirdi. Çünki İnsan bu deyilənlərdən sonsuz dərəcə artıq idi, onlara sığmırdı. Əslində İnsanı heç kəs tanıya bilməmişdi, o, həyata naməlum gəlib, naməlum da gedirdi, heç kəs onun kim olduğunu dərk etməmişdi, o, dünyaya, adi təsəvvürlərə sığmamışdı, torpağa da sığmayacaqdı, təbiətlə birgə oyanacaq, üzlərə, saçlara, dodaqlara, əllərə, ruhani niyyətlərə, arzulara, fikrə, duyğuya çevriləcəkdi, tapmadığı dünyasını daim araya¬caq, arayacaqdı.
Çiçək ayı, 3-cü il.
(Aprel, 1981-ci il).

***
HƏYAT – ÖLÜM
Ölümü Həyatla Bərabərləşdirirlər, həyata qarşı qoyurlar Ölümçülər, Bədbinlər.
Əslində isə Ölüm – Bütöv həyatın bir hissəsidir.
O, həyatı yaşatmaq üçün Var olub, onun öz Varlığı Yoxdur.
Ölüm olmasaydı, həyat yaşamazdı.
Ölüm Həyat üçün Yaşayır – onun öz Həyatı Yoxdur.
Ölüm Var – ancaq Ölümə İnam Yoxdur – Həyata İnam Var.
Ölüm həmişə olub – ancaq Əzəli deyil, Əzəli olan Həyatdır.
Həyat olmasaydı – Ölüm olmazdı.
Ölüm həmişə olacaq – ancaq Əbədi deyil, Əbədi olan Həyatdır.
Həyat olmasa – Ölüm olmaz.
Ölüm Həyatla yanaşı yaşayır – onun öz həyatı yoxdur.
Həyatı – Həyatlıq yaşadır; Ölümü – Həyat.
Həyat Mahiyyətdən yaranıb – Ölümün öz Mahiyyəti Yoxdur.
Həyat Mənadan yaranıb – Ölümün öz Mənası Yoxdur.
Ölüm Var olsa da, yaşamır – yaşayan Həyatdır.
23-05-2025, 21:28
Qocaman müəllimlərin yubileyləri keçirilib


Qocaman müəllimlərin yubileyləri keçirilib

Qərbi Azərbaycanın Zəngəzur mahalının Qafan rayonunun Şabadın kənd icmasının fəalları həmkəndliləri Rüstəm Əfəndiyevin məskunlaşdığı Şabran rayonuna gedərək onun 80 illik yubileyini keçiriblər. Şabadın kənd icma rəhbəri Əbülfəz Ağayevin təşkilatçılığı ilə rayonun Təzəkənd kəndində keçirilən tədbirdə yubilyara Qafan Rayon İcmasının sədri, professor Eldar Abbasovun adından Fəxri Fərman verilib.

Rüstəm İsmayıl oğlu Əfəndiyev Qafan rayon icmasının təşkilatlanmasındakı səmərəli fəaliyyətinə və Qərbi Azərbaycanla əlaqədar həqiqətlərinin ictimaiyyətə çatdırılmasındakı əvəzsiz xidmətlərinə görə təltif olunub. Tədbirə qatılan həmyerliləri Zöhrab Hüseynov, Hacı Abdullayev, Kərim Səfərov, Tahir Mehdiyev, Vahid Şəkərov, L. Əhmədov, Nurəli Ağakişiyev, Məhəmməd Əliyev, Tofiq Ağayev, Famil Nuriyev, Qüdrət Əhmədov və başqaları Rüstəm müəllimlə bağlı xatirələrini danışıblar, ona ən xoş arzularını bildiriblər.

Qeyd ediblər ki, Əfəndiyev Rüstəm İsmayıl oğlu Qafan rayonunun Dovrus kəndində gənc ikən (27-29 yaşlarında) məktəb direktoru vəzifəsində çalışıb. Daha sonra Şabadın kənd orta məktəbində kimya müəllimi, director müavini vəzifəsində işləyib. 1988 -ci ildə erməni faşistlərinin zorakılığı nəticəsində ata ocağından ayrı düşüb. Şabran rayonuna gələrək Təzəkənddə müəllimlik fəaliyyətini davam etdirib.
Beləcə uzun ayrılıqdan sonra görüşən kənd camaatı bir-birilə hal-əhval tutub dərdləşiblər. Kənd icması adından yubilyara hədiyyə də verilib.


Şabadın kənd icmasının rəhbəri Əbülfəz Ağayevin təşkilatçılığı ilə daha bir yubiley tədbiri Bakı Şəhərində keçirilib. Yuxarıda qeyd olunan həmkəndliləri bu dəfə Təhməz müəllimin işığına yığışıblar. Qeyd edək ki, Şıxiyev Təhməz Firid oğlu da Zəngəzur mahalının Qafan rayonunda doğulub. Uzun illər Şabadin kənd orta məktəbində rus dili müəllimi işləyib. Erməni-rus faşist birləşmələrinin təzyiqi onu da dogma yurdundan ayrı salıb. O dövrə qədər Təhməz Şıxiyev həmin məktəbin direktoru vəzifəsində çalışıb.

1988-ci ildə Azərbaycana pənah gətirən Təhməz müəllim əmək pensiyasına çıxana kimi Bakıda şəhərində müəllim işləyirb.
75 illik yubileyi münasibətilə Təhməz Şıxiyevi təbrik edən icma fəalları xalça üzərində toxunmuş portretini özünə təqdim ediblər.
Hər iki yubilyar onlara göstərilən diqqətə görə minnətdarlıqlarını bildirib. Birlikdə xatirə şəkli çəkdiriblər.

22-05-2025, 21:58
“Xankəndi” FK Region Liqasının qalibi oldu


“Xankəndi” FK Region Liqasının qalibi oldu

Mayın 22-də Qəbələ şəhər stadionunda Region Liqasının final oyunu keçirilib. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, oyunda “Xankəndi” “Şirvan” klubu ilə qarşılaşıb. Həlledici qarşılaşmada "Xankəndi" futbol klubu rəqibini 3:0 məğlub edib.
Xatırladaq ki, "Xankəndi" klubu tarixində ilk dəfədir ki kuboka sahib olur.

22-05-2025, 13:35
Xocalıya növbəti köç

Xocalıya növbəti köç

Mayın 22-də Xocalının Ballıca kəndinə və Xocalı şəhərinə növbəti köç oldu. Bu gün daha 34 nəfərin Xocalı həsrəti sona çatdı. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Xocalı şəhəri və Ballıca kəndinə köçən ailələrə mənzillərin açarları təqdim olunub. Öz doğma evinə qayıdan keçmiş məcburi köçkünlər qarşısında çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev bildirib ki, bərpa edilən evlərdə məskunlaşan ailələrin məşğulluq məsələləri daim diqqətdə saxlanılır. Dövlət orqanları və özəl sektor tərəfindən işlə təminat həyata keçirilir. Kənd elektrik enerjisi, qaz, içməli su və yüksək sürətli internet xətti ilə təmin edilib. İllərlə həsrətini çəkdiyimiz, ürəyimizdə yaşatdığımız Xocalı bu gün yenidən dirçəlir deyən M.Əfəndiyev bildirib ki, bu təkçə bir köç deyil, bu, qələbənin səbirlə gözlənən zəfərin, evə qayıdışın simvoludur:Sizə elinizdə, evinizdə xoşbəxt, firavan həyat sürməyi arzulayırıq. Hər zaman da yanınızdayıq. Xatırladaq ki, bununla da ümumilikdə Xocalı şəhərinə 346 nəfərdən ibarət 86 ailə, Xocalının Ballıca kəndinə isə 180 ailə - yəni 840 nəfər köç edib.





[center]
22-05-2025, 13:13
Gənc ruh, gənc istək və “Gənc işçi”


Gənc ruh, gənc istək və “Gənc işçi”

Biz onunla tanış olduq bir yaz səhəri
Gənc işçidə
Tez məhrəm oldu bir-birimizə könlümüzün
Gözü də, qəlbimizin içi də
Masamın yanına gəldi
Əlini uzatdı:- Mikayıl Müşfiq, - sonra əlavə etdi:
Qoçaqsan, qafiyə tapsan!
Dedim: - Ağır olar bu yük
Uğundu getdi bu qəribə, gözlənilməz
Qafiyəyə
Sonra yoldaşlarına qoşuldu, getdi
Dostluğumuz belə başladı

(Rəsul Rza “Qızılgül olmayaydı” poeması)

“Əgər Qızılgül olmayaydı poemasını Mikayıl Müşfiq oxusaydı, kövrələrdi, bəlkə də ağlayardı... Amma əgər Mikayıl Müşfiq yaşasaydı, mən bu poemanı yazmazdım” – bu sözlər Rəsul Rzanındır. O, təkcə bir şairin yox, bir dövrün, bir nəslin qırılan qanadlarını duyurdu bu cümləsində. Çünki Mikayıl Müşfiq yaşasaydı, yalnız söz deyil, zaman da dəyişərdi. Onun səsi susduruldu, amma onun qəlbindən doğan misralar hələ də danışır, yaşadır, düşündürür.
Mikayıl Müşfiq 1908-ci ildə Bakıda doğuldu. Həyatı qısa olsa da, irsi böyük oldu. Onun yaradıcılıq yolunun ilk addımları “Gənc İşçi” qəzetində atıldı. Bu qəzet təkcə onun üçün iş yeri yox, düşüncələrinin və duyğularının kağıza töküldüyü bir məktəb idi. Müşfiq “Gənc İşçi”nin səhifələrində təkcə yazmırdı, o danışırdı, oxuyurdu, yaşadırdı. O, xalqının gəncliyinin, ruhunun, arzularının içindən söz süzürdü. Hər misrasında bir inam, bir istək, bir gənclik təntənəsi vardı. Müşfiq yaradıcılığı istəklə, inamla, işıqla dolu idi. O, bir gənc kimi yalnız özünü yox, bütün bir nəslin səsini dilə gətirirdi:
“Mən gəncəm, bilirəm, istiqbalım var!
Hələ bədr olmamış bir hilalım var” deyirdi. Bu, sadəcə bir cümlə yox, bir nəsil inamının hayqırtısı idi. Onun qələmi boynubükük yox, üfüqlərə dik baxırdı. O, gələcəkdən qorxmurdu, gələcəyi sevirdi, ona inanırdı. Mikayıl Müşfiqin şeirlərində musiqi ilə söz arasında incə bir tellə bağ qurulmuşdu. O, xalqın ruhunu, dərdini, sevincini sazın, tarın səsi ilə hiss etdirirdi:
“Oxu tar, oxu tar, səni kim unudar ?”
Bu misralarda təkcə musiqiyə məhəbbət deyil, xalq ruhuna, mədəniyyətə, keçmişə bir bağ, bir hörmət hiss olunur. O, keçmişlə gələcəyin arasında körpü salır, bu körpüdən keçən insanlara səs verirdi.
Müşfiqin “Yenə o bağ olaydı” şeiri nostalji hisslər ilə doludur. Orada keçmişə, təmiz duyğulara qayıdış var. Bu gün şeirini oxuduqca görürük ki, bəlkə də bu, onun yalnız şəxsi xatirəsi yox, həm də bütöv bir xalqın itirilmiş sadəliyinə, təbiiliyinə, təmizliyinə həsrət idi...
“Yenə o bağ olaydı,
Yenə yığıșaraq siz
O bağa köçəydiniz ...”

Burada təbiətə, səmimiyyətə, azadlığa olan ehtiyac duyulur. Müşfiq sanki zamanın harasa sovurduğu bir təmizlik halını arzulayır. Onun poeziyası yalnız gələcəyə yönəlmir, keçmişi də öz ağuşuna alır.
Müşfiqin bir misrası var ki, onun bütün həyat fəlsəfəsini, dünyaya, həyata, yaşama olan sevgisini bir misrada cəmləyir:
“Ah, mən gündən-günə bu gözəlləşən
İşıqlı dünyadan necə əl çəkim?
Bu yerlə çarpışan, göylə əlləşən
Dostdan, aşinadan necə əl çəkim?”

Bu misra, sanki bir vida deyil, bir dirənişdir. O, ölümdən qorxmurdu, amma yaşamı çox sevirdi. Sevgini, təbiəti, musiqini, gəncliyi, gələcəyi çox sevirdi. Elə bu sevgi onu əbədi yaşadan qüvvəyə çevrildi. O, getdi, amma onun misralarından süzülən işıq qaldı. Və o işıq bu gün də poeziyamızın yolunu işıqlandırır.
Mikayıl Müşfiq yaradıcılığı həm məzmun, həm forma baxımından Azərbaycan poeziyasında yeni bir mərhələ oldu. O, şeirə yalnız bədii gözəllik deyil, qürur, azadlıq və gənclik enerjisi gətirdi. Onun qələmi duyğularla deyil, dəyərlərlə dolu idi. O, yazmaqla qalmadı, yaşatdı. Səsi boğulmaq istəndi, amma o səs, əsrlərdən gələn sazın səsi ilə birləşdi, xalqın qəlbinə köçdü. Mikayıl Müşfiq təkcə istedadlı şair deyil, həm də bir simvoldur -əzab içində doğan ümidin, gənc yaşda susdurulan böyük ruhun, vətəni və insanı sevən qəlbin simvolu. Onun şeirləri zamanın tozuna boyun əymədi, çünki o misralar xalqın qəlbində yazılıb.
Əgər bir gün sükut danışsa, Mikayıl Müşfiqin səsini eşidəcəyik:
“Mənim könlüm deyir ki,
Hələ bunlar nədir ki...
Böyük günlər, şanlı günlər,
Şən günlər,
Yoluna düşən günlər
Hələ qarşımızdadır!”


Namiq İSlAMZADƏ,
Tələbə
21-05-2025, 19:38
Zəngəzur çiçəyi yubiley işığında

Zəngəzur çiçəyi yubiley işığında

Bu gün Zəngəzur mahalının sevimlisi Kifayət Həsənovanın yubiley-doğum günüdür. Kifayət xanımı təbrik etmək istəyənlərin sayı elə özünün adı qədərdi. Amma biz dostların ürək sözlərindən əvvəl onun özünü oxucularımıza təqdim etmək istədik:
Kifayət Şükür qızı Həsənova 21 May 1955-ci il tarixdə öz gözəl təbiəti, mərd, səxafətli övladları, hər evdə açıq süfrələrilə seçilən Zəngəzur mahalının Qafan rayonunun Oxtar kəndində anadan olub. 1970-ci ildə Oxtar kənd 8 illik məktəbini bitirib. 1970-1971-ci tədris ilində 9-cu sinfi qonşu Şəhərcik kəndində oxuyb. 1971-1972-ci tədris ilində Bakı şəhərinə gələrək təhsilini Sabunçu ( o vaxtkı Lenin) rayonundakı 80 nömrəli tam orta məktəbdə davam etdirib. Orta məktəbi əla qiymətlərlə bitirərək BDU-nun Geoloji-coğrafiya fakültəsinə daxil olub. 1977-ci ildə universiteti qurtaran Kifayət xanım Lenin adına Neft və Qazçıxarma idarəsində geoloq vəzifəsinə təyin edilib. 1990-cı ilin sentyabrında öz xahişi ilə geoloq vəzifəsindən ayrılaraq Bakı Şəhəri R.Əliyev adına 3 nömrəli tam orta məktəbə coğrafiya müəllimi vəzifəsinə qəbul edilib. 1996-2021-ci illərdə həmin məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini işləyib.

Məktəbdə Yeni Azərbaycan Partiyasının ilk ərazi təşkilatını yaradan Kifayət müəllim, təqaüdə çıxana qədər, məktəb üzrə ilk ərazi partiya təşkilatının sədri vəzifəsini icra edib. Dəfələrlə BŞTİ-nin və Binəqədi rayon YAP-ın Fəxri Fərmanları və Diplomları ilə təltif olunub. O, bir neçə il ardıcıl BŞTİ-nin keçirdiyi “Pedaqoji Mühazirələr” müsabiqəsinin qalibi olub, 1-ci və 2-ci yerləri tutub. Şagirdlərinin müntəzəm olaraq şəhər və respublika olimpiadalarında I, II yerləri tutduqlarına görə, Əmək kitabçasına yazılmaqla BŞTİ-nin diplomu ilə təltif olunub. Onun şagirdlərinin sorağı dünyanın və Azərbaycanın ən nüfuzlu ali təhsil ocaqlarından gəlir. Hazırda çalışmanın yaş həddinə görə təqaüddə olan Kifayət müəllim Nərimanov-Nizami-Binəqədi 18 saylı DSK 28 saylı Məntəqə SK-nın sədri kimi əmək fəaliyyətini davam etdirir. 9-10 noyabr 2001-ci il tarixində keçirilən Dünya Azərbaycanlılarının I qurultayının iştirakçısıdır.
Kifayət müəllm, 1979-cu ildə, əslən Qafan rayonunun Gomaran kəndindən olan, 1951-ci ildə ailəsi ilə bərabər deportasiya olunmuş
Fəda Əhməd oğlu Həsənovla ailə qurub. Bu nigahdan 2 övladları dünyaya gəlib. 6 nəvələri var. Təəssüf ki, həyat yoldaşı 2005-ci ildə dünyasını dəyişib.
Kifayət müəllimin ana kimi də, müəllim kimi də zəhməti hədər getməyib. Beləki qızı, Azərbaycan Tibb Universitetinin məzunu, Əczaçılıq elmləri üzrə fəlsəfə doktoru Könül Hüseynquliyeva da nənəsinin və anasının seçdiyi peşəni davam etdirir. ATU-nun Əczaçılıq toksikologiya və kimya kafedrasının baş müəllimidir. 2 ixtira, 4 dərs vəsaiti daxil olmaqla 40-dan artıq elmi əsərin müəllifidir. Oğlu Fuad Həsənli Bakı Şəhər İH-də çalışır. Nəvələri BDU-nun hüquq, beynəlxalq münasibətlər fakültələrində, Polis Akademiyasında, biri isə UNEC-də magistr pilləsi üzrə (BDU-nun məzunu) təhsil alır. Digər iki nəvəsi isə məktəblidir.
Övladlar nəvələr onu baş tacı bilir. Bunu biz demirik Könül Hüseynquliyeva deyir: “Başımızın tacı, Nurüzlü anamız, Allah səni var eləsin, Tanrıya həmd olsun ki, bu özəl və gözəl gündə bizimləsən, yanımızdasan. Allah həmişə sevdiyi insanları imtahan edər. Bu da bizim imtahanımız... 6 ay öncə biz bu günu təsəvvür belə etmirdik. Amma indi sənin 70 illik yubileyini qeyd edirik. Belə çətin gündə bizə dəstək olan hər bir kəsə- qohum-əqrəbaya, dost-tanışa, xüsusilə də Milli Onkoloji Mərkəzin tibbi personalına öz dərin təşəkkürümüzu bildiririk.

Canım anam, Allah səni bizə çox görməsin və səni üstümüzdən əskik etməsin! Yeni yaşın sənə sağlıq, hüzur və xoşbəxtlik gətirsin inşallah!”
Bu gün Kifayət xanımı yubileyi münasibətilə təkcə doğmaları, qızı, nəvələri təbrik etmir. Onu ictimai fəallığına görə yaxşı tanıyan Qafan rayon ictimaiyyətinin əksər nümayəndələri təbrik edir. Həmkarı Məryəm Gəncəliyevanın ürək sözləri Kifayət xanım haqqında daha aydın təsəvvür yaradır:
“Əziz və hörmətli Kifayət xanım, müəllim yüzlərlə vətən övladına həyatın sirlərini öyrədən, yüzlərlə şagirdə sinif otaqlarında ümid işığı olan, onların uğuruna ilk sevinən, onlara “can" deyib özününkünə yorğun çatan, şagirdləri üçün nura çevrilən, peşəsinin fədakarlığı ilə yaratdığı əsərlərinin- şagirdlərinin yüksəlişini görəndə ürəyi dağa dönəndir. Siz 70 illik ömrünüzü vətən övladlarının işıqlı günü üçün sərf etdiniz, müəllim imzanızla çox ürəklərdə şama çevrildiniz, yurda olan sədaqətinizi əsirgəmədən vətən təəssübkeşinə çevrildiniz. Nə gözəldir vətən sevdalısı olub sevilmək. Arzu edirəm, fəth etdiyiniz ürəklərdən silinməyəsiniz, sevdiklərinizlə, sizi sevənlərlə daim bir yerdə olasınız, ailə ocağının odu daim yanar olsun, işığı gur yansın!”
Qafan Rayon İcması adına yaranmış WhatsApp qrupuna yağdırılan təbriklərdən qarşımıza çıxanların müəlliflərinin adını çəkməklə Kifayət xanıma olan hörmət və ehtiramlarını diqqətə çatdırırıq:
“Hörmətli Kifayət xanım! Sizi doğum gününüz- 70 illik yubileyiniz münasibəti ilə səmimi qəlbdən təbrik edir, sizə möhkəm can sağlığı, ürəyinizdəki bütün arzuların çin olmasını və ən əsası Oxtar dərəsinə-Vətənə qovuşmaq nəsibi arzu edirəm! Hörmətlə: Eldar Abbasov”
Qafan Rayon İcmasının sədri, professor Eldar Abbasovun təbriklərinə qoşulanların hamısını sadalamaq mümkünsüzdür. Kənd icmaları – Qaraçimən kənd icması adından Sərvər Hüseynov, Gərd kənd icması adından Eldar Qarayev, Gığı kənd İcması adından Bəhruz Piriyev, Müsəlləm kənd icması adından Əkrəm Mustafayev, Qovşud kənd icması adından Eldar kazımov, Xələc kənd icması adından Naqim Mehdiyev, Dovrus kənd icması adından Paşa Abbasov, Şabadin kənd icması adından Əbülfəz Ağayev və başqaları təbrik edirlər.
Kifayət xanım, biz də “Bütöv Azərbaycan” qəzetinin kollektivi olaraq sizi təbrik edirik. Ağır xəstəliyə öz iradənizlə, mətanətinizlə, təpərinizlə qalib gəldiniz. Bu hünər sizə Zəngəzur dağlarından verilmişdi. Arzu edirik ki, qalan ömrünüzü ağrı-acısız yaşayasınız. Sizi baş tacı edən övladlarınız ətrafınızdan əksik olmasın!
Hörmətlə:Tamxil Ziyəddinoğlu,
“Bütöv Azərbaycan” qəzetinin təsisçisi və baş redaktoru
21-05-2025, 13:45
Ziya Bünyadovun ermənilərə tarixi cavabı


Ziya Bünyadovun ermənilərə tarixi cavabı

1965-ci ildə az qala on illik tədqiqat işlərimin nəticəsi olan “Azərbaycan VII-IX əsrlərdə” adlı kitabım işıq üzü gördü. Kitab müxtəlif elmi idarələrin və təhsil müəssisələrinin elmi şuralarında bir neçə dəfə müzakirə olunmuşdu. Onu da deməliyəm ki, əsərin ilk variantının, eləcə də sonrakı variantlarının əlyazmalarının həcmi çap vərəqinə görə, nəşr olunan kitabdan xeyli böyük idi. Monoqrafiya yalnız iki illik müzakirələrdən sonra işıq üzü görmüşdü, yəni iştənilən çap məhsulunun ortaya çıxması üçün lazım olan bütün mərhələləri keçdikdən sonra. Kitab işıq üzü gördükdən sonra mətbuatda (“Narodı Azii i Afriki”, “Der İslam” jurnallarında və respublikanın dövrü mətbuatında) müsbət qiymətləndirildi.
Kitabın çapından bir il keçdikdən sonra isə Ermənistan SSR Elmlər Akademiyasının nəşrlərində resenziya və rəylər çıxmağa başladı. Bu barədə ilk sözü “Qafqaz Albaniyası ədəbiyyatı haqqında” adlı kitabında (Yerevan, 1966, erməni dilində) Asatur Şmavanoviç Mnatsakanyan söylədi. Sonra həmin A.Ş.Mnatsakanyan və P.Sevak (şair Kazaryanın təxəllüsü) tərəfindən imzalanmış, “Z.Bünyadovun “Azərbaycan VII-IX əsrlərdə” adlı kitabı ilə bağlı” sərlövhəli, qalmaqalı ilə məşhurlaşan məqalə ortaya çıxdı (bax: “Историко-филологический журнал” АН Арм. ССР, 1967, № 1, səh.177- 190). B.Ulubabovun “Erməni dilinin şimal-şərq (ucqar) dialekti və bununla əlaqəli məsələlər haqqında” məqaləsi (bax: “Вестник обществ.наук” АН Арм. ССР, 1968,№ 1, səh.51-77) də bu qəbildəndir. Və nəhayət, K.A. Məlik-Ohacanyanın “Z.Bünyadovun tarixi-ədəbi konsepsiyası” (bax: “Вестник архивов Армении” № 2, 1968, səh.169-189) adlı məqaləsi dərc olundu.

Burada müxtəlif rəsmi və qeyri-rəsmi idarələrə göndərilən gizli, imzalı və imzasız məktublar, eləcə də ünvanıma yazılmış heç bir dəyəri olmayan, elmdənkənar cəfəngiyyatlarla yanaşı, ana söyüşü və birbaşa təhdidlər olan məktublar haqqında danışmayacam. Qoy bu təhqirlər və küçə söyüşləri son zamanlar qriqoryan ruhaniliyinin mənafeyini sosialist cəmiyyətinin mənafeyi ilə qarışıq salan, həm də birincinin mənafeyini ikincininkindən üstün tutan Ermənistan Respublikasının bəzi vətəndaşlarının vicdanına yazılsın. Bu məqalələrin hamısı üçün bütövlükdə kitab haqqında söhbətdən yayınmaq xarakterikdir. Resenzentlərin hamısı bir-birilə sözləşmiş kimi, kitabın ancaq 6-12 və 91-102-ci səhifələrində verilmiş materiallardan, daha doğrusu 360 səhifəlik əsərin yalnız 19 səhifəsindən bəhs edirlər! Yəni ancaq qriqoryan ruhanilərinin fəaliyyətini tənqid etdiyim səhifələrdən. Deməli, mənim opponentlərim qriqoryan ruhaniliyinin müdafiəsinə qalxmaqla, şəxsi simpatiyalarına uyğun olaraq onun əsl tarixi rolunu təhrif edir, istər-istəməz bu kilsənin vaizinə çevrilirlər. Beləliklə, A.Mnatsakanyan öz kitabında və sonra P.Sevakla birlikdə yazdığı resenziyada konkret olaraq nəyin əleyhinə çıxır?
V.Qukasyan “Alban yazısı və ədəbiyyatının bəzi məsələləri barədə (A.Ş.Mnatsakanyanın “Qafqaz Albaniyasının ədəbiyyatı haqqında” adlı əsəri ilə bağlı”)” sərlövhəli məqaləsində (bax: “Azərb. SSR EA-nın Xəbərləri”, ədəbiyyat və dil seriyası, 1968, № 2, səh. 85-101) A.Ş.Mnatsakanyanın “bütün oxucu kütləsini şagird yerinə qoyan” öyüdverici üslubunu diqqətə çatdırmaqla doğru iş görüb. O, kitabın ətraflı təhlilindən sonra, məqalənin sonunda belə nəticəyə gəlir ki, “A.Ş.Mnatsakanyanın “Qafqaz Albaniyası haqqında” kitabı elmdən uzaqdır”. Bundan artıq nə demək olar?!
V.Qukasyanın öz məqaləsində haqqında bəhs etdiyi məsələlər və cavab verdiyi suallar mənim əsərimə də aiddir (əlavə olaraq onun bu məqaləsinə bax: “Azərbaycan VII-IX əsrlərdə” monoqrafiysında Azərbaycan tarixinin bəzi məsələlərinin işıqlandırılmasına dair”. “Azərb. SSR EA-nın Xəbərləri”, tarix, fəlsəfə və hüquq seriyası, 1968, № 4; səh.115-135). Ona görə də mən, nə A.Ş.Mnatsakanyanın kitabının, nə də V.Qukasyanın məqaləsinin məzmununu təzədən təkrarlamayacam, maraqlananları isə onların orjinallarına baxmağı tövsiyə edirəm. Yalnız bir neçə detal barədə fikirlərimi bildirəcəm:
1) A.Ş.Mnatsakanyan Zarimirx çar nəslindən olan Aran (Albaniya) hökmdarlarının – aranşahların erməni əsilli olmasında israr edir. Ancaq bunun üçün onun əlində heç bir əsas yoxdur, hətta Moisey Kalankatuklunun “Albaniya tarixi”ndə Zarimirx nəslinin yerli, Aran mənşəli olması haqqında açıq-aydın söhbət gedir (bax: Истории Албании, səh. 71, 136, 261; ingilis dilinə tərcümədə səh. 55, 108-109, 209).
A.Ş.Mnatsakanyan və onun həmfikirləri belə hesab edirlər ki, Səhl ibn Sumbat alban knyazı – aranşahlar sülaləsinin birbaşa davamçısı və nümayəndəsi yox, ermənidir. O yazır: “ Z.Bünyadov elə təsəvvür yaradır ki, guya Səhl ibn Sumbat erməni deyil”, lakin o dəqiqə də əlavə edir: “Doğrudur, Səhl ibn Sumbatın erməni mənşəli olması məsələsi hələ həll olunmayıb, amma onun erməni olması heç bir şübhə doğurmur (elə beləcə də yazır! – Z.B). Orijinal məntiqdir!
Lakin A.Ş.Mnatsakanyan istəsəydi, “Albaniya tarixi”inin bütün nəşrlərində Səhl ibn Sumbatın Zarimixr çar ailəsinə və aranşahlar sülaləsinə aid olmasını göstərən çox vacib parçanın kəsildiyini xatırlaya bilərdi. Orada belə yazılıb: “Zarimixrakan çar nəslindən olan Səhl ibn Sumbat”. Bu haqqda hələ 1940-cı ildə T.İ.Ter-Qriqoryan da yazmışdı. Bu haqda 1957-ci ildə İngiltərənin ermənişünas-tarixçisi Ç.C.Dovsett “Qafqaz albanlarının tarixi”ində yaddan çıxmış parça” adlı məqaləsində söhbət açmışdı. Bu haqda 1961-ci ildə “Bir daha Moisey Kalankatuklunun “Albaniya tarixi”nin çap olunmayan səhifələri barədə” adlı məqaləmdə (bax: “Azərb. SSR EA-nın Xəbərləri”, ictimai elmlər seriyası, № 4, səh. 1-9) və 1964-cü ildə “Albanika III” adlı məqaləmdə (yenə orada, №4, səh. 87-92) mən də yazmışdım. Nəhayət, “Albaniya tarixi”ndə Səhl ibn Sumbatın yerli alban mənşəli olmasını təsdiq edən bir hissə də var (ingilis dilinə tərcümədə 266 və 214-cü səhifələr).
Əlbəttə, A.Ş.Mnatsakanyan bu məsələdə səhv də edə bilər. Belə güman etmək olar ki, o, “Albaniya tarixi”ni kifayət qədər diqqətlə oxumayıb, Ç.C.Dovsettin və digər müəlliflərin əsərləri ilə tanış deyil, M.Çamçan, V.Abaza, Q,Daqbaşyan və A.Qrenin elə də ciddi əsası olmayan hipotezləri ilə özünü çaşdırıb. Amma əldə olan faktlar əsasında Səhl ibn Sumbatın mənşəyinin Baqratunilər nəslindən və ya Torondan olması barədə ehtimal və uydurmaları rədd etmək lazımdır, deyən Ç.C.Dovsetti “bünyadovçu” mövqedə təqsirləndirmək mümkün deyil ki?!
Əgər A.Ş.Mnatsakanyan öz kitabında Səhl ibn Sumbat haqqında ehtiyatla söhbət açırsa, şair P.Sevakla birlikdə yazdığı rəydə artıq öz səhvinin üzərində açıq-aydın israr edir. Amma müəlliflərin yenə də arqumentləri yoxdur, bütün yazdıqları isə mövqelərinin yanlış və əsassız olduğunu nümayiş etdirir. Aranşahların erməni millətinin əvvəlki bir törəməsi olması, Səhl ibn Sumbatın erməni aranşahların nəslindən gəlməsi və s. haqqında onların iddialarına yalnız təəccüblənmək olar (“Erməni millətinin əvvəlki törəməsi” termininə diqqət yetirin!).
Məsələn, A.Ş.Mnatsakanyan və P.Sevak yazırlar: “Qoy, Z.Bünyadov bilsin ki, erməni knyazlığı yalnız Səhl ibn Sumbatın məmləkəti deyil, həm də bütün Sünik, Ktiş, Varsan, Beyləqan, Qəbələ, Şəki, Arsax-Xaçen, Girdiman, Utik idi”. Resenzentlər sonra da oxucunu inandırmağa çalışırlar ki, həmin dövrdə, yəni IX əsrin birinci yarısında Albaniya “yalnız coğrafi anlayış idi. Ona görə də fikirləşməyə də dəyməz, bütün bunları o (yəni, Z.Bünyadov) bilmir”.
Mən sizinlə öz tədqiqatlarımın nəticələri əsasında polemika aparmayacam, çünki onlar “tarixə zidd” fikirlər kimi, sizi əlbəttə heç vaxt qane etməyəcək. Mən sizin, Qara dəniz, Xəzər dənizi və Aralıq dənizi arasındakı ərazilərə yiyələnməklə bağlı reallaşması qeyri-mümkün arzunuzda təcəssüm edən gizli qriqoryan meylinizin yalan olduğunu təkzib edəcəm.
Bu iddiaları mənim tərəfimdən aparılmış tədqiqatlat əsasında təkzib etmək elə də çətin deyil. Lakin onların resenzentlər tərəfindən lazımı obyektivliklə nəzərdən keçirilməyəcəyini əvvəlcədən asanlıqla söyləmək olar. Ona görə də elə müəlliflərin fikirlərini yada salacam ki, onları heç bir vəchlə “bünyadovçu”luqda (A.Ş.Mnatsakanyan və P.Sevakın ifadəsidir) ittiham etmək mümkün olmasın. Kazan Universitetinin professoru Kerovb Patkanyanın mötəbər fikrindən başlayaq. “Van kitabələri və onların Ön Asiya tarixi üçün əhəmiyyəti” adlı əsaslı əsərində (bax: “Журнал Министерства Народного Просвещения”, 1875, 177-ci hissə, səh. 149-150) K.Patkanyan yazır (çox təəssüf ki, o, A.Mnatsakanyanın bir çox məsləkdaşları tərəfindən nəyə görəsə, yaddan çıxarılıb, amma çox nahaq!): “Ermənistan bir dövlət olaraq, bəşər tarixində elə də vacib rol oynamayıb, onun adı isə yalnız bir coğrafi termin olaraq güclü qonşularının öz mübahisələrini həll etdikləri ölkənin adı idi. Ermənistan mədəni bir xalqın vətəni olaraq da məlum deyildi”.
Sözsüz ki, biz K.Patkanyanın bu iddialarını qeyd-şərtsiz qəbul edə bilmərik, amma belə bir nüfuzlu müəllifin fikirlərini bütünlüklə nəzərə almamaq da ədalətsizlik olardı.
İndi də S.T.Yeremyan tərəfindən tərtib olunmuş olduqca maraqlı xəritəyə baxaq, burada o, Ermənistanın sərhədlərini tamamilə ciddi şəkildə Xəzər dənizinə qədər çəkib uzadıb!
Yeri gəlmişkən, “Velikaya Armeniya” termini barədə. Hamıya məlumdur ki, “Velikaya Armeniya” anlayışı səhvən ortaya çıxıb, daha dəqiqi “Bolşaya Armeniya”dır. Bunu hətta N.Adonts kimi azğın irticaçı da inkar etməyib (bax: “Армения в эпоху Юстиниана”, СПб, 1908). Məncə, “Velikiy” sözünün antoniminin “niçtojnıy” və ya “neznaçitelnıy”, “bolşoy”un antoniminin isə “malıy” olduğunu xatırlatmağa elə də lüzum yoxdur. Beləliklə, etiraf etməliyik ki, “Malaya Armeniya” mövcud olub, özü də bu, siyasi yox, coğrafi termindir. Onun antonimi – “Bolşaya Armeniya” da həmçinin coğrafi termindir. Deyək ki, “Malıy Kafkaz” və “Bolşoy Kafkaz”, “Malıy Zab” və “Bolşoy Zab” kimi.
A.Mnatsakyan tərəfindən “Ermənistanın əzəli torpaqları” adlandırılan Azərbaycanın müxtəlif rayonları – Qarabağ (Arsax, Xaçen, Ktiş), Şəki, Zəngəzur, Gəncə, Qəbələ və başqaları haqqında N.Adonts kitabının 225-ci səhifəsində yazır: “Arsax (yəni, Qarabağ) həmişə erməni təsir dairəsindən kənarda olub”. Professor İ.P.Petruşevski isə özünün “Dağlıq Qarabağın xristianlığaqədərki dini inancları barədə” adlı əsərində bildirir ki, nə Arsax, nə nə də yuxarıda adı çəkilən yerlər “heç vaxt erməni mədəniyyət mərkəzlərinə aid olmayıblar”, hətta XIII-XIV əsrlərdə “Arsax və Şəkidə erməniləşmiş albanlar olan xristian knyazları əyləşirdilər”. Fikrimcə, bundan daha aydın heç nə demək mümkün deyil!
Sünikin (Zəngəzurun) alban vilayətlərinə aid olması barədə Feofanın (yunan) və Sebeosun, eləcə də Xyubşman və Loranın əsərlərində də bəhs olunur. Zəngəzurluların dilinin alban dilinin dialektlərindən biri olmasını isə Topçiyan sübut edib.
Siyasi coğrafiya məsələrində birtərəfli olmamaq üçün bu və ya digər yaşayış məntəqələrinin hara aid olduğu barədə yazmış bəzi ərəb müəlliflərinin əsərlərindən sitatlar gətirməyə məcburam. Mən bunu A.Mnatsakyan və P.Sevakın kitabımın sonuna əlavə edilmiş xəritə ilə razılaşmadıqlarına və bununla bağlı söylədiklərinə cavab olaraq edirəm. Məsələ burasındadır ki, bu xəritəni özümdən icad etməmişəm, ingilis alimi Q.Le Strencin “Landz of istern Halifat” adlı əsərindən və bu yaxınlarda Amsterdamda çap olunmuş “Müsəlman ölkələrinin atlası” adlı nəşrdən götürmüşəm. Ona görə də resenzentlərimin sözləri ilə desək, xəritə tədqiqatlarımın yekunudur. Mənim buradakı işim isə yalnız adi elmi dürüstlükdür.
İndi isə müəlliflərin yazdıqları barədə:
İbn Haldun (V cild,1-ci hissə, səh.171) “Hicrinin 556-cı ilinin şabanında (iyul-avqust 1161) gürcülər Arran ölkəsinə aid olan Ani şəhərini ələ keçirdilər” (madinat Ani min bilad Arran). Sonra isə: “Hicrinin 557-ci ilinin şabanında (iyul-avqust 1162) gürcülər Azərbaycandakı Dvini ələ keçirdilər” (Dvin min Azərbaycan).
Əbül Fida (III cild, səh. 582) : “Hicrinin 557-ci ilində (21.12.1161- 9.12.1162) gürcülər böyük sayda qoşunla islam ölkəsinə soxularaq Azərbaycandakı Dvin şəhərini ələ keçirdilər” (va malaku madinat min Azərbaycan).
əl-Makrizi (I hissə, səh. 40, 42): “Dvin şəhəri – Azərbaycan şəhərlərindən biridir” (balad Dvin ahadbilad Azərbaycan) və “Dvin şəhəri – Azərbaycanın kənar hüdudlarında, Arran və gürcülər ölkəsi tərəfdə şəhər” (balad Dvin fiaxir Azərbaycan min ciha Arran va bilad əl-Kürc”.
əl-Öməri (səh.114): “Hicrinin 529-cu ilində (22.10.1134-10.10.1135) gürcülər Azərbaycan mahallarından olan Dvini mühasirəyə aldılar (hasarat əl-kürc mədinət Dvin min amal Azərbaycan).
Ən-Nəsəvi (90-cı fəslin sonu): “Surmari qədimlərdən Azərbaycanın vilayətlərindən biri hesab olunur” (Surmarim’aduda min a’mal Azərbaycan).
Tarixi xəritə belədir, bu sizin xoşunuza gəlsə də, gəlməsə də! Ona görə də resenzentlərim xəritədə onlara yalnız təkcə Dvini saxladığım barədə nahaq yerə gileylənirlər. Çalışaram ki, növbəti əsərimdə bu səhvi də düzəldim, axı Dvinin və sadaladığım digər şəhərlərin “əzəli erməni şəhərləri”nə aidiyyəti heç nə ilə təsdiqlənmir.
Məsələn, qazıntılar zamanı heç bircə dənə də “əzəli erməni sikkəsi” tapılmayıb. Əksinə, Dvin və Aninin topqlarının altı eldəgiz sikkələi ilə doludur. Əslinə qalsa, erməni sikkələrinin burada olması mümkün də deyil, çünki onlar heç vaxt mövcud olmayıb. Axı hamı bilir ki, əgər dövlətin özünün pul sistemi yoxdursa, onda onun müstəqil iqtisadiyyatı da ola bilməz, əgər iqtisadiyyatı yoxdursa, onda təəssüf ki, nə qədər arzu etsən də, dövlətçilik haqqında danışmaq da mümkün deyil!
“Bolşaya Armeniya” coğrafi termininin köklərini məhz burada axtarmaq lazım gəlir!
Faktlar məhz belədir! Heç resenzentlərimin istnad etməyə çalışdıqları Yuliy Sezarın özünün köməyi ilə də burada nəsə etmək mümkün deyil. Ən yaxşısı budur ki, Strabonu xatırlayaq. Hələ 20 əsr əvvəl o deyib: “Tarix, köhnə də, yeni də olsa, həqiqəti tələb edir!”
Amma mən qriqoryan kilsəsinin, bir çox başqa dinlər kimi istənilən istilaçıya xidmət göstərdiyi barədə danışmayacam. N.Vardapedov hələ bunu da yazır ki, qriqoryan kilsəsi “özü üçün yeni olan hər bir şəraitə məharətlə uyğunlaşır, siyasi konyunkturadan asılı olaraq, bir zamanlar Bizans imperatorları, İranın sasani çarları, ərəb xəlifələri, monqollar qarşısında diz çöküb təzim elədiyi kimi, Səfəvilərə, sonra isə rus çarına da beləcə qulluq göstərirdi”.
Mənim resenzentlərim bu həqiqəti təkzib etməklə, öz üzərlərinə çox pis və nəticəsi olmayan vəzifə götürüblər.
Resenzentlərin terminoloyi sxolastikası üzərində dayanmayacam, ona görə ki, onlar elmi dəlil və arqumentlərinin yoxluğunu alimlərə yaraşmayan söyüş və təhqirlərlə kompensasiya etməyə çalışırlar. Qoy bu onların vicdanına yazılsın! Məsələn, onlar yazırlar ki, guya mənim konsepsiyamin “ümimiyyətlə elmlə, o cümlədən də marksist-leninçi elmlə heç bir əlaqəsi yoxdur”. Amma Hamburqdan olan professor Bertrold Şpuler yazır: “Azərbaycan VII-IX əsrlərdə” kitabı alim-mütəxəssislər üçün maraqlıdır. O, mütəxəssis olmayanlar üçün çətin anlaşılandır. Ona görə də mütəxəssis olmayan çətin ki, bu kitabı əlinə götürsün. Əgər hadisələrə düzgün yanaşmaq istəyirsə, təyin olunmuş “marksist” tarixi təsvirlərə oxucu özü korrektələr və ya çalarlar əlavə etməlidir” (baz: Der İslam, 45-ci cild, 1967, səh. 321-322).
B.Şpulerin bu qeydlərinin mənim “qeyri-mütəxəssis” resenzentlərimə birbaşa aidiyyəti var.
O ki, qaldı marksizmə, hətta B.Şpluer də oxucunu kitabımda materialın marksist izahının təsiri altına düşməməsi üçün xəbərdar edir!
2) Mənim ikinci opponentim B.Ulubabov əvvəlki iki sələfi ilə müqayisədə daha tutarsızdır.
B.Ulubabov özünün qəzəbini ermənilərin Qarabağda gəlmə element olduğunu sübut etməyə cəsarət edənlərə yönəldib. Onun “sərt tənqid”inə arxiyepiskop Markar Barxudaryan, T.İ.Ter-Qriqoryan, N.Vardapedyan, N.Adonts, S.T.Yeremyan və hardasa sonda Z.Bünyadov tuş gəliblər.
B.Ulubabovun məqaləsinin rusca xülasəsinin onun erməni dilindəki mətninə uyğun gəlməməsi bir yana, hələ o elə iddialar irəli sürür ki, Ermənistan SSR-in “Вестника общественных наук” jurnalının redaksiya kollegiyasının bu məqaləni nəşrin səhifələrində yerləşdirməsinə ancaq təəccüb edirsən.
3) Nəhayət, bir neçə kəlmə də K.A.Məlik-Ohacanyanın resenziyasının təvazökar “akademik” tonu haqqında. O iddia edir: “Ziya Bünyadovun əsas tarix konsepsiyası onun əsərindən qırmızı xətlə keçir”. Amma resenzent bunun hansı “tarix konsepsiyası” olduğunu açıqlamır və o dəqiqə də monoqrafiyanın müəllifini birtərəflilikdə ittiham edir. Mən artıq qeyd etmişəm ki, opponentlərim kitabımın tam təhlilini vermir, ancaq onun kiçik bir hissəsini – “Albaniya əhalisini qriqoryanlaşdırılması” haqqında yazdığım yeri tənqid atəşinə tuturlar. Və sonuncu resenzent də bu xəttə uyub ehtiyatla bəyan edir: “Kitab müəllifinin tədqiqat metodları və tarix konsepsiyasi barədə sovet tarixçiləri hələ öz fikirlərini bildirəcəklər”.
Lakin tarixçilər inadla susurlar. Onların əvəzinə isə linqvistlər, şair, bir də hörmətli Ulubabov danışır. O ki, qaldı K.Məlik-Ohacanova, o öz resenziyasında A.Mnatsakanyan və P.Sevakın söylədiklərini artıq başqa pərdədə təkrarlayır. Lakin mənə elə gəlir ki, “Albaniya tarixi”nin mətninin Vaqarşaped katalikosları və rahibləri tərəfindən saxtalaşdırıldığını T.İ.Ter-Qriqoryanın artıq sübut elədiyini yada salmaq da pis olmazdı. Ruhani ailəsindən çıxmış, olduqca hazırlıqlı olan T.İ.Ter-Qriqoryan kilsə işlərini çox gözəl bilirdi. Ona görə də açıq qapını döyəcləməyə heç bir lüzum yoxdur! Burada hər şey gün kimi aydındır – mətn saxtalaşdırılıb, bunun necə edilməsi haqqında isə mənim kitabımda bəhs olunur.
Mxitar Qoşun “Datastanagirk”i, yəni “Qanunnamə”si haqqında danışarkən, K.A.Məlik-Ohacanyan belə bir fikir irəli sürür ki, guya V.Bastamyan XIII əsr müəllifi Mxitar Qoşu təkmilləşdirib. Təsəvvür edirsinizmi, Qoş “Qanunnamə”ni tərtib etdiyini Alban kilsələrinin nəcib rəhbəri katolikos III Stepannosun dəfələrlə və təkidli xahişləri qarşısında tab gətirə bilməyərək səhvən iddia edibmiş. Zavallı Qoş, heç ağlına gəlməyib ki, XX əsrdə V.Bastamyan və A.Papovyan peyda olub sənin xəbərin belə olmayan şeyləri yazdıqlarına əlavə edəcəklər. Məgər bundan sonra sizə təəccüblü gəlmirmi ki, niyə başqası yox, məhz K.A.Məlik-Ohacanyan məni “jonqlyorluq”da ittiham edir?
Lap belə fərz edək ki, mən, V.Bastamyanın kəşflərinin və Mxitar Qoşun mətninə elədiyi əlavələrin incəliklərindən baş açmıram. Yaxşı, bəs onda Ermənistan SSR Elmlər Akademiyasının banisi və onun ilk prezidenti İosif Abqaroviç Orbelinin tədqiqatlarını hara qoyaq? Axı İ.A.Orbeli də Mxitar Qoşun əsərini “Qanunnamə” adlandırır, “Erməni qanunnaməsi” yox!
Akademik İ.A.Orbelinin fikirlərinin davamına baxaq (bax: Избранные труды, I cild, səh. 213 və davamı): “Mxitar Qoş, öz əsərini yazmağa “bizim çarlıqda hakimiyyətsizliyin çoxdan hökm sürdüyü illərdə və bizim Albaniya baş yepiskopu Stefanın ölkəsində başladığını bildirir”. İ.A.Orbeli yazır ki, Albaniya Mxitar Qoşun vətənidir: “Mxitar həmin illərdə öz əsərini yazmağa harada başladığını da dəqiq göstərir: “Həmin Arran ölkəsində”. Burada bir şey diqqəti cəlb edir ki, o, Arrandan, yəni qədim Albaniyanın vilayətlərindən biri haqqında danışarkən və Gəncə mahalını xatırlayarkən, Gəncəni “şəhərlərin anası”, “metropoliya” adlandırır. “Mxitar Qoş özünün Arranla, onun ən böyük və ən əhəmiyyətli şəhəri olan Bərdənin dağılmasından sonra, ona doğma olan Qandzak, yəni Gəncə ilə bağlılığı düşüncəsini itirməmişdi”. İ.A.Orbeli davam edir: “Beləliklə, Mxitar böyük Nizaminin müasiri və az qala həmyaşıdıdır, eləcə də hələ uşaqlıq çağından Nizaminin böyüdüyü həmin şəhərlə bağlı idi”. Sonra isə: “Mxitar Qoşun fəaliyyəti mədəni cəhətdən erməniləşmiş Arsax (Yuxarı və Aşağı Xaçen, yəni, Tərtərçay və Xaçençay çaylarının arası) vilayəti ilə bağlı idi”.
Gördüyümüz kimi, İ.A.Orbeli məhz mənim opponentlərimin (xüsusilə də sonuncunun) böyük cidd-cəhdlə əleyhniə çıxdıqları şeyi, yəni Mxitar Qoşun Arrana aidiyyətini və onun Arran müəllifi olduğunu təsdiqləyir. Mənim kitabımda da elə bu haqda danışılır. İ.A,Orbelinin “qeyri-elmi konsepsiyası” K.Melik-Ohacanyanı narahat edir və o, İ.A,Orbelinin elmi erudisiyasını və biliyini sual altında qoyaraq yazır: “Mxitar Qoşun yığcam sətirlərində (özü də yığcam, ha!) erməni mətnindən düzgün olmayan tərcümə nəticəsində ortaya çıxan elə mülahizələr var ki, bunun da nəticəsində Qoşun fikirlərinin düzgün olmayan izahları yer alıb”. Bax belə! K.Melik-Ohacanyan ermənişünaslıq sahəsində biliyinə görə, qarşısında bütün elm dünyasının baş əydiyi bir alimin – İ.A.Orbelinin savadını şəxsən yoxlamaq cəsarətini öz üzərinə götürüb. Bundan başqa, İ.A.Orbelinin “Seçilmiş əsərləri”nin I cildinin redaksiya heyətinin tərkibinə də S.T.Yeremyan, K.Q.Kafadaryan, A.Q.Qanalanyan, R.R.Orbeli və başqaları daxildir. Yəqin ki, onlar hamısı bu predmeti pis bilmirlər, amma bunlar mənim opponentimin vecinə də deyil və o, akademik İ.A.Orbeli tərəfindən Qoşun hansısa fikirlərinin “səhv izah edildiyi” haqqında yazır. Həm də bir yox, bir neçə izah haqqında! Özü də bunlar hamısı Mxitar Qoşun Albaniyaya, Arrana, vətəni Gəncəyə aidiyyətinin olmadığını “isbatlamaq” üçün edilir. İ.K.Melik-Ohacanyan bunun üçün hətta Gəncə şəhərini “Qandzak ölkəsi”nə çevirməyə və onu da “Parisos ölkəsi” ilə eyniləşdirməyə qədər gedib çıxır.
Lakin resenzent bununla da kifayətlənmir. O, “müstəqil çar sülaləsi Hayklar”ın “Parisos ölkəsi”ni idarə etmələri haqqında yazır.
Yeri gəlmişkən, Parisos da həmişə Girdiman, Arran və Albaniya ərazilərinə daxil olub. Bunu K.Tumanovun "LeMuzeon” yurnalındakı (№74, 3-4) “İberiya Baqratiləri VIII əsrdən XI əsrədək” adlı məqaləsindəki və Gürcüstan Baqratiləri haqqında ayrıca kitabındakı xəritələr də təsdiqləyir.
Kirakos Qanzaketsi də, David Qandzaketsi də Gəncəli idilər və onların heç bir Parisosa aidiyyəti yox idi. Ç.C.Dovsett də haqlı olaraq David Qandzaketsini Gəncəli hesab edir.
Mənim opponentimin xoşuna tədqiqatçı Voskan Ter-Ovanisyan da gəlmir. Opponent “aydınlaşdırıb” ki, V.Ter-Ovanisyan, “Qandzaketsi” şərti təxəllüsünü Kirakosa yalnız “anlaşılmazlıq nəticəsində” verib. V.Ter-Ovanisyan “Anlaşılmazlıq nəticəsində” həm də Kirakos Qanzaketsinin “Tarix” əsərinin ilkin müəllif adının əvvəlinə “hayots”, yəni “Ermənistan” sözünü də əlavə etməyib. Ona görə də opponentin fikrincə, Kirakosun əsəri yalnız “Ermənistan tarixi” adlandırılmalıdır. Qeyri-adi iddialardır!
Qeyd etməliyəm ki, K.Patkanyan, M.Baruxdaryan, T.İ.Ter-Qriqoryan, N.Vardapetov, N.Adonts, V.Ter-Ovanisyan, İ.A.Orbeli və s. kimi alimlərin tədqiqat metodları da K.Məlik-Ohacanyan, A.Mnatsakanyan və P.Sevakın xoşuna gəlmir. Axı elm qarşısında mübahisəsiz xidmətləri olan alimlər də elə bunlardır. Məhz onlar böyük nüfuz sahibləridir.
K.Məlik-Ohacanyan məni “Sovet İttifaqının qardaş respublikalarının (yəni, Ermənistan SSR-in) ictimai əsaslarının və tarixinin tədqiqi məsələlərində marksisit-leninçi metodologiyadan ciddi şəkildə yayınmaqda” ittiham edir. Bu ittiham o qədər gülünc və uydurmadır ki, heç təkzibinə də lüzum yoxdur. K.Məlik-Ohacanyana isə yalnız onun öz sözlərini xatırlatmaq istəyirəm: “Vicdan insan oğlunun yaraşığıdır”!
Postskriptum
Bu yaxınlarda iki kitab da çapdan çıxıb, onlar barədə bir neçə kəlmə demədən də keçinmək mümkün deyil. Bu, L.O.Babayanın “Ermənistanın XIII-XIV əsrlərdəki sosial-iqtisadi və siyasi tarixi” (Moskva, 1969) adlı kitabı və A.Ş.Mnatsakanyanın “Qafqaz Albaniyasının ədəbiyyatı haqqında” (Yerevan, 1969) adlı əsərinin rus dilinə tərcüməsidir.
1) Bu və ya digər ölkənin və yaxud xalqın sosial-iqtisadi və siyasi tarixi üzrə istənilən yeni tədqiqat işi orada elmə müəyyən töhfə verən hansısa yeni məlumatların olmasını nəzərdə tutur. L.O.Babayanın kitabı da ilk nəzərdə məhz belə təəssürat yaradır. Lakin onunla ətraflı tanış olduqdan sonra aydın olur ki, bu iş mahiyyətcə Azərbaycan SSR EA-nın akademiki Ə.Ə.Əlizadənin “Azərbaycanın XIII-XIV əsrlər sosial-iqtisadi və siyasi tarixi” (Bakı, 1956) adlı əsərinin variantıdır. Sadəcə olaraq, bura professor İ.P.Petruşevskinin son işlərinin elmi nəticələri də əlavə edilib.
Əsərin müəllifi öz həyatını Azərbaycanın Arran, Qarabağ, Gəncə, Şəmkir, Tovuz, Naxçıvan, Şəki, eləcə də başqa vilayət və şəhərlərinin guya Ermənistan ərazisi olması kimi uğursuz iddianı sübut etməyə həsr eləmiş M.Çamçanın, L.Manandyanın, leonun və digərlərinin xəttini davam etdirir. Və L.O.Babayan əsərin sonunda (səh. 315) belə bir mücərrəd nəticə çıxarır: “Həmin dövrdə (XIII-XIV əsrlər) Arran ərazisində hələ də hakim etnik element erməni əhalisi idi”. Gördüyümüz kimi, L.O.Babayan həm də A.Mnatsakanyan, P.Sevak və K.Məlik-Ohacanyanın antitarix xəttinin layiqli davamçısıdır.
Əsər müəllifinin istifadə elədiyi mənbələr Ə.Ə.Əlizadənin əsərindəki mənbələrlə eynidir və bununla əlaqədar olaraq, L.O.Babayan dəlil çatışmazlığını əsassız, sıradan fərziyyələr və uydurma ehtimallar hesabına kompensasiya etmək üçün özünü zora salır. Tarixi faktların əksinə olaraq o XIII-XIV əsrlərdə hansısa erməni dövlətçiliyinin mövcud olduğunu iddia edir, özünün uydurduğu bu dövlətin ərazisinə Gürcüstan və Azərbaycan vilayətlərini, o cümlədən Qarabağı da daxil edir. Həm də bu zaman L.O.Babayan qeyd edir ki, Xaçen knyazı Həsən Cəlalyanın gürcülərlə heç bir əlaqəsi yoxdur (səh.22). Bunun üçün o, XIII əsr anonim fars mənbəyinə isdnad edir və onu öz yalançı konsepsiyasının xeyrinə saxtalaşdırır: “Həmin vilayət (Xaçen – L.B.) çətinliklə gedilə bilən yerdir, dağlarda və meşələrdə yerləşir; o Arran rayonlarına aiddir, orada ermənilər – Abxaziya (Gürcüstan) adamları yaşayır, onların padşahını çar adlandırırlar”.
Mənbə isə tamamilə başqa şey deyir: “...Bu vilayət çətinliklə gedilə bilən yerdir, dağlar və meşələr arasındadır; Arran mahallarına (a`mal) aiddir; orada ermənilər var (məhz belə! –Z.B.); Abxazın (Gürcüstanın) adamları onların padşahlarını çar adlandırırlar, onlar abxazlarla dava salırlar” (bax: Н.Д.Миклухо-Маклай. Географическое сочинение XIIIв /fars dilində/. Ученые записки ИВАН СССР, 1954, IX cild, səh. 204).
L.O.Babayan 87-ci səhifədə Rəşid əd-Dinin əsərindən sitat gətirir (Сборник летописей, I cild, 2-ci hissə, səh. 229): “[Caba və Sabutay] Arrana yönəldilər, ona görə Arrana ki, qışı burada keçirsinlər. Onların yolu Gürcüstandan keçirdi”.
Görünür ki, Rəşid əd-Din hər şeyi aydın ifadə edib. Lakin L.O.Babayan “Gürcüstan” sözünün altında izahat verir: “Qeyd edək ki, Rəşid əd-Din Gürcüstan dedikdə, həm də Ermənistanın şimal rayonlarını nəzərdə tutur” (bax: həmçinin səh. 120).
Bu, Rəşid əd-Dinə olduqca ibrətamiz təfsirdir! Xüsusən də ona görə ki, “Gürcüstan tarixi”ində (I cild, səh. 207) deyilir ki, “monqollar Gürcüstanı onun vassal ərazilərindən o dəqiqə məhrum elədilər və “Gürcüstan”ı (Gürcüstan çarlığını) yalnız öz sərhədləri daxilində – Zaqafqaziyanın xristian dünyası hüdudlarında tanıdılar” (seçmə “Gürcüstan tarixi”inin müəlliflərinə aiddir – Z.B.)
L.O.Babayan tərəfindən Gürcüstan (Çorox çayına qədər) və Azərbaycan (Naxçıvan, Sünik, Qarabağ, Arsax, Xaçen, Gəncə, Uti, Şəmkir, Tovuz və s.) vilayətlərinin XIII-XIV əsrlər mifik erməni dövlətinin tərkibinə daxil edilməsi onun əsərində nə qədər açıq-aydındırsa, bir o qədər də məntiqsizdir; əgər bütün bu uydurmaları kitabdan yığışdırsan, L.O.Babayanın əsərindəki “əzəmətli əhval-ruhiyyə”dən (səh.20) heç nə qalmayacaq.
L.O.Babayan öz əsərində təəccüb ediləcək analogiyalara meyl edir. Onlara bir neçə nümunə göstərək. Səh. 53: “Həmdullah Qəzvini yazır ki, Azərbaycanın bəzi rayonlarında dənli bitkilərin məhsuldarlığı çox və keyfiyyəti yüksəkdir, 10 man undan 16 man çörək bişirilir”. Bu da L.O.Babayanın analogiyası: “Belə hesab etmək olar ki, Ermənistanda da dənli bitkilər eynən yüksək keyfiyyətli olub”. Səh.53: “Rəşid əd-Din yazır (harada yazdığı məlum deyil!) ki, Talış rayonunda çəltik, Gəncə və Şamaxı rayonlarında isə çəltik və pambıq becərilir”. L.O.Babayanın analogiyası: “Əgər Talış və Şamaxı rayonlarında çəltik becərilirdisə, onda buradan belə nəticə çıxarmaq olar ki, bu bitki Ararat vadisində də yayılıbmış. Amma o da doğrudur ki, bizi maraqlandıran dövrün mənbələri bu haqda heç bir məlumat vermir” (!) Qibtə ediləcək məntiqdir!
L.O.Babayanın əsərində “Velikaya Armeniya” termini müxtəlif ladlarda təkrarlanır və müxtəlif şəkillərdə verilir. Terminin guya Həmdullah Qəzvinidən iqtibas olunduğu iddia edilir, mənbə kimi də “SSRİ tarixinin oçerkləri”ndəki hansısa qeyd (?)(səh.120) göstərilr. Birincisi, Həmdullah Qəzvinidə “Velikaya Armeniya” termini yoxdur, “Bolşaya Armeniya” var. Orada eynən belə yazılıb: “Ərməniyyə iki hissədən ibarətdir, yəni Bolşaya və Malaya Ərməniyyədən” (bax: Нузхат ал-кулуб, səh.100); Həmdullah Qəzviniyə görə, hər iki Ərməniyyəyə daxil olan yaşayış məntəqələrini də sadalayıram: Əhlət, Abtut, Ərdic, Armuk, Aladağ, Bargiri, Bayan, Xaradin, Xuşab, Xarmaramt, Lukiyamat, Xanqamabad, Salam, Ayn, Kabud, Madazcird, Van, Vastan, Valascird (səh. 100-101). Vəssalam! Haqqında danışdığımız Həmdullah Qəzvini başqa heç bir yerin və şəhərin adını çəkmir.
2) Kitabının rus dilindəki variantını nəşr etdirərkən, A.Mnatsakanyan əsərin erməni dilindəki variantında gördüyümüz bəzi bölmələri V.Qukasyanın tənqidindən sonra çıxarmağa məcbur olub.
Lakin A.Mnatsakanyanın bütün fikri-zikri yenə də Ermənistanın torpaqlarını qonşu vilayətlər hesabına genişləndirməyə yönəlib. O, cürbəcür bəhanələrdən istifadə etməklə, heç bir Aranın (Albaniyanın), albanların, utilərin (udinlərin) mövcud olmadığını birbaşa və ya dolayı yolla təlqin etməyə çalışır. Sən demə, ancaq “Kürarxası Ermənistan”, “Şimal-Şərq tərəf”, “Ermənistanın Şərq tərəfi”, “Daxili Ermənistan” və sair və ilaxır var imiş. O yenə və yenə də nə aran, nə də gürcü dilini bilmədən guya gürcülər və albanlar üçün əlifba düzəldən hansısa Maştots haqqında yazır.
Görünür, A.Mnatsakanyan, A.Perixanyanın məqaləsi ilə (bax: К вопросу о происхождении армянской письменности. Переднеазиатский сборник, II, 1966, səh. 126-127) tanış deyil, orada açıq-aydın deyilir: “Maştots nə gürcü, nə də alban dilini bilmirdi. Maştotsun bu dillərin səs tərkibi haqqında məlumatları orada, yerində toplaması barədə Koryunun verdiyi məlumata elə də böyük əhəmiyyət verməmək lazımdır”. A.Mnatsakanyanın qəribə qabiliyyəti var, heç kəsin fikri ilə hesablaşmır!
O, dünyanın (o cümlədən Ermənistanın) görkəmli şərqşünaslarının və ermənişünaslarının fikirlərini qibtəediləcək asanlıqla ayaqüstü təkzib edir. Halbuki onlar A.Mnatsakanyandan hələ çox-çox əvvəl ermənilərdən asılı olmayan Alban dövlətinin mövcudluğu, bu ölkənin dili və ədəbiyyatı barədə əsərlər yazıblar. Onun əsərləri isə belə ifadələrlə doludur: “A.Şanidze sübut etməyə cəhd göstərir...” (səh.9); “A.Şanidzenin dəlili hər hansı bir təsəvvür yaratmaq üçün tamamilə yetərsizdir... (səh. 11); “K.Treverin heç nə ilə əsaslandırılmayan fərziyyəsi...” (səh. 18); “A.Y.Krımskinin səhv görüşləri...”; “A.Y.Krımski təkzib edir...”; “A.Y.Krımski izah etmir...”; “A.Y.Krımskinin cəhdi...” (səh. 22-29); “Nə A.Manandyan, nə də M.Abeqyan lazımı diqqət yetirməyiblər...” (səh. 29); “Markvartın çaşması...”; “Markvartın səhv fikri...” (səh. 32); “Gürcü tarixçisi S.Kakabadze sübut etməyə çalışır...” (səh. 40); “K.Treverin əsasız iddiaları...” (səh. 60); “N.Piqulevskayanın fərziyyəsini əsassız hesab etmək lazımdır...” (səh. 117); “Mənbələrin bildirdikləri (?!) səhv hesab edilməlidir... (səh. 146); “R.Açaryanın əsassız faktları...” (səh. 147) və sair və ilaxır da bu qəbildən. Amma bütün bu akademiklər – A.Y.Krımski, N.V.Piqulevskaya, K.V.Trever, A.Şanidze, S.Kakabadze elmdə təsadüfi adamlar deyil axı!
Onların fikirləri ilə bütün elm dünyası hesablaşır... Bircə A.Mnatsakanyandan başqa. İnanmıram ki, bu ona baş ucalığı gətirsin.
Və siz yenə də Azərbaycan SSR-nin xəritəsi üzərində qılıncla dolaşır, Gəncəni, Beyləqanı, Salyanı, Şəkini, Şəmkiri, Zəngəzuru, Tovuzu, Naxçıvanı, Girdiman və Qarabağı qamarlayıb öz qarnınızın altına çəkirsiniz.
Sizə məsləhət görürəm ki, “hansısa filoloq” adlandırdığınız V.Qukasyanın əsərləri ilə bir daha tanış olasınız. O, Albaniyanın ədəbiyyatını hər halda sizdən daha yaxşı bilir. Ona görə də ondan məsləhət almağınız da pis olmazdı.
Zaqafqaziya xalqlarını vahid ailədə onların tarixi taleləri birləşdirib. Sovet dövləti və kommunist hakimiyyəti bu xalqların gənc nəsillərini qarşılıqlı hörmət, dostluq və qardaşlıq ruhunda tərbiyə edir. Bu xalqların indi də, keçmişlə bağlı da böləcəkləri bir şey yoxdur. Onların hər biri öz evində yaşayır, lakin istənilən anda qonşusuna və qardaşına təmənnasız kömək göstərməyə hazırdır. Ona görə də A.Mnatsakanyan, P.Sevak, K.Məlik-Ohacanyan və bir sıra başqalarının hətta tarixi baxımdan da olsa, sərhədlər və mərzlər haqqında mübahisələr açmaları nə dərəcədə doğrudur? Özü də bunun üçün heç bir elmi əsas olmadan və tarixi faktlara zidd olaraq! Bunların gizli bir niyyət üçün edildiyinə inanmaq istəmirik. Hər halda bir şey aydındır – bu iş perspektivsiz və nankor işidir, sovet aliminə – vətənpərvərə, beynəlmiləlçiyə və kommunistə yaraşmayan əməldir.
Əgər keçmişə mifik sərhədlər çəkmək həvəskarları ortaya çıxıbsa, onları müasir dövrə proyeksiya etmək həvəsində olanlar da peyda ola bilər. Ona görə də yuxarıda qoyulmuş “Ağrımayan başa buz bağlamaq lazımdırmı?” sualına ancaq bircə cavab var: Yox, lazım deyil!
Z.M.Bünyadov.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!