“Qarabağ”dan növbəti qələbə .....                        Şeyx Patriarx Kirillə erməni revanşizmindən danışdı .....                        Suriya Prezidenti Azərbaycana dəvət edildi - FOTO .....                        Xaçmazda maşın aşdı - 4 nəfər yaralandı .....                        Samir Şərifov Suriya Prezidenti ilə görüşdü .....                        DİN-dən saxta səhifələrlə bağlı XƏBƏRDARLIQ .....                        Kəmaləddin Heydərovdan iranlı nazirə başsağlığı .....                        Kipr problemi iki suveren dövlətin yaradılması əsasında həll olunacaq - Ərdoğan .....                        Rəsmi Bakı Badamova görə Moskvadan izahat gözləyir .....                       
7-10-2024, 15:48
“T-Finans LTD” MMC-nin təsisçisi Minayə Şəfi qızı övladlığa uşaq götürəcək


“T-Finans LTD” MMC-nin təsisçisi Minayə Şəfi qızı övladlığa uşaq götürəcək
Hər bir övladın arxasında isti ana nəfəsi dayanır

Dünyaya göz açan hər bir uşaq ata, ana himayəsində böyüyür, boya-başa çatır.
Uşaqlar cəmiyyətə yararlı bir vətəndaş kimi yetişmək hüququna malikdir. Lakin, çox zaman uşaqlarımızın digər qismi bu hüquqlardan yararlana bilmirlər. Təəssüflər olsun ki, valideyn himayəsindən müxtəlif formada məhrum olan uşaqlarımız da var. Bu gün onlar uşaq evlərində, uşaq sığınacaqlarında böyüməyə məcburdurlar. Dövlət Uşaq Evlərində böyüyən uşaqların gələcək inkişaflarında öz qayğısını əsirgəməsə də, belə uşaqların valideyn himayəsində yaşaması daha yaxşı olardı. Ona görə də hər hansı övladı olmayan valideynlərin uşaq götürmək arzusu olarsa, özlərini gələcəkdə valideyn olmağı tam hiss etməlidirlər. Hər kəs asanlıqla övladlığa uşaq götürə bilərmi? - Əsla yox. Bunun üçün qanunvericiliyin tələbləri yerinə yetirilməlidi. Bu proses Ailə Məcəlləsinin 118-ci maddəsi ilə tənzimlənir.
Bəzən olur ki, ana övladı dünyaya gətirməsinə baxmayaraq, övladına qarşı analıq hissi olmur. Dünyaya övlad gətirməklə valideyn olmursan. İnsanda uşağa qarşı hiss, xoş münasibət, qayğı, səxavət gərəkdi. Bu da insanın qanından, canından süzülüb gələn bir ali hissdir. Bu gün dövlətə dəstək olaraq uşaqlar evinə, uşaq sığınacaqların maddi və mənəvi dəstək olan xeyli sayda işgüzar insanlar, xanımlar var ki, bir tikə çörəklərin belə valideyn himayəsindən məhrum olan uşaqlarla bölür, yardım edir.
Bu baxımdan tanınmış iş adamı, xeyirxah xanım “T-Finans LTD” MMC-nin təsisçisi Həmidova Minayə Şəfi qızı yardım etdiyi uşaq evlərindəki uşaqları öz övladı kimi sevir, onlara yardım edir. Ona görə də Minayə xanım uşaqları çox sevir. Xatırladım ki, Minayə xanımın qızı İlahə xanım ailənin tək övladıdır. Ona görə də “T-Finans LTD” MMC-nin təsisçisi, İlhamə xanımın anası Həmidova Minayə Şəfi qızının bir övladı olduğuna görə, eyni zamanda İlahə xanımın övladı olmadığı üçün Ailə məcəlləsinin 118-ci maddəsinə əsaslanaraq aidiyyatı qurumlara müraciət etməklə uşaq evlərindən varis kimi uşaq götürmək arzusundadırlar. Qeyd etdiyim məsələ ilə bağlı yaxın zamanda şirkətin vəkilləri - Nail Abdullayev və Başar Yaltı tərəfindən dövlət qurumlarına müraciət olunacaq.
Məsələ ilə bağlı “T-Finans LTD” MMC şirkətinin mətbuat xidmətinin rəhbəri Məmmədova Sona Əhmədqızı da ailənin övladlığa uşaq götürmək arzusunun dəqiqliyini təsdiqlədi. Xatırladım ki, sözügedən şirkət Azərbaycan şirkəti olmaqla yanaşı eyni zamanda Türkiyə Respublikasında fəaliyyət göstərən bir holdinqdir.
5-10-2024, 09:00
Bu gün onların günüdür Bu gün müəllimlər günüdür.

İlk Müəllimim Əlayət Bayramov və sinif yoldaşım Əməkdar artist Rəhilə Bəndəliyeva
Bu gün onların günüdür

Bu gün müəllimlər günüdür. Dünyasını dəyişən müəllimlərimizi rəhmətlə anır, ruhları qarşısında baş əyirəm. Yaşayanlarına sağlam, uzun ömür arzulayıram. Gələn il 50 il olacaq ki, məktəb partasından ayrılmışam. Artıq sevimli müəllimlərimin çoxu dünyasını dəyişib. Hətta müəllim olan sinif yoldaşlarım əməkli olub. Amma müəllimlərim həmişəki müqəddəsliklərini saxlayıblar.
Əziz oxucular, bu müqəddəs varlıqlara ithaf etdiyim “Bitməyən dərs” yazımdan bir parçanı Müəllimlər günündə sizlərlə paylaşmaq istədim:
“Bu görüş üçün özəl bir gün seçilmişdi- 28 may Azərbaycan Dövlətinin Müstəqilliyi günü. Zəngəzur mahalının Qafan bölgəsindəki Gığı kənd orta məktəbinin 1975-ci il məzunlarının 2023-cü ilə təsadüf edən görüşünün qonaqları da özəl idi. Əslində biz sinif yoldaşlarımızın bir qismi ilə martın 26-da Masazır qəsəbəsindəki “Qədim Naxçıvan” Ailəvi İstirahət Mərkəzində görüşmüşdük. Elə orda da növbəti dəfə müəllimlərimizin işığına yığışmağı qərara almışdıq.

Gığı məktəbindəki müəllimlərim
Sağımda Tofiq Hüseynov, solumda Sucəddin Məmmədov

1975-ci il məzunlarının müəllimlərlə görüşü
Qəribədir ki, həmişə müəllimlərin sinif otağına geç girməsini arzulayan qoca “məktəbli”lər bu dəfə müəllimlərin gəlişini həsrətlə gözləyirdilər. Kimisi yola baxır, kimisi yaxınlaşan maşının qabağına qaçır, kimisi də bu duyğulu anları kameranın lent yaddaşına alırdı…
Sucəddin müəllim məkana hamıdan qabaq gəlmişdi. Ürəyi çox yuxalmışdı. Heç kimdən dərs soruşmadı, heç gecikənləri tənbehləmədi də. Hər kəsi illərlə həsrətini çəkdiyi balası kimi bağrına basdı. Müəllimimiz 48 illik ayrılıqdan sonra bizi öpdü, biz də elə 48 il əvvəlki kimi uşaqlaşdıq...
Beləcə ömrümüzün ən yaddaqalan bir gününü yaşadıq... Mərhum sinif yoldaşlarımızın xatirəsini sayğı duruşu ilə yad elədik. Dünyasını dəyişən müəllimlərimizin ruhları qarşısında, görüşümüzə gələn müəllimlərimizin- Sucəddin Məmmədovun, Mübariz Vəliyevin və Tofiq Hüseynovun şəxsiyyətləri qarşısında baş əydik…

Müəllimim Mübariz Vəliyev
Əziz müəllimlər, bayramınız mübarək! Bəzən bəzi müəllimlər məcburiyyət ucbatından, cəmiyyətin deqredasiyası, sosial vəziyyətin ağırlığı səbəbindən peşələrinin şərəfini qorumaqda çətinlik çəkirlər. Mən şəxsən əminəm ki, məcbur edilməsə, heç bir müəllim o uca adın ləkələnməsinə yol verməz.
Əziz müəllimlər, öz müəllimlərim başda olmaqla, hamınızı təbrik edirəm! Cəmiyyətimizin sağlamlaşmasında üzərinizə düşən vəzifələrin öhdəsindən gələ bilmək üçün sizə fürsət diləyirəm! Adınıza, şərəfinizə sayğılarla: Tamxil Ziyəddinoğlu

Universitet müəllimlərim
3-10-2024, 23:36
Klassik ziyalılığın müasir nümunəsi


Klassik ziyalılığın müasir nümunəsi

Azərbaycan tarixində elə nümunəvi, xeyirxah, vətən-millət qayğısına qalan qadın simalarımız olmuşdur ki, onlar bu günkü gənc nəslimizin qızlarına, qadınlarına ideal örnəkdirlər. Hənifə xanım Məlikova, Həmidə xanım Məmmədquluzadə, Şəfiqə xanım Əfəndizadə, Sona xanım Hacıyeva və s. adlar bu kateqoriyanın ən başda gələn simalarıdır. Elə bu günümüzdə də xalqa, vətənə bağlı qadın ziyalılarımız çoxdur. Bu yazıda haqqında söhbət açacağımız Azərbaycan qadını adının layiqli daşıyıcısı Nuranə Həsənovadır. Nuranə xanım torpağı bərəkətli, təbiəti bəzən dəniz kimi coşqun, bəzən də axar su kimi həlim, şəffaf, əhalisi mehriban olan Samux diyarının yetirməsidir.
Nuranə xanım 1984-cü ildə Samux rayonunun Çobanabdallı kəndində dünyaya göz açıb. Orta təhsilini həmin kəndin Həsən bəy Zərdabi adına tam orta məktəbində alıb. 2001-ci ildə 11-ci sinfi bitirib, Gəncə Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. Bakalavr və magistratura pilləsində təhsil alıb. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının “Etnologiya və Etnoqrafiya” ixtisası üzrə dissertantura pilləsində təhsilini davam etdirməkdədir.

Paytaxtımızda olduğu kimi, Samux şəhərində də 2013-cü ildən Heydər Əliyev Mərkəzi istifadəyə verilmişdir. Nuranə xanım 2018-ci ildə bu mərkəzə direktor təyin edilib. Bu günə qədər də o, ciddi məsuliyyət tələb edən vəzifənin öhdəsindən məharətlə gəlir. Heydər Əliyev irsinin, Azərbaycan tarixində yer almış görkəmli şəxsiyyətlərin xidmətlərinin, yaradıcılığının çatdırılmasını, xüsusilə də, yeni nəslin bu istiqamətdə maarifləndirilməsini Nuranə xanım özünün kredosuna çevirmişdir. O, bu maarifləndirici təbliğatı sadəcə bir vəzifə kimi deyil, bəzən sadə, sıravi vətəndaş kimi, lakin vətənpərvər, tarixinə, millətinə, milli ideologiyasına bağlı bir vətəndaş kimi şəxsi həyatının müxtəlif sferalarında: sosial media platformalarında şəxsi hesablarında qürurla aparır. Milli tarixi ilə bu qədər fəxr edən bir vətəndaşı görmək onun bir həmyerlisi kimi məni necə qürurlandırır, ifadə etməkdə çətinlik çəkirəm.
Vəzifəsinin öhdəsindən uğurla gələn Nuranə xanım Azərbaycanın ulu şairi Nizami Gəncəvinin yubileylərinə, anım günlərinə müxtəlif illərdə həsr olunmuş “Nizaminin sehrli dünyası”(2021), “Söz mülkündə sahib mənəm – Nizami Gəncəvi”(2022), “Nə qədər şair var, söz var, şeir var... Dünyada onlardan mənəm yadigar”(2024) və s. elmi-bədii konfransının, habelə tədbir və layihələrinin əsas təşkilatçısı olmuşdur. Bu layihələrdə Samux rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən “Könüllü teatr”ın könüllüləri xəmsədən səhnələr tamaşaya qoyublar. Qeyd etmək lazımdır ki, bu müəssisə ölkədə fəaliyyət göstərən Heydər Əliyev Mərkəzləri içərisində yeganə Mərkəzdir ki, "Könüllü teatr" fəaliyyət göstərir. Teatr 2020-ci ildə Nuranə xanım tərəfindən yaradılmışdır. Səhnəyə qoyulan bütün tamaşaların bədii rəhbəri elə Nuranə xanımdır. O, tamaşaçılara daha professional səviyyədə teatr tamaşaları təqdim etmək üçün bəzən bir əsərin üzərində yorulmadan aylarla çalışır. Bununla iş bitmir. Tamaşada rolların geyimlərini də özü hazırlayır.
Teatr fəaliyyətə başladığı gündən Azərbaycan və dünya mütəfəkkirlərinin əsərləri səhnəyə qoyulub. Teatr bölgədə gənclərin, rayon və kənd məktəbləri şagirdlərinin bədii zövqünün formalaşmasında böyük rola malikdir. Qeyd etməliyəm ki, vaxtilə mən özüm də o “Könüllü teatr”ın könüllüsü olmuşam... Bizim bu səmimi münasibətimiz də elə o zamandan yarandı. Cəmiyyət üçün maksimal faydalılığın təzahürlərini bu qadının simasında görə bilirdim... Bu baxımdan Nuranə xanım mənim təəssüratlarımda ideal bir vətəndaş, ictimai xadim və Azərbaycan qadınıdır...

Nuranə xanımın fəaliyyətində dil amili xüsusi həssaslıqla yanaşdığı bir məsələdir. Səlis danışmaq, dilin şəffaflığını, ədəbi dilin normalarını qorumaq və onun qaydalarına riayət etmək, dil mədəniyyətinə sahib olmaq, canlı danışıq dilinə malik olmaq onun işində vacib prinsiplərdəndir. Cəmiyyətdə dilin yerini – nüfuz dairəsini yüksək qiymətləndirən qadın ziyalımız Samux diyarının yeni nəslini həm milli dildə, həm də günümüzdə beynəlxalq dillər sırasında birinci yerdə duran ingilis dilində maarifləndirir. Samux rayon Heydər Əliyev Mərkəzində ilk dəfə Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası ingilis dilində tamaşaya qoyulmuşdu. Mərkəzdə yaradılmış “Könüllü teatr”ın Samux rayon Tatlı kənd orta məktəbin şagirdləri bu çətin məsuliyyətin altından bacarıqla çıxa bilirlər. Və bu da həm şagirdlərin, həm də Mərkəzin ictimai fəaliyyətində uğurlu bir hadisədir...
Yuxarıda qeyd etdik ki, Samux rayon Heydər Əliyev Mərkəzi Azərbaycan xalqının ümummilli lideri ulu öndərin zəngin irsinin və məfkurəsinin təbliği ilə məşğul olur. Bu istiqamətdə Nuranə xanım bir çox özünəxas, maraqlı, orijinal tədbir və layihələrin təşkilatçılığını edib. Müxtəlif zamanlarda hazırlanmış “Azərbaycan mədəniyyətinin himayədarı-Heydər Əliyev” sərgisində, “100 şəkil-100 xatirə” layihəsində, “Heydər Əliyev və Azərbaycan gəncliyi” tədbirində və s. işlərdə Nuranə müəllimin xüsusi zəhməti var. Məsələn “100 şəkil-100 xatirə” layihəsində ulu öndərin 100 nəfərlə - alimindən tutmuş fəhləsinədək müxtəlif şəxslərlə fotoşəkli bir yerə toplanılıb. İdeyasının üzərində böyük həvəslə işləyən Nuranə xanım sonda əsrarəngiz bir sənət əsərinin ərsəyə gəlməsinə səbəb olur... Azərbaycan xalqının ümummili lideri Heydər Əliyev xalqın tərəqqisi üçün zəruri olan bütün sahələrin inkişafına öz töhfəsini verib, onların Azərbaycanda yüksələn dinamikasına ideal bir rəhbər kimi zəmin yaradıb. Bu, təhsil, səhiyyə, tarix, iqtisadiyyat, mədəniyyət, dil, din və milli məsələlər, eləcə də multikulturalizm və tolerantlıq kimi digər sahələrdə də belədir. Bütün bu şərəfli tarixi tədqiq və təbliğ etmək, gələcək nəsillərə ötürmək, onlara vətənpərvər ruh aşılamaq sevindirici haldır ki, məhz Nuranə müəllim kimi maarifçi qadının və onun simasındakı ziyalılarımızın vəzifə öhdəliyidir...

Azərbaycan fikir, milli ideologiya və mətbuat tarixində əhəmiyyətli yer tutan mütəfəkkir Əhməd bəy Ağaoğlu “Bəs bizim ziyalılarımız haradadır” məqaləsində yazır: “Siz peşələri ilə bağlı məsələlərdən başqa heç bir şey bilməyən, heç nə ilə maraqlanmayan insanları necə ziyalı adlandırırsınız? Məgər ictimai fəaliyyət ziyalılığın ümdə şərtlərindən biri deyilmi? Məgər cəmiyyət həyatı ilə bağlı məsələlərə nüfuz etmədən, ictimai işlərlə məşğul olmadan ziyalı sayılmaq mümkündürmü? Onda ən sıradan olan bir sənətkarla ziyalının nə fərqi var və s. və i.a.” Doğrudan da fərq nədədir? Yalnız diplomda? Əgər diplom öz sahibinə hər kəsə məlum olan borc hissi, ziyalını kütlədən fərqləndirən mənəvi və əxlaqi tələbat aşılaya bilmirsə, onun adi kağız parçasından nə fərqi var?”
Bu ibrətamiz cümlələri Ə.Ağaoğlu hələ XX əsrin əvvəllərində qələmə alırdı. O zamankı Azərbaycan cəmiyyəti inkişaf etmiş xalqlardan bir çox sahələrdə geridə idi və onu irəli aparacaq ziyalı ictimai xadimlər-milli kadrlar azlıq təşkil edirdi. Lakin dövrləri və faktları müqayisə edəndə bu gün aşkar fərq bizi sevindirir. Azərbaycan xalqının gələcəyi üçün narahatlıq və təlaşlarını ifadə edən dahi şəxsiyyətimizin bir əsr qədər ömrü olan məqaləsinə bu gün cavab vermək istəyirəm…
- Bizim ziyalılarımız buradadır, möhtərəm Əhməd bəy! Ziyalılarımız xalqımızı irəli aparmaq üçün əzmkar bir mübarizədədir. Elə fəaliyyətini kiçik bir yazıda qələmə aldığımız Nuranə xanım bu ziyalılığın mükəmməl nümunəsidir...

Lalə TURAN
3-10-2024, 12:36
"Məmməd Arazın "Səməd Vurğunla söhbət"i"


"Məmməd Arazın "Səməd Vurğunla söhbət"i"

Əziz oxucular, ədəbi tənqidin ədəbi mədhiyyəyə çevrildiyi, hər yerindən duranın pul gücünə kitab çap elətdirib təqdimat keçirtdiyi, Yazıçılar Birliyinin (eyni dəstə) Üzvlərinin topa-topa həmin təqdimat mərasimlərində bir-birini təriflədiyi(daha doğrusu həriflədiyi) bir vaxtda Qocaman tənqidçi Qurban Bayramovun aşağıdakı qeydlərini sizlərlə bölüşmək istədim. Söz qədri bilənlərə sayğılarla: Tamxil Ziyəddinoğlu- “Bütöv Azərbaycan” qəzetinin təsisçisi və baş redaktoru.

Qurban Bayramov:
“Belə düşündüm ki, bir mətləbi Sizlərlə bölüşüm. Xəbər vermişdim ki, 20 il bundan əvvəl əvəzedilməz milli şairmiz Məmməd Arazın 60 illik yubileyi münasibətilə elmi sessiyada etdiyim "Vətən daşını vətəndaşa çevirən Məmməd Araz" adında məruzənin mətni hissə-hisə "Bütöv Azərbaycan" qəzetində dərc edilir. (Bax: "Bütöv Azərbaycan", 25-30 sentyabr, 02-08 oktyabr 2013-cü il 31, 32 saylı qəzet.) Qəzetin 32-ci sayının 10-cu səhifəsindəki mətnin bir hissəsinə yeni başlıq qoyub diqqətinizə çatdırıram:”
"Məmməd Arazın "Səməd Vurğunla söhbət"i"
“Səməd Vurğunla söhbət” şerində vaxtilə güclü mənəvi keyfiyyətlər qazanmış ədəbi mühitdə baş verən əxlaqi-mənəvi mürəkkəblik, ziddiyyət, deqredasiya, təbəddülat bütün reallığı ilə əksini tapır, təsirli və ibrətamiz mahiyyət kəsb edir:
Alqış, alqış! Az qaldı ki, tavan sına!
Sən gəlmədin bu axşama, səsin gəldi;
Səsin əvvəl qulağıma həzin gəldi.
Sonra bir az nəfəsinə qüvvət gəldi.
ÇOX XƏBİSLƏR elə bildi, Səməd gəldi:
ÖN SIRADA TİTRƏDİLƏR,
ÖN SIRADA BÜDRƏDİLƏR,
Lent qurtardı, nəfəs dərib, “ox” –
dedilər...
Çox vəfalı dostların da
O gecədə yoxdu ancaq;
Bilirdilər Səməd bir də
Məruzəçi olmayacaq...

...Səndən sonra səni bir az silkələdik,
Çox aradıq, çox çevirdik, çox ələdik.
Böyüklərin faciəsi böyük olur...
Səndən sonra
...Görüşlərin hərarəti sənsizləşib,
Kürsülərin cəsarəti sənsizləşib.
Ağsaqqallar səxavəti sənsizləşib...
...Cavanlara vədlər artıb;
Vədlərin iki misli sədlər artıb...

Səməd Vurğunun vəfatından sonrakı dövrdə Azərbaycan ədəbiyyatında yeri, zənginliyi, milli şöhrəti, qüvvətli humanizmi, fəlsəfi dərinliyi və yetkinliyi, intellektual dolğunluğu bu şeirdə bir daha təqdir və təsdiq olunurdu... Burada Səməd Vurğunun şəxsində poeziyamızın müqtədir, korifey bir sənətkarının lirik qəhrəmana çevrilmiş mübariz, aparıcı, öncül xarakteri boya-boy görsənir...
Məmməd Arazın “Şair vüqarı” şerində də bu motivi davam etdirmiş vüqarı, qüruru, əyilməzliyi (“Əyilməz vicdanın böyük heykəli” misrasını xatırla) şairə xas olan əsas və gözəl xüsusiyyətlərdən biri kimi qeyd etmişdir:
Vüqarla yaşamış söz babaları,
Onu yaşatmasın şerimiz niyə?
Əyilmək bilməyən şair vüqarı
Yalnız baş əyibdir əyilməzliyə.

Əyilə-əyilə yaşayanlar, “tabelər”, “müti məhəbbətlər”, “həlim təbiətlər” şair şəxsiyyətinə uyğun gəlmədiyindən Məmməd Arazın şair qəlbini yaralayır, onların hökmranlar qarşısında qatlanmış dizlərini, əyilmiş bellərini düzəltmək istəyi ilə yazır bu şeiri və kişi vüqarı ilə təmiz, məğrur yaşamaq, şair-insan ömrünün ən qiymətli tarixi və əzəli səhifələridir, - deyilir bu şeirdə...
“Söz babalarına” xas mənəvi keyfiyyətləri, prinsipiallığı və vüqarı qorumağı və inkişaf etdirməyi umur qələmdaşlardan Məmməd Araz və sənətkar şəxsiyyətinin bütövlüyünü də bunda görür, yazıda-pozuda bir cür, həyatda, məişətdə başqa cür olan “qələm tutanları” mənəvi bütövlüyə çağırır... Əslində, yaradıcı şəxsiyyət yaradıcılığındakı iddiyaya uyğun bir şəxsiyyət olmalıdır...
O, öz fikrini demək üçün “ Səməd Vurğunla söhbət”dən ədəbi priyom kimi istifadə etmişdir. Söhbət mahiyyət etibarilə Səməd Vurğundan getmir. Şair xəbisləri, paxılları, dili ilə ürəyi bir olmayan, dırnaqarası “vəfalı dostları”, cəsarətsizliyi, hərarətsizliyi, Səməd Vurğunu bədxah niyyətlə “silkələmək” təşəbbüsündə olanları tənqid etmişdir. Səməd Vurğun olmasın, qeyrisi olsun, şair, ümumiyyətlə, ədəbi mühitdə müşahidə etdiyi haqsızlığa qarşı çıxır. Xəbisləri, paxılları, öz şöhrəti üçün başqalarını ləkələməyə çalışanları tənqid etmək lazımdır ki, bu hal davam etməsin, ədəbi mühitdə daha sağlam, daha mehriban münasibətlər yaransın. Xəbislər bilsinlər ki, onların haqsızlığı çoxlarının etirazına səbəb olur və unudulmur...
Bu şeirin üzərində ona görə belə dayandıq ki, şeir vaxtilə ədəbi mühitdə də mübahisə və müzakirə doğurmuşdu... Beləliklə, Məmməd Araz lirikası ardıcıl bir şəkildə dövrün yaradıcı pafosunu, fəlsəfi axtarışlarını əks etdirdiyindən ürəklərə asanlıqla yol tapır, öz hərarəti ilə qəlbləri isindirir, orada özünə yuva salır. "
Mənə elə gəlir ki, bu ilin ortalarında Səməd Vurğun şəxsiyyəti və irsi ilə bağlı baş verən insidentə böyük Məmməd Araz ən tutarlı cavabını vermiş, mən də bunu görüb 20 il bundan qabaq təqdir etmişəm...
03.10.2013.
3-10-2024, 09:58
TÜRKMAN TƏK OĞULLAP OLMASA ƏGƏR…

TÜRKMAN TƏK OĞULLAP OLMASA ƏGƏR…

Qələm dostum, yazıçı Hüseyn İsaoğlu «Vətənin ölməz şəhidi» kitabını mənə sarı uzadıb kövrək və titrək səslə pıçıldadı: «Bacım oğlu Türkman haqqında xatirələr toplusudur. İkinci Qarabağ müharibəsində - 22 yaşında şəhid olub». - Dostum Hüseynin müəllifi olduğu «Vətənin ölməz şəhidi»ni müqəddəs «Qurani Kərim» kitabı kimi ürəyimin üstünə qoyub mən də kövrək səslə belə dedim: «Türkman təkcə sənin bacın oğlu deyil, o, həm də mənim bacım oğludur, hər bir azərbaycanlının bacısı oğludur. O qeyrətli Vətən oğlu doğma Qarabağın azadlığı uğrunda, həm də damarlarında türk qanı axan hər kəsin azad və xoşbəxt yaşamağı uğrunda, Azərbaycanın suverenliyi uğrunda şəhid olub, canını bu millətin yolunda qurban verib». - Susdum. Daha heç nə deyə bilmədim. Axı nə deyəyədim?
Və həmin günün axşamı «Vətənin ölməz şəhidi» kitabını oxumağa başladım. Qəhər məni boğurdu, göz yaşlarımı saxlaya bilmirdim. Kitabı oxuya-oxuya özümü Türkman balamızın yanında - döyüş cəbhəsində hiss eləyirdim, özümü onunla birlikdə döyuş meydanında - Füzuli-Cəbrayıl-Qubadlı istiqamətində gedən ölüm-dirim savaşında görürdüsm. Həm də görürdüm ki, o igid əsgərlə, Vətənin qəhrəman oğlu ilə çiyin-iyinə vuruşuram. Bir də baxıb gördüm ki, gecə yarıdan keçib, pəncərəmdən Ay işığı süzülür. Ay işığına baxdım. Birdən mənə elə gəldi ki, pəncərəyə düşən Ay işığı Türkmanın müqəddəs ruhudur. Elə bu zaman qeybdən bir səs gəldi:
- Oxuduğunuz nə kitabıdır?
- Şəhid Türkmanın ömür kitabıdır, - qürurla bildirdim.
- Türkmanın ömür kitabı hələ yazılıb qurtarmayıb.
- Türkman ömür kitabını özü yazıb, - dedim. - Onun yazdığı ömür kitabı bu günkü və gələcək nəsillər üçün bir vətənpərvərlik, yurdsevərlik nümunəsidir, düzlük, şərəf və ləyaqət, igidlik, cəsurluq, qorxmazlıq nümunəsidir, kişilik və qeyrət nümunəsidir.
- Düz deyirsiniz! Türkman kimi oğullar vətənin, millətin başucalığıdır, qeyrət simvoludur. Onlar Vətən üçün doğulub, Vətən üçün canlarından keçərək ölməzliyə qovuşurlar… Türkman indi Tanrı dərgahındadır! - Qeybdən gələn səs qəfil eşidildiyi kimi, qəfil də yox oldu. Ay işığı pəncərəmdən yavaş-yavaş çəkilirdi. Hiss etdim ki, dan yeri qızarır. Dan yerinin qızartısında Türkmanı gördüm. Onu səsləmək istədim. Elə bu zaman diksinib ayıldım və yuxu gördüyümü hiss elədim. Və mənə elə gəldi ki, şəhid Türkman Məmmədovun ruhu Ay işığına dönüb mənimlə «görüşə» gəlib. Doğrudan da «Vətənin ölməz şəhidi» kitabını oxumaq, elə şəhid Türkmanın ruhu ilə görüşmək deməkdi. Və mən də kitabı oxuyub vətənin qəhrəman oğlu ilə görüşdüyümü zənn edirəm.Kitabın hər səhifəsində Türkmanın özünü görürsən, onun vətənə, xalqa, millətə layiq bir oğul olduğunu hiss edirsən. Onun kimi oğullarla bir daha fəxr edirsən, öyünürsən. Öyünürsən ki,Azərbaycan Türkman kimi igid, mərd, cəsur oğullar yurdudur. Nə qədər ki, Türkman kimi oğullar var, Vətən də var! Məhz onun kimi igid oğulların sayəsində Azərbaycan öz suverenliyini bərpa elədi, üç rəngli bayrağımız Şuşada, Laçında, Xankəndində…dalğalanmağa başladı. Qarabağın hər yerində göylərə ucalan üç rəngli bayrağımız Türkman kimi ər oğulların canlarını qurban verməsi nəticəsində dalğalınır və həmişə də dalğalanacaq…«Vətənin ölməz şəhidi» adi kitab deyil, Hüseyn adlı dayının bacısı oğlu Türkmana ucaltdığı möhtəşəm bir abidədir. Bu abidə sözlə ucaldılıb. Sözlə ucaldılan abidə abidələrin ən möhtəşəmidir və həm də əbədidir.

Kitabı yarpaq-yarpaq çevirib oxudum və hər səhifəsinə göz yaşlarımın damla-damla töküldüyünü görüb özümü ələ almağa çalışdım. Amma bacarmadım. 22 yaşlı gəncə - ürəyində sevgi tumurcuqları təzəcə göyərməyə başlayan bir cavana necə göz yaşları axıtmayasan? «Füzulinin azadlığı uğrunda», «Vətən uğrunda» medalları ilə təltif edilən, Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan, adını İkinci Qarabağ müharibəsinin ən şanlı səhifələrinə qızıl hərflərlə yazdıran Türkman Yolçu oğlunun gənc yaşlarında həyatdan köç etməsinə kədərlənsək də, onun keçdiyi şərəfli, amma qısa ömür yoluyla fəxr edirsən, sevinirsən. Sevinirsən ki,onun kimi yurddaşımız, soydaşımız olub və onun kimi oğullar bu gün də var, sabah da olacaqdır.
«Vətənin ölməz şəhidi» kitabını oxuyub başa vurandan sonra istər-istəməz öz-özümə pıçıldadım: «Sağ ol, Yolçu kişi! Sağ ol, Rəhimə bacı! Sağ olun ki, Türkman kimi oğul böyütdünüz. Elə bir oğul ki, o, təkcə sizin deyil, bütün Azərbaycanın oğlu kimi tanındı. Onun kimi oğullarla, ancaq fəxr etmək olar!
Başını dik tut, Rəhimə ana!
Başını dik tut, Yolçu kişi! Türkman ölməyib, şəhid olub. Şəhid olmaq Tanrının bəxş etdiyi ən böyük xoşbəxtlikdi. Bu xoşbəxtlik sizin oğlunuza da qismət oldu. Bu, Allahın qismətdiir. Allahın qismətinə şükür!».
…Yazıçı Hüseyn Məmmədov «Vətənin ölməz şəhidi» kitabıyla, həm öz yazıçı missiyasını, həm də öz dayı borcunu ləyaqətlə yerinə yetirib. Qələmini ürəyinin qanına batırıb belə bir təsirli və sanballı kitabı oxuculara ünvanlayıb. Bu kitab həm də bir qəhrəmanlıq dastanıdır. Bu kitabı oxuyan hər bir gəncin qəlbində qəhrəmanlıq, vətənpərvərlik duyğuları baş qaldıracaq və onlar da Türkman kimi vətənə layiq bir övlad olmağa çalışacaq, Türkmanın keçdiyi həyat yolundan çox şey öyrənəcəklər…
«Vətənin ölməz şəhidi» (Bakı, 2021) xatirələr toplusunda Türkman Məmmədov haqqında geniş məldumat verilib, onun həyat yoluna bir nəzər salınıb. Bu xatirələri oxuduqca, onun ömür yolu ilə tanış olduqca gözlərimiz önündə ucaboy, enlikürək, cəsur və mərd bir oğul canlanır. Elə bir oğul ki, onun kəsilən dırnağını müharibə vaxtı dovşana, dinc vaxtı şirə dönən yüzlərlə harınlamış məmur balalarının həyatından daha qiymətlidir. Elə bir oğul ki, dünyaya kişi kimi gəldi, kişi kimi getdi. Və İkinci Qarabağ müharibəsindən yayınan, qaçıb gizlənən varlı balaları onun kimi oğulların əllərinə su tökməyə belə layiq deyillər.
Türkman kimi oğullar, əslində harın məmur balalarına, varlı balalarına bir kişilik dərsi keçdilər. Amma onlar kişilik dərsinə yiyələnə bilmədilər. Kişilik kişinin qanında olar. Var-dövlət, sərvət içində xumarlanan, yaşadıqları qəsrləri vətən bilən «kişilərdən» kişilik gözləmək də əbəsdir.
Türkman ərz elədiyim kimi dünyaya kişi kimi gəlmişdi… İlk kişilik dərsini dünyaya göz açdığı Gədəbəy elinin Hacılar kəndində almışdı. Hacılar kəndinin dağ havası, bulaq suyu onu mərd, cəsur böyütmüşdü. Eləcə də atası Yolçu kişinin haqqsevərliyindən, halallığından, zəhmətsevərliyindən… onun damarlarında axan qana, sinəsində döyünən ürəyə bir vətənpərvərlik toxumu, qeyrət toxumu səpilmişdi. Bu qeyrət, vətənpərvərlik «toxumu» onun polad sinəsində yavaş-yavaş cücərib boy atmışdı. Məhz buna görə də, Türkman qəhrəman oğul olmaldıydı, oldu da.
Qəhrəmanlıq süddən, sümükdən gəlir. Türkman onun taleyinə yazılan qəhrəmanlıq missiyasını şərəflə yerinə yetirdi. Oktyabrın 2-də cəbhəyə yola düşdü. 25 gündən sonra qanıyla bir qəhrəmanlıq, igidlik dastanı yazaraq haqq dünyasına qovuşdu. Onun yazdığı qəhrəmanlıq dastanı «Vətənin ölməz şəhidi» kitabında əks olunub. Ona görə də Türkmanın qəhrəmanlığından, şərəfli ömür yolundan söz açmadım, sadəcə olaraq qəhrəman bir oğuldan bir neçə söz deməklə kifayətlənməli oldum.

Və ən nəhayət, sözümü üç yarpaq şeirlə tamamlamaq istəyirəm:

Sonalar uçuşub hər göldən gedər,
Ən şirin arzular könüldən gedər.
Vətən əldən gedər, yurd əldən gedər,
Türkman tək oğullar olmasa əgər!

İndi nə Kəlbəcər, nə Şuşa vardı,
Doğma türk elləri yada qalardı.
Axan göz yaşımız daşı oyardı,
Türkman tək oğullar olmasa əgər!

Bilməzdik payızdı, bilməzdik yazdı,
Şəhidlər olmasa, Vətən olmazdı.
Düşmən daş üstündə bir daş qoymazdı,
Türkman tək oğullar olmasa əgər!


Vaqif İSAQOĞLU
1-10-2024, 22:09
Təbrik  Həyatından sevinc, sevgi əskik olmasın!


Təbrik

Həyatından sevinc, sevgi əskik olmasın!

(Dostum Fikrət həkimin yubileyinə)
Dünyada hamı yaşayır, amma elə insanlar var ki, kimsə onların niyə, nə üçün yaşadıqlarını düşünmək belə istəmirlər. Elələri də var ki, həm özünə, həm də dostlarına tez-tez sual ünvanlayırlar. Biz dünyaya nə üçün gəlmişik, ümumiyyətlə niyə yaşayırıq? Kimə lazımıq? Mənim dostum Fikrət Orucov bu sualları çox verib, həm də sualının cavabını özünün həyat tərzi, əməli işi və ətrafdakılara faydası ilə verməyə çalışıb. Oktyabrın 2-də əziz dostumun 60 yaşı tamam olur. Bu münasibətlə onu qəzetimizin oxucuları ilə də tanış etmək istədim:
Fikrət Orucov 1964-cü ildə Zəngəzur Mahalının Qafan rayonunun Baharlı kəndində dünyaya gəlib. Doğma kəndindəki 8 illik məktəbi əla qiymətlərlə bitirdikdən sonra orta təhsilinə Kacaran şəhərindəki Azərbaycan məktəbində davam edib. 1983-cü idə orta məktəbi dərs əlaçısı olaraq bitirib. Elə həmin il də Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olub. Ali təhsili başa vurmamış hərbi xidmətə gedib. 1982-1984-ci illər arası Sovet Ordusunda qulluq edib. Xidməti başa vurandan sonra Universitetdə təhsilinə davam edib. 1985-1989-cu illərdə ali tibbi təhsili başa vurduqdan sonra 1 il Nəsimi Rayon Mərkəzi Aptekində interna keçib. Interna müddəti bitdikdən sonra Yasamal rayonundakı 50 saylı aptekdə provizor kimi işə başlayıb, bir müddətdən sonra böyük provizor olub. Qısa müddətdə əczaçılıq sahəsində qazandığı təcrübəni və nümayiş elətdiyi peşəkarlığı nəzərə alıb Fikrət Orucova etimad göstəriblər. Onu Sumqayıt şəhərindək 951 saylı aptekə müdir təyin ediblər.
Sovet İttifaqının çöküşündən, ictimai-siyasi formasiyanın dəyişməsindən sonra həkim öz ixtisası üzrə sahibkarlıq fəaliyyətinə keçib. “Zeytun 37” aptekini təsis edib. Elə o vaxtdan özü yaratdığı qurumun rəhbəri vəzifəsində çalışır.

Yuxarıda qeyd olunanlar Fikrət Orucovun ömrünün qısa ensiklopedik məlumatıdır. Ancaq onun 60 illik enişli yoxuşlu həyat yollarının keşməkeşləri də var. O hələ yeniyetmə çağlarından erməni faşistlərinin diskriminasiya siyasətinin şahidi olub. Doğulduğu Baharlı kəndini yerində göl qurmaq bəhanəsilə köçürüblər. Ulularının uyuduğu qəbiristanlığın sökülüb dağıdılması onun yaddaşında silinməz izlər buraxıb. Bütün Qərbi Azərbaycanlı soydaşlarımız kimi o da qaçqınlığın, ata yurdundan məhrumluğun ağrı-acısını yaşayıb. Qarabağdakı separatçıların vurduğu yaralardan onun da ailəsinə pay düşüb. Qardaşının oğlu Birinci Qarabağ Müharibəsində şəhid olub.
Deyirlər dərd gələndə batmanla gəlir. Fikrətin də dərdi batmanla gəldi, şəhidinin yarası qaysaqlanmamış öz ailəsində faciə baş verdi. İki qızının tək qardaşı İlkinin bəy taxtına oturmamış dünyadan köçməsi onu elə sarsıtdı ki...

Yaxşı ki doğmalarının, dostlarının nəvazişi, diqqəti sayəsində yenidən həyata tutuna bildi.
60 yaşa qədər həyatın hər üzünü görə-görə gələn, ximətdə, işdə cəmiyyət içində, ümumiyyətlə ətrafdakıların min cür əməlinin şahidi olan F.Orucov bu illər ərzində yalnız yaxşılardan örnək alıb. Pisliyi, paxıllığı qəlbinə yaxın buraxmayıb. Xeyirxahlığı, humanistliyi ruhunun qidası bilib, həyat amalına çevirib. O, həm də sədaqətli dost, istiqanlı qohum, cəfakeş ailə başçısı, qürurlu vətəndaşdır.
Bu gün ləyaqətli vətəndaşımız, təəssübkeş eloğlumuz haqqında nə qədər istəsəniz yazmağa mövzu var. Onu da qeyd edək ki, yaşadığı Sumqayıt Şəhərinin abadlaşdırılmasında imkan daxilində yardımını əsirgəməyib. Fıkrət Orucov Vətən müharibəsi dövründə öz maddi-mənəvi imkanlarını ordumuzun qələbəsi üçün səfərbər edib. İstər dərman tədarükü, istərsə də digər təminatlarda bütün imkanlarını ortaya qoyub. Bir sözlə onun mayası xeyirxahlıqdan yoğrulub. Yaxşılıq etməkdən zövq alır.

30 ili aşan tanışlığımız artıq dostluğa çevrilib. 60 illik ömrünün yarısından bəri tanıdığım Fikrət peşəsinə sadiq olduğu qədər də dostluqda vəfalıdır. Dürüstdür, sözübütövdür.
Əziz dostum, qardaşım Fikrət, yubileyin münasibətilə səni ürəkdən təbrik edirəm. Sənə sağlam, uzun ömür, peşə fəaliyyətində uğurlar, ictimai-siyasi həyatında nailiyyətlər arzulayıram! Bütün acıların keçmişdə qalsın. Uca yaradanımız gül balaları gözünə çıraq eləsin! Qalan ömrünü könül xoşluğu, ruh dincliyilə yaşayasan! Dostlara, doğmalara olan sevgin tükənməsin! Biləsən ki sevdiklərin səni daha çox sevirlər.
Əzizim həyatından sevinc, sevgi əskik olmasın! 100 yaşa!
Hörmətlə: Tamxil ZİYƏDDİNOĞLU,
Hərbi Jurnalistlər Birliyi İdarə Heyətinin sədri
26-09-2024, 14:42
SÖZÜ VƏ İZİ QALAN  ALİM


SÖZÜ VƏ İZİ QALAN ALİM
İllərlə, əsrlərlə
Fırlanır özü üçün,
“Mənəm-mənəm” deyir
Dünya.
Adamyeyəndir,
Hamını yeyir dünya...

Şahin Fazil
Azərbaycanın görkəmli tarixçisi və şairi Şahin Fazil Fərzəliyev 18 avqust 2024-cü il tarixində 84 yaşında vəfat etdi. Bu itki AMEA əməkdaşları ilə bərabər, ölkəmizin elmi və ədəbi ictimaiyyətini də çox kədərləndirdi. Çünki tarix elmləri doktoru, professor Şahin Fazil sıradan bir elm adamı və şair deyildi. O, fars dilini mükəmməl bilən, ərəb dilinə və klassik osmanlı türkçəsinə yaxından bələd olan mənbəşünas alim idi. Azərbaycan Səfəvilər dövlətinin, Səfəvi-Osmanlı münasibətləri tarixinin bir sıra qiymətli farsca və osmanlıca mənbələrini tərcümə və şərh etməklə, eyni zamanda həmin mövzularda qiymətli elmi monoqrafiyalar yazmaqla mənbəşünaslıq və tarixşünaslıq elmimizə əvəzsiz töhfələr vermişdi. Onun təkcə orta çağların məşhur türk (azərbaycanlı) tarixçiləri olan İsgəndər bəy Münşi Türkmanın “Tarixe-aləmi-araye-Abbas” (“Dünyanı bəzəyən Abbasın tarixi”) və Həsən bəy Rumlunun “Əhsənul-təvarix” (“Tarixlərin ən yaxşısı”) əsərlərini farscadan ana dilimizə tərcümə etməsi, orada işlədilmiş yüzlərlə beyt şeir nümunələrini, Qurani-Kərim ayələrini də tərcümə və şərh etməyi bütöv bir tədqiqat institutunun görəcəyi işə bərabərdir.
Qeyd edilməlidir ki, AMEA prezidenti, akademik İsa Həbibbəylinin, akademik Yaqub Mahmudovun və professor Kərim Şükürovun ön söz və müqəddimələr yazdıqları bu nadir və dəyərli kitabların tərcüməsi və nəşri Abbasqulu ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda mühüm elmi hadisə kimi dəyərləndirilmişdir. “Tarixlərin ən yaxşısı” əsərinin tərcüməsinə yazdığı əhatəli ön sözdə professor Şahin Fazilin bu elmi xidmətini yüksək qiymətləndirmişdir.
Ayrıca vurğulanmalıdır ki, Şahin Fazilin elmi yaradıcılığı onun ədəbi fəaliyyəti ilə üzvü vəhdətdə idi. 25 ildən çox idi ki, zəngin irsə, klassik ənənələrə malik olan ədəbi məclisə - Məcməul-şüəraya rəhbərlik edirdi, həmkarları ilə birlikdə əsrlərdən süzülüb gələn, xalqımızın ruhunu və zövqünü oxşayan Azərbaycan qəzəlini, həmçinin digər klassik ədəbi janrları yaşadır və inkişaf etdirirdi. “Şahına” müraciət sonluğu ilə bitən yüzlərlə qəzəl onun Allah, bəndə, eşq, ümid, dünya, zamanə, tale, insan, həyat, ölüm, cəmiyyət, əxlaq, mənəviyyat, ədalət və başqa dəyərlər barəsində duyğu və yaşantılarının poetik ifadəsi idi.
Mən sözşünasam, söz ki, bu dünyanı tutubdur,
Qəlbin gözü hər sözdəki mənanı tutubdur.

...Alim o kəsə söylə ki, elmində ziya var
Aşiq o kəsə söylə ki, sevdanı tutubdur.

...Yandım, məni söndürməyə cəhd eyləməsinlər,
Var məndə o cür yanğı ki, dəryanı tutubdur.


1970-1980-ci illərdə 13 il qürbətdə  Əfqanıstanda yaşayıb tərcüməçilik fəaliyyəti ilə məşğul olan Şahin Fazildə ailə və Vətən sevgisi birləşib onun poetik ilhamının qaynaq mənbəyi olmuşdu. Həmin illərdə onun qürbət şeirləri üstünlük təşkil edirdi. Fars dilində, eləcə də dəricə (əfqan farcası) bir çox şeirləri Əfqanıstanda və İranda nəşr edilmişdi. Onların bəziləri divanlarında da yer alıb:

...Şahin, yaxıl, yan ayrı: Sən qızlarından ayrı,
Ülviyyə bir tərəfdə, Şahanə bir tərəfdə...

... Qürbətdə yardan ayrı divanədir bu Şahin,
Yar bir tərəfdə ağlar, divanə bir tərəfdə.

Bakıya dönüşü, əvvəl Azərbaycan Dövlət Universitetində, sonra isə Elmlər Akademiyasının Tarix İnstitutunda çalışdığı illərdə onun elmi araşdırmaları ilə poetik yaradıcılığı paralel olaraq həyatının qayəsinə çevrilmişdi. Xalqımızım yüz illiklərlə yaratdığı ədəbi xəzinəmizi, xüsusilə qəzəl yaradıcılığına öz töhfəsini vermişdi. Bir qəzəlinin sonluğunda bunu belə ifadə etmişdi:
Şahina, gül qoparır çoxları gülşənlərdən,
Gülşənə gül gətirən tazə qəzəlxanəm mən.

Şahin Fazilin şeirləri onun həyat yaşantılarıdır. Şəxsiyyəti, xarakteri, həyata və insanlara, cəmiyyətə münasibəti misralarında görünürdü, şeirlərinin ritmində duyulurdu. Tarix və tarixçilik, qədim və orta əsr mənbələrini və mənbəşünaslıq materiallarını öyrənmək onun peşəsi idi. O taylı, bu taylı Azərbaycanın böyük ziyalısı Doktor Cavad Heyət deyərdi: “Cərrahlıq peşəm, ədəbiyyat eşqimdir”. Şahin Fazildə də tarixçilik və şairlik, yəgin ki, peşə ilə eşqin izdivacı idi, belə ki, şeirlərin böyük hissəsi tarixi yaddaşla, keçmişimiz və gələcəyimizlə, xalqımızın taleyi və mübarizəsi ilə bağlı idi. Onun poeziyasında bütöv bir Qarabağnamə var: ağrılı, acılı, tənəli, qınaqlı, amma qələbə ümidli:
Qarabağ torpağımızdan bizi kimlər qovdu.
Gələ əyyam, açıla cümlə kələklər bir-bir.

...Tutulan yerləri azad edə bilməzsək əgər,
Əvəz etsin papağı onda ləçəklər bir-bir.

Lakin onun şair intuisiyası ona ümid verirdi ki, bir gün torpaqlarımıza sahib olacağıq. Hələ 2001-ci ildə qələbənin üfüqlərinin belə sezilmədiyi zamanda yazdığı bir şeirində deyirdi:
Sahib olaram yenə Xankəndimə, Allah qoysa!
Salaram düşmənimi bəndimə, Allah qoysa!
2020-ci ilin iyulunda Tovuz döyüşlərində ordumuzu qələbəyə çağırırdı:
Minlərlə köçkünün naminə,
Qaçqının, üzgünün naminə,
Öndəki xoş günün naminə,
İrəli, irəli, irəli!..

İrəli neçə bağ yurduma,
İrəli sinədağ yurduma,
İrəli Qarabağ yurduma,
İrəli, irəli, irəli!..

Hökm edib “qana-qan” deyəcək,
“Çox dözdük, çatıb an” deyəcək,
Ali Baş Komandan deyəcək
İrəli, irəli, irəli!..

14 oktyabr 2020-ci il tarixində, Vətən müharibəsinin 18-ci günündə yazdığı “Qarabağnamə”qəzəlində uzun illərin həsrətindən sonra Qarabağımıza səslənirdi:

Ey şanlı diyar, ey Qarabağ, ey ana yurdum,
Hökmən düşəcəksən təzədən səhmana, yurdum!
Tezliklə səni eyləyib azad olarıq şad,
Ey şanlı diyar, ey Qarabağ, ey ana yurdum!
Qələbəmiz ona sanki ikinci nəfəs vermişdi, demək olar ki, Vətən müharibsinin hər günündə şeir yazırdı, çox zaman yeni şeirlərini mənə oxudurdu, deyirdi ki, sən bəhrinə uyğun oxuyursan, şeirin ruhunu, ritmini tutursan. Şahin Fazil 2023-cü il sentyabrın 20-də Qarabağda erməni terrorçularına qarşı 23 saat çəkən uğurlu antiterror əməliyyatının ertəsi günü yazmışdı:
Sərkərdə əsgəri səfərbər etdi,
Ordumu təzədən müzəffər etdi!
Bir günü bir ilə bərabər etdi
23 saat!
...Pələngə dönürük biz vuruşanda,
Qalmır şəhidliyin qorxusu qanda,
Qələbə yaşayır hər ötən anda
23 saat!
...Yadın təntənəsi bitdi nəhayət,
Əsarətin sonu yetdi nəhayət,
Qarabağı Ağbağ etdi nəhayət
23 saat!
23 saat!

Şeirlərinin həcminə vəznlərinə və janr müxtəlifliyinə görə, yəqin ki, müasir dövrümüzdə ona tay tapmaq çətindir. Bu on minlərlə beyt deməkdir. Onlarla dəyərli elmi əsərin, yüzlərlə elmi məqalənin müəllifi idi. Bununla belə, elmi təvazökarlığı bütün tədqiqatçılara ən canlı nümunə idi. Elmdə də, həyatdakı kimi rast gəlinən nöqsanlarla, “başabəla” alimlərlə barışa bilmirdi.
Poeziyasına tarixçiliyi dərindən sirayət etmişdi. Bir sıra şeirləri birbaşa tariximizin nəzmlə mahiranə təsviri və təhlili idi. Daha çox “neçin?” sualı qoyur, çox zaman cavabını da özü verirdi:
Gülüstan, Türkmançay xiffət dərsimiz,
Nə yaman uzandı həsrət dərsimiz,
Ala bilmişiksə ibrət dərsi biz,
Yenə özümüzə qayıtmalıyıq...

Bu gün səhvimizi islah naminə,
Şah Xətai kimi bir şah naminə,
Peyğəmbər naminə, Allah naminə
Yenə özümüzə qayıtmalıyıq.
1990-cı ildə yazdığı “Çaldıran” epik poemasında deyirdi:

Bağışlasın oxucu
Sındı qələm, yox ucu.
Çaldıranı yazmağa
Mənə gərək ox ucu!...

Ey nəsillər türkü türk zar eləyib, xar eyləyib,
Ey nəsillər, bir nümunə, bir misaldır Çaldıran.
Şahına, qan ağlayırsan xal düşübdür bağrına,
Xalqımın hərb tarixində qara xaldır Çaldıran!

Şahin Fazil təqribən beş min səhifəlik beş divanın müəllifi idi. Klassik divan ənənəsini yaşadan və inkişaf etdirərək poeziya xəzinəmizə dəyərli töhfə vermişdi. Bütün şeirlərinin, o cümlədən qəzəllərinin dili dup-duru ana dilimizin zənginliyini nümayiş etdirirdi:
Üzünə rəng, əzizim, çiyələkdən gəlmiş,
Nə gözəllik bu... İnandım ki, mələkdən gəlmiş...
Yenə keçmişmisən, ey yar, küçəmizdən yoxsa,
Nə ətirdir bu belə küləkdən gəlmiş.
...Deməyin göz yaşı gözlərdən axan adi sudur,
Qüssədir, mayeləşib qüssə bəbəkdən gəlmiş.
...Var qəzəlxan ki, gəlir sözləri dildən amma
Şahinın sözləri dildən yox, ürəkdən gəlmiş.

Akademik İsa Həbibbəyli Şahin Fazilin 80 illiyi ilə əlaqədar nəşr edilən “Qocalığın mübarək!” kitabına yazdığı ön sozdə deyirdi: “ Hər şeydən əvvəl, qeyd olunmalıdır ki, Şahin Fazil XX əsrdə ölkəmizdə ilk mətbu ”Divan” yazan, divanlarının sayını tədricən beşə çatdıran və qəliz dilli müasir qəzəlxanlara, özünün təbiri ilə desək, “divan tutan” şairdir”.
Şahin Fazil demək olar ki, Azərbaycan şeirinin bütün janrlarında və vəznlərində yazırdı: qəzəl, qəsidə, qitə, məsnəvi, mərsiyə, minacat, nət, şurud, rübai, təcnis, tərcibbənd, müxəmməs, bayatı, sonet, xoyrat, hayku və sairə. Onun divanlarında Allahın, Peyğəmbərin (ə), Peyğəmbər nəslinin vəsvinə dair onlarla minacatı, nəti, qəsidələri hər biri öyüd –nəsihətlə, hikmət və əxlaqi dəyərlərlə zəngindir. Məsələn Allaha müraciətində deyir:

Biz nəçiyik, Aşiq özün, Yar özünsən,
Hər neməti yoxdan eyləyən var özünsən...


Müəllifi olduğu “Təzkireyi-Şahin”də 120 şair-qəzəlxanın haqqında məlumat verirdi. Onun hər bir janrda yazdığı şeir həm klassik ənənəyə uyğundur, həm də müasirdir, bu günlə, həyatla səsləşir. Onun müxəmməsləri olduqca ilgincdir. Hətta unudulmaqda olan, misralarının biri başqa dildə, digəri ana dilində olan müləmmə janrına da müraciət etmişdir. Məsələn,
Qəzəle-taze neveştən ke, zərurəst emruz
Tazə-tər olmasa hər gül, xəzəlindən nə xeyir!?
Qısa beşlikləri, dördlükləri, üçlükləri çox idi, hamısı məna tutumlu, məzmunlu:
Məcnun səhra dəlisi,
Fərhad dağ dəlisi,
Mən söz!
*
Quraqlıq büruşə cahanı əgər
Mənə gözlərimin suyu bəs edər.
*
Şahin Fazili həmkarlarından, bir çox tədqiqatçılardan fərqləndirən cəhətlərdən biri onun getdiyi ölkələrdən: İran, Türkiyə, Kipr, Yaponiya və b. döndükdən sonra çox maraqlı səfərnamələr yazmasıdır. Təkcə “İran səfərnamələri” adlandırdığı kitabda bu ölkəyə 1992-ci ildən başlayan otuz səfərinin məlumatları və səfər şeirləri toplanmışdır. 2015-ci ilin iyulunda İrana 15-ci səfəri zamanı yazmışdı:
İstiqamət bizə xoşdur, yenə İran tərəfə,
Baş çəkək Ərdəbilə,Təbrizə, Zəncan tərəfə.
...Biz vüsal vurğunu olsaq da, əsl aşiq tək,
Arabir baş çəkirik şövq ilə hicran tərəfə.
...İran əlbəttə gözəl, dönməliyik tezcə geri,
Şahina, get və qayıt Azəribaycan tərəfə!
Şahin Fazil həyat yoldaşını vaxtsız itirəndən sonra ömrünün son 22 ilini tənhalıqda keçirsə də, həyatda və cəmiyyətdə tənha deyildi, övladları Şəhanə və Ülviyyəyə ata kimi çox bağlı idi, dostları, həmkarları, elmi rəhbəri olduğu və çoxunun namizədlik və doktorluq dissertasiyalarını uğurla müdafiə edən yetirmələri hər zaman onun diqqət və qayğı mərkəzində idi.
Şahin Fazil sözün bütün mənalarında təmiz adam kimi: heç vaxt heç bir iş müqabilində təmənna güdməyən, rüşvətə və rüşvət alana dərin nifrət bəsləyən, təmiz həyatı ilə fəxr edən şəxsiyyət kimi haqlı nüfuz qazanmışdı. Şahin müəllim həm də öz geyiminə, səliqə-səhmanına diqqət edirdi. Dik duruşu və yerişi ilə də fərqlənirdi, saç-saqqalı vaxtsız ağarsa da, bu ona çox yaraşırdı. Bizim bayatılara bənzər yapon haykularından ruhlanaraq yazdığı bir şeirində deyir:
Allahım, ətəyini mənə uzat!
Əllərim çirkli deyil,
Göz yaşımla yumuşam.

Şahin Fazil yüksək insani keyfiyyətlərə malik idi, mülayim, nəzakətli, xeyirxah, təmənnasız və iddiasız idi. Həyatda kiməsə yük olmağı istəməzdi, ölümü də, özünün dediyi kimi, “ ağac kimi dimdik” qarşılamaq istəyirdi
Allahım, cismimi qeyb eylə məzarıstanacan,
Olmağı yük diləməm çiyninə insanların.
Çox təvazökar idi. Ona vaxtilə edilən vəzifə təkliflərini qəbul etməmişdi, azadlığı sevirdi, özünün zəngin mənəvi dünyası ilə məşğul idi. Qocalığına dair bir neçə şeir yazmışdı- şəni də var, qəmlisi də:
Bu da mən,
Qocalmışam, bu da, mən.
Çəliksizəm, gəzirəm
Sözdən tuta-tuta mən.
Yaxud:
Qocalığın şəkəri var, qəndi var
Şahin Fazil, qocalığın mübarək!
Qoca olub cavan qalmaq fəndi var,
Şahin Fazil , qocalığın mübarək!

2023-cü ilin dekabrında yazdığı “Haray” şeirində Şahin Fazil planetimizin bütün kainatın xilası üçün şair harayı çəkirdi. Təbiətdən və tarixdən ilham alırdı. Elmi fəaliyyəti ilə əlaqədar onlarla ölkəyə səfər etmiş və gələcəkdə dəyərli ilk mənbəyə çevriləcək Səfərnamələr yazmışdı.
Yaxın iş yoldaşlarının ürəkdən bağlandığı məsləkdaşlarının, alim və şair dostlarının bir çoxuna şeirlər həsr etmişdi. Şahin Fazil “adam sərrafı idi” - desək, səhv etmərik. Özü də fəxrlə deyirdi ki, bu yaşımadək təmiz yaşamışam, rüşvət almamışam, kiminsə haqqına girməmişəm.
Bir səhər işdə görüşdüyümüz zaman mənə dedi ki, son vaxtlar qızlarım mənə daha tez-tez zəng edirlər, yəqin qorxurlar ki, birdən ölərəm. Yeri gəlmişkən ölümdən də əsla qorxmurdu. Onun üçün ölüm qorxulu bir kabus deyildi, çünki ruhun əbədiliyinə inanırdı. Bir şeirində deyirdi:
İnsan ölə bilər ruh ölən anda,
Elə zənn etməyin öləcəyəm mən.
Mənim tabutumu siz aparanda
Sizin ardınızca gələcəyəm mən.
Sevdiyi və dostluq etdiyi şairlərdən birincisi həmyerlisi Ramiz Qusarçaylı idi. Onun yaradıcılığını yüksək qiymətləndiridi və bu münasibətini Ramiz Qusarçaylının “Vətən” poemasına yazdığı təxminən 40 səhifəlik ön sözdə mahiranə ifadə etmişdi. Keçən ilin mayında Akademiya bağında keçirilən Kitab festivalında şeir oxuyan Ramiz Qusarçaylıya daha bir şeir yazmışdır (bu bəlkə onuncusuydu):
Şeir dedi, hay haraylı
şeir dedi şeir paylı
bizim Ramiz Qusarçaylı –
Şeir Adam!
Nəslinə-kökünə, doğulduğu Quba torpağına çox bağlı idi, Ahıl yaşında da atasını, anasını daim xatırlayır, onları tez-tez yuxuda gördüyünü deyirdi. Həyat yoldaşının xiffəti onunla ömür boyu davam edirdi. Onsuz keçirdiyi 22 ildə onlarla nisgil şeiri yazmışdı, ilk 40 gündə hər gün yazdığı elegiyalar xüsusilə duyğulu və təsirlidir. Bir şeirində deyir:
Ölməsən yanına gələ bilmərəm
Ölüb gələcəyəm sənin yanına.
Şahin Fazil cismən aramızda olmasa da, onun ruhu, şeiri, bədii və elmi əsərləri bizimlədir. Demək o, ürəklərdə, yaddaşlarda, doğmalarının və dostlarının qəlbində yaşayır.

EYNULLA MƏDƏTLİ
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, Fövqəladə və səlahiyyətli səfir













24-09-2024, 21:56
Sonuncu etnik təmizləmə:


Sonuncu etnik təmizləmə: Sumqayıt hadisələrinin günahsız qurbanı...--FOTOLAR

Tarix gec-tez həqiqətləri üzə çıxarır. Zamanın sürət girdabında ilişib qalmış bütün reallıqlar günün birində üzə çıxır… Elə 1988-ci il fevralın 27-si və 28-də Sumqayıtda törədilmiş qanlı hadisələr də bu timsaldadır...
Müvəkkil Hüquq Mərkəzinin sədri hüquqşünas Səməd Vəkilovun təşkilatçılığı ilə BAMF-nun ofisində Sonuncu etnik təmizləmə və Sumqayıt hadisələrinin günahsız qurbanı Əhməd Əhmədova həsr edilmiş tədbir keçirildi. Tədbirdə ziyalılar, ictimaiyyət nümayəndələri və mərhum Əhmədovun qardaşları iştirak edirdilər.

Hüquqşünas Səməd Vəkilov Əhməd Əhmədovun keçməkeşli həyatından, vətənpərvərliyindən söhbət açaraq bildirdi ki, cənab Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1988-ci il fevralın 27-si və 28-də Sumqayıtda baş vermiş hadisələrin istintaq işlərinin yenidən araşdırılması ilə bağlı göztərişinə əsasən Azərbaycan Respublikasının Baş Prokurorluğunda sözügedən cinayət işinin icraatı təzələnmişdir. Səməd Vəkilov Əhməd Əhmədovun məzarının geri alınması ilə bağlı məsələnin də diqqətdə saxlanılacağını bildirdi. \

Ələsgər Nağıyev qardaşı qızı Mahirə xanımla
ADPU-nin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Huseynova sonuncu etnik münaqişə zəminində baş vermiş Sumqayıt hadisələrindən, bu hadisələr fonunda Dərələyəz mahalından insanların erməni separatçıları tərəfindən necə çıxarılmasından, əmisi Ələsgər Nağiyevin çeçen komandirinin dəstəyi ilə, böyük fədakarlıqla, əhalinin təhlükəsiz şəraitdə çıxarılaraq Naxçıvanın Çalxanqala kəndinə köçürülməsinə yardım etməsindən danışdı.

Professor Mahirə Hüseynova həmçinin Əhməd Əhmədovun nəşinin Azərbaycana qaytarılması və ona bəraət verilməsinin vacibliyini də vurğuladı. Qeyd etdi ki, Sumqayıt təxribatının fəal icraçılarından biri 1959-cu ildə anadan olmuş Eduard Robertoviç Qriqoryan adında ermənidir. Çünki hadisələr zamanı öldürülən 26 erməninin 6 nəfərini məhz o öldürüb. Hadisədən 10 gün əvvəl Sumqayıtın bütün əmanət kassalarından ermənilərin öz əmanətlərini kütləvi şəkildə götürmələri, qırğınların videolentə alınması üçün erməni operatorlarının əvvəlcədən hadisələrin planlı şəkildə törədiləcəyi yerlərdə özlərinə xəlvəti çəkiliş mövqeyi seçmələri, iki gündən sonra həmin lentlərin montaj edilib bütün dünyaya nümayiş etdirilməsi haqqında danışdı.

Tədbirdə Əhməd Əhmədovun qardaşı Məmmədağa Əhmədov vurğuladı ki, Sumqayıt hadisələrinin təşkilatçıları ermənilər olmuşdur. Məmmədağa onu da bildirdi ki, günahsız yerə Əhməd Əhmədovu qurban seçdilər, lakin Əhməd məhkəmədə onları ifşa edərək günahsız olduğunu sübut etdi. Əhmədin onları ifşa etməsi isə ona həyatı bahasına başa gəldi. Əhməd Azərbaycanın Azadlığı yolunda qurban getdi.
Məmmədağa Əhmədov tədbiri təşkil etdikləri üçün MHM-nin sədri Səməd Vəkilova və professor Mahirə Hüseyovaya, “Bütöv Azərbaycan” qəzetinin baş redaktoru Tamxil Ziyəddinoğluna, tədbirə ev sahibliyi edən BAMF rəhbəri Umud Mirzəyevə öz minnətdarlığını bildirdi.
Qərbi Azərbaycan Dərələyəz mahalı Paşalı icmasının rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev bildirdi ki, Sumqayıt hadisələri zamanı Dərələyəzdə dogma Gomur kəndində Sumqayıt da guya ermənilərə qarşı soyqırımı olduğunu və bizi burada böyük təhlükələrin gözlədiyindən həyəcanlı anlar yaşadıqlarını söylədi.
Keşkənd İcmasının sədr müavini, şair Məhəmməd Rəsuloğlu sonuncu etnik təmizləmənin hər birimiz öz taleyimizdə yaşadığımızı bu hadisələrin ciddi tədqiq edilməyə ehtiyacı olduğunu vurğuladı.

Sonra söz "Bütöv Azərbaycan" qəzetinin baş redaktoru Tamxil Ziyəddinoğluna verildi. Tamxil müəllim Sumqayıt hadisələri haqqında geniş danışdı və bildirdi ki, 200 ildən artıqdır ermənilər Azərbaycan türklərinə qarşı soyqırımı törədirlər. Ermənilərin yaxın keçmişmizdə törətdikləri Xocalı soyqırımını unutmaq olmaz. Xocalı faciəsində 613 nəfər yox, 3813 nəfər qətlə yetirilib. Bu barədə erməni mənbələri məlumat verirlər. Erməni yazıçısı Daud Xeyriyan 2000-ci ildə nəşr olunmuş "Xaç naminə" kitabında yazır: “Bu şaxtalı qış səhərində Daşbulaq yaxınlığında bir kilometrlik bataqlıqdan keçmək üçün insan meyitlərindən körpü salmalı olduq. Mən meyitlərin üstü ilə getmək istəmirdim. Mayor Ohanyan işarə etdi ki, qorxmaq lazım deyil, müharibənin öz qanunları var. Mən ayağımı qan içində olan 9-11 yaşlarında qız uşağının sinəsinə basıb irəlilədim. Çəkmələrim, şalvarım tamam qana batmışdı. Bu qaydada 1200 meyitin üzərindən keçib getdim. Martın 2-də “Qaplan qrupu” (bu qrup meyitlərin yandırılması ilə məşğul idi) 2000-ə yaxın iyrənc monqol (Xocalı türklərini nəzərdə tutur) meyitini topladı və onları ayrı-ayrı topalarla Xocalının təxminən bir kilometrliyində yandırdı...”

Tədbirdə AMEA-nın Folklor İnstitutunun mifologiya şöbəsinin müdiri, professor Seyfəddin Rzasoy Əhməd Əhmədovun qardaşı Məmmədağa Əhmədova bildirdi ki, qardaşınızın qəbrinin olmamasına görə heç vaxt məyus olmayın. Əhmədin məzarı yüz minlərlə azərbaycanlının qəlbindədir. Biz hamımız yaxşı bilirik ki, Əhməd günahsız həbs edilib və güllələnib. Sumqayıtda təxribatı törədənlər SSRİ Dövlət Təhlükəsizlik Komitəsi, erməni kəşfiyyat orqanları və Daşnak partiyasının ekstremist qrupları idi. Maraqlı burasındadır ki, Sumqayıtda baş verən hadisələrdən bir neçə gün əvvəl Moskvadan SSRİ DTK-nin 36 nəfər əməkdaşı gəlmişdi. Yerli agenturanın verdiyi məlumata görə, Sumqayıtda iğtişaşlar törətmək üçün şəhərə erməni millətindən olan ekstremist qrupları daxil olmaqda idi.

Azərbaycan Dövlət Televiziyasının əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov bildirdi ki, Sumqayıtda bu hadisəni təşkil etmək üçün seçilmiş ermənilərdən istifadə etmişdilər. Sumqayıt hadisələrinin təşkilatçısı kimi azərbaycanlı Əhməd Əhmədov güllələnib, amma şahid ifadələri əsl günahkarın əslində, erməni əsilli Eduard Qriqoryan olduğunu sübut edir. Bu hadisələrin Moskva tərəfindən törədilməsini SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin o vaxtkı sədri N.Kryuçkov da etiraf etmişdir. Həmin vaxtlar ixtişaşlar nəticəsində erməni evləri dağıdılmış, onlarla adam yaralanmış, 32 nəfər, o cümlədən, 26 erməni, 5 azərbaycan türkü, 1 ləzgi öldürülmüşdür. O da məlumdur ki, öldürülən ermənilərin demək olar ki, hamısı erməni terror fondlarına pul keçirməkdən imtina edənlər olub.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Əkbər Bağırov tədbirin əhəmiyyətindən danışaraq qan yaddaşımızda mühüm yer tutan Sumqayıt hadisələrinin günahsız qurbanı Əhməd Əhmədovun məhkəmə də özünü məgrur bir azərbaycanlı kimi aparmasından, erməniləri ifşa etməsindən danışdı.
Dərələyəz icmasının üzvü, ehtiyatda olan mayor Telman İbrahimov Ələyəz kəndində 1988-ci ilin soyuq qış aylarında baş vermis faciəvi hadisələrdən danışdı. Onun vətənə həsr edilmiş şeiri tədbir iştirakçılarının marağına səbəb oldu.

Müvəkkil Hüquq Mərkəzinin sədr müavini, Qarabağ müharibəsi iştirakçısı Mobil Vəkiloğlu qeyd etdi ki, tarixmizdə xüsusi yer tutmuş Türkmənçay və Gülüstan müaqvilələri ciddi tədqiq edilməlidir.
Diaspor nümayəndəsi Şahin Əmirxanov tədbirin vacibliyini vurğulayaraq, hazırda çeçen və azərbaycan xalqları arasında təxribat törətməyə yönəlik pozucu fəaliyyəti tədbir iştirakçılarının diqqətinə çatdıraraq belə məslələrdə həsaslıq nümayiş etdirnməyin vacibliyini vurğuladı. Tədbirdə Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin əməkdaşı, Keşkənd İcmasının sədr müavini, Çivə kənd icmasının rəhbəri Möhübbət Səmədoğlu Azərbaycan istiqlal hərakatının mühüm səhifələrindən olan Meydan hadisələri zamanı Əhməd Əhmədovun müdafiəsi ilə bağlı Azadlıq meydanındakı coşğunu indi kimi xatırladığını qey etdi.
Tədbirdə Çivə icmasının üzvləri Namiq və Səltənət İmanquliyevlər, İlyas Vəkilov, Dərələyəz icmasının üzvü Ləman Qəhrəmanova, Dərələyəz icmasının üvü, ictimai fəal Anar Məmmədov, AMEA-nın Rəyasət Heyətinin əməkdaşı Elnur Eltürk, Dərələyəz icmasının üvü, ictimai fəal Səməd Məmmədov, BAMF-nin əməkdaşları Aqil Bayramov və Nizami Şəfiyev, Əhməd Əhmədovun qardaşı Möhübbət Əhmədov, İTV-nin yayım şurasının üzvü, folklorşünas Sevil Yusifova, Texnologiya Universitetinin tələbəsi, ictimai fəal Fidan Hüseynzadə, "Bəhram Nəsibov yaradıcılığının təbliği" İctimai Birliyinin sədri Adil Nəsibov, ADPU filologiya fakültəsinin dekanı, dosent Könül Həsənova, Qida mühəndisi Mahmud Mahmudov, Sumqayıt hadisələri zamanı xidmətdə olmuş, Qarabağ müharibəsi iştirakçısı Yaşar Vəkilov, "Bütöv Azərbaycan" qəzetinin şöbə müdiri, yazıçı Hüseyn İsaoğlu, şair Avdı Qoşqar, fotoqraf Rahim Qədimov da iştirak edirdilər. Onlar da Sumqayıt hadisələrində nahaq yerə təqsirləndirilmiş və güllələnməyə məruz qalmış Əhməd Əhmədovun taleyinə acıdılar, ermənilərə kəskin nifrət hissi bildirdilər.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Ümid Mirzəyev də bu cür tədbirlər üçün ev sahibliyi etməyi özünün mənəvi borcu bildiyini söylədi. Dövlətimiz və xalqımız üçün həyati əhəmiyyətli tədbirlər üçün qapılarımız ictimaiyyətin üzünə həmişə açıqdır,-dedi.
Butov.az




















22-09-2024, 10:16
ŞAİR HƏYATI YAŞAYAN ŞAİR

ŞAİR HƏYATI YAŞAYAN ŞAİR

(Faiq Balabəylinin bal kimi şeirləri)

Belə düşünürəm ki, bütün digər Şərq xalqlarında olduğu kimi bizdə də (bax bu yazını yazdığım dildə oxuyub anlayanlar) şeir yazmağa meyillilik, aludəçilik var. İstiqanlıyıq, həssasıq… Tez coşuruq… Ağına-bozuna baxmadan şeir qoşuruq… Cild-cild kitablar yazırıq. Tacir də yazır, müəllim də qoşur, alım də nəzmə çəkir və d. Əlqərəz yazmaq, qoşmaq bizim üçün adi bir işdir. Vəzifə və sənətimizdən asılı olmayaraq bu işi çoxumuz bacarırıq. Bu qabiliyyət anamızın südü, çəkdiyi bayatılarla hopur canımıza, qanımıza… Bir balaca qəmlənən və ya sevinən kimi sövqi-təbii qoşmalar qoşulur, boylar boylanır, dastanlar bağlanır… Gündəlik qayğılarımızdan dolayı məcubur olduğumuz işlə yanaşı şairliyi də yaşadırıq… Hərəmiz öz bildiyimiz kimi; həkim şair, müəllim şair, taksi sürücüsü şair və hətta qəssab şairlərimiz də var… Bir sözlə hərə öz həyatını yaşayır, şairlik şələsini də çiynindən yerə qoymur… Hərənin də öz həqiqəti və ehtiyacları var. Ələxsus son otuz ilin söz dünyasına quşbaxışı bir nəzər salsaq, mavi suların qoynunda bir şair görürük. Mən mavi sulara, sonsuz səmanın ənginliklərinə qərq olmuş bu şairə nə dənizçi, nə təyyarəçi, nə balıqçı şair deyə bilərəm. Bu əsl şair həyatı yaşayan (bütün parametrlərilə) şairdir.
Şairin qələmə aldığı ən yeni nümunələrdən birinə nəzər salaq (onun ötən əsrin sonlarında müxtəlif məkanlarda, fərqli vəziyyətlərdə, zaman şərtlərində yazdığı şerlər də var):
Mənim qoca şəhərim, mənim uca şəhərim,
neçə ilin həsrətini çəkən, yorğun Şəhərim!
Özümüzdən çox uzaq,
könlümüzə çox yaxın,

gözümüzlə görünməyən tənha, oğrun Şəhərim!
Burada şairin mühətabı Şuşa (Qala) şəhəridir. Qələmə aldığı hisslər ən son hadisələrin eyforiya qarışıq coşqunluğu ilə yoğrulsa da, cilalayıcı şair ruhu heç bir misrada çiy sözə yer verməmişdir. Bu nümunədə mühətabı Nəsimi ilə, M.Ə.Sabirlə, bütün Azərbaycanın özü ilə asanlıqla əvəz etmək olar. Əslində isə şair özü ilə söhbətləşir…
Çətin və bəzən hətta məşəqqətli olsa da şair həyatı yaşamaq hər şairə nəsib olmur… Dənizçi Faiq Balabəyli, tacir-sabunçu Sabir kimi, tacir-müəllim Hadi kimi əsl şair həyatı yaşayan barmaqla sayıla biləcək qədər az şairlərimizdən biridir.
Bu yazını yuxarıdakı qaydada əziz dostum, qardaşım Faiq Balabəylinin lap körpəlikdən qələmə aldığı istənilən nümunə ətrafında həcmcə nə qədər istəsəniz böyütmək olar. Bütün səmimiyyətimlə qeyd etmək istəyirəm ki, buna ehtiyac yoxdur.
Filologiya elmləri doktoru, professor Mahirə Nağıqızının Faiq Balabəyli yaradıcılığına həsr etdiyi "Dəniz adamı" məqaləsindən kiçik bir hissəni xatırlatmaqla yazımı yekunlaşdırmaq istəyirəm: “Bütöv Azərbaycan uğrunda mübarizədə yorulmadan çalışan, öz mənalı, məntiqli şeirləri, publisist yazıları ilə Faiq Balabəyli bir ordunun görəcəyi işi öz çiyinlərində şərəflə daşıyır, yorulmadan daşıyır.”
Bəli, Faiq Balabəylini şair edən, onu bir ömürlük şair həyatı yaşamağa məhkum edən bu qayğıdır. Onun həssas qəlbində pərvəriş tapıb bir türlü ovunmayan intizar, həsrət Azərbaycan sevdası… Bu sonluğa ustad sənətkar Bəxtiyar Vahabzadənin “Payız düşüncələri” kitabının və “Vətəndaş” şeirinin adını yazmaqla xüsusi bir rəng qatmaq istəyi keçdi könlümdən…
Əziz və dəyərli oxucum düşün ki, qeyd etdiyim bu iki nümunə də Faiq Balabəyli üçün, onun adına yazılıb, onun həyatını əks etdirir. Mənim şair qardaşım Faiq Balabəyli, 60 nədir ki??! Allah sənə uzun ömür versin, 70-də, 80-də, 90-da görüşək… Bütün Azərbaycan dağlarına, çəmənlərinə bal toplamağa getmiş arıların öz pətəklərinə dönsün… Bal kimi şeirlərin süzülsün… Necə ki, belələri var:
Doyunca əyilib içdim suyundan;
Tamı tamahlandırdı, yumdum gözümü,
dadı damağıma köçdü, içimə çəkdiyim
havanı udmaq
geri qaytarmamaq... yordum özümü...
və yaxud:
İndi hay-həşir salacaq,
uçacaq ac qağayılar.
Qayığın saldığı izə
qonacaq ac qağayılar.

Ömrünü belə yaşayar -
nəfəsi kəsilənə qədər.
İçində qayğı daşıyar
Boğular nələr və nələr...

…Can Qardaş, can. Sənin nələr çəkdiyini mən bilirəm. Mən.
14.09.2024. Bakı ş.
Hörmətlə: Zaur Ustac
“Yazarlar” jurnalının baş redaktoru.
22-09-2024, 09:58
Acı xatirələrlə Rusiyaya aparan yol...


Acı xatirələrlə Rusiyaya aparan yol...

Şəmkir aerodromunun tərksilah olunması rus zabitlərinin yaddaşında necə qalıb? (Bir video-süjet əsasında)
Bəllidir ki, xaos dövründə Azərbaycan dövlətinə qarşı kəskin amansızlıqlar törədildi. Azərbaycanın vətənpərvər oğulları da bu acı təəssüratları içlərinə çəkə-çəkə erməni yaraqlılarına havadarlıq edənlərə qarşı amansız olmalı idi... Baxdığım bir video-süjet də demək olar ki, həmin illərə təsadüf edir. Süjetdə rus zabitlər azərbaycanlıları qınayır, hətta aşağılamaqdan belə çəkinmirlər. Hansı əsasla? Hansı səbəbə? Bax, bu, hazırda da günün acı reallığı kimi diqqət çəkir.
Mən, mətləb hər kəsə aydın olsun deyə, süjetdə gördüklərimi və eşitdikərimi olduğu kimi təqdim edirəm. Oxuyun, münasibət bildirin, görün 1992-ci illərdə ordumuzun etdikləri zərurətdir, yoxsa, qəbahət...
Süjetdə 1992-ci ilin yayında Sovetlər Birliyinin hərbi hava qüvvələrinə məxsus 882-ci aviasiya alayında xidmət emiş rusiyalı zabitlərin Azərbaycandan çıxarılması ilə bağlı xatirələri yer alıb.
Onların dediklərindən:
Aleksey Xolodeynin:
- Şəmkir hərbi aerodromunda bir yerdə işlədiyim keçmiş zabitlərdən biri - 882-ci hərbi aviasiya alayının komandiri polkovnik Yuri Timenkoya müraciət edərək ondan 1992-ci ildə Şəmkir aerodromunda baş vermiş hadisələri söyləməsini xahiş etdim. Ondan belə bir cavab aldım:
- Seryoja, Şəmkir hadisələrini mühakimə etmək çox çətindir...
Şəmkir aerodromundan azərbaycanlılar tərəfindən tərksilah olunmuş 882-ci hərbi aviasiya alayının digər əməkdaşları Şəmkir hadisələrini tamam başqa cür izah etdilər:

- Bizim Şəmkir rayonunda tərksilah olunmağımız bir xəyanət və xaos idi. Bu xaosa səbəb olan bizim yuxarı komandanlığın satqınlığı, axmaqlığı və kütbeyinli olmaları idi. Yaxşı ki, o hadisələrdə ölüm halları olmadı. Ancaq ola da bilərdi. Təbii ki, məqsədimiz bu hadisələrdə kimin günahkar olub-olmadığını araşdırmaq deyil, sadəcə, istəyirik ki, bu hadisələr tarixdə qalsın, gələcək nəslin də bundan xəbəri olsun və bizi qınamasınlar. Bizim generalların alçaqlığını, axmaqlığını bilsinlər.
“Evakuasiya”, Moskva hərbi dairəsinin “Qızıl əsgər” qəzeti, 15 avqust 1992-ci il.
882-ci hərbi aviasiya alayının komandiri pokovnik-leytenant Yuri Stalbinskinin şəxsi heyətlə iş üzrə köməkçisi mayor Qorbaçovun söylədikləri:
- Bizim alay Şəmkirdə tərksilah olunduqdan sonra Moskva hərbi dairəsinin ərazisinə köçürüldük. Bu, heç də xoşagələn hal deyildi. Üstəlik, bizim yuxarı komandanlıq Azərbaycan ərazisindəki üç hərbi aviasiya alayının çıxarılmasını planlaşdırmışdı. Onlar Sitalçayda, Kürdəmirdə və Şəmkirdə dislokasiya olunmuş hərbi hava qüvvələrinə məxsus alay idi. Biz Sitalçaydan hərbi hava qüvvələrimizi, silah və sursatlarımızı, texnikalarımızı, ailə üzvlərimizi və şəxsi əşyalarımızı hava yolu ilə göndərməyə müvəffəq olduq. Kürdəmirdən də alaylarımız heç bir maneə görmədən, çox asanlıqla çıxdılar. Kürdəmirdən çıxarkən bir ədəd təyyarəmizi orada qoymaq məcburiyyətində qaldıq. Çünki bu təyyarə çox yararsız və bərbad halda idi. Biz Kürdəmirdən çıxar-çıxmaz hərbi qüvvələrimizin aerodromu, oradakı obyektlərimiz yerli sakinlər tərəfindən talan və darmadağın edildi. Qarşılaşdığımız ən dramatik hadisələr Şəmkirdə baş verdi. Burada Rusiya hərbi hava qüvvələrinə məxsus alayın Rusiya ərazisinə köçürülməsi çətin oldu. Çünki Azərbaycan Ordusunun Şəmkirdə yerləşən 861 saylı alayının 800-ə yaxın döyüşçüsü köçürülmə prosesinə əməlli-başlı aktiv maneələr törədirdi. Bizim üçün çox çətin idi; çünki biz Şəmkir aerodromundan hələ heç nə köçürə bilməmişdik.

Aerodromda 5 ədəd MİQ-25, 11 ədəd Su-24 qırıcı təyyarə, 1 ədəd Miq-8 döyüş vertolyotu, 1500 ədəd AKM avtomatları, 22 ədəd snayper tüfəngi, 850 ədəd Makarov tipli tapança, həmçinin, ailə üzvlərimiz, şəxsi əşyalarımızla dolu təyyarələr vardı. Azərbaycan Ordusunun Şəmkirdə yerləşən 861 saylı alayının komandiri polkovnik-leytenant Cahangir Rüstəmov tabeçiliyində olan 800 döyüşçü ilə bizi və aerodromu mühasirəyə aldı. Bizə kömək üçün isə Gəncədən xüsusi desant qüvvələr göndərildi. Lakin onlar sürətlə cərəyan edən hadisələr səbəbindən bizə heç cür kömək edə bilmədilər. Çünki azərbaycanlılar aerodromu tərksilah etməkdə çox qərarlı idilər. Bir az keçmiş Azərbaycan döyüşçüləri aerodromun ərazisinə 300-dən çox daş-kəsəklə dolu maşın yeritdilər. Bununla da bizim aerodromdan çıxış üçün bütün yollarımız bağlanıldı. Bu, bizim başımıza gələcək acı hadisələrin hələ başlanğıcı idi. Şəxsi əşyalarımız, ailə üzvlərimiz və silah-sursatla dolu təyyarələrimiz 861 saylı alayın komandiri polkovnik-leytenant Cahangir Rüstəmovun müavini Dilqəm Əliyevin başçılıq etdiyi dəstə tərəfindən girov götürülmüşdü...
Polkovnik Yuri Satlbinskinin dediklərindən:
- Bizim aerodrom ətrafında dramatik hadisələr 31 mayda başladı. Həmin vaxt aerodroma Sovetlər Birliyinin Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiəsi qoşunlarının komandanının müavini general-polkovnik İvanov da gəlmişdi. O, bizim Şəmkirdən Rusiya ərazisinə təhlükəsiz köçürülməyimizi təmin etməli idi. Həmin gün biz çox gizli şəkildə silah-sursatları təyyarələrə yükləməyə başladıq. Həmin an hər şeyi çox ehtiyatla edirdik. Buna baxmayaraq, təyyarələrin gizli yüklənməsi barədə xəbəri kimsə 861 saylı alayın komandanlığına çatdırmışdır. Təxminən 1 saat ərzində aerodrom 861 saylı alayın döyüşçüləri tərəfindən mühasirəyə alındı. Bunu belə tezliklə etmək onlar üçün çox da çətin deyildi, çünki onlara məxsus alayın qərargahı bizim aerodromun çox yaxınlığında yerləşirdi. Biz onların qarşısını heç cür ala bilmirdik. Çünki bizim aerodromda çoxdan idi ki, bizi qoruyacaq sayda əsgər yox idi. Əsgərlərlə birlikdə alayın zabitləri, xüsusən də Cahangir Rüstəmov da gəlmişdi. Onun İvanovla mübahisəsi elə bir sərt həddə çatmışdı ki, ani bir təsirdən atışma baş verə bilərdi. Bizim təyyarələrin uçuş zolağında Azərbaycan hərbçiləri öz təyyarələrini yerləşdirmişdilər. Onlar bizə xəbərdarlıq etdilər ki, əgər uçuşa cəhd etsəniz, sərrast atəşlə hədəfləri məhv edəcəyik. Hadisələrin nə üçün bu qədər ciddi şəkildə cərəyan etməsi səbəblərini biz sonra bildik. Məlum oldu ki, guya biz Şəmkir aerodromundan çıxardığımız silah-sursatı erməni yaraqlılarına verəcəyik. Bu mənada biz onların amansızlığını və qətiyyətini yaxşı başa düşürdük. Biz aerodromdakı hadisələr barədə yuxarı komandanlığa məlumat verdik. Lakin onlar bu məlumatı ciddi hesab etmədilər. Əksinə, bizi qorxaq adlandırdılar. Biz də məcburən öz qorxumuz və riskimiz üzərində hərəkət etdik. Biz Azərbaycan döyüşçülərinə bizimlə birlikdə təyyarələrdəki silahların anbarlara yığılmasını, birlikdə qapıları möhürləməyi təklif etdik. Razılaşdıq ki, anbarları bizim öz əsgərlərimiz qoruyacaq, azərbaycanlılar isə bir qədər ətrafda qarovul çəkəcəklər.

Onlar bizim hər addımımızı izləməyə başladılar. Biz tam əmin idik ki, aerodromdakı təyyarələri Rusiyaya aparmaqda çətinlik çəkəcəyik. Sonra yuxarı komandanlıqdan əmr gəldi ki, uçuş-təlim adı altında təyyarələri Rusiya ərazisinə qaçırtmalıyıq. Beləcə, mən tabeçiliymdə olanlara təyyarələri uçuş-təlim adı ilə qaçırtmaq əmri verdim. Həmin gün aerodromda sakitlik yaranmışdı. Bizim uçuş-təlim planımızdan xəbər tutan azərbaycanlılar Rüstəmovu xəbərdar etmişdilər. O da dərhal aerodroma gəldi, burada dramatik anlar başladı. Rüstəmov bizi bir daha xəbərdar etdi ki, hər hansı bir təyyarə havaya qalxmağa cəhd etsə Zenit atəş qurğuları vasitəsilə məhv ediləcək.
Mayor Qorbaçov:
- Yuxarı komandanlıq bizi aerodromdam çıxarmaq üçün xüsusi desant qüvvələr göndərəcəklərinə dair söz vermişdilər. Təyyarələr gəldi, ancaq onların içində köməkçi desant qüvvələr yox idi. Vəziyyət daha da ağırlaşdı. Həmin gün Azərbaycanın Müdafiə naziri Rəhim Qazıyev 861 saylı alayın komandiri polkovnik-leytenant Cahangir Rüstəmovla birlikdə aerodroma gəldi. Aerodrom hər tərəfdən mühasirəyə alınmışdı. Bir neçə gün idi ki, ailələrimiz təyyarələrdə ac və susuz girov saxlanılırdı. Ailələrimizin getməsinə icazə verildi, lakin azərbaycanlılar şəxsi əşyalarımızı yoxlamağa başladılar. Əşyalarımızın içində olan radioelektron qurğuları, eləcə də hərbiyə aid olan nə vardısa, müsadirə edirdilər. Acınacaqlısı isə o idi ki, biz onların bu özbaşınalıqlarına heç cür müdaxilə edə bilmirdik.
Yuri Stalbinski:

- 20 iyunda aerodromun ərazisində vəziyyət son həddə çatmışdı. Zabitlərimiz açıq-aydın narazılıq edir, deyirdilər ki, biz burada kimin üçün xidmət edirik? Mən onlardan heç nəyi gizlətmirdim. Bəlkə də elə buna görə onlar az da olsa mənə inanırdılar. Nizam-intizamlarını qoruyub saxlayırdılar. Mən demək olar ki, hər gün yuxarı komandanlığa zəng vurur, aqibətimizin necə olacağını soruşurdum. Oradan isə bircə cavab verilirdi: Gözləyin! Axır ki, bir gün gözlədiyimiz cavab gəldi. Təyyarələr və hərbi texnikalar aerodromda qalsın, özünüz isə ailəniz və şəxsi əşyalarınızla birlikdə desant qüvvələrin müşayiəti altında Gəncə hava limanına yollanın. Tezdən Gəncə istiqamətinə yola düşdük. Yarı yolda geri qayıtmalı olduq, çünki azərbaycanlı döyüşçülər əmr edirdilər ki, geri qayıdıb silahları təhvil verməliyik. Biz məcburən aerodromdakı bütün texnika, təyyarə və silahları azərbaycanlılara təhvil verdik. Bundan sonra qarşımızda yalnız bir yol qalırdı: Bizi öz acı xatirələrimizlə Rusiyaya aparan yol...
Əziz oxucu, bu deyilənlər baxdığım video-süjetdə əks olunub. Diqqət etdinizsə, rusiyalı zabitlər azərbaycanlıları qınayır, xoşagəlməz sözlərlə təhqir edirlər. Mən hələ haqqımızda deyilənlərin bir çoxunu etika naminə qələmə almadım. Bəllidir ki, 1992-ci illərdə ermənilər azərbaycanlılara qarşı amansız hücumlara, təqiblərə başlamışdılar və həmin an onlara bir çox xain qüvvələr kömək edirdilər. Azərbaycanlı döyüşçülərin Şəmkir aerodromunda xidmət edən rusiyalı zabitlərə qarşı ehtiyatlı hərəkəti nədənsə, onlar tərəfində özbaşınalıq adlandırılır. Kim qarant verə bilərdi ki, həmin an əgər onlar aerodromdakı təyyarə və silah-sursatları salamat çıxarıb erməniyə verməyəckdilər?! Lap belə olmasaydı belə, biz həmin illər öz təhlükəsizliyimiz naminə bütün ehtiyatlı hərəkətlərə əl atmalı idik.
Tarix nələrə şahiddir, yaxşı bilir. Azərbaycan xalqı bütün xalqlara nümunədir. Biz döyüşəndə də, savaşanda da çox intizamlı, mədəni və mərhəmətliyik...
Elə bu yazını yazmaqda da məqsədim bir azərbaycanlı olaraq süjetdə deyilənlərə mədəni cavab verməkdir.
Allah xalqımızı və dövlətimizi qorusun...

Hüseyn İSAOĞLU (Məmmədov),
Yazıçı-publisit
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!