“Qolat CUP” mini futbol turnirində ikinci mərhələnin qarşılaşmalarına 14 May tarixində yekun vurulub.
A qrupunun ilk qarşılaması olan “Balkan” – “Baku Holiday Travel” görüşündə qapılara ümumilikdə səkkiz top vurulub ki, balkanlıların yeddi qoluna rəqibləri bir dəfə fərqlənməklə cavab veriblər. Ötən tur “Balkan” futbolçularına məğlub olan AXDG kollektivi bu dəfə “Abşeron”la bol qollu heç-heçə ediblər. Oyun 3-3 hesabı ilə sonlanıb. Bu nəticələrdən sonra A qrupunda “Balkan” altı xalla qrup liderliyini möhkəmlədibsə, “Abşeron” dörd, AXDG isə bir xalla müvafiq olaraq iki və üçüncü yerləri tutublar. “Baku Holiday Travel” isə geridə qalan iki turda hesabına xal yaza bilməyib.
B qrupunda ilk turda da qələbə qazanan “Hydrasun” bu dəfə “Royal Flush”a əsl futbol dərsi keçib. Görüşdə on iki dəfə rəqib qapılarını havalandıran “Hydrasun” öz çərçivəsində sadəcə üç qol görüb. Qrupun digər görüşü “Roma” – “ Coffee-Moffee” cütündə ikincilər bu dəfə də məğlub olaraq növbəti mərhələ şanslarının üzərindən xətt çəkiblər. Belə ki, romanistlər rəqiblərinə 3-2 hesabı ilə qalib gəliblər. Bu nəticələrdən sonra “Roma” və “Hydrason” altı xalla müvafiq olaraq bir və ikinci yerləri bölüşürlər. Hələ ki, hesablarına xal yaza bilməyən “Coffee Moffe” və “Royal Flush” isə üç və dördüncü pillələrin sahibləridr.
C qrupunda ilk mərhələdə də qalib gələn iki komanda bu dəfə öz aralarındakı münasibətə aydınlıq gətirməli olublar. Belə ki, “Favorit” – “ Soccer Team Jerseys” kollektivlərinin görüşü iki-ikilik heç-heçə ilə nəticələnib. Qrupun digər qarşılaşmasında isə, AZAL və “Kolonya” arasındakı oyun ikincilərin üç ikilik əzmkar qələbəsi ilə sona çatıb. Bu nəticələrdən sonra hərəyə dörd xal toplayan “Favorit” və “Soccer Team Jerseys” bir və ikinci pillələri bölüşürlər. “Kolonya” üç xalla eyni pillədən rəqiblərini izlədiyi halda hesabına iki turdan sonra xal yaza bilməyən AZAL kollektivi isə son turun son oyununda ən az üç xal alacaqlarını iddia ediblər.
D qrupunun “Armada” və “Vəhdət” komandalarının görüşü gərginliyi və ağır mübarizə şəraiti ilə yadda qalıb. Belə ki, çətin keçən görüşdə “Armada” rəqibinə üç ikilik əzmkar qələbə ilə qalib gəlməyi bacarıb. Növbəti oyunda isə “Come Back” rəqibini meydançada gözləsə də rəqib oyuna vaxtında gələ bilmədiyinə görə texniki məğlubiyyət alaraq, öz rəqibinə 3 xalı “hədiyyə” etdi. Bu nəticələrdən sonra D qrupunda iki hakimiyətlilikdir. Hərəyə altı xal toplayan “Armada” və “Come Back” bir və ikinci pillələri bölüşürlərsə, bu turda da qələbə üzünə həsrət qalan “Vəhdət”lə “Paşa İnşaat” hesablarında sıfır xalla onlara aşağıdan yuxarı baxırlar.
E qrupunda isə isə oyunların daha intriqa ilə keçdiyini deyə bilərik. Belə ki, ötən turu qələbə ilə geridə qoyan “Böyükşor”la “Romalıların” qarşılaşmasında qalib müəyyənləşməyib. Oyun altı-altılıq bol qollu heç-heçə ilə sona yetib. Qrupun “FutbolPlanet.az” – “Tulpar” cütündə isə birincilər rəqiblərini on dəfə meydanın mərkəzinə dəvət etdikləri halda qapılarında üç qol görüblər. Qeydə alınan bu görüşlərdən sonra E qrupunda da iki hakimiyyətlik hökm sürür. Hərəyə dörd xalla “Böyükşor” və “Romalılar” bir və ikinci pillələri bölüşürlər. Hesabında üç xal olan “FulbolPlanet.az” kollektivi isə yalnız hələ ki, hesabına xal yazmayan “Tulpar”ı qabaqlayır.
F qrupunda əsl mübarizənin getdiyini deyə bilərik. İlk turda meydandan qələbə ilə möhtəşəm qələbəylə ayrılan və qrupun favorit komandası hesab edilən “Gobustone” , bu tur surpriz məğlubiyyətlə qarşılaşdılar. Belə ki, “Piramida” kollektivi son dəqiqəyə qədər mübarizə aparaq üç – iki hesabla qalib gəldi. Qrupun digər cütündə isə “Diabet” “Los Combatientes”lə dörd dördlük sülhə razılaşmalı olub. Bu nəticələrdən sonra F qrupuna liderliyi dörd xalla “Diabet” futbolçuları ələ keçiriblər. İki və üçüncü yerləri üç xalla “Piramida” və “Gobustone” futbolçuları bölüşürlərsə, onları bir xalla sonuncu pillədə “Los-Combatientes” futbolçuları izləyir.
Turnirin “ölüm qrupu” adlandırılan G qrupunda isə “Pullman Hotel” rəqibləri “Baker Wireline”a 5-3 hesabı ilə qalib gəlib. Qrupun digər cütünün qarşılaşmasında isə, “Ajax Baku Team” “Azwestgroup”la münasibətlərinə aydınlıq gətirib. Görüşdə birincilər rəqiblərinə yeddi ikilik əzici hesabla qalib gəlməyi bacarıblar. Bu nəticələrdən sonra “Ajax Baku Team” la “Pullman” bir və ikinci pillələri bölüşürlər. Hesablarında xal olmayan “Baker Wireline” və “Azwestgroup” kollektivləri isə üçüncü və sonuncu – dördüncü pilləni bölüşürlər.
Hazırladı : Səbuhi Allahverdizadə