Sabunçu rayonunda polis genişmiqyaslı əməliyyat keçirib.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayonun Zabrat, Bakıxanov, Balaxanı və digər qəsəbələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 61 nəfər saxlanılıb.
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərdən 27 nəfəri haqqında Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Həmin şəxslər barəsində məhkəmə orqanları tərəfindən həbs qətimkan tədbiri seçilib. 26 nəfər barəsində polisin nəzarəti altına vermə və digər növdən olan qətimkan tədbirləri seçilib.
Saxlanılanlardan səkkiz nəfəri barədə isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi isə protokollar tərtib edilib və onlar cərimə olunublar. Saxlanılan şəxslərdən ümumilikdə iki kiloqrama yaxın narkotik vasitə və psixotrop maddələr aşkar edilib.
Bir digər əməliyyat zamanı isə Maştağa qəsəbəsindəki telefon-rabitə qovşağına məxsus 2 223 metr uzunluğunda yeraltı kabelləri oğurlayan şəxslər saxlanılıb. Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Həmzəli Daşdəmirov, Faiq Həbibov və Vaqif Atakişiyev qısa müddətdə müəyyən edilərək saxlanılıb. Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların telefon-rabitə xəttinə ümumilikdə 3 000 manatdan artıq maddi ziyan vurduqları məlum olub.
İdarə əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat zamanı isə Nardaran qəsəbəsində yerləşən marketlərdən birindən ümumi dəyəri 5 000 manat olan 160 bağlama tütün məhsulları oğurlayan şəxslər saxlanılıblar. Belə ki, həmin oğurluğu törətməkdə şübhəli bilinən Azər Orucov, Tunar İbrahimov və əvvəllər məhkum olunmuş Çarpaz Muradlı tutulub. Bu şəxslər ifadələrində törətdikləri hadisəni etiraf ediblər.
Qeyd olunan faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!