Laçın hava limanının nəzarətlə bağlı müqavilə imzalandı
Frankfurt-Maynda keçirilən nüfuzlu “Passenger Terminal Expo 2024” konfransında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS) direktoru Fərxan Quliyev və “DFS Aviation Services” şirkətinin icraçı direktoru Andreas Petç əməkdaşlığın genişləndirilməsinə dair müqavilə imzalayıblar. AZAL-dan verilən məlumata görə, “DFS Group” şirkətinin bir hissəsi olan “DFS Aviation Services” Almaniyanın aeronaviqasiya xidmətləri təminatçısı və bu sahə üzrə dünya liderlərindən biridir. Sözügedən müqavilə Laçın Beynəlxalq Hava Limanının qabaqcıl “Phoenix” hava hərəkətinə nəzarət sistemi ilə təchiz edilməsini əhatə edir. Bu addım AZAL-ın davamlı inkişafa və göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə töhfə verdiyini vurğulayır. Səmərəliliyi və etibarlılığı ilə tanınan “Phoenix” sistemi Azərbaycanın hava limanlarında, o cümlədən Füzuli və Zəngilan aeroportlarında AZANS-ın altı hava hərəkətinin idarəedilməsi qülləsində uğurla fəaliyyət göstərir. Bundan əlavə, sistem “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin Hava Hərəkətinin İdarəedilməsi Baş Mərkəzi üçün ehtiyat sistem kimi istifadə olunur. Uğurlu əməkdaşlıq çərçivəsində AZANS və “DFS Aviation Services” müxtəlif təşəbbüslər üzərində işləyir. Qeyd edək ki, AZANS və Milli Aviasiya Akademiyası Azərbaycanda aviadispetçerlərin hazırlığı üzrə vahid mərkəzin yaradılması layihəsini həyata keçirir. Bu mərkəz “DFS Aviation Services” şirkətinin təlim materialları və standartları ilə təchiz olunacaq.
Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir
Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir. Bu barədə qanun layihəsi bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin onlayn iclasında müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra “Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib.
Prezident İlham Əliyev Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamda bildirilib ki, 2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam Əməkdaşlıq Təşkilatının “Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramına 10-cu ev sahibi seçilib. Sərəncama əsasən, Nazirlər Kabinetinə Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı fəaliyyət planı hazırlayıb həyata keçirmək, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. Toplantıda komissiyaya daxil olan 100-dən artıq müraciətə baxılıb. Bununla da Komissiyanın iclaslarında baxılan məsələlərin sayı 200-ü keçib.
Naxçıvanda "Bayraktar" dronları havaya qaldırıldı - VİDEO
Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib. Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimdə yuxarı komandanlığın idarəetmə məntəqəsindən verilən "HAZIRLIQ-1" komandası ilə Ordu aviasiyası və hava hücumundan müdafiə birləşmə və hissələri 1 nömrəli hazırlığa gətirilib. Eyni zamanda, ehtiyatda saxlanılan Hava Hücumundan Müdafiə (HHM) bölmələri döyüş tapşırığına əsasən təyinat rayonlarına çıxaraq döyüş tapşırıqlarını icra ediblər. 2 nömrəli hazırlıqda olan aviasiya vasitələrinin heyətləri ilə uçuşdan əvvəl brifinq keçirilərək şəxsi heyət qarşısında döyüş tapşırıqları qoyulub. Uçuş heyətləri tərəfindən Mİ-17 nəqliyyat-döyüş helikopterləri ilə yer hədəflərinə aviazərbələr praktiki uçuşla təqlid edilib, çoxqat və çoxhədli hava hücumundan müdafiə sisteminin dəf edilməsi üçün müxtəlif manevrlər yerinə yetirilib. Təlimə cəlb olunan HHM bölmələrinin döyüş növbətçiliyində olan Kəşfiyyat və Hədəfgöstərmə stansiyaları ilə hava məkanının fasiləsiz kəşfiyyatı aparılıb, məlumatlar təhlil olunub, qiymətləndirilib, emal edilərək komanda və idarəetmə məntəqələrinə, həmçinin qarşılıqlı əlaqədə olan bölmələrə ötürülüb. Hava vəziyyətinin qiymətləndirilməsi Radiolokasiya bölmələri ilə yanaşı, Bayraktar TB2 və Vizual Müşahidə Postlarından alınmış məlumatlar əsasında aparılıb. Komandir və döyüş heyətləri real döyüş şəraitində hədəflərin ardıcıl olaraq məhvetmə zonasına girmə ardıcıllığının, onlar arasında vaxt intervallarının hesablanması, müxtəlif hündürlük diapozonlarında intensiv aktiv və passiv maneə şəraitində fəaliyyət göstərən hava düşməninin şərti məhv edilməsi, düşmənin kiçik ölçülü az sürətli PUA-lara qarşı HHM bölmələrinin fəaliyyəti üsulları üzrə məşq etdirilib. Eyni zamanda, birlik, birləşmə, hissə və bölmələrin dislokasiya məntəqələri və döyüş mövqelərinin mini və mikro pilotsuz uçuş aparatlarının hücumlarından mühafizə olunması məqsədilə yerinə yetirilən aktiv tədbirlər çərçivəsində radiomaneə vasitələrindən istifadə olunub. Taktiki-xüsusi təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib və bölmələr arasında birgə fəaliyyətin uzlaşmasına nail olunub.
17 martda keçirilmiş imtahanın nəticələri bu tarixdə açıqlanacaq - RƏSMİ
17 mart tarixində IX siniflər üzrə keçirilmiş buraxılış imtahanının nəticələri də bu həftə ərzində elan olunacaq. Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib. “Nəticələr hazır olan kimi elan olunur. Dəqiq vaxt demək mümkün deyil”, - DİM bildirib. Martın 17-də Bakı şəhərinin Sabunçu, Səbail, Xətai, Nəsimi, Nərimanov rayonlarında, Gəncə (I hissə) Samux, Daşkəsən, Qazax, Ağstafa, Şəki, Lənkəran (I hissə), Astara, Biləsuvar, Ağdam, Ağcabədi, Ağsu, Zərdab, Kürdəmir, İmişli, Şirvan, Qusar, Siyəzən, Xızı, Şabran rayonlarında ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib. İmtahanlarda 46700-dən çox şagird iştirak edib.
Azərbaycan Prezidenti İlham Əliyev Qambiya Prezidenti Adama Barrounu (Adama Barrow) noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edib. Bu barədə Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov "X" hesabında yazıb. N.Səfərov Qambiyanın Mərakeşdəki səfiri Saffi Lou Sisey (Saffie Lowe Ceesay) ilə görüşüb və dəvət məktubunun surətini ona çatdırıb.
Sabiq deputat Hadi Rəcəbli dəfn olunub. Onun cənazəsi “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində mərhumun ailə üzvləri, Milli Məclisin deputatları və digər şəxslər iştirak ediblər.
Fransanın Azərbaycandakı səfiri Ann Buayon məsləhətləşmələr üçün geri çağırılıb. Bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, səfiri Fransa Prezidenti Emmanuel Makron qəbul edib.
Qarabağda müvəqqəti yerləşdirilən Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib. Məlumata görə, Rusiya kontingenti Azərbaycanı (Qarabağı) birdəfəlik və tam olaraq tərk edib. Bununla da Azərbaycan Qarabağ məsələləri ilə bağlı bütün problemlərini həll etmiş, tam müstəqil, suveren nəzarətini bərpa etmiş durumdadır. Təqdim etdiyimiz video sülhməramlı kontingentin Qarabağ istiqamətindən çıxaraq Azərbaycanı tərk etməsi zamanı Tərtər və Bərdə rayonlarında çəkilib.