Əhalinin mənzil probleminin həlli üçün ölkənin bütün şəhər və rayonlarında sosial mənzillərin tikintisinə başlanacaq.Butov.az xəbər verir ki, bunu Milli.Az-a iqtisadçı-ekspert Pərviz Heydərov prezident İlham Əliyevin Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması haqqında fərmanın əhəmiyyətini şərh edərkən deyib.
Onun sözlərinə görə, tikinti iqtisadiyyatın ən mühüm sahəsi, başqa sözlə desək, onun aparıcı qüvvəsidir: "İqtisadiyyatda böhran yaranan kimi bu, özünü birinci olaraq tikinti sektorunda göstərir. Ölkəmizdə də neft gəlirlərinə əsasən, iqtisadiyyat sürətlə inkişaf edərkən tikinti sahəsində böyük bum yaşanırdı. Bu özünü həm dövlət vəsaitləri hesabına müxtəlif infrastruktur, həm də sosial xarakterli layihələrin icrasında göstərirdi. Eyni zamanda, yaşayış binalarının və evlərinin tikintisi də geniş vüsət almışdı".
Lakin ekspertin fikrincə, mənzil tikintisi bazarın tələblərinə uyğun baş vermirdi: "Belə ki, əhalinin yaşayış üçün mənzillərə böyük tələbi olsa da, mövcud tikinti və bu sahədə yaranan təklif real alıcılıq qabiliyyəti ilə uyğun gəlmirdi. Qiymətlər hədsiz dərəcədə yüksək idi, yəni elə şişirdilmişdi ki, bu sahədə ipoteka kreditləşdirilməsi mexanizmi də heç bir kömək vasitəsi rolunu oynaya bilmədi. Bütün bunlar da neft gəlirləri ilə əlaqədar Azərbaycanda mənzil tikintisinin, əslində, bir növ yatırım mənbəyinə çevrildiyinin göstəricisi idi. Yəni həm bu sahədə əsas icraçı şirkətlər olan MTK-lar, həm də satışın bir qrup adamın əlində öz sərbəst vəsaitlərini bir əlavə olaraq dövriyyəyə buraxmaq vasitəsinə çevrildi.
Bu vəziyyəti aradan götürmək üçün isə dövlət, sözsüz ki, işə qarışmalı idi. Bu, 2 formada ola bilərdi: ya mövcud ipoteka şərtləri hədsiz yüngülləşdirilməli və sadələşdirilməli, əhalinin bütün qrupları üçün əlçatan edilməli idi, ya da bilavasitə dövlət özü tikintinin müəyyən bir hissəsini öz üzərinə götürməli və sosial mənzil fondunun yaradılması işini həll etməli idi. Bu mənada, dövlət başçısının Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təşkili haqqında Fərmanı olduqca yerinə düşdü".
P.Heydərov hesab edir ki, artıq çoxdan gözlənilən və haqqında müxtəlif təkliflər irəli sürülən sosial mənzillərin tikilib istifadəyə verilməsi ölkəmizdə də baş tutacaq: "Bununla da paytaxtda, o cümlədən regionlarda işsizliyin azaldılması və maddi imkanları aşağı olan aztəminatlı əhalinin mənzil probleminin həlli üçün bütün şəhərlərdə, rayon mərkəzlərində sosial mənzillərin tikintisinə başlanacaq. Lakin hələ dünya təcrübəsindən istifadə etməklə, vətəndaşların belə evlərə sahib olma qaydaları və həmin mənzillərdə yerləşdirilən insanlara mülkiyyət hüququnun verilmə prosedurları da müəyyən edilməlidir".
Sosial Mənzil Fondunun yaradılmasında isə əsas məqsəd belə mənzilləri aztəminatlı əhaliyə aşağı qiymətlərlə və uzun müddətə kreditlə təqdim etməklə onların mənzil problemlərinin həllindən və sosial rifah hallarının yaxşılaşdırılmasından ibarətdir: "Bu tipli mənzillərin tikintisi qeyd etdiyimiz kimi həm Bakı şəhərində, həm də bütün digər rayon və şəhərlərdə aparılacaq. Sosial mənzillərin tikintisi əlavə iş yerlərinin yaradılmasına da yardım göstərəcək. Mənzilə ehtiyacı olan əhali qrupunun tələbatının ödənilməsi ilə yanaşı, bu mənzillərin əhaliyə təqdim edilməsi nəticəsində ortaya çıxacaq yeni zəruri istehlak ehtiyaclarının yaranması iqtisadiyyatın 20-dək digər sahələrinin də inkişafına təkan verəcək".