14-04-2023, 16:00
Yeni nazir müavini təyin olunduAdil Qabil oğlu Kərimli Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Prezidentin digər Sərəncamı ilə Adil Kərimli Azərbaycanın mədəniyyət naziri təyin edilib.
14-04-2023, 15:00
Almaniya Paşinyana sərt xəbərdarlıq etdiErmənistanın baş naziri Nikol Paşinyanın Almaniyaya səfəri zamanı qərbli həmkarları ona sərt xəbərdarlıq edib. Bu barədə Ermənistanın "Hraparak" qəzetində dərc edilən məqalədə bildirilir. Nəşr qeyd edir ki, Paşinyana Rusiya Federasiyasına tətbiq edilən sanksiyalardan yan keçməyə kömək edilməməsi barədə xəbərdarlıq edilib. Məlumata görə, Paşinyan Ermənistana qayıdandan sonra Mərkəzi Bankın sədrinə, hökumət üzvlərinə Rusiyaya yardımı dayandırmağı tapşırıb. Bildirilir ki, Rusiya Federasiyası ərazisinə texnoloji vasitələrin daşınmasının qarşısını almaq üçün hava limanında ciddi nəzarət tədbirləri həyata keçirilib. Xatırladaq ki, Paşinyan martın 2-də Almaniyaya səfər edib. O, Berlində Almaniya kansleri Olaf Şolts və Prezident Frank-Valter Ştaynmayerlə görüşüb. Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra bəzi erməni şirkətləri sanksiyalara məruz qalıb. 2022-ci ilin sentyabrında ABŞ Maliyyə Nazirliyi Ermənistanın “Taco LLC” təchizatçı şirkətinə sanksiya tətbiq edib. Bu şirkətə qarşı sanksiyaların tətbiq edilməsinin səbəbi Rusiya hərbi sənayesi üçün müxtəlif məhsulların təchizatı ilə məşğul olmasıdır. Bundan başqa, Rusiyanın Qazprom şirkətinin Ermənistandakı törəməsi olan “Arekzimbank-Qazprombank” Rusiyadan qazın rublla alınması ilə bağlı köçürmə əməliyyatlarını həyata keçirdiyi üçün sanksiyalara məruz qalıb. Rusiyanın VTB Bankının Ermənistandakı törəməsi olan “VTB Bank Ermənistan” da Rusiya banklarına müxtəlif xidmətlər göstərməsi və pul köçürmələrini davam etdirməsi səbəbindən "qara siyahı"ya düşüb.
14-04-2023, 14:30
"Qalatasaray"ın sabiq futbolçusu baş məşqçi təyin olunduTürkiyə millisinin və "Qalatasaray" klubunun sabiq futbolçusu Arda Turan baş məşqçi təyin olunub. 36 yaşlı keçmiş yarımmüdafiəçi 1-ci Liqada çıxış edən "Eyüpspor"un sükanı arxasına keçib. Klubun vitse-prezidenti Fatih Kulaksız məlumatı təsdiqləyib. Qeyd edək ki, Arda Turan ötən il karyerasını başa vurub. O, ölkəsində "Manisaspor" və "Başakşehir", İspaniyada isə "Atletiko" (Madrid) və "Barselona" klublarının şərəfini qoruyub.
14-04-2023, 13:00
Sabahın hava proqnozuAprelin 15-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gündüz havanın qısa müddətə arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 10-14° isti, gündüz 17-22° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-11° isti, gündüz 22-27° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.
14-04-2023, 12:30
Əsir düşən hərbiçilərimizlə bağlı yeni məlumat yayılıbErmənistan polisi əsir götürülmüş Azərbaycan hərbçiləri - Hüseyn Axundov və Aqşin Bəbirovu ölkənin Milli Təhlükəsizlik Xidmətinə təhvil verib. Polisdən məlumatı "Sputnik Armenia"ya təsdiqləyiblər. Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Naxçıvanda xidmətdə olan 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgərimiz Ermənistanda saxlanılıb. Ötən gün sosial şəbəkələrdə Hüseynin ermənilər tərəfindən işgəncələrə məruz qalmasını əks etdirən görüntülər paylaşılıb.
14-04-2023, 12:00
Finlandiya ilk NATO təlimini başa vurubFinlandiya Hərbi Dəniz Qüvvələri Almaniya və Portuqaliya gəmilərinin simvolik olaraq Helsinki limanına yanaşaraq alyans üzvü kimi ilk NATO təlimini başa vurduğunu elan edib. Bundan əvvəl gəmilər Finlandiya Sahil Donanması tərəfindən Fin körfəzində təşkil olunan təlimdə iştirak ediblər. Beləliklə, Finlandiya alyans üzvü kimi ilk NATO təlimini başa vurub. Qeyd edək ki, aprelin 4-də Türkiyə Finlandiyanın NATO üzvlüyünü təsdiq etdikdən sonra Finlandiya NATO-nun 31-ci üzvü kimi alyansa qoşulub.
14-04-2023, 11:30
ABŞ əsgərimizə verilən işgəncəylə bağlı çağırış edibABŞ Azərbaycan əsgərinə qarşı Ermənistanda törədilmiş zorakılığa görə narahatdır. Bu barədə ABŞ-ın Azərbaycanda səfirliyi məlumat yayıb. "Biz Azərbaycan və Ermənistanı bütün məsələləri sülh danışıqları yolu ilə həll etməyə çağırırıq",- deyə səfirlikdən bildirilib. Xatırladaq ki, Naxçıvanda xidmətdə olan 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgərimiz Ermənistanda saxlanılıb. Ötən gün gün sosial şəbəkələrdə Hüseynin ermənilər tərəfindən işgəncələrə məruz qalmasını əks etdirən görüntülər paylaşılıb.
13-04-2023, 23:30
Pentaqona məxsus gizli sənədləri yayan şəxs tutulubABŞ Müdafiə Nazirliyinin (Pentaqon) gizli sənədlərini mətbuata sızdıran şəxs tutulub. Bu barədə "New York Times" qəzeti məlumat yayıb. Rəsmi məlumatda ad açıqlanmasa da, qəzet həbs edilən şəxsin Massaçusets Milli Qvardiyasının 21 yaşlı əməkdaşı Cek Teyşeyra olduğu bildirilir. “Reuters” bildirir ki, ABŞ-ın baş prokuroru Merrik Qarlandın yaxın vaxtlarda məsələ ilə bağlı rəsmi açıqlaması olacaq. Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə Pentaqona məxsus gizli sənədlər yayılıb. Sənədlərdə müharibə zamanı Ukrayna və Rusiyanın itkiləri, Ukraynadakı xarici qüvvələr və digər gizli məlumatlar yer alıb.
13-04-2023, 23:25
Dövlət Komissiyası əsir düşən hərbiçiylə bağlı tələb irəli sürdüƏsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası saxlanılarkən əsgər Hüseyn Axundova qarşı ağır işgəncələrin verilməsini 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarının kobud şəkildə pozulması faktı kimi qiymətləndirərək qarşı tərəfin insanlığa sığmayan bu cür amansızlığını qətiyyətlə pisləyir və əsir düşmüş şəxslərlə beynəlxalq humanitar hüquq normalarına uyğun davranılmasını tələb edir. Bu barədə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib. Dövlət Komissiyası tərəfindən əsgərlərimizin həyat və sağlamlığına qarşı yönəlmiş belə halların aradan qaldırılması və onların tezliklə azad edilməsi üçün aidiyyəti beynəlxalq təşkilatlara rəsmi qaydada müraciətlər ünvanlanaraq təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə çağırış edilib. Qeyd edək ki, Ermənistana məxsus kütləvi informasiya vasitələrində Azərbaycan Ordusunun əsgəri, 07.04.2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğluna işgəncələrin verilməsi və onunla qəddar rəftar edilməsinə dair foto və video materiallar nümayiş etdirilib.
13-04-2023, 23:22
Ermənistanı sülh danışıqlarına geri qayıtmağa çağırırıq - XİN sözçüsü
Azərbaycan XİN Ermənistanı sülh sazişi üzrə danışıqlara geri qayıtmağa çağırıb. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan baş naziri Paşinyanın 13 aprel tarixində hökumətin iclasında çıxışı zamanı səsləndirdiyi iddialarla bağlı şərhində deyib. “Ermənistan tərəfindən ötən ilin dekabr ayından bəri imtina etdikləri sülh sazişi üzrə danışıqlara geri qayıtmağı tələb edirik”, - XİN rəsmisi qeyd edib.