3-03-2023, 22:17
Kür çayında suyun səviyyəsi azalıbKür çayında suyun səviyyəsi yenidən azalıb. Mövcud vəziyyət çayın Sabirabad rayonundan keçən hissəsində də açıq-aşkar müşahidə edilir. Bir vaxtlar Dəli Kür adı ilə tanınan Azərbaycanın ən böyük çayı indi öz məcrasından da xeyli geri çəkilib. Xanoğlan Əsgərov Sabirabad rayonu Surra kənd sakinidir. Bildirir ki, bu kənddə dünyaya göz açıb, uşaqlıq illəri də Kür çayının sahilində keçib: “Vaxt var idi Kür aşıb-daşardı. Son illər isə Kürdə suyun səviyyəsi xeyli aşağı düşüb. Yanvar ayında ölkə ərazisində yağıntılar Kürdə suyun səviyyəsinə müsbət təsir etsə də, son bir ayda çayda su demək olar ki, minimum səviyyəyə düşüb. Bu vəziyyət aran zonasında əkinlər üçün çətinliklər yaradır. Əkinin suvarılması üçün su Kür çayından nasoslar vasitəsilə götürülür. Lakin bir çox hallarda suyun azlığı həmin stansiyaların işinə çətinlik yaradır”. Onun sözlərinə görə, vaxt var idi ki, əkin sahələri Kür çayı vasitəsilə fasiləsiz suvarma suyu ilə təmin olunurdu. Lakin hazırda su qıtlığı səbəbindən suvarma qrafiklə təşkil edilir. Məqsəd isə sudan qənaətlə istifadə etməkdir. Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Adil Şabanlı deyir ki, Kür çayında son günlər suyun azalması düşməsi davam edir. Çayda suyun səviyyəsi yalnız yağıntılar olan zaman artır, digər hallarda isə suyun azalması müşahidə olunur. “Kürdə suyun səviyyəsi son günlərdə demək olar ki, 50 santimetr aşağı düşüb. Bu günə kimi çayın hazırki vəziyyəti Sabirabad rayonunda Kür üzərində olan nasos stansiyalarının işinə elə də ciddi təsir etməyib. Kür üzərində faktiki olaraq 68 nasos stansiyası var, onlardan 67-i suyu tam götürmək gücündədir”, - deyə o qeyd edib. Adil Şabanlı, həmçinin qeyd edib ki, su qıtlığı ümummilli problemdir. Ona görə də hər kəs su ehtiyatlarından səmərəli istifadə etməlidir: “Xüsusən də fermerlərimiz müasir suvarma sistemləri tətbiq etməlidirlər. Çünki müasir suvarma sistemlərinin tətbiqi nəticəsində həm su ehtiyatları qorunur, həm torpağın şoranlaşmasının qarşısı alınır, həm də məhsul bolluğu yaranır”. Məlumdur ki, su qıtlığı bütün dünyada müşahidə olunur. Bu səbəbdən ölkəmizdə də ən gur sulu çaylarda belə suyun səviyyəsi aşağı düşür. Ona görə də gələcəkdə su qıtlığı probleminin törədə biləcəyi fəsadların azaldılması üçün bütün su istifadəçiləri sudan səmərəli istifadə etməli, su təchizatı qurğularında və məişətdə su itkilərinin qarşısını almalı, təsərrüfatda müasir texnologiya və suya qənaət edən avadanlıqlar tətbiq olunmalı, içməli sudan texniki məqsədlər üçün istifadə məhdudlaşdırılmalıdır.
3-03-2023, 22:04
Borrel Rusiyanın G20-dən çıxarılmasını istəmirAvropa İttifaqının xarici işlər üzrə ali nümayəndəsi Jozep Borrel Rusiyanın G20-dən çıxarılmasını istəmir. Borrel Moskva ilə diplomatik münasibətlərdə irəliləyiş gördüyünü bildirib. Ali nümayəndə bunu Rusiya XİN rəhbəri Sergey Lavrovun G20 ölkələri xarici işlər nazirlərinin Dehlidə keçirilən iclasında əvvəlki görüşdən fərqli olaraq, Qərb dövlətləri Rusiyanı tənqid edən zaman zalda qalması ilə əsaslandırıb. Belə ki, ötən il Rusiya tənqid olunarkən Sergey Lavrov yığıncağı tərk etmişdi. Borrelin fikrincə, bu, kiçik, amma vacib irəliləyişdir: "Biz danışmağa davam etməliyik, yaxud danışmasaq, heç olmasa dinləməliyik".
3-03-2023, 21:59
Kılıçdaroğlu prezidentliyə namizədlikdən geri çəkilməyəcəkCümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu prezidentliyə namizədlikdən geri çəkilməyəcək. Bu barədə twitter səhifəsində türkiyəli jurnalist İsmail Saymaz yazıb. O, iddiasını CHP-dəki mənbələrdən əldə etdiyi informasiyaya istinadən bölüşüb. Belə ki, Kılıçdaroğlunun seçkilərdə namizəd kimi iştirak etmək qərarının üzərində durduğu vurğulanıb. Qeyd edək ki, dünən "Altılı Masa"nın toplantısında vahid namizədin müəyyən edilməsi ilə bağlı rəsmi bəyanat verilib. Lakin namizədin kimliyi hələlik açıqlanmayıb. Buna baxmayaraq, siyasi ittifaqın vahid namizədinin Kamal Kılıçdaroğlu olduğu barədə hakim rəy mövcuddur. Seçkilərin 14 mayda keçirilməsi gözlənilir. İYİ Partiya idarə heyəti Kılıçdaroğlunun namizədliyinin qəbul edilməməsi barədə qərar verib, daha sonra isə sədr Meral Akşener "Altılı Masa"nı tərk etdiklərini elan edib.
3-03-2023, 21:55
Özbəkistan prezidenti qazaxıstanlı həmkarı danışıqlar aparıbÖzbəkistan prezidenti Şavkat Mirziyoyev və qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev görüşüblər. Görüş Mirziyoyevin Qazaxıstana səfəri çərçivəsində Şımkənd şəhərində keçirilib. Tərəflər Kasım-Jomart Tokayevin 2022-ci ilin dekabrında Daşkəndə dövlət səfəri nəticəsində əldə olunmuş razılaşmaların icrasını müzakirə ediblər. Prezidentlər ticarət-iqtisadi əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetiriblər. Həmçinin qarşılıqlı ticarətin artırılması, investisiyaların cəlb edilməsi, sənaye, enerji, kənd təsərrüfatı, nəqliyyat və logistika sektorlarında əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri müzakirə edilib.
3-03-2023, 21:52
Paşinyan və xanımı Almaniya prezidentinin iqamətgahına gedibErmənistanın baş naziri Nikol Paşinyan və həyat yoldaşı Anna Akopyan Almaniya prezidentinin iqamətgahında olublar. Prezident Frank-Valter Ştaynmayer Ermənistan baş nazirini qəbul edib. Bildirilib ki, Ştaynmayer Paşinyanla, həyat yoldaşı Elke Byudenbender isə Anna Akopyanla ayrı-ayrılıqda görüşlər keçirib.
3-03-2023, 21:50
Akşenerin partiyası Kılıçdaroğlunun namizədliyini qəbul etməyibTürkiyədə müxalif İYİ Partiyanın idarə heyəti daxil olduqları "Altılı Masa" və "Millət İttifaqı" siyasi blokunun vahid namizədi kimi CHP sədri Kamal Kılıçdaroğlunun irəli sürülməsini qəbul etməmək barədə qərar verib. Türkiyəli jurnalist İsmail Saymaz twitter səhifəsində İYİ Partiyanın sədri Meral Akşenerin yaxın saatlarda bu barədə ictimaiyyətə açıqlama ilə çıxış edəcəyini yazıb. Qeyd edək ki, dünən "Altılı Masa"nın toplantısında vahid namizədin müəyyən edilməsi ilə bağlı rəsmi bəyanat verilib. Lakin namizədin kimliyi hələlik açıqlanmayıb. Buna baxmayaraq siyasi ittifaqın vahid namizədinin Kamal Kılıçdaroğlu olduğu barədə hakim rəy mövcuddur. Seçkilərin 14 mayda keçirilməsi gözlənilir.
3-03-2023, 21:47
Ceyhun Bayramov BMT Baş Assambleyasının Prezidentini qəbul edibMartın 3-də xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) COVİD-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü çərçivəsində Azərbaycanda səfərdə olan BMT Baş Assambleyasının 77-ci sessiyasının Prezidenti Çaba Köröşini qəbul edib. XİN-dən verilən xəbərə görə, Çaba Körösini salamlayan nazir Ceyhun Bayramov Qoşulmama Hərəkatının Zirvə görüşündə iştirakına görə ona təşəkkürünü bildirib, ölkəmizin sədrliyi çərçivəsində təşkil edilmiş Zirvə görüşünün əhəmiyyətindən bəhs edib. Nazir Ceyhun Bayramov BMT nümayəndələrinin son illərdə ölkəmizə səfərlərindən, BMT Baş Assambleyasının Prezidentinin ofisi ilə faydalı əməkdaşlıq münasibətlərindən məmnunluğunu ifadə edərək, BMT-nin gündəliyində duran məsələlər üzrə müzakirələrdə Azərbaycanın fəal iştirakını və təşəbbüslərini diqqətə çatdırıb. Görüşdə, həmçinin bölgədəki vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, mövcud mina təhdidləri, Ermənistanla münasibətlərin normallaşdırılması, o cümlədən sülh gündəliyi üzrə Azərbaycan tərəfindən atılan addımlar qeyd edilib. BMT Baş Assambleyasının Prezidenti Çaba Köröşi öz növbəsində dəvətə görə minnətdarlığını bildirib, Qoşulmama Hərəkatının ölkəmizin sədrliyi dövründə artan rolundan bəhs edib. O, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik sədrliyinin uğurla icrasını təqdir Azərbaycanın COVID-19 pandemiyasına qarşı irəli sürdüyü qlobal əhəmiyyətli təşəbbüsləri yüksək qiymətləndirib. Tərəflər, həmçinin BMT gündəliyində duran qarşılıqlı maraq doğuran digər məsələləri və cari regional vəziyyəti müzakirə ediblər.
3-03-2023, 21:44
Təhlükəsizlik bizim prioritetimiz olacaq - Ərdoğan"Zərərin qiymətləndirilməsi işləri başa çatdıqdan sonra şəhərlərimizdə tikiləcək yeni evlərin və kənd evlərinin sayı bəlli olacaq". Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. "Hələlik 214 dağıdılmış və ağır zədələnmiş bina müəyyən etmişik. Təhlükəsizlik bizim prioritetimiz olacaq. Binalar 4 mərtəbədən artıq olmayacaq. Tarixi və mədəni sərvətlərimizi yaşadacaq, eyni zamanda fəlakətlərə qarşı gücləndirəcəyik", - Ərdoğan söyləyib. "Qədim şəhərlərimizi dirçəltməyi hədəfləyirik", - deyə o əlavə edib.
3-03-2023, 21:37
Almaniyadan Rusiyaya mal satışı 60% azalıbBu ilin yanvar ayında Almaniya Rusiyaya 1 milyard avroluq məhsul ixrac edib. Bu haqda məlumatı Rusiyanın Federal Statistika İdarəsi yayıb. Məlumata görə, Almaniyadan Rusiyaya mal və xidmətlərin satışının həcmi 2023-cü ilin yanvarında 2022-ci ilin eyni ayı ilə müqayisədə 60% azalıb.
3-03-2023, 21:34
İmamoğlu namizədliyi barədə fikirlərə münasibət bildirdiTürkiyənin İstanbul şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlu namizədliyi barədə fikirlərə münasibət bildirib. Halk TV-də İsmayıl Küçükkayanın proqramına qatılan İmamoğlu CHP sədri Kamal Kılıçdaroğlunun namizədliyinə qarşı çıxanlara İstanbulda keçirilən yerli seçkiləri xatırladıb. O deyib: "İstanbul seçkilərini asanlıqla qazandıqmı? "Biz 15 faiz qabaqladıq, amma sorğularda 14-15 faiz geridə idik. Hər CHP üzvü kimi mənim də namizədim Kılıçdaroğludur". "Altılı masanın qərarı əhəmiyyətlidir. Bu masanın qərar verərkən narahatlıqları aradan qaldırması vacibdir. Əgər kimsə narahatdırsa, o narahatlığı da həll edəcəyik", - deyə İmamoğlu əlavə edib. Qeyd edək ki, Altılı Masanın dünən keçirilən toplantısında vahid namizəd təyin olunsa da, hələlik ictimaiyyətə açıqlanmayıb. Seçkilərin 14 mayda keçirilməsi gözlənilir.