"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
27-09-2026, 04:51
Şəhid qanından cücərən Zəfər: 27 Sentyabr haradan başladı?

Yeganə Qəhrəmanova
Filologiya üzrə fəlsəfə doktoru,
ADPU dosenti,
Azərbaycan-Türk Xalqları Qardaşlığı İB həmsədri



Şəhid qanından cücərən Zəfər:

27 Sentyabr haradan başladı?


Tarixin böyük zəfərləri heç vaxt təsadüfən, yaxud bir gecənin içində formalaşmır. Onlar illərlə toplanan mənəvi gücün, strateji səbrin, siyasi iradənin və hər şeydən əvvəl, xalqın şüurunda yetişən ədalət tələbinin kəsişmə nöqtəsində doğulur. 2020-ci il sentyabrın 27-si Azərbaycan xalqının müasir tarixində məhz belə bir kulminasiya məqamı idi. Lakin bu tarixi sadəcə 44 günlük İkinci Qarabağ müharibəsinin başladığı gün kimi qiymətləndirmək hadisənin köklərini və dərinliyini tam əhatə etmir. Əslində, “27 Sentyabr Zəfəri hardan başlamışdı?” sualına bir neçə istiqamətdə cavab vermək mümkündür:
1. Sentyabrın 27-sinə aparan yol, ilk növbədə, beynəlxalq hüququn işləmədiyi, ATƏT-in Minsk Qrupu kimi institutların fəaliyyətsizliyinin vərdişə çevrildiyi 30 illik mürəkkəb bir diplomatik böhrandan keçdi. Çünki üç onillik ərzində regionda tətbiq olunan status-kvo modeli sülhə deyil, işğalın əbədiləşdirilməsinə xidmət edirdi. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrinin kağız üzərində qalması beynəlxalq mexanizmlərin nə qədər təsirisiz olduğunu sübut etdi. Beynəlxalq vasitəçilərin işğalçı ilə işğala məruz qalan tərəf arasında davamlı olaraq bərabərlik işarəsi qoyması Azərbaycan cəmiyyətində dərin bir məyusluq yaratsa da, eyni zamanda milli iradəni və suverenliyi öz gücü ilə bərpa etmək əzmimi daha da bərkitdi.

“Dondurulmuş münaqişə” termini illər boyu regionun gələcəyini buxovlayan və geosiyasi təcrid yaradan bir ideoloji alət kimi istifadə olundu. Lakin diplomatik müstəvidə imitasiya xarakterli danışıqlar getdiyi bir vaxtda, Azərbaycan dövləti həm hərbi-sənaye kompleksini gücləndirir, həm də strateji ittifaqlarını möhkəmləndirirdi. Prezident İlham Əliyevin beynəlxalq platformalarda səsləndirdiyi bu fikir sülh illuziyasının bitdiyini və beynəlxalq hüququn artıq güc amili ilə təmin olunmalı olduğunu aydın nümayiş etdirirdi:“Əgər beynəlxalq hüquq işləmirsə, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilmirsə, onda güc amili ön plana çıxır. Biz özümüz beynəlxalq hüququ və ədaləti bərpa etməliyik”.
2016-cı ilin Aprel döyüşləri və 2020-ci ilin Tovuz döyüşləri göstərdi ki, yaradılmış qondarma statut-kvo artıq nə hərbi, nə də siyasi müstəvidə dayanıqlıdır. Ermənistanın Tovuz istiqamətindəki hərbi təxribatı yalnız ərazi iddiası deyil, həm də regionun strateji kommunikasiya xətlərinə və enerji təhlükəsizliyinə zərbə vurmaq cəhdi idi. Lakin bu təxribat gözlənilənin əksinə olaraq Azərbaycan xalqının milli birliyini ən pik nöqtəyə çatdırdı. Tovuzda general-mayor Polad Həşimovun və digər yüksəkrütbəli zabitlərimizin şəhadəti cəmiyyətdəki səbir kəsasını dolduran son damla oldu. Bakı küçələrinə axışan minlərlə gəncin “Qarabağ!” nidası sentyabrın 27-sində cəbhəyə atılacaq ruhi dalğanın ilk xəbərçisi idi.
Hadisələrin təhlili göstərir ki, 27 Sentyabr sadəcə bir cavab əməliyyatı deyil, illərlə toplanmış diplomatik ədalətsizliyə, beynəlxalq ikili standartlara və işğalçı rejimin qanunsuz addımlarına qarşı milli iradənin hərbi-siyasi müstəvidə təcəssümü idi. Sülh illuziyasının iflası diplomatik düyünlərin açılması və Azərbaycan xalqının öz taleyini öz əlinə alması ilə nəticələndi.

2. 27 Sentyabrda başlanan əks-hücum əməliyyatı ani bir hərbi qərarın deyil, illər boyu sistemli şəkildə həyata keçirilən dövlət siyasətinin — qüdrətli ordu quruculuğunun, müasir hərbi texnologiyaların uğurla mənimsənilməsinin və ən əsası, vətənpərvər bir nəslin yetişdirilməsinin məntiqi nəticəsi idi. Azərbaycan dövləti 30 il ərzində həm maddi-texniki bazanı yenilədi, həm də Ordunun döyüş qabiliyyətini ən yüksək standartlara çatdırdı. Cəbhədə pilotsuz uçuş aparatlarının, dəqiq idarəolunan raket sistemlərinin və müasir artilleriyanın tətbiqi hərbi doktrinamızın texnoloji üstünlüyünü təmin etdi. Lakin hərbi analitiklər də təsdiq edir ki, ən müasir silahlar belə, onu idarə edən şəxsi heyətin mənəvi-psixoloji hazırlığı olmadan qələbə qazandıra bilməz. Ali Baş Komandan İlham Əliyevin vurğuladığı bu fikir Zəfərin əsas formulunu aydın şəkildə ifadə edir:“Bizim qələbəmizi təmin edən texnika deyil, ruhdur, vətənpərvərlikdir, rəşadətdir. Torpaqları azad edən müasir silahlar deyil, onları idarə edən Azərbaycan əsgəridir, Azərbaycan zabitidir”.
Birinci Qarabağ müharibəsinin ağrı-acısı, Xocalı soyqırımının unudulmayan yarası və minlərlə şəhidimizin qanı Azərbaycan gəncliyinin tarixi yaddaşına bir intiqam və ədalət borcu kimi həkk olunmuşdu. Doğma torpaqlarını görmədən, Qarabağsız böyüyən, lakin o torpaqların həsrəti və sevgisi ilə tərbiyə olunan yeni nəsil milli ideologiyanın canlı təcəssümünə çevrildi. Bu nəsil üçün vətənpərvərlik nəzəri bir məfhum deyil, gündəlik həyatın və kimliyin əsas şərti idi. 27 Sentyabr səhəri səfərbərlik çağırışını gözləmədən hərbi komissarlıqların qarşısında uzun növbələr yaradan minlərlə gənc məhz bu mənəvi tərbiyənin və tarixi məsuliyyət hissinin nəticəsi idi. Başqa sözlə desək, Vətən müharibəsindəki Zəfərimiz şəhid qanının torpağa hoparaq yaratdığı o sarsılmaz mənəvi maya ilə cücərdi. Şəhid qanından doğan milli mənlik şüurumuz ordu quruculuğunda qazandığımız hərbi hazırlıqdan öncə sözünü dedi. Azərbaycan əsgərinin patronundan və silahından əvvəl onun sarsılmaz inamı, şəhadətə hazır olması və fədakarlığı düşmənin 30 il ərzində qurduğu keçilməz müdafiə xətlərini yardı. Şəhid qanı ilə suvarılan bu torpaqlar yalnız fiziki olaraq azad edilmədi, həm də milli mənlik, özünəqayıdış və qalib xalq ruhu yenidən dirçəldi.

3. Sentyabrın 27-si həm də strateji ağlın, dəqiq hesablanmış xarici siyasətin və sarsılmaz hərbi-siyasi iradənin təcəssümüdür. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən haqq savaşı təkcə cəbhədəki hərbi toqquşmalarla məhdudlaşmadı; o, eyni vaxtda beynəlxalq media, diplomatik təzyiqlər və informasiya müharibəsi cəbhəsində də paralel və intensiv şəkildə aparıldı. Müharibə dövründə xarici kütləvi informasiya vasitələrinə verilən onlarca müsahibə, psixoloji hücumların dəf edilməsi və obyektiv həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması hərbi qələbənin siyasi-hüquqi müstəvidə möhkəmlənməsində həlledici rol oynadı.
44 gün boyunca xalqın dövlətlə və ordu ilə nümayiş etdirdiyi monolit birlik – “Dəmir Yumruq” konsepsiyası – müasir hərbi-siyasi nəzəriyyələrə düşəcək dərəcədə unikal bir sosial fenomendir. Bu süreçdə arxa cəbhə ilə ön cəbhə arasındakı sınırlar tamamilə silindi; siyasi mənsubiyyətindən, yaşından və sosial statusundan asılı olmayaraq hər bir vətəndaş özünü mübarizənin bilavasitə iştirakçısı kimi hiss etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətlərində səsləndirdiyi bu fikir həmin milli həmrəyliyin fəlsəfəsini dəqiq xarakterizə edir: “Bizim gücümüz birliyimizdədir. Biz birlikdə güclüyük və bu birlik bizə hər bir qələbəni təmin edir. Birlik, milli həmrəylik, dəmir yumruq — bu, bizim zəfərimizin rəmzidir”.
27 Sentyabrda atılan ilk cavab zərbəsindən Şuşa zirvəsinə bayraq sancılana qədər keçən şərəfli yol bu sarsılmaz birliyin enerjisi ilə qət olundu. Xalqın öz ordusuna inamı, arxa cəbhədəki sarsılmaz dəstək və dövlətin qətiyyəti hərbi gücü bir neçə dəfə artıran əsas mənəvi faktor oldu. Siyasi iradə, Ordu və Xalq-Dövlət Birliyi Zəfərimizi bizlərə qazandırdı!

4. Sentyabrın 27-si yalnız Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpası ilə nəticələnmədi, həm də Cənubi Qafqazın geopolitik xəritəsini, təhlükəsizlik arxitekturasını və güc balansını kökündən dəyişdi. Üç onillik boyunca regionda öz maraqlarını diqtə etməyə çalışan kənar güclərə və beynəlxalq aktorlara aydın şəkildə nümayiş etdirildi ki, bölgənin gələcək taleyini və inkişaf vektorunu kənardan edilən təzyiqlər deyil, bura aid olan xalqların suveren iradəsi və ədalətli mövqeyi müəyyən edir.
Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut, Laçın, Kəlbəcər, Ağdam və nəhayət, Qarabağın tacı, keçilməz qala sayılan Şuşanın azad edilməsi 27 Sentyabrda başlayan hərbi-strateji planın addım-addım, yüksək peşəkarlıqla gerçəkləşməsi idi. Bu zəfər regionda yeni nəqliyyat və loqistika dəhlizlərinin, xüsusən Zəngəzur dəhlizinin gündəmə gəlməsi ilə avrasiya miqyaslı geoiqtisadi imkanlar açdı.
Bu gün azad edilmiş torpaqlarda həyata keçirilən “Böyük qayıdış” proqramı, sürətlə ucalan infrastrukturlar, tikilən beynəlxalq hava limanları, çəkilən yollar və ağıllı kənd konsepsiyaları göstərir ki, şəhid qanı ilə sulanmış o torpaqlar indi sadəcə azad olunmuş ərazi deyil, bütün region üçün sülhün, quruculuğun və davamlı inkişafın mərkəzinə çevrilib.
Sentyabrın 27-si – Anım Günü – bizə həm dərin kədəri, həm də sonsuz milli qüruru eyni anda yaşadan müqəddəs və tarixi bir mərhələdir. Bu günün haradan və necə başladığını təhlil edərkən anlayırıq ki, o, yalnız bir hərbi əməliyyatın tarixi deyil; xalqımızın minillik dövlətçilik təfəkküründən, ədalətə olan sarsılmaz inamından və Vətən torpağı uğrunda canından keçməyə hazır olan minlərlə qəhrəman övladın fədakarlığından balayan bir dirçəliş dastanıdır.
Şəhid qanından cücərən Zəfər ağacı bu gün müstəqil, qalib və qüdrətli Azərbaycanın başı üzərində məğrur bir kölgə salır. 27 Sentyabr təqvimdə sadəcə bir tarix və ya anım günü deyil; o, milli mənliyimizin, sarsılmaz özünəqayıdışımızın və gələcək nəsillərə ötürüləcək əbədi qürur mənbəyimizin simvoludur.
26-09-2026, 11:30
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir


Şəhidlərimizin qəhrəmanlığı Zəfər

tariximizin əbədi səhifəsidir


27 Sentyabr Azərbaycanda Anım Günü kimi qeyd olunur. Bu əlamətdar tarix Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsinə dərin ehtiramın ifadəsidir.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə boyu Azərbaycan Ordusunun mövqelərinə və yaşayış məntəqələrinə genişmiqyaslı hərbi təxribatla hücum etməsi 44 günlük Vətən müharibəsinin başlanmasına səbəb oldu. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əks-hücum əməliyyatına başladı.
Döyüşlər zamanı Azərbaycan Ordusu mühüm hərbi uğurlar əldə etdi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Hadrut qəsəbəsi, Şuşa şəhəri və yüzlərlə yaşayış məntəqəsi işğaldan azad edildi. Azərbaycan Ordusunun noyabrın 8-də Şuşanı azad etməsi müharibənin taleyində mühüm dönüş nöqtəsi oldu.
44 gün davam edən Vətən müharibəsi Azərbaycanın tarixi Qələbəsi ilə başa çatdı. 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatla hərbi əməliyyatlar dayandırıldı. Sonrakı mərhələdə Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması ilə ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm addımlar atıldı.
Vətən müharibəsində 2908 Azərbaycan hərbçisi şəhid oldu, mindən çox hərbçi yaralandı, 6 hərbçi isə itkin düşdü. Onların qəhrəmanlığı, fədakarlığı və döyüş yolu Azərbaycanın müasir tarixinin ən şərəfli səhifələrindən birinə çevrildi.
Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir. Bu tarix Vətən uğrunda canından keçmiş bütün şəhidlərin xatirəsinə ehtiramın dövlət səviyyəsində ifadəsidir.
Hər il sentyabrın 27-də saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilir.
Anım Günü həm də şəhidlərin əmanəti olan Vətən torpaqlarının azad edilməsinin, Azərbaycan xalqının milli birliyinin və həmrəyliyinin rəmzidir. 44 günlük Vətən müharibəsində xalq və ordu birliyi, əsgər və zabitlərin misilsiz qəhrəmanlığı Azərbaycanın Zəfərini şərtləndirən əsas amillərdən oldu.
Bu gün şəhidlərimizin xatirəsi ehtiramla yad edilir, onların ailələrinə və övladlarına dövlət qayğısı göstərilir, qazilərin sosial müdafiəsi və müalicəsi istiqamətində tədbirlər davam edir.
27 Sentyabr – Anım Günü Azərbaycan xalqının şəhidlərinə olan sonsuz ehtiramını, Vətən sevgisini və Zəfər tarixinin qəhrəmanlarını heç vaxt unutmayacağını bir daha nümayiş etdirir.
Şəhidlərimizin əziz xatirəsi daim yaşayacaq.

Rəhman Mehtiyev
Şəhid Rəşad Mehtiyevin atası, Abşeron rayon sakini
24-09-2026, 14:46
5 mindən çox yeni iş yeri yaradılması planlaşdırılır

5 mindən çox yeni iş yeri

yaradılması planlaşdırılır


Azərbaycan dağ-mədən və metallurgiya sənayesinin inkişafı ilə yeni, müasir sənaye istiqamətinin formalaşdırılmasına hazırlaşır.
Bu barədə Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə çıxışı zamanı bildirib.
Dövlət başçısı qeyd edib ki, dağ-mədən və metallurgiya sənayesinin inkişafı Azərbaycanın qeyri-neft sektorunun genişləndirilməsi, təbii resurslardan səmərəli istifadə və yeni istehsal zəncirlərinin yaradılması baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət Proqramı çərçivəsində 5 mindən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Prezident bildirib ki, son dövrlərdə qəbul edilmiş dövlət proqramları konkret hədəflərə hesablanıb və onların icrası üçün dövlət büdcəsində, eləcə də investisiya proqramlarında zəruri maliyyə vəsaiti nəzərdə tutulub. Bu proqramların ölkə iqtisadiyyatının gücləndirilməsi, regionların inkişafı, məşğulluğun artırılması və müasir infrastrukturun yaradılmasına xidmət etdiyi vurğulanıb.
İlham Əliyev Azərbaycanın son illərdə enerji və infrastruktur sahələrində mühüm nəticələr əldə etdiyini diqqətə çatdırıb. Bildirilib ki, ölkədə qazlaşmanın səviyyəsi 96 faizə çatıb, Azərbaycan 25 milyard kubmetrdən çox təbii qaz ixrac edir. Elektrik enerjisi sahəsində də böyük generasiya potensialının yaradıldığı və gələcəkdə ixrac imkanlarının genişləndiriləcəyi qeyd olunub.
Prezident qeyri-neft sektorunun inkişafını iqtisadiyyatın gələcək artımı baxımından mühüm istiqamət kimi qiymətləndirib. Onun sözlərinə görə, cari ilin ilk 8 ayında qeyri-neft sektorunda 5,4 faiz artım qeydə alınıb.
Dövlət başçısı dağ-mədən sənayesinin inkişafı üçün işğaldan azad edilmiş ərazilərdə yerləşən yataqların istismara verilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib. Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl, mis və molibden yataqlarının işlənilməsi ilə bağlı işlərin aparıldığı diqqətə çatdırılıb.
Bildirilib ki, mövcud yataqlar müasir geoloji üsullarla yenidən araşdırılmalı, ehtiyatlar dəqiqləşdirilməlidir. Eyni zamanda, yeni yataqların aşkar edilməsi məqsədilə geoloji kəşfiyyat işlərinin genişləndirilməsi nəzərdə tutulur. Naxçıvan Muxtar Respublikasında da geoloji kəşfiyyat işlərinə gələn ildən başlanılması planlaşdırılır.
Prezident qeyd edib ki, dağ-mədən sənayesinin inkişafında dövlət sektoru ilə yanaşı, özəl və xarici investorların iştirakı da mümkündür. Bu sahədə “AzerGold”un fəaliyyəti ilə yanaşı, özəl sektor üçün də imkanların yaradıldığı vurğulanıb.
Dövlət başçısı Balakən rayonunda yerləşən “Filizçay” polimetal yatağının əhəmiyyətini də qeyd edib. Yatağın istismara hazırlanması ilə bağlı işlərin davam etdirildiyi və texniki-iqtisadi əsaslandırmanın hazırlanmasından sonra investisiya qərarının qəbul ediləcəyi bildirilib.
Çıxışda Qərb Sənaye Parkının yaradılmasının dağ-mədən sənayesinin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığı qeyd olunub. “Daşkəsən” filiz yatağının istismarı və ətraf ərazilərdə həyata keçiriləcək layihələrin parkın yaradılmasını şərtləndirdiyi bildirilib.
Prezident Qərb Sənaye Parkında filiz hasilatından son məhsulun istehsalına qədər tam sənaye zəncirinin yaradılmasının nəzərdə tutulduğunu deyib. Burada zənginləşdirmə, pelet və briketlənmiş dəmir istehsalı müəssisələrinin yaradılması planlaşdırılır.
İlham Əliyev dağ-mədən layihələrinin həyata keçirilməsi zamanı ekoloji tələblərin ciddi şəkildə qorunmasının vacibliyini vurğulayıb. Bildirib ki, təbii sərvətlərin işlənməsi ilə yanaşı, ətraf mühitin mühafizəsi və ekoloji standartlara riayət olunması əsas prioritetlərdən biri olmalıdır.
Metallurgiya sənayesinin inkişafından danışan Prezident alüminium istehsalının artırılmasının da Dövlət Proqramında nəzərdə tutulduğunu bildirib. Onun sözlərinə görə, 2030-cu ilin sonunadək alüminium istehsalının 100 min tona çatdırılması və bu istiqamətdə bir neçə zavodun yaradılması planlaşdırılır.
Dövlət başçısı qeyd edib ki, proqramın maliyyə təminatı müəyyənləşdirilib və onun icrası dövlət tərəfindən təmin olunacaq. Bununla yanaşı, yerli və xarici investorların layihələrdə iştirakı üçün də imkanlar açıq saxlanılır.
Prezident İlham Əliyevin sözlərinə görə, Dövlət Proqramının icrası nəticəsində yeni sənaye istiqaməti formalaşacaq, 5 mindən çox yeni iş yeri yaradılacaq, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda məşğulluğun artırılması sürətlənəcək, dövlət büdcəsinə vergi daxilolmaları və ölkənin ixrac potensialı artacaq.
Gözləntilərə görə, həyata keçiriləcək layihələrin ölkə iqtisadiyyatına illik müsbət maliyyə təsiri 1 milyard manatdan çox ola bilər.

Elşən Quliyev
Xırdalan şəhər 11 nömrəli tam orta məktəbin direktoru
23-09-2026, 22:49
Esmira  İsmayılovanın yeni kitabı çapdan çıxıb

Esmira İsmayılovanın yeni

kitabı çapdan çıxıb


Lənkəran Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru, İstedadlı publisist, şair, zəhmətkeş alim, pedaqoq Esmira İsmayılovanın yeni kitabı işıq üzü görüb.
"CBS Polygrafic production" nəşriyyatında nəfis şəkildə çapdan çıxan “Abid Tahirli: həyatı, mühiti və yaradıcılığı” adlı sanballı monoqrafiya AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Azərbaycan mühacirət ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, Lənkəran Dövlət Universitetinin professoru Abid Tahirlinin elmi, bədii, publisistik, pedaqoji fəaliyyətinə, keçdiyi mənalı və şərəfli həyat yoluna həsr olunub. Belə ki, müəllif yüksək təhlil bacarığına malik bir tədqiqatçı kimi ərsəyə gətirdiyi bu kitabda öz qəhrəmanı barədə ədəbiyyatşünaslara zəngin faktlar əsasında ətraflı məlumat təqdim edə bilib. Məlumat üçün deyək ki, Azərbaycan ədəbiyyatşünaslıq elminin mühacirət qolunun formalaşdırılmasında, mühacir ədiblərin irsinin araşdırılmasında qələm çalan Abid Tahirlinin bu istiqamətdə yazdığı monoqrafiyaları, elmi məqalələri, bədii, publisistik əsərləri müxtəlif rakurslardan kitabda təhlil edilib. Monoqrafiya ədəbiyyatşünaslar, bu sahənin mühacirət qolunu araşdıran tədqiqatçılar, həmçinin tələbələr, magistrant və doktorantlar, eləcə də mühacirət ədəbiyyatı və mətbuatı ilə maraqlanan oxucular üçün nəzərdə tutulub.
Ön söz, giriş, 5 fəsil və nəticədən ibarət “Abid Tahirli: həyatı, mühiti və yaradıcılığı” adlı nəşr Lənkəran Dövlət Universitetinin Elmi Şurasının qərarı əsasında çapa verilib, onun elmi redaktoru filologiya elmləri doktoru, professor Kamran Kazımov, rəyçiləri filologiya elmləri doktoru, professor Nizami Məmmədov (Tağısoy), filologiya elmləri doktoru, professor Asif Rüstəmli, filologiya üzrə fəlsəfə doktoru, dosent Qədim Rufullayev, redaktoru isə yazıçı-publisist Akif Cabbarlıdır.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
22-09-2026, 22:02
Lənkəran Dövlət Universitetində elm seminar

Lənkəran Dövlət

Universitetində elm seminar


Dünya şöhrətli riyaziyyatçı alim Məsud Əfəndiyev Lənkəran Dövlət Universitetində elm və təhsilin populyarlaşması mövzusunda elmi seminar keçirib.
Dünya Azərbaycanlı Alimlər Birliyinin (DAAB) sədri, Almaniyada yaşayan dünyaşöhrətli azərbaycanlı riyaziyyatçı alim, Münxendəki Helmholtz Mərkəzinin professoru, Humboldt mükafatı alan ilk azərbaycanlı, Əməkdar elm xadimi, Kanadanın Fields İnstitutunun ömürlük mükafatçısı Məsud Əfəndiyev Lənkəran Dövlət Universitetinin (LDU) qonağı olub.

Səfər çərçivəsində Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov görkəmli alimi qəbul edib. Səmimi şəraitdə keçən görüşdə rektor qonağa rəhbərlik etdiyi ali təhsil ocağında son 10 ildə həyata keçirilən köklü islahatlar barədə ətraflı məlumat verib. Professor Natiq İbrahimov universitetin maddi-texniki bazasının modernləşdirilməsi, ali təhsilin keyfiyyətinin yüksəldilməsi, nəzəriyyə ilə praktikanın uzlaşdırılması istiqamətində görülən işlərdən danışıb, həmçinin yerli gənc mütəxəssislərin və elmi tədqiqatçıların hazırlanması istiqamətində qazanılan uğurları diqqətə çatdırıb.
Daha sonra dünya şöhrətli alimə universitetlə yaxından tanış olmaq imkanı yaradılıb. Məsud Əfəndiyev LDU-nun tədris korpuslarına baş çəkib, burada fəaliyyət göstərən müasir elmi-tədqiqat və tədris yönümlü laboratoriyaların iş prinsipləri və texnoloji imkanları ilə yerindəcə tanış olub, öz tövsiyələrini verib.

LDU-nun böyük Akt zalında professor Məsud Əfəndiyevin müəllim və tələbə heyəti üçün elm və təhsilin populyarlaşması, eləcə də elmi mühitin formalaşdırılması istiqamətində geniş seminarı təşkil olunub. Tədbir başlamazdan əvvəl seminar iştirakçıları torpaqlarımızın bütövlüyü və Vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Seminarı giriş sözü açan LDU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru, dosent Elvin Əliyev hörmətli qonağı auditoriyaya təqdim edərək onun qlobal elmdəki çəkisindən danışıb. Prorektor vurğulayıb ki, dünyanın aparıcı elmi jurnallarının redaksiya heyətində təmsil olunan yeganə azərbaycanlı riyaziyyatçılardan biri olan Məsud Əfəndiyev, “Springer” başda olmaqla Yaponiya, Almaniya, ABŞ, Kanada və İsveçrədə nəşr olunmuş 8 fundamental elmi kitabın və 160-dan çox yüksək indeksli elmi məqalənin müəllifidir.

Ənənəvi mühazirə formatından fərqli olaraq professor Məsud Əfəndiyev Elmi seminarı açıq diskussiya şəraitində və zalla canlı dialoq formatında qurub. “Müasir universitet necə olmalıdır?” mövzusuna həsr olunan müzakirədə alim olduqca maraqlı və cəsarətli tezislərlə çıxış edib. Professor M.Əfəndiyev “regional universitet” anlayışını qəbul etmədiyini xüsusi vurğulayaraq bildirib ki, regionda yerləşməsindən asılı olmayaraq, hər bir ali təhsil müəssisəsi qlobal dünya elminin inkişaf parametrlərinə və beynəlxalq standartlara cavab verməlidir. Alim müasir təhsil sistemində yaradıcı təfəkkürün, elmi inteqrasiyanın və beynəlxalq əməkdaşlığın rolundan bəhs edərək, LDU-nun bu istiqamətdəki potensialını yüksək qiymətləndirib.

Böyük maraqla qarşılanan seminarın sonunda dünya şöhrətli alim professor-müəllim heyətinin və tələbələrin müasir elm, təhsil metodologiyası və qlobal akademik tendensiyalarla bağlı çoxsaylı suallarını ətraflı şəkildə cavablandırıb. Tədbir xatirə fotolarının çəkdirilməsi ilə yekunlaşıb.


21-09-2026, 17:33
FÜZULİDƏN Alİ   HƏRBİ MƏKTƏBƏ

FÜZULİDƏN Alİ

HƏRBİ MƏKTƏBƏ


(ZƏHRANIN VƏTƏNƏ UZANAN YOLU)

İnsanın həyat yolunu müəyyənləşdirən ən mühüm mənəvi dayaqlardan biri ailədən gələn tərbiyə, milli yaddaş və Vətən sevgisidir. Bəzən elə duyğular olur ki, onları nə pulla almaq, nə də hər hansı maddi dəyərlə ölçmək mümkündür. Doğma torpağa bağlılıq, nəslin kecmişinə ehtiram, boyüklərə hormət və milli-mənəvi dəyərlərə sədaqət insanın xarakterinə hopan, nəsildən-nəslə otürülən əvəzsiz mənəvi sərvətlərdir.
Belə bir mənəvi mühitdə yetişən gənclərin uğuru yalnız şəxsi nailiyyət deyil, həm də ailənin, məktəbin və doğma yurdun qürurudur.
Babazadə Zəhra Rail qızının qazandığı uğur da məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Füzuli rayonunun Qayıdış 4 nomrəli tam orta məktəbinin məzunu olan Zəhra Babazadə Heydər Əliyevin adına Hərbi İnstituta yüksək nəticə ilə qəbul olub. Bununla da o, qarşısında boyük məsuliyyət və şərəf daşıyan yeni həyat mərhələsinə qədəm qoyub. Zəhranın bu uğuru ailəsi ilə yanaşı, onu yetişdirən məktəbin müəllim kollektivi və doğma Füzuli ücün də sevindirici hadisədir.
Zəhranın hərbi sahəyə yonəlməsi və Vətənə xidmət etmək arzusu təsadüfi secim deyil. Bu istək onun ailə mühitindən, atasının Vətənə bağlılığından və nənə-babasının doğma yurda olan həsrətindən qaynaqlanır. Zəhra ozü də seçdiyi istiqamətə olan sevgisinin məhz bu mənəvi koklərlə bağlı olduğunu bildirir.
Onun atası Rail Babayev 44 günlük Vətən müharibəsinin iştirakcısıdır. Vətən qarşısındakı xidmətinə gorə müxtəlif dovlət təltiflərinə, o cümlədən beş fərqli döş nişanına layiq gorülən Rail Babayevin keçdiyi şərəfli yol qızı ücün həm örnək, həm də böyük mənəvi məsuliyyətdir. Atasının Vətənə sədaqəti Zəhranın dünyagörüşündə və gələcək hədəflərində mühüm yer tutur.
Füzuli adı isə bu ailə hekayəsində xüsusi məna daşıyır. Doğma yurda illərlə həsrət qalmaq, qayıdış sevincini yaşamaq və yenidən qurulan şəhərin gələcəyinə şahid olmaq milli yaddaşın mühüm səhifələrindəndir. Zəhranın məhz Füzuli rayonunun Qayıdış 4 nomrəli məktəbinin məzunu kimi hərbi ali təhsil müəssisəsinə qəbul olunması bu mənəvi bağlılığın rəmzi ifadəsi kimi qiymətləndirilə bilər.
Zəhra Babazadənin uğuru həm də gostərir ki, qızlarımızın təhsil, hərbi xidmət və dövlətçilik sahələrində qarşıya qoyduğu məqsədlər ailə dəstəyi, möhkəm iradə və milli dəyərlərlə daha da güclənir. Onun seçdiyi yol bilik, intizam, məsuliyyət və fədakarlıq tələb edən bir yoldur.
Zəhranın əzizləri onun bu uğuru ilə qürur duyurlar. Onların qəlbindən gələn sözlər və arzular belədir: “Zəhra, sən bizim fəxrimizsən! Sənin bu gün qazandığın uğur gələcəkdə daha boyük nailiyyətlərin başlanğıcı olsun. İnanırıq ki, sən atan Rail Babayevin Vətənə xidmət ənənəsini layiqincə davam etdirəcək, ailənin və doğma Füzulinin adını uca tutacaqsan!”.
Bu gün Zəhra Babazadənin qarşısında yeni bir mərhələ başlayır. O, Heydər Əliyevin adını daşıyan Hərbi İnstitutda alacağı təhsil, qazandığı bilik və formalaşdıracağı peşəkar keyfiyyətlərlə gələcəkdə dovlətə və Vətənə xidmət yolunda mühüm addımlar atmağa hazırlaşır.
Vətən sevgisi ailədən başlayır, məktəbdə möhkəmlənir, həyatın sınaqlarında isə əmələ çevrilir. Zəhra Babazadənin uğuru bu həqiqətin gənc nəslin timsalında təzahürüdür. Onun yolu acıq, gələcəyi parlaq, Vətənə xidmət əzmi daim mohkəm olsun!
Aygün Məmmədova,
AJB üzvü, tarix üzrə fəlsəfə doktoru
21-09-2026, 17:06
20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür


20 sentyabr Xankəndi,

Xocalı, Xocavənd və

Ağdərə günüdür


Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü qeyd edilir.
2023-cü il oktyabrın 15-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. 2023-cü il noyabrın 8-də Xankəndidə Vətən müharibəsində əldə edilmiş Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib.
Xankəndidə bərpa-quruculuq işləri ilə yanaşı, sosial və iqtisadi layihələr də həyata keçirilir. Prezident İlham Əliyevin 2023-cü il noyabrın 28-də imzaladığı Sərəncamla Xankəndi şəhərində Qarabağ Universiteti yaradılıb. 2023-cü il dekabrın 21-də isə Xankəndi stadionunda 30 illik fasilədən sonra ilk rəsmi futbol oyunu keçirilib.
2025-2026-cı illərdə Xankəndidə Zəfər parkı, Mədəniyyət Mərkəzi, müxtəlif istehsal müəssisələri, hotellər və digər obyektlər istifadəyə verilib. Qarabağ Universitetinin yeni tədris binaları və klinikası da fəaliyyətə başlayıb.
İşğaldan azad edilmiş ərazilərdə məskunlaşma prosesi də davam edir. 2026-cı il avqustun 17-nə olan məlumata görə, Xankəndidə 119 ailə – 506 nəfər, Xocalıda 1 167 ailə – 4 841 nəfər, Xocavənddə 988 ailə-4070 nəfər, Ağdərədə isə 917 ailə-3587 nəfər məskunlaşıb.
Xocalıda 2023-cü il oktyabrın 15-də Dövlət Bayrağı ucaldılıb. Şəhərdə və rayonun yaşayış məntəqələrində bərpa işləri aparılıb, sosial və istehsal infrastrukturu yaradılıb. 2026-cı il fevralın 26-da Xocalı Soyqırımı Memorialının açılışı olub, mayın 28-də isə “Qarabağ Tekstil Evi” MMC istifadəyə verilib.
Xocavənddə də bərpa və quruculuq layihələri həyata keçirilir. Hadrut qəsəbəsində yaşayış və inzibati infrastrukturun yaradılması, yolların və digər obyektlərin tikintisi istiqamətində işlər görülüb. 2023-cü il oktyabrın 15-də Xocavənd şəhərində Azərbaycan Dövlət Bayrağı ucaldılıb.
Ağdərədə yol, enerji və yaşayış infrastrukturu üzrə layihələr icra olunur. 2025-ci ildə Suqovuşan kəndində yaşayış kompleksi və məscid istifadəyə verilib. 2026-cı il yanvarın 13-də “Qozlukörpü” Su Elektrik Stansiyası açılıb, Ağdərə şəhərinin Baş Planı təqdim edilib və Xüsusi Əməliyyat Mərkəzinin təməli qoyulub.
20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü hər il bu şəhərlərin tarixində baş vermiş mühüm hadisələrin və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq tədbirlərinin diqqətə çatdırılması məqsədilə qeyd olunur.

Məhərrəm İbadov
Abşeron Rayon Ağsaqqallar Şurasının sədri, şəhid Rauf İbadovun atası
18-09-2026, 17:31
Türk dünyasında əməkdaşlığın yeni hədəfləri

Türk dünyasında

əməkdaşlığın yeni hədəfləri


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşdə TDT-nin beynəlxalq arenadakı rolunun gücləndirilməsi, regional təhlükəsizlik, enerji və nəqliyyat bağlantıları, eləcə də üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı mühüm fikirlər səsləndirib.
Dövlət başçısı bildirib ki, TDT artıq beynəlxalq gündəliyin müxtəlif məsələlərinin müzakirə edildiyi və üzv ölkələr arasında qarşılıqlı əlaqələrin inkişaf etdiyi mühüm təşkilata çevrilib. Onun sözlərinə görə, təşkilata üzv dövlətlərin böyük potensialı və əlverişli coğrafi mövqeyi enerji və nəqliyyat təhlükəsizliyi baxımından TDT-nin rolunu daha da artırır.
Prezident İlham Əliyev Azərbaycanın bu proseslərdə xüsusi rolunu qeyd edərək bildirib ki, ölkə həm dünya bazarlarının enerji resursları ilə təchizatında, həm də Mərkəzi Asiya ölkələrinin enerji resurslarının Xəzər vasitəsilə beynəlxalq bazarlara çıxarılmasında iştirak edir. Azərbaycanın Avropa ilə Asiyanın qovşağında yerləşməsi nəqliyyat və enerji layihələrinin həyata keçirilməsi üçün mühüm imkanlar yaradır.
Çıxışında Türk dünyası ilə əlaqələrə də toxunan dövlət başçısı TDT-yə üzv ölkələrlə ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu bildirib. Azərbaycan Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla müttəfiqlik münasibətlərini rəsmiləşdirib, Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb.
Prezident İlham Əliyev TDT-ni birləşdirən amillər sırasında ümumi etnik kökləri, dil və mədəniyyət yaxınlığını xüsusi vurğulayıb. O bildirib ki, bu mənəvi birlik təşkilat daxilində həmrəyliyin möhkəmlənməsinə mühüm təsir göstərir.
Təhlükəsizlik məsələlərinə toxunan dövlət başçısı regionda baş verən müharibələrin və artan geosiyasi gərginliyin yeni çağırışlar yaratdığını qeyd edib. Onun sözlərinə görə, dövlət təhlükəsizliyinə cavabdeh qurumlar arasında məlumat və təcrübə mübadiləsinin, operativ əməkdaşlığın və koordinasiyanın gücləndirilməsi mümkün təhdidlərin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır.
İlham Əliyev TDT çərçivəsində gənclər təşkilatları arasında əlaqələrin genişləndirilməsinin vacibliyini də qeyd edib. Dövlət başçısı gənclərin müxtəlif forum və tədbirlər vasitəsilə bir-biri ilə daha sıx ünsiyyət qurmasının Türk dünyasında qarşılıqlı əlaqələrin gələcək inkişafına töhfə verəcəyini bildirib.
Prezident çıxışında beynəlxalq hüququn roluna da diqqət çəkib. O, Azərbaycanın uzun illər ərzində beynəlxalq hüquqla təsbit olunmuş hüquqlarının təmin olunması ilə bağlı çətinliklərlə üzləşdiyini qeyd edib və beynəlxalq hüquq normalarının bütün dövlətlər üçün eyni prinsiplərlə tətbiq edilməsinin vacibliyini vurğulayıb.
Dövlət başçısı TDT-nin gələcək perspektivlərinə toxunaraq bildirib ki, təşkilatın üzv ölkələri birgə səylərlə beynəlxalq təhlükəsizlik, enerji, nəqliyyat və ticarət məsələlərində daha fəal rol oynaya bilər. Onun sözlərinə görə, mövcud potensialdan səmərəli istifadə etməklə TDT-nin beynəlxalq arenadakı mövqeyinin daha da gücləndirilməsi mümkündür.
Prezident İlham Əliyev çıxışının sonunda TDT-nin qarşısında duran əsas vəzifələr sırasında üzv ölkələr arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsini, təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsini və təşkilatın beynəlxalq proseslərdə rolunun artırılmasını qeyd edib.

Zəminə Nuriyeva
M.Adıgözəlov adına Xırdalan şəhər 4 №li tam orta məktəbin direktoru
17-09-2026, 10:31
Prezidentdən İslam dünyasına mühüm birlik mesajı

Prezidentdən İslam dünyasına

mühüm birlik mesajı


Azərbaycan Prezidenti cənab İlham Əliyev Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.
Dövlət başçısı görüşdə Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının və böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın əhəmiyyətindən danışıb.
İlham Əliyev bildirib ki, iki mühüm tədbirin eyni vaxtda Bakıda keçirilməsi xüsusi məna daşıyır. Prezident Azərbaycanın dahi şəxsiyyətləri, şairləri və mütəfəkkirləri ilə fəxr etdiyini vurğulayaraq, onların zəngin irsinin yalnız Azərbaycan xalqı üçün deyil, bütövlükdə İslam dünyası üçün böyük əhəmiyyət daşıdığını qeyd edib.
Görüşdə Türk dünyası ilə Qafqaz arasındakı tarixi və mədəni bağlara da toxunulub. Prezident Azərbaycanın həm Türk dünyasının bir hissəsi, həm də Qafqaz ölkəsi olduğunu bildirib. Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatına üzv olan yeganə Qafqaz ölkəsi Azərbaycandır.
Dövlət başçısı İslam həmrəyliyinin gücləndirilməsinin Azərbaycanın həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb. O bildirib ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı və ICESCO çərçivəsində bir sıra mühüm tədbirlərə ev sahibliyi edib. 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının da yalnız idman yarışı deyil, birlik və həmrəylik platforması kimi qəbul edildiyini diqqətə çatdırıb.
Prezident həmçinin gələn il Bakıda İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün keçiriləcəyini bildirib. İlham Əliyev qeyd edib ki, Azərbaycan beynəlxalq təşkilatlarda birləşdirici, barışdırıcı və əməkdaşlığa istiqamət verən ölkə kimi çıxış edir.
Görüşdə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinə xüsusi diqqət ayrılıb. Prezident İlham Əliyev nümayəndə heyətinin Ağdam, Xankəndi, Xocalı və Şuşaya səfər edəcəyini bildirərək, qonaqların həm işğalın ağır nəticələri, həm də hazırda bölgədə aparılan yenidənqurma işləri ilə tanış olacaqlarını qeyd edib.
Dövlət başçısı bildirib ki, “Böyük Qayıdış” Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı davam edir. Hazırda Qarabağ və Şərqi Zəngəzurda 48 şəhər və kənddə insanların yaşadığını, həmin ərazilərdə 90 mindən çox insanın məskunlaşdığını diqqətə çatdırıb.
İlham Əliyev Qarabağda dini və mədəni irsin bərpasına da toxunub. Prezident bildirib ki, bərpa işlərinə 2021-ci ildən başlanılıb və ilk bərpa olunan obyekt Ağdam məscidi olub. Onun sözlərinə görə, bu günədək 12 məscid bərpa edilərək yenidən qurulub və proses davam etdirilir.
Azərbaycan Prezidenti Ermənistanla Azərbaycan arasında sülh prosesinin davam etdiyini vurğulayıb. İlham Əliyev bildirib ki, Azərbaycan sülh gündəliyinə sadiqdir və sülhün uzunmüddətli olmasını istəyir. O, eyni zamanda, Türk dünyası və Qafqazda sülhün qorunması üçün bütün tərəflərin səylərini artırmasının vacibliyini qeyd edib.
Prezident görüşdə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın əhəmiyyətindən də danışıb. O, mükafatı sülh gündəliyinə verilən dəstəyin göstəricilərindən biri kimi qiymətləndirib və bu cür təşəbbüslərin sülh prosesinin möhkəmləndirilməsinə xidmət etdiyini bildirib.
İlham Əliyev çıxışının sonunda Türk dünyası, Qafqaz və İslam aləminin birliyinin vacibliyini vurğulayıb. Dövlət başçısı dini liderlərin sülh, əməkdaşlıq, əmin-amanlıq və həmrəyliyə çağırışlarının mühüm mesaj daşıdığını bildirib.
Prezident qeyd edib ki, dünyada və regionda baş verən proseslər fonunda sülhün qorunması üçün birgə səylərin gücləndirilməsi vacibdir. Onun sözlərinə görə, Bakıda müxtəlif ölkələrdən dini liderlərin bir araya gəlməsi həm bölgəyə, həm də dünyaya birlik və əməkdaşlıq mesajı verir.

Yalçın Abdullayev
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin müdiri
16-09-2026, 16:43
Harayçı üzərindən   yumruq atan revanşistlərə

Harayçı üzərindən

yumruq atan revanşistlərə:


Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərindən bir müddət əvvəl Zəngilana, Laçına, Ağdama, Şuşaya səfər etmişəm. Gördüklərim yalnız erməni faşistlərinin çəkdirdiyi göz dağı olub. Hər yan viran qoyulub. Daş üstə daş, bir dənə olsun, üstü örtülü dam qalmayıb. Torpaqlarımız işğaldan azad olunandan sonra Kəlbəcərə gedib ata ocağını viran görən kəlbəcərlilərin hönkürtüsünə şahidlik etmişəm. 44 günlük müharibədən sonra məğlub olub, Kəlbəcəri rahat tərk eləmək üçün 10 gün möhlət istəyən ermənilərin həmin 10 gün ərzində hər yanı minalayıb evlərə, meşələrə necə od vurduqlarını gördüm.
Azərbaycan torpaqlarında törətdiklərini təbii qəbul edirəm, çünki daşnak ermənilərin xislətində qan tökmək, yandırıb yaxmaq, bayquş kimi xarabalıqlarda yuvalanmaqdır.
Qəribə orasıdır ki, mənim ata yurdum, indi Ermənistan adlanan Qərbi Azərbaycanda da haylar eyni vəhşilikləri törədiblər. Yəni Azərbaycan türklərini ordan silah gücünə qovduqdan sonra, mal-mülkümüzə sahiblənsələr də, evlərimizi darmadağın ediblər. Kəndləri nə günə qoyublarsa xarabalıqları da bilinmir.

Kurud kəndi 1988-də
Bu rasistlər hələ sovetlər dönəmində Zəngəzur mahalı, Qafan rayonunun mən doğulduğum Kurud kəndində bizim- Əfəndi uşağına məxsus məscidimizi, babam Əbdürrəhimin 1880 -ci ildən 1930-cu ilə qədər fəaliyyət göstərmiş mədrəsəsini dağıtmışdılar. Ətrafımızdakı Səncəraulu, Çiriş, Dərməzür, Gərd kəndlərinin əhalisini köçürüb kəndlərini xaraba qoymuşdular. 1983-cü ildə gözlərimizin önündə Baharlı kəndini və kənd qəbiristanlığını dağıdıb izini itirdilər.
1960-cı ildə Oğuz türklərinin yaşadığı Kirs kəndində Yunusov Yunus Hacı oğlu ev tikərkən bünövrə üçün qazdığı yerdən bir qoç, bir qoyun heykəli çıxmışdı. Qoçun boyun hissəsindən başlayan yazıda Cəlal paşanın adı yazılmış və əl-ələ tutan beş uşaq şəkli həkk olunmuşdu. Ermənilər xəbər tutan kimi Qafan Rayon İcraiyyə Komitəsinin sədri Ovanesyan Qarnik milislərin təzyiqilə abidəni götürüb Qafana apardı. Kirs və Kurud kəndlərindəki Alban kilsələri məbədlikdən çıxarılıb kölxoz anbarı kimi istifadə olunurdu.
1988-ci il deportasiyasından sonra kəndlərimizdə daş üstündə daş qalmayıb. Acıbac kəndindəki Alban kilsəsinin divarlarına haylara məxsus əcaib şəkillər döyüblər. Azərbaycanlılara məxsus maddi-mənəvi dəyərləri özününküləşdirə bilməyəndə məhv etmək yolunu tutublar.
XX əsrdə indi Ermənistan adlanan ərazilərimizdə 15 mindən çox Türk-Azərbaycan mənşəli toponim saxtalaşdırılıb. İrəvan şəhərindən tutmuş bütün şəhərlərimizin adı dəyişdirilib.

Kirs kəndinin xarabalıqları
Bu qədər həngamədən sonra utanmadan Gəncəsər və Xudavəngi də erməni irsi kimi təqdim edirlər. Yenə deyəsən Azərbaycanın Ermənistana göndərdiyi dizel, Aİ-92 və Aİ-95 markalı yanacaqlar hayları qızışdırıb. Terror yuvası olan Ermənistan Parlamentində revanşistlər baş qaldırır. Azərbacan ərazisində qan tökənlərin xatirəsini anmaqla köhnə xəstəliklərinin sağalmadığını büruzə verir, gənclərin zəhərlənmiş şüurunu bir az da zəhərləyirlər. Daha düşünmürlər ki, Vətən müharibəsində 13 min əsgərin fərarilik etməsi erməni uşaqlarına Azərbaycn düşmənçiliyi, Türk xofu aşılamağın nəticəsi idi.
Mənə elə gəlir ki, Azərbaycan dövlətinin sülh siyasəti yeritməsi qonşularımızı çaşdırıb. Şuşada yallı gedən Paşinyan indi də dədə-baba yurdumuz olan Xustub dağının bulaqlarından su içməklə, Göyçə gölündə çimməklə bizə göz dağı verir.
Dəmir yumruğu unudanlara xatırladıram ki, sülhə belə hazırlaşmırlar. Daha 100 illərlə xalqımıza qarşı törətdiklərinizi unutmaq fikrində deyilik.
7 dekabr 1988-ci ildə 11923 saylı hərbi hissənin heyətindən ibarət xilasedici dəstə hərbi hissənin komandiri Vaqif Əhmədovun rəhbərliyi ilə Ermənistanın zəlzələ baş vermiş Spitak şəhərinə çatan azərbaycanlı briqada yüzlərlə yaralı ermənini dağıntılar altından xilas etdi. Dekabrın 11-də isə Azərbaycandan Spitaka yardıma gedən 78 nəfər könüllüdən ibarət ikinci qrupu aparan “İL-76” təyyarəsi Ermənistan ərazisində vuruldu. Fransız xilasedicilər axtarış zamanı hər iki başı bağlanaraq qaynaqlanmış borulara diri-diri yığılmış Azərbaycan uşaqlarını tapıblar. Budur dünya sivilizasiyasına idiaçıların xisləti.
Demək istəyirəm ki, bədnam qonşular havadarlarına güvənərək həmişə yaxşılığımıza yamanlıqla cavab veriblər. Xalqımız yenə də böyüklük edərək bütün pislikləri unub. Yenə də barışıq əlini uzadıb. Amma daha belə getməz. Sənəd imzalamaqla sülh yaranmır. Sülh həm də insanların düşüncəsində yaranmalıdır. Bunun üçün nifrəti artıran fikirlərdən uzaqlaşmaq, keçmişin ağrılı səhifələrindən nəticə çıxarmaq lazımdır.

İndi kəndimizin yeri bilinmir, dağıdılıb, yerini kol-kos basıb, bu dağıdılmamış halıdır
Ermənistanın xəstə təfəkkürlü ideoloqlarının yürütdüyü avantürist siyasət ucbatından 38 ildir doğulduğumuz torpağa ayaq basa bilmirik. Bunun hamısının günahkarı erməni analarının da, azərbaycanlıların da göz yaşını axıdan “böyük ermənistan” xəyalpərəstləri, onları öz Qafqaz siyasətinə alət edən böyük dövlətlərdir.
Qonşular, alət olmayın, harayçı üzərindən bizə kəllə atmayın! Kəlləniz Dəmir yumruğa dəyib əzilər!

Tamxil Ziyəddinoğlu,
Qərbi Azərbaycanın Kurud kəndlisi
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!