"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
2-10-2026, 04:40
Məktəbin qarşısından keçəndə

Məktəbin qarşısından keçəndə

Universitetdən çıxıb evə gedirdim. Güclü yağış yağırdı. Bir əlimdə çətir, o biri əlimdə çanta, addımlarımı evə doğru sürətləndirmişdim.Yaşadığım mənzildən təxminən beş dəqiqəlik məsafədə, yaşı altmışı çoxdan keçmiş dördmərtəbəli bir bina vardı. Sonra bir anda qəlbimə qəribə bir istilik yayıldı. Hələ binaya çatmamış göy çəpərləri, taxta pəncərələri, yolun necə burulduğunu tanımışdım. İnsan bəzi yerləri yaddaşı ilə görür. Mən də həmin an anladım ki, qarşımdakı sadəcə köhnə bir bina deyil. Bura ömrümün on bir ilini keçirdiyim mənim məktəbim idi.
Axşam düşmüşdü. Siniflərin çoxunda işıq yox idi. Yalnız bir-iki pəncərədən zəif işıq görünürdü. Dayandım. Daha doğrusu, yeriyə bilmədim. Sanki illərlə getdiyim yol birdən-birə məni tutub saxlamışdı. Bir vaxtlar rahatlıqla daxil olduğum qapının qarşısında indi yad kimi dayanmışdım .Bu qapıdan vaxtilə dərsə gecikməmək üçün qaça-qaça keçmişdim. İçəri girəndə ağlımda min cür fikir dolanardı: “Görəsən, müəllim bu gün məndən dərs soruşacaq?”, “Gündəliyimə neçə ‘5’ yazılacaq?”, “Bu gün hansı dərsdə cavab verəcəyəm?” O vaxt dünyanın ən böyük qayğıları mənə elə bunlar kimi görünürdü. İndi isə həmin qapının qarşısında məktəbin şagirdi deyil, bir tələbə dayanmışdı. Bəlkə insan böyüdüyünü ad günlərində, ömür ağacından daha bir yarpaq düşəndə deyil, məhz belə anlarda anlayır. Bir zamanlar sənə adi görünən qapının qarşısında dayanıb görürsən ki, qapı dəyişməyib. Əslində dəyişən sənsən. Amma qəribədir: insan məktəbdən məzun olur, məktəb isə insandan heç vaxt ayrılmır olmur. Çünki məktəb yalnız dərs keçilən yer deyil. Əsl məktəb insanın yaddaşında davam edən bir uzun dövrdür.
Mənim üçün müəllim heç vaxt yalnız dərs deyən insan olmayıb. Onlar bəzən valideynimin, bəzən nənəmin-babamın yerinə qoyduğum, qarşısında özümü məsul hiss etdiyim insanlar olublar. Bütün fənləri eyni dərəcədə sevmirdim. Amma müəllimə hörmətsizlik olmasın deyə sevmədiyim dərsə belə hazırlıqlı getməyə çalışırdım. Heç vaxt “onsuz da bu fənni sevmirəm” deyib onu tamamilə kənara qoymaq istəmirdim. Bu, bütün fənləri eyni dərəcədə yaxşı oxuduğum demək deyildi. Sadəcə mənə elə gəlirdi ki, müəllimin zəhmətinə hörmət etməyin yollarından biri də onun öyrətmək istədiyini öyrənməyə çalışmaqdır. Ən çox sevdiyim fənlər ədəbiyyat, həndəsə, tarix, coğrafiya, biologiya idi. Bu gün geriyə baxanda anlayıram ki, dünyagörüşümün formalaşmasında yalnız sevdiyim fənlərin deyil, məktəbdə qarşıma çıxan bütün keçirilən dərslərin payı olub. Çünki məktəbdə verilən hər bilik dünyaya açılan ayrı bir pəncərədir. Ədəbiyyat insanın daxili aləminə, ruhuna; Tarix keçmişinə; Coğrafiya yaşadığımız dünyaya. ; Biologiya həyatın özünə açılır. Riyaziyyat isə bəlkə də bütün bunların içində gizlənmiş nizamı, sirləri görməyi öyrədir. Lakin bütün bu yolların sonunda məktəbin məqsədi yalnız məlumatlı insan yetişdirmək deyil. İnsanı insan etməkdir. Məktəb mənim üçün də belə bir yer olub. Bu gün onun qarşısında dayananda özümü hələ də oraya aid hiss edirdim. Amma eyni zamanda qəribə bir həqiqətlə üz-üzə idim: artıq oranın içində mənə aid olan heç nə yox idi. Vaxtilə mənim əyləşdiyim stullarda başqaları otururdu, mənim baxdığım lövhəyə başqa gözlər baxırdı, mənim səsimin eşidildiyi dəhlizlərdən başqa uşaqlar keçirdi. Siniflərdə başqalarının işıqları yanırdı. Zaman bizdən icazə almadan həmişə olduğu kimi yerimizi başqalarına vermişdi. Bəlkə zamanın ən qəribə xüsusiyyəti də budur: Məkan qalır insan dəyişir amma məkanın görünüşü də dəyişir. Qalan solmayan xatirələrdir. Mənə ən ağır olanı isə vaxtilə səsini həmin işıqlı sinif otaqlarından eşitdiyim müəllimlərin çoxunun artıq orada olmaması idi. Bəziləri yaşlarına görə məktəbdən ayrılıb. Bir neçə müəlliməmiz isə artıq bu dünyada yoxdur. Məkanları cənnət olsun. İllər ötüb yaş artdıqca anlayırıq ki, bəzi insanlar həyatımızdan çıxanda yalnız onları itirmirik. Onlarla birlikdə özümüzün müəyyən bir dövrünü də itiririk. Bəlkə müəllimlər buna görə yaddaşımızda başqa cür yaşayırlar. Bir düsturu unuda, tarixi qarışdıra bilərik. Amma bir müəllimin bizə baxışını, vaxtilə dediyi bir cümləni, ən ümidsiz olduğumuz anda söylədiyi “bacararsan”ı, yaxud sadəcə bir “afərin” i illərlə unutmuruq. Çünki insan bəzən fənni sevdiyi üçün oxuyub. Bəzən isə müəllimi sevdiyi üçün. Məndə hər ikisi olub. Hətta sevmədiyim fənni də müəllimini sevdiyim üçün öyrənməyə çalışmışam. Düşünürəm ki, insanın yolunun və müvəffəqiyyətlərinin başlanğıcında üç böyük qüvvə dayanır: Ana, müəllim və özü. Ananın özü insanın ilk müəllimidir.cMənə “Vətən” deməyi anam öyrədib. Həyatı, insanlığı, tərbiyəni, ədəbi, ərkanı, ailəyə bağlılığı, insanı sevməyi, günəşə, aya, dilimə, dinimə, mədəniyyətimə, adət-ənənəmə münasibətimi ilk dəfə o formalaşdırıb. Birinci sinifdə xəttim çox pis idi. Anam hər dəfə buna görə məni danlayırdı. Mən də yazımı düzəltmək üçün eyni sözləri təkrar-təkrar yazırdım. Sonra müəllimim xəttimi yoxlayanda özü də təəccüblənirdi: necə olmuşdu ki, bir vaxtlar oxunması çətin olan yazı getdikcə düzəlmişdi? Bu gün də xəttim, etiraf edim, elə də yaxşı deyil. Bəlkə fikirlərim əlimdən daha sürətli qaçır. Beynimdə yaranan cümləni kağıza köçürənədək növbəti fikir artıq qapını döyür. Kompüter bu baxımdan mənə qarşı bir qədər mərhəmətlidir. Amma anamın mənə verdiyi ən böyük dərslərin heç biri dəftərdə yazılmayıb. O, mənim ilk müəlliməm olub. Sonra insanın qarşısına ikinci müəllimlər çıxır - onu biliklə böyüdən, düşünməyə sövq edən, dünyaya baxışını genişləndirən insanlar. Bəlkə müəllimlik peşəsinin ən böyük möcüzəsi elə budur: müəllim özü hər peşənin sahibi olmur, amma hər peşənin sahibinin həyatından keçir. Hakimin, həkimin, mühəndisin, əsgərin, jurnalistin, rəssamın, alimin. Bir gün onların hamısı sinif otağından çıxıb öz yollarına gedirlər. Amma o yolların başlanğıcında bir parta, bir lövhə dayanır. İnsan məktəbdə bilikdən savayı vətənpərvərliyi, qayğı göstərməyi, ədalətli olmağı, məsuliyyət daşımağı, başqasına hörmət etməyi də öyrənir. Bəzən dərslikdə olmayan ən vacib dərslər məhz məktəbin siniflərində verilir. Mən də həmin siniflərdə böyümüşəm. Bu gün məktəbin qarşısında dayananda özümü yenidən orada gördüm. Zaldakı çıxışlarda, məktəbin həyətində uşaqlarla oynadığım günlərdə, əlimdə mikrofonla himn oxuduğum anlarda. Hələ səkkiz-doqquz yaşımda müəllimlərimin əlindən tutub Şəhidlər xiyabanına getdiyim günlərdə. Xocalını, 20 Yanvarı, Qarabağ müharibəsini anlayacaq qədər böyüdükcə içimdə yaranan o ağrıda, Qarabağın azad olunan hər bölgəsini həyəcanla izlədiyim günlərdə. Vətənpərvərlik mövzusunda yazdığım esselərdə. Şuşa ili münasibətilə keçirilən yarışmada birinci olduğum günün sevincində. Coğrafiya, tarix, biologiya, ədəbiyyat, rəsm və başqa fənlərdə müəllimin verdiyi ilə kifayətlənməyib əlavə öyrəndiyim, sonra da dəqiqələrlə danışdığım günlərdə...İndi anlayıram ki, məktəb mənə Vətən haqqında yalnız məlumat verməyib. Məni Vətənimlə bütövləşdirib. Bütün bunlar mənim yaddaşımdakı məktəbin kiçik parçalarıdır. Amma həmin axşam ağlıma başqa bir sual gəldi. Mən müəllimlərimi necə xatırladığımı bilirəm. Bəs müəllimlərim məni necə xatırlayırlar. Bəlkə hansısa müəllim üçün çox sual verən şagirdəm, başqası üçün dərsə hazırlıqlı gələn, bir başqası üçün tədbirdə mikrofonla danışan. Kiminsə yaddaşında isə sadəcə bir dəfə dediyi sözə görə dəyişən bir uşaq…İnsan bəzən özü də bilmədən başqasının yaddaşında yaşamağa başlayır. Bəlkə böyüməyin ən səssiz tərəflərindən biri də budur: bir gün anlayırsan ki, sən artıq yalnız xatırlayan deyilsən. Sən də kiminsə xatirəsisən.
Yağış isə hələ də yağırdı. Çətirin əlimdən nə vaxt aşağı düşdüyünü belə hiss etməmişdim. Paltarlarım islanmışdı. Mən isə bunu dəqiqələrdir hiss etmirdim. Çünki həmin an xatirələrin içində idim. Deyirlər, məktəb hər şagirdin yaddaşında xoş qalmır. Bəlkə də belədir. Amma məncə insan illər sonra həmişə məktəbin özünü axtarmır. Bəzən o məktəbdə qoyub gəldiyi özünü axtarır. Ən dəcəl şagird də, dərsdə ən çox şıltaqlıq edən də, qiymətlərindən narazı qalan da illər sonra bəlkə dərslər üçün darıxmır. O illərdəki özü üçün darıxır. Mən isə etiraf edirəm: qayıtmaq istəyirəm. Bir dəfə də olsun həmin partada əyləşmək, eyni müəllimlərin mənə dərs deməsini dinləmək, cavab verib yenidən “5” almaq, onlarla debat etmək, dərsdən sonra dəhlizdə dayanıb söhbətləşmək… Bir günlüyə də olsa, gələcəyin hələ qarşıda olduğu, tez böyümək istədiyim o illərə qayıtmaq istəyirəm. Amma bilirəm ki, bu, gerçəkləşməyəcək bir arzudur. Çünki bəzi qapılar kilidlənmir. Sadəcə zaman onları bir daha bizim üzümüzə açmır. Məktəbin ən böyük kədəri də bəlkə budur: bir gün qayıdırsan və görürsən ki, bina hələ yerindədir, dəhlizlər hələ ordadır, pəncərələr hələ eyni tərəfə baxır...Amma zaman əvvəlki adamların heç birini sənə qaytarmır. Direktorumuz dəyişib. Onun yerinə yenə mehriban, işini bilən bir müəllimə gəlib. Sinif rəhbərim və bəzi müəllimlərim yaşlarına görə məktəbdən ayrılıblar. Bir neçə müəlliməmiz isə artıq bu dünyada yoxdur. Bunları düşünəndə insanın içində qəribə bir boşluq və nisgil yaranır. Amma bütün bu kədərin içində bir şeyə görə sevinirəm. Mən tələbə oldum və böyüdüm. Ən əsası, müəllimlərimin mənə olan etimadını boşa çıxarmadım. Onların məktəbdə olduğum vaxt mənim üçün arzuladıqları insan olmağa çalışdım. Universitetdə də, adi həyatda da onların mənə aşıladığı dəyərləri özümlə daşıdım. Bəlkə müəllimin şagirdinə verə biləcəyi ən böyük hədiyyə onun gələcəkdə bilikli olması deyil. Özündən sonra yaxşı bir insan qoyub getməkdir.
Hava artıq tam qaralmışdı. Yenidən yoluma davam etdim. Arxada işıqları sönmüş sinif otaqları qaldı. Önümdə isə başqa bir həyat vardı. Amma həmin axşam anladım ki, insanın məktəbi heç vaxt tam arxada qalmır. Biz məktəbin qapısından çıxanda məktəb də bizimlə birlikdə çıxır. Müəllimlərin səsləri, anaların nəsihətləri, yazdığımız ilk imlalar, aldığımız ilk “5”lər, etdiyimiz səhvlər hamısı insanın daxilində görünməyən bir məktəb yaradır. İnsan ömrünün sonuna qədər həmin məktəbin şagirdi olaraq qalır. İllər keçib. Amma içimdə hələ də o uşaq var. Hələ də bir müəllimin qarşısında dayanıb cavab vermək istəyir. Hələ də “5” almaq üçün həyəcanlanır. Hələ də müəlliminin üzündəki razılığı öz uğurundan daha böyük mükafat hesab edir. Bəlkə böyümək heç vaxt həmin uşağın yox olması deyil. Böyümək onun əlindən tutub həyat adlanan daha böyük məktəbə aparmaqdır. Məni ilk dəfə o məktəbə anam və nənəm apardı. Sonra yolumu müəllimlərim göstərdi. İndi isə yoluma özüm davam edirəm və bu gün geriyə baxanda anlayıram ki, Mənim qazandığım ən böyük uğur müəllimlərimin mənim haqqımda ürəklərində saxladıqları ümidlər imiş. Əgər bu gün o ümidlərin heç olmasa bir qismini yerinə yetirə bilmişəmsə deməli, mənim məktəb illərim hələ bitməyib. Sadəcə dərs otağım dəyişib. On bir ilin dərsinin zəngi vurulsa da, bəzi dərslər var ki insan onları ömrünün son zənginə qədər unutmur… Anam və bütün müəllimlərim - 5 Oktyabr peşə gününüz mübarək. Siz mənə yalnız dərs demədiniz. Mənə insan olmağın dərsini verdiniz.
Nəcəf Nəcəfov,
BSU jurnalistika fakültəsinin tələbəsi
1-10-2026, 08:06
Canımızın və ruhumuzun bir parçası


Balkan türkləri:

canımızın və ruhumuzun bir parçası

Balkanlarda kültür, toplum və ekonomi mövzusunda təşkil olunmuş konfrans olduqca vacib və aktual bir məsələdir. Bəllidir ki, Balkanlar bir çox millət və din mənsublarının yaşadığı coğrafiyadır. Balkan türkləri dedikdə isə məhz tarixən Balkan yarımadası ərazisində yaşamış və yaşamaqda olan türklərdən, türksoylu xalqlardan söhbət gedir. Balkan sözünün etimologiyası da türkmənşəli söz olub, “sıx meşəlik, bataqlıq və dağlıq yer” mənasını verir ki, bu da Balkan yarımadası deyilən ərazinin coğrafi xüsusiyyətlərini öz anlamına götürür. Həm də bu, uzun yüzillər boyunca bu ərazilərin türk – Osmanlı imperiyasının hakimiyyəti altında olmasının silinməz sübutudur.
Balkan yarımadasında türklərin siyasi hakimiyyəti süquta uğrasa da, orada türk topluluqları fəaliyyət göstərir, özlərinin yaşamını sürdürürlər. Lakin bu yaşam yalnız fiziksəl yaşam olmamalı, türkün Balkanlardakı yaşamı mənəvi olaraq da yaşamalı və yaşadılmalıdır. Bununçünsə ilk növbədə Balkanlarda yaşayan soydaşlarımızın (və eləcə də dindaşlarımızın) bizlərdən təcrid olunmaması üçün onlara sahib durmamız – yəni onlarla bütün sahələrdə əməkdaşlıq etməmiz gərəkdir. Bu sahələrdən biri də sosial-mədəni səviyyədə, ələlxüsus da bizi bir-birimizə mənəvi olaraq bağlayan ədəbi-mədəni bağlarımızın inkişaf etdirilməsi istiqamətində olmalıdır. Bizim də məqsədimiz dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir türkün yanında olmaqdan ibarət olmalıdır. Biz özümüzə və özümüzünkülərə sahib dura bilməsək, başqa hakim siyasi dairələr türk birliyimizi poza bilər, etnik azlıq səbəbilə bizdən uzaqlarda yaşayan soydaşlarımızı mənəvi olaraq qəsb edə bilərlər. Bu qəsbkarlıq soydaşlarımızın öz ana dillərini və ata-baba mirasımız olan mənəvi-mədəni mənliyimizi unutdurmağımız kimi faciə ilə nəticələnər. Tarixdə belə halların olmasını çox-çox eşidib-görmüşük.
Türk xalqları folklorunun tədqiqatçısı Əli Şamilin “Qafqazda qaqauzların yoxolma səbəbləri” adlı yazısında biz dediyimiz belə acı mənzərəni görürük:
“Keçmiş SSRİ-də yaşayan Türk xalqları arasında da kırımçaqlar, karaimlər, urumlular yox olmaq təhlükəsi ilə üzləşmişlər. Çünki onların həm sayları sürətlə azalmağa döğru gedir, həm də gənc nəsilin böyük əksəriyyəti ana dilində danışmır. Bu mövzunu araşdıran Ukraynalı alim İrina Driqa yazır: “Bu halkların dilleri bugun ölü dillerin sınıfına giriyor. İnsanlar yaşıyor, fakat ana dillerini kullanamıyorlar. Ne yazık ki, Karay ve Kırımçak tarihi ve kültürleri üzerine çalışan bilim adamları yapmış oldukları alan araştırmasındakı sözlü halk edebiyatı örneklerini hemen Rus diline çevirip orijinalini vermeden yayımlıyorlar”. (Driga İrina, 2008:).
Araşdırıcı İrina Driqa həyəcan keçirsə də, heç nəyə nail ola bilmir. Karay ve Kırımçakların əriməsinin, yox olmasının qarşısını almaq olmur. Ərimə, yox olmanın iki forması var. Bunlardan birincisi eyni soydan gələn xalqların birinin dili güclənərək ümumişlək ədəbi dilə, necə deyərlər, ortaq ünsiyyət vasitəsinə çevrilir, o birilər isə dialekt, şivə şəklində yaşayır. Bu proses normal sayılır. İkincisi isə bir dilin, dialektin, etnik qrupun, yaxud xalqın heç bir soy, mədəni bağlılığı olmayan güclü xalq tərəfindən zorla zəifləyib əriməsi, yoxa çıxmasıdır. Bu hal isə təhlükəlidir.
Keçmiş SSRİ-də yaşayan türk xalqlarının demək olar ki, hamısının ana dilində qəzet-jurnalları, kitabları, radio-televizya verilişləri vardı. Onlar az-çox ana dilində təhsil də ala bilirdilər. Lakin bu imtiyazlar dillərinin yox olma təhlükəsini aradan qaldırmırdı. Çünki Rusiya işğal altında saxladığı xalqların və etnik qrupların öncə dillərinin ailə, məişət dilinə çevirirdi. Güclü təbliğatın təsiri altında gənclər ailədə, məişətdə də ana dilində danışmağa ehtiyac duymur, onu aşağılıq kompleksi kimi dəyərləndirirdilər. Beləcə, hakim xalqın dilində danışa-danışa, onun dilində yazılmış ədəbiyyatları oxuya-oxuya, öz mədəniyyətindən, düşüncə tərzindən uzaqlaşır, onlar kimi düşünməyə, onların mədəniyyətinin, dilinin, ədəbiyyatının daşıyıcısına çevrilirdilər.
Qaqauzlar da, qumuqlar da, noqaylar da, qaraçay-malkarlar da, altaylar da, teleutlar da və b. bu yoldadılar. Belə gedərsə XXI yüzilin sonlarında onların hamısı heç bir dil və soy bağlılıqları olmayan hakim Rus dilinin, Rus mədəniyyətinin içərisində əriyəcəklər. Günümüzün enskilopediyalarında, dilçiliyə, etnoqrafiyaya aid kitablarında türk xalqı olan qaqauzların əsasən Moldova, Ukrayna, Qazaxıstan Respublikalarında, Quzey Qaf¬qazda, eləcə də Bolqarıstan, Rumıniya, Yunanıstan, Türki¬yə və Amerikada yaşadıqlarını, dindarları xristianlığın ortodoks (pravoslav) təriqətinə mənsub olduqlarını və saylarının 200 min nəfəri keçdiyi göstərilir. (Şamil Əli, 2011:93) Halbuki orta yüzilliklərdə onların yayılma alanı daha geniş olmuşdur.”
Gördüyümüz kimi, tədqiqatçı keçmiş SSRİ-də türk xalqlarının assimilyasiyaya uğradılması faciəsindən söhbət açmış, təsadüfi deyil ki, bu məqamda Balkan ölkələrində – Bolqarıstan, Rumıniya, Yunanıstan və başqa ölkələrdə də soydaşlarımızın yaşadığı amilinə toxunmuşdur. Bununla əslində müəllif Balkan yarımadasında yaşayan soydaşlarımızın taleyinə biganə qalmamış, həmçinin Balkan türklərinin də talelərinin gələcəkdə SSRİ ərazisində əridilmiş türk xalqlarının taleyi kimi olmaması üçün həyəcan səsi qaldırmışdır. Tədqiqatçının əsas mövzu hədəfi qaqauz türklərilə bağlıdır. Balkanlarda yaşayan və danışılan dillər say hesabı ilə belə göstərilir: Yunan, Alban, Türk, Serb, Monteneqr, Boşnak, Xorvat, Sloven, Makedon, Bolqar, Rumın, İtalyan, Roman, Qaqauz türkcəsi.
Gördüyümüz kimi, Balkanlarda Türklərlə yanaşı qaqauz türkləri də yaşayır və onlar, demək olar ki, burada etnik qrup olaraq digər xalqlarla müqayisədə sayca azlıq təşkil edirlər. Bu da acı da olsa, etiraf etməliyik ki, onların burada bir etnik toplum olaraq digər xalqlar arasında əriyib yoxolma riskini göstərir. Məhz bu kimi faciələrin baş verməməsi üçün bir türk olaraq – Türkiyə dövləti və türk dövlətləri olaraq öz soydaşlarımızla daim qarşılıqlı – müştərək iqtisadi-sosial və mədəni sahələrdə əməkdaşlıqlarımızı gücləndirməliyik. Bu qarşılıqlı əlaqələrimiz ilk növbədə ideoloji cəbhədə də özünü göstərməli, ədəbi-mədəni əlaqələrimizin qurulması və bərpası yönündə ciddi addımlar atmalıyıq. İnsan, hər şeydən öncə, mənəvi varlıqdır. Mənəvi bağlar isə dildə, adət-ənənədə, mənəvi dəyərlərin ifadəsi olan folklorda özünü gerçək şəkildə təcəssüm etdirir.
“Krım-tatar xalq şeirindən seçmələr” (“Nurlan”, 2013) kitabına ön sözdə oxuyuruq: “Folklor xalqın özüdür. Hər hansı bir xalqı yaxından tanımaq üçün onun folkloruna dərindən bələd olmaq lazımdır”. Göründüyü kimi, burada folklor birbaşa xalqın özü ilə eyni səviyyədə düşünülür və göstərilir ki, xalqı tanımaq üçün onun folklorunu öyrənmək yetərlidir. Bu fikirlərə əlavə etmək istərdim ki, təkcə bir xalqı kənardan tanımaq üçün yox, həm də içəridən, yəni xalqın da özünün özünü tanıması üçün öz folklorunu dərindən bilməsi və öyrənməsi vacib şərtlərdən biri və birincisidir. Çünki xalq özünün kimliyini – daxili-mənəvi dünyasını birbaşa xalq yaradıcılığı məhsulları olan folklorunda açıq şəkildə əks etdirir.
Professor Qəzənfər Paşayevlə filologiya üzrə fəlsəfə doktoru Orxan İsayevin həmmüəllif olduqları “İraq-Türkman ədəbiyyatı tarixi” (“Elm və təhsil”, 2025) kitabından oxuyuruq:
“Nə yaxşı ki, xalqın ellikcə yaratdığı mənəvi sərvət üçün bağlı yollar yoxdur”, – deyə fikirləşir və təskinlik tapırsan. Həqiqətən də, nə bağlı yollar, nə illər mənəvi ayrılığa gətirib çıxara bilməmiş, cismani ayrılıqla kifayətlənməli olmuşlar. İndinin özündə belə bu yaxınlıq, bu doğmalıq yaddaşlardan silinməyib. M.Həkimovun Azərbaycanın Qazax rayon sakinləri, ərəb dilini yaxşı bilən yüz on yaşlı Bəhmən baba və yüz beş yaşlı Ayişə nənədən topladığı bayatılar dediyimizə dayaq olur:
Ta İraqa,
Yol gedir ta İraqa.
Dost dostun qədrin bilməz,
Düşməsə ta iraqa (41, 23).

Rum mənəm, İraq mənəm,
Bu yanan çıraq mənəm.
Qul tək əllərə düşdüm,
Vətəndən iraq mənəm
(42, 167).”
Tədqiqatçıların Azərbaycan folkloru ilə qarşılıqlı şəkildə təhlilə çəkdikləri İraq-türkman folkloru nümunələri əsasında söylədikləri fikirlər bir həqiqəti əks etdirir ki, folklor bütün fiziki sərhədləri aradan qaldırır, xalqların gen birliyini – qan bağlarını qoruyub saxlayır. Bu baxımdan da bir-birindən sərhədlər vasitəsilə ayrı düşmüş türk xalqlarını bir yerə toplamağın – həmrəylik nümayiş etdirməyin əsas yolu – birləşdirici körpüsü folklor adlı mənəvi mirasımızdır. Odur ki, “Rum mənəm, İraq mənəm” misrasıyla başlanan bayatını xalqımız əbəs deyil ki, “Vətəndən iraq (uzaq) mənəm” fikri ilə yekunlaşdırır. Bu lirik mətndə əslində qədim türkün Ruma, İraqa, eləcə də dünyanın müxtəlif yerlərinə, elə o cümlədən də Balkanlara səpələnməsi fikri ifadə olunur və buna görə də sonda “vətəndən – əslində isə bir-birlərindən bir toplum olaraq iraq-uzaq, qərib düşdüklərindən” söz açılır. Folklorun lirik janrlarında bədii şəkildə inikasını tapan ağrı-acılarımız qədim türk soylarının hamısının daxili emosiyalarının ifadəsi kimi özünü göstərir. Folklorun epik janrlarında, dramatik növündə də biz bir xalq, etnos olaraq vahid mədəniyyətin daşıyıcısı olduğumuzu görərik.
Böyük türk filosofu, ictimai xadimi Ziya Göyalpın “Türkçülüyün əsasları” (“Elm və təhsil”, 2019) kitabının annotasiyasında verilən ifadələrə nəzər saldıqda, bir daha təkcə bu əsərin yox, həmçinin də bu konfransın Balkan türklərini bir araya yığmaq istiqamətindəki məramının hansı dərəcədə mühüm əhəmiyyət daşıdığının fərqində oluruq:
“XX yüzilin əvvəllərində Osmanlı imperatorluğu süquta uğrayarkən nəinki onun Avropadakı torpaqları əlindən çıxdı, hətta Türkiyənin bir dövlət kimi mövcud olması təhlükə qarşısında idi. Belə bir şəraitdə Türkiyədə yaranan müxtəlif fikir axımlarından Türk dünyası, Türk milləti üçün ən önəmlisi, ən doğru yolda olanı “Türkçülük” idi.
“Türkçülük” axımının və çağdaş Türkçülüyün qurucusu olan bu əsərin yazarı Ziya Göyalpın o zaman dünyada yeganə Türk Cumhuriyyətinin yaranmasındakı xidmətləri əvəzsizdir.
Türkçülüyün tam bir nəzəriyyə və proqramı sayılan bu əsərdə “Türkçülük” axımının mahiyyəti, onun qarşısında duran əsas vəzifələr geniş şəkildə şərh edilir.”
Türk dövlətinin, türk varlığının uğrunda mühüm xidmətləri olmuş Ziya Göyalp məhz türk dünyasının, türk ruhunun mənəvi süquta uğramaması üçün türkçülük, Turançılıqla bağlı elmi-nəzəri proqramlar işləyib bizlərə ərməğan etmişdir. Onun “Türkçülük və Turançılıq” adı ilə təqdim etdiyi yazıdan bir parçaya diqqət etsək, bu məsləkin necə bir şərəfli yol olması məsələsi tam aydınlaşar:
“Türkçülüklə Turançılığın fərqlərini anlamaq üçün Türk və Turan topluluqlarının hüdudlarını təyin etmək lazımdır. Türk bir millətin adıdır. Millət özünə məxsus kültürü olan bir insan topluluğu deməkdir. Deməli, Türkün yalnız bir dili və tək bir kültürü ola bilər.
Halbuki Türkün bəzi qolları Anadolu Türklərindən ayrı bir dil, ayrı bir kültür yaratmağa çalışırlar. Məsələ, quzey Türklərindən bəzi gənclər bir Tatar dili, Tatar kültürü meydana gətirməklə məşğuldurlar. Bu davranış Türklərin başqa bir millət, Tatarların da başqa bir millət olduğu nəticəsini doğuracaqdır. Uzaqda olduğumuz üçün Qırğızların və Özbəklərin necə bir yol tutacaqlarını bilmirik. Bunların da hər biri ayrı dil və ədəbiyyat, ayrı kültür meydana gətirməyə çalışsalar, Türk millətinin hüdudu daha da daralmış olar. Yakutlar ilə Altay Türkləri daha uzaqda olduqları üçün, onları Türkiyə Türklərinin kültürü içinə almaq daha da çətin görünür.
Bu gün kültür yönündən birləşməsi asan olan Türklər, özəlliklə Oğuz Türkləri, yəni Türkmənlərdir. Türkiyə Türkləri kimi, Azərbaycan, İran və Xarəzm ölkələrinin Türkmənləri də Oğuz nəslinə mənsubdurlar. Deməli, Türkçülükdəki yaxın ülkümüz “Oğuz birliyi”, yaxud “Türkmən birliyi” olmalıdır. Bu birlikdən məqsəd nədir? Siyasi bir birlikmi? Hələlik xeyr! Gələcək haqqında bugündən bir hökm verə bilmərik. Ancaq bugünkü ülkümüz Oğuzların yalnız kültürcə birləşməsidir.
Oğuz Türkləri bu gün dörd ölkəyə yayılmaqla bərabər, hamısı bir-birinə yaxın qohumlardır. Dörd ölkədəki Türkmən ellərinin adlarını qarşılaşdırsaq, görərik ki, birində olan bir “el”in, yaxud “boy”un digərində də qolları var.
Məsələ, Xarəzmdə Təkələri, Sarıları və Qaraqalpaqları görürük. Ölkəmizdə Təkələr bir sancaq (ilçə) təşkil edəcək qədər çoxdur. Hətta bir bölümü vaxtilə Rumeliyə göndərilmişdi. Türkiyədəki Sarılar, özəlliklə, Rumqalada yaşayırlar. Qaraqalpaqlar isə Qarapapaq və Tərəkəmə adlarını alaraq Sivas, Kars və Azərbaycan ətraflarında yerləşmişlər. Xarəzmdə Oğuzun Salur və İmralı boyları, Çavda və Göklən (Qarluqlardan Kealin) elləri vardır. Bu adlara Anadolunun çeşidli yerlərində rast gəlinir. Göklən öz adını Vanda bir kəndə Gökoğlan biçimində vermişdir” (səh. 51).
Göründüyü kimi, Z.Göyalp “türkün yalnız bir dili və tək bir kültürü (mədəniyyəti – Ş.A.) ola bilər” deyir. Bu isə o anlama gəlir ki, eyni soykökə mənsub olan bütün türkləri (türk tayfa və tirələrini) vahid ana dili amili vahid anlaşma vasitəsi kimi birləşdirdiyi kimi, onların mədəni-mənəvi mirasları da, demək olar, eyniyyət təşkil edir. Xalqın mədəniyyəti isə xalq bilgisi olan folklor irsində özünü mühafizə edib yaşadır. Bu baxımdan da xalqın (türkün) ruhunun ifadəçisi olan folklor irsini yığıb-toplamaq, vahid bir məcraya gətirib nəşr etdirmək, yaymaq, təbliğ etmək və onları paralel şəkildə müqayisəli yolla tədqiq etməklə müxtəlif yerlərə səpələnmiş ayrı-ayrı türk tayfalarının vahid bir mənşədən törədiyini anlamaq olur. Məhz bu istiqamətdə hərtərəfli və müntəzəm şəkildə araşdırmalar aparmaqla Balkan türklərinin də, elə Z.Göyalpın yuxarıda göstərdiyi türk topluluqlarının da eyni qandan, eyni kökdən, gendən olduqlarına tam əmin olarıq. Bu, bizləri bir-birimizdən cismən hansı məsafələrdə uzaqda-ayrı olduğumuza baxmayaraq, heç vaxt ayrı düşməyə qoymaz, əslində milli kimliyimizi qorumağımızda bizə sosial-mənəvi yardımçımız olar. Azərbaycanda bu baxımdan artıq ənənə formalaşıb. “Türk xalqları folkloru” seriyası ilə Azərbaycanda – Bakıda nəşr olunmuş “Krım-tatar xalq şeirindən seçmələr” (Bakı, “Nurlan”, 2013), “Qumuq folkloru” (“Elm və təhsil”, 2020), “Altay dastanları və əfsanələri” (“Elm və Təhsil”, 2016) kitabları, həmçinin iraq-türkman folklor örnəkləri olan “Usta söyləyicilərin repertuarı” (“Elm və təhsil”, 2025), “Qaşqay folklor örnəkləri” (“Elm və təhsil”, 2023), vaxtilə İstanbulda yaşamış mühacir türkoloq Əhməd Cəfəroğlunun “Doğu ellərimiz ağızlarından toplamalar (Qars, Ərzurum, Çoruh elləri ağızları)” adlı kitabın təkrar nəşri (Bakı, “Elm və təhsil”, 2018) və s. bu tipli kitablar bir-birindən aralı düşmüş türk xalqlarının mənəvi xəzinəsi olan folklor irsini oxuyub öyrənmək baxımından xüsusi əhəmiyyət daşıyır. Keçmişimizin əks sədası olan folklor incilərimiz həm də gələcəyimizə işıq tutan, əzəli və ədəbi birliyimizin varlığını əks etdirən söz xəzinəmiz, mədəni irsimizdir. Bilgə Kağan türk ulusuna xitabən deyirdi: “Ey türk oğuz bəyləri, türk xalqı, eşidin! Üstdən göy çökmədikcə, altdan yer dəlinmədikcə, bilir ki, türk ulusu, türk yurdu, türk dövləti, türk törəsi pozulmaz! Su kimi axıtdığın qanına, dağlar kimi yığdığın sümüklərinə (şəhidlərinə) layiq ol! Ey ölümsüz türk milləti, titrə və özünə dön!..”
Bir türk övladı olaraq bizim hər birimiz Bilgə Kağanın bu öyüdünü – vəsiyyətini atalar sözü timsalında bir ata-baba, dədə sözü kimi ulu tutmalıyıq, bu ulu vəsiyyətə əməl etməliyik. Dağlar kimi canımızda-cismimizdə dikələn sümüklərimizlə, damarlarımızda qaynayan coşğun qanımızla türkün düşmənlərilə canlı vuruş aparıb türk dövlətini, türk varlığını qoruduğumuz kimi, mənəvi xəzinəmizə – folklorumuzun dəyərlərinə tapınmaqla da ruhumuzda – mənəviyyatımızda türk(çülük) ruhunu yaşatmalı, türk(çülük) ruhunu ölməyə qoymamalıyıq. Çünki türkün düşmənləri onu açıqdan-açığa yenə bilməyəndə, onu mənən məhv etməyə cəhd göstəriblər. Təəssüf ki, bəzən buna nail olublar da. Tədqiqatçı Əli Şamil düşmənlərin yanlış təbliğatının bu işdə əsas olduğunu göstərib yazır:
“Stavropolda yaşayan türkmənlər Türkmənistanla sıx əlaqədə olduqlarından onların ədəbi dili türkməncə, Krasnodarda yaşayan Kırım tatarlarının yazılı ədəbiyyatları Kırım türklərinin ədəbiyyatı ilə eyni dildə formalaşdı. Urumlular-qreklər-brezenlər adlandırılan toplumun isə evdə, ailədə danışdıqları dildə, yəni ana dillərində yazdıqları ədəbi-bədii əsərlərə rast gəlmədik. Buna səbəb toplum arasında aparılan yanlış təbliğatdır. Onlar bu gün də xristianlığın pravoslav təriqətindədirlər. Belə bir fikir formalaşdırılıb ki, guya onlar qrek - yunanmışlar. Osmanlı sultanları guya ki, onların qarşısında şərt qoyublar: ya dilinizi dəyişin, ya dininizi! Ulu babaları da guya inanclı insanlar olduğuna görə, dinlərini qoruyub dillərini dəyişmiş, türkcə danışmağa başlamışlar.
Burada bir sual ortaya çıxır: nədən Osmanlı təbəəsi olan qrek-yunanların hamısı dinlərini qoruyub, dillərini dəyişməyiblər?! Bu gün də Türkiyədə yaşayır və yunanca danışırlar, pravoslav inanclıdırlar. Urumlular dediyimiz toplum görünüşdə də, mədəniyyətdə də, məişət həyatı ilə də yunanlardan fərqlənirlər. Türk folklorunu da ən yaxşı yaşadan və qoruyan toplumlardandır.
Kilsədə dini kitablar, oxunan dualar yunanca olduğundan, məktəblər kilsə nəzdində fəaliyyət göstərdiyindən, onların yazı dili yunanca formalaşmış, özlərinin də yunan mənşəli olduğuna inanmışlar. Son illər çap olunan bəzi ədəbiyyatlarda isə bu toplumun miladın I minilliyində Bizans imperiyasında məskunlaşmış türklər olduğu göstərilir. Araşdırıcıların fikrincə, oğuzlar XI yüzildə Anadoluya gələrək Bizansda yaşayan və xristianlığı qəbul etmiş türklərin bir qismi ilə qaynayıb-qarışmış və islamı qəbul etmişlərsə də, bir qismi əvvəlki inanclarında qalmışdır. Bu fikri dəqiqləşdirmək üçün toplumdan etnoqrafik və folklor materialları toplamaq lazımdır” (səh. 20).
Gördüyümüz kimi, Ə.Şamil konkret olaraq urumlular yunanlar kimi özlərini tanıyan toplumların “türk folklorunu ən yaxşı yaşadan” toplumlar olub, onların əslində türk olduqlarını açıb göstərir. Eyni zamanda milli kimliyin ifadə vasitəsi kimi “toplumdan etnoqrafik və folklor materiallarını toplamağı” zəruri amil hesab edir.
İnanıram ki, Balkan türklərilə qurulan iş birliyinin ayrılmaz tərkib hissəsi kimi ortaq mənəvi-mədəni abidələrimiz olan folklor əlaqələrimiz də sürəkli hal alacaq.

Şakir Albalıyev
Filologiya elmləri doktoru, dosent
30-09-2026, 07:31
Uşaq ədəbiyyatşünaslığına yeni töhfə


Uşaq

ədəbiyyatşünaslığına

yeni töhfə
:


Zaur Ustacın yaradıcılığı tədqiq olunub

Şair, yazıçı-publisist Zaur Ustacın yaradıcılığına həsr olunmuş yeni elmi monoqrafiya işıq üzü görüb.
“Zaur Ustacın uşaq poeziyasında bədii sənətkarlıq sistemi, yaxud uşaq dünyası Zaur Ustacın gözü ilə” adlı kitabın müəllifi Ayətxan Ziyaddır (İsgəndərov).
“Ön söz”ün müəllifi və elmi redaktoru pedaqogika elmləri doktoru, professor Kamal Camalovdur.
Monoqrafiyada Zaur Ustacın uşaq poeziyası elmi-nəzəri aspektdən araşdırılır, şairin poetik yaradıcılığının ideya-estetik xüsusiyyətləri, bədii ifadə vasitələri və sənətkarlıq prinsipləri təhlil olunub. Tədqiqatda uşaqların yaş və psixoloji xüsusiyyətlərinin poetik mətnlərdə əksi, obrazlar sistemi, dil və üslub, ritm, qafiyə, kompozisiya və poetik dinamika kimi məsələlərə geniş yer verilib.
Monoqrafiyada “Ağıllı gülər”, “Tuncay” və digər şeirlər təhlilə cəlb olunub və Zaur Ustacın digər kitablarına da istinad edilib. Müəllif uşaq poeziyasının uşaqların dil bacarıqlarının, obrazlı təfəkkürünün, estetik zövqünün və mənəvi dünyasının formalaşmasındakı rolunu elmi mülahizələrlə əsaslandırmağa çalışıb.
Nəşr Azərbaycan uşaq ədəbiyyatının müasir inkişaf meyillərinin, uşaq poeziyasının bədii-estetik imkanlarının və Zaur Ustacın yaradıcılıq xüsusiyyətlərinin öyrənilməsi baxımından diqqət çəkir. Monoqrafiya Zaur Ustacın uşaq poeziyasına həsr olunmuş sistemli elmi araşdırma kimi Azərbaycan ədəbiyyatşünaslığına təqdim edilir.
29-09-2026, 22:12
Yaxşılıq qalır dünyada


Yaxşılıq qalır dünyada

Daim bacardıqca yaxşılıq eləyən, əlindən yalnız xeyirxahlıq gələn adamlar heç vaxt ölmürlər, sadəcə olaraq dünyanın geyli-qallı bu üzündə öz fiziki yerlərini dəyişib köçürlər, paylanırlar hələ sağ olanların ürəyinə, talelərinə, öz cismani ölümləri ilə də yaşadırlar insanları.
Nəcib əməllər sahibi olan Nəriman müəllim xeyirxah insan idi. Uşaq kimi saf ürəkli, dədə-baba ocaqlarımız kimi yanıb öz istisini, işığını özgələrə təmənnasız paylayan böyük ürək sahibi Nəriman Abdullayevin əziz xatirəsi həmyerliləri tərəfindən hörmətlə xatırlanır, ehtiramla yad edilir.
Nəriman müəllim Şınıx bölgəsinin Hacılar kəndində ziyalı ailəsində anadan olmuşdu. Atalar yaxşı deyiblər: “Ot kökü üstə bitər”. Gen yaddaşından ayrılmaz, Nəriman müəllim də gözünü açıb ailələrində səmimi tərbiyə, rəftar görmüşdü. Onun böyük arzusu oxumaq, təhsil almaq idi. Tale onu öz istəyinə, könül verdiyi maliyyəçi peşəsinə qovuşdurdu.
Uzun illər Maliyyə Nazirliyində, Kənd Təsərrüfatı Nazirliyində işlədi. Qismətilə qənaətlənib, şükür edib, heç kimin varına-dövlətinə qibtə hissi ilə baxmayıb. Nəriman müəllimi təkcə vəzifəsinə görə tanımayıblar, təmiz əxlaqına, yüksək ailə tərbiyəsinə, vicdanlı əməyinə görə seviblər, hörmət ediblər.
Yaxın dostları deyir ki, Nəriman müəllim təmiz, xeyirxah bir insan idi. Bu adı qazanmaq həyatda hər adama nəsib olmur.
Ancaq nurani, müqəddəslərimiz kimi xeyirxah bir adam olan Nəriman müəllim bu adı öz sadə, xeyirxah əməyi və hörməti sayəsində qazanmışdı. Onun amalı, qayəsi xeyirxahlıqdan yoğrulmuşdu. Kəndimizin bütün xeyir-şər məclislərində iştirak edərdi, o həmişə doğru yol göstərərdi. Ruhu şad, yeri bəhiştlik olsun. Biz daima onun işıqlı xatirəsini əziz tuturuq.
Vaxt gur axan ümmanlı çaya bənzəyir. Axır, elə hey axır. O çayı dayandırmaq, saxlamaq mümkün deyil, olsa da təbiətin ixtiyarına qüdrətimiz çatmaz. Nəriman müəllim də ucu-bucağı görünməyən bir dağ çayına bənzəyirdi. Hamının sevdiyi şəxsiyyət idi. Onun üçün ata müqəddəs idi, ana şərəf idi, qohum-qardaş başucalığı idi...
Lakin amansız ölüm onu haqladı... Amma nə edəsən, ölümdür, hər ömrün axır sətiri.
Nəriman müəllim həyatı fanatikcəsinə sevirdi. Lakin həyat isə onu min bir qayğısına büküb, payızın tənha yarpağı kimi döşünə qatıb aparırdı. Yaman tələsirdi gərək olmağa, qollardan tutmağa, könül şad eləyib yaddaşlara köçməyə, ailə, uşaq, vurğunluğunun ömrünü uzatmağa...
Nəriman müəllim mənalı, hikmətli bir ömür yaşadı. Burada qədim bir mütəfəkkirin kəlamı yada düşür: “Nə edəsən, yaxşılar Allahın da sevimli bəndəsi olurlar”. İndi Nəriman müəllimin yeri yaman görünür. Onun səsi, məsləhətləri qulaqlarımızda səslənir.
Ulu Tanrı tərəfindən sevilmək, onun qayda-qanunlarına əməl etmək böyük şərəfdir. Nəriman müəllim kimi xeyirxah əməl sahibləri xalqın yaddaşında, qəlbində əbədi yaşamaq hüququ qazanıblar. O dağlar, o yollar qədirbilən Hacılar elləri Nərimanı heç zaman unutmayacaq.
Qəbri nurla dolsun, Allah rəhmət eləsin!

Tahir Alıyev,
dostu
Sabir Hüseynov,
yazıçı, Prezident mükafatçısı
29-09-2026, 21:47
”Bir ünvan... Bir hiss... Min xatirə...”


Könül Quliyeva
Uşaqların Gələcəyi Naminə İctimai Birliyinin sədri

Abşeron Sağlamlıq Mərkəzi:

”Bir ünvan...Bir hiss... Min xatirə...”


Sağlamlıq və istirahət mərkəzi haqqında danışanda adətən eyni sözlər yazılır: təmiz hava, gözəl təbiət, peşəkar həkimlər, rahat şərait… Amma bəzi insanlar üçün bu bir qədər fərqli görünə bilir. Çünki insan həmin yerlərə turist kimi getmir. Bir tərəfdən müalicəyə ümid edir, digər tərəfdən tanımadığı bir yerdə özünü necə hiss edəcəyini düşünür. Mənim fikrimcə, hər bir sağlamlıq mərkəzi haqqında ən doğru qiyməti orada bir neçə gün istirahət edən, müalicə alan insan verə bilər.
“Abşeron Sağlamlıq Mərkəzi” ilk olaraq mənim diqqətimi sakitliyi ilə çəkdi. Müalicə prosedurlarından sonra otağa qayıdıb dincəlmək, bir az yatmaq, kitab oxumaq və ya sadəcə sakit oturub mərkəzin həyətində pianodan süzülən milli musiqilər və klassik əsərləri dinləmək insana həm dinclik verir, həm də istirahəti daha zövqlü edir. Mənim üçün bunun özü müalicənin bir hissəsi qədər vacibdir. Müalicə ilə yanaşı musiqi mühitinin yaradılması insanın mənəvi rahatlığına da müsbət təsir göstərir.
Abşeron Sağlamlıq Mərkəzinin ən yaxşı tərəfi yalnız prosedurlardan keçmək deyil, eyni zamanda sakit mühitdə dincəlməkdir. Bu ünvanı fərqləndirən əsas cəhət müalicə ilə istirahətin bir-birini tamamlamasıdır. İnsan burada yalnız müalicə almır, eyni zamanda ruhən də dincəlmək imkanı qazanır. Telefon, iş, şəhərin səs-küyü, gündəlik qayğılar bir qədər arxa plana keçir.
Burda istirahət günlərinin daha maraqlı və rəngarəng keçməsi üçün hər üç gündən bir konsert proqramı təşkil olunur. Canlı musiqi və müxtəlif ifalar sakit mühitə xüsusi ab-hava qatır. Belə tədbirlər insanların asudə vaxtını daha mənalı keçirməsinə, musiqi sədaları altında gündəlik qayğılardan uzaqlaşmasına imkan yaradır. Müalicə ilə yanaşı, mədəni və musiqili proqramların təşkil olunması Abşeron Sağlamlıq Mərkəzinin diqqətçəkən xüsusiyyətlərindən biridir.
Təbii ki, insanın diqqət etdiyi ilk məsələlərdən biri də personalın münasibətidir. Xəstə üçün həkimin və tibb işçisinin necə danışması, müraciətə nə qədər diqqətlə yanaşması heç də kiçik məsələ deyil. Gülərüz münasibət, səbrlə dinləmək və gündəlik ehtiyaclarla maraqlanmaq özünü rahat hiss etməyə kömək edən amillərdəndir. Xidmət sahəsində çalışan digər əməkdaşların münasibəti də ümumi atmosferə təsir göstərir. İllər ərzində burda çalışan insanların təcrübəsi də müəssisənin fəaliyyətində öz rolunu oynayır. Müasir tibbi imkanlarla yanaşı, pasiyentlə düzgün ünsiyyət qurmaq, onun ehtiyacını vaxtında görmək və gündəlik qayğısına qalmaq sağlamlıq xidmətinin vacib tərəflərindəndir.
Digər tərəfdən, belə məkanlarda insanlarla ünsiyyət də xüsusi əhəmiyyət daşıyır. Müxtəlif yaşlarda və fərqli həyat hekayələrinə malik insanların bir araya gəlməsi istirahəti daha maraqlı edir. Bəzən adi söhbət, xoş bir salamlaşma və ya fərqli mövzular istiqamətində aparılan müzakirələr insanın yaddaşında gözəl xatirəyə çevrilir.
Gündəlik həyatın mühüm hissələrindən biri isə qidalanmadır. Burda qidalanma müalicə rejiminin tərkib hissəsi kimi xüsusi əhəmiyyət daşıyır. Yeməklərin vaxtında hazırlanması, süfrənin səliqəsi və qidanın pasiyentlərin ehtiyaclarına uyğun təşkil olunması insanların gündəlik rahatlığı baxımından çox vacibdir. Müalicə şəraitində olan insanlar ağır yeməklərdən daha çox, sadə və nizamlı qidalanmaya üstünlük verirlər. Şved masası prinsipi ilə təşkil olunan qidalanmada səhər, nahar və axşam yeməklərində müxtəlif çeşiddə yeməklər təqdim edilir. Qonaqlar menyudan öz zövqlərinə uyğun seçim edə bilirlər.
Əlbəttə, hər şey ideal olmaya bilər. Sağlamlıq və istirahət mərkəzində qalan hər bir insanın gözləntisi, ehtiyacı və narazı qaldığı məqam fərqlidir. Kimisi otağa, kimisi yeməyə, kimisi tibbi xidmətə, kimisi isə personalın münasibətinə daha çox diqqət edir. Buna görə belə bir yer haqqında ən səmimi fikir “hər şey mükəmməldir” demək yox, “mən burada özümü necə hiss etdim?” sualına cavab verməkdir.
“Abşeron Sağlamlıq Mərkəzi”nin başqa bir üstün cəhəti onun yerləşdiyi mühitdir. Mərdəkanın dənizə yaxınlığı, havası və yaşıllıqları insana şəhərin səs-küyündən bir qədər uzaqlaşmaq imkanı verir. “Abşeron Sağlamlıq Mərkəzi” illərdir müalicə və istirahəti bir arada yaşadan müəssisələrdən biridir. Bura gələn insan üçün müalicə və istirahət yalnız həkim müayinəsindən keçib yod-brom vannaları, parafin terapiyası, təbii müalicəvi palçıq, tübaj, həmçinin müxtəlif fizioterapiya və reabilitasiya prosedurları aldığı yer deyil. Həm də bir neçə gün, bəzən həftələrlə burada qalmaq, gündəlik həyatın fərqli bir ritminə uyğunlaşmaq deməkdir. Burdakı günlər bizə onu xatırladır ki, sağlamlıq üçün vaxt ayırmaq lüks deyil, ehtiyacdır. İnsan bəzən özünü o qədər gündəlik qayğıların içində itirir ki, bədəninin və ruhunun verdiyi siqnalı eşitmir. Bu mühit bizə dayanmaq, nəfəs almaq və özünə diqqət göstərmək fürsəti verir.

“Abşeron Sağlamlıq Mərkəzi”nin əsas müalicə istiqamətlərindən biri mədə-bağırsaq xəstəlikləridir. Müalicə prosesi həkim nəzarəti altında müxtəlif prosedurlarla müşayiət olunur. Burda tətbiq olunan fizioterapevtik prosedurlar, müalicəvi vannalar, masaj, bədən tərbiyəsi və digər bərpaedici üsullar insanın sağlamlığının möhkəmləndirilməsinə yönəldilir. Bu prosedurların tətbiqi həkim məsləhəti və tibbi göstərişlər əsasında həyata keçirilir.
Təmizlik də mərkəzin ümumi təəssüratını formalaşdıran əsas məsələlərdəndir. Otaqların, dəhlizlərin, ümumi istifadə sahələrinin və sanitar qovşaqların səliqəli saxlanılması burada istirahət edən insanların rahatlığı üçün vacibdir. Xüsusilə müalicə müəssisəsində təmizliyə münasibət həm pasiyentlərin, həm də personalın gündəlik həyatında özünü göstərməlidir.
Əslində istirahətə gələn insanların gözləntisi də çox sadədir: müalicə almaq, sakit mühitdə qalmaq, fiziki-psixoloji vəziyyətini yaxşılaşdırmaq, düzgün qidalanmaq, rejimli istirahət və özünü güvəndə hiss etmək. Müxtəlif xəstəliklərin qarşısının alınması, profilaktik müayinələr, orqanizmin müqavimətinin artırılması, həyat keyfiyyətinin yüksəldilməsi və fiziki aktivlik məhz bu ehtiyacların ətrafında formalaşır.
Nəticədə Abşeron Sağlamlıq Mərkəzini yalnız müalicə prosedurları ilə xarakterizə etmək düzgün olmaz. Burada təmizlik, təbii müalicə imkanları, pəhriz qidalanma, mütəxəssis yanaşması, yaşıllıqlar içində yerləşən ərazi, mərkəzin həyətində səslənən milli və klassik musiqilərin ümumi atmosferi insanda xoş ovqat yaradır. Mühitin özünəməxsus rahatlığı istirahət və sağlamlıq üçün böyük əhəmiyyət daşıyır.
Yaradılan bütün imkanlar hər birimizin sağlamlığına və sosial rifahına verilən dəyərin bariz nümunəsidir. İnsanların müalicəsi və istirahəti üçün şəraitin daha da yaxşılaşdırılması, xidmətlərin təkmilləşdirilməsi və gündəlik iş prosesinə yeni yanaşmaların gətirilməsi mərkəzin fəaliyyətində müsbət dəyişikliklər yaradıb. Təbii ki, Abşeron Sağlamlıq Mərkəzində bu yeniliklərin həyata keçirilməsində, insanların sağlamlığı və sosial rifahı istiqamətində atılan addımlarda Həmkarlar İttifaqının xüsusi rolu var. Görülən hər bir işin arxasında zəhmət, təşəbbüs və xəstələr üçün daha yaxşı şərait yaratmaq istəyi dayanır.
Həmkarlar İttifaqının yüksək səviyyəli fəaliyyətini, fədakar əməyini qiymətləndirir və bizlərə bu imkandan faydalanmaq şəraiti yaratdığı üçün təşəkkür edirəm. Həmçinin hər bir qonağa mehriban münasibət göstərən, öz işinə sevgi ilə yanaşan həkimlərə və mərkəzin bütün əməkdaşlarına minnətdarlığımı bildirirəm. Göstərdiyiniz qayğı yalnız bir günün və ya bir imkanın çərçivəsində qalmayacaq, onun xoş təsiri uzun müddət yaddaşımda yaşayacaq. Hər birinizə möhkəm can sağlığı, işinizdə uğurlar və daim minnətdar qonaqlar arzulayıram.
Burada keçirdiyim hər gün mənim üçün sadəcə bir istirahət, müalicə deyil, ən gözəl xatirələrlə dolu bir zaman oldu. Mən burdan sağlamlığımla yanaşı, mənəvi rahatlıq və gözəl insanların verdiyi xoş xatirələrlə ayrılıram. Üzləşdiyim nəzakətli münasibət və peşəkar yanaşma mənim üçün xüsusi əhəmiyyət daşıdı. İnsanın həyatında elə anlar olur ki, ona göstərilən kiçik bir diqqət belə böyük məna daşıyır. Doğurdan da belə sosial imkanların yaradılması insanların özlərini dəyərli hiss etməsinə səbəb olur. Məncə, sosial dəstəyin ən gözəl tərəfi insanın özünü tək hiss etməməsidir. Ona göstərilən diqqət və yaradılan imkan insanda xoş təəssürat yaradır, həyata və insanlara münasibətinə müsbət təsir edir.
Bəlkə bir gün bu məkana yenidən qonaq kimi qayıdaram. Amma bu dəfə müalicə üçün yox, sizi görmək və “mən yaxşıyam” demək üçün... O günə qədər hər birinizə sevgilərimi və sayğılarımı buraxıram.
Sonda dostlarıma səslənmək istəyirəm ki, mənim əzizlərim, hər birimizə sadəcə bir neçə gün fasilə lazımdır. Mən öz fasiləmi burada tapdım. Həm müalicə olundum, həm də mənəvi cəhətdən rahatlıq tapdım. Həyatın ən gözəl tərəfi gözəl yerləri kəşf etmək yox, onları sevdiyin insanlarla bölüşməkdir. Sağlamlığınıza və istirahətinizə vaxt ayırmaq, gündəlik həyatın yorğunluğundan uzaqlaşmaq və xoş zaman keçirmək istəyirsinizsə, bu məkanı ziyarət etməyinizi hər birinizə tövsiyə edirəm. Bir məkanın arxasında gizlənən min gözəlliyi siz də görün və burada keçirəcəyiniz xoş günləri unudulmaz xatirəyə çevirin. Bəlkə də axtardığınız sakitlik və rahatlıq məhz Abşeron Sağlamlıq Mərkəzindədir.




29-09-2026, 21:22
BÜTÖV AZƏRBAYCAN ƏDƏBİYYATŞÜNASLIGINDA İZİ QALAN ALİM

BÜTÖV AZƏRBAYCAN

ƏDƏBİYYATŞÜNASLIGINDA

İZİ QALAN ALİM


(SABİR ƏMİROV (NƏBİOĞLU) – 100)

1946-cı ilin baharında Cənubi Azərbaycanın Təbriz şəhərinin dəmir yolu vağzalında böyük bir izdiham var idi. Yarandığı qısa bir müddət ərzində xalqın rifahı naminə böyük işlər görən Azərbaycan Milli Hökuməti bir qrup mübariz gənci təhsil almaq üçün Şimali Azərbaycanın paytaxtı Bakı şəhərinə göndərirdi. Bu gənclər arasında 1941-1946-cı illərdə Sovet-İran mədəni əlaqələr cəmiyyəti nəzdində fəaliyyətə başlamış Azərbaycan truppası tərkibində çalışan 20 yaşlı mehriban gözlü, gülümsər çöhrəli Sabir Əmirov da var idi. O Hərbi piyada məktəbində iki il oxuyub, Azərbaycan Dövlət Universitetində təhsilini davam etdirib başa vurduqdan sonra məlum səbəblərə görə bir çoxları kimi Təbrizə qayıda bilməmiş, Bakıda qalmışdır.
S.Əmirov arabir yeri düşəndə yığıncaqlarda, məclislərdə, ziyafətlərdə dost-tanışları üçün yaxşı tar çalarmış. O, istedadlı bir tarzən də ola bilərdi. Çünki onun ürəyində həmişə coşğun duyğular çağlayırdı. Ancaq sən demə S.Əmirov tarı qələmlə əvəz edəcəkmiş. O, ürəkləri tarla deyil, qələmlə ehtizaza gətirməyi daha üstün tutmuşdu. Süngünü qələmlə, qələmi silahla əvəz edən və ya hər ikisindən birgə istifadə edənlər haqqında çox eşitmişdik, oxumuşduq və yazmışdıq. Amma təvazökar insan, xeyirxah yoldaş S.Əmirov tarı qələmlə əvəz etdi.
İlk qələm məhsulu 1949-cu ildə ADU-nun ikinci kurs tələbəsi olduğu vaxt “Azərbaycan” ruznaməsində dərc edilən istedadlı tənqidçi, dözümlü tədqiqatçı filologiya elmləri doktoru S.Əmirovun (Nəbioğlunun) (1926-2014) 65 illik zəngin yaradıcılıq ardıcıllığı, məsuliyyəti, səliqəsi, Şimali və Cənubi Azərbaycan ədəbi ictimaiyyətinə tanışdır. Həyat ətirli 100-lərlə məqalələrini, 10-larla kitablarını cənublu, şimallı oxucuları minnətdarlıq hissi ilə oxuyurlar.
O, çalışırdı ki, oxuculara daha az tanış olan və ya heç tanış olmayan sənətkarları üzə çıxarıb onlara tanıtsın və sevdirsin. Alim Cənubi Azərbaycanın ayrı-ayrı görkəmli qələm sahiblərinin həyatından, yaradıcılığından söz açdıqda həmin dövrdə yaranan ümumi ədəbiyyatın da xarakteristikasını verməyi özünə borc bilirdi.
Yorulmaq bilmədən daim axtarışlarda olan Sabir müəllim həqiqi bir ədəbiyyatşünas səriştəsi ilə cənubda nəşr olunan ədəbiyyatları tədqiq, təhlil və təbliğ edirdi.
“O, qələm məhsullarını gecəli-gündüzlü yol yoldaşı, qayğılı günlərində sevincini bölüşdürdüyü can sirdaşı hesab edirdi”. Vətəndən, əzizlərdən uzaq olmağın doğurduğu ağrı-acıları yalnız onun ədəbi ərmağanları ilə ülfətdə olduğu anlar ona unutdururdu.
O taylı – bu taylı Azərbaycan şairi Əli Tudə yazırdı ki, “Qələm sahibinin qaş-daş dolu dəfinəsi çox ehtiyatlıdır. Bunun üçün yazıçının geniş mütaliəsi, dərin dünya görüşü, zəngin həyat təcrübəsi olmalıdır. Mən bu baxımdan Sabir Əmirovun əməksevərliyinə heyranam. Qələm dostumun yazılarında geniş təhlil, güclü mühakimə, sönməz yangıyla bərabər rəngarəng şeiriyyət də olur. Sabir Əmirov başa düşür ki, onsuz da yaşıl meşələrin yandığı, mavi dənizlərin quruduğu, təmiz havanın zəhərləndiyi məsum dünyamızda məqaləni də cansıxıcı yazmaq insafdan deyil. Ədəbi əsərlər haqqında yazılan məqalələrin səhifələrinə həyat fəlsəfəsiylə birlikdə təbiət gözəllikləri də gətirilməlidir. Belə təşəbbüs məqalənin səhifələrini həm dərinləşdirər, həm də əlvanlaşdırar”.
Sabir müəllim şeiriyyəti o qədər sevirdi ki, hətta hər gün işə gələndə iş yoldaşlarını belə, şeirlə salamlayırdı. Bu da kollektivdə səmimiyyətlə qarşılanırdı.
S.Əmirovun yuxusuz gecələrinin, gərgin axtarışlarının, uğurlu tapıntılarının nəticəsi olan ayrı-ayrı söz ustaları haqqında yazdığı səmimiyyətlə dolu məqalələri oxucuları tərəfindən həmişə rəğbətlə qarşılanmışdır. O, nə qədər yazıb yaratsa da yenə də heç rahat olmamış, özünü narahat hiss etmişdir. O, bilirdi ki, rahatlıq olan yerdə sənət zirvəsinə gedən yol bağlanır. Onun narahatlığından Demokratik ədəbiyyatımızın zənginləşməsi naminə yüzlərlə sanballı yazılar meydana gəlmişdir. Alimin doktorluq dissertasiyasının mövzusu da elə “Cənubi Azərbaycan Milli Demokratik ədəbiyyatı (1941-1990)” idi.
Cənubi Azərbaycanın Milli Demokratik ədəbiyyatı ölkədə fəaliyyət göstərmək üçün rəsmi sənəd qazandıqdan sonra onun sıralarında Əli Fitrət, Mir Mehdi Etimad, Məhəmmədəli Fəxrəddin Məhzun, Məhəmməd Biriya, Balaş Azəroğlu, Məhəmmədhüseyn Şəhriyar, Kərim Məşrutəçi Sönməz, Həsən Məcidzadə Savalan, İmran Səlahi kimi qüdrətli sənətkarlar yetişmişlər. Tarix və hadisələr bu söz ustalarının soragını həm Vətənin daxilində, həm də onun sərhədlərindən kənarda milyonlarla oxucunun nəzərinə çatdırmaq zərurətini yaratmışdır. Bu çətin və zəruri missiyanın vacib məkanlara yol tapmasında ədəbiyyatşünas və tənqidçi Sabir Nəbioğlunun tarixi rolu olmuşdur.
S.Nəbioğlu həmvətənlərinin həyatlarına dair məlumatları və yaratdıqlarını bütün varlığı ilə arayıb axtarmaq, üzə çıxarmaq, xalqın malı etmək eşqi ilə alışıb yanan alimlərdən idi. O, mütəmadi olaraq İranda, Cənubi Azərbaycanda nəşr edilən qəzet və jurnalları, kitabları izləyir, müəlliflərinin yaradıcılığına, əsərlərə bir ədəbiyyatşünas alim kimi öz münasibətini bildirirdi. Elə bunun nəticəsidir ki, o, Arazın cənubunda və şimalında yaşayan 200-dən çox şair, yazıçı və ədəbiyyatşünas haqqında dəyərli məqalələr və kitab yazmışdır.
Onun “Cənubi Azərbaycan Milli Demokratik ədəbiyyatı (1941-1990)” (Bakı, “Nurlan”, 2000, 258 s.), “Əsrin övladı (Q.S.Təbrizi)” (Bakı, “Turan evi”, 2004, 144 s.), “Səhənd” (Bakı, Nurlan”, 2006, 112 s.), “Səməd Behrəngi” (Bakı, Azərnəşr, 2009, 136 s.), “Təbrizdən başlanan dünya” (Bakı, Azərnəşr, 2010, 124 s.) mövzulu monoqrafiyaları həm Vətəndə, həm də Vətəndən kənarda şöhrət qazanmışdır. “Sakit dənizin tufanı” (Bakı, “Azərnəşr”, 1983, 52 s.), “Azəroğlu” (Bakı, “Azərnəşr”, 1985, 75 s.),”Bir ovuc hədiyyə” (Bakı, “Nurlan”, 2005, 256 s.), “Bu karvanın yolu Güneyədir” (Bakı, “Nurlan”, 2007, 440 s.), “Vüsalın qanadlarında” (Bakı, “Elm və təhsil”, 2013, 200 s.), “İntizar günlərinin nəğmələri” (Bakı, “Elm və təhsil”, 2013, 200 s.) adlı kitablarının da taleyi uğurlu olmuşdur.
Bu kitablar haqqında tanınmış qələm sahiblərinin səsləndirdikləri fikirlər də maraq doğurmaya bilmir. Şair, prof. Qulamrza Səbri Təbrizi S.Nəbioğlunun “Səməd Behrəngi” monoqrafiyası haqqında yazırdı: “Əminəm ki, Güney Azərbaycanın yorulmaz tədqiqatçısı kimi oxuculara yaxşı tanış olan Sabir Nəbioğlunun Səməd Behrəngi şəxsiyyətinə və yaradıcılığına məhəbbətindən qanadlanıb Güney-Quzey bilmədən pərvazlanan “Səməd Behrəngi” “Azərbaycanımızın qədirşünas oxucularının yolunu gözlədikləri elçi olacaqdır”.
S.Nəbioğlunun “Bir ovuc hədiyyə” adlı məqalələr toplusu haqqında cənublu şair Eldar Muğanlı yazır: “Əziz həmvətənim, qələm və ideya dostum, ədəbiyyatımızın, xüsusilə poeziyamızın, canıyanan sərrafı. “Bir ovuc hədiyyə kitabınızda toplanan məqalələr müəllif qayəsi, tənqidçi səriştəsi və söz-söhbətinin dogma ahəngi ilə mənim şeir dünyamın xoş məramlı elçisinə çevrildilər”.
Cənubi Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən olan Haşım Tərlan, Həsən İldırım, Hacı Herisi, Əlirza Miyanalı da bu kitab haqqında xoş sözlər söyləmişlər. Həsən İldırım yazırdı ki, “Sabir müəllim, ustadımız. Sevinməyə haqqımız var ki, “Bir ovuc hədiyyə” kitabınızda toplanan məqalələriniz sizə bütün ədəbi məclis və görüşlərimizdə iştirak etmək hüququ qazandırmışdır”.
Oxucu elə fikirləşməsin ki, S.Nəbioğlunun kitabları haqqında yalnız cənublu soydaşlarımız rəylərini bildirmişlər. Onun yalnız kitabları haqqında deyil, hətta özü haqqında da Şimali Azərbaycanın qələm sahibləri dəyərli və layiqli fikirlər söyləmişlər. Akademik Nizami Cəfərov yazır: “Alimin Cənubi Azərbaycan Milli Demokratik ədəbiyyatı (1941-1990)” mövzusunda yazdığı monoqrafiyası saf bir ayna kimi göstərir ki, yarım əsrdən bəri keçdiyi yaradıcılıq yolu çox barlı-bəhrəli olmuşdur. O, monoqrafiyasında özünü artıq ustad bir ədəbiyyatşünas və tənqidçi kimi göstərmişdir”.
Azərbaycanın xalq yazıçısı, prof. Əzizə Cəfərzadə 1946-1947-ci illərdə Bakı Teatr Texnikumunun müdiri ikən Cənubi Azərbaycandan Bakıya gəlib Hərbi məktəbdə oxuyanların bayram tədbirində ilk dəfə gördüyü Cabir Əmirov haqqında deyirdi: “Fədailərdən (o zaman milli-azadlıq hərəkatında iştirak edənlər fədai adlanırdı) o zamankı dostlarım içərisində Sabir Əmiri mənə ixtisasca daha yaxın olduğundan, tez-tez bu gözəl alim, tədqiqatçı, cənub ədəbiyyatımızın burada ən fəal təbliğatçısı ilə görüşür, bir-birimizdən öyrənir, bildiklərimizi bölüşürdük. Yeri düşmüşkən deməliyəm ki, Sabir Əmiri yaradıcılığını daim izləyir, onun ciddi tədqiqatını yüksək qiymətləndirirəm”.
Alimin tez-tez məqalələri dərc edilən “Ədəbiyyat qəzeti”nin baş redaktoru olmuş Ayaz Vəfalı “Bir qələm, bir dəftər, bir can”, yaxud “zəhmət və məsuliyyət” sərlövhəli məqaləsində yazır: “Sabir Nəbioğlu haqqında düşünəndə dərhal xatırladığım bu iki kəlmə olur: zəhmət və məsuliyyət.
Neçə onillər ərzində ədəbiyyatımızın Güney qolu barədə ehtiyac duyduğumuz hər hansı materialı yazıb yetirməsi üçün hətta təcili gərək olduqda belə Sabir müəllimə tərəddüdsüz müraciət etmiş və səhhətinin necəliyindən asılı olmayaraq həmişə müsbət cavab almışıq. Çox zaman mənə elə gəlib ki, Cənub mövzusu Sabir Nəbioğlunun həm dərdi, həm də dərmanıdır. Dərdidir – çünki o gənclik illərindən Güney Azərbaycanın azadlıq arzuları ilə nəfəs almış və daim də bu yolda qələmi ilə, sözü ilə mübarizə aparmışdır və aparır. Dərmanıdır – çünki bu bitib-tükənməyən ağrıları, əzabları yaza-yaza, çarə axtara-axtara deyildiyi kimi: “Söz qəlbdə, mey şişədə qalmaz”.
Bu bizim S.Nəbioğlu haqqında üçüncü yazımızdır. “Vüsalın qanadlarında” (“Kaspi”, 2014, 17 iyul), “Alimin son kitabı” (“Kaspi”, 2015, 24 iyun). Bu müəllifin “İntuzar günlərinin nəğmələri” kitabı haqqındadır.
Biz birinci məqaləmizdə yazmışdıq ki, “S.Nəbioğlu hər hansı bir şair yazıçı və ya alimin yalnız həyatı və yaradıcılıgını deyil, eyni zamanda yaradıcılığı ilə məşğul olan qələm sahiblərini də oxucularına yaxından tanıtdırır. Məsələn, dilçi alim H.Nitqinin yaradıcılığı ilə qüdrətli şair K.M.Sönməzin, sənətdə öz orijinal yolu ilə getməyə can atan İ.Səlahinin yaradıcılığı ilə şair Nəcdfərin məşğul olmasını, Güneyli, Quzeyli Azərbaycan poetik fikrinin ən nadir incilərindən hesab edilən B.Q.Səhəndin “Sazımın sözü” poemasının oxuculara qovuşdurulmasında professor M.Fərzanənin əsl sənət fədaisi kimi rolunun olmasını böyük məmnunluqla xatırladır”.
Bu, daim axtarışda olan, tapıntıları maraqla izlənilən alim haqqındakı xoşməramlı fikirləri bir məqaləyə sığışdırmaq mümkün deyil.
S.Nəbioğlu yalnız Cənubi Azərbaycanın deyil, Şimali Azərbaycanın da ədəbiyyat aləminə yaxından bələd idi və bu sahədə də qələm çalırdı. Bunu onun – “Tarix boyu ən qəddar və amansız hökmdarların belə susdurmağa qadir olmadıqları, gücünü və yaşamaq qabiliyyətini həyatdan alan bir qüvvət vardır. Bütün yasaq və qadağalara baxmayaraq Vətən-Ananın lay-lay çaldığı beşikdə böyüyüb başa çatan, xalqın milli və mədəni, siyasi-sosioloji mənafeyinin keşiyində duran doğma dilli bədii söz olmuşdur. Bu nəhəng axın özünün qüdrət və qüvvət, şərəf və ləyaqət piyaləsini Xaqanilərin, Qətran Təbrizilərin, Mirzə Fətəli Axundzadələrin, Saib Təbrizlərin, Vaqiflərin, Həsən bəy Zərdabilərin, Cəlil Məmmədquluzadələrin, Mirzə Ələkbər Sabirlərin, Üzeyir Hacıbəyovların yaratdıqları nəhəng axarlı nəhrlərdən almışdır” – yazısından da görmək olur.
Sabir müəllim bütün dünyada şöhrət qazanmış Şimali Azərbaycanın ustad sənətkarları ilə fəxr edir və onlardan Vətənə məhəbbət bəsləmək kimi bir təlim aldığına sevinir. Bunu onun “Mən Azərbaycanam!” adlı məqaləsindəki “Mən kiməm?”, “Ata-babalarım kimlər olmuşdur” suallarına cavabında da görmək olur: “Mənim köküm bəşər özünü dərk etdiyi gündən ilk şüurlu addımlarını atdığı çaglara aparıb çıxardı. Bildim ki, beşiyim başında öz dühaları ilə dünyanı heyran qoyan Xaqanilərin, Nizamilərin, Füzulilərin, Nəsimilərin ötdükləri nəğmələr qəlbimi, ruhumu şüurumu Vətən adlı müqəddəs torpağa bağlayan ustadlarım olmuşdur. Bu nadir zəka sahiblərinin mənə verdikləri təlimin baş qayəsi havasını uddugum, suyunu içdiyim Vətən adlı müqəddəs diyara məhəbbət bəsləmək olmuşdur. Onların verdikləri təlimin məğzi, məna və məzmunu bu sözlərdə ifadəsini tapmışdır:
- “Sən gecələri, gündüzləri atəşi səngiməyən əbədi Odlar yurdunun – Azərbaycanın övladısan!”
S.Nəbioğlunun filologiya elmləri namizədi elmi dərəcəsi almaq üçün yazdığı dissertasiyanın mövzusu Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddinin felyetonları” olmuşdur. Bu dissertesiyada müəllif yalnız Şimali və Cənubi Azərbaycanda deyil, bütün Şərq aləmində məhşur olan, səs-sorağı Avropaya, Afrikaya, Amerikaya gedib çıxan “Molla Nəsrəddin” jurnalı barədə bir sıra maraqlı mülahizələr irəli sürmüşdür. Molla əminin böyük ürək yanğısıyla yazdığı məna dolu felyetonları dissertasiyada geniş, dəqiq və hərtərəfli təhlil edilmişdir.
Alimin şair, ədəbiyyatşünas, prof. Qulamrza Səbri Təbrizinin yaradıcılıq yoluna işıq salan “Təbrizdən başlanan dünya” kitabının əvvəlində bu il anadan olmasının 120 illiyini qeyd etdiyimiz ustad şairimiz Səməd Vurğundan gətirdiyi misal da onun Şimali Azərbaycan ədəbiyyatına yalnız bələdliyinin deyil, həm də vurğunluğunun göstəricisidir.
“Çarxını qurduqca dövranın əli,
Bəzən ağlar olur, bəzən gülməli
Insanın ən böyük eşqi, əməli
Bəzən aslan kimi çırpınır darda,
Bəzən qanad çalır fırtınalarda.

Azərbaycanın uzun əsrlik söz sənəti kəhkəşanının parlaq səyyarələrindən biri yox, bu doğru olmazdı, səyyarəsi olmuş Səməd Vurğunun həmin misraları yaradıcılığı haqqında yazmağı qət etdiyim güneyli qələm dostumun poeziya aləminə aparan yolun məşəldarı oldu desəm, yanılmaram”.
S.Nəbioğlu bir müddət Bakı radiosunun “Cənubi Azərbaycan redaksiyası”nın təşkil etdiyi “Dinləyicilərimizin yaradıcılığı, axtarışları və tapıntıları” verilişinin aparıcısı olmuşdur. O, həmişə bu verilişin məzmunlu, əlvan, zəngin olmasına çalışmışdır.
Mövzusu Cənub ədəbiyyatından alınmış verilişlərin müəlliflərini axtaranlardan hətta:
“–Respublikamızda Güney Demokratik ədəbiyyatının təhlil və təbliği ilə məşğul olan qələm sahiblərinin müsabiqəsini keçirsəydilər bu sınaqda Sabir Nəbioğlu ürək açan yer tutardı” mülahizələri də az eşidilməmişdir.
“Mühacir” qəzetində dərin məzmunlu yazılarla tez-tez çıxış edən S.Nəbioğlu qəzetin məsuliyyətlə dolu ağır yükünü qələm yoldaşı Əmirəli Lahrudi ilə çiyin-çiyinə çəkmişdir.
Q.S.Təbrizi yazırdı: “Sənət dostumun yaradıcılığı üçün uğurlu hesab edilməyə layiq olan məsələlərdən biri də qələm məhsullarını mənsub olduğu Vətənin, müasirlərinin, həmməsləklərinin problemlərini oxucularına çatdırmaq üçün səlahiyyətli elçilərə çevirmək qabiliyyəti olmuşdur. Bu qayə Vətənimizin yorulmaz və qüdrətli qələm fədaisini Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurası ilə qovuşduran yolların nurlu məşəlinə çevirmişdir.
S.Nəbioğlu kitablarında böyük hörmət etdiyi və qəlbdən sevdiyi oxucularına müraciət edərək onlardan kitab haqqında fikirlərini məktublar vasitəsilə bildirmələrini və onların fikirləri əsasında yaradıcılığını davam etdirməyi istəyirdi. Elə ona görə də bizim “Alimin son kitabı” məqaləmizdəki son sözləri burada da xatırlatmaq istəyirəm:
Təəssüflər olsun ki, Sabir müəllim bu kitab haqqında oxucularının məktublarını almadan və onların rəyləri əsasında yaradıcılığını davam etdirmək kimi bir missiyanı həyata keçirmədən dünyasını dəyişdi. Bu, onun son kitabı oldu. Sabir müəllimin bundan sonra kitab yazıb çap etdirməsi mümkün olmasa da, əminik ki, onun haqqında yazılan kitablar, məqalələr olacaqdır. Çünki o, buna layiqdir.
Ruhun şad olsun, tez-tez hörmətlə xatırlanan və yeri bilinən alim!

Lətifə Mirzəyeva
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi
28-09-2026, 22:10
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı


Azərbaycan 2030-cu ilə

qədər tranzit hədəfini açıqladı


Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxış edərək Azərbaycanın iqtisadi inkişaf perspektivləri, investisiya imkanları, enerji və nəqliyyat potensialı, rəqəmsal transformasiya, insan kapitalının inkişafı və ölkənin beynəlxalq iqtisadi əlaqələrinin genişləndirilməsi barədə fikirlərini bölüşüb.
Dövlət başçısı bildirib ki, sabit iqtisadiyyat və müstəqil maliyyə-iqtisadi sistem gələcək inkişaf üçün mühüm əsasdır. Onun sözlərinə görə, əlverişli investisiya mühiti nəticəsində son 20 ildə Azərbaycana 350 milyard ABŞ dollarından çox investisiya cəlb edilib və bunun yarısını birbaşa xarici investisiyalar təşkil edir.
Prezident qeyd edib ki, uzunmüddətli və dayanıqlı iqtisadi artıma nail olmaq üçün neft-qaz sektorundan kənar sahələrin potensialından daha geniş istifadə olunmalıdır. Bu baxımdan bərpaolunan enerji, logistika, nəqliyyat və bağlantılar, mədənçilik, rəqəmsal texnologiyalar və kənd təsərrüfatı əsas istiqamətlər sırasında göstərilib.
İlham Əliyev Azərbaycanın bərpaolunan enerji sahəsində böyük potensiala malik olduğunu diqqətə çatdırıb. Bildirib ki, Xəzər dənizinin Azərbaycan sektorunda 157 giqavatlıq enerji potensialı mövcuddur. Quruda Günəş və külək elektrik stansiyalarının artıq fəaliyyət göstərdiyini deyən Prezident qarşıdakı beş il ərzində ölkənin bütün ərazisində bərpaolunan enerji mənbələrinin inkişaf etdirilməsinin hədəfləndiyini vurğulayıb.
Dövlət başçısı Azərbaycanın əlavə enerji potensialından süni intellekt və data mərkəzlərinin inkişafı, eləcə də elektrik enerjisinin ixracı üçün istifadə imkanlarına da toxunub. Onun sözlərinə görə, yeni elektrikötürücü xətlərin inşası və mövcud xətlərin genişləndirilməsi gələcək iqtisadi inkişafın mühüm tərkib hissələrindən biri olacaq.
Prezident Azərbaycanın logistika və nəqliyyat sahəsində də mühüm imkanlara malik olduğunu bildirib. Qeyd olunub ki, ölkənin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi tranzit imkanlarını artırır. Hazırda Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcminin sürətlə artdığını deyən İlham Əliyev bu il göstəricinin 16 milyon tona çatacağını bildirib. Hədəfin isə 2030-cu ilədək daşımaların həcmini 25 milyon tona və daha yüksək səviyyəyə çatdırmaq olduğu qeyd edilib.
Prezident vurğulayıb ki, bu potensialın reallaşdırılması üçün dəmir yollarına, dəniz limanlarına, hava yolu ilə yükdaşımalara və avtomobil yollarına böyük həcmdə investisiyalar yatırılıb. Azərbaycanın dəmir yollarının 60 faizinin elektrikləşdirildiyi və bu prosesin davam etdiyi bildirilib.
İlham Əliyev Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin genişlənməsinə də diqqət çəkib. Dövlət başçısı Azərbaycanın coğrafi baxımdan Qafqazda yerləşməsinə baxmayaraq, siyasi, iqtisadi və nəqliyyat baxımından artıq böyük Mərkəzi Asiya regionunun bir hissəsinə çevrildiyini qeyd edib.
Dövlət başçısı Azərbaycanın etibarlı tərəfdaş kimi formalaşmasının investorlar üçün mühüm amil olduğunu deyib. Onun sözlərinə görə, 30 il əvvəl imzalanmış neft-qaz müqavilələrinin şərtlərinin dəyişdirilməməsi ölkənin tərəfdaşlıq və investisiya mühitinə yanaşmasının göstəricilərindən biridir.
Prezident enerji sektorunun yaxın perspektivdə də Azərbaycan iqtisadiyyatında mühüm rol oynayacağını bildirib. Onun sözlərinə görə, neft-qaz sahəsində yeni layihələr həyata keçirilir. Bu çərçivədə “Exxon” şirkəti ilə qeyri-ənənəvi neft və qaz yataqlarının işlənilməsi üzrə müqavilənin, həmçinin “Total” şirkəti ilə “Abşeron” yatağının işlənilməsinin ikinci mərhələsi üzrə müqavilənin imzalanacağı bildirilib.
İlham Əliyev elektrik enerjisinin ixracı və enerji bağlantılarının inkişafını da Azərbaycanın yeni iqtisadi imkanları sırasında göstərib. Azərbaycanın artıq 250 meqavatlıq ehtiyat gücünün olduğunu deyən Prezident bunun yalnız başlanğıc olduğunu vurğulayıb.
Azərbaycanın infrastruktur imkanlarından danışan Prezident ölkənin 96 faizinin qazlaşdırıldığını, elektrik enerjisi və genişzolaqlı internetlə tam əhatə olunduğunu bildirib. Azərbaycanda doqquz beynəlxalq hava limanının fəaliyyət göstərdiyi, dəniz limanının isə genişləndirildiyi qeyd olunub.
Dövlət başçısı rəqəmsal transformasiya və süni intellekt istiqamətində də geniş imkanların olduğunu bildirib. Onun sözlərinə görə, bu sahədə əsas məsələlərdən biri peşəkar və ixtisaslı kadrların hazırlanmasıdır. Kibertəhlükəsizlik Mərkəzinin yaradılması bu istiqamətdə atılan mühüm addımlardan biri kimi qeyd edilib.
İlham Əliyev insan kapitalının inkişafının uzunmüddətli iqtisadi artım üçün əhəmiyyətini vurğulayıb. Bildirib ki, 2003-cü ildə gənclərin xaricdə təhsil alması məqsədilə Dövlət Proqramı qəbul edilib və ötən dövrdə minlərlə azərbaycanlı gənc xaricdə təhsil alıb.
Prezident Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi istiqamətində görülən işlərə də toxunub. Qeyd edib ki, hazırda ÜDM-in 70 faizindən çoxu qeyri-neft sektorunun payına düşür. Bununla yanaşı, ixracda neft və qazın payının hələ də 90 faizdən çox olduğu vurğulanıb və bu göstəricinin dəyişdirilməsinin qarşıda duran əsas vəzifələrdən biri olduğu bildirilib.
Çıxışının sonunda Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun əhəmiyyətini vurğulayaraq investorların Azərbaycanın iqtisadi imkanlarını və yaradılmış şəraiti birbaşa yerində görməsinin mühüm olduğunu bildirib. Dövlət başçısı xarici investorları Azərbaycanı daha yaxından tanımağa, ölkədə yaradılmış imkanları qiymətləndirməyə və yeni inkişaf yolunda əməkdaşlıq etməyə çağırıb.
Forum çərçivəsində Azərbaycanın investisiya imkanları ilə bağlı bir sıra mühüm sənədlərdə imzalanıb.

Anar Abbasov
Xırdalan şəhər bələdiyyəsinin sədri
28-09-2026, 22:02
Cavidan Həzizadə yazır: Gənclərin ictimai həyatda fəallığı niyə vacibdir?


Cavidan Həzizadə yazır:

Gənclərin ictimai həyatda

fəallığı niyə vacibdir?


Gənclər cəmiyyətin gələcəyini formalaşdıran əsas qüvvələrdən biridir. Onların ictimai həyatda fəal iştirakı həm şəxsi inkişaf, həm də cəmiyyətin tərəqqisi baxımından mühüm əhəmiyyət daşıyır.
Könüllülük, sosial layihələr, tələbə təşkilatları, ictimai təşəbbüslər və maarifləndirici fəaliyyətlər gənclərə liderlik, komanda işi, məsuliyyət və ünsiyyət bacarıqları qazandırır. Eyni zamanda, gənclərin sosial problemlərin həllinə töhfə verməsinə imkan yaradır.
Müasir rəqəmsal dövrdə sosial media da ictimai fəallığın mühüm vasitəsinə çevrilib. Lakin fəallıq yalnız paylaşım etməklə deyil, real təşəbbüslər və faydalı fəaliyyətlərlə ölçülməlidir.
Fəal gənclər cəmiyyətin problemlərinə biganə qalmır, yeni ideyalar irəli sürür və dəyişikliklərə öz töhfələrini verirlər. Buna görə də gənclərin ictimai həyata cəlb olunması həm bu günün, həm də gələcəyin daha məsuliyyətli və fəal cəmiyyətinin formalaşması üçün vacibdir.

Cavidan Həzizadə
Müvəkkil Hüquq Mərkəzinin Gənclər Klubunun rəhbərinin müavini
28-09-2026, 21:51
Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı


“Milli yaddaşın zəfəri:

Tarixi Qayıdışın Məramı –

Vətən və Qərbi Azərbaycan”

mövzusunda tədbir keçirilib


Qərbi Azərbaycan İcması, ADPU-nun Qərbi Azərbaycan Araşdırmaları Mərkəzi, “Cosmoline” Tərcümə və Araşdırma Mərkəzi və “Müvəkkil” Hüquq Mərkəzinin təşkilatçılığı və ednews.az saytının informasiya dəstəyi ilə sentyabrın 25-də “Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı – Vətən və Qərbi Azərbaycan” mövzusunda tədbir keçirilib.
Tədbirin məqsədi Azərbaycanın tarixi yaddaşının qorunması, Qərbi Azərbaycanın tarixi, burada yaşamış azərbaycanlıların mədəni irsi, yaşayış məskənləri və toponimləri ilə bağlı araşdırmaların genişləndirilməsi, eləcə də bu istiqamətdə əldə olunan məlumatların gələcək nəsillərə çatdırılmasının əhəmiyyətinə diqqət çəkmək olub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə giriş sözü ilə çıxış edən ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü Mahirə Hüseynova şəhid və qazilərin Azərbaycanın tarixi Zəfərinin qazanılmasındakı xidmətlərindən danışıb. O, “Cosmoline” Tərcümə və Araşdırma Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirərək, mərkəzin tərcümə və araşdırma istiqamətində gördüyü işlərin əhəmiyyətini vurğulayıb. M.Hüseynova Qərbi Azərbaycan İcması və universitetlərdə fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırmaları Mərkəzləri ilə “Cosmoline” Tərcümə və Araşdırma Mərkəzi arasında əməkdaşlığın qurulmasının, elmi araşdırmaların tərcümə və mənbə bazasının zənginləşdirilməsi baxımından vacibliyini qeyd edib.
Professor, həmçinin, Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasının vacibliyini vurğulayıb. O bildirib ki, BMT tərəfindən Qərbi Azərbaycan İcmasının 14 sənədi yayımlanıb. Professor Qarabağın işğaldan azad olunmasını Qərbi Azərbaycana dinc, təhlükəsiz və ləyaqətli qayıdış istiqamətində mühüm mərhələ kimi qiymətləndirib.

“Cosmoline” Tərcümə və Araşdırma Mərkəzinin icraçı direktoru Tünzalə Əsədova çıxışında milli yaddaşın qorunması, tarixi məlumatların düzgün araşdırılması və gələcək nəsillərə etibarlı şəkildə çatdırılması baxımından erməni dilindən tərcümənin xüsusi əhəmiyyət daşıdığını bildirib.
İcraçı direktor “Cosmoline” Tərcümə və Araşdırma Mərkəzinin əsas fəaliyyət istiqamətlərindən birinin erməni dilində olan sənədlərin Azərbaycan dilinə peşəkar və dəqiq tərcüməsi olduğunu vurğulayıb. O qeyd edib ki, bu sahədə tərcümənin yalnız dil baxımından deyil, həm də tarixi və mənbəşünaslıq baxımından düzgün aparılması vacibdir.

T.Əsədova erməni dilində olan tarixi sənədlərin, arxiv materiallarının və digər yazılı mənbələrin Azərbaycan dilinə dəqiq və peşəkar şəkildə tərcüməsinin Qərbi Azərbaycanın tarixi ilə bağlı faktların ilkin mənbələr əsasında araşdırılmasına imkan yaratdığını bildirib. Həmçinin, rməni dilindəki tarixi sənədlərin orijinal mənbələr əsasında araşdırılması və Azərbaycan dilinə dəqiq tərcümə olunmasının tarixçilər, tədqiqatçılar və araşdırmaçılar üçün mühüm elmi materialların əlçatanlığını artırdığını və tarixi məlumatların təhrif olunmadan öyrənilməsinə xidmət etdiyini diqqətə çatdırıb. Bununla yanaşı, erməni müəlliflər tərəfindən hazırlanmış materialların ilkin mənbə kimi araşdırmaya cəlb olunmasının tarixi faktların müqayisəli şəkildə öyrənilməsinə imkan verdiyini bildirib.

ADPU-nun Qərbi Azərbaycan Araşdırmaları Mərkəzinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Leyla Cəlalova çıxışında ümummilli lider Heydər Əliyevin Qərbi Azərbaycanla bağlı fikirlərinə toxunub. O, Heydər Əliyevin Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların tarixi torpaqlarla bağlı yaddaşının qorunmasına və bu məsələnin gələcək nəsillərə çatdırılmasına verdiyi əhəmiyyəti qeyd edib.
“Müvəkkil” Hüquq Mərkəzinin sədri, hüquqşünas Səməd Vəkilov çıxışında Qərbi Azərbaycan mövzusunda keçirilən tədbirlərin tarixi məlumatların gələcək nəsillərə çatdırılması və hüquqi məsələlərə diqqətin artırılması baxımından əhəmiyyətindən danışıb.
Tədbirdə “Cosmoline” Tərcümə və Araşdırma Mərkəzinin baş tərcüməçisi və layihə rəhbəri Həsən Əhmədov, filologiya üzrə fəlsəfə doktoru, Naxçıvan Dövlət Universitetinin Qərbi Azərbaycan Araşdırmaları Mərkəzinin əməkdaşı Süsənbər Ağamalıyeva, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova çıxış ediblər.
Tədbir zamanı Qərbi Azərbaycan və Zəfərə həsr olunmuş videoçarx nümayiş etdirilib.







27-09-2026, 10:39
Xocalıda Şəhidlər   xiyabanı ziyarət olunub

Xocalıda Şəhidlər

xiyabanı ziyarət olunub


Xocalıda 27 Sentyabr Anım Günü ilə bağlı Şəhidlər xiyabanı ziyarət olunub. FOTO

27 sentyabr Anım Günü ilə əlaqədar Xocalı şəhərində yerləşən Şəhidlər xiyabanı ziyarət olunub.Xankəndi şəhərində, Ağdərə və Xocalı rayolarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, anım Günü münasibətilə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Xocalı rayon şöbəsinin əməkdaşları, eləcə də Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları Şəhidlər xiyabanına gələrək, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.Ziyarət zamanı şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb, onların ruhuna dualar oxunub.Qeyd olunub ki, Azərbaycan xalqı Vətən müharibəsində və digər döyüşlərdə şəhid olan qəhrəman övladlarının xatirəsini daim uca tutur. Şəhidlərin göstərdiyi qəhrəmanlıq və fədakarlıq Azərbaycanın tarixinə əbədi həkk olunub.Şəhidlərimizin əziz xatirəsi daim ehtiramla anılacaq.



����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!