"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
27-10-2026, 18:16
OKTAY SARALIN SƏVİYYƏSİ BUDURMU?


Şapur Qasimi


OKTAY SARALIN

SƏVİYYƏSİ

BUDURMU?


Türkiyəmizin Prezidenti sayın Rəcəp Tayyib Ərdoğanın baş müşaviri Oktay Saralın Tehran mollalarının Bakıda təşkil etdikləri “hicab şivəni” tragikomediyası ilə bağlı Azərbaycan rəhbərliyinə sərt və təhqiramiz müraciət –mühazirəsinə rast gəldim. Məni ilk növbədə heyrətləndirən bu dərəcədə savadsız, bir-birini tam və mütləq inkar edən fikirlər söyləyən birisinin Türkiyə kimi böyük dövlətin, dünyanın ən nəhəng siyasətçilərinə meydan oxuyan sayın Ərdoğanın müşaviri, həm də baş müşaviri olması oldu.
İlk növbədə Oktay Saral Türkiyə və Azərbaycanın bir millətin iki dini deyil, dünyəvi dövləti olduğunu bilməlidir. Türkiyə ilə Azərbaycanı bir-birinə qırılmaz tellərlə bağlayan əsas, həlledici amil məhz hər ikisinin türk dövləti olmasıdır. Türkiyədə dindar əhalinin, tarixən yaranmış səbəb və şərait üzündən sayı başqalarından çox olsa da, Azərbaycanda dindar əhalinin sayı əhalinin ümumi sayının 3-4 faizindən çox deyil. Elə, bu da tarixi şəraitin nəticəsidir.
İkinci bir məsələ də, Bakıda “Hicab şivəni” təşkil edən şovinist fars mollaları, Türkiyənin ərəb milli ideologiyasının daşıyıcıları olduğu, klassik islamın müəllifi olan Məhəmməd peyğəmbərə əsaslanan islamı deyil, Əlinin oğlu Hüseyn ilə Sasani hökmdarının qızı Şəhərbanunun izdivacından doğulan oğlu Zeynalabdinə, yəni, İmamətə, daha dəqiq desək, imamət adı ilə fars etnik əsaslı milli ideologiyanın daşıyıcıları olub, ərəb, həm türk millətinin ən qatı düşmənləridir.
Görünür Oktay Saral İran İslam Respublikasının qurucularından, sonra prezidenti olmuş Rəfsəncaninin qızı, Faizə Haşimi-Rəfsəncaninin “Əl-Monitora” verdiyi müsahibədə, – “Bizim (yəni, İranın molla rejiminin – Ş.Q.) xətalarımız İsrail, ABŞ və şah rejimi də daxil olmaqla, pis adlandırdığımız rejimlərin səhvlərindən daha çoxdur. Xalqımıza yaşatdığımız müsibətlərin heç birini onlar etməyib. Suriyada 500 min insan ölüb, bunda bizim də payımız var. Yəməndə yeddi ildir davam edən müharibədə biz də iştirak edirik. Müsəlmanlara qarşı qətliamlar törətmişik. Bu da o deməkdir ki, müsəlmanları öldürməkdə İsraili keçmişik”.
F.Haşimi Rəfsəncaninin bu müsahibəsindən bu yana Tehran rejiminin illərdir ki, ərəb ölkələrində səkkiz böyük hərbi hissələr yaradaraq, sünnə-şiə əsasında illərdir ki, müsəlman ərəbləri, elə müsəlman ərəblərə qırdırdığını nəzərə alsaq, dünya tarixində Tehran şovinist fars mollaları qədər müsəlman qətlə yetirmiş millət, dövlət olmadığı aydın olar.
Üçüncüsü isə, hələ Ermənistan Rusiyanın, İranın köməyi ilə Azərbaycanı işğal etdiyi zaman, Azərbaycan hökuməti Türkiyəyə yardım üçün müraciət etdiyi zaman, Turqut Özalın, “onlar şiədir, qoy onlara şiə İran kömək etsin”, cavabından bir müddət sonra, Ərdoğanın bütün türklərə, onların dini inancı əsasında deyil, türk milli mənliyi əsasında yanaşaraq, bu gün türk düşmənlərinin gözünə yanar ox kimi girən Türk Dövlətləri Təşkilatının yaranmasında əsas, aparıcı xidmətləri olduğunu, sayın Ərdoğanın baş müşaviri bilməlidir.
Dördüncüsü, Türkiyə dövləti prezidentinin baş müşaviri Bakıdakı “Hicab şivəninin” hicab davası olmayıb, Tehranın şovinist şiə mollalarının Güney Azərbaycan və Qacar yurdunun ümumilikdə 63 milyondan çox türkünün türk milli ərazilərini qəsb edib, özlərini əsarətə aldıqdarı kimi, quzey Azərbaycan ərazisini işğal edib və əhalisini əsarətə almaq məqsədi ilə Bakıya ölkə daxilində açdığı ideoloji savaş olduğunu başa düşməlidir. Həm də bu, son 35 il ərzində Quzey Azərbaycanda beyinlərini yuyub, ideoloji əsarətə aldığı qulbeçələrinin əlinə silah verib, ərəb ölkələrində etdiyi kimi, Azərbaycana qarşı hərbi təcavüz törətməsinin hazırlıq mərhələsidir. Oktay Saral bunu da anlamalıdır.
Beşincisi, Oktay Saral! Deyirsən ki, – “İnanca görə başını örtən bir şagirdi məktəbin qapısında saxlamaq hansı vicdana, hansı ədalətə sığar?”
Bu deyimində sən bir çoxları kimi “hicab” sözü əvəzinə “başını örtən” deməklə saxtakarlıq edirsən. Hər millətin, o cümlədən türklərin yaşadığı şəraitdən, fəsillərdən və s. asılı olaraq müxtəlif paltar, ayaqqabı, baş örtüyü vasitələri var. İslam dininin daşıyıcıları, xristianlar və sairələri daşıyıcısı olduğu dinin tələblərinə görə geyim və başörtüyü vasitələrindən istifadə edirlər. Hər bir ölkədə müxtəlif sahələr, ixtisaslar, peşələr üçün iş vaxtı geyilməsi icbari olan geyim vasitələri var və onların iş vaxtı başqa geyim formalarından istifadə edilməsinə yol verilmir. Bu geyim formaları ölkənin Anayasası və qanunları ilə deyil, hər bir sahənin idarə edilməsində məsul olan nazirlik, baş idarə, xüsusi kimyəvi, bakterioloji, proseslərin aparıldığı laboratoriya, müəssisələrdə, hüquq-mühafizə orqanlarında, orta və ali təhsil, tibbi müəssisələrdə və s. hər sahənin özünəməxsus xüsusi geyim formaları, bəzi sahələrdə hətta onların materialının tərkibi belə müəyyən edilərək qəbul edilir. Bu qaydalar qanun statusu daşıyır və onları pozan hər kəs cəzalandırılır. Bu cəzanın ən geniş tətbiq olunan forması da bu qaydanı pozan hər kəsin işdən kənarlaşdırılmasıdır. Dünyəvi dövlətin dövlət büdcəsindən maliyyələşən məktəbdə din deyil, şagirdlərə elm öyrədilir. Sən özün də təsdiq edirsən ki, – “Təhsil hüququ heç bir ideoloji məcburiyyətin qurbanına çevrilməməlidir. Baş örtüyü maneə deyil, inancın tələbidir”, – deyərək, hicabın inancın məcburiyyət elementi olduğunu etiraf edirsən. Hicablı qızın təhsil hüququnu da pozan, onun təhsil hüququnu özünün və uşağına aşıladığı inancın tələbi ilə uşağını hicaba bürüyüb, məktəbə gətirən, göndərən valideyindir. “İki qoçun başı bir qazanda qaynamaz”, – deyib türk aqilləri. Valideyn evdə uşağın beynini Qurandakı, – “Bütün yeri, göyü insanları allah yaradıb, bütün insanlar allahın quludur. Göylərdə, yerlərdə nə varsa onundur” (Quranın “Bəqərə surəsi”), – kimi cəfəngiyyatlarla doldurduqdan sonra, həmin uşaq fiziki proseslərdə Nyutonun, Kimyəvi proseslərdə Mendeleyev cədvəli elementlərin, Pifaqorun teoremini, Eynşteynin nisbillik nəzəriyyəsini, Lütfizadənin qeyri-səlis məntiqlər nəzəriyyəsini, Adam Smitin dəyər qanununu, Marksın izafi dəyər qanununu, iqtisadi-ictimai, texniki-texnoloji və təbiətdə gedən dəyişkən proses və hadisələri idarə edən təbii obyektiv qanunları qəbul edərək zehninə həkk edib, xüsusilə ictimai elmlərə yiyələnə bilərmi?
Əgər valideyn uşağını dindar görmək istəyirsə onun başına hicab taxaraq mədrəsəyə göndərsin. Dövlətin yetkinlik yaşına çatmamış vətəndaşının təhsil hüququna təcavüz etməsin. Oktay Saralın dediyi baş örtüyünün bütün formaları isə, şaxtalı günlərdə məktəbdə istilik sistemində baş verən nasazlıq üzündən siniflərdə soyuq hava olduğu hallarda nəinki şagirdlərə yaylıq, şal, papaq və s. kimi baş örtüyü taxmaqla soyuqdan qorunmağa icazə verilir. Hətta soyuqdan xəstələnmək ehtimalı olduqda, dərslər təxirə salınır.
Oktay Saralın Azərbaycan hakimiyyətinə, onun yanlış hesab etdiyi bu qərarı geri çəkmək çağırışına gəldikdə isə, əslində yetkinlik yaşına çatmamış, hələ zehni, şüuru formalaşmamış övladlarına hicab taxıb, dövlətin qayda-qanunlarını pozmağa sövq etməməli, uşaqlarının təhsil almaq hüququna təcavüz etmələrindən çəkinməli olduqları, barədə həmin uşaqların valideynlərinə ünvanlamalıdır.
Oktay Saralın dediyi vicdana, ədalətə sığmayan iş, Azərbaycan məktəblərində yetkinlik yaşına çatmamış qız uşaqlarını orta məktəblərə hicab bağlayıb göndərərək, Tehranın şovinist fars faşizminə tulalıq edib, Azərbaycanın Quzeyini də işğal edərək Güney Azərbaycan kimi əsarətə almaq məqsədinə, Tehranın onlara verdiyi tula payı qarşılığında ölkənin təhsil sisteminin birinci pilləsini bizim öz əlimizlə bizə qarşı ideoloji savaş meydanına çevirməsinə xidmət edir. və Tehran mollalarının öz məqsədinə çatmaq üçün Fələstində etdikləri kimi, Bakıda törətdikləri murdar əməllərində məhz günahsız körpə uşaqlardan istifadə etməsidir. Bu nə insanlığa, nə də müsəlmanlığa uyğun olan bir xüsusiyyət olmayıb, ermənilərin, farsların milli xüsusiyyətlərinin tərkib hissəsidir. Oktay Saral sonra Azərbaycanın 28 üzvündən 17-sinin müsəlman ölkəsi olan AQEM-in üzvü olduğunu xatırladır.
Burada da o, Bakıdakı “Hicab şivənində” Tehranın casuslarının, “Azərbaycan müsəlman ölkəsidir” şüarının başqa formasını irəli sürməklə, Türkiyəyə, Türklərə deyil, türk cildində Tehranın fars mollalarına xidmət etdiyini ortaya qoyur.
Ümumiyyətlə, təkcə islam deyil, bütün idealist və materialist dinlər, Əziz Nesin demişkən; – “Dünyada ən karlı ticarət dindir. Sərmayəsi yalan, müştərisi isə cahillikdir”.
Nəhayət, Azərbaycanq Respublikasının Anayasasının 48-ci maddəsinin (Vicdan azadlığı) IV bəndinə əsasən dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır. 25-ci maddənin (Bərabərlik hüququ) IV bəndinə əsasən isə, irqi, etnik, dini əsaslara görə heç kəsə güzəştlər və imtiyazlar verilə bilməz.
Oktay Saralın iddia etdiyi kimi əgər hicab inancın daşıyıcısı olduğu dinin tələbi olduğuna görə islam dininin daşıyıcısı qızlar məktəbə hicabla buraxılsa, onda xristian qızlar rahibə qiyafəsində, oğlanlar molla, keşiş paltarında, nudistlərə isə lüt anadangəlmə məktəbə gəlməyə icazə verilməlidir. Çünki, nudizm də başqa dinlər kimi, eyni hüquqa malikdir. London yaxınlığında yerləşən Spielptaz kəndi 1929-cu ildə Çarlz Makaskie tərəfindən salınıb. Burada nudistlər yaşayır. Hamı küçəyə lüt çıxır.
Əgər Azərbaycan hökuməti 21.09.2026-cı il tarixli qərarını geri çağırarsa, bu Anayasanın 25-ci maddəsinin IV bəndi kobudcasına pozularaq, islam dini daşıyıcalarına qanunsuz imtiyaz verilməsi deməkdir. Belə olduqda isə, Azərbaycanda yaşayan bütün etnik, dini toplumlar, o cümlədən nudistlər də, ayağa qalxıb, özlərinin qanunlara zidd, uyğun olmayan dini və inanclarına uyğun, geyim və atributlardan nəinki, orta məktəbdə hüquq mühafizə orqanlarında, tibbi və s. sahələrdə iş yerlərində istifadə edilməsi azadlığını tələb etməkdə haqlı olarlar. Bu isə cəmiyyətdə xaos və anarxiya vəziyyətinin yaranması deməkdir.
Türkün və o cümlədən Azərbaycanın düşmənlərinin nail olmağa cani-dildən çalışdıqları məqsəd də elə budur. Hicablılar nudistlərlə bir sinifdə, bir partada oturmaq istəmədiyi kimi, nudistlər də hicablılar kimi bir sinifdə oturmaq istəmir. Bu zaman ya hicablılar məktəbə yox, mədrəsəyə, nudistlər London ətrafındakı Spielptaya getməli, ya da ki, dünyəvi dövlətin elm öyrədən, dünyəvi məktəbində hökumətin hamı üçün məqbul olan geyim formasında elm öyrənməlidir. Məsələnin də yeganə səmərəli həll yolu da budur.

21.10.2026
Redaksiyadan: Ərdoğanın baş müşaviri Oktay Saral vəzifəsindən kənarlaşdırılıb.
27-10-2026, 13:02
Xatirələrdə yaşayan qəhrəman


Günel Natiq

Xatirələrdə yaşayan qəhrəman


Aysu əlini köhnə albomun üzərində gəzdirdi. Elə bil, əli tarixin səhifələrinə toxunurdu. O tarixə ki, qan-qada ilə yazılır, hər günü döyüş və şəhid xəbəri ilə yadda qalırdı...
Bu albomda həmin döyüşlərin xatirələri uyuyurdu. Əynində əsgər forması, çiyinlərində leytenant paqonları, başında komandir papağı olan bu adam... Onun babası idi. Aysu qazi babası haqqında çox eşitmişdi, amma bu gün həmin tarixin dərinliklərinə özü baş vurmaq istəyirdi. Çünki Zəfər Günü münasibətilə məktəbdə hazırlanacaq stenddə Birinci Qarabağ müharibəsi döyüşçülərinin də fotoları yer alacaqdı. Aysu da qazi babasının xatirələrini, onun döyüş yolunu bu stendə gətirmək istəyirdi. Bunun üçün isə əvvəlcə o tarixi qəlbən yaşamalı, babasının keçdiyi yolları xəyalən də olsa, addım-addım izləməli idi...

***
Muxtar Məhəmməd oğlu Qarayev 1950-ci ildə Ağdam rayonunun Bağbanlar kəndində dünyaya göz açmışdı. Orta məktəbi bitirdikdən sonra Bakı Politexnik Texnikumunun radiotexnika fakültəsində təhsil almışdı. Təhsilini başa vurub Ağdam rayonunun «Kosmos» zavodunda texnik-müəllim vəzifəsində çalışırdı.
Həyat öz axarı ilə davam edirdi. Sevdiyi işi, isti ailə ocağı, dörd övladı vardı. Ən böyük arzusu övladları Məhəmməd, Mais, Samir və Samirəni sülh və əmin-amanlıq şəraitində böyütmək, onlara gözəl gələcək bəxş etmək idi. Lakin bu sakit və xoşbəxt həyat tezliklə müharibənin sərt reallıqları ilə üz-üzə qaldı.
1991-1992 ci il... Ağdamın başı üzərini qara buludlar almışdı. Belə bir vaxtda Muxtar Qarayev ailəsinə heç nə deməsə də, qərarını vermişdi. Artıq gənc olmasa da, Vətənin müdafiəsi üçün silaha sarılmalı idi. Doğma torpağın bu ağır günündə kənarda qalmağı özünə yaraşdırmırdı.
Beləliklə, Muxtar Qarayev Ağdam rayonunda yaradılan ilk könüllü batalyonun sıralarına qoşuldu. Milli Qəhrəman Şirin Mirzəyevin komandirliyi altında Ağdam, Ağdərə və Xocavənd istiqamətlərində gedən döyüşlərdə, bir çox kəndin azad olunması uğrunda aparılan əməliyyatlarda iştirak etdi. İxtisasca hərbçi olmasa da, cəbhədə qazandığı təcrübə, soyuqqanlılığı və məsuliyyət hissi onu döyüş yoldaşlarının etimadını qazanan mübariz döyüşçüyə çevirdi.

O, cəbhədə Vətənin müdafiəçisi, evdə isə qayğıkeş ata idi.[/color]

Muxtar Qarayev gözəl ailə başçısı, mehriban və qayğıkeş ata idi. Döyüşlərin qızğın çağında daim postlarda olduğu üçün övladları bəzən onu günlərlə görə bilmirdilər. Buna baxmayaraq, uşaqlara diqqət və qayğı göstərməyi unutmur, sevgisini hiss etdirirdi. Müharibənin bütün ağırlığına rəğmən, ailəsinə olan bağlılığını qoruyub saxlayırdı.
Bir dəfə Muxtar evə xeyli gec qayıtdı. Üst-başı toz-torpaq içində, özü isə yorğun və susqun idi. Həyat yoldaşı Valya xanım narahatlıqla nə baş verdiyini soruşsa da, o, danışmadı. Sonradan məlum oldu ki, həmin gün döyüş yoldaşı ilə birlikdə Ağdamın Mərzili kəndi ətrafında mühasirəyə düşmüş, qeyri-bərabər döyüşdə düşmənin iki əsgəri məhv edilmişdi.

Ata ilə çiyin-çiyinə

Bir gecə Muxtar müəllimin döyüş yoldaşları ona rabitə vasitələrinin sıradan çıxdığını xəbər verdilər. Vəziyyət təcili müdaxilə tələb edirdi.
Muxtar müəllim dərhal lazımi ləvazimatları şəxsi avtomobilinə yığaraq yola düşməyə hazırlaşdı. Maşını işə salanda kiçik oğlu Samirin də avtomobildə olduğunu gördü.
— Oğlum, sən burada nə edirsən? Dərhal düş maşından, evə get!
— Yox, ata, mən də səninlə gedəcəyəm!
— Getdiyim yol təhlükəlidir. Bu dəqiqə maşından düş!
Ata oğlunun bir cüt köz kimi yanan gözlərinə baxdı və susdu. Samirin xarakterinə bələd idi. Oğlu da özü kimi iradəli idi; bir qərar verdikdə asanlıqla geri çəkilməzdi.
Muxtar müəllim oğlunun israrı qarşısında daha bir söz demədi. Ata ilə oğul yola düşdülər. Qarşıda onları təhlükəli və çətin bir yol gözləyirdi. Düşmənin diqqətini cəlb etməmək üçün avtomobili işıqsız idarə etmək lazım idi. Gecənin qaranlığında hər an ehtiyatlı olmaq, hər addımı düşünərək atmaq vacib idi.
Nəhayət, bütün çətinliklərə baxmayaraq, çətin yolu qət edərək döyüşçülərə lazım olan ləvazimatları çatdırmağa nail oldular.
Bu hadisə Samirin yaddaşında silinməz iz buraxdı. Həmin gecə o, atasını başqa bir tərəfdən də tanıdı. Muxtar müəllim indi onun üçün yalnız sevən, qayğı göstərən ata deyil, həm də Vətən uğrunda öz həyatını təhlükəyə atan cəsur bir döyüşçü idi.

Yaralarından güclü olan Vətən sevgisi

Muxtar Qarayev dəfələrlə mühasirədə qalmış, Füzuli ətrafında gedən döyüşlərdə yaralanmış, ağır kəllə-beyin travması almışdı. Ancaq aldığı yaralar onu Vətənin müdafiəsindən çəkindirə bilməmişdi. Müalicəsini başa vurduqdan sonra yenidən cəbhə bölgəsinə qayıdır, döyüş yoldaşlarının sıralarında yer alırdı.
1994-cü ildə atəşkəs əldə edildikdən sonra leytenant rütbəsi ilə ehtiyata buraxıldı. Cəbhədəki xidməti başa çatsa da, ruhən hələ də döyüş meydanlarında, doğma yurdunun dağında, daşında idi. Ağdamın işğalının ağrısı cismani yaralarından da dərin idi. Doğma yurdun düşmən tapdağında qalması ilə barışa bilmir, torpaqların azad olunacağı günü gözləyirdi.
Müharibənin ağrı-acısı, aldığı yaraların ağır fəsadları və doğma yurd həsrəti Muxtar Qarayevin ömründən illər aldı. Qəhrəman döyüşçü 2001-ci ilin may ayında dünyasını dəyişdi. Muxtar Qarayev doğma yurduna qayıda bilmədi. Ancaq Vətən uğrunda göstərdiyi şücaət onu həmin torpağın əbədi sakinlərindən birinə çevirdi. Bu gün Ağdamın azad torpaqlarında atılan hər addımda onun da izi var.

***
Zəfər Günü münasibətilə məktəbdə yaradılmış stendin qarşısında dayanan şagirdlər diqqətlə fotolara baxır, Birinci Qarabağ müharibəsinin döyüşçüləri haqqında xatirələri maraqla dinləyirdilər. Hər xatirə tarixin qanla, canla yazılmış səhifələrini gözlər önündə canlandırırdı.
Aysu qürurlu idi; babasından qalan ən qiymətli əmanəti- qəhrəmanlıq xatirəsini məktəb yoldaşlarına çatdıra bilmişdi.
Bəlkə də bundan böyük mənəvi miras yoxdur: insanların yaddaşında sevgi ilə yaşamaq, gələcək nəsillərə örnək olmaq və illər keçsə də, adının qürurla çəkilməsi...
27-10-2026, 09:12
Abşeronda abadlıq-quruculuq   işləri davam etdirilir


Abşeronda abadlıq-quruculuq

işləri davam etdirilir


Abşeron rayonunda yol infrastrukturunun yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi, yaşıllıq sahələrinin genişləndirilməsi və yaşayış məntəqələrinin estetik görünüşünün yüksəldilməsi istiqamətində genişmiqyaslı abadlıq-quruculuq işləri davam etdirilir.
Bakı–Quba avtomobil yolunun 12-39-cu km-liyində, Abşeron rayonu ərazisinə düşən hissədə son iki həftə ərzində aparılan abadlıq işlərinə gündəlik olaraq 300 nəfərədək işçi qüvvəsi və 70-ə yaxın texnika cəlb olunub.
Abadlıq işləri yolun Xırdalan şəhəri, Masazır, Ceyranbatan, Saray və Şəfəq yaşayış məntəqələrindən keçən hissələrini əhatə edir. Bu çərçivədə yolun hər iki tərəfində yerləşən tikililərin ümumi memarlıq üslubuna uyğunlaşdırılması, fərdi yaşayış evlərinin fasadlarının və hasarların bərpası, eləcə də ətraf ərazilərin abadlaşdırılması istiqamətində tədbirlər həyata keçirilib.

Belə ki, fərdi yaşayış evlərinin fasadları, həmçinin ümumilikdə 2.150 m² hasar bərpa edilərək suvanıb və rənglənib. Yolboyu hasarlarda xüsusi dekorativ naxışlar yaradılıb, ümumi görünüşə xələl gətirən sənədsiz yarımtikililər və 950 m² hasar sökülərək ərazi təmizlənib və abadlaşdırılıb.
Uçmuş, yarımçıq qalmış və avtomobil qəzaları nəticəsində zədələnmiş hasarların bərpası məqsədilə ümumilikdə 850 m² sahədə hörgü işləri aparılıb. Bundan əlavə, yolboyu 10.950 m² hasara suvaq vurularaq rənglənib, 4.000 m² sahədə isə hasarlara dekorativ taxta elementlər quraşdırılıb.
Ərazidə piyadaların hərəkətinin rahatlığının təmin edilməsi məqsədilə səkilər təmir olunub, ümumilikdə 27.000 m² sahəyə asfalt örtüyü çəkilib.
Rayonun yaşıllıq potensialının artırılması və yolətrafı ərazilərin estetik görünüşünün yaxşılaşdırılması istiqamətində də genişmiqyaslı işlər görülüb. Yolun hər iki tərəfində müxtəlif növ palmalar, bonsaylar, Eldar şamı, kiparis, leyland şamı, xan çinarı və zeytun ağacları olmaqla, ümumilikdə 23.000 ağac əkilib. Eyni zamanda, 40 növdə 117.200 dekorativ ağac və kol, eləcə də 23.300 gül əkilərək ərazilərin yaşıllaşdırılması təmin olunub. Bundan əlavə, 19.800 m² sahədə qazon salınıb.

Yaşıllıqların qorunması və inkişafının təmin edilməsi məqsədilə bitkilərə aqrotexniki qaydalara uyğun qulluq göstərilir, əlavə texnikalardan istifadə edilməklə onların gündəlik suvarılması həyata keçirilir.
Yolun estetik görünüşünün və landşaft ahənginin təmin edilməsi məqsədilə dekorativ landşaft-relyef kompozisiyaları və yaşıl landşaft terrasları yaradılıb. Ağacların dayanıqlığının artırılması üçün 14.000 metr uzunluğunda kabel-troslu anker dayaq sistemi quraşdırılıb, yaşıllıqların küləyin təsirindən qorunması məqsədilə 9.450 ədəd taxta dirək basdırılıb.
Bununla yanaşı, yolkənarı ərazilərin abadlaşdırılması çərçivəsində 35.400 p\m uzunluğunda bordür düzülüb. Ərazilərdə genişmiqyaslı təmizlik işləri aparılıb, məişət tullantıları və tikinti qalıqları təmizlənib. Yolboyu ot və alaq bitkiləri xüsusi texnikaların və işçi qüvvəsinin köməyi ilə biçilərək ərazidən daşınıb.

Abşeron rayonunda həyata keçirilən abadlıq-quruculuq tədbirləri yol infrastrukturunun yaxşılaşdırılmasına, yaşıllıq sahələrinin genişləndirilməsinə və yaşayış məntəqələrinin daha səliqəli, estetik görkəm almasına xidmət edir. Bu istiqamətdə işlərin bundan sonra da mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulur.
Seymur Qasımbəyli
27-10-2026, 08:49
Siyasət daha   mürəkkəb oyundur


Siyasət daha

mürəkkəb oyundur


Siyasət də şahmat oyunu kimidir: ağıl və səbir qələbəni təmin edən əsas şərtlərdir, emosiyalara qapılan tez uduzar! Şahmatda fiqur o vaxt qurban verilər ki, ya yeni yollar açılsın, ya da daha əlverişli mövqeyə keçilsin. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın hicab məsələsinə görə Azərbaycan hakimiyyətini sərt tənqid edən baş müşaviri Oktay Saralı istefaya göndərməsi də zəiflik və geriçəkilmə deyil, rəsmi Ankaranı gərginləşən Türkiyə-Azərbaycan münasibətlərində yeni yollara götürən və daha üstün bir mövqeyə keçirə biləcək ikinci əhəmiyyətli siyasi gedişdir.
Prezident Ərdoğanın birinci addımı münasibətlərin gərginləşdiyi və hər iki tərəfdən qarşılıqlı ittihamların dərinləşdiyi vaxt prezident Əliyevə ilk zəng vurması və onu oktyabrın 29-30-da Ankarada keçiriləcək TDT zirvəsinə şəxsən dəvət etməsi idi. Deməli, ikinci addım – müşavirin istefaya göndərilməsi - birincinin davamıdır: Ərdoğan hər şey edir və edəcək ki, qəfil ortaya çıxmış “hicab əməliyyatı” və ardınca da “heç kəs burnunu bizim işlərimizə soxmasın” kimi olduqca sərt, itələyici ritorikayla başlamış Türkiyəylə məsafəli davranmaq siyasəti davam etməsin, münasibətlər pozularaq geridönməz xarakter almasın!
Çünki Ərdoğan təkcə Azərbaycan - Türkiyə münasibətlərində yox, həm də Rusiya - Azərbaycan, ABŞ - Azərbaycan, İsrail - Azərbaycan, İran - Azərbaycan, Ermənistan - Azərbaycan münasibətlərində hal-hazırda nəyin baş verdiyini, nələrin planlaşdırıldığını və Azərbaycanın da üzərində hansı ağır yükün, məsuliyyətin olduğunu elə çətin geopolitik seçim qarşısında qalmış Azərbaycan prezidenti İlham Əliyev qədər bilən çox informasiyalı və təcrübəli dövlət başçısıdır. Üstəlik, o dövlət başçısıdır ki, Azərbaycanın taleyinin ən həlledici anında bütün komandasıyla birgə yanımızda olub, 44 günlük Vətən Savaşında qələbə qazanmağımızda müstəsna dərəcədə rol oynayıb - hər hansı məbləğ, pul-para bu zəhmətin, xidmətin və qələbənin qarşılığı ola bilməz! 200 illik bir problemdən qurtuluşumuzun, azadlığımızın və son 50 ildə bir xristian ölkə üzərində qalib gələn ilk müsəlman dövlət olmağımızın qürurunu, sevincini və üstünlüyünü heç bir maddi sərvət əvəzləyə bilməz və bu, heç dilə də gətirilməməlidir!
Deməli, məsələ heç də, Azərbaycan mediasının iddia etdiyi kimi, pulda-parada deyil, gələcəyin birgə dizaynında ortaya çıxmış fundamental baxış fərqlərində, kəskin düşüncə ziddiyyətlərində, strateji yanaşmadadır!
Hazırda Türkiyə tərəfində ciddi narahatlıq var ki, Azərbaycan hakimiyyəti son 1 ay ərzində yaşananları bəhanə edərək, ondan daha da uzaqlaşma xətti seçə, TDT-nin 29 - 30 oktyabrdakı Ankara zirvəsi pozula və ya sönük keçə, Rusiya - Çin - İsrailə münasibətdə ortaq qərar ala bilməyən bu qurumun daxilinə çat düşə, beləcə, Türkiyənin TDT üzərindən planlaşdırılan xüsusən hərbi-siyasi layihələri puça çıxa bilər. Çünki yeni dünya düzəninin, daha dəqiqi, dünyanın yeni təsir zonalarına bölüşdürülməsinin təməllərinin atılması üçün noyabrın 18 - 19-da Çində keçirilməsi planlaşdırılan Tramp - Si - Putin görüşünə qədər Aralıq dənizi - Cənubi Qafqaz - Mərkəzi Asiya xətti boyunca qurulan TDT-nin də hansı gücün yanında yer aldığını nümayiş etdirmək çox vacibdir.
Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə bu ilin 7 avqustunda “Məkkə”, 21 oktyabrında isə Qətər, Pakistan və İndoneziya ilə “Bədr” müdafiə sazişlərini imzalamaqla, faktiki olaraq, sünni müsəlman dünyasının lideri olduğunu ortaya qoyub, ciddi-cəhdlə şiə İranın da bu ittifaqlara cəlb edilməsinə çalışır və bununla da yeni nizamda bütün İslam coğrafiyasının əsas özək dövləti ola biləcəyini göstərir. Belə bir ərəfədə, əsas etibarilə müsəlman türklərdən ibarət TDT-ni (həm də MDB təmsilçilərini) öz yanına almağı bacarması onu ABŞ, Çin və Rusiya ilə gözlənilən sövdələşmədə daha da güclü edə bilər.
İndi baxaq, görək, Ankarada TDT zirvəsi necə keçəcək: bu qurum, həqiqətən, dildə, fikirdə, işdə birliyin olmasına çalışacaq, yoxsa “SSRİ şineli”ndə qalmağa üstünlük verəcək?!

Elxan Şükürlü

26-10-2026, 23:09
Dilbazi dünyasına səyahət

Dilbazi dünyasına səyahət

XII Bakı Beynəlxalq Kitab Sərgisində Mirvarid Dilbazinin poeziya dünyasına səyahət və milli kəlağayı irsimizə həsr olunmuş tədbirlər keçirildi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşkilatçılığı ilə ədəbiyyatımıza və milli-mədəni irsimizə həsr olunmuş silsilə tədbirlər keçirildi.
Sərgi çərçivəsində əvvəlcə “Mirvarid Dilbazinin poeziya dünyası” mövzusunda ədəbi görüş təşkil olundu. Tədbirdə Xalq şairi Mirvarid Dilbazinin zəngin yaradıcılıq yolu, Azərbaycan poeziyasında özünəməxsus yeri, vətənpərvərlik ruhu, mənəvi dəyərləri və insan sevgisi ilə yoğrulmuş poetik irsi haqqında geniş söhbət açıldı.

Tədbirdə çıxış edən şair, publisist Vaqif Osmanlı, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin İdarə Heyətinin üzvü Azadə Quliyeva, əməkdar jurnalistlər Şəmsiyyə Kərimova və Əntiqə Qonaq, şair Səringül Sadə, aşıq Aidə Gülzar və birliyin üzvü Səyalı Dadaşova Mirvarid Dilbazinin Azərbaycan ədəbiyyatındakı xidmətlərindən, onun ölməz poeziyasının bu gün də oxucular tərəfindən böyük maraqla qarşılanmasından bəhs etdilər. Görüşdə şairin həyat və yaradıcılığı ilə bağlı xatirələr bölüşüldü, onun sevilən şeirləri səsləndirildi.
Sərgi çərçivəsində keçirilən digər tədbir isə “Kəlağayım millidir, butalıdır, güllüdür” adlı ədəbi-mədəni görüş oldu. Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi və Kəlağayı Ev Muzeyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan kəlağayısının milli-mənəvi dəyərlərimizdəki yeri, tarixi, zəngin ənənələri və mədəni irsimizdəki əhəmiyyəti diqqətə çatdırıldı.
Tədbirin açılışında çıxış edən Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, Kəlağayı Ev Muzeyinin direktoru Güllü Eldar Tomarlı qeyd etdi ki, kəlağayı xalqımızın milli kimliyini, qadınlarımızın zərifliyini, adət-ənənələrimizi və estetik düşüncəmizi özündə yaşadan qiymətli irs nümunəsidir. O, rəhbərlik etdiyi qurumlar tərəfindən kəlağayının təbliği, qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirilən layihələr, nəşrlər və maarifləndirici tədbirlər barədə məlumat verdi.

Sənaye və Texnologiya Kollecinin müəllimi, milli geyimlərimizin təbliğatçısı İlahə Nuriyeva Azərbaycan kəlağayısının tarixi, onun hazırlanma xüsusiyyətləri, milli geyim mədəniyyətimizdəki rolu və UNESCO tərəfindən bəşəri qeyri-maddi mədəni irs nümunəsi kimi tanınması barədə geniş məlumat verdi.

Hər iki tədbirdə çıxış edən ziyalılar, şairlər, sənət adamları və qonaqlar Azərbaycan ədəbiyyatının və milli-mədəni irsimizin qorunmasının, təbliğinin vacibliyini vurğuladılar. Tədbirlərdə kəlağayı mövzusunda nəşr olunmuş kitablar təqdim edildi, Mirvarid Dilbazinin yaradıcılığına və milli dəyərlərimizə həsr olunmuş fikirlər səsləndirildi.

XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində keçirilən bu görüşlər Azərbaycan ədəbiyyatının və mədəni irsinin tanıdılması, Xalq şairi Mirvarid Dilbazinin zəngin söz dünyasının, eləcə də Azərbaycan kəlağayısının milli sərvət kimi gələcək nəsillərə çatdırılması istiqamətində mühüm əhəmiyyət daşıdı.

Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi
26-10-2026, 14:59
Musiqi doktoru Leyli Əfşar


Musiqi doktoru

Leyli Əfşar


(Azərbaycan əsilli sənətkar və dünya klassik gitara tarixində silinməz iz qoymuş sənətkar)
Tehrandan dünya musiqisinin nüfuzlu səhnələrinə: klassik gitara ifaçılığı üzrə doktorluq dərəcəsi alan ilk qadın və Azərbaycanla İranın mədəni irsini dünya musiqi səhnəsinə bağlayan sənətkar.
Klassik gitara ifaçılığının görkəmli nümayəndəsi, Azərbaycan əsilli iranlı sənətkar Leyli Əfşar əzmkarlığı, peşəkar biliyi və bədii yenilikləri sayəsində dünya musiqisində özünəməxsus mövqe qazanmış şəxsiyyətlərdən biridir. O, klassik gitara ifaçılığı sahəsində doktorluq dərəcəsi alan ilk qadın olmuşdur. Bu tarixi nailiyyət onun adını həmin sahənin qabaqcılları sırasına daxil etmişdir.
Əfşarın həyat və yaradıcılığının əhəmiyyəti yalnız akademik uğurları və beynəlxalq çıxışları ilə məhdudlaşmır. Onun Azərbaycan və İran mədəniyyətinə bağlılığı, bu torpaqların musiqi ənənələri ilə tanışlığı və yerli melodiyaları klassik gitara vasitəsilə təqdim etmək səyləri sənətkar kimliyinin mühüm hissəsini təşkil edirdi. Əfşar Qərbin akademik və bədii mühitində uğur əldə etməklə yanaşı, doğma yurdunun musiqi irsi ilə əlaqəsini də qoruyub saxlamışdır.
Azərbaycan kökləri və musiqi yolunun başlanğıcı
Leyli Əfşar Tehranda, musiqi ənənələrinə malik və Azərbaycan köklərinə bağlı bir ailədə dünyaya gəlmişdir. Ailədəki musiqi mühiti, sənətə maraq və müxtəlif musiqi alətləri ilə tanışlıq onun istedadının inkişafı üçün əlverişli şərait yaratmışdır. Nənəsi tar çalır, atası isə skripka və piano ilə tanış idi. Əfşar uşaqlıqdan gitara ilə maraqlanmış və ailəsinin dəstəyi ilə bu alətdə ifa etməyi öyrənməyə başlamışdır.
Əfşarın Azərbaycan əsilli olması onun mədəni mənşəyinin mühüm hissəsini təşkil edirdi. Qərb klassik musiqisi üzrə aldığı təhsillə yanaşı, bu mənşə ona müxtəlif musiqi ənənələri ilə tanış olmaq və onların arasında əlaqə yaratmaq imkanı verirdi. Onun yaradıcılığının müəyyən hissəsində İran musiqisinə və yerli melodiyalara göstərdiyi diqqət bu köklərin əhəmiyyətini nümayiş etdirir. Bununla belə, konkret əsəri və ya ifa üslubunu Azərbaycan musiqisi ilə əlaqələndirmək üçün sənədləşdirilmiş aranjimanlara və səs yazılarına müraciət etmək lazımdır. Eyni zamanda, sənətkarın mədəni kimliyini yalnız rəsmi vətəndaşlığına və ya doğulduğu yerə əsasən müəyyənləşdirmək düzgün olmazdı.
Əfşar 1977-ci ildə təhsilini davam etdirmək üçün ABŞ-yə getmiş və peşəkar inkişaf yolunu nüfuzlu musiqi təhsili müəssisələrində davam etdirmişdir. O, 1981-ci ildə Boston Musiqi Konservatoriyasında bakalavr dərəcəsi almış, 1984-cü ildə isə Yeni İngiltərə Musiqi Konservatoriyasında magistratura təhsilini başa vurmuşdur. Daha sonra Florida Dövlət Universitetində Brüs Holtsmanın rəhbərliyi altında gitara ifaçılığı üzrə təhsilini davam etdirmiş və 1989-cu ildə musiqi doktoru dərəcəsi almışdır.
Bu nailiyyət ona tarixi mövqe qazandırmışdır: Əfşar klassik gitara ifaçılığı üzrə doktorluq dərəcəsi alan ilk qadın olmuşdur. O, həmçinin klassik gitara sənətinin görkəmli nümayəndəsi, ispan musiqiçisi Andres Seqoviyanın da iştirak etdiyi ustad dərslərində və ixtisas kurslarında iştirak edərək texniki biliklərini və ifaçılıq təcrübəsini genişləndirmişdir.
Memfis Universitetindən dünya səhnələrinə
Əfşar 1989-cu ildə ABŞ-nin Tennessi ştatında yerləşən Memfis Universitetinin müəllim heyətinə qəbul edilmiş və klassik gitara üzrə təhsil proqramına rəhbərlik etmişdir. O, 34 illik akademik fəaliyyəti ərzində çoxsaylı ifaçılar yetişdirmiş, Memfis Beynəlxalq Gitara Festivalının təşkilində və tələbələr, müəllimlər, eləcə də peşəkar musiqiçilər arasında əlaqələrin genişləndirilməsində iştirak etmişdir. 2023-cü ildə universitetdən təqaüdə çıxmışdır.
Əfşarın sənət fəaliyyəti universitetlə məhdudlaşmırdı. O, müxtəlif ölkələrdə konsertlər vermiş, Londonun nüfuzlu Uiqmor Hollda, Parisdəki Korto zalında və Vaşinqtondakı Kennedi İfa Sənətləri Mərkəzində çıxış etmişdir. Aspen və Qrand-Teton musiqi festivallarında iştirakı da onun beynəlxalq yaradıcılıq fəaliyyətinin mühüm hissəsini təşkil edirdi.
Əfşar klassik əsərlərin təfsirində texniki dəqiqliyə və gitara alətinin ifadə imkanlarına xüsusi diqqət yetirir, eyni zamanda yeni yaradıcılıq təcrübələrinə açıq yanaşırdı. Müasir bəstəkarlarla əməkdaşlığı, az tanınan əsərləri ifa etməsi və müxtəlif musiqi nümunələrini lentə alması klassik gitara üçün ifa edilə bilən əsərlərin dairəsinin genişlənməsinə kömək etmişdir. Bu yolda o, klassik musiqi ənənələrinə sadiq qalmaqla yanaşı, müxtəlif mədəniyyətlər və musiqi üslubları arasında əlaqə yaratmağa da çalışmışdır.
Azərbaycan və İran irsinin klassik gitara dilində ifadəsi
Leyli Əfşarın yaradıcılığının mühüm cəhətlərindən biri doğma yurdunun musiqisinə göstərdiyi diqqət və onu beynəlxalq auditoriyaya tanıtmaq səyləri idi. O, Qərb klassik bəstəkarlarının əsərlərini ifa etməklə yanaşı, İran melodiyalarını gitara üçün işləyib hazırlayır, bu alətin müxtəlif mədəniyyətlərə məxsus musiqiləri yenidən ifadə etmək imkanlarını nümayiş etdirirdi.
Onun “Cami və Şərabi” albomu və “Beş məşhur İran mahnısı” toplusu İran melodiyalarına göstərdiyi diqqətin nümunələrindəndir. Bu əsərlər göstərir ki, Əfşar klassik musiqiyə yalnız bir ənənə ilə məhdudlaşan qapalı sahə kimi baxmır, onu mədəniyyətlərarası dialoq vasitəsi hesab edirdi. Bu sənətkarın mədəni kimliyini daha dərindən anlamaq üçün onun Azərbaycan köklərinə də diqqət yetirmək lazımdır. Zəngin muğam ənənələri, vokal sənəti və yerli musiqi alətləri ilə seçilən Azərbaycan regionun mühüm musiqi mərkəzlərindən biridir. Bu irsin dünya klassik musiqisi ilə əlaqələndirilməsi Azərbaycan əsilli sənətkarların beynəlxalq yaradıcılıq təcrübəsinin araşdırılması üçün dəyərli imkanlar yaradır. Bununla belə, konkret əsərin Azərbaycan muğamı və ya musiqi ənənəsi ilə əlaqəsini müəyyənləşdirmək üçün melodiyaya, aranjimana və ya ifaya dair aydın sübutlar tələb olunur.
Əfşar bəzi ifalarında setardan da istifadə edir, İran musiqi ənənələri ilə barokko musiqisində melodiyanın bəzədilməsi üsulları arasında əlaqə yaradırdı. 2006-cı ildə işıq üzü görən “Yarımkürələr” albomu onun müxtəlif musiqi ənənələri arasında dialoq yaratmaq yanaşmasının nümunəsidir. Bu albom Billboard jurnalının klassik albomlar siyahısında yeddinci yerə yüksəlmişdir.
Əfşarın yaradıcılığında mədəni kimliklə beynəlxalq peşəkar fəaliyyət bir-birinə zidd deyildi. O, Qərb klassik musiqisi çərçivəsində fəaliyyət göstərməklə yanaşı, doğma yurdunun melodiyalarına və musiqi irsinə də diqqət yetirməyi bacarmışdır. Bu təcrübə İran və Azərbaycan əsilli sənətkarların dünya musiqi səhnəsindəki yerini anlamaq baxımından əhəmiyyətlidir.
Əsərləri, mükafatları və pedaqoji irsi
Leyli Əfşarın tanınmış əsərləri sırasında “24 Qoya kaprisi”, “Cami və Şərabi”, “Təməlük”, “Yarımkürələr”, “Min bir gecə”, “Kamera musiqisi” və “Alov içində Bax” albomlarını qeyd etmək olar. O, həmçinin “Baxın əsas əsərləri — gitara üçün işlənmiş variantda” kitabı və klassik gitara tədrisinə aid müxtəlif video dərslər də daxil olmaqla çoxsaylı tədris materialları nəşr etdirmişdir.
2000-ci ildə klassik gitara üzrə ən yaxşı qadın ifaçı nominasiyasında Orvil H. Gibson mükafatını, 2008-ci ildə Memfis Universitetinin seçilən müəllim mükafatını, 2011-ci ildə isə Boston Musiqi Konservatoriyasının görkəmli məzunu mükafatını almışdır. Əfşar gitara ifaçılığı müsabiqələrində və Aspen Musiqi Festivalında da mükafatlar qazanmış, ABŞ İnformasiya Agentliyinin Afrikadakı bədii səfiri kimi fəaliyyət göstərmişdir.
Onun pedaqoji fəaliyyəti də gitara ifaçılığı biliklərinin yayılmasında mühüm rol oynamışdır. Universitetdə dərs deməsi, ixtisaslaşmış ustad dərsləri keçməsi, beynəlxalq festivallarda iştirakı və tədris resursları nəşr etdirməsi onilliklər ərzində qazandığı peşəkar təcrübəni yeni nəsil ifaçılara çatdırmasına imkan yaratmışdır. İrana qayıdaraq burada tələbələr və musiqiçilər üçün təlim kursları keçməsi də həmin təcrübənin ötürülməsi baxımından əhəmiyyətli olmuşdur.
Azərbaycan və İran musiqi yaddaşında silinməz iz
Leyli Əfşar 2023-cü il oktyabrın 24-də, 1402-ci il aban ayının 2-də İranda vəfat etmişdir. Memfis Universiteti onun vəfatı ilə bağlı yaydığı məlumatda 34 illik akademik fəaliyyətini və musiqi ictimaiyyətinə təsirini xüsusi qeyd etmişdir. Əfşar həyatının son dövründə, ABŞ-də uzun illər fəaliyyət göstərdikdən sonra İrana qayıtmışdı.

25-10-2026, 12:36
Könüllərdə taxt quran kişi

Qafil Əliyev-75

Könüllərdə taxt

quran kişi


Bu bir dost görüşümü, yoxsa yubiley tədbirimi, deyə bilmirəm. Mənə elə gəldi ki, bu bir insana olan sevginin, sayğının, hörmətin, ehtiramın, inamın, etibarın harmoniyası-dostluğa sədaqət simfoniyası idi. Təəssüf ki, bir qədər gecikmişdim. Amma məclis əhli mənə nə utanmağa imkan verdi, nə də üzrxahlıq eləməyə. Elə hərarətlə qarşıladılar ki, yubandığımı da, içəri necə daxil olduğumu da unutdum. Belə hərarətli qarşılama münasibəti yalnız Qafil müəllimin qonağına göstərilərdi ki, o da mənim qismətimə düşdü. Mən də məmnuniyyətlə və minnətdarlıq hissi ilə bildirirəm ki, belə isti münasibət Qafil müəllimə olan sevginin ifadəsi, hörmətin təzahürüdür.

Qeyd edim ki, o arada Qafan Rayon İcmasının rəhbəri, professor Eldar Abasov ürək sözləri yazılmış plaketi yubilyara təqdim edərək rəhbərlik etdiyi icma adından təbrik edib: "Hörmətli Qafil müəllim! Bu gün ömrünüzün ən müdrik mərhələsinə-75 illik yubileyinizə qədəm qoyursunuz. 75 il bir insan ömrü üçün sadəcə bir rəqəm deyil, bu qazanılmış təcrübənin, zəhmətin və el-obaya bağlılığın zirvəsidir. Siz öz fəaliyyətinizlə hər zaman Qafan elinin ruhunu yaşadan, adət-ənənələrinə sadiq qalan, insanlara örnək olan ziyalı kimi tanınırsınız. Sizin kimi dəyərli insanların varlığı icmamızın birliyi və mənəvi gücünü daha da artırır. İnanırıq ki, tükənməz enerjiniz və həyat eşqiniz sizə arzuladığımız 100 illik ömür yolunuza daim işıq saçacaq. Qafil müəllim, sizi Qafan Rayon İcmasının üzvləri adından təbrik edir, möhkəm can sağlığı, ailə səadəti arzulayırıq."

Plaket təqdim olunduqdan sonra ortaq dostlarımız-fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Rauf Tağıyev, kimya üzrə fəlsəfə doktoru Hüsü İbrahimov, “Şəhərlərə sığmayan Şəhərcik” və digər kitabların müəllifi, şair Əliş Əhmədoğlu, Nazim Əsədov, İlya həkim Rzayev, şair Seyfulla Abbasov, Nizami Tağıyev Qafil müəllimi 75 illik yubileyi münasibəti ilə təbrik edib, uşaqlıq, gəclik illərinin xatirələrindən danışıb, xoş arzularını bildirmişdilər.

Qafil müəllimi məclisdəkilərin hamısı yaxşı tanısa da “Bütöv Azərbaycan”ın oxucularının tanımasında da fayda var.
Əliyev Qafil Atakişi oğlu 19 oktyabr 1951-ci ildə Qafan rayonunun Şəhərcik qəsəbəsində anadan olub. 1958-1968-ci illərdə doğma qəsəbədə orta təhsil alıb. Orta məktəbi bitirən ili AZNKİ mühəndis-iqtisadiyyat fakültəsinə qəbul olub. 1973-cü ildə ali məktəbi bitirdikdən sonra ixtisasına əlavə olaraq riyaziyyatın iqtisadiyyata tətbiqi ilə bağlı daha 6 ay təhsilini davam etdirib. 1974-cü ildə Sənaye Tikinti Nazirliyinin 1 saylı Trestində əmək fəaliyyətinə başlayıb. Eyni zamanda pedaqoji fəaliyyətlə də məşğul olub. Beləki 1978-ci ilə qədər həm də Sumqayıt Şəhər 44 saylı Texniki-Peşə məktəbində iqtisadiyyat fənnini tədris edib. 1978-ci ildən trest daxilində fəzifə yükü artdığına görə pedaqoji fəaliyyəti dayandırmağa məcbur olub. 1981-ci ilə qədər iqtisadiyyat şəbəsinin rəisi vəzifəsində işləyib. Sonra elə həmin nazirliyin 2 saylı trestində maliyyə şöbəsinin müdiri, baş iqtisadçı, 1987-ci ildən isə iqtisadi məsələlər üzrə müdir müavini vəzifələrində çalışıb. Sonra Sumqayıt Sənaye Kommunal Tikinti Birliyinin kommersiya və iqtisadi əlaqələr üzrə müdir müavini vəzifəsində fəaliyyətini davam etdirib.

1996-cı ildən fəaliyyət sferasını dəyişən Qafil Əliyev Böyük Britaniyanın Severn Trent Water Şirkətində “Abşeronsu” ASC-nin kadrların təlimi üzrə menecer işləyib. 2003-cü ildən 2010-cu ilə kimi Azərsu ASC kadrlar şöbəsinin rəisi, 2010-cu ildən Suölçmə Cihazlarının İstismarı Təsərrüfatının və Su Satışı Müəssisəsinin rəisi, Birləşmiş Sukanal Məhdud Məsuliyyətli Cəmiyyətin sədr müavini vəzifələrində işləyib. Ailəlidir, iki övladı 3 nəvəsi var. Böyük oğlu Elnur fəlsəfə doktorudur, Aviasiya Akademiyasını bitirən oğlu Anar tikinti sektorunda çalışır. Babasının yubileyinə gələn nəvəsi isə Qafil müəllimin öz adını daşıyır.

Onu tanıyanlar bilir ki, Qafil müəlim harda işləməsindən, hansı vəzifəni tutmasından asılı olmayaraq heç vaxt xarakterini, tutduğu düz yolu, haqqın, haqlının tərəfində olmaq mövqeyini dəyişməyib. Bütün nəcib işləri, xeyirxahlığı, səmimiyyəti, humanistliyi və alicənablığı ilə könüllərdə taxt qurub. Bunu təkcə bu yazının müəllifi, Qafil müəllimin dostları, doğmaları demir. Onu tanıyanların hamısı dönə-dönə təkrarlayır.
Onun dostları arasında yaş məhdudiyyəti deyilən bir sədd yoxdur. Özündən kiçiklərə nəvaziş, qayğı, sevgi göstərə-göstərə sevilir. Böyüklərə ehtiram, diqqət göstərə- göstərə böyüyür. Bunu cavan dostları Cəbrayıl Nuriyevlə Mövəcət Həbibovun dilindən eşitmək daha xoş oldu.
Məclisin aparıcısı, Gığı Kənd İcmasının koordinatoru Bəhruz Piriyev öz şirin zarafatları, şeir, lətifə qarışıq söhbətlərinin hamısının məhvərində Qafil müəllimi saxlamağa cəhd etsə də, yubilyar o qədər təvazökardır ki, özü haqqında yox ətrafındakılar haqqında danışaraq fikri, diqqəti özündən yayındırmağa çalışırdı. Elə ona görə də hər kəs haqqında danışdığı ürəkdoluu xoş sözlərin, əxlaqi dəyərlərin, insani keyfiyətlərin hamısı öz simasında əks olunurdu. Bu məqamda Hacı İbrahim Xuduyev məclisə dəvət aldıqlarına görə məmnun olduğunu bildirdi. Öz adından, qardaşı İzzətin adından, ailələri və Qafil müəllimi yaxşı tanıyan nəsilləri adından təbrik elədi. Bu iki nəslin mənəvi bağları barədə, örnək olası, xeyli xatirələr bölüşdü.
Uzun illər Qafil müllimlə birgə işləmiş, iş yoldaşlığını dostluğa çevirməyi bacarmış Mətləb Heydərov və “Şəfa” klinikasının baş həkimi Həsən Məmmədov da yubilyarı təbrikə gələnlər arasında idi. Qafil müəllim Mətləb Heydərovun etibarından, dostluğa sədaqətindən, həkimin peşəkarlığından, mərhəmətindən, şəfqətindən ürəkdolusu danışdı.
Dayılarının qazandığı hörmətdən, cəmiyyət içindəki nüfuzundan qürur duyan bacısı oğlanları Ənvər və Əfqan Hüseynov qardaşları Qafil müəllimə bir daha sağlam uzun ömür arzuladılar. Dayılarına sevgi, sayğı göstərən hər kəsə minnətdarlıqlarını bildirdilər.
Onu da qeyd edək ki, Qafil müəllim ictimai-siyasi həyatda da çox aktivdir. O, uzun müddət od-ocağından didərgin salınmış həmvətənlərini bir araya toplamaq, ehtiyacı olana yardım eləmək, bir-birinin dərdinə dərman aramaq amacı ilə xeyli çaba göstərib. Qərbi Azərbaycan İcmasının formalaşmasından xeyli əvvəl Qafil müəllim Zəngəzur camaatının, xüsusilə qafanlıların icma şəklində birliyinin təmin olunması üçün az qala dəridən, qabıqdan çıxır, əldən düşüncəyə qədər çalışırdı. Bu məqsədlə rayonun tanınmış adamlarını, ziyalılarını dönə-dönə bir yerə yığıb. Fədakarlıq göstərib, bəzən xərcə düşüb, amma bu nəcib, səbr, təmkin tələb edən işindən əl çəkməyib.

Xatırlatmaq yerinə düşər ki, birlik, yurda qayıdış sevdalısı 2019-cu ilin oktyabrında mahalımızın ziyalılarının təntənəli görüşünü təşkil etmək üçün dəvətnamələr çap elətdirmişdir. Tədbirin keçirilməsi üçün yer behləmişdi. Amma kimlər tərəfindənsə, qeyri- müəyyən, gözlə görünməyən maneələr göstərildi. Beləliklə Qafan Rayon İcmasının formalaşması 2023-cü ilə qədər əngəlləndi. Nəhayət ki, rayon və kənd icmaları təşəkkül tapıb. Qafil müəlim icmanın yaradıcılarından və ən fəal, təəssübkeş üzvlərindən biri kimi hər zaman öndə gedənlərdəndir.
Əziz oxucular, bu qeydlər sadəcə bugünkü görüşün qısa təəssüratları idi. O dostların, doğmaların, iş yoldaşlarının ellilərinin danışdıqları, bildikləri nə varsa, yaza bilsək Əliyev Qafil Atakişi oğlu haqqında cild-cild tərənnüm kitabları yaranar.
Hörmətli Qafil müəllim, bütün sadalanan ali keyfiyyətlərinizə görə, sizə sayğı və sevgimiz sonsuzdur. Sizi “Bütöv Azərbaycan Media Qrupu” adından təbrik edir, sağlam- uzun ömür arzulayırıq.
Hörmətlə: Tamxil ZİYƏDDİNOĞLU,
Media qrupunun rəhbəri

24 oktyabr 2026-cı il
23-10-2026, 22:48
Abşeronda müşavirə

Abşeronda müşavirə

Abşeron rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib


Abşeron rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib. Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, regional idarələrin müdirləri, YAP Abşeron rayon Təşkilatının sədri Abbas Əliyev, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak ediblər. İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər çiçəklər düzüblər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Müşavirəni geniş məruzə nitqi ilə açan Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqinin əhəmiyyətindən danışıb. A.Fərzəliyev qeyd edib ki, Azərbaycanın bugünkü inkişafının, suverenliyinin və ərazi bütövlüyünün təmin olunmasının kökündə Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətt və uzaqgörən ideyaları durur. Bu siyasi xəttin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla icra olunduğunu önə çəkən RİH başçısı bildirib ki, Müzəffər Ali Baş Komandanın siyasi iradəsi, hərtərəfli düşünülmüş qərarları və “Dəmir yumruğu” ətrafında birləşən qəhrəman oğullarımızın, qüdrətli ordumuzun şücaəti sayəsində düşmən döyüş meydanında diz çökdürüldü və xalqımızın vətən həsrətinə son qoyuldu. O vurğulayıb ki, ölkəmizdə təmin olunmuş sabitlik, milli birlik və həmrəylik qarşıya qoyulan strateji hədəflərin reallaşdırılması üçün möhkəm zəmin yaradır. Cənab Prezident İlham Əliyevin qurultaydakı nitqindən irəli gələn vəzifələrin vaxtında yerinə yetirilməsi, dövlət siyasətinin yerlərdə ardıcıl həyata keçirilməsi, vətəndaş məmnunluğunun təmin olunması və rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə dövlət qurumlarının, Yeni Azərbaycan Partiyasının yerli təşkilatının və ictimaiyyət nümayəndələrinin birgə fəaliyyəti olduqca vacibdir.

Daha sonra müşavirədə Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova, Abşeron Rayon Ağsaqqallar Şurasının sədri, şəhid Rauf İbadovun atası Məhərrəm İbadov, Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev və Bakı Mühəndislik Universitetinin müəllimi, əməkdar müəllim Teyyubə Hüseynova çıxış edərək bildiriblər ki, vətənimizi qorumaq, onun gələcək inkişafı üçün çalışmaq, yad və zərərverici ideyalara, təxribatlara qarşı mübarizə aparmaq hər birimizin məsuliyyətidir. Qeyd edilib ki, Prezident cənab İlham Əliyevin Qurultaydakı nitqindən irəli gələn vəzifələr, dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi, milli həmrəyliyin qorunması və qarşıya qoyulan hədəflərin həyata keçirilməsi istiqamətində hər kəs çalışmalı və hər kəs dövlətinin yanında durmalıdır. Çıxışçılar qazanılan qələbəyə, əldə olunan uğurlara, o cümlədən ölkəmizdə şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən böyük diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.
23-10-2026, 21:35
TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI


Cəlal Zəngi

filologiya üzrə fəlsəfə doktoru, dosent


TƏHSİL TARİXİMİZİN

SÖNMƏYƏN

ÇIRAQLARI


Qərbi Azərbaycanın təhsil tarixi xalqımızın milli şüurunun, mədəniyyətinin inkişafında və formalaşmasında böyük rol oynamış şəxsiyyətlərlə zəngindir. Onlar cəhalətə qarşı mübarizədə, milli oyanışda və bütöv bir nəslin yetişməsində alışıb yanan, sönməyən çıraqlar olmuşlar. Bu şəxsiyyətlər hər cür təqibə, maddi-mənəvi çətinliklərə baxmayaraq, xalqın gələcəyini təhsildə görmüşlər. Ömürlərini xalqın ömrünə qatmış bu böyük maarifpərvər və pedaqoqların örnək həyatını, zəngin irsini öyrənib onu gələcək nəsillərə ötürmək özü də bir milli qeyrət və təəssübkeşlik tələb edir. Bunu bacarmaq da hər kəsin işi deyil. Məhz cəfakeşlərin, min bir əziyyətə qatlaşmağı bacaran kəslərin işidir. Bu mənada, xalqımızın fəxri ziyalılarından olan, görkəmli alim, tibb elmləri doktoru, professor Eldar Abbasovun ideya müəllifliyi və redaktorluğu ilə nəşr edilmiş “Sönməyən çıraqlar: Qafan müəllimləri” adlı kitab maraqlı və təqdir olunası zəhmətin nəticəsidir. Burada Qafanda milli maarifçilik mühiti ilə bağlı olan fədakar pedaqoqların barəsində yığcam məlumat verilir və onların kimliyi oxucuya təqdim olunur. Əslində, belə bir üslubda kitab ilk işlərdən biridir.

Tərtibçilərin bu kitaba daxil etdikləri materiallar unudulmuşları, yaddan çıxmışları tarixə çevirməyin nə qədər vacib olduğunu gündəmə gətirir. “Sönməyən çıraqlar: Qafan müəllimləri” adlı topluda 500 maarif xadiminin barəsində yığcam məlumat verilir. Onların sırasında Qafan maarifçilik mühitinin nəhəng sütunları Cəlal Zeynalov, Nurəli Qurbanov, Cahangir Rüstəmov, Ağabala Babayev, Həbib İsmayılov, Səriyyə Həsənova, Həsən Şəkərəliyev, Durna Qədiməliyeva, Firəngiz İmaməliyeva, Dadaş Orucəliyev, Əliş Qarayev, Səməd Qarayev, Ağəli Bədəlov, Nüsrət Şıxəliyev, Qabil Həsənov və digərlərinin adları xüsusi yer alır. Onu da qeyd edək ki, adlarını çəkdiyimiz bu şəxsiyyətlərin əksəriyyəti İrəvan Azər-baycanlı Pedaqoji Texnikumundan çıxıb nəinki Qafanın, demək olar ki, bütün coğrafiyanın dörd bir yanına işıq saçmışlar. Ümumiyyətlə, İrəvan Azərbaycanlı Pedaqoji Texnikumu Qərbi Azərbaycanda böyük bir ziyalı ordusu yetişdirmişdir. Bu müəllimlərin fəaliyyətini qəhrəman pedaqoqlar zirvəsinə yüksəldən həm də onların erməni şovinizmi əhatəsində son dərəcə ağır, dözülməz, min əziyyətlərlə dolu bir şəraitdə çalışmaları idi. Onlar ən çətin maneələri belə böyük mərdlik və mübarizliklə dəf edərək bölgədə Azərbaycan təhsilinin möhkəmlənməsinə çalışmışdılar. Hətta sağlamlıqlarını bu yolda fəda etməkdən belə çəkinməmişdilər.
“Sönməyən çıraqlar: Qafan müəllimləri” kitabı təhsil tariximiz üçün çox dəyərli bir töhfədir. Bu toplu həm də Qərbi Azərbaycanda milli təhsil tariximizin öyrənilməsi baxımından ən gərəkli mənbə, qaynaq rolunu oynayır. Burada toplanmış materiallar Qafanda milli təhsil tariximizlə bağlı möhürdür, silinməyən, itməyən abidədir. Bəli, onlar tariximizin yaddaşına elə bir imza atmışlar ki, bu silinməz imzanı hər bir gələcək nəsil zirvələrə daşımağa məhkumdur.
23-10-2026, 09:22
Zərifə Sufinin 65 illik müəllimlik və poeziya işığı

Zərifə Sufinin 65 illik

müəllimlik və poeziya işığı


Həyat elə bir məkandır ki, orada hər kəs öz izini qoyur. Amma elə insanlar var ki, onların qoyduğu iz sadəcə cığır deyil, gələcəyə işıq saçan bir magistral yoldur. Bu yolu öz zəhməti, fədakarlığı, göz nuru və qəlbinin sevgisi ilə inşa edənlərdən biri də dəyərli pedaqoq, tanınmış şairə və publisist Zərifə Dünyamalı qızı Mikayılovadır (Sufi). Bu il oktyabrın 10-da onun ömrünün 65-ci baharı – uca bir müdriklik zirvəsi tamam olur. Bu yubiley sadəcə təqvim dəyişikliyi deyil, millətin savadlanmasına, gənc nəslin yetişməsinə həsr olunmuş ləyaqətli bir ömrün təntənəsidir.
Zərifə müəllim 10 oktyabr 1961-ci ildə Gürcüstanın qədim Borçalı mahalının, Başkeçid (Dmanisi) rayonunun Yuxarı Qarabulaq kəndində ziyalı ailəsində dünyaya göz açıb. Doğma kəndində orta təhsilini tamamladıqdan sonra o, böyük maarifpərvər M.Ə.Sabir adına pedaqoji texnikuma daxil olur. Təhsilə, elmə olan böyük sevgisi onu daha uca zirvələrə səsləyir və o, V.I.Lenin adına Azərbaycan Pedaqoji İnstitutuna daxil olunur. Zərifə xanım 1983-1988-ci illərdə təhsil aldığı bu ali ocağı fərqlənmə diplomu ilə bitirərək öz istedadını sübut edir. Onun elmi potensialı hələ gənc yaşlarından diqqəti cəlb edir. Elə həmin il institutun Filologiya fakültəsində "Azərbaycan dilçiliyi" kafedrasına müəllim təyin olunur və aspiranturaya daxil olur. Zərifə xanımın elmi rəhbəri, Azərbaycan dilçilik elminin görkəmli siması, rəhmətlik akademik Afad Qurbanov olur. 1989-1992-ci illərdə aspirantura illərində o, elmin çətin yollarında qətiyyətlə addımlayır və hələ 1989-cu ildə fəaliyyəti yüksək qiymətləndirilərək "Baş müəllim" adına layiq görülür.
Sonralar yaşayış yeri ilə əlaqədar olaraq Zərifə müəllim fəaliyyətini Bakı şəhəri 196 nömrəli tam orta məktəbdə davam etdirir. Bu günə qədər də o, müqəddəs müəllimlik peşəsini şərəflə, layiqincə yaşadır. Onun keçdiyi saysız-hesabsız respublika səviyyəli "Açıq dərslər", təşkil etdiyi tədbirlər hər zaman pedaqoji ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. O, sadəcə dərs demir, şagirdlərinin qəlbinə Vətən sevgisi, ana dili məhəbbəti sevdirir. Təsadüfi deyil ki, onun yetişdirdiyi şagirdlər arasında Respublika fənn olimpiadalarında qızıl medal qazanan uşaqlar da var. Müəllimlik fəaliyyətini o, öz şeirində belə vəsf edir
Ağac bar verəndə başını əyər
,İnsan yetişdirər, yanar müəllim.
Gözünün nurunu şagirdə verər,
Şagirddən məhəbbət umar müəllim.
***
Səhərlər hamıdan erkən oyanar,
Səsindən şəfəqlər nura boyanar,
Şagird şıltağına dözər, dayanar,
Gecəni gündüzə qatar müəllim.
***
"Quran"dır, Kəbədir müəllim sözü,
Başdan ayağadək dözümdür özü,
Yandırar ocağı, közərdər közü,
Əbədi məşəldir yanar müəllim.

Zərifə xanım həm də böyük yaradıcılıq yolunun yolçusudur. Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü olan Zərifə Sufinin bu günə qədər 8 möhtəşəm kitabı işıq üzü görüb. Oxucuların rəğbətini qazanmış "Ümid" (2003), "Qırxbulaq nağılı" (2013), "Gəl daha biz sevgidən danışmayaq" (2015), ardıcıllıq olmaqla "Həsrət" (2021) kitabları onun zəngin daxili dünyasının, fəlsəfi düşüncələrinin məhsuludur. Eyni zamanda respublika mətbuatında 30-dan çox elmi-metodik məqaləsi çap olunub. Onun yaradıcılığı dövlətimiz və ictimaiyyət tərəfindən hər zaman yüksək dəyərləndirilib. O, Prezident mükafatına, "Qızıl Qələm" və "Xurşudbanu Natəvan" mükafatlarına layiq görülüb. Zərifə Sufi poeziyasında dünya fəlsəfəsi, insanın mənəvi ucalığı ön plandadır:
Həyat yaranandan, bina olandan,
Olubsan zalıma arxa, a dünya.
Çətin olaylarda, qeylü-qallarda,
Dolandın tərsinə çarxa, a dünya.
***
Namərdə, nadana sən yoldaş oldun,
Çx sevib onları lap qardaş oldun,
Yaxşının yolunda qara daş oldun,
Sirrini özündə saxla, a dünya.

Buna baxmayaraq, şairə dünyadakı yaxşıların varlığına inanır, dostluğa, səmimiyyətə çağırır və öz şeirində gözəl duyğularını belə ifadə edir:
Deyirəm mən sənə, ay gözəl dostum,
Bağçada, budaqda gül inciməsin.
Könlünü oxşasın şirin kəlmələr,
Danışanda çalış dil inciməsin.
****
Ey Sufi, nə yaxşı bu yaxşılar var
,Dünyanı bəzəyən bu naxışlar var,
Ömürdə bahar var, ömürdə qış var,
Elə yaz, yazanda qol inciməsin.
Zərifə müəllimin yaradıcılığının şah damarı Vətəndir, doğma yurd yeridir. Hər bir borçalılı kimi onun da qəlbi doğulduğu Qarabulaq kəndinin havası, suyu ilə döyünür. Valideynlərinin əziz xatirəsi onun üçün ən müqəddəs and yeridir:
Sağ idi atam, anam, qayğısızdı hər anım,
Onlar idi dayağım, onlar idi həyanım.
Arzuları sinəmdə çiçəktək bəsləyərdim,
Xəyalımda onları sevib əzizləyirdim.
****
Şirindir ana yurdun doğma xatirələri,
Unutmaq olmaz bir an orda ötən illəri.
Ürəyimə köç edib Qarabulağım mənim,
Necə şirindir mənə doğma, əziz Vətənim.

****
Sufiyəm, sevmədim, dövləti, malı,
Vətəndən uzaqda qəlbim yaralı,
Vurğunam yurduma, olsam haralı,
Deyin, o yerləri necə sevməyim?

Bu gün Zərifə xanım arxaya boylanarkən fəxr ediləsi 45 illik rəsmi fəaliyyət və hesabat görür. Bu uğurlar onun həyatın çətin mübarizə meydanında, özünün halal zəhməti ilə qazandığı qələbələrdir. O, hər zaman qətiyyətlə vurğulayır: "Bu mənim ata-anamın ruhları qarşısında hesabatımdır. Allah onlara rəhmət etsin. Onlar mənə bu sənəti sevdirdiyi və miras verdikləri üçün ruhları qarşısında baş əyirəm. Bu qədər çətinliklərə, haqsızlıqlara baxmayaraq, həyata yenidən gəlsəm, yenə bu sənəti seçərdim". Budur əsl ziyalı böyüklüyü, budur əsl müəllim fədakarlığı! Əziz və dəyərli Zərifə müəllim! Tələbə yoldaşlarınız, yetirmələriniz və Sizi sevən hər kəs adından Sizi 65 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirik! Sizə cansağlığı, uzun ömür, tükənməz yaradıcılıq enerjisi arzulayırıq. Yaxşı ki varsınız, yaxşı ki Azərbaycan təhsilini və poeziyasını öz varlığınızla bəzəyirsiniz.
Hüseyn İsaoğlu,
yazıçı - publisist,
AYB və AJB üzvü


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!