Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
3-06-2022, 07:57
“Uşaqlar oxusun deyə”

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edir və onları sevindirməyə davam edirik. 🥳
📣 Yalnız 1 ay, “Uşaqlar oxusun deyə” çərçivəsində kitab bağlamanızı Expargonun ölkədaxili çatdırılma xidməti ilə istədiyiniz məntəqəyə PULSUZ göndərə bilərsiniz!
ℹ️ Ölkədaxili çatdırılma üsulları haqqında məlumat almaq üçün www.expargo.com saytına daxil olun
Expargo – hər kəsə yaxın kargo! 💜
3-06-2022, 07:14
Gənc rəssamın “Hüsna”sı

Gənc rəssamın “Hüsna”sı

Müasir İncəsənət mərkəzində rəssam, sənətşünas və sənət terapisti TuranBağırovanın “Hüsna” adlı fərdi sərgisi açılmışdır. Nümayiş olunan əsərlər kalliqrafiya və rəngkarlığın gözəl sintezini təşkil edir. Sərgi Ramazan bayramı sonrasında reallaşdığından xeyriyyə məqsədi daşıyır. Əsərlərin satışından əldə olunan gəlirin xeyriyyə fonduna ianə edilməsini nəzərə alarsaq, bu bir xeyriyyə aksiyasıdır. Qeyd edək ki, bu mövzuda sərgi Azərbaycanda ilk dəfə təşkil edilmişdir.
Sərgidə iştirak edən xalq rəssamı Arif Hüseynov çıxışı zamanı sərginin ideyasını çox bəyəndiyini söylədi. Həmçinin sərgidən əldə etdiyi əsəri emalatxanasının ən gözəl yerində saxlayacağını bildirdi. Sərgidə həmçinin rəssam Esmeralda Tağızadə, heykəltəraş -rəssam Eldar Həsənov, sənətşünas Sevda Quliyeva çıxış etdilər.

Sərgi gənc rəssam, sənətşünas və sənət terapisti Turan Bağırovanın ilk böyük fərdi layihəsi olaraq xüsusilə maraq doğurdu. Sərgiyə gələn ziyalılar, mədəniyyət xadimləri, tələbələr yüksək təəssüratlarla ayrıldılar. Əməkdaşımız sərgidən iki əsər almış ailənin təəssüratlarını öyrənib: Dövlət İmtahan Mərkəzinin əməkdaşı Nuran Abasova və Silahlı Qüvvələrin kapitanı Nurlan Atamoğlanlı aldıqları əsərləri çox bəyəndiklərini, sərginin orijinal olduğunu qeyd ediblər. Hər iki tamaşaçı-alıcı xeyriyyə aksiyasını yüksək qiymətləndirdiklərini və belə tədbirlərin ölkəmizin mədəni həyatında, eləcə də mənəvi dəyərlərimizin yaşadılmasında mühüm əhəmiyyət daşıdığını bildiriblər.

Qeyd edək ki, Bağırova Turan İlham qızı İncəsənət Gimnaziyasının rəssamlıq fakultəsini bitirib. Mədəniyyət və İncəsənət Universitetinin qrimrəssamı fakultəsində təhsilini davam etdirib. Rəssamlıq Akdemiyasının Sənətşünaslıq fakultəsinin magistratura pilləsini uğurla tamamlayıb. Hal-hazırda Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecində pedaqoji fəaliyyət göstərir. Həmçinin “ŞatuArt” adlı rəsm kursu var. Rəssam, sənətşünas və sənət terapisti kimi biliklərini yeni nəsilə öyrədir. Sərgidə iştirak edənlərin fikirlərini öyrəndik. Xalq rəssamı Arif Hüseynov məmnunluğunu ifadə etdi. O dedi:
“Azərbaycanda ilk dəfədir ki, belə bir sərgi keçirilir. Mən çox şadam ki, burada iştirak edirəm. Dini ayələri bilmək, onları belə gözəl, estetik şəkildə insanlara çatdırmaq bizim cəmiyyətdə çox lazımlı idi. Hər bir əsərin mənası insana sanki dərs verir, insanı ruhlandırır. Ən çox da rənglərin uyumu təqdirəlayiqdir. Onun rəng estetikası Turan xanımın iç dünyasının necə gözəl olduğunu göstərir. Sərginin xeyriyyə məqsədli olmağı da çox gözəl təşəbbüsdür. Əsərlərdən birini də mən özümə aldım və emalatxanamın ən gözəl yerində saxlayacam. Bu əsərlərin müsbət energetikası çoxdur. Turan xanıma uğurlar arzulayıram. Yeni yaradıcılıq ilhamı və naliyyətlər diləyirəm.”
Heykəltəraş-rəssam Eldar Həsənov da sərgi haqqında çox ürəklə danışdı: “Mən həqiqətən deyirəm ki, bu sahə çox çətin bir sahədir. Turan xanım özü necə bir insandırsa əsərlərində o büruzə verib. Onun əsərlərində İslamı və incəsənəti çox gözəl bildiyi aşkar olur və bu iki sahəni ustalıqla təmsil edir. Mən Turan xanımın daha çox pedaqoji fəaliyyətinə bələd idim. Bir çox imtahanlarda komissiya üzvü kimi iştirak edirdim və Turan xanım necə gözəl dərs keçdiyini, tələbələrə qarşı necə mehriban və tələbkar davrandığını görürdüm. O, bütün bilik və bacarığını ürəklə, səxavətlə öz yetirmələrinə aşılamağa çalışır. Turan xanıma uğurlar arzu edirəm. Şadam ki, belə gözəl sərgidə iştirak edirəm.”
3-06-2022, 06:49
XASİYYƏTNAMƏ  MƏSƏLƏSİ

XASİYYƏTNAMƏ MƏSƏLƏSİ

Şöbə müdiri salamlaşdı, hal-əhval tutub əyləşdi. Hiss elədim ki, nəyə görəsə gəlib. Gözlədim, dedi:
– Yenə xasiyyətnamə məsələsi ortaya çıxıb. Ona deyəydin də yazsın, imzalasın. Son günlərdi, komissiyaya sənədlərin təqdimatının vaxtı bitmək üzrədi.
Mən susub qarşımdakı yazıya başımı qatdım.
– Hər dəfə bu məsələ ortaya çıxanda incidir,- şikayətləndi.
Üzümə baxdığına əmin olduğumdan nəinki ona baxmadım, həm də susdum.
– Özün yaxşı bilirsən, doxsandan artıq elmi məqaləmdə, səkkiz ixtiramda, iki monoqrafiyamda yazılıb. Yazılıb yalnız ona görə ki, işlədiyim institutun direktorudu. Həm də başda yazılıb, bu səbəbdən ki, o əlinə akademiklik diplomunu keçirə bilib, mənsə yox. Direktorluq kürsüsünü, akademik diplomunu ələ keçirməyi də elə-belə olmayıb. Kimlərə görəsə, nələrə görəsə. Bunları da hamımız ətraflı bilirik. Mənim kimlərim, nələrim yoxdu, qalmışam şöbə müdiri. Buradan da o biri dünyaya yollanacağam. Sən heç olmasa direktor müavini keçə bildin, bu da az deyil.
O sözünü bitirsə də mənə baxmaqda davam edirdi. Məni söhbətə qoşmağı xoşuma gəlmədi. Məndən səs çıxmayanda:
– Hə, nə deyirsən?
Bu dəfə cavab verməli idim.
– Dəfələrlə demişəm,- təmkinimi gözlədim,- ona ağız açmaq istəmirəm. Artıq danışmağı tərgit, münasibət saxlamağı bacar, məsələlərini özün həll elə.
– Onunla bacarmıram, sən müavinsən, kömək eləsənə.
– Yenə təkrarlayıram, ürəyindəkiləri dilinə gətirmək istəyərkən topmozla. Başına bəlalar gətirən dilindi. Dilini saxlasan bacararsan.
– Bilirəm, bilirəm, özümlə bacarmıram da. Onu görəndə əsəbləşirəm. Neyləyim? Yəqin ki, bugün-sabahlıqdı. Onu istirahətə göndərərlər, neçə illərdi işçilərimiz bu məqamı səbirsizliklə gözləyir. Sən olarsan direktor, bizim də canımız rahatlanar.
Əsəbiləşdim, amma özümü ələ aldım:
– Bir də deyirəm, mən direktor vəzifəsini xoşlamıram. Bunda aydın olmayan nə var ki? O kişi akademikdi, laureatdı, böyük alimdi, bacarıqlı elm təşkilatçısıdı. dövlət tərəfindən dəfələrlə təltif edilib, ordenləri, medalları var. Deməli, direktorluğa məhz o layiqdi. Bu sadə reallığı niyə başa düşmürsən axı?
Başımı qaldırıb ona baxanda səsimi qaldırmağımdan incidiyini hiss elədim. O, direktoru nəzərdə tutaraq soruşdu:
– Onunla neyləyim?
– İlk növbədə özünlə nəsə elə, yəni hirsini boğmağı, nifrətini ört-basdır eləməyi öyrən. İkincisi, hər bir adamın zəif cəhəti var, hətta akademik və direktor olsa belə. Onunku da var, istifadə etməyi bacar. Onu görmək istəməməyini gizlətməyi bacar, nə qədər olsa direktorundu, sən ondan asılısan, o səndən yox.
– Hə, razıyam. Sadala nəzərdə tutduğun cəhətləri, gələn dəfədən aramızda belə söhbətə ehtiyac qalmayacaq. Söz verirəm.
– Yaxşı olardı ki, ilk növbədə söhbətimizin aramızda qalacağına söz verəsən.
– Mənə bax,- o deyəndə başımı qaldırdım,- söz verirəm.
Bunu eşidəndə qələmi əlimdən qoyub ciddi baxışımı ona zillədim.
– Bilirsən, sənə hörmətimi, - o da ciddiləşdi,- söz verirəm.
Başımı sallamadan səbirlə, bir-bir sadaladım. Bəzilərindən necə faydalanacağını soruşdu, onları da açıqladım. Əlavə də dedim ki, bu söhbətimizi kimsəyə söyləməsin, yanımda direktor haqda dediklərini bir daha dilinə gətirməsin. Dilini saxlamağı tezliklə öyrənsin, sonraya saxlamasın, nə qədər tez alışsa bir o qədər öz xeyrinədi. Bu axşam şam yeməyindən sonra direktora zəng vursun.
Sabahı şöbə müdiri keyfi saz otağıma girəndə vəziyyət aydınlaşdı. Hər ehtimala qarşı mən soyuqluğumu qorudum. Olmuşları söyləmək istədi. Dedim söyləsin, amma qısa, işim çoxdu. O başlayanda qovluqdan yazılı vərəq götürüb başımı qatdım ki, tez qurtarsın.
– Hə, sən deyən vaxtda zəng etdim. Direktordan soruşdum ki, necəsiz? O əsəbiləşdi və səsindəki əsəbiliyi telefonda aydın hiss etdim. Dedi ki, ə, necə olacam? Əlbəttə, qoz kimi. Cavabımda bildirdim ki, təki olasız. Onun əsəblərini yatırmaqdan ötrü oğlunun yüksək vəzifəyə təyinatı münasibətilə gözaydınlığı verdim. Yenə irad tutdu ki, mən onun oğlunu yaxşı tanımıram, o daha yüksəklərə layiqdi. Dedim ki, əlbəttə, siz tamamilə haqlısız. Tez söhbəti aşırdı özünə. Özünün də lap yaxınlarda Akademiyaya prezident təyin ediləcəyini dedi. Təəccüblənsəm də canımı yığdım dişimə və dedim ki, yaxşı olardı. Direktor bu sözümə də qıcıqlandı ki, ə, yaxşı olardı nədi? Yuxarıya mənim kimisi gərəkdi, mən Akademiyanı dirçəldəcəm. Öz tərəfimdəm şadyana səslə doğrudu, dedim. O isə narazı halda ağzının içində nəsə desə də, mənə aydın olmadı. Buna baxmayaraq yenə özümü ələ alıb hə, elədi, dedim. Ha, əlləşdim onun keyfini qaldıram, hər dəfə sözümü deyəndə hərəsinə bir qulp qoşurdu. Düşünürdüm axı ona nə deyim ki, könlünü ala bilim. Bu günlərdə sayılıb-seçilən qəzetdə dərc edilmiş müsahibəsi yadıma düşdü. Oxuduğumu, xoşuma gəldiyini dedim. Bu fikrimə də mız qoydu, yox bir, hələ xoşuna gəlməsin. Susdum. Çox qəliz adammış, bu dərəcədə bilmirdim. İstəyir ki, qarşısındakı müntəzir dayanıb dinləsin. Dilindən çıxanı yerinə yetirsin. Sözünün üstündən söz deməsin. Ha-ha-ha. Yəqin işçilərin ondan uzaq durmağa çalışmasının başlıca səbəblərindən biri də budur. Müavin olaraq bu illərdə sənin nələr çəkdiyini anlayıram.
Başımı guya qarşımdakı sənədə qatdığımı göstərsəm də fikrim şöbə müdirində idi. Onun məni söhbətə qatmağa göstərdiyi təkrar cəhdindən içimdə hirsləndimsə də başımı qaldırmadım, dil açmadım. Şöbə müdiri özü danışırdı:
– Direktor səsini qaldırıb mənə irad tutdu ki, ə, professor da oldun, amma anlamağın qaydasına düşmədi. O müsahibə deyil eee, alimlərimizin uğurları haqqında rəhbərliyə, camaatımıza hesabatdı, hesabat. Nə kimi böyük işlər gördüyümüz haqda, qarşımızda daha mürəkkəb, nəhəng elmi problemlərin həlli dayandığı haqda məlumatdı, məlumat. Ə, professor, belə sadə şeyləri niyə başa düşmürsən? Direktor sözünü bitirəndə mən gülümsəyib dedim ki, hə, elədi, siz deyən kimidi. Gərək ki, bu sözüm yetərli oldu. Bundan sonra direktor soruşdu ki, kitab yazırdın, niyə bitirmirsən? Cavab verdim ki, kitab yox, monoqrafiya. O yenə səsini qaldırdı , ə, nə fərqi var, monuqrafya da elə kitabdı. Mən tez təsdiqlədim. Bitirmişəm. İstinad etdiyim mənbələrdəki adları, rəqəmləri yoxlamaq pis olmazdı. Bununla məşğulam. Direktor rahatsızcasına səsini qaldırdı, bəlkə monuqrafyanı gizlincə nəşr eləmisən? Qəti cavab verdim, yox. Məqalələrim də, ixtiralarım da, monoqrafiyalarım da yazılmısız, siz direktor olandan bəri. Bunda da yazılacaqsız, əmin olun. O səsini daha da qaldırdı, ə, professor oldunsa da danışmağı öyrənmədin. Sənin yox, bizim məqalələrimizdə, ixtiralarımızda, monuqrafyalarımızda yazılmışam. Ə, başa düşsənə, adım oralarda yazılıbsa, deməli, onlar həm də mənim əsərlərimdi. Başa düşdünmü? Xoş avazla hə, cavabı verdim. Direktor bundan sonra söhbəti özü döndərdi mənə gərəkli məcraya. Dedi ki, ə, yaxşı, uzatma, monuqrafyada adlarla rəqəmləri tezliklə yoxla, gətir baxım. Xasiyyətnaməni yaz, səhər gətir, qol çəkim. Mən direktora bir neçə dəfə sağ olun, çox sağ olun, gecəniz xeyrə qalsın, dedim.
Bu yerdə şöbə müdiri söhbətinə ara verdi, bəlkə də ürəyindən məndən tərif eşitmək keçirdi, razılıq almağı bacardığına görə. Başımı qaldırmadım, dinmədim. Özü sözünə davam elədi:
– Səhər otağıma gircək durdum pəncərənin önündə. Nəhayət ki, direktorun maşını gəlib dayandı düz pilləkənin qabağında. Oğlu maşından düşüb onu yerə saldı, əsasını sağ əlinə verdi, özü də girdi sol qoltuğuna. Pillələri birlikdə qalxdılar. Oğlu institutdan çıxanda yanına girdim. Gülümsəyib salamlaşdım, vərəqi qarşısına qoydum. Qələmi əsən sağ əlinə aldı, əsən sol əliylə vərəqi tutanda vərəq oynayırdı. Mən vərəqin yuxarısından barmaqlarımla masaya sıxdım, imzasını qoydu, əyri-üyrü olsa da. Canım qurtardı. Ruhum dincəldi. Barmaqlarımı çəkəndə üstümə çığırdı ki, məgər sən tutmasaydın qol çəkə bilməyəcəkdim? Mən də xoş gülümsədim, əlbəttə, çəkərdiz, cavab verdim.
Direktorla bağlı söhbətini bitirəndə şöbə müdiri köksünü boşaldıb yüngülləşdi:
– Hə, direktor müavini,- mənə səmimi müraciətlə dedi,- sən də sağ ol ki, mənimçün cızıq çəkdin. Mən də sağ olum ki, cızıqdan kənara çıxmadım. Ha-ha-ha. Bunu da bildirim, sənin xüsisi tapşırdığın kimi, dilimə onunla razılaşmamaq, yox demək, etiraz etmək gətirmədim. Belə fikir yarananda dişlərimi bir-birinə bərk-bərk sıxırdım. Ha-ha-ha.
O necə də dəqiq demişdi, həqiqətən ruhu dincəlmiş adam kimi özünü hiss eləyirdi. Keyfi kök şöbə müdiri direktorla bağlı daha nələrisə xatırlayıb qırıq-qırıq söylədi. Söhbətini bitirib bir də mənə minnətdarlığını bildirdi, dil-ağız elədi.
– Belədi də, professor, cızıqdan çıxanın başı bəlalar çəkir, vəzifəsindən, rütbəsindən asılı olmayaraq, - üzünə baxaraq şöbə müdirinə eşitdirdim.
Tez də başımı aşağı salıb qarşımdakı kağızın qırağına qeyd elədim ki, müdir məşğulluğuma bir daha əmin olub stuldan qalxsın. O isə yerindən tərpənmədən mənə müraciət elədi:
– Mənə bax, Akademiyaya prezidentliyə namizədləri kollektiv özü irəli sürmürmü? Alternativliyə riayət etməklə. Elə özü də səsvermə yoluyla prezidenti seçmirmi?
Özümü eşitməzliyə vurub kağıza bir qeyd də elədim. O əlini əlimə qoydu:
– Axı sən hər şeyi bilirsən, desənə.
Hirsimi tamam boğa bilmədim, səsim gur çıxmasa da sərt idi:
– İşim var, nazirliyə məktub hazırlamalıyam. Söhbətin bitdisə icazə ver işlərimlə məşğul olum. Vaxtım yoxdu.
Müdir könülsüz qalxsa da otaqdan çıxmağa tələsmədi. Bəlkə də sualına cavab alacağına ümid bəsləyirdi. Nəsə eşitməyəndə özü dilə gəldi:
– Bu da məgər işdimi? Əsərlərimdə yazılanın birisi mənə xasiyyətnamə verir. Mənim elmi cəhətcə saf-çürüklük əyarımı təyin edəcək komissiyanın işinə sədrlik buna həvalə olunur. Beləmi olmalıdı? Bəs hanı düzgünlük? Bunlardan sonra işləməyə nə dərəcədə həvəs qalar?
– İşim var, tək qalmalıyam,- səsimi qaldırıb telefonu əlimə aldım. Ayağa qalxıb nömrəni yığdım. O qapıya doğru addımlasa da boynunu burmuşdu, üzü mənə tərəf idi:
– Hə, səni də anlayıram, axı onun da işlərini sən görürsən...
Cəld sifətimi turşudub, gözlərimi pırtladıb onu süzəndə üzünü döndərib addımlarını itilədi. Otaqdan çıxana yaxın arxasınca baxaraq düşünürdüm ki, alim kimi pis olmasa da bağça uşağı qədər sadəlövhdü. Başı üstündən əl çəkilsə yerə dəyib diyirlənəcək. Qapıdan çıxanda:
– Eşidirsənmi, müavin, bir də sağ ol,- gülər üzlə deyib razı halda qapını örtdü.
Rəsul RƏXŞANLI.
Fevral, 2022.








3-06-2022, 06:36
Böyük Muğam Evinə yeni sakinlər gəlir

Akif Cabbarlı


Böyük Muğam Evinə
yeni sakinlər gəlir
.


Mayın 10 – dan start götürən “Muğam Televiziya Müsabiqəsi – 2022 “ ölkəmizin mədəni həyatında çox mühüm və əlamətdar hadisə kimi yaddaşlarda yaşayacaq. Heydər Əliyev Fondunun dəstəyi ilə, Mədəniyyət Nazirliyinin iştirakı və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən müsabiqə müxtəlif regionlardan ciddi seçim yolu ilə 300 iştirakçının arasında fərqlənən 10 azyaşlı uşağın və 18 gəncin qatıldığı əsil musiqi bayramını xatırladır. Azərbaycanın ustad muğam ifaçıları və şeir – sənət biliciləri olan Xalq artistləri Arif Babayevin, Səkinə İsmayılovanın, Mənsum İbrahimovun, Mələkxanım Əyyubovanın, Sərdar Fərəcovun, Nəzakət Teymurovanın, Teyyub Aslanovun, Əməkdar artist Fərqanə Qasımovanın, layihənin icraçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhminin haqlı iradları, prinsipial yanaşmaları, tövsiyə və tapşırıqları ifaçılar tərəfindən razılıqla qarşılanır, elə tamaşaçıların da ürəyindən xəbər verir. Çünki münsiflərdən heç birinin çıxışında hər hansı bir qərəz hissi, biganəlik meyli duyulmur. Yeganə məqsəd odur ki, ifaçılar səhvlərini başa düşsünlər, səslərinin cilalanmasına, mətnlərin dərindən öyrənilməsinə çalışsınlar, muğamın aliliyinə ucalmağı bacarsınlar.
Hələ o qədər də bərkdən – boşdan çıxmamış, bulaq suyu kimi saf, bakirə səsləri ilə, muğam oxuma tərzlərinin, texnologiyalarının dəqiqləşdirilməsi yolunda axtarışları və səhnəqrafiya prinsiplərini tam müəyyənləşdirməmələri ilə təbiidirlər, gözəldirlər, dəyərlidirlər.
Öz müəllimlərindən, ustadlardan öyrəndiklərini milyonların qarşısında özlərinin, eləcə də bizim hamımızın ürəyincə ifadə etmək cəhdləri büllur səslər bəhsləşməsinin ecarkarlığına minbir naxış vurur. Azərbaycan Mədəniyyət Fondunun layihəsi ilə keçirilən muğam yarışması hələ təzə başladığından kiminsə adını çəkmək, fərqləndirmək fikrindən uzağam. Onların hər biri qarşıdakı yolun elə də hamar olmadığını yaxşı dərk edir və ustad sənətkarların imtahanından üzüağ çıxmaq iddiasındadır.
8 – ci Muğam Müsabiqəsi bir sıra məqamları ilə də yadda qalacaq. Səhnə və zalın dizaynının yenilənməsi, müsabiqəyə Təbrizdən və Rusiyanın Omsk şəhərindən iştirakçıların qatılması, dinləmələrə Vətən Müharibəsi qazilərinin və Vətən savaşında fədakarlıqla vuruşan AzTv əməkdaşlarının dəvət olunması hər kəs tərəfindən rəğbətlə qarşılanıb. Şəhid general Polad Həşimovun anası Səmayə xanımın dəvət olunması isə dinləmələrə izaholunmaz, təkrarsız ovqat bəxş eləmişdi. Təbii ki, bu cür addımlar müsabiqənin effektivliyini qat – qat artırır. Müsabiqənin aparıcıları Natəvan Osmanlı və Mümtaz Xəlilzadə dinləmələri olduqca bacarıqla idarə edir, ifaçılarla münsiflər heyətinin üzvləri, eləcə də tamaşaçılarla canlı ünsiyyət körpüsünü qurmaqda əvəzsiz rol oynayırlar. Səhnə arxasında intizarla növbəsini gözləyənlər, daha sonra musiqiçilər, aparıcılar, münsiflər heyətinin üzvləri və tamaşaçılar...Daha sonra mavi ekran qarşısında çıxışları diqqətlə və həyəcanla izləyən milyonlarla tamaşaçı. Bu silsiləni bütövləşdirən qəribə bir üzvi bağlılıq var və hər kəsin də ürəyindən bir arzu keçir – kaş ki, ifaçı hansısa misranı unutmayaydı, səsi qırılmayaydı, pərdədən çıxmayaydı. İntizar, həyəcan və... uğurlu sonluq.

Musiqiçilərin gənc ifaçıları son dərəcə məharətlə müşaiyət etməsi də razılıqla qarşılanır. AzTv – nin səriştəli və təcrübəli rejissor, redaktor və operator heyəti, ümumiyyətlə bütün yaradıcı və texniki personal öz işinin öhdəsindən bacarıqla gəlir, müsabiqənin çoxsaylı tamaşaçı kütləsinə yüksək bədii və texniki keyfiyyətlə çatdırılmasında müstəsna xidmətlər göstərir. Ana Televiziyamızın bütün yaradıcı kollektivinin, eləcə də rəhbərliyinin bu yorulmaz fəaliyyəti yüksək dəyərləndirilməlidir.
8 – ci Muğam Müsabiqəsi də şübhə yoxdur ki, Azərbaycan Muğamının dünya miqyaslı uğurlarına xidmətin bariz nümunəsi, bütövlükdə dövlətimiz və Heydər Əliyev Fondu tərəfindən mədəniyyətimizə, musiqimizə göstərilən təmənnasız qayğının əvəzedilməzliyinin sübutu olacaq. Gənc ifaçıların səsləndirdikləri klassik muğam nümunələri, təsnif və mahnılar onların Böyük Səhnəyə doğru yürüşünün uğurla nəticələnəcəyi barədə çoxmilyonlu tamaşaçı və dinləyici qənaətinin formalaşmasına və möhkəmlənməsinə əsaslı zəmin verir.
Böyük və Müqəddəs Muğam Evinin “daimi qeydiyyat sənədləri” isə sınaqdan üzüağ və qalib kimi çıxmış gənc ifaçılara iyul ayında Mədəniyyət Paytaxtımız Şuşada veriləcək. Uğurlar olsun!
3-06-2022, 06:30
Məni də xatırla, məndən də danış...

Məni də xatırla, məndən də danış...

Fikrət Sadığı xatırladıq həmin gün!


İllərdən bəridir elə hey düşüncələrimdə yaşayan, hər düşüncəyə daldığımda, “məni də xatırla, məndən də danış” deyə, gözlərim qarşısında sanki yenidən canlanan insanlar var ki, onlar barəsində ürək sözlərimi, xatirələrimi paylaşandan sonra, həqiqətən bir mənəvi rahatlıq tapıram içimdə. Çünki xatırlanmalı üzləri, yada salınmalı sözləri, özlərindən sonra qalan mübarək izləri ilə bu həqiqəti haqq ediblər.
Fikrət müəllimi ən gözəl duyğularla xatırlamışam həmişə. Fikrət Sadığı deyirəm. Salğarlı yerişi, ağır-ağayana duruşu, nurlu çöhrəsinin ətrafdakılara sirayət edən işığı, ləngərli danışığı, şeiri-şeiriyyəti sevməyi və sevdirməyi... heç getmir gözüm önündən. Yazıçılar Birliyinə hər ayaq basdığımda ilk qapısını açıb içəri girdiyim bir o idi, bir də rəhmətlik Arif müəllim – Arif Əmrahoğlu. Nədən? Tək səbəbi bu idi ki, hər ikisinin doğmadan-doğma münasibəti ilə qarşılaşan biz gənclər bu söz-sənət məbədinə hər gələndə onları ziyarət etməyə içimizdə bir mənəvi aclıq duyur, təsəllimizi də, ustad məsləhətini də, örnəyi də bu müqəddəslərdən alırdıq.
2009-cu ilin əvvəlləri idi. “Elimiz.Günümüz” adlı ədəbi-publisistik qəzet təsis etməyə qərar verdiyimi, Ədliyyə Nazirliyində qeydiyyatdan keçirərək, ilk saylarını dərc etdirdiyimi deyəndə Fikrət müəllimin çöhrəsi elə işıqlandı ki... Cəmil Əlibəyovdan xeyir-dua aldığımı biləndə, sanki qanadlandı. “Çox düz edibsən, Cəmil müəllim bu sahənin ustasıdır. Bir işi görəndə usta ilə məsləhətləşmək o işi artıq görüb qurtarmısan, deməkdir”. Bir neçə nəfər dəyərli ziyalımızın, qələm adamının adını çəkən, onların da yazılarından istifadə etməyi tapşıran Fikrət müəllim, qəzetimə xeyir-dua verib, özünün də yazılar, şeirlər verəcəyini bildirdi. Və... heç gecikdirmədən elə oradaca stolunun üstündəki qovluqdan əl ilə yazılmış üç-dörd vərəq götürüb mənə uzatdı: “Bax, gör nə yazmışam, çap etmək istəsən, edərsən”. Utanıb-qızardım. “Nə demək, Fikrət müəllim, əlbəttə verəcəm”. “Get, qızım, sənə uğur olsun! Qəzet çıxan kimi mənim payımı gətirməyi unutma, ha, yenə yazı verəcəm”. Sağollaşıb ayrıldım. Sanki dünyanı bağışlamışdılar mənə. Səhər-səhər Cəmil müəllimin uğurlaması, indi də Fikrət müəllimdən aldığım xeyir-dua! Daha nə lazım idi ki mənə!...
Yolboyu həmin təəssüratları beynimdə çək-çevir edir, hər birinin ünvanına səslə belə: “Çox sağ olun, əziz insanlar, nə yaxşı varımsınız!” – deməkdən özümü saxlaya bilməmişdim. Onda ayılmışdım ki, qarşımdakı insanlar, yan-yörəmdən ötənlər dönüb baxır, bəlkə də “bu adamın başına hava gəlib” deyə fikirləşirdilər. Doğrudan da, havalanmışdım həmin gün. Ən gözəl havalar gəlirdi başıma. Elə gözəl xəyallar, elə munis duyğular sarmışdı ki beynimi...
Təkrar-təkrar oxuyurdum Fikrət müəlimin əlyazma şəklində olan həmin şeirini...
ŞEİR YAZIR

Mən sayım, sən sadala,
Gör kimlər şeir yazır?!
Mühəndislər, polislər,
Həkimlər şeir yazır.

Bunu bildim, tanıdım,
Ta kimlər şeir yazır?!
Deputatlar, vəkillər,
Hakimlər şeir yazır.

Uşaq bağçasından, ta
Ali məktəbə qədər –
Şeir yazır uşaqlar,
Şagirdlər, tələbələr.

Elmdən yorulanda
Alim də şeir yazır.
Qanı qara olanda
Müəllim də şeir yazır.

Şeir yazır hacılar,
Məşədilər, mollalar.
Evin tikilsin, millət,
Bu qədər şair olar?!

Addayıb bəmdən-zilə,
Şeir yazır naz ilə,
Yalançı bəstəçilər,
Yalançı müğənnilər.

Nazir də şeir yazır,
Hətta lap qapıçı da.
Naşir də şeir yazır,
Mürəttib də, çapçı da.

Tacirlər, satıcılar,
Şorsatanlar, südçülər.
Cavan qızlar, gəlinlər,
Qoca təqaüdçülər.

Savadsız jurnalistlər,
Səbatsız qəzetçilər.
Sonra da...daha kimlər,
Sonra...daha nəçilər.

Kimisinə əyləncə,
Kimisinə şan-şöhrət.
Bunların hamısını
Çaş-baş salıbdı sənət.

Dərdi başından aşan
Köçkün də şeir yazır.
Fatmanisə qarı da
Üç gündür şeir yazır.

Özəl kitablar çıxır,
“Gözəl” kitablar çıxır.
Sarı-sarı, sapsarı
Xəzəl kitablar çıxır.

Kitabın üzünə yox,
Varaqla, içinə bax!
İçi hədyanla dolu,
Ədasına fikir ver,
Yalana bax, sən Allah!
Özü-özüyçün deyir:
“Görkəmli”, “dahi”, “ulu”!

Bəlkə də dərd yarıydı,
O yalançı şeirlər
Şeirə oxşasaydılar,
Heç olmasa tük qədər.

Kim necə gəldi yazır,
Əruz, heca bilmədən.
Rüsvay edir özünü
Lap birinci kəlmədən.

Zol-zol olub varaq da,
Zara gəlib qələm də -
Bu nadanlar əlində,
Bu naşılar əlində.

Kitab oxuyan yoxdu,
Kitab yazandı hamı.
Pulnan satın alırlar
İndi şeiri, ilhamı.

Əsl şairlər susur,
Şeirə qiymət azalıb.
Elin dili – şairə
Layiq hörmət azalıb.

Zavod yox, iş yeri yox,
Fəhlə də şeir yazır.
Kənddə torpaqsız qalıb,
Kəndli də şeir yazır.

Əli də şeir yazır,
Vəli də şeir yazır.
Nəşriyyat çox olanda
Dəli də şeir yazır.

Bir zaman deyərdilər:
Əli də qəlyan çəkir,
Vəli də qəlyan çəkir.
Tənbəki çox olanda
Ölü də qəlyan çəkir.

Bu hay-küyə, hap-gopa
Görəsən səbəb nədir?
Bu ağılla, bu başla
Bu millət hara gedir?

Xəbər olsun yadlara,
Xəbər olsun dostlara:
Şeir yazır Lənkəran,
Səlyan, Lerik, Astara.

Şeir yazır Ordubad,
Culfa, Şahbuz, Naxçıvan.
Şəki, Gəncə, Mil-Muğan,
Bakı, Şamaxı, Şirvan.

Şeir yazır Qarabağ,
Tovuz, Yevlax, Qazax, Qax.
Dəvəçi, Xaçmaz, Quba.
Şeir yazır şıdırğı
Bütün kəndlər, şəhərlər,
Başdan-başa el-oba.

Bir kəlmə söz, müxtəsər,
Can, ay can, bir də ay can!
Şeir yazır sərasər
Bu boyda Azərbaycan!


***
Bu günlərdə adında, soy adında – təxəllüsündə belə fikir, düşüncə, məram və məqsəd aydınlığı, vətənə, millətə, insana, insanlığa sevgi, dürüstlük, halallıq, şeiriyyətə sadiqlik, dosta sədaqət, vəfalılıq, doğruluq, düzgünlük idealları daşıyan bir ünlü şairin – mərhum Fikrət Sadığın anım günü tədbirinə yığışmışdıq. Ortam elə də böyük deyildi. “Book Zone” adlı bu kitab məbədi şairə isti qucağını elə geniş, elə məhrəm açmışdı ki, şeir-sənət, Fikrət Sadıq sevdalıları həmin gün, həmin işıqlı xatirələr, nurlu misralar sərgisinin təəssüratlarını uzun müddət yaddaşlardan-yaddaşlara daşıyacaqlar yəqin ki. Biz Fikrət müəllimin o ləngərli səsini yenidən eşitdik, hikmətli kəlamlar kimi könülləri fəth edən nəsihətamiz misraları ilə yenidən duyğulandıq, təkrar-təkrar kövrəldik, ovunduq, iç dünyamız işıqlandı...

Şairin ciyərparası, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, yazıçı, tədqiqatçı, şair Aysel Fikrətin atası haqqındakı səmimi çıxışı ilə başlayan görüşdə ən gözəl, ən ilginc xatirələr dilə gəldi. Tanınmış şair-tərcüməçi Giya Paçxataşvilinin tərcüməsində yenicə işıq üzü görmüş “Çyornıye-belıye stixi” şeirlər kitabı dostumuz Giya müəllimin şairin anım gününə ən gözəl hədiyyəsi oldu. İstedadlı rəssam, şair Sehran Allahverdinin yaratdığı əsər – Fikrət Sadığın portreti də bu məhrəm məclisə xoş ovqat bəxş etdi. Sevilən şair Əlisəmid Kür, f.ü.f.d., şair Qiymət Məhərrəmli, Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmi metodik nəşri olan “Məktəbəqədər və ibtidai təhsil” jurnalının baş redaktori Böyükağa Mikayıllı, Fikrət Sadığın tədqiqatçısı, f.ü.f.d. Yeganə Xanlarova, Sumqayıt Dövlət Universitetinin müəllimi, yazıçı-şərqşünas Əli Rzazadə, AzərTAC-ın müxbiri Sahilə Əliyeva, tarixçi-pedaqoq Elçin Əliyev, şair Elməddin Həbiboğlu, gənc şairlər, tələbələr – fikrətsevərlər öz çıxışlarında Fikrət Sadıqla bağlı xatirələrini dilə gətirdilər. Şairin yaradıcılığından nümunələr səsləndirildi, yaradıcılıq yoluna işıq salındı. Qeyd olundu ki,
İndi kitab oxumamaq
Olub təzə xəstəlik.
Kitabı ver oxuyana,
Birini də üstəlik.

deyən, hər zaman müqəddəs sözün, söz yaradıcılığının keşiyində duran, bir-birindən hikmətli, nəsihətamiz, lakonik, oxunaqlı tərzdə yazılmış gözəl əsərləri ilə daim yaddaşlarda yaşayacaq Fikrət Sadıq. Həm böyüklər, həm də çox sevdiyi uşaqlar, körpələr üçün sevgi ilə qələmə aldığı şeirlər onun – “Mən ot basmış bir cığıram” deyən şairin poeziyamızdakı yolunu ot basmağa qoymayacaq. Çünki Fikrət Sadıq adlı bənzərsiz şairin, işıqlı şəxsiyyətin ömür və yaradıcılıq yolunu Orxan Fikrətoğlu və Aysel Fikrət kimi ləyaqətli, vicdanlı, istedadlı övladlar öz varlıqları və mükəmməl yaradıcılıqları ilə davam etdirməkdədirlər.

Qiymət MƏHƏRRƏMLİ,
AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru, şair-publisist.
3-06-2022, 06:26
Ömür bitdi, amma, həsrət bitmədi

Ömür bitdi, amma, həsrət bitmədi

Əziz dostlar, bu gün haqqında qısa da olsa, söhbət açacağım şəxs elimizin ən gözəl ziyalılarından olan Davud Hüseynovdur. Davud müəllim, bu yaxın vaxtlarda Haqqın rəhmətinə qovuşdu. Əgər yaşasaydı 70 yaşı olacaqdı.
Davud müəllim, Vətənimizin dilbər guşələrindən olan Zəngəzur mahalının Qafan rayonunun Pürülü kəndində dünyaya göz açmışdı. Zəngəzurun füsünkar təbiətinə qəlbən bağlı olan Davud müəllim, daim o, yerlərin həsrətiylə yaşayırdı.
İlahi rəhmətdən Davud müəllimin qismətinə iki gözəl pay düşmüşdü. Bunlardan biri gözəl səs, ikincisi isə gözəl şeyriyyat idi.
Bunların vasitəsi ilə Davud müəllim, Zəngəzurun bənzərsiz gözəlliyini çox gözəl tərənnüm edirdi. Gözəl şeirləri ilə sanki, o, yerlərin bir təsvirini çəkirdi. Öz ata- baba yurduna ürəkdən bağlı olan Davud müəllim, ömrünün sonuna qədər o, yerlərə qayıtmaq arzusu ilə yaşadı. Davud müəllim, gözəl pedaqoq və gözəl şair idi. O, elin xeyir- şərində, toy- düyünündə həmişə fəal iştirak edən bir ziyalı idi.
Xüsusilə, toylarda gözəl səsi, şirin avazı ilə iştirakçıların zövqünü oxşayırdı. Onun haqqında xatirələr bitməz- tükənməzdir. Lakin, bununla kifayətlənməyi məsləhət bildik.
Davud müəllimin xatirəsinə həsr etdiyim bir şeiri sizinlə paylaşmaq istədim:

Davud müəllimin əziz xatirəsinə


Ömür bitdi, amma, həsrət bitmədi
O, yerlərə sevgi səndə nə qədər,
Çox üzürdü səni həsrət, qəm-kədər.
Doğma yurddan düşdük qaçqın, dərbədər,

Ömür bitdi, amma, həsrət bitmədi.
Hanı Xustub, hanı Ərməz, Qazangöl,
Görmədim mən elə dağlar, elə çöl,
O, yerlərdə açan çiçək, nə də gül,

Ömür bitdi, amma, həsrət bitmədi.
O, dağlara vardı sonsuz həvəsin,
Yayılardı şirin səsin, nəfəsin.
Qəlbindəsən cəmi dostun, hər kəsin,
Ömür bitdi, amma həsrət bitmədi.

Səndən sonra qalıb sözün-söhbətin,
Unudulmaz həm də doğru ülfətin.
Yaşayırıq biz də Vətən həsrətin,
Ömür bitdi, amma həsrət bitmədi.

Nələr görüb üzü, sanma yenidi,
Sədad, dünya sonu puçdu, fanidi.
Gələn əcəl həm də tezdi, anidi,
Ömür bitdi, amma, həsrət bitmədi.


Sədayət Sədad



3-06-2022, 06:16
Leyla YAŞAR yazır: Tale yükünü daşıyan qadın

Leyla YAŞAR yazır: Tale yükünü daşıyan qadın

Ah qadın, qadın...
Qadın anadı, qadın bacıdı, qadın həyat yoldaşıdı, bibidi, xaladı, nənədi...Saymaqla bitməyən vəzifə daşıyan qadın. Bax, o tində dilənən qadın, yaxşı–yaxşı bax zibil yığan qadın, əri tərəfindən döyülən qadın, övladı tərəfindən atılan qadın, söyülən qadın, pis yola düşən qadın…
Ah qadın, qadın…
Mental dəyərlər zəncirində boğulan qadın. Ər evindən kəfənlə çıxacaqsan deyə valideyinləri tərəfəfindən təhdid ediən qadın, ölsən də bu evə qayıtma, camaat nə deyər deyə sinəsindən geri itələnən qadın, sahib çıxılmayan qadın, namusumuzu kirlətdin deyib qardaşı tərəfindən öldürülən qadın …
Hələ gəl bir az da yaxından bax dostum, o qadın gecəsini gündüzünə qatıb çalışır. Bilirsənmi niyə? Uşaqların saxlamaq üçün. Soruşacaqsan ki, əri yoxdu? Var niyə yoxdu ki? Fərsizin biridi, bu zülm çəkir, o kef çəkir. Hələ o birinə bax əllərinin, ayaqlarının ağrısından, zənbilini yerə qoyub oturub dincəlir ki, yenidən yoluna davam etsin. O, ayrılıb yoldaşından, aliment ala bilmir. Əri deyir ki, mənim pulum yoxdur, canın cıxardı boşanmazdın. Ta demir ki, mən səni bezdirdim, xəstə saldım, “öldürdüm”. Deməz axı…
Qoy hamı günahı bu biçarədə görsün. Hələ o xısın–xısın danışan qara donlu arvadlara bax. Əziliblər, döyülüblər, sevgidən uzaq “yaşayıblar”. İndi ağıl verirlər ki, sən də bizim kimi döz. Biz dözdük arvad olduq. Elə bilirsən bizim atamıza, anamıza, söyməyiblər, elə bilirsən yağ içində böyrək kimi yaşamışıq? Qocaldıqca düzələcəlkər. Hamı da elə olur. Dözmək lazımdı bala. Elə bilirsən tək uşaq saxlamaq asandı? Adını qoruya biləcəksən? Ağılını başına yığ qayıt evinə, başını sal aşagı bir tikə çörəyini ye.
Niyə, nə üçün? Ölmək üçünmü doğuldumu bu qadın?
Bax o qoca qadını çölə atıblar. 4 oglu var. Zülümlə, əlinin qabarıyla, danlaq götürə-götürə böyüdüb onları. Bu gün atıblar çölə. O biri tərəfdə narkotik çəkən qadına bax, onun yanındakı siqaret tüstülədənə bax, o tində adını pis yola yazdıran o gözəl qadına bax…O tərəfdə 3 körpə uşaqla, uşaqların sayıdan çox zənbillə gələn o çəlimsiz qadına bax! Sevgisiz yaşayan, özünü şən göstərməyə çalışan , deyib–gülən, qəlbi qan ağlayan qadına bax!
Boynunda qadınlıq damğasını asıb, bu adı nə olursa olsun qoruyub, doğrultmağa çalışan o adı saxlamaq üçün yaşamağa məhkum olan qadın. Bəxtsiz, tale yüklü qadın…
Aglayıb göz yaşında bogulan qadın...
Qonşuda yenə aləm dəyib bir–birinə. Niyə? Heç ər arvad arasında olan şeydi. Ərinin ixtiyarı var. Arvadı bu gün dırnağına lak çəkib, bunu da qaynana görüb oğluna xəbər verib ki, bunun ipini yığ. Bu gün lak çəkəcək, sabah saçın rənglədəcək, o biri gün pis yola düşəcək. Belələrini biz çox görmüşük bala. Görə–görə gəlirik. Bizim ixtiyarımız nə idi qapıdan başımızı çıxardaq. Nolub bəyəm, pis arvad olmuşuq? Ər də arvadını “başa salır”.
Bax, o biri evdə qız təhsil almaq istəyir. Hər gün içib gələn atasının qeyrət damarı tutub: “Qız uşağı nədi, oxumaq nədi?” Bax o birisində qızın sevdiyi oğlan var. Qardaşı bilib, gedib oglanın payını verib, gəlib bacısını “başa salır”.
Gecə saat 2-də ipə paltar sərən qadındı? Bax o gördüyün, uşaqlar indi yatıb, o da durub işini görür, saat 6- da ərini yola salmalıdı. Bax gecə–gündüz o evdən ağlaşma səsi gəlir. Ana oglunu şəhid verib.
Ah qadın, qadın… Gecələri ağlayan, gündüzləri gülən qadın. Amansız qismətinin üzünə gülən qadın…Zərif ad altında yaşayan qadın…Adı qadın, əslində sonuncda arvad olan qadın… Əli qabarlı, üstü unlu, gözü yaşlı qadın… Xoşbəxtlik axtarışında olan qadın, səliqəli görsənməyə çalışan qadın, bütün günü istər evdə, istər işdə çalışan qiymətləndirilməyən qadın. Gecələri yatmayıb təkbaşına uşaq saxlayan qadın, tərbiyə edən qadın, Zülümlə yaşayan amma yaşadan qadın, ev quran qadın… Saymaqla bitməyən, dəyərləndirilməyən, yazılmamış vəzifələr…
Sevildiyini düşünüb xəyanət görüb ayrıla bilməyən qadın. Ayrılmağa gücü çatmayan, itirməyə qorxan, yaxınlarının yaxın durmadığı, kişiyə olar deyə cəmiyyətin qınadığı qadın… Bəxtsiz qadın…
Bax indi bildinmi qadın öz tale yükünü öz zərif, zəif çiyinlərində necə əzmlə, şərəflə daşıyır? Əzilərək, döyülərək, söyülərək, alçaldırılaraq “yaşayır”.
Qadınlarımızın qədrini bilək, onlarsız bu həyat heç nədir.



����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!