Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
17-06-2022, 09:26
Peşə Təhsil Mərkəzində "Açıq qapı"

Peşə Təhsil Mərkəzində "Açıq qapı"

10 iyun 2022-ci il tarixində Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində "Açıq qapı" günü keçirildi.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri- Əli Axundov və həmin şöbənin müdir müavini Bəhmən Hüseynov, YAP Nizami rayon təşkilatının sədri- Ramil Vəlibəyov, Nizami Gənclər və idman idarəsinin rəis vəzifəsini icra edən – Vasif İsayev, Azərbaycanın şöhrət ordenli kulinarı- Tahir Əmiraslanov, “Tənhalara Dayaq" İctimai Birliyinin sədri- Xoşbəxt Seyidova və digər qeyri hökümət təşkilatlarının nümayəndələri, Şəhid məzunlarımızın valideynləri, İqtisad universiteti bölmə rəhbəri- dosent Mehriban Məhərrəmova və müəllimləri, işəgötürən təşkilatların nümayəndələri, Nizami rayonunda yerləşən bütün orta ümumtəhsil məktəblərinin müəllim və şagird heyəti və eyni zamanda Bakı şəhərinin digər rayonlarında yerləşən orta ümumtəhsil məktəbinin müəllim və şagird heyəti, uğurlu məzunlarımız, qazi məzunlarımız və valideynlər iştirak etdilər.

Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Mahir Namazov açdı. Sonra isə qonaqların çıxışları dinlənildi. Tədbirdə iştirak edən şəhid məzunlarımızın valideynlərinə söz verildi və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
"Açıq qapı" gününün keçirilməsində əsas məqsəd tədbirdə iştirak edən səlahiyyətli rəsmi qonaqların mərkəzin rəhbərliyinin, mühəndis - pedaqoji heyətinin və tələbələrin fəaliyyəti ilə tanışlığına şərait yaratmaq və eləcə də orta ümumtəhsil məktəb şagirdlərinin və gənclərimizin peşə seçimində düzgün qərar verməsinə dəstək olmaqdır. "Açıq qapı" günündə mərkəzdə tədris olunan peşələr üzrə tələbələrin əl işləri sərgiləndi.
“Knauf” şirkətinin təyinatı ilə mərkəzdə tədris olunan "Quru inşaat ustası" ixtisası üzrə təhsil alan tələbələr quru inşaat materiallarından istifadə edərək inşa etdikləri "Ev modeli" ni sərgilədilər. "Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik mantyoru" və "Elektrik xətt quraşdırıcısı üzrə mütəxəssis" ixtisasında təhsil alan tələbələr qurulmuş "Ev modeli" nin elektrik xətlərinin çəkilməsini təmin etmiş və eyni zamanda yüksək professionallıqla yığdıqları müxtəlif elektrik sistemlərini nümayiş etdirdilər.

"Kompüter ustası" ixtisaslı tələbələr kompüterin işləmə sxemini real detallarla stend üzərində yığmış və "Qrafik dizayner" ixtisası üzrə təhsil alan tələbələr stend üzərində işləyən bu kompüterdə qrafik fayllarını nümayiş etdirmişlər.
Həmişə aktual olan "Aşpaz" ixtisası bu gün də öz reytinqini qoruyub saxladı. Tələbələrin yüksək peşəkarlıqla təqdim etdiyi ləziz təamlar tədbirin peşəkar qonaqları tərəfindən yüksək qiymətləndirildi. "Dərzi" və "Geyim üzrə dizayner" ixtisası üzrə təhsil alan tələbələr hazır əl işlərini nümayiş etdirdilər. Eko çantaların tikilməsi və geyimlərin konstruksiyasının çəkilməsi üzrə master klas təqdim etdilər. "Bərbər, vizajist və manükürçü" ixtisaslı tələbələr saçların kəsilməsi, saç düzümləri, manükür və tatuların çəkilməsi üzrə master klas göstərdilər.


Tədbirdə iştirak edən şagirdlərə və valideynlərə növbəti tədris ili üçün hazırlanmış bukletlərlər paylandı. Daha sonra isə "Anket sorğusu" blankı dolduruldu. Tədbirin səviyyəsi və əhəmiyyəti doldurulmuş blanklarda yüksək qiymətləndirilmişdir.
Sonda qeyd edək ki, Peşə Təhsil Mərkəzi olaraq ən ümdə məqsədimiz gələcək nəslin ilk növbədə vətənpərvər olması və düzgün peşə seçimidir.

17-06-2022, 08:53
Azərbaycan kinosunun bu günü


Azərbaycan kinosunun bu günü

Məqaləyə aktrisa Ləman Məlihdən gətirəcəyim sitatla başlamaq istərdim. “Ölkədə kino-serial sektorundaki çatışmazlığı hamımız bilirik, görürük. Bu sahənin inkişafı üçün tənqid çox önəmlidi, bir daha təkrar edirəm tənqid, təhqir yox! Hə, bir də maliyyə. Siz bizim hansı şəraitdə serialı çəkdiyimizi, hansı çətinliklərlə üzləşdiyimizi bilsəniz bizə çoxdan medal verərdiniz. Deyəcəksiniz ki, nə məcburdu ki, çəkməyin, amma biz çəkməsək, hamı geri addım atsa, hamı çətinliyi görüb dabanına tüpürüb qaçsa necə inkişaf edəcəyik?”
İndi isə məsələyə öz baxış prizmamdan yanaşmaq istərdim. Göz önündə olan bir şeyi açıq danışaq. Hamı bilir ki yaxın keçmişə getsək, elə çox da uzaqlaşmadan XX əsrə nəzər salsaq, Azərbaycanda çəkilən filmlər, kinolar hələ də sevilərək izlənir.
Bəli, o filmlər səviyəli, maraqlı idi. Həm aktiyor oyunu baxımdan, həm dı kino çəkən yaradıcı heyətin mötəbərliyi baxımından. Ona görə də bu cür səviyyəli filmlər ərsəyə gəlirdi. Həmin filmlərə indi də maraqla və böyük həvəslə baxır, gələcək nəsillərə ötürməyə çalışırıq. Ancaq təəssüflər olsun ki, bu sözü XXI əsr kino sahəsi üçün deyə bilmirik. Çünki bu gün çəkilən filmlər ya bizim mentalitetə düz gəlmir, yəni Avropasayağı çəkmək istərkən Azərbaycan gəncinin, ailəsinin yaşayış və həyat tərzindən uzaqlaşılır, ya da filmlər, seriallar süni çəkilir, aktyorlar da süni şəkildə rolların oynayırlar. Düzdür, tamamilə Azərbaycan televiziyaları baxılası deyil deyə bilmərik, amma bundan daha yaxşısını xalqımızın təşkil etməyə hər cür potensialı var.
Belə deyim ki, ailə-məişət mövzusunda “Ata ocağı” , “Bir qadın” , “Yuxu kimi” , “Uçurum” və s. seriallar çəkilir. Onlardan hərəsində nədən bəhs eləyir qısaca nəzər salaq:
“Bir qadın” serialının quruluşçu-rejissoru Şahin Qəhramandır. Serialda əsasən qadınların gücündən, onların nələrə qadir ola biləcəklərindən söhbət gedir. Eyni zamanda serialda daha çox qadın hüquqlarının müdafiəsi və qadının nə qədər güclü təsir qüvvəsinə malik olması əks olunur.
“Yuxu kimi” serialının quruluşçu rejissoru və yaradıcısı isə Rövşən İsaxdır. Serialda hadisələr bir Azərbaycan ailəsində formalaşan tərbiyəvi mühitdə cərayan edir. Mövzusu isə ailə dəyərləri və buna müxtəlif prizmadan olan yanaşmalar, eyni zamanda əxlaqi dəyərlərdir.
“Ata ocağı” serialının quruluşcu rejissor Rüfət Şahbazovdur. Serialda 3 ailə tipindən bəhs olunur. Ailənin təməlində ata dayanır. Serialda söhbət adət-ənənədən müasir dövrdə aktual olan valideyn-övlad münasibətləri, insanların yalan danışması və cəmiyyətin buna yanaşması
“Uçurum”Serialın quruluşcu-rejissoru Vüsalə Tağıdır.Ailə məişət mövzusunda olan serialda günümüzün reallığı ilə səsləşən hadisələr öz əksini tapır. Burada insani münasibətlər,eyni zamanda cəmiyyətdə baş verən geniş yayılmış problemlərdən söz açılır.

Sadəcə indi geniş yayılmış filmlər var ki, daha çox yumor hissi yaratmaq məqsədli çəkilib onlar bir xəyal məhsuludur və yalnız insanları güldürmək, əyləndirmək məqsədi daşıyır. Amma bizə lazım olan yumoristik gülüşlə yanaşı sarkazmdır, hansı ki o gülüş bizə hər şeyi daha aydın qavramağa imkan verir.
Eyni zamanda müasir dövrdə yumoristik xarakter daşımaqla yanaşı, tam bir ssenari üzərində qurulmayan filmlər də var ki, onlarin məqsədi də sadəcə vaxtımızı keçirməyə kömək etməkdir.
Belə yaxşı olardı ki, daha çox vətənpərvər kinolara yer verilsin. Hansı ki,onlara olan sosial tələbat və maraq daha çoxdur. I Qarabağ müharibəsinə həsr olunmuş kinoları unutmamışam. Elə dövlət büdcəsindən ayrılan vəsait əsasında da daha çox vətənpərvərlikdən bəhs edən Qarabağ müharibəsindən danışılan filmlər çəkilir.
Düzdür, ermənilərin torpaqlarımızda törətdikləri vəhşilikləri əks etdirən filmlər də çəkilmişdir. Bunlara misal olaraq “Fəryad”, “Haray”, “Biz qayıdacağıq”, “Dolu”, “Arxada qalmış gələcək” , “Girov”, “Qu rəqsi” və s. filmləri deyə bilərəm.
“Fəryad” filmi I Qarabağ müharibəsinə həsr olunmuşdur. Baş qəhrəmanın həyatda prototipi də vardı və burada təsvir olunan hadisələr də real faktlara əsaslanırdı. Ekran əsəri Qarabağ müharibəsində döyüşən əsgərlərdən birinin başına gətirilən əhvalatdan bəhs edir. Film rejissor və aktyor Ceyhun Mirzəyevin kinoda son işi oldu. Baş rolun da ifaçısı Ceyhun Mirzəyevə öz çəkdiyi filmi izləmək də qismət olmadı.
Filmdə güllələnmiş, soyuqdan donmuş xocalılar elə əslində Xocalı sakinləridir. Onlar həmin vaxt Xocalıdan Goranboya gələnlərdir. Elə bu nüansı diqqətinizə çatdırmaq istəyirəm ki, filmi maraqlı və eyni zamanda təsirli edən əsas məqam bundan ibarətdir ki, filmdə rol alanlar əslində o acı həqiqətlərin şahidi olmuş xalqımızdır. Filmdə "Ögey ana" filminin kadrlarından istifadə olunmuşdur.
“Biz qayıdacağıq” rejissor Elxan Qasımov tərəfindən 2007-ci ildə ekranlaşdırılmış tammetrajlı bədii filmdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filimdə Qarabağ müharibəsi bir uşağın dili ilə canlandırılır. Müharibənin bütün dəhşətləri bu balaca oğlanın gözü qarşısında baş verib. Onu öz torpağına qayıtmaq arzusundan heç bir güc döndərə bilməz.
Zənnimcə burada əsas sarsıdıcı nüans isə müharibə dəhşətlərini uşaqlığını yaşaya bilməmiş uşağın dilindən dinləmək idi. Bu vəziyyət nə qədər acınacaqlı olsa da bu qan yaddaşımızı tamaşaçıya çatdırmaq üçün təqdirəlayiq üsullardan biridir.
Azərbaycan torpaqlarının işğalı, Xocalı faciəsi, ermənilərin törətdiyi qətliamlar, Qarabağ müharibəsinin faciəvi nəticələri, qaçqın-köçkün taleyinin çətin məqamları filmin süjet xəttinin əsasını təşkil edir.
“Dolu” filmi Azərbaycan əsgərinin döyüş yolu və Ermənistan-Azərbaycan müharibəsi zamanı baş vermiş gerçək hadisələrdən bəhs edir. Film Qarabağ müharibəsi mövzusunda Aqil Abbasın eyniadlı romanı əsasında “Azərbaycanfilm” kinostudiyasında çəkilmişdir. Film Qarabağ müharibəsində heç nəyə baxmayaraq Vətən uğrunda son damla qanına qədər döyüşən Azərbaycan oğullarının qəhrəmanlıqlarından bəhs edir. Ancaq bunlara baxmayaraq yeni nəslin gözləri önündə baş vermiş tariximizi də unuda bilmərik. Çünki 44 günlük şanlı müharibənin şahidi olduq. 2020-ci ildə əsgər, zabit və genarallarımızın qanları bahasına əsarətdə olan torpaqlarımız geri qaytarıldı. Azərbaycan xalqı bu müharibədə də minlərlə şəhid verdi. Lakin qalib tərəf olmağımıza baxmayaraq hələ də zəfərimizlə bağlı ciddi, tammetrajlı ekran işi ortaya qoya bilməmişik. Təbii ki, çəkilən sənədli filmlərdən, qısa filmlərdən xəbərdaram. Ancaq bütün bunların yetmədiyini, görülən işlərin qənaətbəxş olmadığını düşünürəm.
Heyifsləndiyin başqa bir məqamdan danışmaq istərdim. Ötən aylarda yəqinki çoxlarımızın sosial şəbəkələrdə rast gəldiyimiz erməni rejissor Roman Muşeqyanın çəkdiyi və mart ayında nümayişi nəzərdə tutulan “Bahar” adlı film müzakirə olunurdu. Düşmənlərimizin çəkdikləri bu film sırf ideoloji təbliğat məqsədi ilə çəkilib. Bəli, müharibədə məğlub olan ermənilər yorulmadan xalqımıza qarşı ideoloji savaşı davam etdirirlər. Adamı haqlı olaraq bir sual düşündürür ki, məğlub tərəf dayanmadan film sahəsi ilə bizə qarşı hücum edərkən qalib tərəf olaraq biz niyə onları layiqincə cavablandıra bilmirik? Ümumiyyətlə son vaxtlar dünya kinosunda pandemiya dönəmindəki durğunluqdan sonra canlanma başlayıb. Yeni filmlər çəkilir, festivallar canlanır, pandemiyadan yorğun düşmüş dünya yenidən kinoya qayıdır. Ölkəmizdə də hər şeyin ümidsiz olduğunu deyə bilmərik. Kino sənayesini canlanlandırmaq üçün əziyyət çəkənlərin, gecə-gündüz çalışanların xidmətlərini görməzdən gələ bilmərik. Bu gün dövlət sərmayə ayırmadığı üçün aktyor bacarıqlarını tam əks etdirə bilməyən, ya da tez-tez film çəkə bilməyən istedadlı gənclər və senaristlər az deyil. Məsələn, 2020-ci ildə çəkilmiş, lakin 21 aprel 2021-ci ildə “youtube” platformasında ilk baxış əldə etmiş “Soyuq Günəş” filmi ssenari müəllifi və prodüseri olan Sədaqət Kərimovanın şəxsi vəsaiti hesabına başa gəlmişdir. Layihə ləzgi xalqının ilk tammetrajlı bədii filmi hesab olunur. Filmdə ləzgi xalqının qədim adət-ənənələri və həyat tərzi haqqında maraqlı məlumatlar verilib.
“Biz qroup” un yenə “youtube” platformasında yayımladığı daha 2 film haqqında danışmaq istərdim. Filmlərə baxanlar bilirki bu gün Azərbaycanda həqiqətən film çəkməyi, ssenari yazmağı bacaran insanlar, aktiyor-aktirisalar, rejissorlar yetişir. Hər 2 filmdə dövrümüzün aktual problemləri çox aydın şəkildə əks etdirilib. Azərbaycan gəncinin üzləşdiyi problemlər çox gözəl şəkildə əks etdirilib. Film də elə ilk saniyələrindən izləyiciyə təsir edir.

Digər danışacağım bir film də istedadlı aktiyorumuz Taleh Yüzbəyovun çəkdiyi filmlər haqqında olacaq. Onun filmləri “yotubede” yayımlanır və bu yaxınlarda isə sonuncu ərsəyə gətirdiyi “Zəhər tuluğu 5” filmidir. Film kinoteatrlarda da yayımlandı və digər filmləri kimi bu da maraqla izləndi. İnsanlar kinoteatrlara axın etdi və həmin insanlar içərisində mən də vardım. İzləyicilər arasında olmağım bu yazını qələmə almağımda mənə kömək oldu. Çünki insanların film haqqında hisslərinə, duyğu və düşüncələrinə yaxında şahid oldum.
Film tamaşaçılara gözlədiyimdən də çox təsir etdi. Film heyəti duyğularını ekran qarşısında əyləşən izləyicilərə çox dolğun və təbii şəkildə ötürə bildilər.
Digər danışdığım filmlər kimi bu film də bu sahəyə məsul insanlar tərəfindən lazımı qayğı və dəstəyi görmədiyinə görə televiziya kanallarında yayımlanmadı.
Problemin kökündə o dayanır ki, bu tipli filmlərə və ərsəyə gətirməyə çalışan ssenarist və aktyorlara sərmayə ayrılmır. Onlar öz vəsaitləri hesabına filmlərin çəkirlər və maddi çətinlik səbəbdən filmlər çox gec ərsəyə gəlir və televiziyaya verilmir. Ancaq bu vətənpərvər insanlarımız Azərbaycan kinosunu dünyaya tanıtmaq üçün öz güclərini əsirgəmirlər.
Ümumiyyətlə bir məsələyə aydınlıq gətirmək istərdim ki, Azərbaycanda mədəniyyət və kino sahəsində ciddi islahatlara ehtiyac duyulduğu barədə dəfələrlə deyilib, yazılıb və ən əsası narazılıqlar bildirilib. Lakin bu sahəyə məsul olan şəxslər kifayət qədər laqeyd olduqları üçün yazılanlara və deyilənlərə diqqət edilmir, haqlı iradlar nəzərə alınmır, problemlərin üstü isə qəti şəkildə qapadılır.
Mədəniyyət Nazirliyində kadr və struktur islahatları aparıldıqdan sonra müəyyən müsbət addımlar atıldı, ancaq əsas problemlər həll edilməmiş qaldı. Böyük təəssüf hissi ilə deyə bilərik ki, dövlət büdcəsindən maliyyələşən, hazırlıq mərhələsində çox böyük pullar xərclənən bir çox filmlər elə hazırlıq mərhələsində də qalıb. Rejissorlar bununla bağlı xeyli müddətdir narazılıq etsələr də, problem hələ ki, həllini tapmır. Hamımız başa düşürük ki, pandemiya kino sənayesinə və kinoteatrlar şəbəkəsinə ciddi ziyan vurub. Kinoteatrların uzun müddət bağlı qalması, ölkədə yeni filmlərin istehsalının ləngiməsi anlaşılandır. Ancaq pandemiya və müharibəni bəhanə edib, bu bəhanələrin arxasında gizlənmək cəhdləri anlaşılan deyil. Unutmamaq lazımdır ki, gənclərimiz gələcəyimizdir. İstedadlı və bacarıqlı gənclərə meydan verib onların qabağa getmələrinə təkan vermək həm də özümüzü sığortalmaqdır. Bu gün bu işi bacaran gənclərimizə dövlət tərəfindən lazımı dəstək hava və si kimi lazımdır. Çünki bu zaman kino sahəsində böyük uğurlar əldə edə bilərik.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilmiş heç bir ciddi ekran əsəri yoxdur, planlaşdırılan işlər barədə də ətraflı məlumat verilmir. Maraqlıdır, kinomuza ayrılan pullar hara gedir?
Bu gün film çəkilişinə, film sənayesinin inkişafına ayrilan məbləğə Mədəniyyət və Turizim Nazirliyinin məmurları nəzarət edir. Ümumiyyətlə, dünyada dövlət büdcəsində kinoya ayrılan pullar fondlara, film mərkəzlərinə, xüsusi filmlə maşğul olan QHT-lərə verilir. Nazirliyin daha əhəmiyyətli işləri olmalıdır. Onlar madəni tədbirlərə dəstək olmalıdır, vassalam. Kino siyasət deyil, sənətdir. Onlar kinonu nəzarətdə saxladıqca, dünyada çox pis imic yaradırıq. Heç bir xarici prodüsser bu cür ölkə ilə ortaq, ciddi film istehsal etmək istəməz. Bu gedişlə də biz heç vaxt dünya səviyyəli festivallarda iştirak edə bilmərik.
Yekun olaraq bunu qeyd etmək istərdim ki, kino sənəti bizim mədəni irsimizdir. Tariximiz, bu günümüz və gələcəyimiz kinolarımızda əks olunub və oluncaq ki, bu da gələcək nəsillər üçün qorumalı olduqları vətəni onlara tanıdan üsullardan biridir. Gələcəyimiz ulu babalarımızın bizə əmənət etdiyi və bu gün bizim də layiqincə qorumalı olduğumuz mədəniyyətimizdən asılıdır.
Sonda böyük filosof-şair Hüseyn Cavidə istinad etmək yerin düşər:
Turana qılıncdan daha kəskin, ulu qüvvət
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!


Almaz Abdullayeva
Bakı Qızlar Universitetinin tələbəsi

















17-06-2022, 08:25


Vətənpərvərliyinin gücündən yaşanan ləyaqət
Əli İbrahimov,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutu “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi” şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

Vətənpərvərliyinin gücündən yaşanan ləyaqət
Ölümün qolları güclü olsa da,
Vətən məhəbbəti güclüdür ondan!
Bax, bu məhəbbətdir, aparan bizi,
Ağır döyüşlərə hər vaxt, hər zaman.


Tatar şairi Musa Cəlilin (1906-1944) bir bənddən ibarət aforizm motivli şeirini məqalə üçün epiqraf götürməkdən məqsədim budur ki, bir zaman hələ 1995-96-cı illərdə Astaranın doğulduğum Artupa kənd tam orta məktəbində ədəbiyyatdan keçdiyim dərslərin tədrisində üstünlük verdiyim inşa yazılarının hansı istiqamətdə aparılmasının metodikasını yada salmaq, “Vətən qarşısında öz borcumu nədə görürəm” sualı ətrafında gedən düşüncələrdən məktəblilərin çıxardığı nəticələri bilmək, onların vətənpərvərlik, qəhrəmanlıqla bağlı təəssüratlarının rəngarəngliyi ilə maraqlanmaq, nəhayət hər birinin vətənə fərqli sevgi münasibətləri barədə xatirələrini yazıya köçürməkdən ibarətdir. İnşa yazılardan yadıma düşən tezisləri sadaladıqca belə düşünürəm ki, 1995-96-97-ci illərdə “Talış Qartalı” ləqəbli tank komandiri kimi tarix yazan və şəhidlər zirvəsinə ucalan Nadir Ağadadaş oğlu Xəlilov da digər sinif yoldaşları kimi o dövrün inşa mövularına etinasız deyildi. Tezislər kimi sadalanan həmin mövzular təxminən belədir: “Mən öz vətənimi – doğma Azərbaycanımı, onun Talış bölgəsini, zümrüd meşələrini, Şindan zirvəsini hədsiz bir məhəbbətlə sevirəm. Mənim müqəddəs borcum Vətənə, onun çiçəklənməsinə xidmət etmək, Vətənin hər qarış torpağına sinəmi sipər edib onu qorumaqdır. Xüsusən, indiki vaxtda, vətən ərazisinin beşdən bir hissəsinin yağı düşmən tapdağı altında olduğu bir zamanda Vətən bizdən daha böyük hünərlər gözləyir və mən bütün qanımla, bütün canımla onu qorumağa hazıram. Mən bu gün oxumaqla, sabah isə müstəqil Azərbaycan ordusunda vuruşmaqla, iqtisadiyyatın və mədəni siyasi həyatın müxtəlif sahələrində çalışmaqla vətənə olan borcumu verəcəyəm. Vətəni qorumaq, onu inkişaf etdirmək və çiçəkləndirmək bizim hamımızın şərəf işi, vətəndaşlıq borcudur.” Minlərlə Nadir Xəlilov kimi azərbaycanlının həyat devizinə çevrilən bu arzu, bu niyyətlər milyonların asudə, sakit yaşayışına təminat verdi, xalq belə şəhidlərə elegiyalar yazmaq, məzarlarını ziyarət etməklə təskinlik tapır.
Deməli, biz yanılmamışıq, vətənpərvərliyin əxlaqi və siyasi prinsip, sosial hiss olduğunu izah edərkən davamını “Vətənə məhəbbət, ona sadiqlik, onun keçmişi, indisi və gələcəyi üçün iftixar, onun mənafeyini müdafiə etmək səyinin bu hissin məzmununu təşkil etməsi kimi dəyərləndirməyə çalışmışıq.
Doğma torpağa, dilə, ənənələrə, milli-mənəvi dəyərlərə bağlılıq şəklində hələ qədimlərdə formalaşdığını yada saldıqca düşünürəm ki, mənim vətənpərvərlik, vətənsevərlik, ümumiyyətlə azərbaycançılıq ideyası əsasında qurduğum dərslər heç də nəticəsiz qalmamışdır.
Haqqında bəhs etdiyim şəhid Nadir Ağadadaş oğlu Xəlilovun timsalında doğma Artupa kənd orta məktəbinin digər məzunları: Miryaqub Əsgər oğlu Ağayev, İlkin Xanməmməd oğlu Kazımov, Səxavət Qüdrət oğlu Səttarov da nəticəsiz qalmayan həmin dərslərimin şəhidlik mərtəbəsinə yüksələn yadigarlarıdır.
2-ci Qarabağ Vətən müharibəsinə qədər vaxt qazanmağımız, tam orta məktəblərdə, ali və orta təhsil müəssisələrində, orduda, hərbi təhsil verən kolleclərdə düşmənə qarşı açıq və gizli zərbələr endirməyin yolları barədə düşünməyə bizə imkan verdi. Ali Baş Komandanın tapşırığı əsasında mükəmməl hazırlıq təlimləri keçmiş ordu gələcəyin strateji planlarını hazırlamağa girişmişdi. Müstəqilliyi yenidən qazanmalı olsaq da hərçənd ki, 1990-cı illərdə 4 il müddətində müqəddəs torpaqlarımızı – Qarabağı erməni faşistlərindən və onların havadarlarından qorumaq üçün bir çox şəhidlər verdik, məhrumiyyətlərə qatlaşdıq. 4 ildə itirdiyimiz torpaqlarımızı 44 gündə azad etdik. Amma necə?
Tədqiqatçı-alim, professor İlham Məmmədzadə Prezident İlham Əliyevin dərin məntiqə söykənən fikirlərini, bizim tarixi yaddaşımızı və gələcək hədəflərə nail olmağımız üçün növbəti strateji yol xəritəsinin istiqamətindən doğan düşüncələrini misal çəkir və bu məntiqin mahiyyəti ilə bağlı mətni olduğu kimi verir: “Dünyadakı münaqişələrə əgər nəzər salsaq, onların mənşəyini və indiki vəziyyətini təhlil etsək görərik ki, artıq o ölkələrin vətəndaşları da, beynəlxalq ictimaiyyət də elə bil ki, bu vəziyyətlə müəyyən dərəcədə barışıb, razılaşıb. Yaxud da, bunu alternativsiz bir variant kimi qəbul edir. Müəyyən dərəcədə burada məntiq var. Çünki uzun illər davam edən nə hərb, nə sülh vəziyyəti, dondurulmuş münaqişələr istər-istəməz belə fikirlərin yaranmasına gətirib çıxarır... Birincisi, güclü siyasi iradə olmalıdır: liderlərin güclü siyasi iradəsi və istənilən təzyiqə davam gətirmə qabiliyyəti. Bu, hesab edirəm ki, birinci dərəcəli məsələdir. Çünki öz təcrübəmə istinad etsəm deyərəm ki, 17 il ərzində müxtəlif dövrlərdə mənə təzyiq cəhdləri gah artırdı, gah səngiyirdi...
Bax, mən bu barədə də demişəm. Reallıq var və siz gərək reallıqla barışasınız, indi sizə nə təklif olunur, bununla da kifayətlənin, qalan torpaqlar qalsın, Ermənistan razı deyil, orada referendum keçirilməlidir” [”Azərbaycanın strateji hədəfləri və cənubi Qafqazda yeni reallıqlar” kitabı, Bakı-2021-ci il, səh.15].
Prezidentin mətndəki çıxışının sonuncu cümlələri bütün xalqımıza, ölkə başçımıza, ordumuza əsas verirdi ki, güclü siyasi iradəni işə salmaq, nəhayət azğınlaşmış düşmənin dərsini vermək məqamı yetişmişdir. Yetişmiş məqam nəzərdə tutduğumuz strateji planlarımızın reallaşmasına səbəb oldu. 30 illik səbr, təmkin, dözüm nümayiş etdirməyimizin pozulan harmoniyası 27 sentyabr-10 noyabr 2020-ci ildə apardığımız 44 günlük müharibə ilə bərpa edildi. Qarabağ vətən müharibəsi düşmənin ağır, amansız itkiləri ilə müşaiyyət edilən kapitulyasiyası ilə nəticələndi. Bu müharibənin qələbə ilə nəticələnməsi 3 minə yaxın şəhid verməyimizin, çoxlu sayda yaralı və qazilərimizin sayəsində, onların “güclü siyasi iradə” nümayiş etdirmək çağırışlarına qoşulmaq səyindən mümkün olmuşdur.
Aydındır ki, II Qarabağ vətən müharibəsində 3 minə yaxın verdiyimiz şəhidlərin 41 nəfəri Astara rayonunun payına düşür. Bu bir reallıqdır.

Nadir Ağadadaş oğlu Xəlilovun genində irsi olaraq cəsurluq, igidlik, mətinlik, qorxmazlıq və mərdlik əlamətlərini hələ uşaqlıq, gənclik çağlarından əmiləri: Firudin və Əkrəm Xəlilovlarda müşahidə edib qürur duymuşam. Ukraynanın Donbas bölgəsində polis polkovniki rütbəsinə qədər yüksələn əmisi Firudinin şərəfli həyat yolunun yolçusu olmaq arzusunun fövqündə yaşadıqca Nadir həyatda, orduya, müharibəyə səfərbər olunduğu çağlarda nadirliyini, döyüşdəki unikallığını nümayiş etdirdi. 2002-ci ildə həqiqi hərbi xidmətə çağırılan Nadir xidməti borcunu layiqincə yerinə yetirdikdən sonra vaxtilə məktəbdə ölməz qəhrəmanlar haqqında keçirilən inşa yazılarında fəallıq göstərməyini həyatda nümayiş etdirmək istəyib. Özünü layiqli bir tankçı kimi görmək arzusu ilə 2005-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təlim və tədris mərkəzində “Tank qoşunları üzrə gizirlərin 6 aylıq hazırlıq kursu”nda oxuyaraq buranı uğurla başa vurmuş, “N” saylı tankçılıq üzrə hərbi hissədə xidmətə başlamışdır. İki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş həmyerlimiz Həzi Aslanovun özü və tankçıları haqqında oxuduğu kitablardan və qəhrəmanın döyüş yoluna həsr olunmuş bədii kino-filmlərindən öyrəndiyi cəsarətlilik, təşkilatçılıq, dəqiqlik, texnikanın sirrlərinə bələd olmaq, mətanətlilik, təmkinlilik, əsgərləri qələbəyə ruhlandırmaq qabiliyyəti bir an olsun belə onun nəzərindən yayınmamışdı. Özünü nümunəvi tankçı kimi tanıtdığı üçün Nadir Xəlilova tank komandiri kimi məsuliyyətli vəzifə etibar edilir və düşmənlə üzbəüz təmas xəttinə yaxın tank qoşunlarının yerləşdiyi hərbi hissələrin birində ona xidmət etmək vəzifəsi tapşırılır. 2016-cı ilə qədər tank qoşunlarında tank komandiri olaraq xidmət edən gizir Nadir Ağadadaş oğlu 2016-cı ilin aprel döyüşlərində düşmən tərəfi üçün böyük strateji əhəmiyyət kəsb edən Lələtəpənin alınmasında misilsiz şücaət, qoçaqlıq göstərdiyindən ona igidliyə görə baş gizir rütbəsi verilir və o, “Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi medalı” ilə təltif edilir. Baş gizir rütbəli Nadir Xəlilov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edərək erməni vandallarının 6 tankından 4-nün məhv edilməsinə nail olaraq qəhrəmanlıq göstərmiş, sentyabrın 30-da Füzuli döyüşləri zamanı şəhid olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra düşmənin canlı qüvvəsini və atəş nöqtələrini məhv etdiyinə görə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medallarına layiq görülmüşdür. Ömrünün 18 ilini hərbiyə həsr edən tank komandiri, şəhid gizirin Ağadadaş və Nihad adlı iki oğul övladı yadigar qalıb. Anası Pakizə xanımın dediyinə görə Nadir öz sağlığında göz bəbəyi kimi sevdiyi Vətənini – Azərbaycanı, onun dilbər guşələrini Qarabağı, Gəncəni, Bakını, Qazaxı, Şəki-Şirvanı, Bərdəni, Yevlaxı, İsmayıllını, Şamaxını, Quba, Qusar bölgələrini; gözəl Lənkəranı, Astaranı, vətənin dağlarını, çaylarını, göz oxşayan Xəzəri sevməyi, bərəkətli torpağının, daşının qədrini bilməyi övladlarına oxuduğu S.Vurğunun “Azərbaycan”, Abbas Səhhətin “Vətənim” şeirləri vasitəsilə təlqin edirdi. Nadirin atası Ağadadaş, anası Pakizə Xəlilovlar övladlarının itkisindən kədərlənsələr də, Vətənin – Azərbaycanın, qədirbilən azərbaycanlıların yaşaması naminə bu şəhidliyi Allahın qisməti, şərafət hesab edirlər. Xalq şairi Bəxtiyar Vahabzadə Azərbaycanın sabahı – gələcəyi naminə şəhidliyi əbədiləşdirən misralarla vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyənlərin – cəsarətli, ləyaqətli insanların bu uca zirvəyə layiq olduqlarını bəyan edir:
...Qatil gülləsinə qurban gedirkən,
Gözünü sabaha dikdi şəhidlər!
Üç rəngli bayrağı öz qanlarıyla,
Vətən göylərinə çəkdi şəhidlər!

Nadirin qardaşları Sabir və Qədir Xəlilovlar, bacıları Əsmər və Gülnarə də şəhidlik məqamına yüksələn və əbədiləşənlərə daim dua oxuyur, bununla qürur duyurlar. Beləliklə, Azərbaycan üçün önəmli olan Qarabağ münaqişəsi 30 ildən sonra öz həllini tapdı. Qarabağı azadlığa qovuşduran isə müqəddəs şəhidlik məqamına yüksələn neçə-neçə cəsur, mərd qəhrəmanlar oldu. Bu qəhrəmanlardan biri də Nadir Ağadadaş oğlu Xəlilovdur. Onun vətənpərvərliyinin gücündən yaşanan ləyaqət bundan sonra da kim bilir neçə-neçə nəslin qəhrəmanlıq səlnamələrinin ibrət doğuran səhifələri kimi diqqət çəkəcək.

17-06-2022, 08:14
RƏMZİ DÖNMƏZ YENİ KİTABINI TƏQDİM EDİB

RƏMZİ DÖNMƏZ YENİ KİTABINI TƏQDİM EDİB
11 iyun 2022-ci il tarixində Bakı şəhərində, “28 may” metro stansiyası yaxınlığında yerləşən “Kitabevim.az” kitab satışı və təbliği mərkəzi millət, cəmiyyət olaraq inkişafımıza xidmət edən növbəti maraqlı tədbirlərdən birinə ev sahibliyi etdi. Vətən Müharibəsi (II Qarabağ Müharibəsi) Şəhidi Baş-leytenant Hikmət Səfərovun qardaşı tanınmış yazar və pedaqoq Rəmzi Dönməz “Günahın kğlgəsi” adlı yeni kitabı ilə oxucuların görüşünə gəlmişdi. Qazilərimizin, ziyalıların, dəyərli oxucuların, müəllifin öyrəncilərinin və doğmalarının iştirak etdiyi möhtəşəm tədbirə vətənpərvərlik ruhu, yurd həsrəti hopmuş qəribə duyğusal bir ab-hava hakim idi.
QISA ARAYIŞ
Rəmzi Dönməz (Səfərov Rəmzi İldırım oğlu) 5 August 1977 -ci ildə Qarabağın dilbər guşələrindən biri olan Ağdam rayonu, Yusifcanlı kəndində ziyalı ailəsində – uzun illər kəndin məktəbinə rəhbərlik etmiş İldırım müəllimin evində – ziya ocağında dünyaya göz açmışdır. İlk təhsilinə doğma kənd məktəbində başlasa da, digər həmyaşıdları kimi məlum hadisələrlə əlaqədar orada tamamlaya bilmir… Orta təhsilini başa vuran Rəmzi Dönməz dəqiq elmlər üzrə təhsilini bir-neçə ali təhsil müəssisəsində uğurla davam etdirmiş və hal-hazırda pedoqoji fəaliyyətlə məşğuldur. Respublikamızın tanınmış müəllimlərindən biridir. Şeir yazmağın, hekayət nəql etməyin isə bütün bunlara heç bir dəxli yoxdur. Çünki, o bir ehtiyacdır… Rəmzi Dönməz nəzmdə də, nəsr də də eyni dərəcədə uğurlu qələm sahibi hesab oluna bilər.

“Mücrü” nəşriyyatında nəfis şəkildə nəşr olunmuş kitabın naşiri Müşfiq Xan, redaktoru isə İltifat Köçəridir.
Tədbirin gedişində Rəmzi Dönməz “Yazarlar” jurnalı tərəfindən yeni kitabların nəşrinə görə təqdim olunan “Ziyadar” Mükafatı ilə təltif olunub.
Bir daha təbriklər Rəmzi müəllim!!!


Zaur USTAC,
“Yazarlar” jurnalının baş redaktoru,
şair-publisist.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!