Yunanıstan Türkiyə qırıcılarına qarşı S-300-ləri işə saldı
Yunanıstan S-300 hava hücumundan müdafiə sistemlərindən Türkiyə Hərbi Hava Qüvvələri komandanlığının F-16 qırıcılarını Egey və Aralıq dənizlərinin beynəlxalq hava məkanında təqib etmək üçün istifadə edib. Bu barədə "CNN Türk" telekanalı Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb. Zenit-raket sistemləri tərəfindən təqibin necə həyata keçirildiyi açıqlanmır. Telekanal qeyd edir ki, hadisə müttəfiqlik ruhuna uyğun gəlmir. Bu “düşmən hərəkətinə” baxmayaraq, döyüşçülər planlı tapşırıqlarını yerinə yetirib və sağ-salamat öz bazalarına qayıdıblar.
Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində mazutluq sahə və məişət tullantılarının yanması barədə məlumat daxil olub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Son məlumata görə, mazutluq və məişət tullantıları ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Azərbaycan Ordusunun hərbi polis bölmələrinin Laçın şəhəri, Zabux və Sus kəndlərində xidməti fəaliyyəti təşkil edilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, qeyd olunan ərazilərdə hərbi polis tərəfindən təhlükəsizlik fəaliyyətləri həyata keçirilir. Yaşayış məntəqələrində yeni qurulan stasionar və səyyar postlarda sutkalıq xidmət təşkil olunur, buraxılış rejimi, həmçinin xidmət və döyüş növbətçiliyi zamanı hərbi qulluqçular tərəfindən günün nizam qaydalarının yerinə yetirilməsinə nəzarət edilir. Nəzarət-buraxılış məntəqələrində patrul xidməti həyata keçirilir, obyektlər mühafizə olunur, əraziyə daxil olan texnikanın uçotu aparılır, hərbi nəqliyyat vasitələrinin hərəkəti istiqamətləndirilir, həmçinin kolonların təhlükəsizliyi məqsədilə onlar müşayiət edilir. Bundan əlavə hərbi polisin tabeliyində faəliyyət göstərən Kinologiya Mərkəzində xüsusi təlim keçmiş cins itlərinin cəlb edilməsilə ərazidə mina axtarış tədbirləri və qarovul xidmətinin təşkili həyata keçirilir.
Ukraynada həlak olan azərbaycanlının nəşi Bakıya göndərildi
Ukraynada müharibədə həlak olan azərbaycanlı Hüseynov Səid Vasif oğlunun nəşi Azərbaycana göndərilib. Butov.az verdiyi məlumata görə, həmyerlimizin nəşi Kiyevdə morqa gətirilərək, oradan azərbaycanlıların dəstəyi ilə Moldova vasitəsilə ötən gün Bakıya göndərilib. Nəşin yola salınmasında Kiyevdə yaşayan bir qrup həmyerlimiz iştirak edib. Qeyd edək ki, Hüseynov Səid bir neçə gün əvvəl Nikolayev vilayəti istiqamətində gedən döyüşlərdə həlak olub.
“Qarabağ”ın futbolçusu İbrahima Vadji “Sent Etyen” klubu ilə danışıqlar üçün Fransaya yollanıb. Bunu açıqlamasında Ağdam klubunun idman direktoru Əmrah Çəlikəl bildirib. Onun sözlərinə görə, seneqallı forvardın keçidi yaxın günlərdə rəsmiləşəcək: “Son danışıqlar gedir. Vadjinin özünün də istəyi var. Çünki ailəsi Fransada yaşayır. Biz də bunu nəzərə alıb danışıqlar üçün Fransaya yollanmasına icazə verdik. Yəqin ya sabah, ya da növbəti gün transfer rəsmiləşəcək”. Klub rəsmisi futbolçunun transferi ilə bağlı maliyyə şərtlərinə də sabah aydınlıq gələcəyini bildirib. Ə.Çəlikəl açıqlamasında yeni transferlərlə bağlı danışıqlar aparıldığını da qeyd edib. O, “yeni hücumçu alınacaqmı?” sualına belə cavab verib: “Yeni hücumçu ilə bağlı danışıqlar davam edir. Bu məsələdə əsas fikir Qurban Qurbanova məxsusdur".
Qardaşlıq belə olur - Azərbaycan Pakistanı çətin gündə tək qoymadı
Son günlər Pakistanda müşahidə olunan güclü yağışlar böyük faciəyə səbəb olub. Ölkədə daşqınlar nəticəsində 1000-ə yaxın insan həyatını itirib, 1456 nəfər isə yaralanıb. Bundan əlavə, 802 min 582 heyvan tələf olub, 682 min 139 evə ziyan dəyib. Çadır düşərgələrinə sığınanların sayı 498 min 833 nəfərə yüksəlib. Ümumilikdə daşqınlardan zərər çəkənlərin sayı 30 milyona çatıb. Bununla da ölkədə fövqəladə vəziyyət elan edilib. Pakistanın fəlakətlə mübarizə tədbirlərinə Azərbaycan dərhal reaksiya verərək, qardaş ölkəyə yardım əlini uzadıb. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına müvafiq olaraq, Pakistan İslam Respublikasında çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılara səbəb olmuş şiddətli yağışların və daşqınların nəticələrinin aradan qaldırılması məqsədilə Azərbaycan hökuməti tərəfindən bu ölkələyə 2 milyon ABŞ dolları məbləğində yardım göstəriləcək. Dövlət başçısı bununla bir daha nümayiş etdirib ki, qardaş Pakistan tək deyil, Azərbaycan hökuməti və xalqı daim onun yanındadır. Bakının çətin gündə Pakistanın yardımına yetişməsinə İslamabad təşəkkür mesajı ilə cavab verib. Pakistan İslam Respublikasının xarici işlər naziri Bilaval Bhutto-Zərdari yardıma görə Azərbaycana təşəkkürlərini çatdırıb. "Pakistanda daşqından zərər çəkənlərə yardım elan etdiyinə görə Azərbaycana təşəkkür edirik",- nazirin sosial şəbəkə hesabındakı paylaşımda deyilir. Pakistanlı siyasi ekspert, Pakistan, Azərbaycan, Türkiyə gənclər forumunun rəhbəri Musavar Hamid Tanoli açıqlamasında ölkəsinin Azərbaycana minnətdar olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycan Pakistana münasibətdə əsl qardaşlıq nümayiş etdirir. “Qardaş Azərbaycan hökuməti çətin gündə bizi tək qoymadı. Hadisə başlayan vaxtdan Azərbaycan xalqı bizə dəstək göstərir. Biz Azərbaycanın göstərdiyi dəstəyə, qayğıya görə təşəkkür edirik. Həm siyasətdə, həm də dar günlərdə qardaş ölkə olduğumuzu bir daha bütün dünya görür. Zərərçəkmiş şəxslər də göstərilən yardıma görə təşəkkür edirlər. Azərbaycan və Pakistan dost, həm də qardaş ölkədir”, - deyə ekspert vurğulayıb.
Avqustun 28-i və 29-da maqnit qasırğası baş verəcək. Butov.az xəbər verir ki, Yer kürəsini iki günlük maqnit tufanı bürüyəcək. Qasırğa öz gücü baxımından zəif olacaq. Həmçinin, sentyabrın 3-dən 5-dək daha bir maqnit qasırğası gözlənilir. Sentyabrın 6, 7 və 8-də Günəşin aktivliyi adi haldan bir qədər yüksək olacaq. Onu da bildirək ki, maqnit qasırğaları Günəşin səthindəki partlamalar nəticəsində Yerin maqnit sahəsində yaranan pozğunluqlardır.
Bu gecə və səhər saatlarında Rusiya qüvvələrinin Ukraynanın şərqində yerləşən Slavyansk şəhərinə hücumları davam edib. Butov.az xəbər verir ki, Ukraynanın şərqində yerləşən Donetsk Rusiya ilə Ukrayna arasında fevralın 24-də başlayan müharibədə hücumların intensivləşdiyi bölgələrdəndir. Qeyd edәk ki, cəbhə xəttinə yaxın bölgədə yerləşən Slavyansk şəhəri də Rusiya qüvvələrinin hədəf aldığı yerlərlәrdәn biridir. Mәlumata görә, Rusiya qüvvәlәri şәhәrdәki bir evi vә keramika fabrikini vurub. Daha sonra hәmin bölgәlәrdә yanğın baş verib. Hücum zamanı ölәn vә ya yaralanan olmayıb.
Azərbaycanda avqustun 29-na gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-36° isti, Bakıda gecə 21-23° isti, gündüz 34-36° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 30-35 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-22° isti, gündüz 35-39° isti, dağlarda gecə 11-16° isti, gündüz 23-28° isti olacaq.
Ötən gün Şuşada xarici diplomatlar və hərbi atteşelərin iştirakı ilə beynəlxalq konfrans keçirilib. Butov.az-ın xəbərinə görə, konfransa dəvət edilsələr də, ABŞ və Fransa səfirləri Şuşaya getməkdən imtina ediblər. “ABŞ və Fransa səfirlərinin Şuşaya səfərdən imtina etməsi onların şəffaf siyasət yürütmədiyinin bariz nümünəsidir” – bu fikirləri AzTV-nin efirində millət vəkili Cavanşir Feyziyev səsləndirib.