Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, X.Abbasov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış ünvanına cəlb olunub. Butov.az xəbər verir ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının beşmərtəbəli binanın beşinci mərtəbəsində vətəndaş Rüstəmova Xatirə İslam qızına məxsus üçotaqlı mənzilin eyvanında baş verdiyi və hər an mənzilə, eləcə də qonşu mənzillərə keçmə riskinin yüksək olduğu müəyyən edilib. Əməliyyat şəraitinə uyğun olaraq xüsusi təyinatlı texnikanın - avtonərdivanın tətbiqi ilə yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülərək mənzilə keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində mənzilin eyvanının lambirindən ibarət üzlük hissəsi və əşyaları 3kv.m sahədə yanıb, yüksək temperaturdan eyvanın qapısı və eyvanda quraşdırılmış kombi aparatı qismən əriyib. Mənzil yanğından mühafizə edilib.
Paşinyana qarşı yenidən etiraz aksiyaları başlayır
Gələn aydan Ermənistanda müxalifət yenidən hakimiyyətə qarşı aksiyalara başlayacaq. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, aksiyalar Baş nazir Nikol Paşinyanın Qarabağla bağlı fikirlərinə görə keçiriləcək. Məlumata görə, etiraz aksiyaları “Müqavimət” hərəkatının təşkilatçılığı ilə sentyabın 2-də İrəvanın “Fransa” meydanından başlayacaq. Qeyd edək ki, Ermənistanda hakimiyyətə qarşı aksiyalar əvvəlcə aprelin 25-də başlayıb yüzlərlə müxalifətçinin tutulması ilə yekunlaşmışdı.
Türkiyədə 3 yaşlı uşaq atasını öldürüb. Butov.az xəbər verir ki, hadisə Türkiyənin Kayseri vilayətində baş verib. Məlumata görə, 3 yaşlı uşaq tapança ilə oynayarkən qəfil açılan atəş 24 yaşlı atasının başını hədəf alıb. İnsident Kayserinin Melikqazi rayonunun Fatih Məhəlləsi - Qurbanlı prospektində 5 mərtəbəli binanın 2-ci mərtəbəsində qeydə alınıb. Hadisə yerinə təcili tibbi yardım maşını gəlsə də, 24 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb.
Yaponiyanın İzu adalarının sahillərində 5,3 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Yeraltı təkanların 22 mindən çox sakinin yaşadığı Katsuura şəhərindən 358 kilometr məsafədə, ocağının 10 kilometr dərinlikdə yerləşdiyi vurğulanır. Dağıntılar və zərərçəkənlər barədə məlumat verilməyib. Məlumata görə, bu dəfə də sunami xəbərdarlığı elan olunmayıb.
Təbrizin “Traxtur” klubu avqustun 26-da Xuzistanın "Fulad" komandası arasında keçirilmiş oyunun hakimlərindən şikayət verib. Bu barədə klubun icraçı direktoru Əyyub Behtac mediaya verdiyi açıqlamada bildirib. Əyyub Behtac oyunda hakimin yanlış qərarlarından topladıqları sənədlərlə birgə etiraz məktubunu İran Futbol Federasiyasına göndərəcəklərini deyib. İranın birinci futbol liqasının üçüncü həftəsinin oyunları çərçivəsində avqustun 26-da yerli vaxtla axşam saat 21:00-da Əhvazda baş tutan qarşılaşmada “Traxtur” Xuzistanın "Fulad" klubuna 3:2 hesabı ilə məğlub olub. Bu oyunda Xuzistan komandasının iki qolu penaltidən vurulub.
Təbriz bələdiyyəsi qarşısında etiraz aksiyası Təbrizdə bələdiyyə binası qarşısında etiraz aksiyası keçirilib. Onlar ödəniş etdikləri halda evlərinin verilmədiyindən narazılıqlarını bildiriblər. Avqustun 27-i səhər saatlarından başlayaraq bir qrup narazı vətəndaş Təbriz bələdiyyə binası qarşısına toplaşaraq etiraz aksiyası keçirib. Onlar bir neçə ildir "Xavəran" şəhərciyində yeni tikilən evlər üçün ödəniş etmələrinə baxmayaraq tikintinin yarımçıq qalması, evlərinə yiyə dura bilmədiklərindən narazılıqlarını bildiriblər. Bundan öncə son iki ildə eyni problemlə bağlı dəfələrlə aksiya keçirilməsi və müraciət edilməsinə baxmayaraq, ödəniş edən vətəndaşların evlərinin tikintisi tamamlanmayıb. Aksiyaya qatılanlar "Huşyar, Huşyar" səsləyərək bələdiyyə başçısı Yəqub Huşyarın onların qarşısına çıxıb məsələyə aydınlıq gətirməsini istəsələr də, bələdiyyə başçısı etirazçılarla görüşməyib.
Çin amerikalı siyasətçilərin Tayvana səfərləri ilə bağlı ABŞ-a növbəti dəfə xəbərdarlıq edib. Bu barədə Çin hökumətinin rəsmi nümayəndəsi Ma Xiaoguang məlumat verib. O qeyd edib ki, Çin ABŞ senatoru Marş Blekbernin adaya səfərinə kəskin etiraz edir. "Tayvanın qondarma müstəqilliyi üçün təxribatlar və xarici siyasi qüvvələrin dəstəyini qazanmaq cəhdləri qaçılmaz olaraq iflasa məhkumdur”, - bəyanatda deyilir. Rəsmi nümayəndə bildirib ki, ABŞ hökumət nümayəndələrinin Taypeyə qeyri-rəsmi səfərləri iki ölkənin ikitərəfli razılaşmalarını ciddi şəkildə pozur.
Ermənistan hərbi birləşmələri tərəfindən dinc azərbaycanlılara qarşı törədilən Ballıqaya qətliamından 30 il keçir. Butov.az xəbər verir ki, 1992-ci il avqustun 27-dən 28-nə keçən gecə erməni quldurları Laçın rayonundan məcburi köçkün düşən və Goranboy rayonunun Ballıqaya kəndində müvəqqəti məskunlaşmış 24 nəfər azərbaycanlı mülki şəxsi amansızlıqla qətlə yetirib, 9 nəfəri yaralayıblar. Qətlə yetirilənlərin arasında 6 azyaşlı uşaq, o cümlədən 6 aylıq körpə də olub, 3 azyaşlı uşaq hər iki valideynini itirib. Öldürülmüş dinc insanların bəzilərinin meyitləri yandırılıb. Ballıqayada 93 yaşında qoca qadına da aman verilməyib, ümumilikdə öldürülənlərin əksəriyyəti uşaqlar, qadınlar və qocalar olub. Doqquz nəfər ağır yaralanıb. Qətlə yetirilən və ağır bədən xəsarəti alan şəxslərin hamısı heyvandarlıqla məşğul olan mülki şəxslər, çobanlar və onların ailə üzvləri idi. Ballıqaya faciəsi Ermənistan silahlı qüvvələrinin bundan əvvəl Xocavəndin Qaradağlı kəndində, Xocalıda, Kəlbəcərin Ağdaban kəndində Qarabağın azərbaycanlı əhalisini kompakt şəkildə məhv etmək niyyəti ilə törədilmiş silsilə kütləvi qırğın aktlarından biridir. Bu qətliam zamanı beynəlxalq humanitar hüquq normaları kobud şəkildə pozulub. Bütün beynəlxalq hüquq normalarına və bəşəri dəyərlərə zidd olaraq mülki insanlar - azyaşlı uşaqlar, qadınlar və qocalar qətlə yetirilib. Ballıqaya qətliamı ilə bağlı materiallar, maddi sübutlar və faktlar Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Memorial Soyqırımı Muzeyində saxlanılır. Qeyd edək ki, Azərbaycan Ordusu ötən ilin payızında 44 günlük müharibə zamanı işğalçı Ermənistanın silahlı qüvvələrini darmadağın edərək, düşmənin xalqımıza qarşı törətdiyi bütün qətliamların qisasını alıb.
“Pakistana hər cür dəstək verməyə hazırıq” - Ərdoğan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərif arasında telefon danışığı olub. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Ərdoğan Pakistana güclü musson yağışlarının səbəb olduğu sel fəlakəti ilə bağlı başsağlığı verib. Türkiyə lideri Pakistan xalqına hər cür dəstək verməyə hazır olduğunu bildirib. Qeyd edək ki, Pakistanda iyunun 14-dən bəri davam edən musson yağışları nəticəsində ölənlərin sayı 1000-ə yaxınlaşıb.