Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun daha bir oyunu keçirilib. Butov.az xəbər verir ki, günün ikinci matçında son çempion "Qarabağ" "Şamaxı"nı qəbul edib. "Azersun Arena"da keçirilən qarşılaşma "köhlən atlar"ın 4:0 hesablı qələbəsi ilə bitib. Meydan sahiblərinin qollarını 35-ci dəqiqədə Kvabena Ovusu, 55-ci dəqiqədə Kvabena Ovusu, 64 və 72-ci dəqiqələrdə Ramil Şeydayev vurub. Rəqiblərindən bir oyun az keçirən "Qarabağ" xallarının sayını 9-da çatdırıb. Ağdam təmsilçisi hələlik "Qəbələ", "Sabah" və "Neftçi" ilə eyni xala malikdir. Bir xalı olan "Şamaxı" isə 9-cu sırada qalıb.
Pakistanda iyunun 14-dən bəri davam edən musson yağışları nəticəsində ölənlərin sayı 1000-ə yaxınlaşıb. Bu barədə Pakistan mətbuatı məlumat yayıb. Güclü yağışlar nəticəsində həyatını itirənlərin sayı 982-yə çatıb, 1456 nəfər isə yaralanıb. Bundan əlavə, 802 min 582 heyvan tələf olub, 682 min 139 evə ziyan dəyib. Çadır düşərgələrinə sığınanların sayı 498 min 833 nəfərə yüksəlib.
Yaponiya Afrikanın inkişafı üçün 30 milyard dollar yardım göstərəcəyini bəyan edib. Bu barədə Yaponiyanın Baş naziri Fumio Kişida Tunisdə keçirilən Yaponiya-Afrika sammitində məlumat verib. O videokonfrans vasitəsilə iştirak etdiyi iclasda bildirib ki, Yaponiya qlobal qıtlıq şəraitində Afrikaya taxıl daşınmasını təmin etməyə çalışacaq. "Qaydalara əsaslanan cəmiyyətdən imtina etsək və status-kvonun zorla birtərəfli dəyişməsinə icazə versək, bunun təsiri təkcə Afrikaya deyil, bunun təsiri bütün dünyaya yayılacaq", - deyə Kişida qeyd edib. Baş nazir deyib ki, 30 milyard dollar üç il ərzində çatdırılacaq. Tunisin dövlət xəbər agentliyi bildirib ki, Yaponiya pandemiyanın təsirini azaltmaq üçün Tunisə 100 milyon dollar yardım edib.
Liviyanın paytaxtı Tripolida şiddətli döyüşlər başlayıb. Butov.az xəbər verir ki, döyüşlər gün ərzində davam edib. Məlumata görə, qiyamçı general Xəlifə Haftara sadiq qüvvələr paytaxt ətrafındakı silah anbarına hücum edib və şəhərə daxil olmağa çalışıb. Əbdülhəmid əl-Dbeybəhin başçılıq etdiyi Tripolidəki Milli Birlik Hökuməti ilə şərqdə yerləşən və parlamentin dəstəklədiyi Fəthi Başağanın rəqib hökuməti arasında gərginlik kulminasiya nöqtəsinə çatıb. BMT və Qərb ölkələri tərəfləri dialoqa çağırıb.
Qazaxıstan 2023-cü ilin sentyabr ayına qədər hərbi məhsulların ixracını dayandırır. Bu barədə Qazaxıstan hökumətinin "Telegram" kanalında məlumat yayılıb. Bildirilir ki, qərar müdafiə sənayesi məsələləri üzrə komissiyanın iclasında qəbul edilib. Qazaxıstanın Baş naziri Əlixan Smailovun sədrliyi ilə keçirilən iclasda komissiyanın üzvləri silah, hərbi texnika və hərbi təyinatlı məhsulların ixracının 2023-cü ilin avqust ayının sonunadək dayandırılması təklifini müzakirə ediblər. "Təklif komissiya üzvləri tərəfindən dəstəklənib" , - Qazaxıstan hökuməti bildirib. Avqustun 22-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin rəhbərliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. İclasda silahların istehsalı və tədarükü, o cümlədən bu sahədə ixraca nəzarət məsələlərinə baxılıb.
Azərbaycanda son sutkada 1416 nəfər peyvənd olunub. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Gün ərzində birinci doza vaksinlərin sayı 298, ikinci doza vaksinlərin sayı 215 təşkil edib. Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 774-dür. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 129 olub. Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 855 924-ə çatıb.
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 428 yeni yoluxma faktı qeydə alınıb, 475 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada koronavirusdan 9 nəfər ölüb. İndiyədək ölkədə ümumilikdə 811 559 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 798 143 nəfər müalicə olunaraq sağalıb, hazırda 611 aktiv xəstə var. Bu günə qədər 9805 nəfər vəfat edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3215, bu günə qədər isə ümumilikdə 7 142 025 test icra olunub.
Böyük Britaniya dəniz sahillərində minaların aşkar edilməsinə kömək etmək üçün Ukraynaya 6 ədəd sualtı dron göndərəcək. Bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. London Ukrayna hərbçilərinə dronlardan istifadə üzrə təlim keçəcək. Hərbçilərin birinci qrupu artıq təlimlərə başlayıb. Məlumata görə, dronlardan üçü Britaniya ordusunun arsenalından veriləcək, qalan üçü isə xüsusi olaraq Ukrayna üçün alınacaq. Nazirlik dronun modelini açıqlamayıb, lakin yüngül cihazın dayaz sahillərdə istifadə üçün nəzərdə tutulduğunu və minaların aşkar edilməsi üçün 100 m-ə qədər səmərəli işlədiyini bildirib. "Bu həyati vacib avadanlıq və təlim Ukraynaya öz sularının təhlükəsizliyinə kömək edəcək, dünyaya taxıl tədarükünü təmin edəcək, Ukrayna Silahlı Qüvvələrinə sahil xəttini və limanlarını qorumağa dəstək verəcək”, - deyə müdafiə naziri Ben Uolles bildirib.
İndiyədək 49 min hektar ərazi minalardan təmizlənib
İndiyədək ümumilikdə 49 min 395,3 hektar ərazi minalardan təmizlənib, minalar və partlamamış hərbi sursatlar aşkar edilərək zərərsizləşdirilib. Bu barədə Dövlət Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin müavini Samir Poladov deyib. Onun sözlərinə görə, minaların partlaması nəticəsində 240 nəfər həlak olub və ya yaralanıb. S.Poladov işğal zamanı dağıdılmış ərazilərin minalarla çirkləndiyini və bu yerlərin təhlükəli ərazilər sayıldığını qeyd edib. O, həmçinin bildirib ki, Ermənistan tərəfindən minalarla bağlı hər hansı xəritə təqdim edilməyib. Qeyd olunub ki, minatəmizləmə işləri prioritet olaraq əsas nəqliyyat yollarında, mühüm infrastruktur binalarında, əsas rayon və kəndlərdə aparılır.
Oğuzda meşə ərazisində yanğın olub. Butov.az-ın verdiyi xəbərə görə, Meşə Təsərrüfatı Mərkəzinə aid ərazidə 1 hektar sahədə quru ot, kol-kos və qurumuş ağaclar yanıb. Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən meşə zolağının qalan hissəsi mühafizə olunub, yanğın söndürülüb.