10-01-2023, 19:54
Ərdoğan CHP liderinə qalib gəldiTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğluna məhkəmədə qalib gəlib. Bu barədə prezidentin vəkili Hüseyn Aydın sosial şəbəkə hesabında məlumat yayıb. O bildirib ki, Ərdoğanın hüququnun pozulması iddiası ilə Kılıçdaroğlunu verdiyi məhkəmə prosesi yekunlaşıb. Məhkəmənin qərarına əsasən, Kılıçdaroğlu partiyasının parlamentdəki fraksiya iclasında Ərdoğan haqqında səsləndirdiyi fikirlərə görə 50 min lirə mənəvi təzminat ödəməli olacaq.
10-01-2023, 19:51
Sülh müqaviləsini Moskvanın təklif etdiyi əsasda imzalamağa hazırıq - PaşinyanErmənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında bir sıra məsələlərə münasibət bildirib. Paşinyan sülhməramlılar haqqında fikirlərinin tənqidi olmadığını bildirib. "Biz Rusiya sülhməramlılarını tənqid etmirik, narahat olduğumuzu bildiririk. Bu narahatlıqların uzun tarixi var. Mən bu məsələləri Rusiya Federasiyasının sülhməramlı kontingentinin komandiri ilə deyil, onun ali baş komandanı ilə müzakirə edirəm və bu, düzgün formatdır", - deyə o qeyd edib. Paşinyan hansı halda Azərbaycanla sülh müqaviləsinin imzalanmayacağını da açıqlayıb: "Sənəd Ermənistanın maraqlarına cavab verməsə, ondan imtina ediləcək. Razılaşmanın hazır olması barədə mütləq məlumat verəcəyimə əmin edirəm. Amma hələlik heç bir xəbər yoxdur. İrəvan sazişin mətni ilə bağlı öz şərhlərini Bakıya göndərib, lakin hələ də cavab almayıb. Ermənistan müqavilə bağlamağa hazırdır və əlindən gələni edəcək. Sənədin imzalanması yaxşı xəbər olacaq, çünki bu, tərəflərin öz maraqlarını balanslaşdıra bildiklərini ifadə edəcək. Amma indi problem sənədin məzmununda deyil, onun həyata keçirilməsi mexanizmindədir", - deyə baş nazir bildirib. O bəyan edib ki, Ermənistan tərəfi sülh müqaviləsini Moskvanın təklif etdiyi əsasda imzalamağa hazırdır, həm də Qərb ölkələrinin təkliflərinə baxıla bilər. Paşinyan, həmçinin KTMT-lə münasibətlərdən də danışıb. O vurğulayıb ki, Ermənistan KTMT ilə müttəfiqlik münasibətlərini institusional əsasda qurmaq istəyir: "Amma KTMT məsuliyyət zonasının harada olduğunu demədikdə, bu, Ermənistan üçün fundamental problem yaradır. KTMT-nin məsuliyyət sahəsini dəqiqləşdirmək lazımdır, bundan sonra təşkilatla münasibətlər institusionallaşa bilər". Bundan əlavə, Ermənistan baş naziri Jurnalistlər Birliyinin çağırışına cavab verib: "Bütün jurnalistlərin çağırılmaması logistika problemi ilə bağlıdır. Ermənistanda mətbuat orqanlarının sayı gündən-günə artır. Bu qədər jurnalisti yerləşdirmək lazımdır. Əgər siz etiraz etməsəniz, gələn dəfə sizsiz - onlarla konfrans keçirərik. Yalnız müxalif jurnalistlər üçün".
10-01-2023, 19:46
Qanunsuz ağackəsməylə bağlı cinayət işi açıldıQanunsuz ağackəsmə faktları üzrə cinayət işləri başlanıb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində respublikanın 4 rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb. Araşdırma zamanı Ağdam, Balakən, Qusar və Ağsu rayonu ərazisində bələdiyyə mülkiyyətində olan torpaq sahələrində 398 ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində ümumilikdə 68 min manatdan çox ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib. Qeyd olunan faktlarla bağlı cinayət işləri başlanaraq aidiyyəti istintaq orqanlarına göndərilib.
10-01-2023, 19:27
Akar Suriyayla olan normallaşma prosesindən danışdıTürkiyənin milli müdafiə naziri Suriya və Türkiyə arasında olan normallaşma prosesindən danışıb. Nazir bu barədə hökumətin iclasından sonra jurnalistlərin suallarını cavablandırıb. "Bu, prosesdir. 11 il sonra müdafiə nazirləri səviyyəsində görüş oldu. Arzumuz odur ki, qarşılıqlı görüşlər yolu ilə münasibətlər normallaşar, bölgə sülhünə töhfə verilər. Türkiyə terrorla mübarizə və miqrasiya problemini çözməyə çalışır", - deyə Akar bildirib. Nazir Ukraynadakı müharibə mövzusuna da toxunub. "Türkiyə əvvəldən bəri bu savaşın başlamasını önləmək üçün səylər göstərdi. Prezidentimiz Ərdoğan humanitar yardım göstərilməsi, atəşkəs və digər mövzuları gündəmə gətirdi. Bunun üçün tərəflər arasında dialoq olduqca böyük önəm daşıyır", - deyə Hulusi Akar əlavə edib.
10-01-2023, 19:24
Rusiyanın hərbi mövcudluğu təhlükəsizliyi təmin etmir, təhdid edir - PaşinyanErmənistanın baş naziri Nikol Paşinyan Rusiyanın ölkəsindəki hərbi mövcudluğunu təhdid adlandırıb. Paşinyan bu barədə bu gün keçirdiyi mətbuat konfransında danışıb. Baş nazir qeyd edib ki, Ukraynadakı hadisələrin fonunda Qərb ölkələrinin münasibəti dəyişib. "Belə şəraitdə Rusiyanın Ermənistandakı hərbi mövcudluğu nəinki Ermənistanın təhlükəsizliyini təmin etmir, həm də ona təhdid yaradır", - deyə Paşinyan bildirib.
10-01-2023, 18:37
Rusiyanın Ermənistana belə bir rəsmi təklifi olmayıb - PaşinyanErmənistanın baş naziri Nikol Paşinyan Rusiyanın
ittifaq dövləti ilə bağlı İrəvana təklifi barədə məlumatlara münasibət bildirib. Paşinyan bu barədə bu gün keçirdiyi mətbuat konfransında söz açıb. Baş nazir qeyd edib ki, Rusiyanın Ermənistana belə bir rəsmi təklifi olmayıb: "Və ola da bilməz. Reallıq belə sadə deyil. Biz qlobal proseslərə nəzər yetirməliyik, dərindən baxmalıyıq. Bizim üçün məqsəd suverenlik və müstəqillikdir. Biz hesab edirik ki, vəzifəmiz dövlətin mövcudluğunu təmin etməkdir". Paşinyan jurnalistin Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Rusiyanın təzyiqləri barədə açıqlaması haqqında sualına belə cavab verib: "Ola bilər ki, söhbət ekspert rəyindən gedib". Qeyd edək ki, Armen Qriqoryan Rusiyanın Ermənistana Rusiya-Belarus ittifaq dövlətinə qoşulmaq üçün təzyiq göstərdiyini bəyan etmişdi.
10-01-2023, 18:33
Məhsuliyyətdən qaçmadığım üçün növbədənkənar seçkilər oldu - PaşinyanErmənistanın baş naziri Nikol Paşinyan 2021-ci ildə erkən parlament seçkilərinə getmək barədə qərarının səbəbini açıqlayıb. Paşinyan bu barədə bu gün keçirdiyi mətbuat konfransında söz açıb. Baş nazir qeyd edib ki, bu, onun məsuliyyətdən yayınmamasının göstəricisidir. "Mən heç zaman məsuliyyətdən qaçmamışam, buna görə də növbədənkənar seçkilər oldu. Ölkədə baş verən hər şeyə görə hakimiyyət məsuliyyət daşıyır", - Paşinyan deyib. Ermənistan baş naziri müxalifətin tənqidlərinə münasibət bildirərək ölkənin inkişafı üçün çalışmağın lazım olduğunu diqqətə çatdırıb.
10-01-2023, 18:30
Türkiyəylə dəmir yolunun açılması qlobal əhəmiyyət daşıyır - PaşinyanErmənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsindən danışıb. Paşinyan bu barədə bu gün keçirdiyi mətbuat konfransında söz açıb. "Region nəqliyyat əlaqələri baxımdan diqqət mərkəzinə gəlir və önəmi artır. Logistik marşrutlar dəyişir. Ermənistan və Türkiyə arasında dəmir yolunun açılması qlobal əhəmiyyət daşıyır. Bu, Azərbaycanla Naxçıvan, İranla Azərbaycan və Ermənistanla Rusiya arasında yol əlaqələri baxımından vacibdir", - deyə Paşinyan bildirib.
10-01-2023, 18:22
Pensiyaların artımı fevralda veriləcəkAzərbaycanda yanvar ayı üzrə pensiyaların nə vaxt veriləcəyi açıqlanıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili məlumat verib. Onun sözlərinə görə, yeni ilin ilk pensiyaları sabah - yanvar ayının 11-də ödəniləcək. Artımların nə zaman ödənilməsinə gəlincə, qurum rəsmisi bu barədə əlavə məlumat verəcəklərini söyləyib. Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanuna əsasən, yanvar ayından etibarən əmək pensiyaları indeksasiya olunaraq təxminən 15 faiz artırılacaq. Ekspertlərin fikrincə, pensiya artımları yanvarın 1-dən hesablansa da, fevral ayında hər iki ay birlikdə ödəniləcək. Yəni yanvar ayı üçün hesablanmış artım fevral ayının pensiya məbləğinə əlavə olunacaq.
10-01-2023, 18:16
Paşinyan Rusiya sülhməramlılarıyla bağlı danışdıErmənistanın baş naziri Nikol Paşinyan Rusiya sülhməramlıları haqqında danışıb. Paşinyan bu mövzuya bu gün keçirdiyi mətbuat konfransında toxunub. "Ermənistan Laçın dəhlizi mövzusunda Rusiya ilə ultimatum dili ilə danışmır. Sülhməramlılar dəhlizin funksiyasını yerinə yetirməsini təmin etməlidirlər", - deyə baş nazir qeyd edib. "Sputnik Armenia"nın xəbərinə görə, Paşinyan Türkiyə ilə münasibətlərdən də danışıb. "İrəvan və Ankara arasında təkcə danışıqlar getməməlidir, həm də prosesin dinamikası üçün konkret addımlar atılmalıdır", - Paşinyan bildirib. Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan bundan öncə çıxışlarında Rusiya sülhməramlılarını fəaliyyətsizlikdə ittiham etmişdi.